CSSC Baku – Telegram
CSSC Baku
3.07K subscribers
12 photos
2 videos
201 links
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) Azərbaycanda, Bakıda yerləşən, Cənubi Qafqazda və onun qonşuluğunda siyasi və iqtisadi prosesləri tədqiq edən müstəqil qeyri-hökumət təşkilatıdır. Yayımlanan materiallara istinadın verilməsi vacibdir. www.cssc.az
Download Telegram
Channel created
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) Azərbaycanda, Bakı şəhərində yerləşən, Cənubi Qafqazda və onun qonşuluğunda gedən siyasi və iqtisadi prosesləri tədqiq edən müstəqil qeyri-hökumət təşkilatıdır.

The Center for Studies of the South Caucasus (CSSC) is a non-governmental independent research organization based in Baku, Azerbaijan, focusing on the political and economic processes in the South Caucasus and its neighborhood
👍2
Qarabağ erməniləri Ermənistana neçəyə başa gəlir?!

İkinci Qarabağ Müharibəsinin yaratdığı nəticələrə baxmayaraq Qarabağda yaşayan erməni əhalinin gəlirləri Ermənistanın hesabına formalaşır. Ümumiyyətlə erməni əhalinin gəlirləri əsasən Ermənistan büdcəsindən "dövlətlər arası" kredit adı altında köçürülən vəsaitlər hesabına formalaşır. Son iki ildə gəlirlərinin dinamikasına fikir versək görərik ki, 2020-ci ildə gəlirlərin ümumi həcmi 2019-cu il ilə müqayisədə 18.9 milyon dollar (8%) azalsa da, 2021-ci ildə 44% artaraq 323.8 milyon dollara çatmışdır.

Qarabağdakı Erməni əhalinin gəlirlərinin ümumi həcminin 2021-ci ildə artması əsasən Ermənistan tərəfindən köçürülən maliyyə vəsaitləri hesabına baş vermişdir. Bu köçürmələrin həcmi 2019-cu ildə 120.5 milyon dollar, 2020-ci ildə isə 153.4 milyon dollar olmuşdur. 2021-ci ildə isə əvvəlki il ilə müqayisədə 1.6 dəfə artaraq 255.9 milyon dollara çatmışdır. Ermənistandan köçürülən vəsaitlərin həcminin 2022-ci ildə də artırılması planlaşdırılır. İlkin prqonzolara əsasən bu vəsaitlərin həcmi 302.5 milyon dollar səviyyəsinə çatacaqdır.

Göründüyü kimi Qarabağdakı erməni əhalinin gəlirlərinin formalaşmasında əsas mənbə kimi Ermənistan tərəfindən köçürülən vəsaitlər çıxış edir. Son üç ildə Ermənistan büdcəsindən köçürülən vəsaitlərin ümumi gəlirlərdə payı da əsaslı şəkildə artmışdır. Əgər bu pay 2019-cu ildə 49.4% təşkil edirdisə 2020-ci ildə 68.2%-ə, 2021-ci ildə 79%-ə qədər artmışdır. 2022-ci ildə isə 78.1% səviyyəsində olacağı gözlənilir.

Bu göstəricilər onu deməyə əsas verir ki, Ermənistan hökuməti Qarabağdakı erməni əhalisinin maliyyə təhlükəsizliyinin təmin edilməsində əsas rola malik olan aktor kimi çıxış etməkdə davam edir və müharibənin yaratdığı iqtisadi problemlər onları Ermənistandan iqtisadi baxımdan daha çox asılı salmışdır. Onu nəzərə alsaq ki, Ermənistan maliyyə imkanlarının məhdudluğu səbəbindən dövlət büdcəsinin icrasını əsasən xaricdən cəlb etdiyi borclar hesabına həyata keçirir və son illərdə xarici borc sürətlə artır o zaman xarici borcların da Qarabağdakı erməni əhalinin ayaqda saxlanılmasında rol oynadığını deyə bilərik.

Digər tərəfdən müharibə nəticəsində Qarabağdakı erməni əhalinin əlindən böyük həcmdə mədən sənayesi, kənd təsərrüfatı və enerji ehtiyatları çıxmışdır. Müharibəyə qədər Ermənistanın bu ehtiyatlardan faydalanaraq gəlir əldə etməsinə baxmayaraq hazırda böyük həcmdə ehtiyatların əldən çıxdığından Qarabağın Ermənistan üçün iqtisadi baxımdan çəkisi azaltmışdır. Ona görə də Ermənistandan Qarabağdakı erməni əhalisinə köçürülən vəsaitlərin azalmasını gözləmək olardı. Lakin, biz bunun əksini görürük və bu onu deməyə əsas verir ki, Ermənistan öz siyasi məqsədləri və münaqişəni uzatmaq üçün Qarabağdakı erməni əhalinin ayaqda qalmasında maraqlıdır. Sülh danışıqlarına paralel olaraq bu prosesin getməsi Ermənistan hökumətinin sülhün əldə edilməsi istiqamətində niyyəti ilə bağlı şübhə yaradır.

@cssc_cqtm
👍9
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyəti artır

Son dövrlər dünyada gedən geo-siyasi proseslər regionumuzda və onun ətrafında nəqliyyat habına çevrilmək uğrunda gedən mübarizəni daha da sürətləndirmişdir. Rusiya-Ukrayna müharibəsi Çin ilə Avropa arasında yükdaşımalarda Rusiyadan keçən yolların (Trans-Sibir) sanksiyalara görə istifadədən kənarda qalmasına səbəb olur. Belə olan halda dövlətlər alternativ yollar axtararaq yükdaşımaların fasiləsizliyini təmin etməyə çalışırlar. Bu baxımdan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) Rusiyadan keçən yollara əsas alternativ kimi əhəmiyyəti artmaqdadır.

TBNM-nin əhəmiyyətinin artması prosesi hələ Rusiya-Ukrayna müharibəsi başlamamışdan əvvəl artıq baş verirdi. Pandemiya dövründə qlobal təchizat-zəncirinin pozulması və dəniz ilə yükdaşımalar ilə bağlı probelmlərin yaranması qurudan keçən yolların əhəmiyyətinin artmasına səbəb olurdu. Digər tərəfdən Cənubi Çin Dənizi və Tayvan uğrunda ABŞ və Çin arasında mübarizənin güclənməsi dəniz vasitəsilə daşınan yüklərin bir hissəsinin quru yollarına cəlb ediləcəyi gözlənilir.

Bu proseslərin fonunda TBNM üzrə yükdaşımaların həcmi artıq artmaqdadır. Belə ki, statistik rəqəmlərə əsasən bu marşurt üzrə yükdaşımaların həcmi 2021-ci ildə 2020-ci ilə nisbətən 52%, 2022-ci ilin yanvar-fevral aylarında 2021-ci ilin eyni dövrünə nisbətən 15 % artmışdır.

TBNM-nin əhəmiyyətinin artması ilə bu dəhlizin əsas iştirakçılarından biri kimi Azərbaycanın da əhəmiyyəti artmaqdadır. Ümumiyyətlə, Azərbaycanın regionda nəqliyyat habına çevrilməsi istiqamətində zəruri işlərin görülməsinə uzun illər əvvəl başlanılmışdır. Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bu istiqamətdə icra edilmiş əhəmiyyətli layihələrdir. Bundan başqa, ölkə daxilində avtomobil yolları bərpa edilmiş, yeni magistral yolları tikilmişdir. Qeyd edilən layihələrin icrası Azərbaycana hazırkı geo-siyasi vəziyyətdən öz maraqları üçün istifadə etmək və öz mövqeyini möhkəmləndirmək imkanı yaradır.

