CSSC Baku – Telegram
CSSC Baku
3.07K subscribers
12 photos
2 videos
201 links
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) Azərbaycanda, Bakıda yerləşən, Cənubi Qafqazda və onun qonşuluğunda siyasi və iqtisadi prosesləri tədqiq edən müstəqil qeyri-hökumət təşkilatıdır. Yayımlanan materiallara istinadın verilməsi vacibdir. www.cssc.az
Download Telegram
ABŞ-Çin müharibəsini necə qabaqlamaq olar? – Kissincer baxışı

ABŞ-ın sabiq dövlət katibi və sabiq milli təhlükəsizlik müşaviri H.Kissencerin 100 illiyi münasibəti ilə “The Economist” jurnalı alimlə 8 saatdan artıq davam edən müsahibənin xülasəsini məqalə formasında dərc etmişdir.

Çinin ambisiyaları
Kissincerə görə Çin dünya hökmranlığına yox, qüdrətə can atır. Mao Tsedundan başlayaraq əksər Çin liderləri ilə şəxsən görüşən Kissencer, Çinin marksist yox, konfutsiçi ideologiyaya sadiq olduğunu və dövlətinin maraq/imkanlarını nəzərə alaraq addım atdığını bildirir. Çin liderləri beynəlxalq sistemin ali hakimləri kimi tanınmaq istəyirlər, amma bununla bərabər digər xalqların konfutsiçilik ideologiyasını məcburi qəbul edilməsində israr etmirlər.

ABŞ-ın cavabı
ABŞ qüvvələr balansını qorumaq üçün bir tərəfdən Çinin ambisiyalarını araşdırmalı, digər tərəfdən isə Pekinlə daima dialoqda olmalıdır. Kissincerə görə total müharibənin qaçılmazlığı şəraitində məğlub olmamaq üçün ABŞ hərbi cəhətdən kifayət qədər güclü qalmalıdır. Bununla belə dövlətlər hər bir müddəa üzrə strateji baxışlarını müqayisə etməli və total müharibədən hər bir vəchlə qaçmalıdırlar. Məğlub edilmiş Çin, Kissincerə görə demokratiyaya meyl etməyəcək, əksinə vətəndaş müharibəsinin başlanmasına və qlobal qeyri-stabilliyin artmasına səbəb olacaqdır: “Çini çökdürmək bizim maraqlarımıza uyğun deyil!” Kissincer Çinin maraqlara sahib olduğunu qəbul etməyi və Hindistan nümunəsində ABŞ-ı böyük çoxtərəfli strukturlara bağlamaqdansa, fasilələrlə problemləri həll edən ittifaqlar yaratmağı təklif edir.

Tayvan
Tayvanla müharibə adanı dağıda, dünya iqtisadiyyatını çökdürə və Çində daxili problemlərə səbəb ola bilər. Beləliklə, Tayvan Çin üçün həssas bir mövzu olsa da, Pekin uzun müddət bu məsələdə səbrli olmağa üstünlük verirdi. Lakin D.Tramp öz sərt imicini qabartmaq üçün Tayvan məsələsini gərginləşdirib, Çindən ticarət məsələsində güzəştlər əldə etməyə çalışırdı. Eyni siyasəti, sadəcə liberal ritorika ilə, hazırda Bayden davam etdirir. Vəziyyət belədir ki, ABŞ digər yerlərdə mövqelərini sarsıtmadan Tayvandan imtina edə bilmir.

Təhlükəsizlik dilemması
Beləliklə, hər iki ölkə qarşı tərəfin ona strateji təhlükə yaratdığını düşünür: Pekin ABŞ-ın onun qüdrətini çökdürmək üçün əlindən gələni etməyə hazır olduğunu, Vaşinqton isə Çinin ABŞ-ı hegemon güc statusundan məhrum etməyi planlaşdırdığını düşünür: “Biz I Dünya müharibəsi ərəfəsində olduğu kimi elə bir vəziyyətdəyik ki, tərəflərin siyasi güzəştlərə gedə bilməməsi və tarazlığın istənilən pozulması fəlakətli nəticələrə səbəb ola bilər”.

Köhnə düzən → Yeni düzən
ABŞ-da ticarət məsələləri hazırda “qırğıların” əlində olduğuna görə iqtisadiyyat məsələsində ortaq nöqtənin tapılması az ehtimal olunandır. İqtisadiyyatın ortaq nöqtə ola bilmədiyi şəraitdə müharibəni qabaqlamaq üçün tərəflər mövqelərini dəqiqləşdirməli, Çinin artan narahatçılığı (ABŞ-ın onu bərabərhüquqlu tərəfdaş kimi nəzərdən keçirtməməsi) təhlil edilməli, ABŞ Çindəki rejimin dəyişdirilməsində maraqlı olmadığını nümayiş etdirməli, hər iki tərəfdən sıx qarşılıqlı əlaqədə olan müşavirlər qrupları təşkil edilməlidir. Kissincerə görə tərəflərdən heç biri güman ki, Tayvan ilə bağlı mövqeyini dəyişməyəcək, amma müşavirlər qrupu Tayvana hücumun təşkil edilməyəcəyi və vahid Çin siyasətinin pozulmayacağına dair şübhələri aradan qaldırmağa kömək edə bilər.

Kissincerə görə Çin və ABŞ arasında böyük müharibə/rəqabəti qabaqlamaq üçün Süni Zəka (SK) timsalında potensial vahid düşmənə qarşı əməkdaşlıq etməlidirlər. Alim SK-nın dağıdıcı potensialını XVI və XVII əsrlərdə dağıdıcı müharibələrin başlanmasında rola malik olan kitab çapının kəşfi ilə müqayisə edir. SK ləğv edilə bilməz, demək, Çin və Amerika SK-nın yaratdığı təhlükəni məhdudlaşdırmaq məqsədilə əməkdaşlıq edə və bu kontekstdə qarşılıqlı inam və etimad yaradaraq, öz problemlərini həll edə bilərlər.

@cssc_cqtm
👍22
Sian sammitinin geosiyasi prizmada əksi

Ötən həftə tarixi İpək Yolunun başlandığı şəhərlərdən sayılan Sianda Çin-Mərkəzi Asiya (MA) ölkələrinin sammiti keçirildi. Altılı format Çin-Qırğızıstan-Özbəkistan şossesi, Çin-Tacikistan şossesi, Çin-Qazaxıstan neft kəməri və Çin-Mərkəzi Asiya qaz kəməri sayəsində sıx inteqrasiya həyata keçirirlər. Sammitdə müstəqillik və suverenliyə qarşılıqlı yardım, Kəmər və Yol layihəsinin inkişafı, xarici güclər və rəngli inqilablara qarşı ümumi təhlükəsizlik məsələləri müzakirə edilmişdir.

Qərb-> Mərkəzi Asiya <-Rusiya
Hazırda MA ölkələri iki tərəfli güclü təzyiqlə qarşılaşır. Görünən odur ki, Aİ-nin 11-ci paket əvvəlki sanksiyalarda mövcud boşluqların aradan qaldırılmasına hədəflənəcəkdir. Fevral-aprel aylarında Mərkəzi Asiyaya səfərləri zamanı Blinken və D.O’Sallivan region ölkələrini ikincidərəcəli sanksiyalarla hədələmişdilər. Vəziyyət o yerdədir ki, Rusiya xarici işlər nazirliyi bəzi MA ölkələrinin təzyiqlərə tab gətirməyərək, sanksiyalara dəstək ola biləcəklərini rəsmi səviyyədə bildirirlər. Özbəkistanın ən böyük sənaye şirkəti sayılan “Axanqaranssementom” isə ABŞ tərəfindən sanksiyaya məruz qalmışdır.

Bununla belə MA ölkələrinə sanksiyaları dəstəkləmə, Rusiyaya onlardan yayınmaya kömək etmək qədər təhlükəlidir. Rusiyanın region ilə ticarət dövriyyəsi $42 mlrd., toplanmış investisiyalar $25 mlrd. və tək Özbəkistana pul köçürmələr $14,5 mlrd. həcmindədir. Qərbin bu həcmdə iqtisadi göstəriciləri kompensasiya etməyə resursu yoxdur. Baydenin sentyabrda region üçün ayırdığı $25 mln. + Blinkenin vəd etdiyi əlavə $25 mln. MA ölkələrinin Rusiyadan imtina edib, üzlərini Qərbə tərəf döndərmələri üçün kifayət etmir. Rusiya ilə əlaqələrin kəsilməsi iqtisadi itkilərlə yanaşı, siyasi təhlükələri də özündə daşıyır.

Çin alternativi
Görünən odur ki, Çin qapalı ikitərəfli və çoxtərəfli görüşlərdə MA ölkələrinə Qərbin göstərişlərinə sözsüz əməl etməyin təhlükəli olduğunu izah edir. Pekin dərk edir ki, əgər MA ölkələri bugün Rusiya-Qərb dilemması qarşısında Qərbə üstünlük verirlərsə, sabah Çin-Qərb dilemması qarşısında da eyni seçimi edə bilərlər.

Çin ikitərəfli təzyiqlə qarşılaşan MA ölkələrinə alternativ təklif irəli sürür. ABŞ-ın 50 mln.-luq yardımına Çin $3,7 mlrd.-lıq ünvanlı yardım ilə cavab verir. Qərb ölkələrindən fərqli olaraq Çin, iqtisadi stimulların aşağı olması şəraitində MA ölkələrini sanksiya və ya rəngli inqilablarla hədələmir.
Çinin MA ilə qarşılıqlı ticarəti $70 mlrd., toplanmış investisiyaların həcmi isə $15 mlrd.-dır. Qərb-Rusiya rəqabəti hər iki tərəfin imkanlarını məhdudlaşdırıb, Çinə regionda möhkəmlənmək üçün şərait yaradır. Buna Avropada qaz qiymətlərinin aşağı düşməsi də yardım olur. Niderlandın TFA habının iyun füçersinin €30,5 civarında hesablanması, Avropadakı qaz anbarlarının 64,3% dolması və havaların getdikcə istiləşməsi Avropanın MA-nın enerji resurslarına marağını azaldıb, axırıncıların Çin ilə sıx əlaqə qurmasına şərait yaradır.

Nəticə
Pekin rəsmi görüş və sənədlərdə MA-nı “ÇXR ətrafında yeganə strateji tərəfdaşlıq zonası”, region ölkələrini isə “əbədi tərəfdaş” kimi indetifikasiya edir. Görünən odur ki, Sian sammiti MA ölkələri ilə əlaqələrin dərinləşdirilməsindən savayı, ölkələrin Qərbin siyasi-iqtisadi şantajına daha dayanıqlı olmasına və sanksiya məsələsində vahid yanaşmanın işlənməsinə hədəflənmişdir.

Pekin prosesləri perspektivdə nəzərdən keçirir: MA-nın gənc nəsli əvvəlki nəsildən daha millətçi olub, Rusiya ilə deyil, Türkiyə ilə yaxın əlaqələrə daha çox maraq göstərir. Çin hazırda MA-da mövqelərinin güclənməsinə dair hərtərəfli siyasət həyata keçirsə də, belə görünür ki, Pekin bunu ilk növbədə Rusiyanı MA-dan qovmaq üçün yox, Rusiyanın zəifləməsi ilə yaranan vakuumun Qərb və Türkiyə tərəfindən doldurulmasını qabaqlamaq üçün edir.

@cssc_cqtm
👍21
Sülh sazişi qeyri-mümkündür?
 
Azərbaycan və Ermənistan bir-birinin (86,6 min km2 və 29,8 min km2), ərazi bütövlüyünü tanıdığını təsdiqləsə də, bir qisim erməni siyasətçi/ekspertləri sülh sazişinin qeyri-mümkün olduğunu bildirir.
 
