CSSC Baku – Telegram
CSSC Baku
3.07K subscribers
12 photos
2 videos
201 links
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) Azərbaycanda, Bakıda yerləşən, Cənubi Qafqazda və onun qonşuluğunda siyasi və iqtisadi prosesləri tədqiq edən müstəqil qeyri-hökumət təşkilatıdır. Yayımlanan materiallara istinadın verilməsi vacibdir. www.cssc.az
Download Telegram
Rusiyanın siyasi sistemində Vaqner/Priqojin amili
 
Vaqner kimi özəl hərbi şirkətlər Moskvaya xərcləri azaltmaq, sürətli və gözlənilməz hücumlar təşkil etmək, rəsmi hərbi itkilərdən yayınmaq və şəxsi/korporativ zənginləşmək kimi imkanlar bəxş edir.
 
Fərqli baxışlar
Priqojin və Vaqnerə Rusiyanın siyasi/intellektual isteblişmentində birmənalı yanaşma yoxdur. Rusiyada dövlət aparıcı sistem yaradan faktor olub, bütün cəmiyyəti  özü ilə doldurmağa çalışır. Politologiya elminə əsasən, dövlət legitim zorakılıq hüququna malik yeganə institutdur. Bu baxımdan Rusiyanın siyasi sistemində ənənəvi güc strukturları ilə yanaşı Vaqner kimi silahlı qrupların mövcudluğu bir çoxları tərəfindən sistemə yad element kimi nəzərdən keçirilir. Təsadüfi deyil ki, MN, FTX (ФСБ) və XKX (СВР) kimi güc strukturları Vaqneri ləğv etmək, özünə tabe etdirmək və ya ən azından maddi-texniki dəstəyini azaltmaqla imkanlarını tükəndirmək istəyir. Digər qrup Stalinin hərbi elitaya qarşı həyata keçirtdiyi repressiyalara istinad edib, Rusiyada siyasi hakimiyyətin həmişə ordudan ehtiyat etdiyini bildirir. Nüfuzlu/populyar ordu potensial təhlükə kimi nəzərdən keçirilir və əlavə nəzarət/çəkindirmə mexanizmləri tələb edir. Ukraynada hərbi uğursuzluqlar fonunda Kremlin hərbi elitadan narazılığı Vaqnerin ordunu tarazlamaq kimi siyasi əhəmiyyətini artırmış olur.
 
Siyasi ambisiyalar?
Bəzi ekspertlər Priqojin tərəfindən güc strukturlarının açıq və təhqiramiz formada tənqidini, “baba” haqqında ifadəsini, “Vaqner. İkinci cəbhə” adı ilə Ümumrusiya turuna çıxmasını siyasi ambisiyalar kimi təfsir edirlər. Bir vaxtlar Şoyqu Putindən sonra xalq arasında ən yüksək reytinqə sahib şəxs idi. Lakin Levada Mərkəzinin may sorğusuna əsasən, Şoyqu 11% göstərici ilə baş nazir Mişustin (18%) və xarici işlər naziri Lavrovdan (14%) geri qalaraq dördüncü yerdə qərarlaşır. Əksinə, mart ayında ümumiyyətlə xalqın etibar etdiyi şəxslər sırasında olmayan Priqojin apreldə 1%, mayda isə 4% reytinq nümayiş etdirib, bir çox ictimai şəxsləri (Medvedev, Züqanov, Volodin, Sobyanin, Solovyov, Peskov) qabaqlayaraq müdafiə nazirindən sonra beşinci yerdə qərarlaşmışdır. Güc strukturları Priqojinin federal kanallarda təbliğat aparmasına imkan verməsələr də, axırıncının sosial KİV və teleqram kanallardan ibarət öz media imperiyası mövcuddur.
 
Tam nəzarətdə olan layihə
Görünür ki, Priqojin hərbi elita kimi “yeni ac qrupların iştahılarını” cilovlamaq üçün Putin tərəfindən yaradılan və dəstəklənən layihədir. Son aylar Priqojinin reytinqi nəzərəçarpan dərəcədə artsa da, o yenə də Putinin reytinqindən (42%) ən azı 10 dəfə geri qalır. Priqojinin ümumi səfərbərlik, planlı iqtisadiyyat və ölüm cəzasına qayıdış, xarici aləmdən daha çox təcrid olunma kimi təklifləri cəmiyyətin əksəriyyəti tərəfindən dəstəklənmir. Bu baxımdan Priqojin əhalinin yarıdan çoxunu arxasınca apara biləcək oyunçuya çevrilə bilməz. Vaqner MAR və Sudandakı təbii resursların istismarından gəlirə sahib olsa da, güman ki, pul axınlarına prezident administrasiyası şəxsən nəzarət edir. Priqojinin şəxsi media imperiyası olsa da, yekun texniki nəzarət yenə də dövlətdədir: Telegram FSB ilə 2018-ci ildən sıx əməkdaşlıq edir, Roskomnadzor isə istənilən internet KİV-ni bağlamaq imkanına malikdir.
 
Nəticə
Vaqnerin Donbas Veteranları partiyası və Monarxist-anarxist İttifaqı adlı strukturları olsa da qarşıda gələn seçkilərdə Priqojinin namizəd olacağı az ehtimal olunur. Priqojin siyasətçi yox, siyasi fiqurdur. Vaqnerin aydın iyerarxiyasının olmaması və Qərb ölkələri tərəfindən terrorçu/proksi təşkilat kimi nəzərdən keçirilməsi Priqojinin Kremlin əmri ilə fiziki aradan götürülməsi şəraitində beynəlxalq qalmaqala və Vaqnerin Moskvaya hücumuna gətirməyəcək. ABŞ Milli Kəşfiyyat Müdirliyinin “İllik Hədələrin Qiymətləndirilməsi”nin 2023-cü il hesabatına əsasən, Vaqner Ukrayna müharibəsindəki itkilərə rəğmən MAR, Liviya, Mali və Suriyada Rusiyanın nüfuzunu artırmağa davam edəcək. Bunu və Priqojinin Putinə real və hətta potensial təhdid olmadığını nəzərə alsaq, Vaqnerin yaxın aylar/illərdə mövcudluğunu qoruyacağını yüksək ehtimalla proqnoz etmək olar.

@cssc_cqtm
👍17
Çinin Rusiyaya münasibətdə ekspansiya siyasəti
 
Ekspansiya − bir dövlətə məxsus maddi və mənəvi nemətlərin digər dövlət tərəfindən təsir/təzyiq vasitəsilə ələ keçirilməsidir. Ekspansiya ərazi, demoqrafik, hərbi, siyasi, iqtisadi, mədəni və texnoloji formada həyata keçirilə bilər. Müşahidələr göstərir ki, təcridçilik şəraitində Rusiyanın Çindən asılılığı, Çinin Rusiyaya münasibsətdə ekspansionizm siyasəti ilə müşaiyət edilir.
 
Ticarət ekspansiyası
2023-cü ilin yanvar-may aylarında tərəflər arasında ticarət dövriyyəsi 40,7% ($93,8 mlrd.) artmışdır. Çinə ixrac keçən il ilə müqayisədə 20,4% ($50,85 mlrd.), idxal isə 75,6% ($42,95 mlrd.) artmışdır. Qərb ilə ticarətin azalması şəraitində Çin ilə ticarətin artması müsbət yox, mənfi haldır. Əvvəla, Çin həm kəmiyyət, həm də keyfiyyət baxımından Qərbə adekvat alternativ deyil. Müharibəyə qədər Rusiya hər il Aİ ilə ticarətdən €247,8 mlrd. gəlir əldə edirdi. Qərbdən fərqli olaraq Çində Rusiyanın inkişafı üçün önəmli olan ən qabaqcıl texnologiya və irihəcmli kapital yoxdur. Rusiya vətəndaşları ucuz Çin məhsulları almaq və ya paralel idxaldan əldə edilən bahalı Qərb mallarını almaq kimi dilemması qarşısındadırlar. Əhalinin sosial-iqtisadi durumunun azalması insanların getdikcə daha çox Çin məhsullarına üstünlük verəcəyinə gətirəcəkdir. Nümunə kimi: 2020-ci ildə Çin istehsallı maşınlar Rusiya bazarının 4%-ni, 2021-ci ildə 9%-ni, 2022-ci ildə 10%-ni, hazırda isə 36%-ni təşkil edir.
 
Maliyyə ekspansiyası
SWIFT-dən çıxarılan Rusiya, Çinin CİPS ödəniş sisteminə inteqrasiya olunmağa çalışır. CİPS 103 ölkə, 1280 maliyyə institutu və $12,68 trln.-lıq emal sistemini özündə təcəssüm etdirsə də, SWIFT-ə adekvat alternativ deyil. 2022-ci ilin əvvəlində Rusiyanın ixrac ödənişində yuanın payı 0,5% idisə, 2023-cü ilin martında bu göstərici 16%-ə çatmışdır. Hazırda Rusiyanın Milli Rifah Fondunda yalnız yuan (60%) və qızıl (40%) kimi iki ehtiyat valyuta var. Çin qlobal oyunçu, qızıl isə etibarlı aktiv hesab olunsa da, hər iki valyuta dollar-avro ilə müqayisədə aşağı likvidli/dönərli aktiv hesab olunurlar. Dollar dünyanın istənilən ölkəsi ilə ticarət qurmağa imkan verdiyi halda, yuanı ödəniş vasitəsi kimi qəbul etməyə hazır olan ölkə tapmaq asan deyil.

Daha bir çətinlik − digər ölkələrlə ticarəti inkişaf etdirmək üçün lazımı qədər yuan tapmaqdır. Misal üçün, mayın sonunda Saxalin-2 layihəsindən çıxmaq istəyən Shell şirkəti $1,5 mlrd. tapa bilməyib, ölkədə olan yuanların yarısını almağa məcbur oldu. Yuanın həcmini artırmaq üçün Çin ilə ticarəti genişləndirmək və yuanda olan depozitlərin faiz dərəcələrini artırmaq lazımdır. Yuanda olan depozitlər portfeli ilin əvvəli ilə müqayisədə 41% artsa da, fiziki şəxslərin 1%-dən də az hissəsi yuanda depozit açırlar.
 
Mədəni ekspansiya
Qərblə mədəni-humanitar əlaqələrinin kəsilməsi Rusiya vətəndaşlarının xarici təhsil arxasınca Çinə üz tutmasını aktuallaşdırır. Rusiyanın çinşünas ekspertlərinin müşahidələrinə əsasən, ölkənin elita və imkanlı təbəqəsi indidən övladlarına əsas xarici dil kimi çin dilini öyrədirlər. Çin özü də yumşaq gücünü (çin dili, konfutsiçilik fəlsəfəsi, Çin mədəniyyət evləri) yaymaq üçün Rusiyada milyardlarla dollar pul xərcləyir. Bütün bunlar Rusiyaya münasibətdə həyata keçirilən mədəni ekspansiyanın elementləridir.
 
Nəticə
Rusiya xarici ölkələrdə onun maraq və baxış bucağını bölüşən elitaları hakimiyyətə gətirib, onların vasitəsilə ölkənin iqtisadiyyat və hərbisini özünə tabe etdirir. Rusiyadan fərqli olaraq Çinin ekspansiya modeli siyasətdən yox, iqtisadiyyatdan başlayır. Hazırda Çinin Rusiyaya münasibətdə ticarət, maliyyə və mədəni ekspansiyası müşahidə edilir. Çin öz hərbi-sənaye kompleksinə milyardlarla dollar yatırım etdiyinə görə daha Rusiyanın köhnə hərbi texnologiyasına ehtiyac duymur. Belə güman etmək olar ki, Rusiya Çin kimi mühüm silah bazarını itirməmək üçün yaxın vaxtlarda Çinə ən son hərbi texnika/texnologiyasını ötürmək məcburiyyətində qalacaq. Bu isə növbəti mərhələdə artıq hərbi ekspansiyanın başlanmasından xəbər verəcək.
 
