CSSC Baku – Telegram
CSSC Baku
3.07K subscribers
12 photos
2 videos
201 links
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) Azərbaycanda, Bakıda yerləşən, Cənubi Qafqazda və onun qonşuluğunda siyasi və iqtisadi prosesləri tədqiq edən müstəqil qeyri-hökumət təşkilatıdır. Yayımlanan materiallara istinadın verilməsi vacibdir. www.cssc.az
Download Telegram
NATO-nun Vilnüs iclası
 
Vilnüs iclasında NATO üzvlərindən savayı Aİ və G7 ölkələrinin də yaxından iştirak etməsi Rusiya və dolayısı olaraq Çin, İran, Şimali Koreyaya Qərbin vahidliyini nümayiş etdirmək məqsədinə xidmət edirdi.
 
Strateji baxış
Görüşdə alyans üzvləri Rusiyanın mümkün hücumuna qarşı strateji planı razılaşdırdılar. Plan silahlı qüvvələrin modernizasiyasını, logistika üzrə koordinasiyanı, hərbi xərclərin ÜDM-nin (minimum) 2% səviyyəsinə çatdırılmasını, mərmi və sursatların yerləşdirilmə coğrafiyasının təsdiqini, döyüşə hazır 40 minlik qoşunun 300 minə çatdırılmasını nəzərdə tuturdu. Hərbi xərclərin ÜDM-nin 2% səviyyəsinə çatdırılması hələ 2014-cü ildə razılaşdırılsa da, hazırda 31 üzvdən cəmi 11 ölkə (ABŞ, İngiltərə, Polşa, Yunanıstan, Baltikyanı ölkələr, Rumıniya, Macarıstan, Slovakiya və Finlandiya) bu tələbə cavab verir. Kanada, İspaniya, Fransa, Almaniya və hətta Türkiyə kimi qüdrətli üzvlərin hərbi xərcləri bu göstəricidən xeyli aşağıdır.
 
33-cü üzv – Ukrayna?
İclasa qədər V.Zelenski Ukraynanın alyansa üzv olmağa layiq olduğunu bildirib, NATO-dan aydın və sürətli üzvlük alqoritminin gözlədiyini bildirdi. Ukrayna prezident ofisinin rəhbəri A.Yermakın fikrincə, NATO-dan üzvlük ilə bağlı dəvət “sülhün katalizatoru” və kollektiv Qərbin Rusiyaya ötürə biləcəyi siqnal ola bilərdi. İclasda iştirak edən bəzi ekspertlər Rusiyanın indiyə qədər heç bir NATO üzvünə hücum etmədiyini əsas gətirərək, dəvət təklifinin məntiqi olduğunu bildirirdilər. Lakin bu yanaşma Vaşinqton tərəfindən dəstəklənmir. Ağ Evin fikrincə, Ukraynanın alyansa üzvlüyü NATO-Rusiya müharibəsinə gətirə bilər. Digər tərəfdən NATO-ya üzv olmaq üçün Kiyev, “oliqarxlar arasında korrupsiyanı aradan qaldırmalı, demokratik təsisatlar üzərində iş aparmalı, məhkəmə sistemi və qanunun aliliyini gücləndirməlidir”. Bunlar üzvlüyə ciddi maneə yaratmasa da, Vaşinqtona Ukraynanın üzvlük məsələsini qeyri-müəyyən gələcəyə saxlamağa hüquqi əsas verir.
 
Alternativ yanaşma
Müharibə ərzində Ukraynanın sovet ordu quruculuğundan və silah sistemindən NATO sisteminə keçid etməsi, alyansla operativ inteqrasiyanı yüksək səviyyəyə çatdırdı. Ukrayna de-fakto NATO ölkəsi sayılsa da, kollektiv təhlükəsizlik öhdəliyi haqqında 5-ci maddə yalnız de-yure üzvlərə şamil olunur. Bu baxımdan ABŞ başda olmaqla əksər üzvlər alternativ təhlükəsizlik təklifləri ilə çıxış edirlər. Bura Ukraynanı tam qələbəyədək dəstəkləmək, ona verilən hərbi yardımın həcm və keyfiyyətini artırmaq (ABŞ – kasset sursatları; Almaniya – yeni €700 mln. dəyərində Patriot raketləri, Leopard tankları, Marder PDM-ləri; Fransa – 250-500 km məsafəli “hava-yer” tipli SCALP raketləri) və müharibədən sonra NATO-ya üzv olana qədər Kiyevə təhlükəsizlik zəmanətləri vermək daxildir. Hazırda ABŞ müttəfiq və tərəfdaşlarla Ukraynaya təhlükəsizlik zəmanətləri barəsində danışıqlar aparır. Bu o anlama gəlir ki, Ukraynaya verilə biləcək təhlükəsizlik zəmanətləri İsrail və Yaponiya timsalında ikitərəfli və ya (məsələn) Quad nümunəsində çoxtərəfli əsaslı ola bilər.
 
Nəticə
Müharibəyə qədər Rusiyanın əsas strateji hədəfi NATO-nun Rusiya sərhədlərində möhkəmlənməsinə və Ukraynada ölümcül silahların olmasına imkan verməmək idi. 2023-cü ilin iyuluna Avropa ölkələri içərisində Rusiya ilə ən böyük quru sərhədə malik Finlandiya NATO-nun 31-ci üzvü oldu, Qərbdə ən döyüşqabiliyyətli dövlətlərdən sayılan İsveç isə böyük ehtimal ki, yaxın aylarda alyansın 32-ci üzvü olacaqdır. Bununla NATO şimal və şərq cinahları daha da möhkəmləndirib, Rusiyanın Baltik dənizində mövqelərini zəiflətdi. Əlavə olaraq Ukrayna iqtisadi, siyasi, mədəni, ideoloji və hərbi cəhətdən Rusiyadan təmamilə ayırılıb, Qərb ölkəsinə çevrildi.
 
@cssc_cqtm
👍24
Bu dəfəki Brüssel görüşü nə gətirəcək?!
15 iyulda baş tutan görüşün nəticələrinə dair dərc edilən yekun bəyanat danışıqları “səmimi, dürüst və predmetli” adlandırıb, görüş çərçivəsində bir neçə vacib məsələnin müzakirə edildiyini bildirir:
 
Qarabağ və anklavlar üzərində suverenlik
Bəyanata əsasən, tərəflər bir daha bir-birinin 86,6 min km2 və 29,8 min km2 çərçivəsində ərazi bütövlüyünü və daha vacib – suverenliyini tanıdıqlarını təsdiqlədilər. Politologiya elmində suverenliyin daxili (dövlətin ölkə ərazisində yeganə legitim siyasi-hüquqi subyekt olması), xarici (dövlətin beynəlxalq ictimaiyyət tərəfindən bərabərhüquqlu aktor kimi tanınması), vestfal (daxili işlərə qarışmağın yolverilməzliyi) və qarşılıqlı asılılıq (dövlətin öz sərhədlərinə nəzarət funksiyası) kimi 4 əsas növü vardır. Başqa sözlə desək, əgər 14 may tarixində Ermənistan Qarabağ və anklavları Azərbaycanın tərkib hissəsi kimi tanımışdırsa, 15 iyul tarixində bu ərazilər + Laçın yolu Azərbaycanın müstəsna siyasi hüquqlarının şamil olunduğu ərazilər kimi təsdiqlənmişdir.
 
Delimitasiya
Diqqətəlayiqdir ki, delimitasiya prosesi son müddət Rusiyanın iştirakı olmadan sərhəd komissiyaları, xarici işlər nazirləri və liderlər tərəfindən müzakirə edilir.
Kreml, müdafiə nazirliyinin baş qərargahında yerləşən xəritələrə güvənərək öz əvəzedilməzliyində əmin olsa da, güman ki, tərəflər delimitasiya prosesini konkret xəritə olmadan aparacaqlar.
 
Nəqliyyat-kommunikasiya
Kommunikasiyaların açılması ilə bağlı hissədə dəmiryol xətinin tikintisinin “dərhal” başlanılmasından bəhs olunur. Azərbaycan öz ərazisində dəmiryolun tikintisini yarıya qədər yekunlaşdırdığını nəzərə alsaq, “dərhal başlanılma” ilə bağlı hissənin Ermənistana aid olduğu qənaətinə gələ bilərik. Bəyanatda Aİ həmçinin prosesə maliyyə cəhətdən dəstək verməyə hazır olduğunu ifadə edir. Məsələ bundadır ki, xarici ölkələrə investisiyaların ayrılması və xarici layihələrin maliyyələşdirilməsi kimi məsələlər Aİ Şurasının yox, Avropa Komissiyasının səlahiyyətindədir. Maliyyələşmə ilə bağlı təklifin Aİ Şurası prezidenti tərəfindən səsləndirilməsi Aİ-nin iki aparıcı strukturunun (Şura və Avrokomissiya) Rusiyanı Ermənistanın dərmiyolu şəbəkəsindən sıxışdırılmasında həmrəy olmasından xəbər verir.
 