ER Konstitusiyası
Ermənistan 23 avqust 1990-cı il tarixində Müstəqillik Haqqında Bəyannamə qəbul etdi. Bəyannamə  Qarabağı Ermənistanın tərkib hissəsi kimi nəzərdən keçirdən Ermənistan SSR Ali Şurasının 1 dekabr 1989-cu il tarixli aktına istinad edir. Bu daha sonra 5 iyul 1995-ci ildə qəbul edilmiş Konstitusiyanın preambulasında öz əksini tapmış və Konstitusiyaya 27 noyabr 2005 və 6 dekabr 2015-ci illərdə edilən düzəlişlər zamanı toxunulmaz qalmışdır. Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan sülh sazişinin Ermənistan Konstitusiyasına (EK) zidd olduğunu bildirən erməni siyasətçi/ekspertləri sülh sazişinin qeyri-mümkün olduğunu “sübut” etməyə çalışırlar.

Lakin burada onlar mühüm bir hüquqi/məntiqi xətaya yol verirlər: ER-ın digər aktorlarla indiyə qədər imzaladığı müqavilələr ərazi bütövlüyü məsələsini də özündə təcəssüm etdirirdi. ER-ın beynəlxalq hüquq/ictimaiyyətə görə ərazisi 29,8 min km2-dən ibarətdir. Rusiya ilə imzalanan ikitərəfli təhlükəsizlik sazişlərində, 1992-ci il Kollektiv Təhlükəsizlik haqqında sazişdə, habelə digər ölkələrlə imzalanan sazişlərdə ərazi bütövlüyü məhz 29,8 min km2 çərçivəsində nəzərdən keçirilir. Şözsüz, Paşinyan vaxt qazanmaq üçün Konstitusiyanın dəyişdirilməsi məsələsini ortaya ata bilər, lakin faktiki buna heç bir əsas yoxdur. Beləki, əgər İrəvanın imzaladığı sazişlər indiyə qədər Konstitusiya Məhkəməsi (KM) tərəfindən Konstitusiyaya zidd müqavilələr kimi rədd edilməyibsə, deməli Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu nəzərdə tutan sülh sazişi də EK-ya zidd müqavilə kimi nəzərdən keçirilə bilməz.
 
1991 v/s 1989
Bir qisim qüvvələr 1991-ci 10 dekabr tarixli “referenduma” istinad edib, Qarabağın Azərbaycanın tərkibindən hələ 1991-ci ildə çıxdığını iddia edirlər. Qondarma rejimin heç bir ölkə tərəfindən tanınmadığını bir kənara qoyub, belə bir qanunauyğun sual formalaşdırmaq olar: əgər Qarabağ və Ermənistan 1989-cu il aktına və EK-ya görə vahid bir subyekti özündə xarakterizə edirsə, onda 1991-ci ildə Qarabağ erməniləri kimdən öz “müstəqilliyini” elan etmişdilər? Cavabın (Azərbaycan və ya Ermənistandan) nə olmasından asılı olmayaraq, 1991-ci il “referendumu” 1988-ci il aktını mənasız edir.
 
1992-ci il qərarı
8 iyul 1992-ci ildə Ermənistan Ali Şurasının (AŞ) qəbul etdiyi qərara əsasən, ER Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağı nəzərdə tutan istənilən növ hüquqi aktı (saziş/qanun) qəbuledilməz sayır. Ermənistan elitası qərarın Ermənistan AŞ-ı tərəfindən qəbul edildiyini bildirib, qərarın ancaq Ermənistan parlamenti tərəfindən ləğv edilə bildiyini iddia edir. Gerçəklikdə isə EK (Madddə 5) və Normativ-hüquqi aktlar haqqında 2018-ci il qanununa əsasən (Maddə 2, 37), hüquqi aktlar iyerarxiyasında qanunlar hökümət aktlarından üstün olsalar da, parlament qərarları hökümət aktlarını üstələyə bilmir. Başqa sözlə desək, baş nazir tərəfindən imzalanan akt avtomatik olaraq 1992-ci il qərarını ləğv etmiş olacaqdır.
 
Ratifikasiya
Beynəlxalq müqavilələr haqqında 23 mart 2018-ci il qanununa əsasən, ratifikasiya proseduru aşağıdakı kimidir:
 
a.Sazişin mətni ilk növbədə xarici işlər, ədliyyə və maliyyə nazirliklərindən keçib, onların müsbət rəyini almalıdır (Maddə 11);
b.Müsbət rəy əsasında imzalanan saziş, KM-ya göndərilməlidir (Maddə 12);
c.KM-dan keçmiş saziş parlament tərəfindən ratifikasiya olunmalı və prezident tərəfindən təsdiqlənməlidir (Maddə 13).
 
EK-ın 103-cü maddəsinə görə, parlamentdə vacib aktlar 3/5 səs çoxluğu ilə qəbul edilir. 2021-ci il seçkilərində Vətəndaş Müqaviləsi partiyası parlamentdəki 107 yerdən 71-nə sahib oldu. Paşinyanın KM, hökümət və prezident institutunda apardığı “kadr islahatları” onun bütün hakimiyyət qollarında mövqelərinin güclənməsinə gətirib. Bu isə o deməkdir ki, sülh sazişi imzalanarsa Paşinyan onu KM-dan keçirdib, 3/5 səs çoxluğu (64 deputat) ilə ratifikasiya etdirib, prezidentə təsdiqlədə bilər.

@cssc_cqtm
👍26
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) baş elmi işçisi Orxan BağırovunRusiyanın sanksiyalardan yayınmasında Ermənistanın rolu” adlı məqaləsi Ceymstaun Fondunun nəzdnində nəşr olunan Avrasiya Günlük Monitor (Eurasia Daily Monitor) online jurnalı tərəfindən çap edilmişdir.

Məqalədə ilk olaraq diqqət 2022 və 2023-cü illərdə sanksiyalara məruz qalmış və Ermənistanda qeydiyyatda olan şirkətlərə yönəldilir və qeyd edilir ki, çox az sayda Erməni şirkəti sanksiyalara məruz qalsa da Rusiyanın sansksiyalardan yayınmasında Ermənistanın rolu daha böyük miqyasa malikdir. Bunu deməyə Ermənistanın ümumi ticarət göstəricilərində, xüsusilə də Rusiya ilə ticarət əlaqələrində  Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra müşahidə edilən qeyri-adi dinamika əsas verir.

Eyni zamanda, Ermənistanın ümumi idxalının və Rusiyaya ixracının məhsul baxımından strukturu da onun sanksiyalara məruz qalmış məhsulların Rusiyaya yendiən ixracında iştirak etdiyini deməyə əsas verir. Belə ki, nəzərdən keçirilən dövrdə snaksiyalara məruz qalmış və Rusiya üçün müharibədə vacib olan elektronika, texniki avadanlıqlar, nəqliyyat vasitələri kimi məhsulların Ermənistana idxalı və Ermənistandan Rusiyaya ixracı kəskin şəkildə artmışdır. Həm də bu məhsullar heç vaxt Ermənistanın ixrac etdiyi əsas məhsullar olmamışdır.

Digər tərəfdən Ermənistanın sənaye, o cümlədən emal sənayesi, kənd təsərrüfatı kimi əsas iqtisadi sahələrondə 2022-ci ildə qeydə alınmış məhsul istehsalının həcmi onu deməyə əsas verir ki, bu istehsal həcmi ilə Rusiyaya ixracı kəskin artırmaq mümkün deyildir.  

Bundan başqa, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Ermənistanın böyük iqtisadi böhranla qarşılaşacağı gözlənilirdi. Hətta müxtəlif  beynəlxalq iqtisadi təşkilatlar və Ermənistanın Mərkəzi Bankı da iqtisadi artım proqnozlarını kəskin azaltmışdı. Lakin, 2022-ci ildə buna əks proses müşahidə edildi və Ermənistanda böyük iqtisadi artım, o cümlədən xarici ticarət dövriyyəsində əsaslı artım qeydə alındı.

Gözlənilənlərin əksinə olaraq, Ermənistanın xarici ticarət dövriyyəsinin heç bir ciddi iqtisadi əsas olmadan nəzərəçarpacaq dərəcədə artması, xüsusən də Rusiyaya ixracın əsaslı artımı, eləcə də ticarət edilən əsas məhsullar bu dinamikanın süni xarakter daşıdığını düşünməyə əsas verir.

Eyni zamanda, ABŞ Sənaye və Təhlükəsizlik Bürosunun məlumatına görə, Ermənistan 2022-ci ildə ABŞ və Avropa İttifaqından mikroçip və prosessor idxalını əsaslı şəkildə artırmış və həmin məhsulların böyük hissəsini Rusiyaya ixrac etmişdir. Bu fakt onu göstərir ki, Ermənistan bu məhsulları yerli istifadə üçün deyil, Rusiyaya  ixrac etmək üçün idxal etmişdir.

Ermənistanın Kremlə sanksiyalardan yayınmaqda yardımçı olduğuna dair əsaslı şübhələr yaradan faktların olmasına baxmayaraq, İrəvana qarşı çox az siyasi təzyiq göstərilib və bununla bağlı hərtərəfli araşdırmaya başlanılmayıb.

Daha ətraflı: https://jamestown.org/program/armenias-role-in-helping-russia-circumvent-sanctions/
👍17
👍25
Qazaxıstan + Rusiya ≠ İttifaq dövlət

Prezident Tokayeva görə Rusiya və Belorusiya “iki ölkə bir dövləti” özündə xarakterizə edən siyasi subyektdir. O, bu subyektin birtərəfli addımlarını problem adlandırıb, dolayı olaraq Aİİ üzvlərinin bu subyektlə əlaqələrini yenidən nəzərdən keçirməli olduğunu bildirdi. Moskva Rusiya-Ukrayna müharibəsi başlayandan ittifaq dövlət modelini İrəvana, hazırda isə güman ki, Astanaya təklif edir. Astana isə iqtisadi inteqrasiyanı mümkün, siyasi inteqrasiyanı isə qəbuledilməz sayır.

Geosiyasi təhdid/imkanlar
Ticarət dövriyyəsi $24,2 mlrd. olan Qazaxıstan və Rusiya iqtisadiyyatları sıx inteqrasiya olunub. Bu səbəbdən Rusiya baş verən mənfi iqtisadi proseslər bu və ya digər dərəcədə Qazaxıstan iqtisadiyyatına da təsir edir. Qazaxıstanın idxalının 40%-i, bəzi həyati-vacib məhsulların idxalının isə 80%-i Rusiyanın payına düşür. Rusiya əleyhinə sanksiyalar + Rusiyanın qiymətləri nizamlamaq üçün bəzi məhsullara ixrac embarqosu tədbiq etməsi 2022-ci ildə Qazaxıstanda inflyasiyanın 20,3%-ə çatmasına səbəb oldu. Neft Qazaxıstan ixracının 50%-ni, gəlirlərinin isə 1/3-ni təşkil edir. Neftin 70%-i Aİ-ya daşınsa da, əsas tranzit marşrutu Rusiyadan keçir. Rusiya Qərbə təzyiq göstərmək məqsədilə fərqli səbəblərdən neft axınını dayandırmışdır.

Potensial iqtisadi təhdidlər içərisində rublun həddindən artıq bahalaşmasını (Rusiya mallarının Qazaxıstan bazarında bahalaşması), rublun həddindən artıq zəifləməsini (rublla olan valyuta ehtiyatının dəyərsizləşməsi), daxili bazarda Rusiyanın ekspansiyasını (dempinq siyasətini) xüsusi vurğulamaq lazımdır. D.Medvedevin şimali Qazaxıstan əraziləri haqqında silinmiş paylaşımı potensial hərbi təhdid, Tokayevin “dünyanın ən uzun (Rusiya-Qazaxıstan) quru sərhədinin demilitarizasiya olunması” haqqında sözləri isə bu təhdidə cavab idi.