İkinci Qarbağ Müharibəsindən sonra Azərbaycanın regionda formalaşdırdığı yeni reallıq da onun reginal hab kimi mövqeyinin möhkəmlənməsinə tövhə verəcəkdir. Belə ki, artıq Zəngəzur Koridorunun açılması istiqamətində işlər aparılır və bu koridor açıldıqdan sonra Şərq-Qərb nəqliyyat dəhlizinə yeni bir qol əlavə ediləcəkdir və Azərbaycan bu yoldan istifadədə əsas vasitəçi kimi özünün mövqeyini daha da möhkəmləndirəcəkdir. Bundan başqa İranla da Zəngəzur Koridoruna paralel olan və İran ərazisindən keçən yolun salınması ilə bağlı razılıq əldə edilmişdir və bu istiqamətdə də işlər aparılır. Ermənistanın Zəngəzur Koridorunu açmaq istəməsə belə Azərbaycanda İrandan keçən yol ilə qərb istiqamətdində yükdaşımaları həyata keçirə biləcəkdir. Hər iki yolun açılması isə əlavə üstünlük yaradaraq bir-birini tamamlayan iki yolun mövcudluğuna səbəb olacaqdır.

Zəruri nəqliyyat infrastrukturunun mövcudluğu və qeyd edilən əlavə dəhliz və yolun açılması Azərbaycana Şərq-Qərb dəhlizi üzrə yükdaşımalarda gözlənilən artımı qarşılamaq imkanı yaradacaqdır.

Hazırda TBNM-nin aktivləşdirilməsi üçün mövcud olan əsas problem trans-sərhəd tariflərinin uyğunlaşdırılmasıdır ki, yükdaşımalar zamanı əlavə xərc və ləngimələr yaranmasın. Bu istiqamətdə də artıq iştirakçı ölkələr işləyirlər. 2022-ci ilin aprel ayında TBNM-ə üzv ölkələr, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyənin dəmiryol qurumları "Middle Corridor" (Orta Dəhliz) birgə müəssisəsini yaratmaq ilə bağlı razılığa gəliblər. Bu müəssisə yüksək keyfiyyətli nəqliyyat və lolgistika xidmətlərinin göstərilməsini, trans-sərhəd tariflərinin uyğunlaşdırılmasını təmin edəcək və Çindən Türkiyəyə yük daşımaları üzrə xidmətlərin tam avtomatlaşması üçün vahid IT platforması yaradacaqdır.

@cssc_cqtm
👍4
Lavrovun Bakı səfəri

Bakıda səfərdə olan Sergey Lavrov həm prezident İlham Əliyev, həm də Xarici işlər Naziri Ceyhun Bayramovla görüşüb. Ceyhun Bayramovla birgə mətbuat konfransı zamanı Lavrovun toxunduğu məsələlər və istifadə etdiyi terminlər Rusiyanın mövqeyi ilə bağlı suallara aydınlıq gətirdi. Mətbuat konfransından aydın olan əsas üç məsələni qeyd etmək olar: Minsk Qrupunun taleyi, Rusiyanın Avropa İttifaqının Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində fəallığına münasibəti və Rusiyanın mövcud reallıqla barışması.

Sergey Lavrov Minsk Qrupunun fəaliyyətini dayandırdığını, və bugünkü görüşdə Azərbaycanlı həmkarı ilə ümumiyyətlə Minsk Qrupunu müzakirə etmədiklərini bildirdi. Bununla da o, ATƏT-in Minsk Qrupunun taleyi ilə bağlı Rusiyanın da mövqeyinin Azərbaycanla eyni olduğunu bəyan etmiş oldu. Hazırda əsas sənədin, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatın olduğunu vurğulayan Lavrov bununla da, yeni reallığa uyğun olmayan mövzuları gündəmə gətirməyə çalışan Ermənistana və Minsk Qrupunun digər həmsədr ölkələrinə öz mesajını verdi. Qısa bir müddət öncə Karen Donfridin dili ilə Rusiya ilə Minsk Qrupu çərçivəsində əməkdaşlıq bəyanatı verən ABŞ bundan nəticə çıxarmalıdır.

Anlaşılandır ki, uzun illər münaqişəni və danışıqları öz monopoliyasında saxlamağa çalışan Rusiya, başının qarışıq olduğu bir müddətdə Avropa İttifaqının son dövrlərdəki aktivliyindən narahat olub. Avropa İttifaqının son dövrlərdəki fəallığından sonra Rusiya anlayır ki, yeni rəqabət mühiti yaranıb və bu sahədə aktivliyi daha da artırmaq lazımdır.

Avropa İttifaqının ardından Lavrovun da, mətbuata konfransında “Dağlıq Qarabağ” yox, Qarabağ ifadəsini işlətməsi ondan xəbər verir ki, Rusiya da Aİ kimi, mövcud reallığı qəbul edir və bu reallığa uyğun hərəkət etməyi planlaşdırır. Rusiya anlayır ki, mövcud reallığı qəbul etməyib, marjinal qalan aktorlar gec-tez oyundan kənarda qalır. Ona görə də, Rusiya proses çərçivəsində faəliyyətini artırıb daha ciddi rol oynamağı qarşısına məqsəd qoyub.

Rusiya bu prosesdə liderliyini qorumaq üçün mətbuat konfransında toxunulmayan, lakin, Rusiya-Azərbaycan gündəliyində olan iki məsələ ilə bağlı Azərbaycanın maraqları ilə uzlaşan siyasət yürütməlidir: Rus sülhməramlılarının nəzarətində olduğu ərazilərdən erməni hərbi birləşmələrinin çıxarılması və Laçın yoluna Azərbaycanın nəzarətinin tətbiq edilməsi.


@cssc_cqtm
👍3
Ermənistan yeni münaqişə axtarışında....

Ötən gün Paşinyan keçirdiyi onlayn mətbuat konfransında 27 iyunda Azərbaycanın Brüsseldə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında planlaşdırılıran görüşdən imtina etməsini diqqətə çatdırdı. Paşinyan Azərbaycanın görüşdən imtina etməsini sülh danışıqlarına getmək istəməməsi kimi qələmə versə də Azərbaycanın görüşdən imtina etməsi üçün kifayət qədər əsası vardır. Ona görə ki, Ermənistanın verdiyi bəyanatlar ziddiyyətlidir və Azərbaycanla münasibətlərdə vahid siyasi xətt yürüdülmür. Bundan başqa, Ermənistan hökuməti ATƏT-in Minsk qrupu mexanizmindən istifadə, Qarabağda yaşayan ermənilərin statusu kimi məsələləri gündəmə gətirir hansılar ki, Azərbaycanda ərazi iddiaları kimi qəbul edilir və bu yeni münaqişənin yaranması üçün əsas verir. Bu şərtlər daxilində Ermənistanla münasibətlərin normallaşdırılması və sülh haqqında danışmaq mənasızdır və heç bir perspektiv vəd etmir. Bu baxımdan da Azərbaycanın görüşdən imtina etməsi təbiidir.