@cssc_cqtm
👍22
Hərbi toqquşmalar və siyasi sabotajlar
 
Son vaxtlar danışıqlar prosesində müəyyən durğunluq müşahidə olunur. Bakı İrəvana ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınması əsasında sülh təklif etsə də, Ermənistan beynəlxalq mexanizm çərçivəsində Bakı və Qarabağ erməniləri arasında dialoqda israr edib, Azərbaycanın daxili işlərinə qarışmağa davam edir.
 
Hərbi təxribatların motiv və səbəbləri
Diplomatik durğunluq Ermənistan və separatçı rejimin hərbi təxribatları ilə müşaiyət edilir. Ermənistan Azərbaycanı hazırda Naxçıvanla sərhəddə inşa edilən metallurgiya zavodunu atəşə tutmaqda, iki hind əsilli işçini “yaralamaqda”, ölkəni xarici sərmayələrdən məhrum etməkdə və “Ermənistan ərazisində” dövlət bayrağımızı qaldırmaqda ittiham edir. Ermənistanda 90-cı illərdən Rusiyanın hərbçi/sərhədçiləri, son aylar isə Aİ missiyası olsa da, adı çəkilən subyektlərdən heç bir Ermənistanın Azərbaycana qarşı ittihamlarını təsdiqləmir. Metallurgiya zavodu ABŞ tərəfindən maliyyələşsə də, Vaşinqton Bakını Ermənistanın iqtisadi inkişafına mane olmaqda ittiham etmir, Nyu-Dehli isə Bakıya Hindistan vətəndaşlarını “yaraladığına” görə nota göndərmir.
Həkəri körpüsünün hər iki tərəfi − Google maps daxil − beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan ərazisi kimi tanındığına görə baş verən təxribat 3 əsas məqsədə xidmət edirdi:
 
- Laçın sərhəd nəzarət buraxılış məntəqəsindən kişili, qadınlı, qocalı, uşaqlı çoxsaylı növbələr Qarabağ ermənilərinin “blokadada saxlanılması” haqqında mifi alt-üst edir. Bu mifi qorumaq üçün Ermənistan, yolun ya Azərbaycan tərəfindən bağlanacağına, ya da Qarabağ ermənilərinin təhlükəsizlik səbəblərindən bu yoldan daha istifadə etməyəcəklərinə ümid edərək Laçın NBM-i istiqamətində məqsədyönlü hücum həyata keçirtmişlər.  
- Əhalinin Qarabağdan Ermənistana axın etməsi Paşinyan və onun havadarlarının “beynəlxalq mexanizm” barədə təklifini qeyri-aktual edir. Qarabağı öz xoşu ilə tərk edən hər bir erməni “beynəlxalq mexanizm” adlı ideyanın qəbrinə vurulan bir mismardır.
- Ermənilərin Qarabağı tərk etməsi qondarma “müdafiə ordusunu” da diskreditə edir. Əgər Qarabağda çox az sayda mülki erməni yaşayacaqsa, bu bir tərəfdən qanunsuz silahlıların maddi təminatına, digər tərəfdən isə onların mövcudluğunun hətta ən ermənipərəst qüvvələr tərəfindən əsaslandırılmasına belə problemlər yaradacaqdır.
 
Moskva və Vaşinqtonun əks maraqları
Moskva üçün kommunikasiyaların açılması, Vaşinqton üçün isə sülh sazişi prioritetdir. Bununla belə Moskva sülh sazişinin imzalanmasına, Vaşinqton isə kommunikasiyaların açılması şəraitində Rusiyanın Ermənistan ərazisində əlavə funksiya əldə etməsinə qarşıdır. Bu kontekstdə ABŞ Paşinyanın əli ilə Rusiyanı Ermənistandan sıxışdırmaq, Rusiya isə Araik-Vardanyan və Qarabağın rus icması vasitəsilə sülh sazişini sabotaj etmək istəyir. Danışıqlar prosesinə müsbət impuls vermək üçün L.Bono regiona səfər edib, problemli bəndlər üzrə təkliflər irəli sürdüyü halda, Rusiya ABŞ-ın guya anti-terror əməliyyatı hədəsi altında Qarabağ ermənilərini Bakı ilə üçüncü ölkədə danışıqlara girməyə məcbur etməsi haqqında dezinformasiyalar yayır.
 
Nəticə
Sülh sazişi Rusiyanın 2025-ci ildə Azərbaycandakı, perspektivdə isə Ermənistandakı hərbi mövcudluğuna son qoya bilər. Bununla belə müşahidələr və hesablamalar onu deməyə əsas verir ki, növbəti illər ərzində Moskvanın Bakı və İrəvanla iqtisadi münasibətləri eninə və dərininə inkişaf edəcəkdir. Hazırda Rusiya Gürcüstan ilə problemli, digər iki ölkə ilə isə müttəfiqlik (Ermənistan) və strateji tərəfdaşlıq (Azərbaycan) münasibətlərinə malikdir. Əgər Rusiya, separatçılar və Ermənistandakı proksi qüvvələr vasitəsilə sülh sazişini sabotaj etməyə davam etsə, Ermənistan isə yaxın perspektivdə danışıqlar masası arxasında real konstruktivlik nümayiş etdirməsə Azərbaycan zəruri birtərəfli addımlar atıb, məsələni yerdə həll edəcəkdir. Bu Ermənistanın danışıqlar masası arxasında mövqelərini zəiflədə, Rusiyanın isə yerdə qalan iki ölkə ilə əlaqələrinə hissolunan xələl gətirə bilər.
 
@cssc_cqtm
👍29
Blinkenin Pekin səfəri
 
Blinkenlə danışıqlardan sonra xarici işlər naziri Sin Qanın, Çin və ABŞ arasında münasibətlərin 1979-cu ildə rəsmi diplomatik münasibətlər qurulandan bəri ən aşağı nöqtədə olduğunu bildirməsi, danışıqların Vaşinqtonun gözləntilərinə rəğmən yaxşı keçmədiyini gosterir.
 
Realist prizma → Tayvan
Realizmin ata-banilərindən olunan H.Morgentauya görə diplomatiyanın əsas vəzifələrindən biri − həyati-vacib maraqları düzgün müəyyənləşdirməkdir:
 
- “A” dövləti (ABŞ) “B” dövlətinə (Çinə) qarşı açıq rəqabətə girməmişdən əvvəl, mübahisəli obyektin (Tayvanın) özünün həyati-vacib maraqlarına aid olub-olmadığını müəyyənləşdirməlidir. Əgər obyekt həyati-vacib maraq deyilsə, “B” dövləti ilə müharibə etmək əvəzinə obyektdən imtina etmək daha məntiqidir.
- Əgər obyekt həyati əhəmiyyət kəsb edirsə “A” dövləti, bu obyektin “B” dövləti üçün nə dərəcə həyati əhəmiyyət kəsb etdiyini müəyyənləşdirməlidir. Əgər “B” dövləti üçün də obyekt həyati vacibdirsə, “A” dövləti onu bu obyektdən imtina etməyə inandırmalı, əvəzində isə ona digər sahələrdə imtiyazlar təklif etməlidir.
 
Sin Qan, Tayvanı Çin-ABŞ münasibətləri üçün “ən qabarıq risk”, kommunist partiyasının baş diplomatı Van İ isə Tayvanı Çinin əsas maraqlarının özəyi adlandırıb, Pekinin bu məsələdə geriyə çəkilmə və ya kompromis üçün yer saxlamadığını bildirdi. Digər tərəfdən Tayvan, ABŞ-ın Çinə qarşı tədbiq etdiyi anakonda həlqəsinin əvəzedilməz bəndi və mikroçiplərin əsas istehsalçılarından biridir. Beləliklə, Tayvan həm ABŞ, həm də Çinin həyati-vacib marağıdır.
 
Çin-ABŞ-Rusiya üçbucağı
Blinkeninin ikinci hədəfi Çini Rusiyaya sanksiyalardan yayınmağa kömək etməkdən çəkindirmək idi. Qərb-Rusiya qarşıdurması hər iki tərəfin resurslarını tükəndirib, ABŞ-a Çinə münasibətdə aktiv çəkindirmə/məcburetmə (deterrence/compellence) siyasət aparmasına imkan vermir. Digər tərəfdən Rusiyaya qarşı tədbiq edilən sanksiyalar Rusiyanın Çindən asılılığını artırıb, ABŞ-ı Çinə qarşı hərbi/iqtisadi addımlardan çəkindirir. Hazırda Moskvanın Pekindən asılılığı o səviyəyədir ki, Çinə qarşı həmlə ilk növbədə Rusiya üçün ekzistensial təhlükədir. Bunları nəzərə alıb, səfərdən sonra Çinin Rusiyaya münasibətdə siyasətində ciddi dəyişikliyin olmayacağını ehtimal etmək olar.

Belə şəraitdə ABŞ-ın alternativ yola – Çin iqtisadiyyatını zəiflətməyə üstünlük verəcəyini təxmin etmək olar. Goldman Sachs 2023-cü ildə Çinin real ÜDM artımı ilə bağlı proqnozunu 6%-dən 5,4%-ə, 2024-cü ildə isə 4,6%-dən 4,5%-ə endirib. Beynəlxalq Enerji Agentliyinin rəhbəri F.Birola əsasən, Çin iqtisadiyyatı neft-qaz qiymətlərinə OPEC+dən daha çox təsir göstərir. Hesablamalara görə sutkada 2 mln. barrelə qədər artan neft tələbatının təxminən 60%-i tək Çinin payına düşəcəkdir. Bu isə o deməkdir ki, Çin iqtisadiyyatının zəifləməsi neftə olan tələbatın və beləliklə, Rusiyanın əsas gəlir sahəsi olan neft qiymətlərinin aşağı düşməsinə gətirəcəkdir. Belə ehtimal olunur ki, Çin Xalq Bankı iqtisadi zəifliyi qabaqlamaq üçün uçot faizini aşağı sala bilər. Bu addım iqtisadi artımı əvvəlki vəziyyətə qaytarsa da, Milli Rifah Fondunun 60%-i yuandan ibarət olan Rusiyaya sarsıdıcı zərbə endirəcəkdir.
 
Nəticə
Beləliklə, Blinkenin Pekin səfəri 2 ölkə arasında gərginlik səviyyəsini aşağı salmaq istiqamətində edilən ümidsiz cəhd idi. Morgentauya görə əgər hər 2 tərəf üçün mübahisəli obyekt həyati əhəmiyyət kəsb edirsə, barışmaz mövqeləri maraqlara transformasiya etməklə müharibəni qabaqlamaq mümkündür. Çinin Tayvana münasibətdə əsas marağı − ərazinin müstəqil olmaması və nə vaxtsa ÇXR-nın tərkib hissəsinə daxil olmasıdır. ABŞ-ın əsas marağı − Tayvanın Çin tərəfindən “işğal” edilməməsi, Pekinin anakonda həlqəsini yarmaması və mikroçiplər üzərində qlobal monopoliya qurmamasıdır. Strateji hədəflərinə çatmaq üçün ABŞ bir tərəfdən Tayvan məsələsində vəziyyəti gərginləşdirməməli, digər tərəfdən isə Rusiya və Çin cəbhələrinin vahid bir cəbhədə birləşməsinə şərait yaratmamalıdır. Səfərə qədər Vaşinqton hər iki istiqamət üzrə bağışlanmaz strateji səhvlərə yol verirdi, səfərdən sonra isə davranışın necə olacağını yalnız zaman göstərəcəkdir.