Cari vəziyyət Astanaya yeni imkanlar da verir. Rusiya-Ukrayna münaqişəsi ümumi kapitalı $27 mlrd.-dan çox olan hi-tech şirkətlərini Qazaxıstana gətirdi. Aİİ dünya ÜDM-nin 4%-ni və 185 mln.-luq bazarı təcəssüm etdirir. Müharibəyə qədər Aİİ-nin qapısı rolunu Rusiya, hazırda isə Qazaxıstan oynayır. Hazırda Qazaxıstana Fransanın Alstom şirkəti $50 mln., Almaniya və ABŞ şirkətləri isə milyardlarla dollar sərmayə qoyur.

Yaxınlaşma yoxsa uzaqlaşma?
Rusiya neft, qaz, palladium, nikel, alüminium, titan, mis, qızıl və polad istehsalı üzrə dünya beşliyinə daxildir. Resurs və logistika baxımından zəngin bir ölkə ilə əməkdaşlıq iqtisadi cəhətdən çox faydalıdır. Bununla belə, Rusiya sanki bir günəşdir – ona həddindən artıq yaxınlaşmaq təhlükəlidir. Görünən odur ki, Qazaxıstan seçimi – seçim etməmək, yəni qızıl ortanı qorumaqdır:

a.2015-ci ildən bəri Qazaxıstanın Aİİ ilə ticarət dövriyyəsi 73%, ixracı isə 98% artıb. Paralel olaraq, 2022-ci ilin yanvar-fevral aylarında Aİ-yə taxıl ixracı 13 dəfə, qaz 4,3 dəfə, neft məhsulları isə 40% artıb.

b.Qazaxıstan KTMT və Aİİ üzvlüyünü qorumaqla yanaşı Ukraynaya humanitar yardım göstərir, ali səviyyədə DNR və LNR kimi separatçı əraziləri tanımadığını bəyan edir, Z/V simvolikasını qadağan edir, prezident Zelenski ilə birbaşa əlaqələrdən imtina etmir və Alma-Atada müharibə əleyhinə mitinqə icazə verir.

c.Rusiyanın logistikasından imtina etməyən Astana, paralel olaraq BTC və Atasu-Alaşankou, Kenkiyak-Kumkol boru kəmərləri üzrə enerji dəhlizi haqqında da razılıqlar əldə edir. Rusiyadan yan keçən Orta Dəhlizin ötürmə qabiliyyətini artırmaqla yanaşı, Şimal-Cənub marşrutunun genişlənməsi istiqamətində real addımlar atır.

Nəticə
“Moody’s” reytinq agentliyinin son icmalına əsasən,  “Rusiyanın hərbi, siyasi və iqtisadi statusuna dəyən ziyan, onun qonşu MDB ölkələri ilə münasibətlərinə, ənənəvi təsir dairəsinə xələl gətirir”. Rusiya Ukraynaya hücumu əvvəlcədən Qazaxıstan ilə müzakirə etmədiyinə görə hazırda Astanadan inciməyə və ya nəsə tələb etməyə haqqı yoxdur. Rusiyanın özünə və müttəfiqlərinə yaratdığı problemlərdən hər bir ölkə bacardığı formada çıxmağa çalışır. Buna görə, əgər Moskva Qazaxıstanı təsir dairəsində saxlamaq istəyirsə sərt gücdən imtina edib, təcili qaydada yumşaq gücə üstünlük verməlidir.

@cssc_cqtm
👍28👎2
Prezidentin Laçın mesajları
 
Prezident Laçında Ermənistana, separatçılara və üçüncü tərəflərə bir vacib mesaj verdi: əgər separatçı rejim könüllü sürətdə qondarma “institutları” buraxıb, təslim olsa, rəsmi Bakı onların Ermənistan və diaspora köçməsinə imkan verəcəkdir.
 
Açıq suallar
Ermənistan 10 noyabr razılaşmasının 1, 6, 7, 8 (Fərrux əməliyyatı, yüksəkliklərin nəzarətə alınması; Laçın dəhlizi; Hadrut erməniləri; erməni diversantları), Azərbaycan isə 4, 6, 7 və 9-cu (Qarabağdakı erməni silahlıları; Kəlbəcər rayonunun tam qaytarılmaması; Xankəndi, Xocalı, Əsgəran, Ağdərə və Xocavənd azərbaycanlılarının geri qayıda bilməməsi, Zəngəzur dəhlizi) bəndlərin yerinə yetirilməməsindən tam narazıdır.
23 aprelə qədər Azərbaycan Qarabağ və şərti sərhəddə mövqelərini gücləndirmiş, aparıcı strateji yüksəklikləri nəzarətə götürmüş, hərbi logistika imkanlarını artırmışdır. Laçın dəhlizi nəzərə alınmasa separatçılar 4 tərəfdən mühasirədə, Ermənistan ərazisinin 30%-i isə Azərbaycan ordusunun vizual nəzarətində idi. Buna baxmayaraq Ermənistan sülhməramlıların (RSK) müşaiyəti ilə Laçın vasitəsilə Qarabağda hərbi şəxsi heyətin rotasiyasını və silah-sursatın daşınmasını həyata keçirirdi.
 
NBM → yeni reallıq
Azərbaycan nəqliyyat-kommunikasiya xəttlərinin bərabər statuslu, Rusiya hər ikisinin dəhliz, Qərb hər ikisinin yol, Ermənsitan isə Laçının dəhliz, Zəngəzurun yol olmasını irəli çəkirdi. Mövqelərdə aydınlıq olsa da, praktiki addımlar yox idi. Rusiya Zəngəzur dəhlizinin açılması, Qərb isə Laçının Azərbaycanın nəzarətinə keçməsi üçün Ermənistana ciddi təzyiq göstərmirdi. Əksinə, martın əvvəlində Tovio Klaar Laçında RSK-nın nəzarəti altında skanerlərin quraşdırılma variantını məqbul sayırdı.

Danışıqlarda qeyri-konstruktivliklə qarşılaşan Bakı, birtərəfli addımlar ataraq 23 apreldə Laçında NBM qurdu. NBM-in qurulması Ermənistandan hərbi şəxsi heyət və texnikanın, İrandan fəhlə-diversantların daşınmasından tutmuş, V.Pekress və R.Vardanyan kimi layihələrin reallaşmasına qədər fərqli növ təxribatlara son qoydu. NBM-in qurulması “suveren hüquqlar altında yollar” yanaşmasını prioritet edib, nəqliyyat-kommunikasiya əlaqələrinin açılması üzrə razılaşmanı stimullaşdırdı. Bu həmçinin Ermənistanı Azərbaycanın 86,6 min km2 (Qarabağ + anklavlar) çərçivəsində ərazi bütövlüyünü tanımağa məcbur etdi.
 
Sonuncu maneə → Sülh sazişi
Qarabağ üzərində Azərbaycan suverenliyinin Ermənistan tərəfindən tanınması o deməkdir ki, rəsmi İrəvan Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində bir prezident, bir parlament, bir ordu və bir sosial-maliyyə sisteminin mövcudluğunu tanımış oldu.
Belə halda Azərbaycan Prezidentinin qondarma institutların buraxılması, qanunsuz silahlı birləşmələrin çıxarılması və separatçı rejimə maliyyə yardımının dayandırılması haqqında tələbi məntiqə/məqsədəuyğundur. Bakı bu məsələni Qərb və Rusiya meydançalarında qaldırır. Erməni silahlılarının Qarabağda qalması Vaşinqton/Brüsseldə əldə edilən razılıqların icrasına − Qarabağın Azərbaycana reinteqrasiya olmasına mane olur. Digər tərəfdən separatçı rejimin RSK-ya güvənib, müqavimət göstərməsi Bakı və Moskva arasında 2022-ci il Müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəalarına zidd olub, iki ölkə arasında münasibətləri geriyə atır.
 
Nəticə
Laçın NBM-i sülh prosesini sürətləndirib, Vaşinqton/Brüsseldə mühüm razılıqların əldə edilməsinə imkan verdi. NBM- danışıqlar prosesinin yox, Bakının birtərəfli addımlarının nəticəsi idi. Hazırda hərtərəfli sülhün əldə edilməsinə sonuncu ciddi maneə − separatçı rejim və erməni silahlılarıdır. Qarşıdakı diplomatik görüşlərdə Bakı bu məsələni irəli çəkib, danışıqlar vasitəsilə müsbət nəticə əldə etməyə çalışacaqdır. Bu mümkün olmadıqda Bakı NBM nümunəsi ilə birtərəfli addımlar atıb, məsələni yerdə həll edəcəkdir. Prezidentin Laçında dediyi kimi, “...güclü tərəf bizik, danışıqlar masasında güclü mövqeyə sahib olan bizik, sərhəddə güclü mövqelərə sahib olan bizik. Sülh müqaviləsi imzalanmasa da, biz rahat və təhlükəsizlik şəraitində yaşayacağıq”.
 
@cssc_cqtm
👍25👎1
İsrail prezidentinin Bakı səfəri
 
İsraildə əsas hakimiyyət baş nazirə məxsus olsa da, prezident dövlət başçısı və millətin vahidliyini səciyyələndirən, Knessetin qəbul etdiyi qanunları imzalayan, dövlət qurumları tərəfindən edilən təyinatların (məsələn, hakimlər, dayananlar, qadilər və İsrail Bankının prezidenti) qüvvəyə minməsini təsdiqləyən siyasi fiqurdur. Səfər zamanı təkcə səhiyyə üzrə saziş imzalansa da, aydın məsələdir ki, dövlət başçıları bağlı qapılar arxasında strateji müttəfiqliyin bütün spektrini müzakirə etmişlər. Azərbaycan və İsrail arasında hərbi-texniki, institusional, enerji münasibətləri aysberqə bənzəyir − “onda doqquzu yerin altındadır”.
 
İran faktoru
İsrail və Azərbaycanı İran timsalında vahid rəqib birləşdirir. Mətbuat konfransı zamanı İ.Hersoq İranın regional və qlobal təhlükəsizlik strukturuna yaratdığı təhlükə və təhdidlərin müzakirə edildiyini bildirdi. İran-Səudiyyə Ərəbistanı münasibətlərinin normallaşması + İranın nüvə silahı əldə etməyə yaxınlaşması + İran-Taliban müharibəsi Bakı və Tel-Əvivin diqqət mərkəzindədir. Azərbaycan İrandan gələn təhdidlərlə bağlı qabaqlayıcı addımlar atmaq məcburiyyətindədir.
 
Enerji təhlükəsizliyi
Hazırda İsrail neft tələbatının 30%-ni (bəzi məlumatlara görə 50%-ə qədər hissəsini) Azərbaycanın hesabına təmin edir. Enerjinin siyasi silah/şantaj obyektinə çevrildiyi və İran/Rusiya ilə siyasi ziddiyyətlərin artdığı dönəmdə stabil enerji təminatı İsrail üçün həyati-vacib önəm kəsb edir.
 
Hərbi əməkdaşlıq
Tərəflər milli təhlükəsizlik baxımından vacib məlumat mübadiləsi və terrora qarşı birgə mübarizə aparırlar. Stokholm Beynəlxalq Sülh Tədqiqatlar İnstitutunun hesablamalarına görə 2013-26-cı illərdə Azərbaycan silah idxalının 30%-i, 2016-20-ci illərdə isə 69%-i İsrailin payına düşürdü. İsrailin Rafael Advanced Defense Systems, Israeli Aerospace Industries və Aeronautics Defense Systems şirkətləri Azərbaycanın Müdafiə və Müdafiə Sənayesi Nazirliklərinin əsas tərəfdaşlarındandır. Bakı İsraildən Hermes 450/900, Orbiter və Harop dronları, yer-yer tipli LORA idarəolunan ballistik raketləri, Barak-8 hava və raketdən müdafiə sistemləri, kəşfiyyat peyk texnologiyası və “Spike” tipli tank əleyhinə idarə olunan raketləri əldə edir. 2011-ci ilin martından etibarən tərəflər Bakıda birgə Aerostar və Orbiter dronlarını istehsal edirlər.
 