Ümumiyyətlə, 44 Günlük Müharibə bir çoxları üçün həlli çox çətin görünən və hətta mümkün olmayan Ermənistan-Azərbaycan münaqişəsinə son qoydu. Müharibədən sonra Azərbaycan açıq şəkildə bəyan etdi ki, münaqişə bitib və artıq yeni mərhələ haqqında fikirləşmək, əməkdaşlıq və quruculuq mərhələsinə başlamaq lazımdır. Lakin, yeni yaranmış reallığı dərk etməyən və ya anlamaq istəməyən bəzi dairələr, münaqişənin hələ bitmədiyi fikrindədir. Bu məntiq müharibə məntiqidir, qeyri-realdır və qeyri-kosntruktivdir. Belə ki, Azərbaycan əməkdaşlıq, uzun illərdir bağlı olan kommunikasiyaların açılması, sərhədlərin müəyyənləşdirilməsi, sülh müqaviləsinin imzalanması kimi vacib sahələrdə fəaliyyətə başlamaq niyyətindədir. Lakin, Ermənistan və vəziyyəti tam dərk etməyən bəzi ölkələr münaqişənin bitmədiyini israrla bəyan edirlər. Həm Ermənistan, həm də onunla eyni fikirdə olan ölkələr anlamalıdılar ki, bu yanaşma yeni münaqişəyə çağırış deməkdir.

Azərbaycan üçün Ermənistan Azərbaycan Qarabağ münaqişəsi bitib. Əgər, Azərbaycanla Ermənistan arasında hər hansısa bir növbəti münaqişə olacaqsa onda Azərbaycan üçün bu Zəngəzur münaqişəsi olacaqdır. Ona görə ki, Ermənistan 20 Noyabr Bəyanatını imzalamaqla öz üzərinə götürdüyü bir çox öhdəlikləri, o cümlədən Zəngəzur Dəhlizinin açılmasını icra etmir və vaxtı uzadır. Münaqişənin bitmədiyini israr edənlər anlamalıdırlar ki, bu yanaşma ilə onlar Azərbaycanın mövqeyini daha da sərtləşdirir və yeni bir münaqişə üçün zəmin yaradırlar. Azərbaycanın təklif etdiyi prinsiplər isə, nəinki bu cür mümkün münaqişələri ortadan qaldırır, həmçinin regional əməkdaşlıq və inkişafa səsləyir. Son müharibənin qalibi olan Azərbaycan və bu məsələdə ən real təsir imkanlarına sahib olan Rusiya, münaqişənin geridə qaldığı fikrini bölüşür və əməkdaşlıq üçün əməli addımlar atır. Münaqişənin bitmədiyi fikrini səsləndirənlər bir şeyi anlamalıdırlar ki, regionda yeni reallıq yaranıb və bu reallığın əksinə atılan istənilən addım uğursuz olacaqdır və nəticələri Ermənistan üçün daha ağır olacaqdır.

@cssc_cqtm
👍12
Dram bahalaşır, lakin ermənilər sevinə bilmir…

Son aylarda Ermənistanın milli valyutası olan dramın ABŞ dollarına qarşı bahalaşması prosesi baş verir (son üç ayda təxminən 27%). Bu proses haqqında müsbət trend kimi danışan bəzi ermənilər və hökumət nümayəndələri əslində hər gün gündəlik istehlak məhsullarını daha baha qiymətə alırlar. Yəni, dramın bahalaşması inflyasiyanın qarşısını ala bilmir. May ayında inflyasiya artıq 9%-ə çatıb. Avtomobil yanacağının qalxması daşıma xərclərini əsaslı şəkildə artırdığı üçün inflyasiyanın artan tempinin davam edəcəyini gözləmək olar. İnflyasiyanın qarşısının alınması məqsədilə Mərkəzi Bankın yenidən maliyyələşmə dərəcələrini artırması da effektiv deyildir.

Bundan başqa, Ermənistanın xarici valyutada olan köçürmələrdən asılı olması dramın bahalaşmasını əhali üçün mənfi trendə çevirir. Ona görə ki, eyni həcmdə xarici valyutada edilən köçürmələri ölkə daxilində drama çevridikdə əhali daha az pul əldə etmiş olur. Bu da onların alıcılıq qabiliyyətini zəiflədir. Fevral ayı ilə müqayisədə iyunda əhali eyni həcmdə xarici köçürmələrdən 20% daha az dram əldə edə bilir.

Dramın bahalaşması həm də ixracatçılar üçün problem yaradır.
Ona görə ki, xarici bazarlara onların məhsulları daha baha qiymətə çıxdığı üçün cəlbediciliyi azalır. Nəticədə, ixracatçılar məhsulların qiymətini azaltmalı olur və ya daha az satış həcmləri ilə kifayətlənməli olurlar. Ermənistan kimi böyük ticarət defisitinə malik olan ölkə üçün bu müsbət hal deyildir. Dramın bahalaşması xidmət ixracına da pis təsir edir. Ermənistanda son illərdə Informasiya və Kommunikasiya Texnologiyaları (İKT) inkişaf etdiyindən bu sahədə xidmət ixracı artmışdır. Baha dram isə bu xidmətlərin də bahalaşmasına səbəb olur ki, bu da İKT sektorunun inkişafına mənfi təsir edir. Ermənistanda dolların daha ucuz olması həm də xarici turistlərin xərclərini artırır ki, bu da turizm sektorunun inkişafına mənfi təsir etmiş olur.

Ermənistan Mərkəzi Bankı dramın bahalaşmasını müharibə səbəbilə Ermənistana gələn miqrantların ölkəyə böyük həcmdə valyuta gətirməsi nəticəsində dollar artıqlığının yaranması ilə əlaqələndirməyə çalışsa da bu əsaslı səbəb deyildir. Ona görə ki, miqrantların çoxu Ermənistana müvəqqəti gəldikləri üçün onların gətirdiyi valyuta əsasən yığımda passiv vəsait olaraq saxlanılır və artıq həmin miqrantların böyük hissəsi Ermənsitanı tərk etmişdir.

Ermənistanda dramın bahalaşmasının səbəbləri tam aydın olmasa da onu deyə bilərik ki, milli valyutanın bahalaşması xarici valyuta artıqlığının yaranması nəticəsində baş verir. Yəni, hazırda Ermənistanda istifadəsiz qalan dollar kütləsi vardır. Xarici valyutanın istifadəsiz qalması isə ölkədə iqtisadi aktivliyin kəskin azaldığını, əhalinin xarici valyuta ilə investisiya və ixrac əməliyyatlarını icra etməyə meylli olmadığını və ya ölkədən valyutanın çıxarılması ilə bağlı qadağaların tətbiq edildiyini deməyə əsas verir.

@cssc_cqtm
👍14
https://www.youtube.com/watch?v=F0y1IWSrEcw

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktor müavini Fuad Çıraqov İctimai TV-nin Diqqət Mərkəzi verilişində Türkiyənin İsveç və Finlandiyanın NATO-ya qəbul edilməsinə razılıq verməsi ilə bağlı öz fikirlərini bölüşüb.
👍10
Ermənistan doğrudan sülh istəyirmi?