@cssc_cqtm
👍24
C. Bayramovun London səfəri: strateji baxış
 
C. Bayramov Ukrayna Bərpa Konfransında iştirak etmək məqsədilə Britaniyada səfərdədir. Səfər ölkələr arasındakı strateji dialoqa töhfə vermək və əhəmiyyət kəsb edən məsələlər üzrə vahid yanaşmanı formalaşdırmaq baxımından önəmlidir.
 
Strateji tərəfdaşlıq ya müttəfiqlik?
Azərbaycanın Britaniya ilə münasibətləri Türkiyə və İsrail ilə əlaqələr səviyyəsində olmasa da, Azərbaycanın  strateji tərəfdaş olduğu Aİ-nin 9 üzvü ilə malik olduğu əlaqələrdən daha sıx və dərindir. Bu baxımdan, Azərbaycan-Britaniya əlaqələri strateji tərəfdaşlıqla strateji müttəfiqlik arasında bir orta mövqe tutur. C.Bayramovun London səfəri münasibətlərin müttəfiqliyə tərəf irəliləməsinə xidmət edirdi. Britaniyanın qüvvədə olan Milli Təhlükəsizlik Strategiyasına (MTS) əsasən, xarici siyasətin 4 (yeni dünya düzəninin formalaşdırılması, Avroatlantik təhlükəsizlik, Hind-Sakit okeanda mövqelərin güclənməsi və müasir transmilli hədələrə qarşı mübarizə) əsas istiqaməti vardır. Biri (Hind-Sakit okean) istisna olmaqla digər 3 istiqamət üzrə effektivlik Bakı ilə əməkdaşlığın nə qədər sıx olmasından birbaşa/dolayısı asılıdır.
 
Vahid təhdid - Rusiya
Britaniyanın 2015-ci il MTS-i Rusiyanı beynəlxalq əməkdaşlıq standartlarını pozan, Kalininqrad və Krımda nüvə silahı yerləşdirmək istəyən, cənubi Avropa və Baltik dənizində artan risk və təhlükə mənbəyi olan qüvvə kimi nəzərdən keçirdir. Cari MTS Rusiyanı İran və Şimali Koreya ilə bərabər, təhlükəsizliyə əsas hədə və beynəlxalq nizamın zəifləməsinin əsas səbəbkarı kimi dəyərləndirir. Sənəddə Çinin adı Rusiyadan 2 dəfə daha çox (27:14) hallansa da, Rusiyaya münasibətdə ritorika (“təhlükəsizliyə kəskin hədə”), Çinə münasibətdə istifadə edilən ifadələrdən (“rəqib”, “çağırış”, “risk”) daha sərtdir. Sirr deyil ki, Rusiyanın Cənubi Qafqazdakı ənənəvi destruktiv siyasəti özünü hazırda daha qabarıq formada biruzə verir. Rusiya timsalında vahid hədə Bakı və Londonu daha sıx əməkdaşlıq etməyə sövq edir. Bakı ilə tərəfdaşlıq Londona Cənubi Qafqazdakı (CQ) investisiyaları qorumaq, Avropanın enerji təhlükəsizliyini təmin etmək və Mərkəzi Asiyaya çıxış əldə etmək baxımından önəmlidir. Bununla belə Azərbaycan Qazaxıstan neftinin Rusiyanın ərazisindən yan keçməklə Avropaya daşınması üçün alternativ marşrutu özündə ehtiya edir.
 
Fransaya balans
Fransa və Britaniya fərqli regionlarda bir-birini üstələməyə çalışırlar. Müstəqillik əldə etdikdən sonra Britaniya Azərbaycan, Fransa isə Ermənistan ilə yaxın əlaqələr qurdu. Ermənistanın Rusiyanın proksisi olması, Bakının isə müstəqil siyasət aparması Britaniyanın Cənubi Qafqazda Fransanı üstələməsinə gətirdi. Lakin hazırda Fransa Rusiyanın qlobal və regional zəifləməsindən istifadə edib, CQ-nın iki ölkəsində (Ermənistanda və separatçılar vasitəsilə Azərbaycanda) mövqe/nüfuza sahib olmaq istəyir. Hazırda Paris İrəvana 155-mm/52 kaliberli “Trajan” haubitsaları və 50 ədəd ZTR göndərməyi planlaşdırır. Bu ATƏT-in münaqişə tərəflərinə silah-sursatın satılmaması haqqında 1992-ci il qətnaməsinə ziddir. Bu qətnamə səbəbindən Bakı uzun illər Britaniya daxil Qərb ölkələrindən hərbi texnika ala bilmirdi. Lakin hazırda Bakı 1992-ci il qətnaməsinin Fransa tərəfindən pozulmasını əlində rəhbər tutub, Böyük Britaniyadan silah əldə etmək imkanı qazanmış olur. Belə güman etmək olar ki, Fransanın CQ-dakı artan nüfuzunu tarazlamaq üçün Bakı və London bu məsələni də müzakirə etmişlər.
 
Əks-hücumantiterror
2022-ci ilin təcrübəsi göstərir ki, Rusiya-Ukrayna cəbhəsində fəallaşma rəsmi Bakının Ermənistanla və Qarabağda erməni separatçılarla bağlı məsələlərin həllində hərbi-siyasi vasitələrdən istifadə etmə imkanlarını artırır. Bu baxımdan C.Bayramovun səfər çərçivəsində Ukraynanın xarici işlər naziri D.Kuleba (əks-hücum əməliyyatı haqqında məlumat almaq) və C.Kleverli ilə (mümkün antiterror əməliyyatına diplomatik dəstək qazanmaq) görüşləri əks-hücum və antiterror əməliyyatları arasında müəyyən “koordinasiyanın” müəyyənləşdirilməsi baxımından əhəmiyyətli idi.
 
@cssc_cqtm
👍38
Priqojin qiyamının beynəlxalq və regional aspektləri
 
Moskvaya hərbiçilərin yürüşü Priqojin “ədalət marşı”, Putin isə “hərbi qiyam” və “xəyanət”. 15 min hərbçi və mindən artıq hərbi texnika Moskvaya doğru hərəkət etsə də, Lukaşenkonun vasitəçiliyi sayəsində Priqojin yürüşü dayandırmağa və Vaqnerin qalıqları ilə Belorusa getməyə razı oldu.
 
Cavabsız suallar
Priqojinlə Belorusa getmək istəməyən vaqnerçilərin Müdafiə Nazirliyinin tabeçiliyində aqibəti necə olacaqdır? Rostov ilə müqayisədə (1079 km) Belorusdan Moskvaya (600 km) məsafənin daha qısa olduğunu nəzərə alsaq, Priqojinin “ədalət marşının” bir daha baş vermə ehtimalı nə qədərdir? Priqojinin “xain” çıxmasından sonra elitalararası balansın bərpa edilməsi məqsədilə Şoyqu və Gerasimovun vəzifədən getməsi nə dərəcədə mümkündür? Priqojinin tələb və marşından sonra onların vəzifədən mümkün getməsi Putinin reputasiyasına necə təsir göstərəcək? Əgər həqiqətən (ABŞ kəşfiyyatına əsasən) Vaşinqton/Moskva qiyamın baş verəcəyini bir sutka qabaqdan bilirdisə, niyə qabaqlayıcı (və ya dəstəkləyici) tədbirlər görülməmişdir? Niyə Kreml qırıcı təyyarələrlə Moskvaya hərəkət edən kolonları dağıtmadı? Hansı səbəbdən Priqojin uzaq Afrikaya deyil, qonşu Belorusa göndərildi? Niyə Priqojinin teleqram kanalları hələ də bağlanmayıb?
 
Daxili və xarici fəsadlar
Xalq və dövlət aparatının Putinə dəstək səviyyəsi əhalinin Vaqnerə reaksiyası ilə nümayiş olundu. Bir tərəfdən Vaqnerin daxil olduğu ərazilərdə ona ciddi müqavimət göstərilmədi, digər tərəfdən Putinə dəstək ifadə edən rəsmilər (Volodin, Matvienko, Lavrov, patriarx Kiril, Mironov, Kadırov) içərisində Patruşev (TŞ katibi), Bortnikov (FSB) və Narışkin (SVR) yox idi. Qiyam Rusiyanın daxili siyasətinə Lukaşenko faktorunu daxil etdi.Yürüşün özü və onun danışıqlar və qiyamçılara əfv vədi ilə dayandırılması isə Putinin daxili/xarici auditoriya qarşısında nüfuzuna sarsıdıcı zərbə endirdi.

Kremlin çevrilişə cəhd şəraitində geri çəkilməsi Ukrayna və Qərbi Rusiyaya münasibətdə güc yanaşmasının doğru olduğu ideyasında möhkəmləndirdi. M.Podolyaka görə, əgər “hakimiyyət, sözün əsl mənasında, əsas subyektin əlindən, barmaqların arasından qum kimi sürüşürsə və hər kəs hərbi komandanlığa ayağını silirsə”, belə ölkə ilə danışıqlar aparmağa dəyməz. Qiyamdan sonra hazırkı rejimin hakimiyyəti qoruma şansları tam olaraq Ukrayna cəbhəsindəki vəziyyətdən asılı olacaqdır.
 
Cənubi Qafqaz
Rusiyada siyasi sabitliyin aşağı düşməsi, hakimiyyətdə yeni konfiqurasiyalar xarici siyasətdə yeni təşəbbüslərin və onların reallaşma mexanizmlərinin meydana gəlməsini təcəssüm etdirir. Yeni təşəbbüslər təhlükəli və proqnozlaşdırıla bilməyən ola bilər.
Azərbaycan üçün Rusiya ilk növbədə Putin, daha sonra MN, XİN, güc strukturları və sosial-iqtisadi qruplardır. Qarabağdakı sülhməramlı kontingent Cənub Hərbi Dairəyə tabe olduğuna görə Priqojin Rostovu tutanda RSK və Hərbi Dairə arasında əlaqə kəsilmişdi. Putinin zəng etdiyi liderlər içərisində Prezident Əliyev yox idi. Paşinyan isə Putinə yalnız məsələ nizamlanandan sonra zəng etmişdir.
 
Nəticə
Priqojinin qiyamı Rusiyanın idarəetmə sistemində çoxlu nöqsanlar üzə çıxartdı. Bu özünü həm Ukrayna cəbhəsində, həm də növbəti prezident seçkilərində biruzə verəcəkdir. Qiyam Kremlə maksimalist təşəbbüslərdən uzaqlaşıb, real dünyaya qayıtmaq haqqında bir xəbərdarlıq idi. “Vardanyan layihəsi”, Qarabağın rus icması kimi nəticəsiz layihələr Rusiyanın regionda mövqelərini möhkəmləndirmək əvəzinə onun Bakı və İrəvanla münasibətlərinə xələl gətirib, gələcək siyasi mövcudluğunu şübhə altına almış olur.
 
