CSSC Baku – Telegram
CSSC Baku
3.08K subscribers
12 photos
2 videos
201 links
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) Azərbaycanda, Bakıda yerləşən, Cənubi Qafqazda və onun qonşuluğunda siyasi və iqtisadi prosesləri tədqiq edən müstəqil qeyri-hökumət təşkilatıdır. Yayımlanan materiallara istinadın verilməsi vacibdir. www.cssc.az
Download Telegram
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində Vladimir Putin və İlham Əliyev arasında danışıqların pərdəarxası məqamlarına dair öz fikirlərini bölüşüb.

Daha ətraflı: https://youtu.be/hPM5_e88XPc?si=Hd_uF6H3KRRqNQDm
👍2
Misirdə "Sülh Sammiti"

Azərbaycan Prezidenti İlham Əliyev Misirdə keçirilən "Sülh Sammiti"ndə iştirak edir. Sammit ABŞ və Misir prezidentləri tərəfindən təşkil edilib. Bu, Prezident Trampın Qəzzada sülh planının tərkib hissəsi və gələcək Yaxın Şərqin təməlinin atıldığı bir tədbirdir.

İştirakçılar arasında aparıcı Yaxın Şərq dövlətlərinin rəhbərləri, ABŞ Prezidenti, Aİ Şurasının rəhbəri, Almaniya kansleri, Azərbaycan və Ermənistan rəhbərləri də var.

Beləliklə də, biz nə görürük və Azərbaycanla Ermənistan niyə buradadır?

Qəzza sektorundakı vəziyyət regionda yeni konfiqurasiyanın yaradılmasını zəruri edib. İsrailin Qətərə hücumlarından sonra ABŞ üçün Yaxın Şərq ölkələrinin etimadını bərpa etmək vacibdir. Trampın Qəzza sülh planı əlaqələrin bərpası üçün əsasdır. BMT Baş Assambleyası çərçivəsində ABŞ-də region dövlətlərinin rəhbərləri ilə görüş keçirilib. Cari sammit ABŞ-nin regional gündəliyinin müəyyən edilməsində həlledici əhəmiyyət kəsb edir.

ABŞ burada İsrailin əvəzinə çıxış edir və yəhudi dövlətinin maraqlarını müdafiə edir. Prinsipcə, ərəb monarxiyaları buna qarşı deyil. Lakin İsrail hökumətinın hərəkətləri proqnozlaşdırıla bilən deyil və burada ABŞ-nin zəmanətləri vacibdir.

Qəzzanın gələcəyinə görə məsuliyyət

Burada ən sadə məsələ maliyyə məsələsidir və bu resurs mövcuddur.

Təşkilati məsələlər və hüquq-mühafizə təminatı isə müvafiq işlərin bilavasitə yerdə aparılmasını nəzərdə tutur. Belə olan halda nəzərlər Türkiyəyə və Misirə çevrilir.

Azərbaycan və Ermənistan

"Sülh Sammiti"nə dəvət etməklə ABŞ Azərbaycanı və Ermənistanı Yaxın Şərqin bir hissəsi kimi gördüyünü göstərir.

Azərbaycan artıq buna hazırlaşıb:

- Regionun əsas oyunçularından biri olan Türkiyə ilə müttəfiqlik əlaqəsi;

- İsraillə strateji tərəfdaşlıq. İsraildəki rəhbərlikdən asılı olmayaraq, Qəzza müharibəsindən, Livan və İrana zərbələrdən sonra İsrail regionun hegemon dövlətlərindən biridir. Sammit iştirakçıları arasında ABŞ-dən sonra məhz Azərbaycan İsraillə etimada əsaslanan və praqmatik münasibətlərə malikdir;

- Azərbaycan artıq Suriyada mövcuddur, bu ölkədə sabitliyin bərpası və Suriyanın inkişafında öz iştirakını genişləndirməyə çalışır. Bunda ABŞ də maraqlıdır;

- Azərbaycan İsraillə Suriya, Türkiyə ilə İsrail arasında danışıqlar platforması rolunu oynayır;

- İsraillə yanaşı, Azərbaycan rəhbərinə ərəb dünyasında, xüsusilə Körfəz monarxiyalarında da etibar edirlər;

Ermənistan isə sammitdə xüsusilə mövqeyini möhkəmlətməyə çalışmadan öz yerini axtarır. Ermənistanın resursu regiondakı ermənilər və ABŞ-nin maraqlarıdır. Paşinyan Trampa “yox” deyə bilməz. Sammit Paşinyan üçün Tramp administrasiyasının Ermənistana olan marağını bir daha təsdiqləmək və münasibətlərdə əlavə dəyər formalaşdırmaq baxımından bir fürsətdir.

Geosiyasi kimlik halqası qapanır

Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyev bu yaxınlarda geosiyasi identiklik kontekstində Azərbaycan dövlət başçısının iştirak etdiyi sammitləri sadalayıb.

Avropa Siyasi Birliyi, Türk Dövlətləri Təşkilatının sammiti və MDB sammiti. Bu halqa Misirdəki "Sülh Sammiti" ilə qapanır, burada iştirak meyarı coğrafi və dini mənsubiyyətdir. Azərbaycan məhz budur - çoxtəbəqəli, çoxsəviyyəli geosiyasi kimlik. Bu, ölkəmizə özünü eyni zamanda müxtəlif coğrafiyalara aid etməyə imkan verir. Bu iş çox mürəkkəbdir və maksimum gərginlik tələb edir. Azərbaycan bu çağırışı qəbul edir, çünki kənarda qalmaq qeyri-mümkün və təhlükəlidir. Azərbaycan bu platformalarda iştirak edir və resurslar formalaşdırır.