Nəticə
Azərbaycan anti-semitizmin olmadığı nadir ölkələrdən biridir. Digər tərəfdən əhalisinin 97,3%-i müsəlman olan Azərbaycan ilə dostluq İsrailə qarşı islamofobiya ittihamlarını əsassız edir. Azad edilmiş rayonlarda əsas hədəflərdən biri irriqasiya sisteminin təmin edilməsidir. Bakı bu məqsədlə İsrail şirkətləri ilə sıx əməkdaşlıq edir. Azərbaycanın 2023-cü ildə hərbi xərcləri $2,6 mlrd.-dan $3,1 mlrd.-a qədər artırması İsrail-Azərbaycan hərbi əməkdaşlığının daha da inkişaf edəcəyinə işarə edir. İrandan gələn təhdidlər tərəflərin Sa'ar 62 patrul gəmilərin, LORA və Barak-8 tipli raketlərin, habelə Dəmir Gümbəz hava hücumundan müdafiə sisteminin əldə edilməsi istiqamətində danışıqlar apardığını güman etməyə əsas verir.
 
@cssc_cqtm
👍31
𝐀𝐳ə𝐫𝐛𝐚𝐲𝐜𝐚𝐧 𝐞𝐧𝐞𝐫𝐣𝐢 𝐭ə𝐡𝐥𝐮̈𝐤ə𝐬𝐢𝐳𝐥𝐢𝐲𝐢𝐧𝐢𝐧 𝐭ə𝐦𝐢𝐧 𝐞𝐝𝐢𝐥𝐦ə𝐬𝐢𝐧𝐝ə 𝐛𝐨̈𝐲𝐮̈𝐤 𝐫𝐨𝐥 𝐨𝐲𝐧𝐚𝐲𝐚𝐧 𝐨̈𝐥𝐤ə 𝐤𝐢𝐦𝐢 𝐭𝐚𝐧ı𝐧ı𝐫 - 𝑂𝑟𝑥𝑎𝑛 𝐵𝑎𝑔̆ı𝑟𝑜𝑣

Daha ətraflı: https://azertag.az/xeber/Dunyanin_aparici_dovletleri_Azerbaycani_enerji_tehlukesizliyinin_temin_edilmesinde_boyuk_rol_oynayan_olke_kimi_taniyirlar___ekspert-2643368
👍6
Bakı-Xankəndi dialoqu: təzadlar və çıxış yolları
 
Son zamanlar danışıqlar prosesində müsbət ətalət müşahidə edilir. Tərəflərin kommunikasiyalar üzərində suveren hüquqlar, anklavların mübadiləsi, delimitasiya prosesinin qaçılmazlığı, Rusiya faktorunun regionda azaldılması, Vardanyan kimi layihələrin hər iki tərəfə zərəri, “beşinci kolona” qarşı mübarizə məsələləri üzrə ortaq mövqeləri vardır. Sülh sazişinin imzalanmasına yeganə ciddi maneə - Qarabağdakı qondarma “ordu” və “institutlar”dır.
 
Ermənistan/Azərbaycanın mövqeyi
Rəsmi İrəvan Azərbaycan qoşunlarının “Ermənistan ərazisindən” geri çəkilməsi və beynəlxalq mexanizm çərçivəsində Bakı və Xankəndi arasında dialoqun başlanmasını prioritet sayır. Rəsmi Bakı separatçılardan təslim olmağı, qondarma “institutları” buraxmağı tələb edir, əvəzində isə onlara amnistiya (Azərbaycan ərazilərini təhlükəsiz tərk etmə) təklif edir.
 
Rusiya → separatçıların mövqeyi
Moskva sülh sazişinin imzalanmasına mane olmaq üçün separatçıları və Ermənistandakı proksi qüvvələri (müxalifət + Erməni Apostol Kilsəsi) hərəkətə gətirdi.
Rusiyanın təkidi ilə qondarma parlament 23:00-da toplanıb, Paşinyanın Qarabağla bağlı yanaşmasına (Azərbaycanın ərazi bütövlüyünün tanınmasına) etiraz etdi. Ardınca A.Arutyunyan mitinqlərin keçirilməsini, separatçı hakimiyyət əleyhinə məlumatın axtarılmasını cinayət əsaslı işə çevirən sərəncam imzaladı, qondarma təhlükəsizlik qurumları isə Qarabağ ermənilərinə xaricdən gələn telefon zənglərinə cavab verməyi qadağan etdi. Qondarma ordunu buraxmaqdan imtina edən rejim, silahlıların hətta Bakının qoşunları geri çəkəcəyi təqdirdə qalacağını bildirdi. Paralel olaraq R.Vardanyan Qarabağın rifah fonduna şəxsi vəsaitindən $50 mln. pul ayıracağını və bu vəsaitin artırılması məqsədilə erməni diasporu ilə danışıqlar apardığını bildirdi. Belə güman eləmək olar ki, bununla Moskva rejimin İrəvandan maliyyə asılılığını azaldıb, separatçıları təmamilə öz nüfuzu altına salmaq istəyir.
 
Qərb faktoru
12 iyun tarixində ABŞ-da xarici işlər nazirlərinin daha bir görüşü gözlənilir. Buna qədər ABŞ-ın region üzrə xüsusi nümayəndəsi Lui Bono regiona səfər edib, ziddiyyətli bəndlər üzrə ABŞ-ın təkliflərini irəli sürdü. Belə güman etmək olar ki, ən ziddiyyətli məqamlardan biri Qarabağdakı rejimin gələcək taleyi ilə bağlıdır. Dövlət Departamentinin Azərbaycan Prezidentinin amnistiya haqqında bəyanatını alqışlaması Vaşinqtonun Bakının məsələ ilə bağlı yanaşmasını müsbət qarşıladığından xəbər verir.
 
Dialoq = alternativ institutlar
Qondarma prezidentin qondarma müşaviri D.Babayana görə “Artsax, Ermənistana onu Azərbaycanın tərkib hissəsi kimi tanımaq barədə mandat verməyib”. Rejimin Ermənistana demarş elan etməsi, Qarabağ ermənilərini total nəzarətə alması və paralel olaraq Rusiyanın regional proksisinə çevrilməsi Bakı və Xankəndi arasında danışıqları qeyri-mümkün edir. Konstruktiv dialoq üçün qondarma institutlar buraxılmalı və onların yerinə Qarabağ erməniləri tərəfindən alternativ qurumlar yaradılmalıdır. Belə mümkün alternativ qurumlardan biri Ağsaqqallar Şurası ola bilər. Bu institutun özəlliyi bundadır ki, o həm Ermənistan, həm Azərbaycanda (müəyyən struktur/funksiya fərqləri ilə) mövcuddur. Bu institut Qarabağ ermənilərini danışıqlarda təmsil etmək üçün kifayət qədər legitim olub, qondarma (“prezident, parlament, deputat, nazir”) institutlardan fərqli olaraq Azərbaycan Konstitusiyası ilə ziddiyyət təşkil etmir.
 
Nəticə
Azərbaycanın Laçında NBM qurması İrəvanı Rusiyaya eksterritorial dəhliz vermək məcburiyyətindən xilas edib, onu Moskva ilə münasibətlərdə daha subyektli etdi. Hazırda Bakının əsas hədəfi qondarma ordu və institutların aradan götürülməsidir. Prezident Əliyev Laçında çıxışı zamanı “amnistiya əvəzinə istefa” tələbənin nə vaxta qədər keçərli olduğunu qeyd etmədi. Bu isə o deməkdir ki, Bakı yaxın həftə-aylarda nəzərdə tutulan görüşlərdə bu məsələ ilə bağlı irəliyiş əldə edilmədiyini gördükdə yenidən birtərəfli addım atıb, qondarma ordunu dəqiq zərbələrlə zərərsizləşdirib, Ermənistan və vasitəçiləri fakt qarşısında qoyacaqdır.
 
@cssc_cqtm
👍24
Kaxov HES-nin partladılmasının motiv və fəsadları
 
6 iyuna keçən gecə Kaxov HES-i partladılmışdır. Hadisə yerində suyun səviyyəsi 10 m yuxarı qalxmış, HES-dən 5 km uzaqlıqda yerləşən Yeni Kaxovka şəhərinin küçələri su altında qalmış, Xerson vilayətinin əksər yaşayış və sənaye obyektlərinə isə ciddi zərər dəymişdir. ABŞ, Avropa ölkələri, İsrail və digər əksər ölkələr HES-in Moskva tərəfindən partladıldığını, Rusiya isə HES-in Ukrayna tərəfindən dağıdıldığını iddia edir.
 
Motivlər
Dnepr çayının aşması nəticəsində yaranan texnogen fəlakət Rusiya qoşunlarını birinci müdafiə xəttindən ikinci müdafiə xəttinə geri çəkilməyə məcbur etdi. Bu geri çəkilmə nəticəsində Moskva müəyyən sayda hərbi texnika da itirmiş oldu. Bununla belə hadisə Ukrayna Silahlı Qüvvələrinin (UQS) bu istiqamət üzrə əks-hücum imkanlarını praktiki cəhətdən qeyri-mümkün etdi. Beləliklə, hadisə ilə bağlı iki əsas versiya irəli sürmək olar:
1.Əgər USQ bu istiqamət üzrə əməliyyat keçirməyi planlaşdırırdısa Kaxov HES-ni Rusiya, əks-hücumun qarşısını almaq üçün bilərəkdən partladıb.
2.Əgər USQ digər istiqamətlər üzrə hücuma hazırlaşırdısa, Rusiyanı ikinci müdafiə xəttinə keçməyə məcbur etmək və Moskvaya hərbi texnika itkisi yaşatmaq üçün HES Kiyev tərəfindən partladıla bilərdi.

Müşahidələr göstərir ki, birinci variant çox yüksək, ikinci variant isə çox aşağı ehtimallıdır. Əvvəla, 80 il bundan qabaq Moskva artıq bir dəfə Dnepr üzərində yerləşən HES-lərdən birini bilərəkdən partladıb, alman qoşunlarının hücumunun qarşısını almışdır. Hazırda cəbhədə vəziyyət belədir ki, Rusiya müdafiə, Ukrayna isə hücum mövqeyindədir. Yəni Ukraynaya texnogen fəlakət yaradıb, hərbi manevr imkanlarını məhdudlaşdırmaq sərf etmir. Əksinə, HES partladıldıqdan sonra Ukrayna bu istiqamətdə hücum keçirtmək istəsə idi, çoxlu sayda insan və hərbi texnikanı “A” nöqtəsində cəmləşdirib, onları “B” keçid nöqtəsindən, “C” nöqtəsinə çatdırıb, “D” nöqtəsində hərbi yerləşdirməsini həyata keçirtməli idi. Bütün bu nöqtələr (xüsusilə “A” nöqtəsi) düşmən hücumu qarşısında həssas olduğundan Ukraynanın HES-i bilərəkdən partladaraq özünü ekzistensial təhlükəyə salması məntiqə ziddir.
 
İqtisadi faktor
MAQATE-yə görə Kaxov HES-nin dağıdılması Zaporojye AES-nə təhlükə yaratmasa da, fəlakət Xersonda 94%, Zaporojyedə 74%, Dnepetrovskda isə 30% suvarma sistemlərini mənbəsiz qoydu. Rəsmi Kiyevin hesablamalarına görə hadisə ölkənin cənub sahələrini növbəti illərdə səhraya çevirə bilər. Fəlakət həmçinin Ukraynanın içməli su ehtiyatlarına və balıq sənayesinə ciddi zərər vurub. HES Ukrayna limanlarından uzaqda yerləşsə də yüklərə və logistikaya ciddi təhlükə yaratdığına görə partlayışın növbəti günü Çikaqo birjasında taxıla iyul fyüçersləri 3,29%, qarşıdalıya isə 1,55% bahalaşmışdır. Gördüyümüz kimi HES-in partladılması Rusiyaya iqtisadi mənfəət, Ukraynaya isə itki yaşatmış oldu.
 