Bakı Qarabağ erməniləri dialoqu
Sənəddə Ermənistanın destruktiv diskursunu əks etdirən “Dağlıq Qarabağ”, “xalq”, “Xankəndi-Bakı dialoqu” kimi ifadələrin yerinə, “Qarabağın erməni əhalisi” və “Bakı ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ermənilərinin nümayəndələri arasında birbaşa dialoq” kimi konstruktiv ifadələr yer almışdır. Başqa sözlə desək Brüssel Xankəndini Bakı ilə bərabər səviyyəli dialoqa girə biləcək subyekt kimi qəbul etmir, Qarabağ ermənilərini danışıqlarda təmsil edəcək nümayəndələri heç bir qondarma qurumla eyniləşdirmir və dialoqun hər hansı bir “beynəlxalq mexanizm” və ya Rusiyanın vasitəçiliyi altında baş verməsini dəstəkləmir.
Sənəddə “Laçın yolunun” açılmasına çağırış olsa da, Azərbaycanın Ağdam yolu vasitəsilə humanitar təminatı həyata keçirtməyə hazır olması da təqdirəlayiq hal kimi qəbul edilmişdir. Bunu biz Laçın yolu məsələsinin bağlanılmasının müqəddiməsi və növbəti görüşlərdə bütün təminatın Ağdam yolu üzərindən (və ya yuxarı Qarabağa aparan istənilən 5 yoldan biri vasitəsilə) aparılmasının başlanğıcı kimi nəzərdən keçirdə bilərik.
 
Nəticə
Görünən odur ki, Azərbaycan qarşısına qoyduğu hədəflərin mütləq əksəriyyətinə (Azərbaycanın Qarabağ və anklavlar üzərində suveren hüquqlarının Ermənistan tərəfindən tanınması + dəmiryol xəttinin tikintisinin başlanması) nail olmuş, növbəti görüşlərdə digər hədəflərin (təminatın Ağdam yolu ilə həyata keçirilməsi, delimitasiya və reinteqrasiya) reallaşması üçün isə lazımı zəmin formalaşdırmışdır. Yaxın vaxtlarda Qarabağ ermənilərinin (Ermənistan və ya Azərbaycanın təsir/təzyiqi vasitəsilə) silahsızlaşdırılması ilə bağlı praktiki addımların müşahidə edilməsi ehtimal olunandır. Bu Ş.Mişelin bəyənatda qeyd etdiyi növbəti görüşlərin baş tutması üçün əsas şərtdir.
 
@cssc_cqtm
👍29
Moskva görüşündə ziddiyyətlərin mübarizəsi və vəhdəti

İyulun 15-də Azərbaycan Respublikası (AR) Prezidenti İ.Əliyev və Ermənistan (ER) Baş naziri N.Paşinyan arasında Brüsseldə görüş keçirilən gün Rusiya (RF) XİN-i bəyanat verərək danışıqlar prosesində proqresin Moskvanın nəzarətindən çıxmasına görə açıq qısqanclığını, narahatlığını və narazılığını nümayişkarənə şəkildə ifadə etdi.           
  
İyulun 15-də RF XİN-i bəyanatının girişində Paşinyana qarşı diplomatik dildə ittiham və irad irəli sürüldü. Göstərildi ki, 2022-ci ilin oktyabrında və 2023-cü ilin mayında Ermənistan Qarabağı AR-ın ərazisi kimi tanımaqla “9 noyabr 2020-ci ildə imzalanan üçtərəfli razılaşmanın əsas şərtlərini kardinal olaraq dəyişib”. Eləcə də, bəyanatda Qarabağ ermənilərinin taleyi ilə bağlı məsuliyyətin 3cü tərəflərin üzərinə (yəni Rusiyanın) qoyulmaması tövsiyyə edildi.

Bu bəyanatla RF 2 mesajı çatdırmağa çalışdı:

1-ci mesaj erməni cəmiyyətinə ünvanlanıb- danışıqlar prosesində ER-ın mövqelərini getdikcə itirməsi ilə bağlı məsuliyyət tamamilə Paşinyan və Qərb formatı üzərindədir.

2-ci mesaj Paşinyan hakimiyyətinə ünvanlanıb- ER öz mövqelərini Qərb platformasındakı danışıqlarda “güzəşt etməyə davam edərkən” RF-dan ER-ın mövqeyini İrəvandan daha çox müdafiə etməsini artıq tələb etməməlidir. Belə ki, göstərilən mövqe Moksvanın Bakı ilə  münasibətlərinə xələl gətirir.

İndiyə qədər RF Qərb platformasında əldə edilən proqresi, yəni ER-ın güzəştlərini qəbul və təsdiq etməyə məcbur olurdu. RF-ın ER-ı İrəvandan daha çox qoruması cəhdlərinə görə bu platformada irəliləyiş olmurdu, təşəbbüs isə Qərb platformasının əlində qalırdı. Mayın 25-də İ.Əliyev və N.Paşinyan arasında Moskvada V.Putinin iştirakı ilə keçirilən görüş də heç bir nəticə ilə yekunlaşmamışdı. Çünki, danışıqlarda proqres yalnız və yalnız ER-ın qeyri-konstruktiv mövqelərindən geri çəkilməsi nəticəsində mümkün olur. Yaranmış bu vəziyyət RF-ı danışıqlar prosesində Qərb platforması ilə konstruktiv rəqabətə məcbur etməkdədir.

Bu baxımdan iyulun 25-də Moskvada AR və ER XİN-lərinin görüşünün nəticələrinə dair Lavrovun mətbuat üçün açıqlaması həmin rəqabətin müsbət nəticəsi idi. Belə ki, Qərb platformasında müsbət irəliləyişdən sonra “Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi” mücərrəd anlayış kimi əsas maneə olaraq qalırdı. Buna əsaslanaraq ER hansısa beynəlxalq mexanizmlər tələb edirdi.

ABŞ-ın ER-dakı səfiri də “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi” ilə bağlı müzakirənin nəticələrinin əvvəlcədən müəyyən edilmədiyini göstərməklə ER-ın Qarabağlı erməniləri ilə bağlı “xilas olmaq naminə ayrılma” (Remedial secession) arzusuna eyham vurmuşdu.
Lavrovun bəyanatında isə Qərb platformasından da irəli gedilərək Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi mövzusunun çərçivələri müəyyən edildi: Azərbaycanın qanunvericiliyi və ərazi bütövlüyü; Alma-Ata bəyannaməsi; AR-ın qoşulduğu milli azlıqlara dair beynəlxalq konvensiyalar.
Beləliklə, ER-nın “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinə” dair tələbi mücərrədlikdən çıxaraq gələcək danışıqlarda, eləcə də Qərb platformalarında müzakirələrdə öz çərçivələrini müəyyən etmiş oldu.

Lavrovun bəyanatında digər müsbət məqamlar:
- “ER Qarabağdakı ermənilərə təsir etməlidir” göstərilir. Yəni, ER işğalçılıq siyasəti ilə və hələ də Qarabağdakı rejimi maliyyələşdirməklə buranın ermənilərinin məsuliyyətini üzərini götürüb;
- 3-cü tərəf və beynəlxalq mexanizmlər olmadan Qarabağda ermənilərinin AR hökumətinin nümayəndələri ilə danışıqları göstərilir;
- Sülhməramlıların "faydalı" işi qeyd olunmur;
- Laçın yolu və ya “dəhlizi” barədə söz açılmır;
- Qarabağ ermənilərinin ehtiyaclarını ödəmək üçün təminatı və təhcizatı yolu (Laçın) üçün ER imperativ olaraq göstərilmir; 
- ER ərazisində milli azlıqlar (Qərbi azərbaycanlılar) məsələsi gündəmə gətirilir.

Beləliklə, AR-ın yeritdiyi xarici siyasətlə fərqli və bir birinə düşmən qütblərin platformalarının birində əldə edilən nəticələr digərinə proyeksiya edilərək inkişaf etdirilir. İndi isə top Qərbin meydançasına keçdi, ona görə də proqres üçün daha aydın və konkret mövqe ortaya qoyulmalıdır.

@cssc_cqtm
👍29
Sanksiyalarla bağlı Qərbin ikili yanaşması: Qırğızıstan və Ermənistan nümunəsində
 
Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra aktuallaşan əsas məsələlərdən biri də Rusiyaya qarşı tətbiq edilən sanksiyalar çərçivəsində müəyyən edilmiş məhsulların üçüncü ölkələr vasitəsi ilə Rusiyaya yenidən (re-export) ixracıdır. Bu məhsullara əsasən elektornika, texniki avadanlıq, nəqliyyat vəsaitələri və onların hissələri kimi Rusiya tərəfindən hərbi sənayedə istifadə edilə bilən ikili təyinatlı məhsullar aiddir. Bu məhsulların Rusiyaya yenidən ixracında aktivliyi isə əsasən Avrasiya İqtisadi Birliyinə (AİB) üzv olan, Rusiya ilə sıx ticarət əlaqələrinə malik və Rusiyanın siyasi təsir imkanları çox olan ölkələr göstərir.
 
