CSSC Baku – Telegram
CSSC Baku
3.07K subscribers
12 photos
2 videos
201 links
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) Azərbaycanda, Bakıda yerləşən, Cənubi Qafqazda və onun qonşuluğunda siyasi və iqtisadi prosesləri tədqiq edən müstəqil qeyri-hökumət təşkilatıdır. Yayımlanan materiallara istinadın verilməsi vacibdir. www.cssc.az
Download Telegram
Sualtı daşların üzə çıxarılması sülh prosesi üçün risk yarada bilər

Vaşinqton görüşlərindən sonra Azərbaycan və Ermənistan arasında münasibətlərdə yeni reallığa uyğunlaşma prosesi gedir. Birgə Bəyannamədə qeyd olunan bəzi istiqamətlər əsasında Sülh prosesi aydın çərçivə qazanıb: ATƏT-in Minsk qrupunun buraxılması, TRIPP/Zəngəzur dəhlizi üzrə erməni-amerikan konsorsiumunun yaradılması, sərhədin müəyyənləşdirilməsinin ikitərəfli hökumətlərarası komissiya çərçivəsində həll edilməsi və əlavə etimad artırıcı tədbirlər.

Vaşinqton görüşü, tərəflərin bir-birinə qarşı istifadə etmədiyi ilk beynəlxalq platforma ola bilərdi, əgər ABŞ prezidentinin Ermənistan baş nazirinə "23 xristian məhbus" barədə əsassız vədləri və "bu sizin üçün vacibdir?!" sualı olmasaydı... Paşinyanın bu sauala cavabını biz eşitmədik.

Vaşinqtondakı final mətbuat konfransında da erməni jurnalisti tərəfindən Qarabağı tərk edən ermənilərin taleyi ilə bağlı sual verildi, lakin cavab alınmadı. Deməli, bu mövzu ikitərəfli danışıqlarda müzakirə edilməyib.

Bu mövzu "sualtı daşlardan" biridir ki, Paşinyan yönlü ekspertlərin, müxtəlif kilsə xadimlərinin və diaspor təşkilatlarının təşviqi ilə üzə çıxmağa başlayıb.

Bu, yeni reallığa uyğunlaşma dövrünün bir hissəsidir - yeni şərtlər əsasında növbəti addımlar müəyyənləşdirilir. Lakin axtarışlar yanlış yerdə və yanlış mövzular üzrə aparılır.

Gəlin bu "sualtı daşları" (yəni, müzakirə olunan mövzuları) müəyyən edək və onları Bakının nöqteyi-nəzərindən, həm də sülh prosesi baxımından qiymətləndirək:


- Qarabağı tərk edən ermənilərin taleyi

Bu mövzu münaqişənin humanitar tərəfi kimi qəbul edilir. Azərbaycan bunu ayrıca müzakirə etməyəcək! Ermənistan hökuməti, kilsə, diaspor və ya xarici dövlət tərəfindən "Ermənilərin Qarabağa qayıdışı" mövzusu necə vurğulanırsa, "Qərbi Azərbaycanlıların qayıdışı" da eyni şəkildə vurğulanacaq.

Terminologiya baxımından "deportasiya" və "etnik təmizləmə" ifadələrindən istifadə olunur. Deportasiya dövlət tərəfindən həyata keçirilir, Qarabağda isə bunu Ermənistan büdcəsindən maaş alan rəsmi erməni strukturları təşkil edib. Bu qərar kollektiv şəkildə qəbul edilib və həmin qərarı qəbul edənlərin bir qismi Azərbaycanda ittiham olunur, digərləri isə Ermənistanda sərbəst gəzir.

- Azərbaycanda həbsdə olan və ittiham edilən Ermənistan vətəndaşları (və digərləri)

Erməni ekspertləri onları "girov" və ya "hərbi əsir" adlandırır. Amma Bakı Ermənistan və Livan vətəndaşları olan bu şəxslər üçün heç bir tələb irəli sürmür. O halda, onlar necə "girov" ola bilər?

Hərbi əsirlər? Müharibədən sonra bütün hərbi əsirlər azad edilib.

Üstəlik, 23 nəfərin hamısının hüquqi vəziyyətinin eyniləşdirilməsi qarışıqlıq yaradır, çünki bəziləri artıq məhkum edilib, digərləri üzrə məhkəmə prosesi davam edir. Məhkum edilmiş şəxsləri ittiham olunanlarla eyni səviyyəyə qoymaq düzgün deyil.

- Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan və Ermənistanın öz ərazisi hesab etdiyi torpaqlar

Bu mövzu da artıq ictimai müzakirələrdə səsləndirilməyə başlayıb, halbuki sərhədin müəyyənləşdirilməsinin tamamilə hökumətlərarası komissiya çərçivəsində həll ediləcəyi bildirilib. Sülh prosesində hər hansı addımı "Ermənistan ərazilərinin azad edilməsi" ilə şərtləndirmək cəhdi əksməhsuldardır!

Bir sözlə, bu mövzuların üzə çıxarılması sülh prosesinə ziyan vurur. Hazırki sülh prosesi Qarabağ mövzusunun beynəlxalq səviyyədə istənilən kontekstdə aktuallaşdırılması cəhdlərinə son qoyur. Məhz bu səbəbdən Bakı bunu ilkin şərt kimi irəli sürüb.

Ermənistan hökuməti və Paşinyan yönlü ekspertlər deyirlər ki, Azərbaycan tərəfinin Konstitusiya dəyişikliyi ilə bağlı tələbləri prosesə zərər verir. Eynilə, yuxarıda qeyd olunan mövzular da sülh prosesinə mane olur.

Bu daşlar su altında qalmalıdır, əks halda əsas sülh gündəmini unudaraq, bu ikinci dərəcəli məsələlərə daha çox diqqət yetirmək riski yaranar.

@cssc_cqtm
👍9
Rusiyadan Ukraynadakı SOCAR infrastrukturuna daha bir zərbə...

Rusiya Ukraynadakı SOCAR infrastrukturuna qəsdən daha bir zərbə endirib.

Xatırladaq ki, ilk zərbələrdən sonra Azərbaycan Ukraynaya silah satışına qoyulan məhdudiyyətləri aradan qaldıra biləcəyini bəyan etmişdi. Məntiq sadədir: Əgər Moskva bütün Ukraynaya müdaxilə dövründə etmədiyini edirsə, onda Bakı da əvvəllər etmədiyini etməyə başlayacaq.

Özü də Rusiya hərbçilərinin zərbəsi baş nazirin müavini Overçukun bu həftə Moskvada növbəti hökumətlərarası komissiyanın keçiriləcəyini elan etməsindən sonra baş verib. Əvvəlki iclas keçən ilin avqustunda Bakıda keçirilmişdi.

Overçuk bu elanı Bakının razılığı olmadan etməzdi. Yəni Bakı münasibətlərdə "çətin dövr" olmasına baxmayaraq, hökumətlərarası komissiyanın keçirilməsinə razılıq verib. Güman edilir ki, bu ayın sonunda Pekində yüksək səviyyəli görüş üçün hazırlıq ola bilər.

Bura Azərbaycan Prezidentinin ABŞ KİV-lərindəki son çıxışını da əlavə edək. Həmin çıxışda vurğulanıb ki, AZAL-ın mülki təyyarəsi Rusiya hərbçiləri tərəfindən qəsdən vurulmayıb.

Ancaq Rusiyanın işğalçı qoşunlarının SOCAR infrastrukturuna növbəti zərbəsi qəsdən vurulub!

Bununla yanaşı, Rusiyanın regionlarında azərbaycanlıların ünvanlı həbsləri davam edir, hər gün Rusiya ictimai rəyi müxtəlif dərəcəli siyasətçilər və ictimai xadimlər tərəfindən irəli sürülən ksenofob, azərbaycanfob və faşist məzmunlu bəyanatlarla qızışdırılır.