Bu hadisələr fonunda həmçinin xarici işlər nazirləri ABŞ-da növbəti görüş keçirirlər. Görünən odur ki, ABŞ Rusiyadakı cari vəziyyətdən istifadə edib, sülh sazişinin imzalanması üçün tərəflərə təsir/təzyiq göstərəcəkdir. Bakının aydın gündəliyi və təzyiqə tab gətirə biləcək resurs/iradəsi olduğu halda Ermənistanda bunların heç biri yoxdur. Bu isə o deməkdir ki, danışıqlarda həm Bakı, həm də Vaşinqton İrəvandan praktiki addımların atılmasına tələb edəcəklər.
 
@cssc_cqtm
👍29
BMT TŞ-na potensial üzv – Hindistan
 
TŞ II Dünya müharibəsindən sonra formalaşan beynəlxalq nizamı özündə xarakterizə edir. O vaxtdan dünya nizamı iki dəfə (ikiqütblü dünya → birqütblü dünya → birqütblü dünyanın böhranı) transformasiyaya uğrasa da TŞ-nın tərkibi dəyişməz qaldı.
 
Qeyri-adekvat təmsilçilik → qaçılmaz islahatlar
Global firepower indeksinə görə hazırda Hindistan (4-cü) Böyük Britaniyadan (5-ci), Cənubi Koreya, Pakistan və Yaponiya isə (6-8-ci yerlər) Fransadan (9-cu yer) daha güclü dövlət hesab olunur. İqtisadi cəhətdən götürdükdə Almaniyanın iqtisadiyyatı ($4 trln) Fransadan ($2,78 trln.), Yaponiyankı ($4,97 trln.) isə Böyük Britaniyadan ($2,83 trln.) daha böyükdür. Planetdə 8 mlrd. insan olduğu halda 5 daim üzv dünya əhalisinin cəmi ¼ hissəsini təmsil edir. Dünyada 2,38 mlrd xristian, 1,91 mlrd. müsəlman, 1,16 mlrd. hinduist və 507 mln. buddist yaşasa da, TŞ-da bir dənə də olsun müsəlman və ya hinduist ölkə yoxdur.
 
Yeni üzv – Hindistan?
Bayden baş nazir Modi ilə görüş zamanı TŞ-da Hindistana daimi üzv statusunun verilməsini dəstəklədiyini bildirdi. Seçimin məhz Hindistanın üzərinə düşməsi təsadüfi deyil. Buş, Obama administrasiyaları Hindistan ilə yaxın tərəfdaşlıq qurmuş, Tramp administrasiyası isə Hindistanı “azad və açıq Hind-Sakit okean regionu”nun təmini üzrə aparıcı oyunçu kimi qiymətləndirmişdir. ABŞ-ın Hindistanla ticarəti ümumi ticarətinin 2,5%-ni təşkil edir. ABŞ-la ticarət Hindistan üçün daha vacibdir, beləki 17% ixrac və 7% idxalla ABŞ Hindistanın əsas ticarət tərəfdaşıdır. 2008-ci ildən bəri Vaşinqton və Nyu-Dehli $20 mlrd.-dan artıq fərqli hərbi sazişlər imzalayıblar. 2020-ci ildə Hindistan ABŞ-dan $3 mlrd. dəyərində 30 ədəd SkyGuardian və Predator-B dronları aldı. ABŞ Hindistana F-21, Boeing F/A-18, Super Hornet, F-15EX Eagle hərbi təyyarələrini satmaq istəsə də, Nyu-Dehli bu sazişdən hələki çəkinir. Tərəflər arasında hərbi informasiya (GSOMIA) və logistik mübadiləsi (LEMoA), əlaqənin təhlükəsizliyi (COMCASA) və geoməkan əməkdaşlığı (BECA) üzrə müvafiq sazişləri var.
 
Hər şeydən öndə  – geosiyasət
ABŞ bütün əsas dövlət sənədlərində Hind okeanını (və onun üzərindən keçən vacib kommunikasiya xəttlərini) strateji perspektivinə daxil edib. ABŞ Hindistanı Çinin artan nüfuzuna təbii balans və strateji tərəfdaş qismində nəzərdən keçirdir
. Hindistan hərbi şəxsi heyətin sayına görə dünyada ikinci (1,5 mln.), hərbi büdcənin həcminə (54,2 mlrd.) görə isə dünyada dördüncü yerdə qərarlaşır. Hər iki ölkə Avstraliya və Yaponiya ilə birlikdə Çini çəkindirməyə yönələn Quad hərbi dialoqunun üzvləridir. Bu ölkələr içərisində tək Hindistan Çin ilə böyük quru sərhədə malikdir. Hazırda Cənubi Koreya, Vyetnam və Yeni Zelandiyanın üzvlüyü ilə “Quad Plus” formatı haqqında ciddi müzakirələr gedir. Hindistan Komor adaları ilə hərbi, Madaqaskar və  Seyşel adaları ilə sıx iqtisadi, Mavrikiya və Maldiv adaları ilə isə üstəlik  həm iqtisadi, həm də hərbi münasibətlərə malikdir. 2021-ci ildə Hindistan Filippinə “Bramos” raketlərini satmış və İndoneziya ilə hərbi-dəniz qüvvələrinin “koordinasiyalı patrul”unu razılaşdırmışdır. Beləliklə, ABŞ Hindistan sayəsində Çinin artan gücünü tarazlamaq və Nyu-Dehlinin digər ölkələrlə qurduğu sıx tərəfdaşlıq vasitəsilə öz qlobal nüfuzunu artırmaq istəyir.
 
ABŞ ilə sıx əməkdaşlıq Hindistanın da maraqlarına cavab verir. Hindistanın iki əsas rəqibi olan Çin və Pakistanın qarşılıqlı əlaqələri yüksələn xəttlə inkişaf edir. Hindistanın hərbi xərcləri Pakistanın xərclərini 7 dəfə üstələsə də, Çinin hərbi xərclərindən 4 dəfə geri qalır. Hərbi dəniz və hərbi hava qüvvələrində Hindistanın Pakistanla qüvvələr nisbəti 2:1, Çin ilə müqayisədə isə 1:3-dir.
 
Nəticə
Geosiyasi cəhətdən Hindistan nə quru (tellurokratik), nə də dəniz (tallasokratik) dövlətidir. Daxili ayparada yerləşdiyinə görə Hindistan öz geosiyasi orientasiyasını istədiyi kimi seçə və lazım gəldikdə dəyişə bilər. Bu qəbildən ABŞ Hindistana TŞ-da daimi üzvlük verməklə, onu təmamilə dəniz dövlətləri tərəfinə çəkib, tellurokratik Çinə qarşı istifadə etmək istəyir.
 
@cssc_cqtm
👍22👎1
Bakı-Astana: müttəfiqlik üçün şərait yetişibmi?
 
Son beynəlxalq proseslər Bakı və Astananı strateji müttəfiqliyə doğru birgə addımlamağa sövq edir. Dövlətlər iqtisadiyyatdan tutmuş hərbiyə qədər fərqli sahələrdə sıx tərəfdaşlıq həyata keçirdirlər.
 
Yeni impuls – Priqojin qiyamı
Priqojin qiyamı Qazaxıstanda Təhlükəsizlik Şurasının növbədənkənar iclasının keçirilməsi ilə müşaiyət olundu. Aİİ/KTMT kimi təşkilatlarda birgə iştirak, Rusiya ilə ən uzun quru sərhəd, şimal ərazilərdə etnik rusların, ölkə üzrə isə relokantların çoxluğu və qarşı tərəfdən vaxtaşırı gələn ərazi iddiaları Qazaxıstanı Rusiyada baş verən proseslərə xüsusi həssaslıqla yanaşmağa məcbur edir. Eyni ilə Azərbaycan da Rusiya ilə ticarət əlaqələrini, Rusiyanın ən problemli hissəsi sayılan şimali Qafqazla ümumi sərhədi, Qarabağdakı kontingenti, Ermənistanla müttəfiqliyini, Moskvanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında maraqlı olmamasını nəzərə alaraq ölkədaxilində/xaricində lazımı tədbirlər gördü.
 
Qanunauyğun davranış
Hadisələr fonunda Bakı və Astananın xarici siyasətində təhlükəsizlik və Rusiyadan asılılığın azaldılması kimi iki mühüm vəzifə daha da aktuallaşdı və tərəflər arasında strateji əməkdaşlığı zərurət səviyyəsinə qaldırdı.
Təsadüfi deyil ki, Ukraynanın əks-hücumu və Rusiyada elitalararası rəqabətin təhlükəli həddə yaxınlaşması ərəfəsində Bakıda SOCAR və “QazMunayQaz” şirkəti arasında strateji əməkdaşlıq haqqında memorandum imzalandı. Xatırladaq ki, ötən il Moskva ərazisi boyunca Aİ-na gedən Qazaxıstan neftinə maneələr yaratdıqdan sonra Astana Bakı ilə ildə 1,5 mln. ton neftin daşınması haqqında 5 illik saziş imzaladı. Daşınan neftin həcmi Qazaxıstanın lazımı sayda tankerlərinin olmaması və Aktau/Sənqəçal terminallarının tələb olunan modernizasiyaya malik olmaması ilə şərtlənirdi. Görünən odur ki, tərəflər bütün bunları nəzərə alaraq il ərzində modernizasiya səviyyəsini qaldırmışlar.
Paralel olaraq “AzerTelecom” və “Qazaxtelecom” şirkətləri 2024-cü ilin sonuna Xəzər dənizinin dibi boyunca fiber optik rabitə xəttinin çəkilməsi üzrə razılığa gəliblər. Bu layihə Avropa və Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasına istiqamətlənən “Rəqəmsal İpək Yolunun” tərkib hissəsidir.
 
İki dövlət – vahid aktor

Hesablamalara görə Qazaxıstan Aİ-nin 8% neft tələbatını və 20% uran tələbatını təmin edir. 2021-ci ildə Azərbaycan Aİ-nin 2%-dən çox qaz tələbatını təmin edirdi. Rusiya-Ukrayna müharibəsindən sonra Brüssellə imzalanan saziş sayəsində bu göstəricini daha da artmışdır. Bununla belə Bakı və Astana yaxşı başa düşürlər ki, ayrı-ayrılıqda yox, məhz bir yerdə əvəzedilməz aktor ola bilərlər – yarımçıq körpü heç kimə lazım deyil. Beləliklə, geosiyasi zərurət və strateji düşüncənin sintezi Azərbaycan və Qazaxıstanı qarşılıqlı sürətdə inteqrasiyaya sövq edir.
Tərəflər dünyada yaşıl enerjiyə formalaşan tələbatı düzgün qiymətləndirib, bu sahədə əməkdaşlığı artırırlar. Xəzərin Azərbaycan sektorunda 157 qiqavatlıq enerji imkanı vardır. Bu yaxınlarda isə Fransanın TotalEnergies şirkəti Qazaxıstanda 1 qiqavattlıq külək elektrostansiyasına yatırım edəcəyini bəyan etdi. Şirkətə əsasən, bu qış mülayim keçsə də, növbəti qış sərt keçə bilər. Digər tərəfdən ucuz Rusiya qazından imtina alternativ (Xəzər hövzəsinin külək-günəş) enerji mənbələrinin və onların təhlükəsiz marşrutlarla (TransXəzər) Avropaya çatdırılmasının əhəmiyyətini artırır.
 