Belqorod və Moskvanın əvəzi
Son həftə/aylar Rusiyada ictimai müharibə leyhdarlarının Ukraynanın xüsusi xidmət orqanları tərəfindən zərərsizləşdirilməsi, Rusiya silahlı qüvvələrinin Xarkov və Xersondan geri çəkilməsi, USQ-nin Makeyevka və Krım körpüsünə zərbələr endirməsi, Belqoroda tank və diversant, Moskvaya isə dron hücumları təşkil etməsi Rusiyada ümumi narahatçılıq səviyyəsini artırdı. Putinin hakimiyyəti “təhlükəsizlik və stabillik əvəzinə hüquq/azadlıqlar” ictimai müqaviləsinə əsaslanır. Sanksiyalar iqtisadiyyatı sarsıdıb, ictimai müqavilənin stabillik elementini etibarsız etmişdir. Moskva və Belqoroda hücumlar isə perspektivdə təhlükəsizlik elementini diskreditə edib, Putin və xalq arasında ictimai müqaviləni etibarsız edə bilər. Beləliklə, Kreml Kaxov HES-ni partlatmaqla, Kiyev və dünyaya hakimiyyətin qorunmasının onun üçün qırmızı xətt olduğu və buna görə hətta texnogen fəlakət yaratmağa hazır olduğu mesajını göndərmək istəyir.

@cssc_cqtm
👍19
Ermənistanın Fransa və Rusiya ilə üst-üstə düşən maraqları

Xarici işlər naziri C.Bayramova görə, Bakı, İrəvandan qanunsuz silahlılar, daxili işlərə qarışma və Qarabağ erməniləri ilə dialoqa mane olma kimi 3 mühüm məsələdə konstruktiv siyasi iradənin təzahürünü gözləyir. Lakin görünən odur ki, İrəvan bu məsələlərdə inadkarlıq nümayiş etdirib, vaxt qazanmaq üçün Fransa və Rusiya ilə fərqli istiqamətlərdə əməkdaşlıq edir.

Fransanın destruktiv siyasəti
İrəvan, Bakı-Xankəndi dialoqunun beynəlxalq mexanizm çərçivəsində həyata keçirilməsini özü üçün prioritet elan edir. Bakı sülh sazişinin təkcə ərazi bütövlüyü deyil, həmçinin suverenliyin qarşılıqlı tanınması şərti ilə imzalanmasını istədiyini bəyan edir. Bu o deməkdir ki, Bakı sərhədləri çərçivəsində dövlət hakimiyyətini məhdudlaşdıran beynəlxalq mövcudluğu qəbuledilməz sayır. Paşinyan Brüssel/Vaşinqton/Parisi inandırmağa çalışır ki, Bakının inadkar mövqeyi tərəflər arasında mövcud güc disbalansı ilə əlaqəlidir və əgər Bakı və İrəvan arasında qüvvələr nisbəti tarazlansa Azərbaycan danışıqlar masası arxasında daha “konstruktiv” mövqe nümayiş etdirəcəkdir. Adı çəkilən tərəflərdən təkcə Paris Paşinyanın çağırışına reaksiya verib, Ermənistana 155-mm/52 kaliberli “Trajan” haubitsaları və 50 ədəd ZTR göndərməyi planlaşdırır.

Rusiyanın destruktiv siyasəti
“Dondurulmuş münaqişələr” konsepsiyasından imtina etməyən Moskva, Bakı və İrəvan arasında sülh sazişinin imzalanmasına bütün vasitələrlə mane olmağa çalışır. Moskva anlayır ki, ərazi bütövlüyü/suverenliyin qarşılıqlı tanınması əsasında imzalanan sülh sazişi 2025-ci ildə Rusiyanın Azərbaycandan, perspektivdə isə Ermənistandan çıxmasına gətirə bilər. Bunu qabaqlamaq üçün Moskva bir tərəfdən Ermənistan və Qarabağdakı proksiləri aktivləşdirir, digər tərəfdən isə Paşinyanın “beynəlxalq mexanizm” yanaşmasına dolayı dəstək verir. “Beynəlxalq mexanizm” Rusiyanı yox, Qərbi nəzərdə tutsa da, Bakının buna heç vaxtı razılaşmayacağını bilən Moskva, Ermənistanın beynəlxalq mexanizm ilə bağlı təklifini özünə elə də ciddi təhdid hesab etmir. Əksinə, məsələ ilə bağlı İrəvan və Bakının ziddiyyətli və barışmaz mövqeyi Moskvanın fikrincə sülh sazişinin imzalanmasını qeyri-müəyyən gələcəyə təxirə salır. Müşahidə etdiyimiz kimi Paşinyanın beynəlxalq mexanizm tələbi nəticə etibarı ilə ən çox Rusiyanın maraqlarına cavab verib, sülh sazişinin imzalanmasına mane olur.

Geosiyasi prizma
Nüfuzlu Politico nəşrinin inside məlumatlarına əsasən, ABŞ-ın Ukraynaya gələcək yardımları Kiyevin əks-hücum əməliyyatının effektivlik səviyyəsindən birbaşa asılıdır. Əks-hücum effektiv olarsa ABŞ Kiyevə dəstəyi artırıb, Ukraynanın bütün hədəflərə çatmasına kömək edəcəkdir. Əks-hücum kifayət qədər uğurlu olmasa və ya ümumiyyətlə uğursuz olarsa, o zaman Ukraynaya hərbi və iqtisadi yardımın azalması, münaqişənin diplomatik yolla həllinə çağırışların isə güclənməsi ehtimalı yüksələcəkdir. Bunu nəzərə alan Rusiya hazırda cəbhədə bir neçə güclü müdafiə xətti yaradıb. Rusiya əks-hücum əməliyyatının iflasa uğrayacağına, Ukrayna münaqişəsinin dondurulacağına və Cənubi Qafqazda daha aktiv siyasət aparmağın mümkün olacağına ümid edir.

Nəticə
Hazırda Ermənistan, Fransa və Rusiya sülh sazişinin imzalanmasını yubadıb, mümkün qədər vaxt qazanmaq istəyirlər.
- Ermənistanın hədəfi – Fransa, Hindistan və İran sayəsində hərbi qüdrəti artırıb, Bakı ilə danışqlarda daha güclü mövqedən çıxış etməkdir.
- Fransanın hədəfi – Ermənistanı dəstəkləməklə Cənubi Qafqazın iki ölkəsində (Ermənistanda və separatçılar vasitəsilə Azərbaycanda) mövqe/nüfuza sahib olmaqdır.
- Rusiyanın hədəfi – Ukrayna cəbhəsində vəziyyət donduqdan sonra, Cənubi Qafqazda münaqişəni uzatmağa nail olmaqdır.
Fransanın destruktiv siyasəti + Ermənistanın sülh sazişindən yayınması + Rusiyanın yaxın aylarda Cənubi Qafqaza “qayıtma” ehtimalı + 12 iyunda ABŞ-da gözlənilən xarici işlər nazirləri arasında görüşün təxirə salınması Bakını birtərəfli addımlar ataraq Qarabağdakı qondarma struktur/birləşmələr məsələsini yerdə həll etməyə stimullaşdırır.

@cssc_cqtm
👍18
Rusiyanın siyasi sistemində Vaqner/Priqojin amili
 
Vaqner kimi özəl hərbi şirkətlər Moskvaya xərcləri azaltmaq, sürətli və gözlənilməz hücumlar təşkil etmək, rəsmi hərbi itkilərdən yayınmaq və şəxsi/korporativ zənginləşmək kimi imkanlar bəxş edir.
 
Fərqli baxışlar
Priqojin və Vaqnerə Rusiyanın siyasi/intellektual isteblişmentində birmənalı yanaşma yoxdur. Rusiyada dövlət aparıcı sistem yaradan faktor olub, bütün cəmiyyəti  özü ilə doldurmağa çalışır. Politologiya elminə əsasən, dövlət legitim zorakılıq hüququna malik yeganə institutdur. Bu baxımdan Rusiyanın siyasi sistemində ənənəvi güc strukturları ilə yanaşı Vaqner kimi silahlı qrupların mövcudluğu bir çoxları tərəfindən sistemə yad element kimi nəzərdən keçirilir. Təsadüfi deyil ki, MN, FTX (ФСБ) və XKX (СВР) kimi güc strukturları Vaqneri ləğv etmək, özünə tabe etdirmək və ya ən azından maddi-texniki dəstəyini azaltmaqla imkanlarını tükəndirmək istəyir. Digər qrup Stalinin hərbi elitaya qarşı həyata keçirtdiyi repressiyalara istinad edib, Rusiyada siyasi hakimiyyətin həmişə ordudan ehtiyat etdiyini bildirir. Nüfuzlu/populyar ordu potensial təhlükə kimi nəzərdən keçirilir və əlavə nəzarət/çəkindirmə mexanizmləri tələb edir. Ukraynada hərbi uğursuzluqlar fonunda Kremlin hərbi elitadan narazılığı Vaqnerin ordunu tarazlamaq kimi siyasi əhəmiyyətini artırmış olur.
 
Siyasi ambisiyalar?
Bəzi ekspertlər Priqojin tərəfindən güc strukturlarının açıq və təhqiramiz formada tənqidini, “baba” haqqında ifadəsini, “Vaqner. İkinci cəbhə” adı ilə Ümumrusiya turuna çıxmasını siyasi ambisiyalar kimi təfsir edirlər. Bir vaxtlar Şoyqu Putindən sonra xalq arasında ən yüksək reytinqə sahib şəxs idi. Lakin Levada Mərkəzinin may sorğusuna əsasən, Şoyqu 11% göstərici ilə baş nazir Mişustin (18%) və xarici işlər naziri Lavrovdan (14%) geri qalaraq dördüncü yerdə qərarlaşır. Əksinə, mart ayında ümumiyyətlə xalqın etibar etdiyi şəxslər sırasında olmayan Priqojin apreldə 1%, mayda isə 4% reytinq nümayiş etdirib, bir çox ictimai şəxsləri (Medvedev, Züqanov, Volodin, Sobyanin, Solovyov, Peskov) qabaqlayaraq müdafiə nazirindən sonra beşinci yerdə qərarlaşmışdır. Güc strukturları Priqojinin federal kanallarda təbliğat aparmasına imkan verməsələr də, axırıncının sosial KİV və teleqram kanallardan ibarət öz media imperiyası mövcuddur.
 
Tam nəzarətdə olan layihə
Görünür ki, Priqojin hərbi elita kimi “yeni ac qrupların iştahılarını” cilovlamaq üçün Putin tərəfindən yaradılan və dəstəklənən layihədir. Son aylar Priqojinin reytinqi nəzərəçarpan dərəcədə artsa da, o yenə də Putinin reytinqindən (42%) ən azı 10 dəfə geri qalır. Priqojinin ümumi səfərbərlik, planlı iqtisadiyyat və ölüm cəzasına qayıdış, xarici aləmdən daha çox təcrid olunma kimi təklifləri cəmiyyətin əksəriyyəti tərəfindən dəstəklənmir. Bu baxımdan Priqojin əhalinin yarıdan çoxunu arxasınca apara biləcək oyunçuya çevrilə bilməz. Vaqner MAR və Sudandakı təbii resursların istismarından gəlirə sahib olsa da, güman ki, pul axınlarına prezident administrasiyası şəxsən nəzarət edir. Priqojinin şəxsi media imperiyası olsa da, yekun texniki nəzarət yenə də dövlətdədir: Telegram FSB ilə 2018-ci ildən sıx əməkdaşlıq edir, Roskomnadzor isə istənilən internet KİV-ni bağlamaq imkanına malikdir.
 