Qərb mətbuatında bu haqda tez-tez yazılsa da, bır sıra Qərb blokuna aid ölkələrin, xüsusilə də Amerika Birləşmiş Ştatlarının (ABŞ) rəsmi nümayəndələri tərəfindən bu haqda danışılsa da və yenidən ixracda iştirak edən ölkələrin müəyyən şirkətlərinə qarşı sanksiyalar tətbiq edilsə də bu məsələ ilə bağlı ölkələrə qarşı açıq-aydın ayrıseçkilik edilir. Sanksiyalardan yayınmaq məsələsinə görə Qərbin, xüsusilə də ABŞ-ın Ermənistan və Qırğızıstan nümunəsində ikili münasibət göstərdiyini açıq şəkildə görmək mümkündür. Qırğızıstanla müqayisədə Ermənistan Rusiyanın müdafiə sənayesində istifadə edilə biləcək məhsulların Rusiyaya ixracını dəfələrlə çox artırmışdır.
 
Baxmayaraq ki, Qırğızıstan kimi Ermənistanın da sanksiyalara məruz qalmış məhsulların Rusiyaya yenidən ixracında iştirakı ilə bağlı kifayət qədər əsaslı faktlar vardır, Ermənistana qarşı heç bir ciddi adım atılmır, sadəcə çox az sayda şirkətə (əsasən də rus şirkətlərinin törəmə şirkətlərinə) sanksiyalar tətbiq edilib. Onu da nəzərə almaq lazımdır ki, Ermənistan ilə Rusiya arasında yenidən ixrac Qırğızıstanla müqayisədə daha böyük həcmlərə, daha böyük artıma və çoxşahəliliyə malikdir. Bloomberg-in məlumatına əsasən 2022-ci ildə Ermənistan Rusiya hərbi sənayesi üçün yarımkeçiricilərin (çiplərin) ixracında dördüncü yerə yüksəlmişdir, 2021-ci il ilə müqaisədə 2022-ci ildə bu göstərici 187% artmışdır. Ona görə də aydındır ki, bu əməliyyatları icra etmək üçün çoxsayda erməni şirkəti iştirak edir.
 
20 iyulda ABŞ-ın Maliyyə Nazirliyi 120-dən çox əsasən rus şirkətləri ilə yanaşı 4 Qırğız şirkətini də sanksiya siyahısına əlavə etdi. Ehtimal etmək olar ki, yaxın dövrdə Qırğızıstan Rusiyaya yenidən ixracı dayandırmasa və bu məsələ ilə bağlı Qərblə razılığa gəlməsə ona qarşı dövlət səviyyəsində daha sərt sanksiyalar tətbiq edilə bilər. Lakin, indiyədək cəmi bir erməni şirkəti sanksiyalara məruz qalmışdır. Digər tərəfdən, Qırğızıstanın Rusiyaya yenidən ixracda iştirakı ilə bağlı ABŞ rəsmiləri açıq şəkildə bildirir, ABŞ və Aİ-dən nümayəndə heyətləri bu məsələ ilə bağlı Qırğızıstana səfər edərək müzakirələr aparır və Qırğızıstana qarşı xüsusi tədbirlər planı hazırlayır. Bunların heç birini Ermənistana qarşı münasibətdə müşahidə etmirik. Bununla da Qərb Ermənistanın qanunsuz əməllərinə göz yumur və özünün kiçik xrisitian dostunun qanunsuz yollarla gəlir əldə etməsinə şərait yaradır.
 
2022-ci ildə Rusiya və Qırğızıstan arasında ticarət dövriyyəsi 40.3% artaraq rekord həddə, 3.2 milyard dollara çatmışdır. Qırğızıstan gömrüyünün məlumatlarına əsasən 2022-ci ildə Qırğızıstandan Rusiyaya ixrac 145% artmışdır. Müqayisə üçün 2022-ci ildə Ermənistanın ixracı 78%, idxalı isə 63.5% artmışdır. Bu dövrdə Rusiyaya ixrac 2.4 dəfə artaraq 2.4 milyard dollara çatmışdır.
 
2023-cü ilin rəqəmlərinə əsasən Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi Qırğızıstanla müqayisədə daha çox artmışdır. Qırğızıstanın 2023-cü ilin ilk dörd ayında xarici ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25.4% artaraq 2.72 milyard ABŞ dollarına çatmışdır. 2023-cü ilin ilk beş ayında Ermənistandan Rusiyaya və Belarusiyaya ixrac 3 dəfədən çox artmışdır və nəticədə Rusiyaya ixrac 2.7 milyard dollara çatmışdır.
 
Daha ətraflı bax:
https://cssc.az/az/view/2/42/sanksiyalarla_bagli_qerbin_ikili_yanasmasi:_qirgizistan_ve_ermenistan_numunesinde
 
@cssc_cqtm
👍18
Paşinyan rejimi Qərbi Azərbaycanlıların hüquq və təhlükəsizliyi üçün təhdiddir

2018-ci ildə Ermənistan yarı-prezidentlik sistemindən parlamentar sistemə keçidi həyata keçirəndə Nikol Paşinyan “super Baş nazirlik sistemi ləğv edilməlidir” şüarını səsləndirirdi. Lakin, hakimiyyətə gəldikdən sonra Nikol Paşinyan üçün bu elə şüar olaraq qaldı. Paşinyan hər kəsə demokratik imicini sırımağa çalışsa da əslində o, əvvəl tənqid etdiyi sistemi qoruyaraq həmin sistemdə vəzifələrə öz adamlarını yerləşdirməklə məşğuldur.

Konstitusiya
Baş nazir kimi Paşinyan ən çox konstitusiya islahatlarından danışır. O, bunu şəxsi rejiminin möhkəmlənməsi üçün etməyə çalışır. Ona görə də islahatları ehtiyac yarandıqca təklif edir. Məsələn, 2018-ci ildə Paşinyan parlamentdə üstünlük əldə etmək istədiyindən konstitutsiyaya dəyişiklik edərək parlamentə növbədənkənar seçkilərin  həm də parlamentin özünü buraxması zamanı da keçirilməsini təklif etdi. Daha sonra keçmiş Prezident R.Köçəryanın məhkəmə tərəfindən azad edilməsindən sonra Paşinyan Ermənistanda azad məhkəmələrin yaradılması üçün konstitutsiya dəyişikliklərinə ehtiyacın olmasından danışdı. Pandemiyadan sonra ancaq hakim partiyadan olan deputatların iştirakı ilə konstitutsiyaya təklif edilən bu dəyişiklik parlament tərəfindən qəbul edildi. Dəyişiklikdən sonra 12 ildən çox konstitutsiya məhkəməsində çalışanlar öz vəzifələrini itirdilər və Paşinyana yaxın olan yeni üzvlər və sədr Parlament tərəfindən seçildi.

Polis
Serj Sarqsyanı polisdən şəxsi maraqları üçün istifadə etməkdə ittiham edən Paşinyan ötən 4 il ərzində bu sahədə islahat aparmadı. Əksinə, polis birbaşa ona tabe bir xidmət kimi çalışmağa davam etdi və ona ən çətin vaxtlarında kömək oldu. Eyni zamanda o, polis sisteminin başına öz uşaqlıq dostu Vahe Ğazaryanı gətirdi. Paşinyan yalnız 2022-ci ilin sonunda Daxili İşlər Nazirliyini yaratdı amma yenə də Ğazaryanı nazir təyin etdi.

Milli Təhlükəsizlik Xidməti (MTX)
MTX ilə bağlı isə Paşinyanın bəxti o qədər də gətirmir.  Belə ki, Paşinyan özünə yaxın adam kimi Agrişti Kərəmyanı 2020-ci ildə  MTX-a rəis təyin etdi. Həmin vaxt 29 yaşı olan Kərəmyanın bu vəzifəyə təyinatı uzun illər təhlükəsizlik orqanlarında çalışan bir çox əməkdaşın istefası ilə nəticələndi. Lakin, bu təyinat uğursuz oldu və 29 Kərəmyan 44 Günlük Müharibənin davam etdiyi dövrdə vəzifəsindən azad edildi. Hazırkı xidmət rəisi Armen Abazyan 2020-ci ildən bəri bu vəzifəni tutur. Lakin, Paşinyan ona tam etibar etmədiyi üçün bu xidməti öz nəzarətindən buraxmağa tələsmir.

Prokurorluq
2016-cı ildə təyin olunmuş baş prokuror Artur Davtyanın səlahiyyət müddəti 2022-ci ilin sentyabrında bitdikdən sonra Paşinyan bu imkandan istifadə edərək Parlamentdə ancaq hakim partiyanın deputatlarının iştirakı ilə keçirilən səsvermədə prokurorluq orqanlarında heç bir təcrübəsi olmayan Anna Vardapetyanın Baş prokuror seçilməsinə nail oldu. Qeyd edək ki, bundan əvvəl  Vardapetyan Paşinyanın hüquq məsələləri üzrə müşaviri idi.