Yaxın perspektiv
Avropa İnkişaf və Bərpa Bankının proqnozlarına görə 2023-cü ildə Mərkəzi Asiyanın iqtisadiyyatı 5% artım, Rusiyanın iqtisadiyyatı isə 1,5% geriləmə nümayiş etdirəcək. BVF-nin hesablamalarına əsasən, Azərbaycanın 2023-cü ildə real ÜDM-si 3% artım nümayiş etdirəcək. Müharibə Rusiyadan çoxlu sayda fiziki və hüquqi şəxslərin və böyük həcmli kapitalın Qazaxıstana köç etməsinə səbəb oldu. Keçən il ilə müqayisədə Qazaxıstanda Rusiya kapitalı ilə işləyən şirkətlərin sayı iki dəfə çoxalıb, 15,500-ə çatdı. Bütün bunlar Qazaxıstanda ümumi rifahı artırmaqla bərabər Azərbaycanla planlaşdırılan layihələrin maliyyələşdirilməsinə müsbət töhfə verəcəkdir.
 
@cssc_cqtm
👍38👎1
Vaşinqton görüşü: barışmaz mövqelər və konstruktiv/destruktiv təsirlər
 
ABŞ-ın təşkilatçılığı və iştirakı ilə xarici işlər nazirləri arasında danışıqlar konkret nəticə vermədi. Danışıqlar barışmaz mövqelər və konstruktiv/destruktiv təsirlərlə müşaiyət olunurdu.
 
Barışmaz mövqelər
Ermənistan delimitasiyanın 1975-ci il xəritəsinə uyğun aparılması, qoşunların təmas xəttindən çəkilməsi, “Qarabağın erməni əhalisinin hüquqlarının müdafiəsi üzrə beynəlxalq mexanizmin” və sülh sazişinin təmin edilməsi üzrə beynəlxalq qarant institutunun bərqərar edilməsi mövqeyindədir. Bakı isə xarici işlər naziri C.Bayramovun timsalında İrəvandan qanunsuz silahlılar, daxili işlərə qarışmama, Qarabağ erməniləri ilə dialoqa mane olmama və beynəlxalq institutlarda Azərbaycana qarşı qarayaxma kampaniyasından əl çəkmə kimi 4 mühüm məsələdə konstruktiv siyasi iradənin təzahürünü gözləyir. Müşahidə etdiyimiz kimi danışıqların konstruktiv notda davam etməsinə mane olan əsas problem – Ermənistanın fərqli yollarla ölkəmizə qarşı davam edən ərazi iddiaları və separatizm siyasətidir. Lakin Prezident İlham Əliyev bildirdiyi kimi hələki Ermənistan Azərbaycanın 86,6 min km2 çərçivəsində ərazi bütövlüyünə qarşı iddialarından əl çəkməyəcək, 29,8 min km2 çərçivəsində ərazisində özünü rahat hiss etməyəcək.
 
Konstruktiv təsir – ABŞ
Blinken və Sallivanın yaxın iştirakı ilə təşkil olunan danışıqlar ABŞ-ın yüksək diplomatik aktivliyindən və konstruktiv rolundan xəbər verir. Bu aktivlik/konstruktivlik öz başlanğıcını ABŞ-ın beynəlxalq və regional maraqlarının kəsişdiyi nöqtədən götürür: şimalda Avropanın, cənubda isə Orta Şərqin təhlükəsizlik sistemini yeniltməyə çalışan dövlətlərlə qonşuluq, Rusiya və İranın qlobal/regional nüfuzunun azaldılma zərurəti, Mərkəzi Asiyaya yeganə təhlükəsizlik çıxış yolu, regionun Aİ-nin enerji təhlükəsizliyindəki rolu və NATO üzvü Türkiyənin Bakı ilə hərbi-siyasi ittifaqı ABŞ-ın Cənubi Qafqazda sülhün bərqərar olmasında marağını şərtləndirir. Bu məqsədlə ABŞ bir sıra destruktiv elementlərin təsir gücünü məhdudlaşdırmışdır. Danışıqların davam etdiyi müddətdə ABŞ-ın sanksiyaların koordinasiyası üzrə idarə rəhbəri  C. O’Brayen N.Paşinyanla görüşmüş, erməni hərbçilərinin zərərsizləşdirilməsinə isə ən ermənipərəst ABŞ senatoru R.Menendez “dərin kədər” ifadəsi ilə münasibət bildirmişdir.
 
Destruktiv təsir – Rusiya/Fransa
Moskva və Paris sülh sazişinin imzalanmasında maraqlı deyil. Nazirlərin may görüşü zamanı Rusiya təmir adı ilə Ermənistana qaz axınını dayandırmış, Metsamor AES-ni 75 günlük təmirə bağlamış və Ermənistanın Rusiyaya ixrac olunan kənd təsərrüfatı mallarına fərqli məhdudiyyətlər tədbiq etmişdir. Lakin bu dəfə Priqojin qiyamı və Ukraynanın əks-hücum əməliyyatı ilə əlaqədar bu təsir/təzyiqlər müşahidə edilməmişdir. Əvəzində Rusiyanın təsiri ilə təmas xəttində təxribat həyata keçirilmişdir.

Makron son çıxışlarında guya prezident İ.Əliyevə təzyiq göstərdiyini, “Qarabağ məsələsi ilə bağlı aydın mövqeyi və mesajı olan yeganə şəxs olduğunu” və Ermənistana hərbi attaşe təyin etdiyini bildirdi. Ölkə daxilində reytinqləri 20-30% civarında olan, təkcə öz rəqibləri deyil, hətta müttəfiq (ABŞ, İngiltərə, Almaniya və s.) və keçmiş müstəmləkələri (Əlcəzair, Mali, MAR, Tunis və s.) tərəfindən ciddiyə alınmayan şəxsin çıxışında təkcə bir hissə diqqətəlayiqdir: Makron çıxında “bu gündəmlə beynəlxalq ailədə demək olar ki, tək” olduğunu deyib, Fransanın maksimalist yanaşmasının ABŞ/Aİ və hətta Ermənistan tərəfindən dəstəklənmədiyini etiraf etdi.
 
Nəticə
Tərəflər Vaşinqtonda bəzi məsələlər üzrə irəliyişin əldə edildiyini bildirsələr də, görünən odur ki, əsas məsələ − Qarabağ üzrə ortaq fikrə gələ bilməyiblər. Hadisələrin inkişafı onu göstərir ki, Bakı, danışıqların əsas maneəni aradan qaldırmaq məqsədilə, hərbi əməliyyatın keçirilməsi labüddür.
Görüş zamanı zərərsizləşdirilən 5 hərbçidən ən azı ikisinin Ermənistan vətəndaşı olması İrəvanın “Müdafiə ordusu” ilə bağlı narrativlərini (bir daha) dağıdıb, Bakıya antiterror əməliyyatı keçirtməyə əlavə əsas verir.
 
@cssc_cqtm
👍31👎1
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) Direktoru Fərhad Məmmədov İCTİMAİ TV-nin Diqqət Mərkəzi verilişində "Qisas 3 əməliyyatı olacaq?" mövzusu ətrafında öz fikirlərini bölüşüb və qeyd edib ki, Ermənistan iyulun sonunadək qərar verməlidir.

Daha ətraflı: https://youtu.be/7bg6s-oq608
👍12👎1
Priqojin qiyamının beynəlxalq təsirləri
 
Priqojinin qiyamından sonra dünya bazarlarında taxılın qiyməti 3,2%, qızılın qiyməti 0,6% artım nümayiş etdirdi. Paralel olaraq Avropanın ən böyük müdafiə şirkəti olan BAE Systems 3%, “Leonardo” (İtaliya), “Saab” (İsveç), “Rheinmetall” (Almaniya) 5%, “Dassault Aviation” və “Thales” (Fransa) 2,3% və 1,6%, “Lockheed Martin” и “General Dynamics” (ABŞ) şirkətləri isə 1% dəyərini itirdilər. İndekslər sonradan yerinə qayıtsa da, Vaqner nümunəsi Rusiyada siyasi proseslərin necə dünya siyasəti/iqtisadiyyatına təsir edə biləcəyini nümayiş etdirdi.
 
Daxili tendensiyalar
Levada mərkəzinə əsasən, qiyamdan sonra Priqojinin xalq arasında reytinqi 58%-dən 29%-ə, Şoyqunun isə 60%-dən 48%-ə endi. Mərkəz Putinin reytinqində geriləmə müşahidə etməsə də (79-82%), bəzi mənbələrə əsasən, qiyam Putinə etibarı 9-14% aşağı saldı. Priqojinin mümkün tərəfdarları qismində general Surovikin və Mizintsevin, general Dyüminin, general Makarovun dövründə karyera etmiş əksər orta rütbəli zabitlərin, Rosqvardiya rəhbəri general Zolotovun və S.Mironovun adları çəkilir. Güman etmək olar ki, Patruşev-Bortnikov-Şoyqunun təmsil etdiyi elita yaranmış vəziyyətdən istifadə edib, daxildəki rəqibləri ilə ciddi mübarizə aparacaqdır. Prezidentin elitalar arasında arbitr rolununun zəifləməsi elitalararası mübarizənin amansızlığına, Rusiyanın beynəlxalq nüfuzunun isə zəifləməsinə gətirəcəkdir.

Vaqnerin gələcəyi
Kreml seçim qarşısındadır: (MAR, Mali, Liviya, Madaqaskar, Konqo, Suriyada) beynəlxalq nüfuzun zəifləməsi ilə barışıb, Vaqneri təmamilə ləğv etmək və ya Vaqnerin bu və ya digər formada saxlayıb, daxili narazılıq və gərginliklə qarşılaşmaq. Vaqnerin müdafiə nazirliyinə tabe etdirilməsi problemi yalnız qismən həll edir. Beləki Vaqner hərbi şirkət olmaqla yanaşı çirkli pulların yuyulması, xarici ölkələrdə təbii sərvətlərin mənimsənilməsi ilə məşğul olub, İnstagram və TikToka yerli alternativ kimi nəzərdən keçirilən “ЯRUS” layihəsinin özəyini təşkil edirdi.
 
Müttəfiq-tərəfdaşlar
İran birmənalı olaraq Putini dəstəklədi. Qiyamın dövlət çevrilişi ilə yekunlaşması perspektivdə İranda da analoji vəziyyət yarada və Moskva ilə planlaşdırılan siyasi-iqtisadi layihələri qeyri-müəyyən edə bilərdi. Digər tərəfdən Vaqner və Sepah bir çox regionlarda rəqibdilər və Vaqnerin istənilən uğursuzluğu İran tərəfindən müsbət bir hal kimi qarşılanır. Eyni səbəblər (əməkdaşlıq və Liviyada Vaqner ilə rəqabət) Türkiyənin də bu məsələdə Putinə dəstək çıxmasını şərtləndirdi.
Dövlət çevrilişinə cəhd yaxın/orta perspektivdə Rusiyanın ya daha da imperalist olmasına, ya da parçalanmasına gətirə bilər. İki variantdan hansı gerçəkləşsə də bundan udan əsas tərəf Çin olacaqdır. Rusiyanın daha da imperalist olması Qərb ilə rəqabətin davam etdirilməsinə və diqqətin Hind-Sakit okeanından Avropa regionuna çəkilməsinə gətirəcəkdir. Rusiyanın parçalanması isə Çindən iqtisadi cəhətdən asılı Primorye, Xabarovsk, Zabaykale və s. bu kimi ərazilərin Çinin tam nəzarəti altına keçməsinə gətirəcəkdir.
 