Beləliklə, görürük ki, paytaxtlar arasında siyasi dialoqun olmaması şəraitində Moskvada Bakıya qarşı iki xətt formalaşıb: Konfrontasiya və əlaqələri bərpa etməyə çalışan iki xətt. Hər dəfə ikinci xətt üzrə hər hansı addımlar nəzərdə tutulduqda, daha çox gərginliyə səbəb olan təxribatlar həyata keçirilir. Bu davranış xətləri yenə də şərtidir, çünki Moskvada koordinasiya mərkəzi birdir - Kreml.

Bu davranış Bakı üçün tanışdır. Eyni proses İranda da baş verir, müxtəlif hakimiyyət qolları Azərbaycana qarşı bir-birini istisna edən davranış xəttini həyata keçirirlər.

Ancaq Rusiya İran deyil... Moskvada İrandan daha çox mərkəzləşmə var.

Bakının cavabını gözləyəcəyik
... Moskvada hökumətlərarası komissiyanın iclası keçiriləcəkmi?!

Əgər Azərbaycan Rusiyanın işğalçı qoşunlarının Ukraynada SOCAR infrastrukturuna endirdiyi zərbələrə cavab olaraq Ukraynaya silah satışına başlayarsa, o zaman Azərbaycan Rusiyanın qeyri-dost dövlətlər siyahısına düşəcək. Bunun da Rusiya qanunvericiliyindən irəli gələn bir sıra nəticələri olacaq. Bu, Rusiyada hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlılara qarşı genişmiqyaslı hücumlara da səbəb ola bilər. Moskva buna qadirdir.

Beləliklə, Pekində mümkün görüş ərəfəsində Rusiya gərginlik səviyyəsini qaldırır və Bakı bunu cavabsız qoymayacaq. Əsas sual budur: Necə və nə vaxt cavab vermək lazımdır?!

@cssc_cqtm
👍14👎1
ŞƏT-in qarşıdakı sammiti nə vəd edir...

31 avqust - 1 sentyabr tarixlərində dünya ictimaiyyətinin diqqəti Çinə yönələcək. Belə ki, Tyantszin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci yubiley iclası keçiriləcək. Daha sonra qələbənin 80 illiyi münasibətilə təntənəli mərasimlər baş tutacaq. Tədbirlərə onlarla dövlət başçısı dəvət olunub.

Hal-hazırda 10 ölkə ŞƏT-in tamhüquqlu üzvü, 14 ölkə dialoq tərəfdaşıdır. Daha 10 ölkə isə təşkilatda müşahidəçi statusu almaq üçün müraciət edib. ŞƏT Mərkəzi Asiya ölkələri və Çinin Rusiya ilə siyasi dialoq platforması kimi qurulub. İllər keçdikcə struktur genişlənib. Burada əsas sütunlar ekstremizm, terrorizm və separatizmə qarşı mübarizədir. Lakin siyasi dialoq və antiterror mərkəzinin yaradılması ilə yanaşı, Çin uzun müddətdir ki, ŞƏT-in iqtisadi və rəqəmsal istiqamətini də inkişaf etdirir. Bu sammitdə məhz iqtisadi sahə üzrə sıçrayış gözlənilir.

Bu il ŞƏT bir sıra çağırışlarla üzləşib.


Hindistan və Pakistan arasında müharibə ŞƏT üçün əsl imtahan oldu. Bu ölkələr arasındakı qarşıdurma sammitin yekun sənədlərinə öz təsirini göstərə bilər.

İsrail və ABŞ-in İranla müharibəsi də ŞƏT-in vahid mövqe formalaşdırmasında çətinliklər yaratdı. İran ŞƏT üzvü olsa da, Hindistanın yanaşması müharibə ilə bağlı vahid mövqedən çıxış etməyə imkan vermədi.

Çin və Hindistan arasında rəqabət
 ənənəvi hal olsa da, Hindistan-ABŞ münasibətlərinin gərginləşməsi fonunda bu rəqabət konstruktiv xarakter alıb. Məhz bu amil qeyd edilən çağırışlara baxmayaraq, ŞƏT sammitinin müsbət tonda keçəcəyini vəd edir.

ŞƏT Azərbaycan üçün niyə vacibdir?

Hal-hazırda Azərbaycan ŞƏT-in dialoq tərəfdaşıdır və Bakı təşkilatın tamhüquqlu üzvü olmaq niyyətindədir. Çində keçiriləcək sammit bu istiqamətdə həlledici ola bilər. Lakin nəzərə alaq ki, ŞƏT daxilində hələ də genişlənmə məsələləri müzakirə olunur.

Azərbaycanın xarici siyasətində Asiya istiqamətini ŞƏT ilə qarşılıqlı əlaqə olmadan təsəvvür etmək mümkün deyil. Belə ki, ŞƏT-də iştirak Çin ilə münasibətlərin mühüm elementidir.

ŞƏT-də Mərkəzi Asiyanın dörd ölkəsi, yəni Türkmənistan istisna olmaqla hamısı iştirak edir. Mərkəzi Asiya ölkələri Azərbaycanın strateji müttəfiqləridir və əgər Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində iştirak edirsə, onda ŞƏT-ə üzvlük bunun məntiqi davamıdir.

Azərbaycanla yanaşı, Ermənistan da ŞƏT-ə üzvlük üçün müraciət edib. Bu baxımdən, Azərbaycan və Ermənistanın bu xətti paralel olaraq aparması gözləniləndir. Ümumi regional baxışı formalaşdırmaq üçün Gürcüstanın da bu formata cəlb edilməsi lazımdır.

ŞƏT-in iqtisadi istiqaməti Azərbaycan üçün çox maraqlı və aktualdır, bunun üzərində işləmək lazımdır.

ŞƏT-in pərdəarxası

Aydındır ki, sammitdə iştirak edən liderlər ikitərəfli görüşlər keçirəcəklər. Burada Azərbaycan və Rusiya, Azərbaycan və Ermənistan, Ermənistan və Rusiya liderləri arasında mümkün təmaslar maraq doğurur.

Bu üç fərqli görüş həm ikitərəfli formatda, həm də regional perimetrdə əhəmiyyət kəsb edir.

@cssc_cqtm
👍13
Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq

Cənubi Qafqaz regionunda yeni parametrlər formalaşır. Region ölkələri son üç onillikdə sabit kimi görünən regionun baza parametrlərini dəyişdirmək üçün addımlar atırlar.

44 günlük müharibənin 4 nəticəsi var, onlardan biri tam həcmdə həyata keçirilib, digər üçü isə icra prosesindədir. Gəlin bu nəticələrə və ayrı-ayrı ölkələrin onlara münasibətinə nəzər salaq.

1. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası. Müharibə bitdikdən sonra üç il ərzində bir çox ölkələr onun nəticələrini dəyişdirməyə çalışdılar. Lakin 2023-cü ildən sonra uyğunlaşma prosesi gedir.

ATƏT-in Minsk Qrupunun buraxılması və bu qərar üçün ATƏT-in bütün üzvlərinin, o cümlədən MQ-nün üç həmsədrinin səs verməsi göstərdi ki, Moskva, Vaşinqton, Paris, Brüssel üçün mövzu bağlanıb. İran prezidenti Qarabağı ziyarət etdi və mövzunu İran üçün bağladı.

Bəli, bu ölkələrdə mövzunu canlandırmaq istəyən qruplar var, amma onlar azlıqdır. Hətta Rusiya artıq ölkəyə Qarabağ ermənilərini Azərbaycana qarşı iddialar formalaşdırmaq üçün yox, Ukraynadakı müharibədə iştirak etmək məqsədilə cəlb edir. Yəni, ən passionar Qarabağ erməniləri qurban verilir.

2. Azərbaycan və Ermənistan arasında sülh. Bu prosesin artıq son müddəti bəlli olub. Ölkələr sülhə hazırdır və razılaşdırılmış addımlar atırlar.