44 Günlük Müharibəyə qədər 24 il ərzində Ermənistanla aparılan danışıqların iki əsas predmeti var idi: torpaqların azad edilməsi və Qarabağ ermənilərinin “statusu”. İyunun 15-də Paşinyan Ermənistan parlamentində çıxışında etiraf etdi ki, R. Köçəryan və S. Sarqisyan hökumətləri bütün baza danışıq sənədlərində Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edib və hansısa “status” Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nəzərdən keçirilib. Minsk qrupunun missiyası münaqişənin sülh yolu ilə həllinə nail olmaq idi və onların səlahiyyətlərinə bu iki məsələ daxil idi. Lakin, Minsk qrupu münaqişənin sülh yolu ilə həllinə nail ola bilmədi, 44 günlük müharibə ilə əvvəl müzakirə predmeti olan bütün sənədlər sıfırlandı və Minsk qrupunun fəaliyyəti üçün predmet qalmadı. Ona görə də, “status” və Minsk qrupu məsələlərini müzakirə mövzusuna çevirmək istəkləri müharibənin nəticələrini sıfırlamaq cəhdindən başqa bir şey deyildir.

Müharibəyə qədər 30 il ərzində Azərbaycana deyilirdi ki, ermənilər 1-ci Qarabağ müharibəsində qalib gəlməklə reallıq yaradıblar və bununla barışın. Azərbaycan isə ən çətin vaxtlarında belə birmənalı şəkildə bununla barışmayacağını, hərbi gücdən istifadə etmək hüququnu özündə saxladığını və zəruri bildikdə istifadə edəcəyini bildirirdi. Azərbaycan həm Ermənistanla, həm də beynəlxalq vasitəçilərlə hər zaman açıq və səmimi olub. Amma təəssüf ki, əvvəl də qarşılıqlı olaraq səmimiyyət görmədiyi kimi indiki danışıqlarda da görmür.

Səmimiyyət və aydın mövqe olmadıqda isə danışıqlarda nəticə və sülh əldə etmək çətindir və açıq qarşıdurma qaçılmazdır. “Danışıqlar nəzəriyyəsi”ndə (Negotiation Theory) “pis niyyətli danışıqlar” anlayışı vardır. Yəni, əgər tərəflərdən biri səmimi deyilsə və danışıqlarda “pis niyyətli” tərəfdirsə demək ki, nəticədə və sülhdə maraqlı deyil.

Minsk qrupunu yenidən “vasitəçi”yə çevirməklə Ermənistana yardım etməyə çalışanlar üçün isə iki məqamı xatırlatmaq lazımdır. Birincisi, 2020-ci ilin 27 sentyabrına qədər olan reallıq beynəlxalq hüquqa qarşı törədilmiş cinayət idi və bu reallığı bizə qəbul etdirməyə çalışmaqla həmin cinayətə dəstək vermiş olurdunuz. İkincisi, əgər 27 sentyabra qədər “gücün hüququnu” müdafiə edirdinizsə, onda zəhmət çəkin, eyni ilə yenə də “gücün hüququnu” müdafiə edin. Həm də bizim tətbiq etdiyimiz “güc” qarşı tərəfinkindən fərqli olaraq tam legitimdir.

Azərbaycan açıq şəkildə hansısa “statusun” olmayacağını və Minsk qrupunun keçmiş olduğunu deyir. Ermənistan tərəfi isə bir tərəfdən deyir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi bölgədə hərbi, iqtisadi və siyasi mövcudiyyətini qanunsuz olaraq saxlayır. Eyni zamanda bir tərəfdən “status”dan, digər tərəfdən “statusla bağlı tələblərin həddini aşağı salmaqdan” bəhs edir. Bununla yanaşı, tələb edilən “status”un hansı formada olması və hansı əraziləri əhatə etməsi haqqında Ermənistan qorxudan danışmır, keçmiş vasitəçilər isə konkret fikir bildirmirlər. Onu da nəzərə almaq lazımdır ki, müharibədən sonra qəbul edilən rəsmi sənədlərin heç birində nə “status”, nə də Minsk qrupu ifadələri yer almır.

Bütün bunlar qeyri-müəyyənliyi uzadır və “status” haqqında söhbətlər hazırda Azərbaycan tərəfindən açıq şəkildə “ərazi iddiaları” kimi qiymətləndirilir. Çünki, bu cür yanaşmanın başqa məntiqi izahı yoxdur. Aydındır ki, bu iddiaları hazırda Ermənistan düşdüyü vəziyyətə görə açıq şəkildə səsləndirməyə cəsarət etmir. Belə vəziyyət təkcə Ermənistanın deyil, eyni zamanda regiondakı proseslərdə iştirak etmək istəyən kənar oyunçuların da maraqlarına ziddir. Ona görə ki, onlar regionda öz maraqlarını təmin etmək istəyirlərsə Azərbaycanın bu həssas məsələlərdə mövqeyini nəzərə almalıdırlar.

@cssc_cqtm
👍26
İsveç və Finlandiya ilə imzalanan memorandum Türkiyəyə nə qazandıracaq?

İyun ayının 28-də Türkiyə, İsveç və Finlandiyanın NATO-dakı üzvlükləri ilə bağlı üçtərəfli görüş müsbət nəticələrini verdi. Türkiyə özünün milli təhlükəsizliyi ilə bağlı əsas tələblərinin İsveç və Finlandiya hökümətləri tərəfindən yerinə yetirilməsi qarşılığında hər iki ölkənin NATO-dakı üzvlüklərinə müsbət rəy verdiyini açıqladı. Bununla bağlı NATO Baş katibinin də iştirakı ilə üçtərəfli anlaşma memorandumu imzalandı. Memoranduma əsasən İsveç və Finlandiya hökümətləri terrorist PKK təşkilatını və eləcə də onun uzantıları olan YPG-PYD-yə verdiyi siyasi dəstəklərini tamamilə dayandırmalı və terrorçuluqda şübhəli bilinən şəxslərin Türkiyəyə ekstradisiyasını həyata keçirməlidir. Memorandumun imzalanmasından sonra verilən məlumata görə ilkin olaraq İsveçdə fəaliyyət göstərən PKK-nın 73 üzvünün Türkiyəyə ekstradisiyası nəzərdə tutulub. Türkiyənin əlində hələ də bu 2 ölkəyə öz öhdəliklərini yerinə yetirmədiyi halda NATO-ya üzvlüklə bağlı Böyük Millət Məclisində ratifikasiya ilə təsir etmək mexanizmi qalmaqdadır.

Bu razılaşma qısa vədədə Türkiyənin təhlükəsizlik maraqlarına cavab verir. Rəsmi Ankara Qərbin silah embarqosunu və Yunanıstanı birtərəfli şəkildə silahlandırılması ilə bağlı təhdidləri aradan qaldırmaq istəyir. Bir neçə il öncə Türkiyənin Rusiya istehsalı olan S-400 raket komplekslərini alması Ankara ilə NATO müttəfiqlərinin münasibətlərində gərginliyə səbəb oldu. Nəticədə Türkiyə ABŞ-ın ən yeni nəsil F35 qırıcı təyyarə proqramının əsas tərəfdaşlarından (10 milyard ABŞ dolları investisiya etməklə) biri olmasına baxmayaraq proqramdan xaric edildi və qəbul edilən xüsusi layihə ilə (CAATSA) bu ölkəyə ən müasir hərbi texnologiyaların ixracı qadağan edildi.

Hərçənd Türkiyə hərbi sənayesi son illərdə daxili potensial hesabına çox böyük nailiyyətlərə imza atıb, bir sıra vacib hərbi texnologiyaların idxal edilə bilməməsi bəzi layihələrin dayandırılmasına səbəb oldu. Məsələn, Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) balansında olan F16 qırıcı təyyarələrinin modernizasiyası üçün lazımi avadanlıqların alına bilməməsi kimi. Həmçinin Türkiyənin əsas planlarından biri də ABŞ-dan 40 ədəd əlavə F16 təyyarəsi alaraq öz donanmasını daha gücləndirməkdir (Lockheed Martin istehsalı və modernləşməsi ilə).