Nəticə
Vaqnerin Donbas Veteranları partiyası və Monarxist-anarxist İttifaqı adlı strukturları olsa da qarşıda gələn seçkilərdə Priqojinin namizəd olacağı az ehtimal olunur. Priqojin siyasətçi yox, siyasi fiqurdur. Vaqnerin aydın iyerarxiyasının olmaması və Qərb ölkələri tərəfindən terrorçu/proksi təşkilat kimi nəzərdən keçirilməsi Priqojinin Kremlin əmri ilə fiziki aradan götürülməsi şəraitində beynəlxalq qalmaqala və Vaqnerin Moskvaya hücumuna gətirməyəcək. ABŞ Milli Kəşfiyyat Müdirliyinin “İllik Hədələrin Qiymətləndirilməsi”nin 2023-cü il hesabatına əsasən, Vaqner Ukrayna müharibəsindəki itkilərə rəğmən MAR, Liviya, Mali və Suriyada Rusiyanın nüfuzunu artırmağa davam edəcək. Bunu və Priqojinin Putinə real və hətta potensial təhdid olmadığını nəzərə alsaq, Vaqnerin yaxın aylar/illərdə mövcudluğunu qoruyacağını yüksək ehtimalla proqnoz etmək olar.

@cssc_cqtm
👍17
Çinin Rusiyaya münasibətdə ekspansiya siyasəti
 
Ekspansiya − bir dövlətə məxsus maddi və mənəvi nemətlərin digər dövlət tərəfindən təsir/təzyiq vasitəsilə ələ keçirilməsidir. Ekspansiya ərazi, demoqrafik, hərbi, siyasi, iqtisadi, mədəni və texnoloji formada həyata keçirilə bilər. Müşahidələr göstərir ki, təcridçilik şəraitində Rusiyanın Çindən asılılığı, Çinin Rusiyaya münasibsətdə ekspansionizm siyasəti ilə müşaiyət edilir.
 
Ticarət ekspansiyası
2023-cü ilin yanvar-may aylarında tərəflər arasında ticarət dövriyyəsi 40,7% ($93,8 mlrd.) artmışdır. Çinə ixrac keçən il ilə müqayisədə 20,4% ($50,85 mlrd.), idxal isə 75,6% ($42,95 mlrd.) artmışdır. Qərb ilə ticarətin azalması şəraitində Çin ilə ticarətin artması müsbət yox, mənfi haldır. Əvvəla, Çin həm kəmiyyət, həm də keyfiyyət baxımından Qərbə adekvat alternativ deyil. Müharibəyə qədər Rusiya hər il Aİ ilə ticarətdən €247,8 mlrd. gəlir əldə edirdi. Qərbdən fərqli olaraq Çində Rusiyanın inkişafı üçün önəmli olan ən qabaqcıl texnologiya və irihəcmli kapital yoxdur. Rusiya vətəndaşları ucuz Çin məhsulları almaq və ya paralel idxaldan əldə edilən bahalı Qərb mallarını almaq kimi dilemması qarşısındadırlar. Əhalinin sosial-iqtisadi durumunun azalması insanların getdikcə daha çox Çin məhsullarına üstünlük verəcəyinə gətirəcəkdir. Nümunə kimi: 2020-ci ildə Çin istehsallı maşınlar Rusiya bazarının 4%-ni, 2021-ci ildə 9%-ni, 2022-ci ildə 10%-ni, hazırda isə 36%-ni təşkil edir.
 
Maliyyə ekspansiyası
SWIFT-dən çıxarılan Rusiya, Çinin CİPS ödəniş sisteminə inteqrasiya olunmağa çalışır. CİPS 103 ölkə, 1280 maliyyə institutu və $12,68 trln.-lıq emal sistemini özündə təcəssüm etdirsə də, SWIFT-ə adekvat alternativ deyil. 2022-ci ilin əvvəlində Rusiyanın ixrac ödənişində yuanın payı 0,5% idisə, 2023-cü ilin martında bu göstərici 16%-ə çatmışdır. Hazırda Rusiyanın Milli Rifah Fondunda yalnız yuan (60%) və qızıl (40%) kimi iki ehtiyat valyuta var. Çin qlobal oyunçu, qızıl isə etibarlı aktiv hesab olunsa da, hər iki valyuta dollar-avro ilə müqayisədə aşağı likvidli/dönərli aktiv hesab olunurlar. Dollar dünyanın istənilən ölkəsi ilə ticarət qurmağa imkan verdiyi halda, yuanı ödəniş vasitəsi kimi qəbul etməyə hazır olan ölkə tapmaq asan deyil.

Daha bir çətinlik − digər ölkələrlə ticarəti inkişaf etdirmək üçün lazımı qədər yuan tapmaqdır. Misal üçün, mayın sonunda Saxalin-2 layihəsindən çıxmaq istəyən Shell şirkəti $1,5 mlrd. tapa bilməyib, ölkədə olan yuanların yarısını almağa məcbur oldu. Yuanın həcmini artırmaq üçün Çin ilə ticarəti genişləndirmək və yuanda olan depozitlərin faiz dərəcələrini artırmaq lazımdır. Yuanda olan depozitlər portfeli ilin əvvəli ilə müqayisədə 41% artsa da, fiziki şəxslərin 1%-dən də az hissəsi yuanda depozit açırlar.
 
Mədəni ekspansiya
Qərblə mədəni-humanitar əlaqələrinin kəsilməsi Rusiya vətəndaşlarının xarici təhsil arxasınca Çinə üz tutmasını aktuallaşdırır. Rusiyanın çinşünas ekspertlərinin müşahidələrinə əsasən, ölkənin elita və imkanlı təbəqəsi indidən övladlarına əsas xarici dil kimi çin dilini öyrədirlər. Çin özü də yumşaq gücünü (çin dili, konfutsiçilik fəlsəfəsi, Çin mədəniyyət evləri) yaymaq üçün Rusiyada milyardlarla dollar pul xərcləyir. Bütün bunlar Rusiyaya münasibətdə həyata keçirilən mədəni ekspansiyanın elementləridir.
 
Nəticə
Rusiya xarici ölkələrdə onun maraq və baxış bucağını bölüşən elitaları hakimiyyətə gətirib, onların vasitəsilə ölkənin iqtisadiyyat və hərbisini özünə tabe etdirir. Rusiyadan fərqli olaraq Çinin ekspansiya modeli siyasətdən yox, iqtisadiyyatdan başlayır. Hazırda Çinin Rusiyaya münasibətdə ticarət, maliyyə və mədəni ekspansiyası müşahidə edilir. Çin öz hərbi-sənaye kompleksinə milyardlarla dollar yatırım etdiyinə görə daha Rusiyanın köhnə hərbi texnologiyasına ehtiyac duymur. Belə güman etmək olar ki, Rusiya Çin kimi mühüm silah bazarını itirməmək üçün yaxın vaxtlarda Çinə ən son hərbi texnika/texnologiyasını ötürmək məcburiyyətində qalacaq. Bu isə növbəti mərhələdə artıq hərbi ekspansiyanın başlanmasından xəbər verəcək.
 
@cssc_cqtm
👍22
Hərbi toqquşmalar və siyasi sabotajlar
 
Son vaxtlar danışıqlar prosesində müəyyən durğunluq müşahidə olunur. Bakı İrəvana ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınması əsasında sülh təklif etsə də, Ermənistan beynəlxalq mexanizm çərçivəsində Bakı və Qarabağ erməniləri arasında dialoqda israr edib, Azərbaycanın daxili işlərinə qarışmağa davam edir.
 
Hərbi təxribatların motiv və səbəbləri
Diplomatik durğunluq Ermənistan və separatçı rejimin hərbi təxribatları ilə müşaiyət edilir. Ermənistan Azərbaycanı hazırda Naxçıvanla sərhəddə inşa edilən metallurgiya zavodunu atəşə tutmaqda, iki hind əsilli işçini “yaralamaqda”, ölkəni xarici sərmayələrdən məhrum etməkdə və “Ermənistan ərazisində” dövlət bayrağımızı qaldırmaqda ittiham edir. Ermənistanda 90-cı illərdən Rusiyanın hərbçi/sərhədçiləri, son aylar isə Aİ missiyası olsa da, adı çəkilən subyektlərdən heç bir Ermənistanın Azərbaycana qarşı ittihamlarını təsdiqləmir. Metallurgiya zavodu ABŞ tərəfindən maliyyələşsə də, Vaşinqton Bakını Ermənistanın iqtisadi inkişafına mane olmaqda ittiham etmir, Nyu-Dehli isə Bakıya Hindistan vətəndaşlarını “yaraladığına” görə nota göndərmir.
Həkəri körpüsünün hər iki tərəfi − Google maps daxil − beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan ərazisi kimi tanındığına görə baş verən təxribat 3 əsas məqsədə xidmət edirdi:
 
- Laçın sərhəd nəzarət buraxılış məntəqəsindən kişili, qadınlı, qocalı, uşaqlı çoxsaylı növbələr Qarabağ ermənilərinin “blokadada saxlanılması” haqqında mifi alt-üst edir. Bu mifi qorumaq üçün Ermənistan, yolun ya Azərbaycan tərəfindən bağlanacağına, ya da Qarabağ ermənilərinin təhlükəsizlik səbəblərindən bu yoldan daha istifadə etməyəcəklərinə ümid edərək Laçın NBM-i istiqamətində məqsədyönlü hücum həyata keçirtmişlər.  
- Əhalinin Qarabağdan Ermənistana axın etməsi Paşinyan və onun havadarlarının “beynəlxalq mexanizm” barədə təklifini qeyri-aktual edir. Qarabağı öz xoşu ilə tərk edən hər bir erməni “beynəlxalq mexanizm” adlı ideyanın qəbrinə vurulan bir mismardır.
- Ermənilərin Qarabağı tərk etməsi qondarma “müdafiə ordusunu” da diskreditə edir. Əgər Qarabağda çox az sayda mülki erməni yaşayacaqsa, bu bir tərəfdən qanunsuz silahlıların maddi təminatına, digər tərəfdən isə onların mövcudluğunun hətta ən ermənipərəst qüvvələr tərəfindən əsaslandırılmasına belə problemlər yaradacaqdır.
 
Moskva və Vaşinqtonun əks maraqları
Moskva üçün kommunikasiyaların açılması, Vaşinqton üçün isə sülh sazişi prioritetdir. Bununla belə Moskva sülh sazişinin imzalanmasına, Vaşinqton isə kommunikasiyaların açılması şəraitində Rusiyanın Ermənistan ərazisində əlavə funksiya əldə etməsinə qarşıdır. Bu kontekstdə ABŞ Paşinyanın əli ilə Rusiyanı Ermənistandan sıxışdırmaq, Rusiya isə Araik-Vardanyan və Qarabağın rus icması vasitəsilə sülh sazişini sabotaj etmək istəyir. Danışıqlar prosesinə müsbət impuls vermək üçün L.Bono regiona səfər edib, problemli bəndlər üzrə təkliflər irəli sürdüyü halda, Rusiya ABŞ-ın guya anti-terror əməliyyatı hədəsi altında Qarabağ ermənilərini Bakı ilə üçüncü ölkədə danışıqlara girməyə məcbur etməsi haqqında dezinformasiyalar yayır.
 
Nəticə
Sülh sazişi Rusiyanın 2025-ci ildə Azərbaycandakı, perspektivdə isə Ermənistandakı hərbi mövcudluğuna son qoya bilər. Bununla belə müşahidələr və hesablamalar onu deməyə əsas verir ki, növbəti illər ərzində Moskvanın Bakı və İrəvanla iqtisadi münasibətləri eninə və dərininə inkişaf edəcəkdir. Hazırda Rusiya Gürcüstan ilə problemli, digər iki ölkə ilə isə müttəfiqlik (Ermənistan) və strateji tərəfdaşlıq (Azərbaycan) münasibətlərinə malikdir. Əgər Rusiya, separatçılar və Ermənistandakı proksi qüvvələr vasitəsilə sülh sazişini sabotaj etməyə davam etsə, Ermənistan isə yaxın perspektivdə danışıqlar masası arxasında real konstruktivlik nümayiş etdirməsə Azərbaycan zəruri birtərəfli addımlar atıb, məsələni yerdə həll edəcəkdir. Bu Ermənistanın danışıqlar masası arxasında mövqelərini zəiflədə, Rusiyanın isə yerdə qalan iki ölkə ilə əlaqələrinə hissolunan xələl gətirə bilər.
 