ABŞ və Aİ sülhə yatırım etməyə hazırdır, Türkiyə və Gürcüstan prosesi səmimi dəstəkləyir.

Rusiya və İran dişlərini sıxaraq sülh prosesini dəstəkləyir, lakin praktiki nəticələrin həyata keçirilməsini uzaqlaşdırmaq üçün mövcud resurslardan istifadə etməyə çalışırlar. Lavrovun Vaşinqton sazişlərinin necə həyata keçiriləcəyi ilə bağlı bəyanatları da bununla bağlıdır. Moskva və Tehranda başa düşürlər ki, Azərbaycan və Ermənistan arasında sülhün indi, Rusiya və İranın resurslarda məhdud olduğu bir dövrdə həyata keçirilməsi onların maraqları üçün mənfi nəticələr doğuracaq.
Azərbaycan və Ermənistan arasında müharibə ehtimalının olmaması Ermənistanın hərbi mənada Rusiya və İrana ehtiyacını azaldır. Rusiya hələ də mövcud vəziyyətdə öz mövqeyini formalaşdırır. Hələ də ənənəvi şantaj və təzyiq alətlərini daxili siyasət, diaspor və iqtisadi əlaqələr vasitəsilə tətbiq etməyə çalışır. İran isə görünür, Ermənistanla hərbi ittifaq ideyasından imtina edib və Paşinyan hökuməti ilə strateji tərəfdaşlığı rəsmiləşdirməyə çalışır.

3. Ermənistan-Türkiyə normallaşması. Tərəflər hazırdır, Azərbaycan bu prosesin öz gündəliyi ilə tam sinxronlaşdırılmasına nail olub. Artıq məsələ yetişir...

ABŞ və Aİ bu mövzuya uzun müddətdir hazırdır və hətta prosesin sponsorları kimi çıxış edirlər.

Rusiya və İranı ən çox bu mövzu narahat edir, çünki Ermənistanda Türkiyə yoxdur və normallaşmadan sonra Türkiyə regionda təmsilçilik baxımından irəli çıxır.
Rusiya və İran Türkiyənin Ermənistanda peyda olmasına hazırlaşır, amma buna mane olmaq getdikcə çətinləşir.

4. Kommunikasiyaların açılması. Azərbaycan və Ermənistan hazır olduqlarını göstərir. ABŞ də yerdə bu prosesdə iştirak etməyə hazırlaşır, Aİ isə layihəni maliyyələşdirməyə hazırdır - xüsusi nümayəndə Qrono artıq Bakı və Naxçıvanı, həmçinin Ermənistanı ziyarət edib.

Lakin bu mövzuda hələ də boşluqlar var
. Buna görə Rusiya və İran Ermənistan ərazisində öz iştirakını və maraqlarını təmin etməyə çalışır. Odur ki, yolların açılması mövzusunda "son döyüş" olacaq. Bu, Zəngəzur dəhlizində TRIPP sahəsinin parametrlərinin müəyyən edilməsi və infrastruktur inşasının başlanmasınadək davam edəcək.

Ermənistan layihəni İran, Fransa və Rusiya ilə uyğunlaşdırmaq üzrə böyük iş görür.

Beləliklə, region ölkələri bölgənin parametrlərini yaradacaq müharibə nəticələrinin həyata keçirilməsinə başlayıblar. Qərarlar yalnız Azərbaycan və Ermənistan tərəfindən qəbul edildikdə, hər hansı bir xarici oyunçu fakt qarşısında qoyula və yeni reallığa uyğunlaşma prosesini sürətləndirə bilər. Bu dövrdə silkələnmələr və maneələr olacaq. Lakin proses gedir...

@cssc_cqtm
👍12
Yaxın Şərq həyatımızda getdikcə daha çox yer tutur...

Tarix bütün daşları öz yerinə qoyur və Cənubi Qafqaz regionu təbii vəziyyətinə qayıdır. Bu vəziyyət 19-cu əsrin əvvəllərində regionun Rusiya imperiyasına birləşdirilməsi ilə pozulmuşdu.

Cənubi Qafqaz həmişə Yaxın Şərq və Mərkəzi Asiyadakı proseslərin ayrılmaz hissəsi olub. Düzdür, o, bir növ periferiya idi, amma regionumuza hardan baxsaq - Rusiya, Avropa, Çin, Yaxın Şərq və Mərkəzi Asiya üçün Cənubi Qafqaz periferiyadır. Bunu dəyişmək mümkün deyil, sadəcə olduğu kimi qəbul etmək lazımdır.

90-cı illərin əvvələrindən Yaxın Şərq ölkələrinin regionumuzdakı mövcudluğu artıb. Bu gün artıq Cənubi Qafqaz elə bir nöqtəyə çatıb ki, Yaxın Şərq bölgəmiz üçün həm siyasi, həm də iqtisadi mənada əsas istiqamətlərdən biri hesab edilə bilər. Azərbaycan və Ermənistan rəhbərlərinin Əbu-Dabi danışıqları, ticarət dövriyyəsinin artması, regiona səfərlər və s...

Biz Yaxın Şərqə nə ilə qayıtdıq?

- Azərbaycan dünyəvi dövlətdir. Bu təqdimat Yaxın Şərq üçün vacibdir.

- Azərbaycan Yaxın Şərqin bütün tərəfləri ilə əlaqələrə malikdir:

• Türkiyə ilə ittifaqdayıq;
• Körfəz ölkələri ilə strateji xarakterli münasibətlər qurulur;
• İraq və Misir üzrə ayrı-ayrı istiqamətlərdə təmaslar var;
• İranla çoxistiqamətli qarşılıqlı əlaqədəyik, amma öz təsir rıçaqlarımızdan da istifadə edirik;
• Yəhudi dövləti ilə strateji münasibətlər saxlayırıq.

Suriyada aktivlik Azərbaycana ilk dəfə olaraq "yerdə" fəaliyyət göstərmək, vasitəçi rolunu və çoxtərəfli qarşılıqlı əlaqə sxemlərinin iştirakçısı olmaq imkanları yaradır.

Risklər:

Əsas risk Yaxın Şərqdəki çoxsaylı münaqişə və müharibələrə cəlb olunmaqdır.

- Suriyada vətəndaş müharibəsi dövründə bu, baş verib. Azərbaycan vətəndaşları qarşıdurma zamanı fərqli tərəflərin tərkibində bir-biri ilə vuruşublar. Ehtimal ki, bu amil, Türkiyə faktoru ilə yanaşı, Azərbaycanın Suriyadakı sabitləşmə prosesinə fəal cəlb olunmasının əsas stimuludur. Azərbaycan Cənubi Qafqazı suriyalaşdırmağa imkan vermədi, əksinə, hazırda həm Cənubi Qafqazda, həm də Suriyada sülh və sabitliyi fəal təşviq edir.

- İsrail/ABŞ və İran arasında müharibə - Kənarda qalmaq çox çətin bir vəzifədir, lakin gördüyümüz kimi, bu, mümkündür.

- Qəzza və Qərb Sahili ətrafındakı vəziyyət - Netanyahu hökumətinin yanlış siyasəti münaqişənin genişlənməsinə və çoxsaylı qurbanlara səbəb olur.

- İsrail və Türkiyə arasında qarşıdurmanın kəskinləşməsi - Qarşıdurmanın ritorikadan Suriya ərazisində birbaşa toqquşmaya və ya Şərqi Aralıq dənizində proksilər vasitəsilə silahlı münaqişəyə keçmə ehtimalı var. Proksilər rolunda Cənubi Kipr və qismən də Yunanıstan çıxış edə bilər.

İmkanlar:

Diplomatiya - Azərbaycanın milli maraqları Türkiyə və İsrail arasında münasibətlərin sabitləşməsinin vacib olduğunu diktə edir. Bakı dişlərini sıxaraq danışıqlar platforması rolunu oynamalı, bütün imkan və keyfiyyətlərindən (səbir) istifadə etməlidir. Bu, çox çətindir, amma başqa çıxış yolu sadəcə yoxdur. Qətərə zərbələrdən sonra danışıqlar üçün yer azalır.