Qərb prizması
ABŞ, Avropa və Yaponiya rəsmiləri qiyamı Putin hakimiyyətinin zəifliyi kimi nəzərdən keçirir. Bu Qərbi Ukraynaya daha aktiv dəstək olmağa sövq edib, müharibənin danışıqlarla yekunlaşmasını az perspektivli edir. Bununla belə ABŞ 6 mindən çox nüvə başlığına malik Rusiyanın daxili ziddiyyətlərin yükü altında xırda dövlətlərə parçalanmasında maraqlı deyil. Bu baxımdan Qərb bəzi mümkün istisnalarla (məsələn Kuril adaları və ya Kalininqrad) Rusiyanın vahid qalmasına çalışacaqdır. Paralel olaraq ABŞ yaranmış vəziyyətdən istifadə edərək, Rusiyanın təsir altında olan ölkə və regionlara nüfuz edib, orada Moskvanı özü ilə əvəz etməyə can atacaqdır.
 
@cssc_cqtm
👍24
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) Direktoru Fərhad Məmmədov Gunaz TV-nin Müzakirə edirik verilişində "Qarabağ yeni mərhələ qarşısında" mövzusu ətrafında müzakirələrə qoşulub.

Daha ətraflı: https://youtu.be/6QDUT4Fzeuk
👍13
Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası hazırki şəraitdə
 
II Qarabağ müharibəsindən az sonra ölkə başçısı Qarabağ ermənilərini nəzərdə tutaraq, heç kimin qanundan üstün olmadığını, “heç kim üçün heç bir xüsusi status, heç bir imtiyaz” olmadığını bildirdi. Konstitusiyaya əsasən, insan və vətəndaş hüquq və azadlıqları dövlətin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; dövlət bərabərlik hüququnu təsbit edib, mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.
 
Siyasi hüquqlar
- Azərbaycan Respublikasının vətəndaşı olmaq cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirakı, dövlət orqanlarında qulluq etmək hüququnu, parlament və prezident seçkilərində iştirak etmək, siyasi partiya və digər ictimai birliklər yaratmaq hüququnu özündə təcəssüm etdirir. Azərbaycanın seçki sistemində Qarabağ adlı subyekt olmasa da, Ağdam, Tərtər, Laçın, Kəlbəcər, Xocalı, Şuşa, Xocavənd və s. rayonları rəsmi seçki dairələri kimi qeydiyyatdadır.
 
- Konstitusiyaya görə hərkəs onun barəsində çıxarılmış hökmün yenidən baxılması məqsədilə daha yuxarı məhkəmə instansiyalarına müraciət edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycana münasibətdə qərarları dövlət orqanları və məhkəmələr üçün məcburidir.
 
- Ermənilərin kompakt yaşadıqları ərazilərdə bələdiyyə hakimiyyəti ermənilər tərəfindən təşkil ediləcəkdir. Konstitusiyasına görə, bələdiyyələr yerli vergi və ödənişlərin müəyyən edilməsindən, bələdiyyə mülkiyyətinə sahib olma və mövcud qəbiristanlıqların qorunması, saxlanılması və fərqli səlahiyyətlərə malikdirlər. Azərbaycanda bələdiyyə institutu sosial-iqtisadi və ictimai-mədəni sahələrdə geniş səlahiyyət imkanına malikdir.
 
Vətəndaş cəmiyyəti, Dil, Din, Təhsil

- Ali qanun hər bir kəsin ana dilindən istifadə etmək, bu dildə tərbiyə və təhsil almaq və yaradıclıqla məşğul olmaq haqqını təsbit edir. Hazırda BDU və ADU-da erməni dili və ermənistanşünaslıq (qafqazşünaslıq) ixtisasları fəaliyyət göstərir: erməni dili ilə bərabər erməni ədəbiyyatı, tarixi, mədəniyyət və incəsənəti tədris olunur.
 
- Azərbaycanda bütün vətəndaşlar pulsuz icbari ümumi orta təhsillə təmin edilir. Paralel olaraq yerli etnik icmalar üçün dərs vəsaitləri Elm və Təhsil Nazirliyinin ekpertizası və razılığı əsasında hazırlanmalı və nəşr edilməlidir. Beləliklə, ermənilərin Azərbaycan vətəndaşları kimi öz dillərindən istifadə etmələri və onda (Azərbaycan dilinin tədrisi şərti ilə) təhsil almaları üçün hüquqi və praktiki şərait mövcuddur.
 
- Qarabağda erməni tarixi irsinin qorunması dedikdə XIX əsrin birinci yarısından, yəni Qafqaz Albaniya həvari kilsəsinin ləğvindən sonra ermənilərin özlərinə aid etdikləri dini tikililərin nəzərə alınmalıdır. Fərqli əsrlərə aid dini tikililər və tarixi abidələrin kimə aid olmasını müəyyən etmək, saxtakarlıq hallarının qarşısının alınması məqsədilə beynəlxalq ekspert komissiyasının təşkili də mümkündür.
 
- Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesi çərçivəsində Qarabağ erməniləri də vicdan azadlığından irəli gələn bütün hüquqlardan istifadə edə biləcəklər. Bununla belə qanunvericilik insanpərvərlik prinsiplərinə zidd dinlərin təbliğini qadağan edir. Beləliklə, Qarabağ ermənilərinin vicdan azadlığı toxunulmaz olsa da, erməni həvvari kilsəsi separatçılığa dəstəyi davam edəcəyi qədər rəsmi qeydiyyata alınmayıb, fəaliyyətinə icazə verilməyəcəkdir.
 
Nəticə
Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiya olması üçün hüquqi əsaslar və mexanizmlər mövcuddur
. Bəzi hallarda mövcud reallıqları nəzərə alınaraq müəyyən dövrü əhatə edən müvəqqəti qərarların qəbul edilməsi istisna edilmir. Qarabağ erməniləri reinteqrasiya prosesi çərçivəsində bütün mümkün narazılıq və narahatlıqlarını Ombusman institutu və Azərbaycanın məhkəmə sisteminə bildirib, qərardan razı qalmadıqları halda isə Avropa İnsan Hüquqları Məhkəməsinə və dövlətin tərəfdar çıxdığı və əməkdaşlıq etdiyi beynəlxalq strukturlara müraciət edə biləcəklər.
 
Daha ətraflı burada:
https://cssc.az/az/view/2/41/qarabag_ermenilerinin_azerbaycana_reinteqrasiyasi%C2%A0hazirki_seraitde

@cssc_cqtm
👍15👎1
İsveç-NATO Türkiyə-Aİ
 
Y.Stoltenberg Türkiyə və İsveç rəsmilərinin son görüşünü tarixi adlandırıb, İsveçin alyansa üzvlük məsələsinin Türkiyə tərəfindən ratifikasiyaya təqdim ediləcəyini bildirdi. Bununla belə Stoltenberq İsveçin dəqiq nə vaxt alyansa üzv olacağını, yəni ratifikasiyanın nə vaxt baş verəcəyini deyə bilməyəcəyini etiraf edir. Mövcud şəraitdə Ankara minimum (F-16 qırıcı təyyarələrinin əldə edilməsi, İsveçin PKK və FETÖ kimi təşkilatlara dəstəyinin dayandırılması və islamafob fəaliyyətin məhdudlaşdırılması) və maksimum (Aİ-yə üzvlük) hədəfləri vardır.
 
Minimum hədəflər
ABŞ Türkiyə ilə münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu və $20 mlrd. dəyərində F-16 qırıcı təyyarələrinin satılmasına razı olduğunu bildirir.
ABŞ qanunvericiliyinə görə belə növ sazişlər Konqres tərəfindən təsdiqlənməlidir. Nümayəndələr Palatasının xarici əlaqələr daimi komitəsinin sədri M.Makkoy satışa razılıq verəcəyini bildirdiyi halda,. Senatın beynəlxalq münasibətlər daimi komitəsinin sədri ermənipərəst R.Menendez isə böyük ehtimalla Ağ Ev, Dövlət Departamenti və Federal Tədqiqatlar Bürosunun (FBİ) birgə təzyiqi səbəbindən məsələyə mane olmayacaqdır.

İsveç ölkədə çoxlu sayda kürdün yaşadığını və məhkəmələrin azad olduğunu əsas gətirib, T irəli sürülən bəzi (esktradisiya ilə bağlı) tələblərin icrasının çətin olduğunu bildirsə də, qanunvericiliyə müvafiq düzəlişlər edib, terrorizm və ekstremizm ilə mübarizə şərtlərini sərtləşdirmişdir. Hazırda İsveç rəsmiləri Quranın yandırılması ilə bağlı insidentlərin qarşısının alınması məqsədilə qanunvericiliyə müvafiq düzəlişləri müzakirə edirlər. Ötən həftə Stokholmun dairə məhkəməsi PKK-nin maliyyələşməsində iştirak edən kürd əsilli Yəhya Qunqnoru 4,5 il azadlıqdan məhrum edərək, islah müddəti bitdikdən sonra ölkədən birdəfəlik deportasiya edilməsi barədə qərar qəbul etmişdir. Buna qədər ölkədə heç kim PKK-nın maliyyələşdirilməsi iddiası ilə mühakimə olunmamışdır.
 
Maksimum hədəflər
Türkiyə İsveçin NATO-ya üzvlüyünü özünün Aİ-na üzvlüyü ilə bağlayır. İttifaqdan konkret və müsbət siqnal Türkiyədə maliyyə böhranının tənzimlənməsinə töhfə verib, ölkə iqtisadiyyatını inkişaf xəttinə qaytara bilər. Öz növbəsində Türkiyənin üzvlüyü Aİ-nın təhlükəsizlik məsələlərini həll edə, Rusiya ilə diplomatik körpünü bərpa edə, taxıl böhranı kimi problemlərin həllində üstünlük qazandıra və qurumun Yaxın Şərq, Mərkəzi Asiya, Cənubi Qafqaz və Afrikadakı mövqelərini gücləndirə bilər. Bununla belə Qərbdə ABŞ, Böyük Britaniya, İsveç və bəzi digər ölkələr Türkiyənin üzvlüyünü rəsmi dəstəklədikləri halda, Fransa, Almaniya, Aİ Komissiyası İsveçin NATO-ya, Türkiyənin isə Aİ-yə üzvlük məsələsinin fərqli proseslər olduqlarını bildirirlər.
 
Nəticə
Görünən odur ki, Türkiyə öz minimum hədəflərinə çatmaq üzrədir
. Erməni kokusun aktiv üzvü R.Menendezin Ermənistan-Azərbaycan məsələsində passivliyi icraedici hakimiyyət qolunun təsir/təzyiqlərindən xəbər verir. Güman ki, eyni təsir/təzyiq F-16-ların satılmasında da özünü göstərəcəkdir. İsveçdə hər üç hakimiyyət qolunun atdığı addımlar Stokholumun Ankaranın tələblərini qəbul etdiyinə işarə edir.

S.Hantinqtona görə müəyyən sivilizasiyaya inteqrasiya üçün 3 şərtin gözlənilməsi vacibdir:
- Siyasi-iqtisadi elita inteqrasiyaya can atmalıdır;
- Cəmiyyət bunu dəstəkləməli və ya ən azından buna mane olmamalıdır;
- Qəbul edən sivilizasiya müraciət edən dövləti tərkibində görmək istəməlidir.