Qeyd edək ki, keçən il Türkiyəyə Danimarkanın köhnə və ya ikinci əl F16 təyyarələri təklif edilmiş, ancaq Türkiyə imtina etmişdi. İki ilə yaxın davam edən danışıqlara baxmayaraq Türkiyə bu məsələdə ABŞ ilə razılığa gələ bilmirdi. Türkiyədən fərqli olaraq isə Yunanıstan 2027-ci il üçün ikinci partiya F35 eskadronu əldə etmək üçün ABŞ-a rəsmi müraciət ünvanlayıb. Eyni zamanda 2021-ci ildən Fransa 2000-ci illərin istehsalı olan Yunanıstanın hərbi hava qüvvələrində olan Mirage təyyarələrini modernləşdirməyə başladı. Bundan əlavə, Fransa Yunanıstana bu ilin yanvarında Rafale təyyarələrini satdı. Bütün bu layihələrlə 2020-ci illərin sonuna kimi Yunanıstanın HHQ-nin Türkiyə HHQ ilə rəqabətdə üstünlük əldə etmək təhlükəsi yaranmışdı. İndi isə Türkiyə 40 ədəd Lockheed Martin istehsalı və modernləşmiş təyyarələri ilə həmin təhdidi aradan qaldıraraq, balansı saxlaya biləcək.

İsveç və Finlandiyanın NATO üzvlükləri ilə bağlı Türkiyənin razılığından bir gün sonra ABŞ Müdafiə Katibinin müavini Seleste Vallanderin “Tükiyənin güclü HHQ-nə malik olması NATO-nun müdafiə qabiliyyətinə əsaslı təsir edəcəyinə şübhə etmirik” açıqlaması onu göstərir ki, Ankara və Vaşinqton uzun danışıqlardan sonra artıq F16 təyyarələri ilə bağlı razılıq ərəfəsindədirlər. Qeyd edilən bu məsələdə tərəflərin rəsmi olaraq müsbət nəticəyə gəlməsi yaxın zamanda Türkiyənin F35 proqramına da geri qaytarılacağı və silah embarqosuna xitam veriləcəyi ilə bağlı pozitiv ümidlər yaradır.

@cssc_cqtm
👍15
Üçtərəfli Bəyanatın icrasını necə sürətləndirmək olar?

10 noyabr üçtərəfli bəyanatı və ondan sonrakı dövrdə Moskva və Brüsselin vasitəçiliyi ilə əldə edilən razılıqlar 44 Günlük Müharibədən sonra sülhün bərqərar olması üçün ilkin normativ əsaslar yaradıb. Sülh prosesinin bütün iştirakçı dövlətləri 10 noyabr bəyanatına istinad edərək razılaşmanın əsas müddəalarının yerinə yetirilməsinin vacibliyini vurğulayırlar. Lakin, həm Azərbaycan, həm də Ermənistan üçtərəfli bəyanatı fərqli formalarda interpretasiya etdikləri üçün sülh prosesində əlavə problemlər yaranır. Təkcə Rusiya Üçtərəfli bəyanatın interpretasiyası ilə bağlı əlavə şərh verməkdən boyun qaçırır, amma bəyanatın tam olaraq icrasının vacibliyini daim vurğulayır.

Bəs üçtərəfli bəyanatın icrasının daha dinamik formada həyata keçirmək üçün nə etmək lazımdır?

Əvvəla onu qeyd etmək lazımdır ki, üçtərəfli bəyanata daxil olan bəzi bəndlər yerinə yetirilsə də, Azərbaycan və Ermənistanın da ortaq mövqelərini əks etdirən bir sıra bəndlər isə ümumiyyətə həyata keçirilməyib. Bunlar məcburi köçkünlərin qayıdışı və regional kommunikasiya xətlərinin açılmasını ehtiva edən 7-ci və 9-cu bəndlərdir. Bu məsələyə daha sonra yenə qayıdacağıq.

Narazılıqlar nədən ibarətdir?

Azərbaycanın narazılığı və etirazı bəyanatın 4-cü bəndinə aiddir. Rusiya sülhməramlı kontingenti Qarabağa yerləşdirildi, amma paralel olaraq erməni silahlı birləşmələri ərazini tam tərk etmədi. Azərbaycan tərəfi ən yüksək səviyyədə bölgənin demilitarizasiya edilməməsi ilə bağlı etirazlarını səsləndirir.

Ermənistan tərəfi isə bəyanatın 1-ci bəndi ilə bağlı narazılığını dilə gətirir. Bu bəndə əsasən silahlı qüvvələr olduqları yerdə qalmalıdırlar (Fərrux kəndi istiqamətindəki mövqelərin dəqiqləşməsi). Həmçinin hərbi əsirlərin azad edilməsini əks etdirən 8-ci bənd ilə bağlı narazılıq qalmaqdadır. Ermənistanın hərbi əsir adlandırdığı məhbuslar Azərbaycanda diversant olaraq mühakimə edilir, çünki onlar ölkə ərazisinə Üçtərəfli bəyanatın imzalanmasından sonra daxil olublar. 8-ci bəndin digər hissəsi ilə bağlı isə problem yoxdur. Azərbaycan tərəfi 1700 nəfər erməni əsgərin cəsədlərini artıq qarşı tərəfə təhvil verib.

Potensial olaraq növbəti narazılıq 6-cı bəndlə - Laçın yolu ilə bağlı yarana bilər. Azərbaycan tərəfi yeni yolun inşasını qısa müddətdə həyata keçirsə də, Ermənistan tərəfi nəinki yolun öz hissəsini inşasını başlamayıb, hətta əks-arqument gətirərək yolun il yarım sonra təhvil veriləcəyini açıqlayıb.

Sərhədlərin delimitasiya və demarkasiyası, humanitar məsələlər (məs. Azərbaycanlıların Ermənistanda, və ermənilərin Azərbaycanda mədəni irsinin qorunması, birinci və ikinci Qarabağ müharibəsinin iştirakçılarının taleyi və s.) tərəflər arasında müzakirə edilir və üçtərəfli bəyanatın müddəaları ilə birbaşa təzad təşkil etmir.

Beləliklə, əgər proseslər Üçtərəfli bəyanat çərçivəsində baş verirsə, o zaman görürük ki, hər iki tərəfin Bəyanatın qeyd etdiyimiz bəndləri ilə bağlı narazılığına səbəb olan məsələlər həllini tapa bilər. Məsələn, Qarabağda qalan erməni silahlı birləşmələrin ərazidən tam çıxarılmalarının əvəzində Azərbaycan həbsdə olan erməni diversantları azad edə bilər. Belə olan halda bəyanatın bir neçə bəndinin icrasına nail olmaq mümkündür.

Regional kommunikasiya xətlərinin açılması üçtərəfli hökumət komissiyası tərəfindən müzakirə edilir. Məcburi köçkünlərin və qaçqınların məsələsi isə hələ hüquqi həllini tapmalıdır. Qaçqınlar bir ölkənin vətəndaşı olaraq digər ölkənin ərazisinə gəlib məskunlaşanlar, məcburi köçkünlər isə vətəndaşı olduğu dövlətin bir hissəsindən digər hissəsinə məcburi köç edənlərə deyilir. Belə olan halda, hansı əhali kateqoriyalarının bu təriflərə aid edilməsi hələ müzakirə edilməlidir.