Bazar - Yaxın Şərq Azərbaycana yaxın satış bazarıdır. Neftlə yanaşı, Azərbaycan regiona mavi yanacaq tədarükünə də başlayıb. Bu, nə qədər qəribə səslənsə də, Azərbaycan Yaxın Şərqi ənənəvi enerji ilə təchiz edir. Qeyri-neft sektoru üçün perspektivlər də var və bu perspektivlərdən yararlanmaq vacibdir.

Qarşılıqlı investisiyalar - son məlumatlar göstərir ki, bu perspektivli istiqamətdir və bundan istifadə etmək lazımdır.

Logistika dəhlizləri - bu mövzu Yaxın Şərq vektorunda da aktual olmağa başlayır.

Beləliklə də, əsas olan riskləri minimuma endirmək və imkanlardan istifadə etməkdir. Əgər tarixin ətaləti bizi Yaxın Şərqə qaytarırsa və buna qarşı durmaq mümkün deyilsə, o zaman özümüzdən asılı olanların maksimumunu etmək və praqmatik yanaşmanı seçmək məqsədəuyğundur.

@cssc_cqtm
👍10
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "İsrail-Fələstin qarşıdurması böyüyür: Yaxın Şərqdə yeni müharibə başlayacaq?" mövzusunda öz fikirlərini bölüşüb.

Daha ətraflı: https://www.youtube.com/watch?v=QXMwHlfabHQ
👍3
Azərbaycan-Rusiya münasibətlərində yeni normallıq necə ola bilər?

Artıq qəti şəkildə demək olar ki, AZAL təyyarəsinin Rusiya Silahlı Qüvvələri tərəfindən vurulmasından əvvəlki vəziyyətə qayıdış olmayacaq. Rusiya rəhbərliyinin qeyri-adekvat reaksiyası nəticəsində münasibətlər deqradasiyaya uğrayıb. Hazırda qarşılıqlı münasibətlərin transformasiyası baş verir - yeni normallığın çərçivələri formalaşır.

Necə idi?


Ən yüksək səviyyədə siyasi dialoq. Liderlər ildə bir neçə dəfə görüşür, operativ şəkildə telefonla zəngləşir və ikitərəfli gündəmin mövzularını koordinasiya edirdilər.

Azərbaycan və Rusiyanın xarici siyasət yanaşmaları əsasən üst-üstə düşürdü və tərəflər beynəlxalq platformalarda qıcıq doğura biləcək hərəkətlərdən çəkinirdilər.

İqtisadi komponenti üç istiqamətə bölmək olar: Əmtəə dövriyyəsi, strateji layihələrin həyata keçirilməsi (Şimal-Cənub, energetika) və qarşılıqlı investisiyalar.

Hərbi-texniki əməkdaşlıq münasibətlərin mühüm tərkib hissəsi idi. Lakin 2022-ci ilin fevralından sonra bu mövzu öz predmetini itirib.

Humanitar komponent - Azərbaycanda ruslar, Rusiyada azərbaycanlılar, rus dili - münasibətlərə emosionallıq qatırdı.

Necə ola bilər?

Bu gün ən yüksək səviyyədə siyasi dialoq yoxdur. Son altı ayda liderlər bir dəfə salamlaşıblar. Dialoq hökumətlərarası komissiyanın iclasında baş nazirin birinci müavinləri səviyyəsində baş tutub. Məhz bu səviyyədə yeni normallığın çərçivələri formalaşır.

7 oktyabr Rusiya Prezidentinin ad günüdür və ənənəvi olaraq Azərbaycan Prezidenti zəng edib onu təbrik edir. Görək bu il necə olacaq.

İlin sonunda isə Rusiyada MDB-nin növbəti sammiti keçiriləcək. Keçən il təyyarə qəzası məhz analoji sammit günü baş verdi. Ehtimal ki, Azərbaycan Prezidentinin sammitdə iştirakı Rusiyanın addımlarından asılı olacaq.

Yeni şəraitdə xarici siyasət yanaşmaları standart olaraq üst-üstə düşməyəcək. Azərbaycanın xarici siyasətində şimal istiqamətinin yeri və rolu artıq bütün digərlərindən geri qalır. Rusiya PA-nın yeni rəhbərliyilə qarşılıqlı əlaqə olmaya da bilər, bütün təmaslar XİN vasitəsilə həyata keçirilir.

Yeni normallıqda iqtisadiyyat aparıcı rol oynamalıdır - çünki burada maraqlar və qarşılıqlı fayda mövcuddur. Düzdür, Rusiyada azərbaycanlılara qarşı etnik əsasda təqiblər ölkələr arasında əmtəə dövriyyəsinə zərbə vuracaq. Bu Rusiyanın seçimidir və Azərbaycan buna reaksiya verəcək. Bu gün bunu dayandırmaq və iqtisadiyyatı qarşılıqlı münasibətlərin əsas tərkib hissəsinə çevirmək olar.

Strateji layihələrdə həm Moskvanın, həm də Bakının marağı var. Onlardan imtina planlaşdırılmır. Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda qeyd etdi ki, Şimal-Cənub layihəsini Zəngəzur dəhlizi ilə də həyata keçirmək olar.

Humanitar sahə ən çox deqradasiyaya uğrayıb. Burada bərpası mümkün olmayacaq qədər çox səhv edilib. Bakıda “Rossotrudniçestvo” və “Sputnik” artıq olmayacaq. Rusiya rəhbərliyinin anti-miqrant siyasəti qonşularla münasibətləri çətinləşdirir. Vəziyyəti bərpa etmək üçün həbs olunmuş Azərbaycan və Rusiya vətəndaşlarının azad olunması vacibdir.

Yeni normallıqda qarşılıqlı münasibətlərin müxtəlif sahələri bir-birinə təsir etməməlidir, əks halda, deqradasiya dərinləşəcək. Bu, çox çətin bir vəzifədir.

İlin sonuna qədər təyyarə qəzası mövzusunda aydınlıq yaranacaq - ya Moskva Bakının ədalətli gözləntiləri üzrə qərar qəbul edib böhranın əsas səbəbini aradan qaldıracaq, ya da "imtina etməyə" davam edəcək, bu da beynəlxalq məhkəmə proseslərinə səbəb olacaq.

Beləliklə, Azərbaycan və Rusiya arasında yeni normallıq daha aşağı səviyyəli siyasi dialoq və xarici siyasət uzlaşmaları şəraitində iqtisadi münasibətlərin davam etdirilməsindən ibarət ola bilər. Humanitar sahə əvvəllər gücləndirici rol oynayırdı, bu gün isə eskalasiya mənbəyidir.

Profil strukturlar iqtisadiyyatın siyasət və humanitar risklərdən qorunmasını nə dərəcədə təmin edə bilsə, yeni normallıq bir o qədər effektiv və davamlı olacaq. Əsas odur ki, normallığın çərçivələr yaradılsın və bir-birindən gözləntilərin yeni səviyyəsi müəyyən edilsin.

@cssc_cqtm
👍13
Azərbaycan və Türkiyə münasibətlərinə müasir dövrdə baxış

Bir neçə gün əvvəl Türkiyənin bir sıra media orqanları və jurnalistləri “Netanyahunu alqışlayan Azərbaycan nümayəndə heyəti”nin saxta fotoşəkillərini dərc ediblər. Azərbaycanda fotoların saxta olduğu müəyyən edilib, Ankara bu saxtakarlığı edən jurnalisti taparaq cəzalandırıb.

Bu, bizi yenidən Azərbaycan və Türkiyə arasındakı münasibətlərə nəzər salmağa, Ankaranın və Bakının müttəfiqliyinin bütün dərinliyini və miqyasını göstərməyə vadar edir.