Türkiyə-Aİ münasibətlərində 3 şərtdən ikisi (Türkiyədə siyasi-iqtisadi elitanın böyük əksəriyyəti Aİ-yə üzvlüyün tərəfdarıdır + son sorğulara əsasən, Türkiyə əhalisinin 70%-dən çox hissəsi üzvlük məsələsini dəstəkləyir) aydın müşahidə edilsə də, sonuncu şərt üzrə vahid yanaşma yoxdur. Bu baxımdan Ankaranın maksimum hədəflərinə çata biləcəyi az ehtimal olunandır. Buna baxmayaraq Avropada miqrasiya böhranı nümunəsinə istinad edib, cari vəziyyətdə Türkiyənin Aİ-dən əlavə dividendlər əldə edə biləcəyini də istisna etmək olmaz.
 
@cssc_cqtm
👍23
NATO-nun Vilnüs iclası
 
Vilnüs iclasında NATO üzvlərindən savayı Aİ və G7 ölkələrinin də yaxından iştirak etməsi Rusiya və dolayısı olaraq Çin, İran, Şimali Koreyaya Qərbin vahidliyini nümayiş etdirmək məqsədinə xidmət edirdi.
 
Strateji baxış
Görüşdə alyans üzvləri Rusiyanın mümkün hücumuna qarşı strateji planı razılaşdırdılar. Plan silahlı qüvvələrin modernizasiyasını, logistika üzrə koordinasiyanı, hərbi xərclərin ÜDM-nin (minimum) 2% səviyyəsinə çatdırılmasını, mərmi və sursatların yerləşdirilmə coğrafiyasının təsdiqini, döyüşə hazır 40 minlik qoşunun 300 minə çatdırılmasını nəzərdə tuturdu. Hərbi xərclərin ÜDM-nin 2% səviyyəsinə çatdırılması hələ 2014-cü ildə razılaşdırılsa da, hazırda 31 üzvdən cəmi 11 ölkə (ABŞ, İngiltərə, Polşa, Yunanıstan, Baltikyanı ölkələr, Rumıniya, Macarıstan, Slovakiya və Finlandiya) bu tələbə cavab verir. Kanada, İspaniya, Fransa, Almaniya və hətta Türkiyə kimi qüdrətli üzvlərin hərbi xərcləri bu göstəricidən xeyli aşağıdır.
 
33-cü üzv – Ukrayna?
İclasa qədər V.Zelenski Ukraynanın alyansa üzv olmağa layiq olduğunu bildirib, NATO-dan aydın və sürətli üzvlük alqoritminin gözlədiyini bildirdi. Ukrayna prezident ofisinin rəhbəri A.Yermakın fikrincə, NATO-dan üzvlük ilə bağlı dəvət “sülhün katalizatoru” və kollektiv Qərbin Rusiyaya ötürə biləcəyi siqnal ola bilərdi. İclasda iştirak edən bəzi ekspertlər Rusiyanın indiyə qədər heç bir NATO üzvünə hücum etmədiyini əsas gətirərək, dəvət təklifinin məntiqi olduğunu bildirirdilər. Lakin bu yanaşma Vaşinqton tərəfindən dəstəklənmir. Ağ Evin fikrincə, Ukraynanın alyansa üzvlüyü NATO-Rusiya müharibəsinə gətirə bilər. Digər tərəfdən NATO-ya üzv olmaq üçün Kiyev, “oliqarxlar arasında korrupsiyanı aradan qaldırmalı, demokratik təsisatlar üzərində iş aparmalı, məhkəmə sistemi və qanunun aliliyini gücləndirməlidir”. Bunlar üzvlüyə ciddi maneə yaratmasa da, Vaşinqtona Ukraynanın üzvlük məsələsini qeyri-müəyyən gələcəyə saxlamağa hüquqi əsas verir.
 
Alternativ yanaşma
Müharibə ərzində Ukraynanın sovet ordu quruculuğundan və silah sistemindən NATO sisteminə keçid etməsi, alyansla operativ inteqrasiyanı yüksək səviyyəyə çatdırdı. Ukrayna de-fakto NATO ölkəsi sayılsa da, kollektiv təhlükəsizlik öhdəliyi haqqında 5-ci maddə yalnız de-yure üzvlərə şamil olunur. Bu baxımdan ABŞ başda olmaqla əksər üzvlər alternativ təhlükəsizlik təklifləri ilə çıxış edirlər. Bura Ukraynanı tam qələbəyədək dəstəkləmək, ona verilən hərbi yardımın həcm və keyfiyyətini artırmaq (ABŞ – kasset sursatları; Almaniya – yeni €700 mln. dəyərində Patriot raketləri, Leopard tankları, Marder PDM-ləri; Fransa – 250-500 km məsafəli “hava-yer” tipli SCALP raketləri) və müharibədən sonra NATO-ya üzv olana qədər Kiyevə təhlükəsizlik zəmanətləri vermək daxildir. Hazırda ABŞ müttəfiq və tərəfdaşlarla Ukraynaya təhlükəsizlik zəmanətləri barəsində danışıqlar aparır. Bu o anlama gəlir ki, Ukraynaya verilə biləcək təhlükəsizlik zəmanətləri İsrail və Yaponiya timsalında ikitərəfli və ya (məsələn) Quad nümunəsində çoxtərəfli əsaslı ola bilər.
 
Nəticə
Müharibəyə qədər Rusiyanın əsas strateji hədəfi NATO-nun Rusiya sərhədlərində möhkəmlənməsinə və Ukraynada ölümcül silahların olmasına imkan verməmək idi. 2023-cü ilin iyuluna Avropa ölkələri içərisində Rusiya ilə ən böyük quru sərhədə malik Finlandiya NATO-nun 31-ci üzvü oldu, Qərbdə ən döyüşqabiliyyətli dövlətlərdən sayılan İsveç isə böyük ehtimal ki, yaxın aylarda alyansın 32-ci üzvü olacaqdır. Bununla NATO şimal və şərq cinahları daha da möhkəmləndirib, Rusiyanın Baltik dənizində mövqelərini zəiflətdi. Əlavə olaraq Ukrayna iqtisadi, siyasi, mədəni, ideoloji və hərbi cəhətdən Rusiyadan təmamilə ayırılıb, Qərb ölkəsinə çevrildi.
 
@cssc_cqtm
👍24
Bu dəfəki Brüssel görüşü nə gətirəcək?!
15 iyulda baş tutan görüşün nəticələrinə dair dərc edilən yekun bəyanat danışıqları “səmimi, dürüst və predmetli” adlandırıb, görüş çərçivəsində bir neçə vacib məsələnin müzakirə edildiyini bildirir:
 
Qarabağ və anklavlar üzərində suverenlik
Bəyanata əsasən, tərəflər bir daha bir-birinin 86,6 min km2 və 29,8 min km2 çərçivəsində ərazi bütövlüyünü və daha vacib – suverenliyini tanıdıqlarını təsdiqlədilər. Politologiya elmində suverenliyin daxili (dövlətin ölkə ərazisində yeganə legitim siyasi-hüquqi subyekt olması), xarici (dövlətin beynəlxalq ictimaiyyət tərəfindən bərabərhüquqlu aktor kimi tanınması), vestfal (daxili işlərə qarışmağın yolverilməzliyi) və qarşılıqlı asılılıq (dövlətin öz sərhədlərinə nəzarət funksiyası) kimi 4 əsas növü vardır. Başqa sözlə desək, əgər 14 may tarixində Ermənistan Qarabağ və anklavları Azərbaycanın tərkib hissəsi kimi tanımışdırsa, 15 iyul tarixində bu ərazilər + Laçın yolu Azərbaycanın müstəsna siyasi hüquqlarının şamil olunduğu ərazilər kimi təsdiqlənmişdir.
 
Delimitasiya
Diqqətəlayiqdir ki, delimitasiya prosesi son müddət Rusiyanın iştirakı olmadan sərhəd komissiyaları, xarici işlər nazirləri və liderlər tərəfindən müzakirə edilir.
Kreml, müdafiə nazirliyinin baş qərargahında yerləşən xəritələrə güvənərək öz əvəzedilməzliyində əmin olsa da, güman ki, tərəflər delimitasiya prosesini konkret xəritə olmadan aparacaqlar.
 
Nəqliyyat-kommunikasiya
Kommunikasiyaların açılması ilə bağlı hissədə dəmiryol xətinin tikintisinin “dərhal” başlanılmasından bəhs olunur. Azərbaycan öz ərazisində dəmiryolun tikintisini yarıya qədər yekunlaşdırdığını nəzərə alsaq, “dərhal başlanılma” ilə bağlı hissənin Ermənistana aid olduğu qənaətinə gələ bilərik. Bəyanatda Aİ həmçinin prosesə maliyyə cəhətdən dəstək verməyə hazır olduğunu ifadə edir. Məsələ bundadır ki, xarici ölkələrə investisiyaların ayrılması və xarici layihələrin maliyyələşdirilməsi kimi məsələlər Aİ Şurasının yox, Avropa Komissiyasının səlahiyyətindədir. Maliyyələşmə ilə bağlı təklifin Aİ Şurası prezidenti tərəfindən səsləndirilməsi Aİ-nin iki aparıcı strukturunun (Şura və Avrokomissiya) Rusiyanı Ermənistanın dərmiyolu şəbəkəsindən sıxışdırılmasında həmrəy olmasından xəbər verir.
 
Bakı Qarabağ erməniləri dialoqu
Sənəddə Ermənistanın destruktiv diskursunu əks etdirən “Dağlıq Qarabağ”, “xalq”, “Xankəndi-Bakı dialoqu” kimi ifadələrin yerinə, “Qarabağın erməni əhalisi” və “Bakı ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ermənilərinin nümayəndələri arasında birbaşa dialoq” kimi konstruktiv ifadələr yer almışdır. Başqa sözlə desək Brüssel Xankəndini Bakı ilə bərabər səviyyəli dialoqa girə biləcək subyekt kimi qəbul etmir, Qarabağ ermənilərini danışıqlarda təmsil edəcək nümayəndələri heç bir qondarma qurumla eyniləşdirmir və dialoqun hər hansı bir “beynəlxalq mexanizm” və ya Rusiyanın vasitəçiliyi altında baş verməsini dəstəkləmir.
Sənəddə “Laçın yolunun” açılmasına çağırış olsa da, Azərbaycanın Ağdam yolu vasitəsilə humanitar təminatı həyata keçirtməyə hazır olması da təqdirəlayiq hal kimi qəbul edilmişdir. Bunu biz Laçın yolu məsələsinin bağlanılmasının müqəddiməsi və növbəti görüşlərdə bütün təminatın Ağdam yolu üzərindən (və ya yuxarı Qarabağa aparan istənilən 5 yoldan biri vasitəsilə) aparılmasının başlanğıcı kimi nəzərdən keçirdə bilərik.
 
Nəticə
Görünən odur ki, Azərbaycan qarşısına qoyduğu hədəflərin mütləq əksəriyyətinə (Azərbaycanın Qarabağ və anklavlar üzərində suveren hüquqlarının Ermənistan tərəfindən tanınması + dəmiryol xəttinin tikintisinin başlanması) nail olmuş, növbəti görüşlərdə digər hədəflərin (təminatın Ağdam yolu ilə həyata keçirilməsi, delimitasiya və reinteqrasiya) reallaşması üçün isə lazımı zəmin formalaşdırmışdır. Yaxın vaxtlarda Qarabağ ermənilərinin (Ermənistan və ya Azərbaycanın təsir/təzyiqi vasitəsilə) silahsızlaşdırılması ilə bağlı praktiki addımların müşahidə edilməsi ehtimal olunandır. Bu Ş.Mişelin bəyənatda qeyd etdiyi növbəti görüşlərin baş tutması üçün əsas şərtdir.
 