@cssc_cqtm
👍18
Türkiyədə siyasi vəziyyət hakimiyyətin lehinə çevrilməkdədir

Son dövrlərdə Türkiyə hakimiyyətinn həm daxili, həm də xarici siyasətdə atdığı müsbət addımlar ölkə daxilində onun mövqeyini möhkəmləndirmişdir. Əmək haqqının yanvarda 30%, iyunda isə 40%-dən çox artırılması əhalinin maddi vəziyyətini yaxşılaşdırmaqla inflyasiyanın mənfi təsirlərini azalda bilmişdir. Bundan sonra inflyasiya səviyyəsinə uyğun olaraq əmək haqqlarının artırılması prosesi davam edəcəkdir.

Eyni zamanda bəzi ölkədaxili siyasi qərarlar da hökumətin mövqeyini möhkəmləndirmişdir. 31 mart tarixində TBMM tərəfindən qəbul edilən yeni seçki qanunu 2023-cü il seçkilərində altı müxalifət partiyasının ittifaqını parçalamaq məqsədi daşıyır. Hazırda Rəcəb Tayyib Ərdoğanın “Cumhur İttifaqı”nın namizədi kimi mövqeyi güclüdür və keçirilən sorğular onun alternativsiz namizəd olduğunu göstərir. Müxalif “Millət İttifaqı”nın namizədi isə hələ məlum deyildir. Müxalifətin mümkün əsas namizədlərindən biri olan CXP lideri Kamal Qılıçdaroğlunun prezidentliyinə həm ittifaqda, həm də CXP-də qarşı çıxanlar vardır.

Türkiyə hakimiyyətinin son aylarda xarici siyasətlə bağlı atdığı addımlar da daxili siyasətdə reytinqinin yüksəlməsinə səbəb olmuşdur. Xüsusilə də İsrail, BƏƏ, Misir və Səudiyyə Ərəbistanı ilə normallaşan münasibətlər və qarşılıqlı səfərlər Türkiyə ictimaiyyətində təqdirlə qarşılanır. Bu normallaşma Türkiyəyə Ərəb sərmayəsinin gəlməsinə, İsrail qazının Avropaya çatdırılmasında tranzit rolu oynamasına, Yaxın Şərq və Şərqi Aralıq dənizində ona qarşı qurulan ittifaqın parçalanmasına və Türkiyə hakimiyyətinə qarşı beynəlxalq mətbuatda və ABŞ konqresində hücumların azalmasına səbəb olur. Eyni zamanda, ABŞ Türkiyənin etirazlarına baxmayaraq Yunanıstan və Fransanın həyata keçirməyə çalışdığı “EastMed” qaz kəməri layihəsindən dəstəyini çəkdi.

F-16-ların Türkiyəyə satılması prosesi isə yavaş olsa da davam edir. Bu məsələ ilə bağlı vəziyyət Madriddə Prezident Ərdoğan və ABŞ Prezidenti Bayden arasında görüşdən sonra Türkiyənin lehinə dəyişməyə başladı. Nəticədə Yunanıstan Baş naziri Miçotakisin ABŞ Konqresindəki təbliğatı  indilik öz təsirini azaltmış oldu.

Türkiyə hakimiyyətinin bir tərəfdən Rusiya-Ukrayna müharibəsində vasitəçi rolu oynaması, digər tərəfdən isə NATO çərçivəsində müttəfiqlik  prinsiplərinə sadiq qalması və Qara Dənizdə Montro Boğazlar Müqaviləsinin şərtlərini tətbiq etməsi Qərb dövlətləri, eləcə də Rusiya tərəfindən müsbət qarşılanır. Hakimiyyətin Qərblə münasibətlərinin inkişaf etməsi bir tərəfdən Türkiyə müxalifətinin Qərbdə manevr imkanlarını azaldır, digər tərəfdən isə böhran dövründə Türkiyənin Qərb üçün etibarlı bir müttəfiq olduğu düşüncəsini formalaşdırır. 

Türkiyə hakimiyyətinin İsveç və Finlandiyanın NATO üzvlüyü üçün irəli sürdüyü şərtlərinin hər iki dövlət tərəfindən yazılı mətnlə qəbul edilməsi isə onun daxili siyasətdəki prestijinə olduqca müsbət təsir göstərdi. Bununla Türkiyə həm NATO üzvü olaraq təşkilatın “açıq qapı” siyasətini dəstəkləmiş oldu, həm də 2023-cü il seçkilərinə doğru Qərbdən dəstək alma ehtimlını artırdı.

Bu müsbət proseslərin nəticəsidir ki, seçkilərə hələ bir il qalmış sorğulara əsasən hakim partiya ƏİP-i və Prezident Ərdoğanı dəstəkləyənlər 30%-dən çoxdur. Mövcud iqtisadi problemlərə baxmayaraq hakimiyyəti dəstəkləyənlərin çox olması müxalifəti ən çox narahat edən məsələdir. Müxalif cəbhədən sadəcə İYİ Partiyanın səslərində biraz artım vardır. İyun ayında Metropoll şirkətinin keçirdiyi sorğunun nəticələrinə əsasən hakim ƏİP partiyası 33.3%-lə 1-ci olmuş, müxalif CXP partiyası isə 23.6% səs toplamışdır. İYİ Partiyanın səs miqdarı isə 16.8% olmuşdur. PKK-çı XDP-nin səsləri 11.8%, ƏİP-in müttəfiqi olan MHP-nin səsləri isə 5.6% olmuşdur. Hakimiyyətin iyul ayından etibarən səslərinin artacağını nəzərə alsaq bundan sonra sorğularda hakim partiyanın mövqeyinin güclənəcəyini gözləmək olar.

@cssc_cqtm
👍21👎2
Qoşulmama Hərəkatının Azərbaycan üçün əhəmiyyəti nədir?

1991-ci ildən sonra keçmiş sovet ölkələrinin ictimai rəyində onların gələcək inkişaf istiqamətləri ilə bağlı bir dilemma formalaşmışdı və ya formalaşdırılmışdı. Onlar ya Avroatlantik institutlara inteqrasiya yolunu seçməli, ya da Rusiyanın çətiri altında olan iqtisadi və hərbi blokların üzvü olmalı idilər. Həmin dövrdən etibarən Qərb və Rusiya siyasi şərhçiləri də bu ölkələri təhlil edərkən məhz belə ağ-qara prizmadan dəyərləndirməyə başladılar: hansı dövlət daha çox Qərbə, hansı dövlət isə daha çox Rusiyaya yaxındır.

Azərbaycan 1993-cü ildən etibarən “balanslaşdırılmış” xarici siyasət konsepsiyasına uyğun siyasət yürütməyə başlamışdır. Bu konsepsiyanın əsas prinsipi ölkənin hansısa bir böyük güc mərkəzindən həddindən artıq asılı vəziyyətə düşməsinin qarşısını almaq və milli maraqlara əsaslanan siyasət yürütmək idi. Digər vacib məqam isə Azərbaycanın həmin güc mərkəzlərinin mübarizə meydanına və ya oyuncağına çevrilməməsi idi. Bu siyasətin məqsədi böyük dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan bərabərhüquqlu münasibətlərin qurulması idi.