Azərbaycan və Türkiyə arasındakı münasibətlər olduqca çoxşaxəlidir. Burada münasibətlərin emosional tərəfi xüsusilə qeyd edilməlidir, çünki bədxahlar məhz bu nöqtədən zərbə vururlar. Ən kiçik qar dənəsi belə ən qısa zamanda böyük bir qap topasına çevrilə bilər. Ona görə də, həmişə deyilən sözlərə, edilən hərəkətlərə məsuliyyət və diqqətlə yanaşmaq lazımdır.

Münasibətlərin dərinliyinə və miqyasına qısaca nəzər salaq:

- Azərbaycanın enerji ehtiyatlarının dünya bazarına daşınması üzrə həyata keçirilən meqa layihələr, Bu, Azərbaycan üçün maliyyə, Türkiyə üçün isə enerji mənbələrinin diversifikasiyasını ilə təmin edir;

- Hər iki istiqamətdə otuz milyard dollardan çox qarşılıqlı investisiyalar. Bunun böyük hissəsi (20 milyard dollardan çox) Azərbaycanın Türkiyəyə investisiyalarıdır;

- Azərbaycanın Türkiyənin texnoloji sıçrayışında, xüsusən silah sistemləri üzrə dəstəyi və iştirakı;

- Beynəlxalq arenada bir-birinə dəstək - bu gün ən aktual olan geosiyasi kontekst. Azərbaycan Türkiyə üçün Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətində siyasətin müəyyən edilməsində mərkəzi yer tutur. Eyni zamanda, Azərbaycan bütün məsuliyyəti öz üzərinə götürərək, bu prosesə öz töhfəsini verir. Türkiyənin Cənubi Qafqazda əldə etdiyi və əldə edəcəyi hər şey Azərbaycanla müttəfiqliyi sayəsində reallaşıb;

- TDT - türk dövlətlərinin inteqrasiyasının artırılmasının təşəbbüskarı məhz Azərbaycandır və Bakı bu vacib istiqaməti ardıcıl olaraq aparır;
- Yaxın Şərqdə - Suriyada, İraqda və bütün perimetr boyu Türkiyə siyasətinə dəstək.

- Şərqi Aralıq dənizi - ŞKTR-ə dəstək, Yunanıstan və Cənubi Kiprin təsirinin qarşısının alınması;

- Afrika istiqaməti - Azərbaycan Türkiyənin Afrikadakı fəaliyyətlərini dəstəkləyir və bu istiqamətədki addımlar tam koordinasiya edilir;

- Məzmun baxımından hələ də zənginləşən Bakı-Ankara-İslamabad üçtərəfli formatı;

- Rusiya-Ukrayna müharibəsi və Aİ ilə münasibətlər üzrə daimi məsləhətləşmələr;

- Türkiyə ilə İsrail arasında qarşıdurmanın aradan qaldırılması üçün dialoq platformasının yaradılması.

Sadalamaq üçün daha çox bənd var...

Türkiyə hər il getdikcə daha nüfuzlu ölkəyə çevrilir, lakin Türkiyənin nüfuzu onun iqtisadi resursları ilə üst-üstə düşmür. Bu paradoksdur və Azərbaycan mövcud resursları ilə Türkiyəni dəstəkləməyə çalışır. Burada rəhbərlərin - Prezident İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın əsas rolu var!

Azərbaycan üçün Türkiyənin uğuru səmimi məqsəddir, çünki bu uğura həddən artıq çox “sərmayə” qoyulub! Bu “sərmayələr” həm iqtisadi, həm də geosiyasi mənada mənfəət gətirməlidir.

Bununla yanaşı, bu cür saxtakarlıqlar və dezinformasiyalar kimi bütün mümkün neqativ hallar münasibətlərdə mənfi məzmun yaratmamaq üçün kökündən kəsilməlidir.

Azərbaycan Türkiyənin forpostu və ya kiçik tərəfdaşı deyil; Azərbaycan Türkiyənin məsuliyyətli tərəfdaşı, müttəfiqidir. Bakı Türkiyənin güclənməsini və çiçəklənəməsini səmimi şəkildə arzulayır, çünki öz güclənməsi və çiçəklənməsinin də buna bağlı olduğunu görür.

Azərbaycanın proseslərə öz müstəqil baxışı var. Bu, Ankaranın digər aktorlarla ziddiyyətlərinin böhran dövrlərinə qədəm qoyduğu yerlərdə Türkiyənin problemlərinin həlli üçün platforma yaratmağa yönəlib.

Nüfuzunu artırmağa çalışan hər bir ölkə öz müttəfiqləri arasında Azərbaycan kimi bir ölkə olmasını arzulayar. Bu baxımdan Türkiyənin bəxti gətirib. Bunu qiymətləndirmək və Azərbaycanın beynəlxalq arenada geniş imkanlarından istifadə etmək lazımdır ki, Ankara məhz belə də edir!

@cssc_cqtm
👍22
TDT: Qlobal qeyri-müəyyənlik şəraitində dərinləşən əməkdaşlıq

Hazırkı qlobal siyasi dinamika gərginliyin artması ilə xarakterizə olunur. TDT-nin Qəbələ Sammitinin əsas mövzusu kimi “Regional Sülh və Təhlükəsizlik” mövzusunun seçilməsi beynəlxalq gərginliyə və qeyri-müəyyənliyə cavab olaraq inteqrasiyanın dərinləşməsi zərurətinin türk dəvlətləri tərəfindən anlaşıldığını göstərir.

Tədbir çərçivəsində irəli sürülən və inteqrasiyanın dərinləşməsini əks etdirən əsas təşəbbüs və layihələr regional sülh və təhlükəsizliyin gücləndirilməsi, iqtisadi işbirliyi, nəqliyyat əlaqələrinin inkişafı, rəqəmsallaşma və mədəniyyət kimi geniş əməkdaşlıq spektrini əhatə edir. Onların arasından ən əsas olanlara qısaca nəzər yetirək:

İnstitusional genişlənmə - TDT-nin qlobal şəraitə uyğunlaşması çərçivəsində TDT+ formatının yaradılması təşkilatı qapalı qurumdan üçüncü tərəflərlə əməkdaşlığa açıq olan çevik platformaya çevirir. Bu, həmçinin, TDT-nin beynəlxalq nüfuzunu, qlobal qərar qəbuletmə proseslərinə təsirini artırmaq məqsədilə beynəlxalq platformalarla işbirliyini intensivləşdirməyə imkan yaradır.

Təhlükəsizlik təşəbbüsləri - Azərbaycan Prezidenti İlham Əliyev 2026-cı ildə türk dövlətlərinin birgə hərbi təlimlərinin Azərbaycanda keçirilməsini təklif edib. Bakı müstəqillik və ərazi bütövlüyü, habelə xarici qüvvələrin regiona müdaxiləsinin qarşısını almaq üçün hərbi gücü mühüm amil hesab edir. Qazaxıstan Prezidenti isə yeni təhdid növü sayılan kiberhücumlarla mübarizə aparmaq məqsədilə təşkilat çərçivəsində Kibertəhlükəsizlik Şurasının yaradılmasını təklif edib. Bu Şura qeyd olunan sahə üzrə fəaliyyətlərin koordinasiyasını təmin etməli və rəqəmsal təhlükəsizliyi gücləndirməlidir.

İqtisadi mexanizmlər - Qəbələ sammitində TDT ölkələri arasında nəqliyyat, enerji, maliyyə və İKT üzrə yeni təşəbbüslər irəli sürülüb. Bunlara nəqliyyat-tranzit sahəsinin rəqəmsallaşdırılması və süni intellekt texnologiyalarının tətbiqi üçün aparıcı ekspertlərin cəlb edildiyi Rəqəmsal Monitorinq Mərkəzinin, habelə bərpa olunan enerji mənbələrinə diqqət yetirmək məqsədilə Enerji Səmərəliliyi üzrə Qabaqcıl Təcrübə Şurasının yaradılması, həmçinin sənaye sahəsində əməkdaşlıq potensialını nəzərə alaraq, konkret prioritet layihələri əhatə edəcək Sənaye Əməkdaşlığı Proqramının qəbul edilməsi təklifini misal çəkmək olar.