Hakim partiyada şəxsi hakimiyyət
Nikol Paşinyan 2013-cü ildə yaratdığı Vətəndaş Müqaviləsi partiyasının 2022-ci ildə keçirilən iclasında ilk dəfə partiyanın sədri oldu. Bununla da Baş nazir olaraq hakimiyyəti əlində saxlayan Paşinyan partiya daxilində də bütün nəzarəti ələ almış oldu.

Nəticə
Bütün strateji sahələrdə özünün total nəzarətini quran Nikol Paşinyan ölkəni öz istədiyi formada idarə edir. Bu da Ermənistana qayıdacaq Qərbi Azərbaycanlıların hüquq və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı da şübhələr yaradır. Qərbi Azərbaycanlıları özünə təhdid kimi görən bir rejim nəinki onların hüquq və təhlükəsziliyini qoruyacaq, əksinə onlara qarşı ciddi təzyiqlər edəcəkdir.

Daha ətraflı: https://cssc.az/az/view/2/43/pasinyan_rejimi_qerbi_azerbaycanlilarin_huquq_ve_tehlukesizliyi_ucun_tehdiddir
👍13👎1
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin Diqqət Mərkəzi verilişində Azərbaycanla Ermənistan arasında gedən danışıqlar və hərbi toqquşma ehtimalları haqqında fikirlərini bölüşüb.

Daha ətraflı: https://youtu.be/6NWlxqBt6uk
👍8
Kemp Devid sammiti: Qlobal rəqabət Asiya müstəvisində
 
Avqustun 18-də ABŞ, C.Koreya və Yaponiya liderləri arasında ilk üçtərəfli sammit baş tutub. ABŞ Prezidentinin Kemp Devid iqamətgahında bir araya gələn Co Bayden, onun cənubi koreyalı həmkarı Yun Sok Yol və Yaponiya baş naziri Fumio Kişida əsasən Çin və Ş.Koreya tərəfindən artan təhdidləri müzakirə ediblər. Həmçinin, tədbir zamanı Ukrayna münaqişəsi və Rusiyaya qarşı sanksiyalar ətrafında da fikir mübadiləsi aparılıb.
 
Zərurət və hədəflər
Hazırda dünyanın diqqəti Ukraynaya yönəlsə də, yaxın on ildə qlobal gərginliyin növbəti ünvanının məhz Asiya-Sakit Okean regionu olacağı gözlənilir. Tayvan ətrafındakı mümkün Çin-Qərb toqquşması tərəfləri Şərqi Asiyada münaqişə ssenarisinə hazırlaşmağa vadar edir. Pekin və Pxenyan öz taktiki nüvə arsenallarını təkmilləşdirməyə və genişləndirməyə davam edir, ÇXR ordusu iki cəbhədə müharibə aparmaq imkanı üçün yenidən təşkil olunur. Bu həyəcan siqnalları, habelə bölgədəki mümkün münaqişənin nüvə müharibəsinə çevrilməsi riski ABŞ və müttəfiqlərini Asiya-Sakit Okean regionunda öz mövqelərini gücləndirməyə məcbur edir. 2021-ci ilin sentyabrında ABŞ, Böyük Britaniya və Avstraliya tərəfindən AUKUS müdafiə ittifaqının yaradılmasından sonra Vaşinqtonun növbəti hədəfi məhz bölgədəki digər müttəfiqləri C.Koreya və Yaponiya ilə qarşılıqlı əlaqələri daha üst səviyyəyə çıxarmaqla Şərqi Asiyada gözlənilən hücumlara adekvat cavab imkanlarını artırmaqdır. Bununla belə, Tokio və Seul arasında uzun müddətdir davam edən düşmənçilik üçtərəfli qarşılıqlı müdafiə paktı formatında daha sıx əməkdaşlığa başlıca maneə olaraq qalır.
 
Yaponiya-C.Koreya ziddiyyətləri
Koreya yarımadasının imperator Yaponiyası tərəfindən 35 illik işğalı (II Dünya müharibəsindən öncə və müharibə illərində), xüsusilə də yapon qoşunlarının Koreya xalqı və mədəniyyətinin məhvinə yönəlmiş addımları iki ölkə ictimaiyyəti arasında dərin kök salmış nifaq yaradıb. Lakin Çin və ŞKXR-in artan hərbi-siyasi potensialı Yaponiya və C.Koreyanı mövcud ziddiyyətləri kənara qoyaraq yaxınlaşmağa sövq edir. 2022-ci ilin noyabrında G20 sammiti çərçivəsində keçirilən üçtərəfli görüş zamanı C.Koreya prezidenti və Yaponiya baş naziri Ş.Koreyanın raket buraxılışları ilə bağlı daha sürətli məlumat mübadiləsi barədə razılığa gəliblər. Cari ilin martında Seul Tokio ilə hərbi kəşfiyyat məlumatlarını paylaşmağı bərpa edib. Apreldə Yaponiya C.Koreyanı tərcih edilən ticarət tərəfdaşları siyahısına qaytarıb. Həmçinin, mart ayında Yol Tokioya, may ayında isə Kişida Seula səfər edərək iki ölkə arasında 12 illik yüksək səviyyəli səfər tabusuna son qoyublar. Hazırda hər iki ölkə əhalisi istiləşmə siyasətinə skeptik yanaşsa da, ümumi təhlükənin yaratdığı tarixi zərurət ABŞ-ın çətiri altında yaxınlaşma prosesini qaçılmaz edir.
 
Sammitin nəticələri
Beləliklə də, sammitin yekun bəyanatına əsasən aşağıdakı razılaşmalar əldə olunub:

- Üç ölkə arasında böhran hallarında məsləhətləşmə öhdəliyi və bu məqsədlə fövqəladə qaynar xəttin yaradılması;
- Üçtərəfli hərbi təlimlərin intensivləşdirilməsini nəzərdə tutan illik hərbi təlim planı;
- Kəşfiyyat məlumatlarının mübadiləsinə dair yeni sazişlər;
- Hər il dövlət və hökumət başçıları səviyyəsində üçtərəfli sammitin, habelə ildə azı iki dəfə milli təhlükəsizlik müşavirləri səviyyəsində görüşün təşkili;
- Kiyevə yardımın, Moskvaya qarşı sanksiyaların davam etdirilməsi.
İlk baxışdan bu razılaşmalar ciddi uğur kimi görünməsə də, Tokio-Seul ziddiyyətləri fonunda tarixi əhəmiyyət kəsb edir.
 
Əks təsir
ABŞ-Yaponiya-C.Koreya üçbucağında artan əməkdaşlıq Çin, Ş.Koreya və Rusiya arasında intensiv qarşılıqlı fəaliyyətə səbəb olub. Çin və Rusiya silahlı qüvvələri havada və dənizdə birgə təlimləri gücləndirib. Ötən ay bu ölkələrin hərbi dəniz qüvvələri Yapon dənizində təlimlər keçirib. Rusiya və Çin bombardmançıları su hövzəsi üzərində birlikdə uçaraq Vaşinqtonla onun müttəfiqlərinə açıq mesaj verib. Pekin Kemp Devid sammitinin regional sabitlik üçün təhdid, düşmənçiliyi qızışdıran və digər ölkələrin strateji təhlükəsizliyinə xələl gətirən tədbir olduğunu bəyan edib.
 
@cssc_cqtm
👍16
İranın Azərbaycan siyasətinin Yaxın Şərq siyasətinə çevrilməsinin mahiyyəti
 
İranın siyasi elitası Azərbaycan ilə müstəqillik dövründə apardığı siyasətlərinin səhv olması və İkinci Qarabağ Müharibəsinə görə dəyişməli olduğu fikrindədir. Lakin, onlar bu səhvin mahiyyəti və dəyişikliyin hansı istiqamətdə aparılması ilə bağlı ortaq fikrə malik deyildir. Bu da İran üçün Azərbaycanı “həll edilməli olan problem”ə çevirir.
 
Ortaq fikrin olmaması İran-Azərbaycan münasibətlərinin təhlükəli məcraya sürüklənməsi ehtimalını artırır. Ötən dövrdə İran siyasətçilərinin aqressiv dili, hərbi təlimlər, Azərbaycan səfirliyində terror aktı, Fərid Səfərli hadisəsi, Bakıdakı sui-qəsd cəhdi bu təhlükənin əlamətləri kimi dəyərləndirilə bilər. Ən təhlükəli vəziyyət isə İranın Azərbaycan siyasətinin Yaxın Şərq siyasətinə çevrilməsi (yaxınşərqləşməsi) ola bilər. Bu təhlükə ciddi və davamlı olarsa, münasibətlərin normallaşması çətinləşəcəkdir.
 
Yaxınşərqləşmə siyasətinin xüsusiyyətlərinə qeyri-müəyyənlik, xarici siyasətin ideologiyalaşdırılması, düşmənçiliyin müqəddəsləşdirilməsi, terrorizm, təxribat fəaliyyətlərinin normallaşması, münasibətlərin İranda daxili siyasi münaqişəyə çevrilməsi, hərbi doktrinanın üstünlüyü, gizli fəaliyyətlərin genişləndirilməsi, qarşılıqlı etimadın aşınması, təxribat, müstəqil və silahlı qrupların müdaxiləsi, qara təbliğatın genişləndirilməsi, informasiya çaşqınlığı, inqilab ixracı siyasətinin prioritetləşdirilməsi, radikallaşmanın artması və digərləri aiddir.   
 