@cssc_cqtm
👍29
Blinkenin Pekin səfəri
 
Blinkenlə danışıqlardan sonra xarici işlər naziri Sin Qanın, Çin və ABŞ arasında münasibətlərin 1979-cu ildə rəsmi diplomatik münasibətlər qurulandan bəri ən aşağı nöqtədə olduğunu bildirməsi, danışıqların Vaşinqtonun gözləntilərinə rəğmən yaxşı keçmədiyini gosterir.
 
Realist prizma → Tayvan
Realizmin ata-banilərindən olunan H.Morgentauya görə diplomatiyanın əsas vəzifələrindən biri − həyati-vacib maraqları düzgün müəyyənləşdirməkdir:
 
- “A” dövləti (ABŞ) “B” dövlətinə (Çinə) qarşı açıq rəqabətə girməmişdən əvvəl, mübahisəli obyektin (Tayvanın) özünün həyati-vacib maraqlarına aid olub-olmadığını müəyyənləşdirməlidir. Əgər obyekt həyati-vacib maraq deyilsə, “B” dövləti ilə müharibə etmək əvəzinə obyektdən imtina etmək daha məntiqidir.
- Əgər obyekt həyati əhəmiyyət kəsb edirsə “A” dövləti, bu obyektin “B” dövləti üçün nə dərəcə həyati əhəmiyyət kəsb etdiyini müəyyənləşdirməlidir. Əgər “B” dövləti üçün də obyekt həyati vacibdirsə, “A” dövləti onu bu obyektdən imtina etməyə inandırmalı, əvəzində isə ona digər sahələrdə imtiyazlar təklif etməlidir.
 
Sin Qan, Tayvanı Çin-ABŞ münasibətləri üçün “ən qabarıq risk”, kommunist partiyasının baş diplomatı Van İ isə Tayvanı Çinin əsas maraqlarının özəyi adlandırıb, Pekinin bu məsələdə geriyə çəkilmə və ya kompromis üçün yer saxlamadığını bildirdi. Digər tərəfdən Tayvan, ABŞ-ın Çinə qarşı tədbiq etdiyi anakonda həlqəsinin əvəzedilməz bəndi və mikroçiplərin əsas istehsalçılarından biridir. Beləliklə, Tayvan həm ABŞ, həm də Çinin həyati-vacib marağıdır.
 
Çin-ABŞ-Rusiya üçbucağı
Blinkeninin ikinci hədəfi Çini Rusiyaya sanksiyalardan yayınmağa kömək etməkdən çəkindirmək idi. Qərb-Rusiya qarşıdurması hər iki tərəfin resurslarını tükəndirib, ABŞ-a Çinə münasibətdə aktiv çəkindirmə/məcburetmə (deterrence/compellence) siyasət aparmasına imkan vermir. Digər tərəfdən Rusiyaya qarşı tədbiq edilən sanksiyalar Rusiyanın Çindən asılılığını artırıb, ABŞ-ı Çinə qarşı hərbi/iqtisadi addımlardan çəkindirir. Hazırda Moskvanın Pekindən asılılığı o səviyəyədir ki, Çinə qarşı həmlə ilk növbədə Rusiya üçün ekzistensial təhlükədir. Bunları nəzərə alıb, səfərdən sonra Çinin Rusiyaya münasibətdə siyasətində ciddi dəyişikliyin olmayacağını ehtimal etmək olar.

Belə şəraitdə ABŞ-ın alternativ yola – Çin iqtisadiyyatını zəiflətməyə üstünlük verəcəyini təxmin etmək olar. Goldman Sachs 2023-cü ildə Çinin real ÜDM artımı ilə bağlı proqnozunu 6%-dən 5,4%-ə, 2024-cü ildə isə 4,6%-dən 4,5%-ə endirib. Beynəlxalq Enerji Agentliyinin rəhbəri F.Birola əsasən, Çin iqtisadiyyatı neft-qaz qiymətlərinə OPEC+dən daha çox təsir göstərir. Hesablamalara görə sutkada 2 mln. barrelə qədər artan neft tələbatının təxminən 60%-i tək Çinin payına düşəcəkdir. Bu isə o deməkdir ki, Çin iqtisadiyyatının zəifləməsi neftə olan tələbatın və beləliklə, Rusiyanın əsas gəlir sahəsi olan neft qiymətlərinin aşağı düşməsinə gətirəcəkdir. Belə ehtimal olunur ki, Çin Xalq Bankı iqtisadi zəifliyi qabaqlamaq üçün uçot faizini aşağı sala bilər. Bu addım iqtisadi artımı əvvəlki vəziyyətə qaytarsa da, Milli Rifah Fondunun 60%-i yuandan ibarət olan Rusiyaya sarsıdıcı zərbə endirəcəkdir.
 
Nəticə
Beləliklə, Blinkenin Pekin səfəri 2 ölkə arasında gərginlik səviyyəsini aşağı salmaq istiqamətində edilən ümidsiz cəhd idi. Morgentauya görə əgər hər 2 tərəf üçün mübahisəli obyekt həyati əhəmiyyət kəsb edirsə, barışmaz mövqeləri maraqlara transformasiya etməklə müharibəni qabaqlamaq mümkündür. Çinin Tayvana münasibətdə əsas marağı − ərazinin müstəqil olmaması və nə vaxtsa ÇXR-nın tərkib hissəsinə daxil olmasıdır. ABŞ-ın əsas marağı − Tayvanın Çin tərəfindən “işğal” edilməməsi, Pekinin anakonda həlqəsini yarmaması və mikroçiplər üzərində qlobal monopoliya qurmamasıdır. Strateji hədəflərinə çatmaq üçün ABŞ bir tərəfdən Tayvan məsələsində vəziyyəti gərginləşdirməməli, digər tərəfdən isə Rusiya və Çin cəbhələrinin vahid bir cəbhədə birləşməsinə şərait yaratmamalıdır. Səfərə qədər Vaşinqton hər iki istiqamət üzrə bağışlanmaz strateji səhvlərə yol verirdi, səfərdən sonra isə davranışın necə olacağını yalnız zaman göstərəcəkdir.

@cssc_cqtm
👍24
C. Bayramovun London səfəri: strateji baxış
 
C. Bayramov Ukrayna Bərpa Konfransında iştirak etmək məqsədilə Britaniyada səfərdədir. Səfər ölkələr arasındakı strateji dialoqa töhfə vermək və əhəmiyyət kəsb edən məsələlər üzrə vahid yanaşmanı formalaşdırmaq baxımından önəmlidir.
 
Strateji tərəfdaşlıq ya müttəfiqlik?
Azərbaycanın Britaniya ilə münasibətləri Türkiyə və İsrail ilə əlaqələr səviyyəsində olmasa da, Azərbaycanın  strateji tərəfdaş olduğu Aİ-nin 9 üzvü ilə malik olduğu əlaqələrdən daha sıx və dərindir. Bu baxımdan, Azərbaycan-Britaniya əlaqələri strateji tərəfdaşlıqla strateji müttəfiqlik arasında bir orta mövqe tutur. C.Bayramovun London səfəri münasibətlərin müttəfiqliyə tərəf irəliləməsinə xidmət edirdi. Britaniyanın qüvvədə olan Milli Təhlükəsizlik Strategiyasına (MTS) əsasən, xarici siyasətin 4 (yeni dünya düzəninin formalaşdırılması, Avroatlantik təhlükəsizlik, Hind-Sakit okeanda mövqelərin güclənməsi və müasir transmilli hədələrə qarşı mübarizə) əsas istiqaməti vardır. Biri (Hind-Sakit okean) istisna olmaqla digər 3 istiqamət üzrə effektivlik Bakı ilə əməkdaşlığın nə qədər sıx olmasından birbaşa/dolayısı asılıdır.
 
Vahid təhdid - Rusiya
Britaniyanın 2015-ci il MTS-i Rusiyanı beynəlxalq əməkdaşlıq standartlarını pozan, Kalininqrad və Krımda nüvə silahı yerləşdirmək istəyən, cənubi Avropa və Baltik dənizində artan risk və təhlükə mənbəyi olan qüvvə kimi nəzərdən keçirdir. Cari MTS Rusiyanı İran və Şimali Koreya ilə bərabər, təhlükəsizliyə əsas hədə və beynəlxalq nizamın zəifləməsinin əsas səbəbkarı kimi dəyərləndirir. Sənəddə Çinin adı Rusiyadan 2 dəfə daha çox (27:14) hallansa da, Rusiyaya münasibətdə ritorika (“təhlükəsizliyə kəskin hədə”), Çinə münasibətdə istifadə edilən ifadələrdən (“rəqib”, “çağırış”, “risk”) daha sərtdir. Sirr deyil ki, Rusiyanın Cənubi Qafqazdakı ənənəvi destruktiv siyasəti özünü hazırda daha qabarıq formada biruzə verir. Rusiya timsalında vahid hədə Bakı və Londonu daha sıx əməkdaşlıq etməyə sövq edir. Bakı ilə tərəfdaşlıq Londona Cənubi Qafqazdakı (CQ) investisiyaları qorumaq, Avropanın enerji təhlükəsizliyini təmin etmək və Mərkəzi Asiyaya çıxış əldə etmək baxımından önəmlidir. Bununla belə Azərbaycan Qazaxıstan neftinin Rusiyanın ərazisindən yan keçməklə Avropaya daşınması üçün alternativ marşrutu özündə ehtiya edir.
 
Fransaya balans
Fransa və Britaniya fərqli regionlarda bir-birini üstələməyə çalışırlar. Müstəqillik əldə etdikdən sonra Britaniya Azərbaycan, Fransa isə Ermənistan ilə yaxın əlaqələr qurdu. Ermənistanın Rusiyanın proksisi olması, Bakının isə müstəqil siyasət aparması Britaniyanın Cənubi Qafqazda Fransanı üstələməsinə gətirdi. Lakin hazırda Fransa Rusiyanın qlobal və regional zəifləməsindən istifadə edib, CQ-nın iki ölkəsində (Ermənistanda və separatçılar vasitəsilə Azərbaycanda) mövqe/nüfuza sahib olmaq istəyir. Hazırda Paris İrəvana 155-mm/52 kaliberli “Trajan” haubitsaları və 50 ədəd ZTR göndərməyi planlaşdırır. Bu ATƏT-in münaqişə tərəflərinə silah-sursatın satılmaması haqqında 1992-ci il qətnaməsinə ziddir. Bu qətnamə səbəbindən Bakı uzun illər Britaniya daxil Qərb ölkələrindən hərbi texnika ala bilmirdi. Lakin hazırda Bakı 1992-ci il qətnaməsinin Fransa tərəfindən pozulmasını əlində rəhbər tutub, Böyük Britaniyadan silah əldə etmək imkanı qazanmış olur. Belə güman etmək olar ki, Fransanın CQ-dakı artan nüfuzunu tarazlamaq üçün Bakı və London bu məsələni də müzakirə etmişlər.
 
Əks-hücumantiterror
2022-ci ilin təcrübəsi göstərir ki, Rusiya-Ukrayna cəbhəsində fəallaşma rəsmi Bakının Ermənistanla və Qarabağda erməni separatçılarla bağlı məsələlərin həllində hərbi-siyasi vasitələrdən istifadə etmə imkanlarını artırır. Bu baxımdan C.Bayramovun səfər çərçivəsində Ukraynanın xarici işlər naziri D.Kuleba (əks-hücum əməliyyatı haqqında məlumat almaq) və C.Kleverli ilə (mümkün antiterror əməliyyatına diplomatik dəstək qazanmaq) görüşləri əks-hücum və antiterror əməliyyatları arasında müəyyən “koordinasiyanın” müəyyənləşdirilməsi baxımından əhəmiyyətli idi.
 