Yuxarıda qeyd olunanlar TDT-nin sadəcə niyyətlər siyasətindən icra mexanizminə keçid mərhələsində olduğunu nümayiş etdirir. Sirr deyil ki, TDT-yə üzv və müşahidəçi dövlətlərin sərhədləri birbaşa və ya dolayısı ilə geosiyasi və ya hərbi qarşıdurmalara cəlb olunmuş ölkələrlə əhatə olunub. Bu şərtlər altında TDT-nin yalnız əməkdaşlıq platforması olmaqdan çıxaraq, ciddi regional güc mərkəzinə çevrilməsi qaçılmazdır. Ənənəvi sabitlik mexanizmləri sarsıldıqda, məhz regional ittifaqlar və əməkdaşlıq formatları tarazlıq mexanizmləri kimi çıxış edir. Qəbələ Sammitinin məhz təhlükəsizlik mövzusuna həsr edilməsi türk dünyasının maraqlarını qorumaq üçün kollektiv mexanizmləri gücləndirmək ehtiyacını əks etdirir.

Artıq TDT ölkələri təhlükəsizliyi yalnız milli maraq komponenti kimi deyil, hökumətlərarası əməkdaşlığın ayrılmaz bəndi kimi qəbul edilməyə başlayırlar. Azərbaycan isə təhlükəsizliyə mücərrəd bir anlayış kimi deyil, etimad və institusional koordinasiyaya əsaslanan qarşılıqlı öhdəliklər sistemi kimi baxmağı təklif edir. Bu yeni təhlükəsizlik paradiqmasına əsasən, türk dövlətləri özləri müdafiə standartlarını müəyyənləşdirir və təkcə TDT daxilində deyil, qonşu regionlarla da etimada əsaslanan körpülər qururlar. Azərbaycanın TDT daxilində təhlükəsizlik çətiri yaratmaq təklifi mövcud böhranlara cavab, həm də regionun dayanıqlı inkişafını təmin edən strateji təşəbbüsdür.

@cssc_cqtm
👍6
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində Vladimir Putin və İlham Əliyev arasında danışıqların pərdəarxası məqamlarına dair öz fikirlərini bölüşüb.

Daha ətraflı: https://youtu.be/hPM5_e88XPc?si=Hd_uF6H3KRRqNQDm
👍2
Misirdə "Sülh Sammiti"

Azərbaycan Prezidenti İlham Əliyev Misirdə keçirilən "Sülh Sammiti"ndə iştirak edir. Sammit ABŞ və Misir prezidentləri tərəfindən təşkil edilib. Bu, Prezident Trampın Qəzzada sülh planının tərkib hissəsi və gələcək Yaxın Şərqin təməlinin atıldığı bir tədbirdir.

İştirakçılar arasında aparıcı Yaxın Şərq dövlətlərinin rəhbərləri, ABŞ Prezidenti, Aİ Şurasının rəhbəri, Almaniya kansleri, Azərbaycan və Ermənistan rəhbərləri də var.

Beləliklə də, biz nə görürük və Azərbaycanla Ermənistan niyə buradadır?

Qəzza sektorundakı vəziyyət regionda yeni konfiqurasiyanın yaradılmasını zəruri edib. İsrailin Qətərə hücumlarından sonra ABŞ üçün Yaxın Şərq ölkələrinin etimadını bərpa etmək vacibdir. Trampın Qəzza sülh planı əlaqələrin bərpası üçün əsasdır. BMT Baş Assambleyası çərçivəsində ABŞ-də region dövlətlərinin rəhbərləri ilə görüş keçirilib. Cari sammit ABŞ-nin regional gündəliyinin müəyyən edilməsində həlledici əhəmiyyət kəsb edir.

ABŞ burada İsrailin əvəzinə çıxış edir və yəhudi dövlətinin maraqlarını müdafiə edir. Prinsipcə, ərəb monarxiyaları buna qarşı deyil. Lakin İsrail hökumətinın hərəkətləri proqnozlaşdırıla bilən deyil və burada ABŞ-nin zəmanətləri vacibdir.

Qəzzanın gələcəyinə görə məsuliyyət

Burada ən sadə məsələ maliyyə məsələsidir və bu resurs mövcuddur.

Təşkilati məsələlər və hüquq-mühafizə təminatı isə müvafiq işlərin bilavasitə yerdə aparılmasını nəzərdə tutur. Belə olan halda nəzərlər Türkiyəyə və Misirə çevrilir.

Azərbaycan və Ermənistan

"Sülh Sammiti"nə dəvət etməklə ABŞ Azərbaycanı və Ermənistanı Yaxın Şərqin bir hissəsi kimi gördüyünü göstərir.

Azərbaycan artıq buna hazırlaşıb:

- Regionun əsas oyunçularından biri olan Türkiyə ilə müttəfiqlik əlaqəsi;

- İsraillə strateji tərəfdaşlıq. İsraildəki rəhbərlikdən asılı olmayaraq, Qəzza müharibəsindən, Livan və İrana zərbələrdən sonra İsrail regionun hegemon dövlətlərindən biridir. Sammit iştirakçıları arasında ABŞ-dən sonra məhz Azərbaycan İsraillə etimada əsaslanan və praqmatik münasibətlərə malikdir;

- Azərbaycan artıq Suriyada mövcuddur, bu ölkədə sabitliyin bərpası və Suriyanın inkişafında öz iştirakını genişləndirməyə çalışır. Bunda ABŞ də maraqlıdır;

- Azərbaycan İsraillə Suriya, Türkiyə ilə İsrail arasında danışıqlar platforması rolunu oynayır;

- İsraillə yanaşı, Azərbaycan rəhbərinə ərəb dünyasında, xüsusilə Körfəz monarxiyalarında da etibar edirlər;

Ermənistan isə sammitdə xüsusilə mövqeyini möhkəmlətməyə çalışmadan öz yerini axtarır. Ermənistanın resursu regiondakı ermənilər və ABŞ-nin maraqlarıdır. Paşinyan Trampa “yox” deyə bilməz. Sammit Paşinyan üçün Tramp administrasiyasının Ermənistana olan marağını bir daha təsdiqləmək və münasibətlərdə əlavə dəyər formalaşdırmaq baxımından bir fürsətdir.

Geosiyasi kimlik halqası qapanır

Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyev bu yaxınlarda geosiyasi identiklik kontekstində Azərbaycan dövlət başçısının iştirak etdiyi sammitləri sadalayıb.

Avropa Siyasi Birliyi, Türk Dövlətləri Təşkilatının sammiti və MDB sammiti. Bu halqa Misirdəki "Sülh Sammiti" ilə qapanır, burada iştirak meyarı coğrafi və dini mənsubiyyətdir. Azərbaycan məhz budur - çoxtəbəqəli, çoxsəviyyəli geosiyasi kimlik. Bu, ölkəmizə özünü eyni zamanda müxtəlif coğrafiyalara aid etməyə imkan verir. Bu iş çox mürəkkəbdir və maksimum gərginlik tələb edir. Azərbaycan bu çağırışı qəbul edir, çünki kənarda qalmaq qeyri-mümkün və təhlükəlidir. Azərbaycan bu platformalarda iştirak edir və resurslar formalaşdırır.

Azərbaycan xarici siyasətinin konstruktiv praqmatizmi
öz bəhrəsini verir və daha uzun müddət dövlətin maraqlarına xidmət edəcək. Əsas olan, boş dayanmamaqdır. Axı bu areallarda həm imkanlar, həm də risklər formalaşır. Risklərin təsirini minimuma endirmək və bəzən özümüzün formalaşdırmalı olduğumuz imkanlardan maksimum istifadə etmək vacibdir.