Azərbaycan siyasətinin yaxınşərqləşməsi İran XİN-in xarici siyasətin məsul icraçısı olmaqdan uzaqlaşmasına, məsuliyyət daşımaq və vədləri yerinə yetirmək qabiliyyətinin ciddi şəkildə zəifləməsinə gətirib çıxara bilər. Yəni, nazirlik münasibətlərin keyfiyyətinə və gedişinə nəzarət etmək imkanını itirə bilər. Bu da iki ölkə arasında siyasi kommunikasiyanın ciddi şəkildə korlanmasına səbəb ola bilər.
 
Yaxın Şərq siyasəti İranın xarici siyasətində məsuliyyətli tərəf problemini hər zaman aktual saxlayır. Səudiyyə Ərəbistanı (SƏ)-İran münasibətlərinin normallaşması üçün ilk addımların XİN tərəfindən deyil,  İranın Ali Milli Təhlükəsizlik Şurası tərəfindən atılması da bundan xəbər verir. Tehranda SƏ səfirliyinin açılmasına razılıq verilsə də, səfirlik rəsmi bina əvəzinə oteldə fəaliyyətə başlamışdır. Bu onu göstərir ki, İran XİN-in cerdiyi təminatlara baxmayaraq, SƏ münasibətlərin gələcəyindən əmin deyildir. Çin İranla 25 illik anlaşma memorandumu imzalayanda XİN-ə güvənməyərək Xamneyinin nümayəndəsi olmadan sənədi imzalamamışdı. Buna görə də Xamneyi Əli Laricanini Çinin nümayəndəsi təyin etməli oldu. 2019-cu ildə Qasım Süleymani o vaxtkı XİN Cavad Zərifə Suriya prezidenti Bəşər Əsədin İrana səfəri barədə məlumat verməyə belə ehtiyac duymamışdı. Buna görə Zərifin istefa verməyə cəhd etməsi məsuliyyətli tərəf problemini aktuallaşdırmışdı.
 
Yaxınşərqləşmə siyasəti XİN-i kölgədə qoyur. Üzdə məsuliyyəti olmayan müxtəlif qurumlar prosesə cəlb olunur. Bu halda XİN-in mövqeyinə uyğun olaraq ikitərəfli münasibətlərin gedişatını proqnozlaşdırmaq çox çətin olur. Bu, tərəflərdən mümkün gözlənilməz hadisələrə daima hazır olmağı tələb edir. Xarici siyasətin yaxınşərqləşməsi həm də XİN işçilərinin profilini də dəyişir. İranda Yaxın Şərq ölkələrinə göndərilən səfirlərin əksəriyyəti İnqilab Keşikçilərindən olan və ya diplomat xüsusiyyətlərinə malik olmayan radikal ideoloji baxışlara sahib adamlar olur. Suriyada səfir olmuş Mehdi Sübhaninin İranın Ermənistandakı səfiri təyin olunması Azərbaycanla münasibətlərdə bu transformasiyanın ilkin əlamətidir. Bu, təkcə səfirlərin dəyişməsi deyil, həm də səfirliyin bütün heyətinin transformasiyası deməkdir.
 
Ona görə də İran XİN Hüseyn Abdullahiyanın iyulda Bakıya səfərini və ondan sonra verdiyi bəyanatları Azərbaycanla münasibətlərin “yaxınşərqləşməsini istəmirlər” kimi şərh etməyə tələsmək olmaz. Görünür ki, İran İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycanla bağlı siyasətini dəyişmək istəyir və bu dəyişiklik siyasətin yaxınşərqləşməsi istiqamətində gedir. Bu prosesdə İran XİN-in bəyanatları çaşdırıcı ola bilər.

@cssc_cqtm
👍26👎1
Fransanın Cənubi Qafqazda pozucu siyasəti: Makron nəyə nail olmaq istəyir?
 
Fransanın Cənubi Qafqazda pozucu siyasəti getdikcə daha da güclənir və görünür, mətbuatda gedən məlumatlara görə 29-30 avqust tarixlərində özünün kulminasiya nöqtəsinə çatacaq.
Belə ki, rəsmi Paris ilk növbədə BMT Təhlükəsizlik Şurasında anti-Azərbaycan qətnaməsi və Avropa İttifaqı xarici işlər nazirləri toplantısında ölkəmizə qarşı tədbirlərin qəbulu təşəbbüsü ilə çıxış etməyi planlaşdırır. Həmin günlərdə Paris və Strasburq merləri Azərbaycan-Ermənistan şərti sərhədinə növbəti yük maşınları karvanı da göndərəcəklər.
 
Makron nəyə nail olmaq istəyir?
- Qarabağ erməniləri mövzusunun əks olunmadığı və yalnız ərazi bütövlüyü prinsipinə əsaslanan sülh müqaviləsi prosesini dayandırmaq, Qarabağ erməniləri məsələsini gündəmdə saxlamaq;
- Vaşinqton mərkəzli Qərbin regiondakı siyasəti üçün Türkiyə-Gürcüstan-Azərbaycan üçbucağına Ermənistanın simasında alternativ təklif etmək. Bu mümkün olmazsa İrəvanın əliylə sözügedən üçlü formata əngəl törətmək və Parisin liderliyilə Avropanın müstəqil siyasətini nümayiş etdirmək;
- Fransanın keçmiş nüfuzunu bərpa etmək. Xüsusilə Burkina-Faso, Mali, Nigerdəki uğursuzluqlar, əsasən anti-ABŞ ölkələrindən ibarət BRİKS sammitinə qatılma planlarının iflası fonunda Afrikada itirilən mövqeləri qismən Cənubi Qafqazda kompensasiya etmək;
- Ötən əsrin 90-cı illərinin ortaları və sonlarındakı Rusiya kimi Ermənistandan Bakı və Ankaraya qarşı təzyiq rıçaqı qismində istifadə etmək (Fransanın məhz Ərdoğanın yenidən seçilməsindən sonra regionda fəallaşması Parisin Cənubi Qafqaz siyasətinin təkcə Azərbaycanı deyil, ən yaxın müttəfiqimiz Türkiyəni də hədəfə aldığını təsdiq edir);
- İrəvanı müdafiə etməklə daxili siyasətə də məqsədlər güdülür. Bu yolla da erməni diasporu, din təəssübkeşləri, solçu, həmçinin millətçi qruplardan xal qazanmaqdır.
 
Fransanın resursları və imkanları
Paris diplomatik və təşkilati səviyyədə bütün resurslarını anti-Azərbaycan kampaniyası üçün cəmləşdirdiyindən fransızların hansı imkanlara malik olduğunu və nəyə nail ola biləcəyini anlamaq vacibdir. Paris məqsədlərinə çatmaq üçün müxtəlif koalisiyalar qurur və fərqli alətlərdən istifadə edir. Hədəflərə uyğun olaraq mexanizmləri və ölkələri müəyyənləşdirək:
- Aİ institutları Avropa vasitəçiliyinin məzmununu dəyişmək, Brüssel formatını beştərəfli formatla əvəzləmək məqsədilə Şarl Mişelin vasitəçiliyini gözdən salmaq və məhdudlaşdırmaq, eləcə də Azərbaycana qarşı təzyiq mexanizmi yaratmaq üçün istifadə olunur;
- Rusiya Fransa tərəfindən Qarabağ mövzusu üzrə alət kimi nəzərdən keçirilir. Bu məsələdə iki ölkə arasında konsensus var. Paris və Moskvanın maraqları üst-üstə düşür. Fransızlar bu kontekstdə Laçın yolundakı sülhməramlılar üçün hansısa güzəştlər istəyə bilərlər.
- İrana gəlincə, fransızlar artıq Tehranın Ermənistana dəstək verəcəyinə əmin olublar. Lakin Qarabağ məsələsində iranlılar susurlar.
- Həmçinin, Paris Hindistanı bölgəyə cəlb etməyə və Ermənistana İran vasitəsilə hind silahlarının verilməsini təşkil etməyə nail olub.
 
Makronu fikrindən kim çəkindirə bilər?
BMT TŞ səviyyəsində ABŞ, Aİ daxilində isə Almaniya Fransanı hazırki mövqeyindən çəkindirə bilər. Firkimizcə, ABŞ indiki mərhələdə Fransadan “pis polis” kimi istifadə edir, özü isə Azərbaycana münasibətdə “yaxşı polis” kimi görünməyə çalışır. Amma Paris öz rolunu olduqca aşağı səviyyədə ifa edir.
Almaniya və bütövlükdə Aİ-yə gəldikdə, Mərkəzi Asiyadakı 100 milyard avroluq potensial marağı Fransanın şıltaqlığı üzündən riskə atmaq onlara baha başa gələ bilər.
 