@cssc_cqtm
👍29
Moskva görüşündə ziddiyyətlərin mübarizəsi və vəhdəti

İyulun 15-də Azərbaycan Respublikası (AR) Prezidenti İ.Əliyev və Ermənistan (ER) Baş naziri N.Paşinyan arasında Brüsseldə görüş keçirilən gün Rusiya (RF) XİN-i bəyanat verərək danışıqlar prosesində proqresin Moskvanın nəzarətindən çıxmasına görə açıq qısqanclığını, narahatlığını və narazılığını nümayişkarənə şəkildə ifadə etdi.           
  
İyulun 15-də RF XİN-i bəyanatının girişində Paşinyana qarşı diplomatik dildə ittiham və irad irəli sürüldü. Göstərildi ki, 2022-ci ilin oktyabrında və 2023-cü ilin mayında Ermənistan Qarabağı AR-ın ərazisi kimi tanımaqla “9 noyabr 2020-ci ildə imzalanan üçtərəfli razılaşmanın əsas şərtlərini kardinal olaraq dəyişib”. Eləcə də, bəyanatda Qarabağ ermənilərinin taleyi ilə bağlı məsuliyyətin 3cü tərəflərin üzərinə (yəni Rusiyanın) qoyulmaması tövsiyyə edildi.

Bu bəyanatla RF 2 mesajı çatdırmağa çalışdı:

1-ci mesaj erməni cəmiyyətinə ünvanlanıb- danışıqlar prosesində ER-ın mövqelərini getdikcə itirməsi ilə bağlı məsuliyyət tamamilə Paşinyan və Qərb formatı üzərindədir.

2-ci mesaj Paşinyan hakimiyyətinə ünvanlanıb- ER öz mövqelərini Qərb platformasındakı danışıqlarda “güzəşt etməyə davam edərkən” RF-dan ER-ın mövqeyini İrəvandan daha çox müdafiə etməsini artıq tələb etməməlidir. Belə ki, göstərilən mövqe Moksvanın Bakı ilə  münasibətlərinə xələl gətirir.

İndiyə qədər RF Qərb platformasında əldə edilən proqresi, yəni ER-ın güzəştlərini qəbul və təsdiq etməyə məcbur olurdu. RF-ın ER-ı İrəvandan daha çox qoruması cəhdlərinə görə bu platformada irəliləyiş olmurdu, təşəbbüs isə Qərb platformasının əlində qalırdı. Mayın 25-də İ.Əliyev və N.Paşinyan arasında Moskvada V.Putinin iştirakı ilə keçirilən görüş də heç bir nəticə ilə yekunlaşmamışdı. Çünki, danışıqlarda proqres yalnız və yalnız ER-ın qeyri-konstruktiv mövqelərindən geri çəkilməsi nəticəsində mümkün olur. Yaranmış bu vəziyyət RF-ı danışıqlar prosesində Qərb platforması ilə konstruktiv rəqabətə məcbur etməkdədir.

Bu baxımdan iyulun 25-də Moskvada AR və ER XİN-lərinin görüşünün nəticələrinə dair Lavrovun mətbuat üçün açıqlaması həmin rəqabətin müsbət nəticəsi idi. Belə ki, Qərb platformasında müsbət irəliləyişdən sonra “Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi” mücərrəd anlayış kimi əsas maneə olaraq qalırdı. Buna əsaslanaraq ER hansısa beynəlxalq mexanizmlər tələb edirdi.

ABŞ-ın ER-dakı səfiri də “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi” ilə bağlı müzakirənin nəticələrinin əvvəlcədən müəyyən edilmədiyini göstərməklə ER-ın Qarabağlı erməniləri ilə bağlı “xilas olmaq naminə ayrılma” (Remedial secession) arzusuna eyham vurmuşdu.
Lavrovun bəyanatında isə Qərb platformasından da irəli gedilərək Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi mövzusunun çərçivələri müəyyən edildi: Azərbaycanın qanunvericiliyi və ərazi bütövlüyü; Alma-Ata bəyannaməsi; AR-ın qoşulduğu milli azlıqlara dair beynəlxalq konvensiyalar.
Beləliklə, ER-nın “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinə” dair tələbi mücərrədlikdən çıxaraq gələcək danışıqlarda, eləcə də Qərb platformalarında müzakirələrdə öz çərçivələrini müəyyən etmiş oldu.

Lavrovun bəyanatında digər müsbət məqamlar:
- “ER Qarabağdakı ermənilərə təsir etməlidir” göstərilir. Yəni, ER işğalçılıq siyasəti ilə və hələ də Qarabağdakı rejimi maliyyələşdirməklə buranın ermənilərinin məsuliyyətini üzərini götürüb;
- 3-cü tərəf və beynəlxalq mexanizmlər olmadan Qarabağda ermənilərinin AR hökumətinin nümayəndələri ilə danışıqları göstərilir;
- Sülhməramlıların "faydalı" işi qeyd olunmur;
- Laçın yolu və ya “dəhlizi” barədə söz açılmır;
- Qarabağ ermənilərinin ehtiyaclarını ödəmək üçün təminatı və təhcizatı yolu (Laçın) üçün ER imperativ olaraq göstərilmir; 
- ER ərazisində milli azlıqlar (Qərbi azərbaycanlılar) məsələsi gündəmə gətirilir.

Beləliklə, AR-ın yeritdiyi xarici siyasətlə fərqli və bir birinə düşmən qütblərin platformalarının birində əldə edilən nəticələr digərinə proyeksiya edilərək inkişaf etdirilir. İndi isə top Qərbin meydançasına keçdi, ona görə də proqres üçün daha aydın və konkret mövqe ortaya qoyulmalıdır.

@cssc_cqtm
👍29
Sanksiyalarla bağlı Qərbin ikili yanaşması: Qırğızıstan və Ermənistan nümunəsində
 
Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra aktuallaşan əsas məsələlərdən biri də Rusiyaya qarşı tətbiq edilən sanksiyalar çərçivəsində müəyyən edilmiş məhsulların üçüncü ölkələr vasitəsi ilə Rusiyaya yenidən (re-export) ixracıdır. Bu məhsullara əsasən elektornika, texniki avadanlıq, nəqliyyat vəsaitələri və onların hissələri kimi Rusiya tərəfindən hərbi sənayedə istifadə edilə bilən ikili təyinatlı məhsullar aiddir. Bu məhsulların Rusiyaya yenidən ixracında aktivliyi isə əsasən Avrasiya İqtisadi Birliyinə (AİB) üzv olan, Rusiya ilə sıx ticarət əlaqələrinə malik və Rusiyanın siyasi təsir imkanları çox olan ölkələr göstərir.
 
Qərb mətbuatında bu haqda tez-tez yazılsa da, bır sıra Qərb blokuna aid ölkələrin, xüsusilə də Amerika Birləşmiş Ştatlarının (ABŞ) rəsmi nümayəndələri tərəfindən bu haqda danışılsa da və yenidən ixracda iştirak edən ölkələrin müəyyən şirkətlərinə qarşı sanksiyalar tətbiq edilsə də bu məsələ ilə bağlı ölkələrə qarşı açıq-aydın ayrıseçkilik edilir. Sanksiyalardan yayınmaq məsələsinə görə Qərbin, xüsusilə də ABŞ-ın Ermənistan və Qırğızıstan nümunəsində ikili münasibət göstərdiyini açıq şəkildə görmək mümkündür. Qırğızıstanla müqayisədə Ermənistan Rusiyanın müdafiə sənayesində istifadə edilə biləcək məhsulların Rusiyaya ixracını dəfələrlə çox artırmışdır.
 
Baxmayaraq ki, Qırğızıstan kimi Ermənistanın da sanksiyalara məruz qalmış məhsulların Rusiyaya yenidən ixracında iştirakı ilə bağlı kifayət qədər əsaslı faktlar vardır, Ermənistana qarşı heç bir ciddi adım atılmır, sadəcə çox az sayda şirkətə (əsasən də rus şirkətlərinin törəmə şirkətlərinə) sanksiyalar tətbiq edilib. Onu da nəzərə almaq lazımdır ki, Ermənistan ilə Rusiya arasında yenidən ixrac Qırğızıstanla müqayisədə daha böyük həcmlərə, daha böyük artıma və çoxşahəliliyə malikdir. Bloomberg-in məlumatına əsasən 2022-ci ildə Ermənistan Rusiya hərbi sənayesi üçün yarımkeçiricilərin (çiplərin) ixracında dördüncü yerə yüksəlmişdir, 2021-ci il ilə müqaisədə 2022-ci ildə bu göstərici 187% artmışdır. Ona görə də aydındır ki, bu əməliyyatları icra etmək üçün çoxsayda erməni şirkəti iştirak edir.
 
20 iyulda ABŞ-ın Maliyyə Nazirliyi 120-dən çox əsasən rus şirkətləri ilə yanaşı 4 Qırğız şirkətini də sanksiya siyahısına əlavə etdi. Ehtimal etmək olar ki, yaxın dövrdə Qırğızıstan Rusiyaya yenidən ixracı dayandırmasa və bu məsələ ilə bağlı Qərblə razılığa gəlməsə ona qarşı dövlət səviyyəsində daha sərt sanksiyalar tətbiq edilə bilər. Lakin, indiyədək cəmi bir erməni şirkəti sanksiyalara məruz qalmışdır. Digər tərəfdən, Qırğızıstanın Rusiyaya yenidən ixracda iştirakı ilə bağlı ABŞ rəsmiləri açıq şəkildə bildirir, ABŞ və Aİ-dən nümayəndə heyətləri bu məsələ ilə bağlı Qırğızıstana səfər edərək müzakirələr aparır və Qırğızıstana qarşı xüsusi tədbirlər planı hazırlayır. Bunların heç birini Ermənistana qarşı münasibətdə müşahidə etmirik. Bununla da Qərb Ermənistanın qanunsuz əməllərinə göz yumur və özünün kiçik xrisitian dostunun qanunsuz yollarla gəlir əldə etməsinə şərait yaradır.
 
2022-ci ildə Rusiya və Qırğızıstan arasında ticarət dövriyyəsi 40.3% artaraq rekord həddə, 3.2 milyard dollara çatmışdır. Qırğızıstan gömrüyünün məlumatlarına əsasən 2022-ci ildə Qırğızıstandan Rusiyaya ixrac 145% artmışdır. Müqayisə üçün 2022-ci ildə Ermənistanın ixracı 78%, idxalı isə 63.5% artmışdır. Bu dövrdə Rusiyaya ixrac 2.4 dəfə artaraq 2.4 milyard dollara çatmışdır.
 
2023-cü ilin rəqəmlərinə əsasən Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi Qırğızıstanla müqayisədə daha çox artmışdır. Qırğızıstanın 2023-cü ilin ilk dörd ayında xarici ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25.4% artaraq 2.72 milyard ABŞ dollarına çatmışdır. 2023-cü ilin ilk beş ayında Ermənistandan Rusiyaya və Belarusiyaya ixrac 3 dəfədən çox artmışdır və nəticədə Rusiyaya ixrac 2.7 milyard dollara çatmışdır.
 
Daha ətraflı bax:
https://cssc.az/az/view/2/42/sanksiyalarla_bagli_qerbin_ikili_yanasmasi:_qirgizistan_ve_ermenistan_numunesinde
 
@cssc_cqtm
👍18