@cssc_cqtm
👍13
“Sülh Aktı” Cənubi Qafqazda sülhə təhdiddir

Sentyabrın 30-da ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr, Hüquq və Maliyyə komitələri tərəfindən "Eskalasiyanın Qarşısının Alınması və Qafqazla Əlaqələrin Təşviqi Aktı" (qısaca PEACE Act - Sülh Aktı) adlı 5632 nömrəli qanun layihəsi təqdim edilib. İlkin həmtəsisçisi konqresmen Qas Bilirakis olan qanun layihəsi respublikaçı konqresmen Darell İssa tərəfindən təqdim edilib. Qanun layihəsinin komitələrdə müzakirələrə çıxarılması üçün vaxt hələ ki, təyin edilməyib. Layihə qanuna çevrilməsi üçün bir neçə mərhələdən keçməlidir.

Bu qanun layihəsi qanunverici hakimiyyətin indiki və gələcək ABŞ administrasiyalarının Cənubi Qafqazdakı xarici siyasətlərini çərçivələməyi və şəkilləndirməyi qarşısına məqsəd qoyub. 

5632 nömrəli layihənin əsas məqsədi Ermənistan və Azərbaycan arasında “əldə ediləcək razılığın və ya sazişin pozulmasının Azərbaycan üçün hansı nəticələrə gətirə biləcəyini” göstərməklə “Ermənistan Respublikasına qarşı yeni (gələcək) təcavüzün qarşısını almaq”dır. Kobud dillə desək sənəd Azərbaycan Ermənistana qarşı güc tətbiq etsə ABŞ-nin Bakıya hansı sanksiyaları və cəzalandırıcı tədbirləri tətbiq edəcəyini göstərir. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı mümkün təcavüzü və ya əldə edilmiş razılıqlardan çıxması halı nəzərdən belə keçirilmir.

Erməni lobbisini bu qanun layihəsini hazırlamağa sövq edən bir neçə məqam var:

- Erməni lobbisi ABŞ-nin qanunverici hakimiyyətində nüfuz sahibi baxmayaraq icraedici hakimiyyətin Azərbaycana qarşı istədikləri formada təzyiq etməsinə və zərər vurmasına nail ola bilmədi.

- Vaşinqton razılaşmasından sonra yaranan yeni reallıqda, Prezident İlham Əliyev və Tramp arasında yaranan qarşılıqlı rəğbətə əsaslanan münasibətlər dövründə erməni lobbisi köhnə narrativlərlə Azərbaycana qarşı fəaliyyət göstərməyin mümkün olmayacağını anlayaraq taktikalarını dəyişməklə yeni reallığa uyğunlaşmağa və hazırki şəraitdə mümkün ola biləcək məqsədlərə nail olmağa çalışır.

Bu qanunvericilik aktının əsas cəzalandırıcı mexanizmi sanksiyalar olsa da, qanunvericilik aktı qəsdən rəsmi olaraq "Sülh Aktı" adlandırılıb. Belə ki, müəlliflər prezident Trampın “sülh” ifadəsinə xüsusi yanaşmasından istifadə etməyə çalışırlar.

Qanunu “Sülh Aktı” adlandırmaqla, onun giriş hissəsində Azərbaycan və Ermənistanın ərazi bütövlüklərini “dəstəkləməklə” və Vaşinqton razılaşmasını “alqışlamaqla” layihəni irəli sürənlər guya sülh və sabitlik kimi fundamental əsaslardan və maraqlardan çıxış etdiklərini göstərirlər. Digər tərəfdən isə əslində Azərbaycanın keçmişdəkı fəaliyyətlərini qanunvericilik əsasında “təcavüz” kimi təsbit etməyə və gələcəkdə hakim administrasiyalar üzərinə Azərbaycana qarşı ağır cəzalandırıcı sanksiyalar tətbiq etmək öhdəliyi qoymağa çalışırlar. Bu qanun layihəsi və strategiya icraedici hakimiyyətin balanslı diplomatik əlaqələri saxlamaq səylərini çətinləşdirmək üçün nəzərdə tutulub. Çünki qanun layihəsinə qarşı çıxmaq siyasi cəhətdən birbaşa “sülhə qarşı çıxmaq kimi” təqdim oluna bilər.

Bundan əlavə, bu qanunvericilik təşəbbüsü ABŞ-nin Cənubi Qafqazda gələcəkdə yeridəcəyi siyasətdə Konqresin rolunu institusionallaşdırmağı qarşısına məqsəd qoyub. Ənənəvi olaraq ABŞ-də xarici siyasət alətləri icraedici hakimiyyətin ixtiyarına (məsələn, təhlükəsizlik yardımı ilə bağlı 907-ci əlavənin dondurulması) verilib. “Sülh Aktı” isə bu maneəni aşmaqla, “düşmənçilik hərəkətinin təsdiqindən” sonra aktivləşən xüsusi, fəal sanksiya tədbirlərini icraedici hakimiyyət üçün məcbur etməyi (mandatory) hədəfləyir.

Bir sözlə, bu qanun layihəsinin məqsədi icraedici hakimiyyyətin Azərbaycanla münasibətlərdə gələcəkdə siyasətini çərçivələmək və bununla da erməni lobbisinin Cənubi Qafqazla bağlı çoxdan arzuladığı struktur siyasət dəyişikliyinə nail olmaqdır.

@cssc_cqtm
👍10
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "Azərbaycan təyyarəsi İrəvanda: İrəvan səfərinin iştirakçısı pərdəarxası məqamları açdı" mövzusunda öz fikirlərini bölüşüb.
Daha ətraflı:

https://www.youtube.com/watch?v=bELqtFAhfiY&t=26s
👍7
Cənubi Qafqazda kommunikasiyaların açılmasına hazırlıq və Aİ-nin bu prosesdəki rolu

ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış Birgə Bəyannamənin nəticələrindən biri də kommunikasiyaların açılması ilə bağlı atılacaq addımlar haqqında bəyanat olub. Bütün açılma prosesi Naxçıvana gedən bir marşrutun həyata keçirilməsi ilə bağlı olduğu üçün yalnız bir marşrut - TRIPP müzakirə edilib və razılaşdırılıb.

Ermənistan hökuməti Naxçıvana gedən marşrutun maneəsiz olması barədə suveren qərar qəbul edib və bunun təminatının ABŞ şirkətinə həvalə edilməsi qərara alınıb. Hazırda Ermənistan hökuməti ABŞ ilə müvafiq istiqamətdə danışıqlar aparır. Lakin ABŞ-dəki "şatdaun" səbəbindən proses obyektiv səbəblərə görə gecikir.

Bəs tikinti hansı vəsait hesabına həyata keçiriləcək?! Hansı ölkə və necə iştirak etməyi planlaşdırır?!

Azərbaycan azad edilmiş ərazilərdə dəmir yolunun bir hissəsini öz vəsaiti hesabına sürətlə qurur və Ermənistanla sərhədə çatdırır. Modernləşdirmədən kənarda yalnız Ordubaddan Ermənistanla sərhədə qədər kiçik bir hissə, həmçinin Naxçıvanın özündəki və ondan sonrakı dəmir yolları qalır.

Naxçıvandan sonrakı dəmir yolları isə iki istiqamətdə davam edir:

- Türkiyəyə (yeni yol olan Qars-Naxçıvan xətti üzrə artıq işlər başlayıb, 4-5 il ərzində istifadəyə veriləcəyi vəd olunur);

- Ermənistana (Sədərəkdən sonrakı kiçik bir hissə qalır).

Həmçinin, Qazax-İcevan dəmir yolu da var, lakin ora ciddi sərmayə, TRIPP-dən daha çox vəsait tələb edir.

Beləliklə, harada və nəyin inşa edilməli olduğu aydın şəkildə görünür... Bəs maliyyə haradan gələcək?!