Qoşulmama Hərəkatı (QH) kiçik dövlətlərin güclü ölkələrin hegemonluğuna qarşı öz mövqelərini ortaya qoymaq cəhdi kimi ortaya çıxmışdır. QH ölkəmizin xarici siyasətində tarixi sınağı 2020-ci ildə Vətən Müharibəsi zamanı keçdi. O zaman Fransa və Rusiyanın BMT Təhlükəsizlik Şurasında ölkəmizə qarşı hazırladığı sənəd QH üzvü dövlətlərinin mövqeyinə görə qəbul edilmədi.

QH-nın üzvləri əvvəl də dəfələrlə beynəlxalq təşkilatlarda böyük oyunçuların maraqlarına zidd səs vermiş və bəzən qərarların qəbul edilməsinə nail ola bilmişlər. Kiçik dövlətlərin beynəlxalq münasibətlərdə birlikdə mövqelərini ortaya qoymasını Kissincer vaxtilə narazılıqla “zəiflərin tiranlığı” (tranny of the weak) kimi təsvir etmişdi.

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi missiyasını öz üzərinə götürmüş ABŞ, Fransa və Rusiyada mövcud olan güclü erməni lobbisinin bu ölkələrin xarici siyasətlərinə təsirlərini yaxşı bilirik. QH istər keçmiş həmsədr ölkələrin, istərsə də digər Qərb ölkələrindəki erməni lobbisinin və xristian həmrəyliyinin təsiri ilə formalaşan siyasətə qarşı çıxmaq üçün qlobal miqyasda nadir sivil platformalardan biridir.

30 iyunda Prezident İ. Əliyevin QH-nın Parlament Şəbəkəsinin Bakı konfransındakı çıxışından 3 mühüm məqamı qeyd etmək olar. Birincisi, ölkə başçısı bir neçə dəfə QH-ı daxilində “həmrəy”liyin əhəmiyyətini vurğuladı. İkinci məqam Ermənistan-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətinə dair fikirləri idi. Üçüncü məqam isə ölkəmizə qarşı böyük dövlətlərin ikili standartlarını misal kimi gətirərək, bütövlükdə müasir beynəlxalq institutların və sistemin tənqid edilməsi, onun islah edilməsində QH ölkələrinin oynaya biləcəyi rolun göstərilməsi idi.

Müasir çox qütblü dünyada QH-na üzv olan dövlətlər fərdi şəkildə beynəlxalq münasibətlər sistemində böyük təsir gücünə və nüfuza malik olmaya bilərlər, Azərbaycanın onlarla iqtisadi əlaqələri güclü olmaya da bilər. Lakin, Afrikanın, Asiyanın və Okeaniyanın hər bir ölkəsinin Azərbaycan üçün gələcəkdə tale yüklü məsələdə həlledici səsvermə hüququna malik olma imkanıdır. Buna görə də, dünyada iqtisadi gücündən və əhalisinin sayından asılı olmayaraq hər bir dövlətlə yaxşı münasibətlərin saxlanılması zəruridir. Azərbaycanın bu siyasətinin elmi adı çoxtərəfli (multilateral) xarici siyasətdir.

Şərhçilər QH-nı son zamanlara qədər “ölü” və mənasız qurum kimi göstərirdilər. Sədrliyin ölkəmizə keçməsi ilə QH-nın fəaliyyətində canlanma yaşanmaqdadır. Bu müddətdə:
-Diplomatiyamız QH-ı adından bir çox ümumbəşəri məsələlərlə bağlı təşəbbüslərlə çıxış etdi,
- QH-nın institusional əsaslarının möhkəmlənməsi üçün (Parlament Şəbəkəsi, Nyu York ofisi) təkliflər irəli sürdü,
-QH vasitəsilə təkcə dövlətlər deyil,  eyni zamanda xalqlar arasında da həmrəyliyin gücləndirilməsi.

Azərbaycanın uğurlu sədrliyinin nəticəsidir ki, QH tərəfindən Azərbaycanın sədrlik müddəti uzadıldı. Bunlar diplomatiyamızın post-münaqişə dövründə keyfiyyətcə yeni, qlobal miqyasa çıxdığını göstərir.

@cssc_cqtm
👍21👎1
Belorusun Ukrayna müharibəsində rolu və postsovet məkanına təsiri

Belorus prezidenti Lukaşenkonun verdiyi bəyanatlar mətbuatın diqqət mərkəzindədir. Bunun bir çox səbəbləri var, belə ki, Belorus Ukrayna müharibəsinə cəlb olunub və onun ətrafında uzun illər ərzində formalaşan balansın pozulması Belorus prezidentinin qərarlarından asılıdır. Həmçinin Belorus prezidenti tərəfindən postsovet məkanı ilə bağlı birmənalı olmayan mesajlar səsləndirilir. Ona görə də Belorusun qərarları həm də Cənubi Qafqaz regionuna, o cümlədən Azərbaycana təsir edir.

30 ilə yaxın prezidentlik dövründə Lukaşneko özü və ölkəsi haqqında hətta Rusiya prezidentinin timsalında ən yaxın müttəfiqinin belə arxalana bilməyəcəyi ziddiyyətli obraz formalaşdırmışdır. Buna görə də Lukaşenkonun mövqeyini proqnozlaşdırmaq çətindir. Lukaşenko mövqeyini istənilən vaxt dəyişə bilər. Onun əsas nəailiyyəti isə hələ ki müəyyən dərəcədə müstəqil mövqeyin saxlanılmasıdır. Lakin, son proseslər onu göstərir ki, manevr məkanı daraldığından Lukaşenko üçün müstəqil siyasət həyata keçirmək getdikcə çətinləşir.

Postsovet məkanında Rusiya ilə “İttifaq Dövləti”nin yaradılması ilə bağlı müqavilə imzalayan (8 dekabr 1999-cu ildə) yeganə dövlət Belorusdur. Buna baxmayaraq, bu müqavilə tam olaraq həyata keçirilməyib.

Belorus 2014-cü ildə Krımın anneksiyasını tanımamış və o dövrdən bəri Lukaşenko söz versə də yarımadaya səfər etməmişdir. Lukaşenko separatçı “DNR” və “LNR”-ə qarşı da eyni münasibəti göstərir – rəsmi Minsk onları tanımağa tələsmir.

Belorus Rusiyaya öz ərazisindən Ukraynaya müdaxilə etmək üçün icazə verməklə faktiki olaraq müharibənin dolayı iştirakşısına çevrildi. Lakin, Belorus silahlı qüvvələrinin qoşun birləşmələri müharibədə Rusiya tərəfində iştirak etmir. Belorus ərazisindən daxil olan Rusiya silahlı qüvvələrinin Ukraynadan çıxarılmasından sonra Belorus Ukrayna ilə sərhədə silahlı qüvvələr toplamışdır. Bu Ukraynanı şimal sərhədində böyük sayda qoşun saxlamağa məcbur edir.

Müharibəyə cəlb olunmasına və Qərb tərəfindən sanksiyalara məruz qalmasına baxmayaraq, Lukaşenko Avropa və ABŞ ilə əlaqə kanallarını açıq saxlayırdı. Belorusun danışıqlar məkanı kimi qalmaq üçün Lukaşenkoya Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların Belorus ərazisində keçirilməsi çox vacib idi. İlk mərhələdə o buna nail oldu. Lakin, Ukrayna rəhbərliyinin prinsipiallığı Lukaşenkonun bu planını pozdu.

Rusiya isə Lukaşenkoya geri addım atmağa yer qoymamaq üçün Belorusu Ukrayna ilə müharibəyə cəlb etməyə çalışır. Bununla belə Lukaşenkonun Rusiyanı dəstəkləyən bəyanatları havada asılmış vəziyyətdə qalır.