Azərbaycanın baxışı
Bakı artıq “yerdə” çox iş görüb və şərti sərhəddəki yük maşınları bu üstünlüyün göstəricisidir. Gözləmə mövqeyi hərəkətsizlik demək deyil. Azərbaycanın bir çox addımları irəlidədir və rəqiblərinin nəyə qadir olduğunu görməyə gücü çatır. Bununla yanaşı, növbəti addımlar üçün hazırlıq işləri aparılır. Bakı prosesləri necə idarə edəcəyini də yaxşı bilir. Real qarşıdurma zamanı həmin Fransa ilə münasibətlərin kəsilməsi belə gündəmə gələ bilər, əlbəttə ki, məsələ bu nöqtəyə çatarsa…
 
@cssc_cqtm
👍32👎1
BRICS G7-yə alternativ ola biləcəkmi?
 
CAR-da baş tutan BRICS sammiti bu ölkələr qrupunun genişlənməsi, habelə siyasət və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşməsi perspektivlərinə dair müzakirələrlə yadda qaldı.
   
Qısa arayış
2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən mövcud G7 formatına alternativ kimi qurulan BRIC dünyanın qeyri-qərb hissəsinin yüksələn ölkələrinin klubu, tərəfdaşlıq və koordinasiya platformasıdır. 2010-cu ildə CAR-ın bu formal ittifaqa qoşulması ilə qrup BRICS-ə çevrilib və üzv ölkələrin ümumi sahəsi 39,746,220 km², ümumi əhalisi isə təxminən 3,41 milyard nəfərə çatıb ki, bu da Yerin quru səthinin təxminən 26,7%-ni və dünya əhalisinin 41,6%-ni təşkil edir. BRICS-in dünya iqtisadiyyatındakı payı artıq 2023-cü ildə 32% səviyyəsinə yüksələrək G7-ni ötəcək. Hərçənd, birlik çərçivəsində formalaşan ÜDM-in təxminən 82%-i əsasən Çin, qismən də Hindistanın payına düşür.
 
Platforma genişlənir, iddialar artır
2024-cü ildə Argentina, Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı (SƏ) və BƏƏ-nin BRICS-ə qatılacağı gözlənilir. Birliyin bu ölkələrə dəvət göndərməsi İran və Efiopiyada böyük coşqu ilə, Misir, SƏ və BƏƏ-də daha ciddi tərzdə müsbət qarşılanıb. Yalnız Argentina müxalifəti oktyabrdakı prezident seçkilərində qalib gələcəkləri halda Buenos-Ayresin ərizəsini geri çəkərək, BRICS-ə girişi əngəlləyəcəklərini bildirib.
Yeni üzvlərin demək olar ki, hər biri dünyanın fərqli qitə və regionlarının lider dövlətləri olmaqla yanaşı, iqtisadi potensial və geostrateji mövqeyə uyğun olaraq seçilib. Genişlənmiş formatda BRICS artıq dünya karbohidrogen istehsalının 80%-nə, habelə mühüm təchizat marşrutlarına nəzarət edəcək. Bu, alyansın makroiqtisadi potensialını artıraraq daha geniş resurs və maliyyə dəstəyi sayəsində dollarsız hesablaşma sisteminə keçid, etibarlı təchizat zəncirləri şəbəkəsinin qurulmasına imkan verəcək. Yaxın Şərq-Çin transkontinental enerji dəhlizinin formalaşması artıq göz önündədir.
Bununla yanaşı, ilk dəfə olaraq Yohannesburq sammitində BRICS ölkələrinin “kollektiv təhlükəsizliyi” barədə danışılıb ki, bu da perspektivdə klub üzvləri arasında siyasi və hərbi əməkdaşlığın dərinləşməsindən xəbər verir.
 
Fərqli məqsədlər, vahid hədəf
BRICS ilk baxışdan anti-Qərb ölkələri blokunu xatırlatsa da, onun hazırki və gələcək üzvləri arasında Hindistan və SƏ kimi ABŞ ilə sıx əməkdaşlıq edən ölkələr də var. Rusiya və İran Qərblə açıq konfrontasiyaya getdikləri halda, Çin birbaşa qarşıdurmadan yayınmağa, digər ölkələrsə münasibətləri gərginləşdirməməyə çalışır, kompromislərə üstünlük verir.
Moskva BRICS-ə inteqrasiya layihəsi kimi baxır və onun Şanxay Əməkdaşlıq Təşkilatı, Avrasiya İqtisadi Birliyi ilə bütünləşməsini istəyir. Pekin isə BRICS-i yeni dünya nizamında arxalana biləcəyi ölkələr qrupu, həmçinin ikitərəfli münasibətlərin (Çin-Hindistan, SƏ-İran) nizamlanması platforması kimi nəzərdən keçirir.
Bir sözlə, klubun iştirakçıları ondan fərqli məqsədlər üçün istifadə edir. Lakin onları birləşdirən vahid hədəf var. Bu, yeni formalaşan qlobal güc mərkəzləri, regional lider ölkələrin dünya siyasətində və iqtisadiyyatında artan rolunu beynəlxalq idarəetmə arxitekturasına proyeksiya etmək, yeni qüvvələr balansını formalaşdıraraq dəyişən dünyada daha əlverişli mövqe qazanmaqdır.
 
Nəticə
BRICS-in genişlənməsi onun daha təsirli bir qrupa çevrilməsi ilə nəticələnə bilər. Lakin bu transformasiyanın nə dərəcədə uğurlu olacağı hələ tam aydın deyil. Belə ki, kəmiyyət dəyişikliyi heç də hər zaman keyfiyyət dəyişikliyinə səbəb olmur. BRICS təşkilati-hüquqi forması hələ də qeyri-müəyyən olan dövlətlərarası klub kimi qalır. Görünür, qrup daxilində hesab edirlər ki, siyasi-iqtisadi ittifaqı hüquqi cəhətdən rəsmiləşdirməyin və Qərblə açıq qarşıdurmaya getməyin vaxtı hələ çatmayıb. Müvafiq qərarların qismən qəbulu BRICS-in Kazan-2024 sammitində mümkündür. İstənilən halda, qlobal dəyişikliklər astanasında belə formatların əhəmiyyəti artacaq və yeni dünya nizamının formalaşacağı təqdirdə, üzv dövlətlər bu platformadan “Günəş altında daha yaxşı yer” əldə etmək üçün istifadə edə bilər.

@cssc_cqtm
 
👍13
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin Diqqət Mərkəzi verilişində Azərbaycanla Ermənistan arasında gedən danışıqlar və hərbi toqquşma ehtimalları haqqında fikirlərini bölüşüb.

https://www.youtube.com/watch?v=uwF_u_ZRvds
👍6
Separatçı rejimin “payızı”: Səbəb və nəticələr
 
Sentyabr ayı Qarabağdakı separatçı rejim üçün əlamətdar hadisə ilə başlayıb. Qondarma qurumun rəhbəri Arayik Arutyunyan “istefa” verib. Onunla birlikdə “dövlət naziri” Qurgen Nersisyan və “müşaviri” Artak Beqlaryan da “vəzifə”lərindən uzaqlaşıblar.
 
Mümkün səbəblər
Arayikin gedişi onun mövcud vəziyyətdəki acizliyi ilə bağlıdır. İrəvan və Moskvadan əli üzülən Arutyunyan çıxış yolunu yalnız “istefa” verməkdə görüb.

Bu, həm də separatçı qurum daxilində hakimiyyət çəkişməsinin daha da kəskinləşməsi və Qarabağ klanını təcəssüm etdirən “köhnələr”in təzyiqinin qanunauyğun nəticəsidir. Hakimiyyət dəyişikliyi prosesi avqustun əvvəlində qondarma rejimin qanunsuz “parlament”i rəhbərliyinə daşnak David İşxanyanın gətirilməsilə başlayıb. Separatçıların yeni “dövlət naziri”, yerli “təhlükəsizlik strukturları”ndakı fəaliyyətilə tanınan Samvel Şahramanyanın da vaxtilə qondarma rejimə rəhbərlik edən və ölkəmizə qarşı ən qatı mövqeyilə seçilən Bako Saakyana yaxın olduğu bildirilir.
Baş verənlərdə Paşinyanın uğursuz siyasəti də mühüm rol oynayıb. Belə ki, baş nazirin uzaqgörənlikdən yoxsul, səriştəsiz davranışı, təsirli addımlar əvəzinə boş səs-küyə üstünlük verməsi qondarma qurum daxilində halimiyyət dəyişikliyinə şərait yaradıb.
 
İlkin nəticələr
Arutyunyanın öz ətrafı ilə birlikdə separatçı rejimin rəhbərliyindən uzaqlaşdırılması Qarabağ klanı və daşnak tandeminin 2018-ci ildən bəri ilk qələbəsidir. Bu qrup Azərbaycana münasibətdə ən radikal mövqe nümayiş etdirir. Bölgədə radikalların aktivləşməsinə paralel olaraq, Livan, Fransa və ABŞ-da da daşnaklar xeyli fəallaşıblar.