TRIPP-in dəyəri 300 milyon dollara qədər qiymətləndirilir. Hər halda, son zamanlar müzakirələrdə məhz bu məbləğ hallanır. ABŞ layihə üçün 140 milyon ayrıb və bu rəsmi olaraq elan edilib. Qalan 160 milyon çatışmır. Ermənistan hökumətinin nəzəri Aİ-yə və beynəlxalq maliyyə qurumlarına yönəlib.

Yeni yol hissələrinin tikintisi və Naxçıvandakı dəmir yolunun modernləşdirilməsi ayrıca mövzudur və bu işə də sərmayə qoymaq lazımdır. Burada artıq Azərbaycan öz diqqətini Aİ-yə yönəldib. Aİ-nin xüsusi təmsilçisi Qrono bu yaxınlarda Naxçıvana səfər edib.

Digər hissələrlə bağlı mövzu daha mürəkkəbdir, çünki bu, Rusiya dövlət şirkəti olan Rusiya Dəmir Yollarının törəməsi Cənubi Qafqaz Dəmir Yolları ilə əməkdaşlığı nəzərdə tutur.

Yəni, əksər layihələrdə gözləntilər Aİ-yə yönəlib. Təəssüf ki, hələ də Brüsseldən aydın cavab yoxdur. Aİ-nin bölgədə kommunikasiyaların açılması prosesinə harada və nə qədər sərmayə qoymağa hazır olduğu bəlli deyil.

Aİ-nin maliyyə resursu var!

Obyektiv sual yarana bilər ki, bəs bu Aİ-nin nəyinə lazımdır?!


Aİ üçün bu marşrutlarla nə qədər məhsul gedəcək ki, Brüssel dəmir yollarının tikintisinə sərmayə qoysun?!

Bu suala cavab ondadır ki, Aİ regionda fəal olmağa çalışır, öz qlobal təşəbbüslərini formalaşdırır (Qlobal Gateway), Mərkəzi Asiya ilə sammit keçirir və s. Bu işlərdə nəticə əldə etmək üçün sərmayə qoymaq və proaktiv siyasət yürütmək lazımdır. Yalnız bu yolla regionda mövqeyi nəzərə alınan fəal oyunçu olmaq mümkündür.

Bu gün Bakı Aİ-nin marağını hiss etmir, hətta Bakıya yüksək səviyyəli səfərlər olsa da, Azərbaycan Prezidenti Aİ-nin ali rəhbərliyi ilə iki dəfə görüşsə də, Brüssel münaqişədən sonrakı bərpa işində (azad edilmiş ərazilərdə tikinti, minalardan təmizləməyə yardımın həcminin artırılması, kommunikasiyaların açılması ilə bağlı infrastruktur işləri) iştirak etmək üçün hər hansı bir addım atmır.

Xüsusi qeyd edək ki, Aİ ilə Azərbaycan arasında münasibətlərin səviyyəsinin yüksəldilməsi ilə bağlı da müsbət xəbərlər yoxdur!


Brüsselin davam edən çoxmənalı sükutu və Aİ-nin planlarında konkretliyin olmaması Azərbaycanı digər mənbələrə diqqət yetirməyə məcbur edəcək. Bakı tamamilə haqlı olaraq Aİ-nin fikirləri ilə müqayisədə, digər mənbələrin fikirlərinə daha diqqətlə qulaq asacaq!

@cssc_cqtm
👍9
ABŞ-Azərbaycan münasibətləri: İmkanlar və risklər

Azərbaycan-ABŞ münasibətlərinin tarixi öz daxili dinamikası ilə inkişaf edib. Müxtəlif dövrlərdə enerji, təhlükəsizlik və terrorla mübarizə, investisiyalar, Rusiya ilə regional rəqabət, NATO-nun Əfqanıstandakı əməliyyatı, Azərbaycanın İranla yaxınlığı, ABŞ-nin ATƏT-in Minsk Qrupunda iştirakı kimi məsələlər Vaşinqtonun Azərbaycana münasibətində prioritetlərə çevrilib.

Trampın prezident seçilməsi ABŞ-Azərbaycan münasibətlərində yeni, daha praqmatik və nəticəyönümlü mərhələ açıb. Belə ki, Tramp administrasiyası ardıcıl olaraq dialoqa açıqlıq, strateji aydınlıq, qarşılıqlı maraq və hörmət əsasında Azərbaycanla əlaqə yaratmaq istəyini nümayiş etdirib.

Halbuki, bunun əksinə olaraq, öncəki Bayden administrasiyası ilə münasibətlər Azərbaycan üçün xüsusilə çətin olub. Eyni səhvlərin təkrarlanmaması üçün bu çətinliklərin və o dövrdə ABŞ siyasətinin uğursuzluqlarının səbəblərini araşdırmaq vacibdir.

Prezident Baydenin 2021-ci ildən başlayaraq bütün səlahiyyət müddəti müharibədən sonrakı dövrə təsadüf edib, lakin Vaşinqton ardıcıl və aydın siyasət xətti təklif etməyib. Aktiv və balanslaşdırılmış yanaşma əvəzinə, Prezident Bayden bu dosyeni demək olar ki, tamamilə dövlət katibi Blinkenə həvalə edib. Blinkenin bu istiqamətdəki fəaliyyəti isə effektiv olmadı və heç bir əhəmiyyətli nəticə verməyib.

Dövlət katibi Blinkenin erməni mərkəzli yanaşması və prezident Baydenin Azərbaycanın haqlı gözləntilərini anlamaması Bakı ilə Vaşinqton arasında münasibətlərdə böhrana səbəb olub. Blinkenin manipulyasiya və qərəzli davranışı prosesə xələl gətirib və ikitərəfli əlaqələri daha da gərginləşdirib.

Bayden-Blinken dövründə Ermənistanın Rusiyadan asılılığı azalmaq əvəzinə daha da artıb. Əslində, Ermənistanda ictimai əhval-ruhiyyənin yönümünü Rusiyadan Qərbə çevirmək üçün Azərbaycan ABŞ-dən daha çox iş görüb.

Regionda Rusiyanın mövcudluğunun azalması məhz Azərbaycanın hərəkətləri nəticəsində mümkün olub. Qərb, yəni ABŞ və Avropa İttifaqı bu hadisələrdə heç bir rol oynamayib.

Trampın prezident seçilməsi, daha doğrusu, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Kamala Harrisin məğlubiyyəti Paşinyan hökumətinin mövqeyinə ciddi təsir göstərib. 2025-ci ilin yazından etibarən Ermənistanın sülh müqaviləsinə yanaşması daha konstruktiv və praqmatik xarakter alıb. Bu, Əbu- Dabidə razılaşdırılan və avqustun 8-də ABŞ Prezidenti Trampın iştirakı ilə Vaşinqtonda rəsmiləşdirilən sülh prosesində irəliləyiş üçün yol açıb.

Sülh gündəliyi ABŞ-Azərbaycan münasibətlərinə də müsbət təsir göstərib.


Burada suallar yarana bilər ki, ABŞ-yə Azərbaycanla strateji münasibətlər nəyə görə lazımdır? Bəs Azərbaycanın ABŞ ilə strateji münasibətlərdə hansı maraqları var? Həmçinin, Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlığın formalaşması prosesində yarana biləcək risklər hansılardır?

Bu barədə daha ətrfalı linkdə: https://cssc.az/az/view/2/71/
👍6
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "Sülh Körpüsü" təşəbbüsünün incəlikləri barədə danışıb.

Daha ətraflı: https://youtu.be/cSlHWmjAwQo?si=HnmmwnZkpSzs8UIg
👍6
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Pressklub TV-nin efirində gedən “Əsas Sual” verilişində Trampın Ukrayna Sülh Planı və digər aktual məsələlər barədə fikirlərini bölüşüb.

Daha ətraflı: https://www.youtube.com/watch?v=LBH50l5LbvE
👍6