Postsovet məkanı üçün Belorusun mövqeyinin müəyyənləşdirilməsi ona görə vacibdir ki, Belorus və Rusiyanın yarımçıq qalmış interqasiya prosesi bir çox MDB ölkələrinə Rusiyanın dərinləşmiş inteqrasiya təklifinə yox demək üçün şərait yaradır. Burda məntiq sadədir: əgər Belorus və Rusiya arasında inteqrasiya alınmırsa o zaman Rusiya digər ölkələrə münasibətdə gözləntilərini yüksək tuta bilmir.

Rusiya ilə ittifaq dövləti ideyasının özü tərəfindən diskreditə edildiyini və bu səbəbdən Ermənistan və Özbəkistan nümunələrində sözlərinin ciddiyə alınmadığı yaxşı bilən Lukaşenko böyük həvəslə MDB ölkələrini Rusiya ilə ittifaq dövlətə dəvət edən şəxs rolunu oynayır.

Prezident Lukaşenko anlayır ki, silahlı qüvvələri ilə Ukraynaya qarşı müharibədə iştirak etsə bu Belorusun Kremlin iradəsinə tam və geriyədönməz şəkildə tabe olmasına, müstəqillik qalıqlarının itirilməsinə və gələcəkdə dövlətçiliyin məhvinə gətirəcəkdir. Ərazisində nüvə silahının yerləşdirilməsinə dair Rusiya ilə son razılaşma Lukaşenko üçün müharibədə birbaşa iştirakdan qurtulma üçün son imkandır. Amma digər tərəfdən bu addım Qərb üçün də qırmızı xətt olduğundan, Lukaşenko bu prosesi bir neçə ay uzanmasına nail ola bildi. Belorus rəhbərliyi ümid edir ki, bu aylar ərzində Ukrayna müharibəsində müəyyən aydınlıq yaranmış olacaqdır.

@cssc_cqtm
👍14
Azərbaycan-Türkiyə-İran üçtərəfli münasibətləri: ziddiyyətlərin imkanlara çevrilmə cəhdi

Azərbaycanın müxtəlif üçtərəfli formatlar daxilində xarici siyasətinin qarşısında qoyduğu əsas məqsəd iştirakçı dövlətlərin ikitərəfli münasibətlərində olan ziddiyyətlərin üçtərəfli formata sirayət etməməsi, ortaq maraqlar və qarşılıqlı asılılıq əsasında regional əməkdaşlığın dərinləşdirilməsidir.

Ziddiyyətlərin imkanlara çevrilməsi mümkün olan sahələr: 

-   Azərbaycan və Türkiyənin regional siyasətini İranın müvafiq siyasətindən fərqləndirən ən başlıca məqam Ermənistana münasibətdir. İranın şiə-müsəlman dövləti kimi istər işğal dövründə, istərsə də sonrakı dövrdə Ermənistana dəstək verməsi Türkiyə və Azərbaycanda ciddi narahatlıqla və narazılıqla qarşılanmışdır. 44 Günlük Müharibə və ondan sonrakı proseslər nümayiş etdirir ki, Ermənistana güvənərək regional siyasətini quran ölkələrin mövqeləri zəifləyir. Türkiyə-Azərbaycan tandemini uzun illər ərzində Ermənistandan istifadə edərək məhdudlaşdırma cəhdləri 2020-ci ildən sonra sıfırlanmışdır.

-  Rusiya-Ukrayna müharibəsi hər üç dövlətin enerji və nəqliyyat sahəsində strateji dəyərini artırmaqdadır. Belə ki, Avropaya alternativ enerji mənbələri lazımdır ki, bunlar da, İran və Azərbaycanda və bu ölkələrin qonşularında mövcuddur. Türkiyə isə coğrafi mövqeyinə görə təbii olaraq tranzit funksiyasını öz üzərinə götürən ölkədir. 

Çindən Avropaya Rusiya vasitəsilə gedən nəqliyyat xətti Ukraynada müharibə ilə əlaqədar faktiki olaraq bağlanıb. Bu isə alternativ olaraq Azərbaycan-Türkiyə və İran-Türkiyə dəhlizlərinin əhəmiyyətini artırmaqdadır. Bu məsələdə Azərbaycan və Türkiyə Mərkəzi Asiya - Xəzər dənizi - Türkiyə xəttini dəstəkləyir ki, bu da İran xəttinə rəqibdir. Bu rəqabəti Zəngəzur dəhlizi və İranın da iştirakı ilə yeni yolların çəkilməsi ilə müəyyən qədər aradan qaldırmaq mümkündür.

-  Xəzər dənizi hövzəsində Türkiyənin Azərbaycanla birlikdə təsirinin artmasından İran narahatdır. İran Xəzər dənizində Xəzəryanı dövlətlərdən başqa ölkələrin silahlı qüvvələrinin mövcudluğunu istəmir. Eyni zamanda bu istəyin əks olunduğu Xəzərin statusu ilə bağlı Konvensiyanı parlamentdə ratifikasiya etməyən yeganə ölkə də İrandır. Xəzər dənizinin hərbiləşməsi Azərbaycanı və İranı narahat edən məqamdır.  

-  Post-münaqişə dövründə Azərbaycan və Türkiyə tərəfindən gündəmə gətirilən regional güclərin və Cənubi Qafqaz dövlətlərinin daxil olduğu 3+3 əməkdaşlıq platforması İran tərəfindən də dəstəklənir. Azərbaycan və İranın XİN rəhbərlərinin sonuncu görüşündə İran tərəfi bu formatda növbəti görüşün Tehranda keçirilməsini təklif etdi. Bu platforma əslində müharibədən sonrakı dövrdə Ankara və Bakı tərəfindən regional proseslərdən kənarlaşdırıldığını düşünən İran üçün bir fürsətdir və Tehran bu fürsətdən istifadə etmək istəyir.

Hər üç dövlət regiona xarici güclərin təsirində maraqlı deyil. Bu post-münaqişə dövrünün əsas meyarlarından biri kimi görünür. İranda bəzi qüvvələr Azərbaycanı Qərb və İsrail ilə əməkdaşlığının İrana qarşı olmasında günahlandırır. Lakin, Azərbaycanın ikitərəfli münasibətləri heç zaman üçüncü tərəfə, xüsusilə qonşulara qarşı təhdid mənbəyi olmayıb və bu ölkəmizin xarici siyasətində əsas prinsiplərdəndir. Bu mənada İran necə regionun xarici güclərin mübarizə məkanına çevrilməsinə qarşıdırsa, Azərbaycan və Türkiyə də bir o qədər kənar qüvvələrin regionda təsirə malik olmasına qarşıdır. Başqa sözlə, müstəqil xarici siyasət hər üç dövlətin oxşar cəhətləri hesab edilə bilər.

Azərbaycan - Türkiyə - İran üçtərəfli münasibətlərinin gündəliyi böyük potensiala malikdir. Azərbaycanın əsas marağı Rusiya-Türkiyə münasibətlərində olduğu kimi, Türkiyə - İran münasibətlərində də yarana biləcək toqquşmaların Cənubi Qafqaza sirayət etməsinin qarşısını almaq, münasibətlərdə qarşılıqlı asılılıq, əməkdaşlıq və bərabərhüquqluluğu təmin etməkdir. Bunun isə başlıca şərti Azərbaycanın subyektliliyini yüksək səviyyədə qorumaq və gücləndirməkdir.

@cssc_cqtm
👍16