@cssc_cqtm
👍38
Priqojin qiyamının beynəlxalq və regional aspektləri
 
Moskvaya hərbiçilərin yürüşü Priqojin “ədalət marşı”, Putin isə “hərbi qiyam” və “xəyanət”. 15 min hərbçi və mindən artıq hərbi texnika Moskvaya doğru hərəkət etsə də, Lukaşenkonun vasitəçiliyi sayəsində Priqojin yürüşü dayandırmağa və Vaqnerin qalıqları ilə Belorusa getməyə razı oldu.
 
Cavabsız suallar
Priqojinlə Belorusa getmək istəməyən vaqnerçilərin Müdafiə Nazirliyinin tabeçiliyində aqibəti necə olacaqdır? Rostov ilə müqayisədə (1079 km) Belorusdan Moskvaya (600 km) məsafənin daha qısa olduğunu nəzərə alsaq, Priqojinin “ədalət marşının” bir daha baş vermə ehtimalı nə qədərdir? Priqojinin “xain” çıxmasından sonra elitalararası balansın bərpa edilməsi məqsədilə Şoyqu və Gerasimovun vəzifədən getməsi nə dərəcədə mümkündür? Priqojinin tələb və marşından sonra onların vəzifədən mümkün getməsi Putinin reputasiyasına necə təsir göstərəcək? Əgər həqiqətən (ABŞ kəşfiyyatına əsasən) Vaşinqton/Moskva qiyamın baş verəcəyini bir sutka qabaqdan bilirdisə, niyə qabaqlayıcı (və ya dəstəkləyici) tədbirlər görülməmişdir? Niyə Kreml qırıcı təyyarələrlə Moskvaya hərəkət edən kolonları dağıtmadı? Hansı səbəbdən Priqojin uzaq Afrikaya deyil, qonşu Belorusa göndərildi? Niyə Priqojinin teleqram kanalları hələ də bağlanmayıb?
 
Daxili və xarici fəsadlar
Xalq və dövlət aparatının Putinə dəstək səviyyəsi əhalinin Vaqnerə reaksiyası ilə nümayiş olundu. Bir tərəfdən Vaqnerin daxil olduğu ərazilərdə ona ciddi müqavimət göstərilmədi, digər tərəfdən Putinə dəstək ifadə edən rəsmilər (Volodin, Matvienko, Lavrov, patriarx Kiril, Mironov, Kadırov) içərisində Patruşev (TŞ katibi), Bortnikov (FSB) və Narışkin (SVR) yox idi. Qiyam Rusiyanın daxili siyasətinə Lukaşenko faktorunu daxil etdi.Yürüşün özü və onun danışıqlar və qiyamçılara əfv vədi ilə dayandırılması isə Putinin daxili/xarici auditoriya qarşısında nüfuzuna sarsıdıcı zərbə endirdi.

Kremlin çevrilişə cəhd şəraitində geri çəkilməsi Ukrayna və Qərbi Rusiyaya münasibətdə güc yanaşmasının doğru olduğu ideyasında möhkəmləndirdi. M.Podolyaka görə, əgər “hakimiyyət, sözün əsl mənasında, əsas subyektin əlindən, barmaqların arasından qum kimi sürüşürsə və hər kəs hərbi komandanlığa ayağını silirsə”, belə ölkə ilə danışıqlar aparmağa dəyməz. Qiyamdan sonra hazırkı rejimin hakimiyyəti qoruma şansları tam olaraq Ukrayna cəbhəsindəki vəziyyətdən asılı olacaqdır.
 
Cənubi Qafqaz
Rusiyada siyasi sabitliyin aşağı düşməsi, hakimiyyətdə yeni konfiqurasiyalar xarici siyasətdə yeni təşəbbüslərin və onların reallaşma mexanizmlərinin meydana gəlməsini təcəssüm etdirir. Yeni təşəbbüslər təhlükəli və proqnozlaşdırıla bilməyən ola bilər.
Azərbaycan üçün Rusiya ilk növbədə Putin, daha sonra MN, XİN, güc strukturları və sosial-iqtisadi qruplardır. Qarabağdakı sülhməramlı kontingent Cənub Hərbi Dairəyə tabe olduğuna görə Priqojin Rostovu tutanda RSK və Hərbi Dairə arasında əlaqə kəsilmişdi. Putinin zəng etdiyi liderlər içərisində Prezident Əliyev yox idi. Paşinyan isə Putinə yalnız məsələ nizamlanandan sonra zəng etmişdir.
 
Nəticə
Priqojinin qiyamı Rusiyanın idarəetmə sistemində çoxlu nöqsanlar üzə çıxartdı. Bu özünü həm Ukrayna cəbhəsində, həm də növbəti prezident seçkilərində biruzə verəcəkdir. Qiyam Kremlə maksimalist təşəbbüslərdən uzaqlaşıb, real dünyaya qayıtmaq haqqında bir xəbərdarlıq idi. “Vardanyan layihəsi”, Qarabağın rus icması kimi nəticəsiz layihələr Rusiyanın regionda mövqelərini möhkəmləndirmək əvəzinə onun Bakı və İrəvanla münasibətlərinə xələl gətirib, gələcək siyasi mövcudluğunu şübhə altına almış olur.
 
Bu hadisələr fonunda həmçinin xarici işlər nazirləri ABŞ-da növbəti görüş keçirirlər. Görünən odur ki, ABŞ Rusiyadakı cari vəziyyətdən istifadə edib, sülh sazişinin imzalanması üçün tərəflərə təsir/təzyiq göstərəcəkdir. Bakının aydın gündəliyi və təzyiqə tab gətirə biləcək resurs/iradəsi olduğu halda Ermənistanda bunların heç biri yoxdur. Bu isə o deməkdir ki, danışıqlarda həm Bakı, həm də Vaşinqton İrəvandan praktiki addımların atılmasına tələb edəcəklər.
 
@cssc_cqtm
👍29
BMT TŞ-na potensial üzv – Hindistan
 
TŞ II Dünya müharibəsindən sonra formalaşan beynəlxalq nizamı özündə xarakterizə edir. O vaxtdan dünya nizamı iki dəfə (ikiqütblü dünya → birqütblü dünya → birqütblü dünyanın böhranı) transformasiyaya uğrasa da TŞ-nın tərkibi dəyişməz qaldı.
 
Qeyri-adekvat təmsilçilik → qaçılmaz islahatlar
Global firepower indeksinə görə hazırda Hindistan (4-cü) Böyük Britaniyadan (5-ci), Cənubi Koreya, Pakistan və Yaponiya isə (6-8-ci yerlər) Fransadan (9-cu yer) daha güclü dövlət hesab olunur. İqtisadi cəhətdən götürdükdə Almaniyanın iqtisadiyyatı ($4 trln) Fransadan ($2,78 trln.), Yaponiyankı ($4,97 trln.) isə Böyük Britaniyadan ($2,83 trln.) daha böyükdür. Planetdə 8 mlrd. insan olduğu halda 5 daim üzv dünya əhalisinin cəmi ¼ hissəsini təmsil edir. Dünyada 2,38 mlrd xristian, 1,91 mlrd. müsəlman, 1,16 mlrd. hinduist və 507 mln. buddist yaşasa da, TŞ-da bir dənə də olsun müsəlman və ya hinduist ölkə yoxdur.
 
Yeni üzv – Hindistan?
Bayden baş nazir Modi ilə görüş zamanı TŞ-da Hindistana daimi üzv statusunun verilməsini dəstəklədiyini bildirdi. Seçimin məhz Hindistanın üzərinə düşməsi təsadüfi deyil. Buş, Obama administrasiyaları Hindistan ilə yaxın tərəfdaşlıq qurmuş, Tramp administrasiyası isə Hindistanı “azad və açıq Hind-Sakit okean regionu”nun təmini üzrə aparıcı oyunçu kimi qiymətləndirmişdir. ABŞ-ın Hindistanla ticarəti ümumi ticarətinin 2,5%-ni təşkil edir. ABŞ-la ticarət Hindistan üçün daha vacibdir, beləki 17% ixrac və 7% idxalla ABŞ Hindistanın əsas ticarət tərəfdaşıdır. 2008-ci ildən bəri Vaşinqton və Nyu-Dehli $20 mlrd.-dan artıq fərqli hərbi sazişlər imzalayıblar. 2020-ci ildə Hindistan ABŞ-dan $3 mlrd. dəyərində 30 ədəd SkyGuardian və Predator-B dronları aldı. ABŞ Hindistana F-21, Boeing F/A-18, Super Hornet, F-15EX Eagle hərbi təyyarələrini satmaq istəsə də, Nyu-Dehli bu sazişdən hələki çəkinir. Tərəflər arasında hərbi informasiya (GSOMIA) və logistik mübadiləsi (LEMoA), əlaqənin təhlükəsizliyi (COMCASA) və geoməkan əməkdaşlığı (BECA) üzrə müvafiq sazişləri var.
 
Hər şeydən öndə  – geosiyasət
ABŞ bütün əsas dövlət sənədlərində Hind okeanını (və onun üzərindən keçən vacib kommunikasiya xəttlərini) strateji perspektivinə daxil edib. ABŞ Hindistanı Çinin artan nüfuzuna təbii balans və strateji tərəfdaş qismində nəzərdən keçirdir
. Hindistan hərbi şəxsi heyətin sayına görə dünyada ikinci (1,5 mln.), hərbi büdcənin həcminə (54,2 mlrd.) görə isə dünyada dördüncü yerdə qərarlaşır. Hər iki ölkə Avstraliya və Yaponiya ilə birlikdə Çini çəkindirməyə yönələn Quad hərbi dialoqunun üzvləridir. Bu ölkələr içərisində tək Hindistan Çin ilə böyük quru sərhədə malikdir. Hazırda Cənubi Koreya, Vyetnam və Yeni Zelandiyanın üzvlüyü ilə “Quad Plus” formatı haqqında ciddi müzakirələr gedir. Hindistan Komor adaları ilə hərbi, Madaqaskar və  Seyşel adaları ilə sıx iqtisadi, Mavrikiya və Maldiv adaları ilə isə üstəlik  həm iqtisadi, həm də hərbi münasibətlərə malikdir. 2021-ci ildə Hindistan Filippinə “Bramos” raketlərini satmış və İndoneziya ilə hərbi-dəniz qüvvələrinin “koordinasiyalı patrul”unu razılaşdırmışdır. Beləliklə, ABŞ Hindistan sayəsində Çinin artan gücünü tarazlamaq və Nyu-Dehlinin digər ölkələrlə qurduğu sıx tərəfdaşlıq vasitəsilə öz qlobal nüfuzunu artırmaq istəyir.
 
ABŞ ilə sıx əməkdaşlıq Hindistanın da maraqlarına cavab verir. Hindistanın iki əsas rəqibi olan Çin və Pakistanın qarşılıqlı əlaqələri yüksələn xəttlə inkişaf edir. Hindistanın hərbi xərcləri Pakistanın xərclərini 7 dəfə üstələsə də, Çinin hərbi xərclərindən 4 dəfə geri qalır. Hərbi dəniz və hərbi hava qüvvələrində Hindistanın Pakistanla qüvvələr nisbəti 2:1, Çin ilə müqayisədə isə 1:3-dir.
 
Nəticə
Geosiyasi cəhətdən Hindistan nə quru (tellurokratik), nə də dəniz (tallasokratik) dövlətidir. Daxili ayparada yerləşdiyinə görə Hindistan öz geosiyasi orientasiyasını istədiyi kimi seçə və lazım gəldikdə dəyişə bilər. Bu qəbildən ABŞ Hindistana TŞ-da daimi üzvlük verməklə, onu təmamilə dəniz dövlətləri tərəfinə çəkib, tellurokratik Çinə qarşı istifadə etmək istəyir.
 
@cssc_cqtm
👍22👎1