Hakimiyyət dəyişikliyi Paşinyanla Qarabağ erməniləri rəhbərliyinin münasibətlərini daha da mürəkkəbləşdirəcək. Çünki bu qrup artıq baş nazir üzərində, kişik də olsa, qələbənin dadını hiss edib və daha artığına nail olmağa çalışacaq.
Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıması ilə bağlı Paşinyana qarşı irəli sürülən ittihamlar daha da şiddətlənəcək. Bunun qarşılığında isə Nikolun öz rəqibləri olan Qarabağdakı hərbi diktaturanı necə maliyyələşdirməkdə davam etməsi maraqlı olacaq. Əgər Arayık Ermənistanda siyasi nüfuza malik deyildisə və bir növ Paşinyanın Qarabağdakı ardıcılı kimi çıxış edirdisə, Qarabağ klanı ilə daşnaklar Ermənistanda siyasi gücə malikdirlər və öz nailiyyətlərini inkişaf etdirmək istəyirlər. Üstəlik, İrəvanda yerli seçkilərə az qalıb və bu, Qarabağ klanı üçün Ermənistanda hakimiyyəti geri qaytarmaq yolunda son şans ola bilər.
Hazırda Paşinyan üçün əsas məsələ Qarabağ ermənilərinin İrəvanda peyda olmamasıdır. Təbii ki, burada bir çox məsələ qarşıdakı mitinqlərin miqyasından, Ermənistanın özünün təhlükəsizliyi mövzusunun aktuallaşmasından, güc aparatının konsolidasiyasından asılı olacaq. Bölgədəki hərbi eskalasiya məhz erməni cəmiyyətinin diqqətini daxili mövzulardan yayındırmaq və ictimaiyyəti ümumi təhlükə qarşısında mövcud lider ətrafında birləşdirməyə xidmət edir.

Paşinyan paytaxtı itirə və burada rusiyapərəst qüvvələrin təsiri arta bilər. Rusiya ilə sıçrayışla artan ticarət dövriyyəsi fonunda reeksport və sanksiyalardan yan keçməyin bəhrəsini görən sahibkarlar öz maraqları naminə Paşinyandan asanlıqla imtina edə bilər.

Moskvaya gəlincə, şimal qonşumuzun belə vəziyyətdə istədiyinə nail olması - Qərblə Azərbaycan arasında münasibətlərin korlanması, sülh müqaviləsinin imzalanmaması və Ermənistanda rusiyayönlü qüvvələrin güclənməsi mümkündür.
 
Zaman azalır, məkan daralır
Azərbaycan aykido prinsipini tətbiq edir - zərbədən qaçır və hücum edənin enerjisindən yararlanır. Ermənilərin bütün fəaliyyəti sonda Azərbaycan üçün öz gündəmini həyata keçirmək yolunda əlavə fürsətə çevrilir. Lakin artıq indiki ssenaridə Ermənistanla razılığa gəlmək üçün getdikcə zaman azalır və məkan daralır. Paşinyan Araiki “Qarabaq ermənilərinin legitim təmsilçisi kimi” Azərbaycanla danışıqlara cəlb etməyə çalışsa da, bizim üçün qazdığı quyuya özü düşdü. Beləliklə də, “legitimlik” puç oldu və separatçı rejimin hərbi xunta mahiyyəti bir daha təsdiqini tapdı. Bu reallıq artıq Qərb üçün də aydın olmalıdır.   

 
@cssc_cqtm
👍32👎1
Qərb vasitəçiliyinin səhvləri
 
Azərbaycanla (AR) Ermənistan (ER) arasında davam edən sülh prosesi Ermənistanın mütəmadi təxribatları, diplomatik cəbhədə isə Qərb vasitəçiliyinin yanlışlıqları və bu yanlışlıqlardan Rusiyanın istifadə etməsi ucbatından ciddi təhlükə altındadır. Natamamlıq və qeyri-müəyyənlik, eləcə də birtərəfli yanaşma - bunlar ABŞ və Aİ-nin Bakı ilə İrəvan arasındakı vasitəçiliyinin xüsusiyyətləri və başlıca səhvləridir.
 
Natamamlıq və qeyri-müəyyənlik
- ABŞ və Aİ nizamlanma prosesindəki bir çox məqamlarla bağlı aydın mövqe sərgiləmir. Bu zaman tərəflərdən biri bu boşluqdan istifadə edir. Hazırda həmin tərəf məhz ER və onun havadarlarıdır. Bugünkü durğunluq fonunda sülh prosesinin Qarabağlaşdırılması gedir. Halbuki Azərbaycanla Ermənistan arasında dövlətlərarası prosesin Bakı ilə Qarabağ erməniləri arasındakı Azərbaycandaxili dialoqla əlaqələndirilməsi yanlışdır. 
- Qərb liderləri bölgədəki erməni sakinlərin hüquq və təhlükəsizliyi barədə tez-tez danışır, lakin hüquq və təhlükəsizliyin hansı ölkənin qanunları çərçivəsində təmin olunmasına dair susurlar. Rusiya XİN artıq ərazidə yaşayan ermənilərə hüquq və təhlükəsizlik təminatlarının Azərbaycanın ərazi bütövlüyü çərçivəsində verilməli olduğunu desə də, Aİ və ABŞ münasibətlərini dəqiqləşdirmir.
 
Məntiqsizlik və qeyri-ardıcıllıq
- ABŞ diplomatları Şuşaya səfərlərdən boyun qaçırır, bununla da faktiki olaraq, AR-in ərazi bütövlüyünə hörmətsizlik edirlər. Paşinyanın Qarabağ daxil ölkəmizin ərazi bütövlüyünü tanımasından sonra onun bu bəyanatının Qərbdən lazımi dəstək almaması baş naziri Rusiya və ermənilərin Qarabağ klanının asan hədəfinə çevirdi, sonuncuların bölgədə aktivləşməsi yolu ilə Rusiyanın sülh prosesini əngəlləməsinə şərait yaratdı.
- “Dağlıq Qarabağ” adlı ərazi vahidinin artıq mövcud olmadığı halda, ABŞ və Aİ tərəfi öz bəyanatlarında bu ifadədən istifadədə israr edir və artıq köhnəlmiş narrativi aktual saxlamaq cəhdilə AR-in bu bölgəsinin gələcəkdə xüsusi statusa malik olacağına dair ermənilərə yersiz ümidlər verirlər. 
- Laçın yolunun istifadəsi AR-in daxili işi olduğu halda, ABŞ və Aİ rəsmiləri hər fürsətdə bu məsələyə qarışırlar. Əgər onları Qarabağdakı ermənilərin humanitar vəziyyəti maraqlandırırsa, o zaman hansı yoldan istifadənin fərqi olmamalıdır. Ağdam yolundan istifadədən imtina isə Qərbin Laçın yolunun eksterritorial statusa malik olması istəyilə bağlıdır. Bir tərəfdən qürurla bəyan edilir ki, məhz Qərbin vasitəçiliyində ərazi bütövlüyü prinsipi əsas götürülüb. Digər tərəfdən Laçın yolunda AR-in sərhəd və gömrük qanunvericiliyinin tətbiqini qəbul etməkdən imtina olunur.
 
Birtərəfli yanaşma
- ABŞ və Aİ bəyan edir ki, Azərbaycanın Ermənistana qarşı ərazi iddiası olmamalıdır. Halbuki, məhz Ermənistanın qanunvericiliyində Azərbaycana qarşı ərazi iddiası var və Paşinyan da bunu etiraf edib. Üstəlik, vaxtilə AR ərazilərinin işğalı faktı Qərbə Ermənistanla, özü də ən avtoritar və rusiyayönlü liderlərlə əməkdaşlığı, onlara yardım etməyə mane olmayıb.
- Qərb üçün Qarabağ ermənilərinin Azərbaycandan mümkün köçü qəbuledilməzdir. Bəs azərbaycanlıların Ermənistandan və Qarabağdan qovulması necə?! Bu məsələ dilə gətirilirmi?
- Ermənistan Qarabağdakı müvəkkillərini, hərbi qüvvələrini maliyyələşdirir və bu, Qərb üçün normaldır. Elə isə ER ərazisində də AR Silahlı Qüvvələri olması normal qarşılanmalıdır. Əks halda, elə düşünülür ki, Qərb ərazi bütövlüyü prinsipini ancaq ER-nı qorumaq üçün aktuallaşdırır.
 
Nəticə 
Qərb ölkələrinin mövqeyindəki bu və digər mənfi məqamlar onların vasitəçiliyinin səmərəliliyinə xələl gətirir. Azərbaycan yaxşı anlayır ki, Qərb nizamlanma prosesinə Ermənistana yardım etmək üçün qoşulub. Amma bu yardım Azərbaycanın hesabına edilə bilməz. Qərb üçün sülh müqaviləsi danışıqların əsas prioritetidir, Rusiya isə qeyri-müəyyən dövrdən sonra imzalanmasını təklif edir. ABŞ və Aİ-nin göstərilən səhvləri ucbatından Rusiya yerdə resurları vasitəsilə sülh müqaviləsinin tez imzalanmasını əngəlləyir. Azərbaycan isə təkbaşına bu maneələrin aradan qaldırılması istiqamətində hərbi-diplomatik addımlarını atmaqdadır.

@cssc_cqtm
👍28👎2
Rusiya-Türkiyə münasibətləri: Soçi görüşü nəyi göstərdi?
 
Bugünlərdə Soçidə Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. Danışıqlar, xüsusilə Türkiyədə prezident seçkilərindən sonra Ərdoğanın Qərbə meyilliliyi artdığı bir dövrə təsadüf edib. Buna baxmayaraq, görüşün ilkin nəticələri belə deməyə əsas verir ki, Ərdoğan Rusiya ilə münasibətlərdə mövcud balansı saxlaya bilib.
 
Moskva-Ankara əməkdaşlığı
 
Türkiyə və ABŞ prezidentlərinin iyul görüşü, Ərdoğanın İsveçin NATO-ya qəbulu ilə razılaşması, həmçinin Ukraynanın Azov dəstəsi komandirlərinin Kiyevə qaytarılması ilk baxışdan çaşqınlıq yaradan siqnallar kimi görünür və daha çox Ankaranın Vaşinqtonla yaxınlaşması kimi qiymətləndirilirdi. Lakin Qərbin hərbi-siyasi müttəfiqi olan Türkiyəyə soyuq və qərəzli münasibətini dəyişməməsi (Aİ-yə qəbulla bağlı süni maneələr, Kirp məsələsinə birtərəfli yanaşma, Yaxın Şərqdəki kürd terror təşkilatlarına dəstək və s.) Ankaranı sürətlə formalaşan çoxqütblü dünya nizamında balanslaşdırılmış xarici siyasət xəttini davam etdirməyə vadar edir. Bu, xüsusən də ölkənin Rusiya ilə münasibətlərində sezilir.
 
Türkiyə soyuq müharibənin qızğın çağında belə bir neçə onillik ərzində SSRİ ilə kifayət qədər yaxşı anlaşıb. Mövcud iqtisadi-ticarət əlaqələri Türkiyə ağır sənayesinin inkişafına töhfə verib və soyuq müharibənin başa çatmasından sonra nüvə enerjisi, turizm, tikinti və başqa sahələrdə əməkdaşlıq üçün baza rolunu oynayıb.
 
Ötən illər ərzində hər iki tərəf Ankara və Moskva üçün vacib olan siyasi məsələlər üzrə həm ikitərəfli, həm də çoxtərəfli birgə fəaliyyət mexanizmləri hazırlayıb. 2020-ci ildə ikinci Qarabağ müharibəsi nəticəsində formalaşan Birgə Monitorinq Mərkəzi, yaxud da Türkiyə, Rusiya, Suriya və İranı bir araya gətirən Astana platforması qarşılıqlı əməkdaşlıq və məsləhətləşmələrin bariz nümunəsidir. Həmçinin, Türkiyə Rusiya-Ukrayna müharibəsi fonunda tərəflər arasında uğurla vasitəşilik edir. Məhz bunun sayəsində İstanbul Taxıl Təşəbbüsünün reallaşması və genişmiqyaslı hərbi əsir mübadilələri mümkün olub.
 
Soçi görüşünün yekunları
 
Öncədən də bəyan edildiyi kimi, Rusiya və Türkiyə liderlərinin Soçi danışıqları daha çox mövqelərin dəqiqləşdirilməsi xarakteri daşıyıb və burada hər hansı konkret razılaşmaların imzalanması nəzərdə tutulmayıb. Görüşün ümumi yekunlarını isə aşağıdakı kimi qruplaşdırmaq olar:  
 
- Ölkə liderlərinin bəyanatlarına əsasən, görüşün başlıca mövzusu Ukrayna böhranı və taxıl dəhlizi olub. Sonuncu məsələ ilə bağlı Rusiya tərəfi öz mövqeyində qalaraq, yalnız Qərbin müəyyən şərtlərə əməl etməsindən sonra dəhlizin bərpa olunacağını bildirib. Ankara və Moskva Rusiya taxılının emal edilərək Afrika ölkələrinə göndərilməsi ilə bağlı razılığa gəliblər.
- Danışıqlar zamanı iqtisadi əməkdaşlığa, o cümlədən milli valyutalardan istifadəyə və nüvə enerjisinin inkişafına xüsusi diqqət ayrılıb. Tərəflər Türkiyə qaz qovşağının yaradılması məqsədilə işçi qrupunun təsis olunması qərarına gəliblər.
- Soçidə Livan, Suriya və Cənubi Qafqazla bağlı müzakirələr də aparılıb. Xüsusilə hər iki ölkənin müdafiə nazirləri arasında ayrıca görüş keçirilib. Lakin bu müzakirələrin detalları barədə məlumat verilməyib.
 
Nəticə
 
Hazırda çoxqütblülüyün gücləndiyi bir zamanda Rusiya ilə Türkiyə arasındakı münasibətlər hər iki ölkə üçün xüsusi önəm kəsb edir. Mövcud qlobal və regional reallıqlar Türkiyə rəhbərliyini çoxvektorlu xarici siyasət yürütməyə, fərqli məkanlarda müxtəlif imkanlar və faydalar axtarmağa sövq edir. Rusiya-Türkiyə münasibətləri təkcə Moskva və Ankara üçün deyil, həm də qonşu dövlətlər, eləcə də əsas qlobal oyunçular üçün vacibdir.
 
Təsadüfi deyil ki, Çin Ankaranı BRICS-də görmək istəyini məhz Soçi görüşü ərəfəsində açıqlayıb. Türkiyənin də öz növbəsində bu kluba və Şanxay Əməkdaşlıq Təşkilatına getdikcə daha çox maraq göstərəcəyi gözlənilir. Soçi görüşü bir daha göstərdi ki, Türkiyə əvvəlki xarici siyasət kursunu davam etdirəcək və sanksiyalara qoşulmayaraq Rusiya ilə əlaqələri daha da gücləndirəcək.
 
@cssc_cqtm
👍27
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktor müavini Fuad Çıraqovun ABŞ-ın nüfuzlu The National İnterest jurnalında Laçın yolu ətrafında Ermənistanın beynəlxalq miqyasda təşkil etdiyi süni böhrana həsr edilmiş məqaləsi dərc edilmişdir. Məqalədə giriş hissəsində Ermənistanın Laçın ətrafında yaratdığı süni böhranla bir müddət əvvəl kövrək ümidlər vəd edən danışıqlar prosesinə ciddi şəkildə zərbə vurduğu göstərilir. Məqalədə Laçın yolundan əvvəllər minaların, silahların və İslam İnqilabi Keşikçilərinə bağlı şəxslərin qaçaqmalçılığında istifadə edildiyi xatırladıldı. Müəllif Laçın yolu ətrafında yaradılan süni böhrandan Ermənistanın alət kimi istifadə edərək məsələni BMT TŞ iclası səviyyəsinə qədər gətirməsini qeyd etdi. Xatırladıldı ki, TŞ-nın iclasında bəzi ölkələrin çıxışlarında humanitar məsələlərdən siyasi məqsədlər üçün istifadə etməmək çağırışı təsadüfi deyildi. Ermənistanın apardığı kampaniya ilə Azərbaycana, beynəlxalq ictimai rəyə və BMT TŞ üzvü olan ölkələrə qarşı psixoloji və mənəvi təzyiq etməyə çalışdığı göstərildi.

Bu kampaniya ilə Ermənistanın beynəlxalq ictimai rəydə guya “Qarabağ erməniləri Azərbaycanın tərkibində yaşaya bilməz” qənaətini yeritməyə çalışdığı diqqətə çatdırıldı. Bununla da əslində Ermənistanın danışıqlar prosesində əvvəlcədən səmimi olmadığı izah edildi. Bu həqiqəti oxuculara izah etmək üçün 2021-ci ildə Ermənistanda parlament seçkilərindən sonra yeni hökumətin Qarabağ ermənilərinin Azərbaycandan xilas olma naminə ayrılmasına (remedial seccession) nail olması ilə bağlı öhdəlik götürməsi xatırladıldı. Ona görə də Laçın yolu ətrafında yaradılan süni böhranın da əsl məqsədinin buna xidmət etdiyi göstərildi. Məqalədə eləcə də, Qarabağdakı ermənilərin yaranmış vəziyyətin girovuna çevrilməsi qeyd edildi. Nəticədə isə digər dövlətlərə əgər onların həqiqətən də Qarabağdakı ermənilərin humanitar böhranla üzləşdiklərinə inanırlarsa, Azərbaycana qarşı edilən təzyiqlərin məqsədi məhz humanitar əsaslıdırsa onlara Ağdam yolunun açıq olduğu xatırladıldı.

Daha ətraflı: https://nationalinterest.org/feature/guiding-conflicting-factions-toward-addressing-lachin-crisis-206787
👍16