Azərbaycan xarici siyasətinin konstruktiv praqmatizmi
öz bəhrəsini verir və daha uzun müddət dövlətin maraqlarına xidmət edəcək. Əsas olan, boş dayanmamaqdır. Axı bu areallarda həm imkanlar, həm də risklər formalaşır. Risklərin təsirini minimuma endirmək və bəzən özümüzün formalaşdırmalı olduğumuz imkanlardan maksimum istifadə etmək vacibdir.

@cssc_cqtm
👍13
“Sülh Aktı” Cənubi Qafqazda sülhə təhdiddir

Sentyabrın 30-da ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr, Hüquq və Maliyyə komitələri tərəfindən "Eskalasiyanın Qarşısının Alınması və Qafqazla Əlaqələrin Təşviqi Aktı" (qısaca PEACE Act - Sülh Aktı) adlı 5632 nömrəli qanun layihəsi təqdim edilib. İlkin həmtəsisçisi konqresmen Qas Bilirakis olan qanun layihəsi respublikaçı konqresmen Darell İssa tərəfindən təqdim edilib. Qanun layihəsinin komitələrdə müzakirələrə çıxarılması üçün vaxt hələ ki, təyin edilməyib. Layihə qanuna çevrilməsi üçün bir neçə mərhələdən keçməlidir.

Bu qanun layihəsi qanunverici hakimiyyətin indiki və gələcək ABŞ administrasiyalarının Cənubi Qafqazdakı xarici siyasətlərini çərçivələməyi və şəkilləndirməyi qarşısına məqsəd qoyub. 

5632 nömrəli layihənin əsas məqsədi Ermənistan və Azərbaycan arasında “əldə ediləcək razılığın və ya sazişin pozulmasının Azərbaycan üçün hansı nəticələrə gətirə biləcəyini” göstərməklə “Ermənistan Respublikasına qarşı yeni (gələcək) təcavüzün qarşısını almaq”dır. Kobud dillə desək sənəd Azərbaycan Ermənistana qarşı güc tətbiq etsə ABŞ-nin Bakıya hansı sanksiyaları və cəzalandırıcı tədbirləri tətbiq edəcəyini göstərir. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı mümkün təcavüzü və ya əldə edilmiş razılıqlardan çıxması halı nəzərdən belə keçirilmir.

Erməni lobbisini bu qanun layihəsini hazırlamağa sövq edən bir neçə məqam var:

- Erməni lobbisi ABŞ-nin qanunverici hakimiyyətində nüfuz sahibi baxmayaraq icraedici hakimiyyətin Azərbaycana qarşı istədikləri formada təzyiq etməsinə və zərər vurmasına nail ola bilmədi.

- Vaşinqton razılaşmasından sonra yaranan yeni reallıqda, Prezident İlham Əliyev və Tramp arasında yaranan qarşılıqlı rəğbətə əsaslanan münasibətlər dövründə erməni lobbisi köhnə narrativlərlə Azərbaycana qarşı fəaliyyət göstərməyin mümkün olmayacağını anlayaraq taktikalarını dəyişməklə yeni reallığa uyğunlaşmağa və hazırki şəraitdə mümkün ola biləcək məqsədlərə nail olmağa çalışır.

Bu qanunvericilik aktının əsas cəzalandırıcı mexanizmi sanksiyalar olsa da, qanunvericilik aktı qəsdən rəsmi olaraq "Sülh Aktı" adlandırılıb. Belə ki, müəlliflər prezident Trampın “sülh” ifadəsinə xüsusi yanaşmasından istifadə etməyə çalışırlar.

Qanunu “Sülh Aktı” adlandırmaqla, onun giriş hissəsində Azərbaycan və Ermənistanın ərazi bütövlüklərini “dəstəkləməklə” və Vaşinqton razılaşmasını “alqışlamaqla” layihəni irəli sürənlər guya sülh və sabitlik kimi fundamental əsaslardan və maraqlardan çıxış etdiklərini göstərirlər. Digər tərəfdən isə əslində Azərbaycanın keçmişdəkı fəaliyyətlərini qanunvericilik əsasında “təcavüz” kimi təsbit etməyə və gələcəkdə hakim administrasiyalar üzərinə Azərbaycana qarşı ağır cəzalandırıcı sanksiyalar tətbiq etmək öhdəliyi qoymağa çalışırlar. Bu qanun layihəsi və strategiya icraedici hakimiyyətin balanslı diplomatik əlaqələri saxlamaq səylərini çətinləşdirmək üçün nəzərdə tutulub. Çünki qanun layihəsinə qarşı çıxmaq siyasi cəhətdən birbaşa “sülhə qarşı çıxmaq kimi” təqdim oluna bilər.

Bundan əlavə, bu qanunvericilik təşəbbüsü ABŞ-nin Cənubi Qafqazda gələcəkdə yeridəcəyi siyasətdə Konqresin rolunu institusionallaşdırmağı qarşısına məqsəd qoyub. Ənənəvi olaraq ABŞ-də xarici siyasət alətləri icraedici hakimiyyətin ixtiyarına (məsələn, təhlükəsizlik yardımı ilə bağlı 907-ci əlavənin dondurulması) verilib. “Sülh Aktı” isə bu maneəni aşmaqla, “düşmənçilik hərəkətinin təsdiqindən” sonra aktivləşən xüsusi, fəal sanksiya tədbirlərini icraedici hakimiyyət üçün məcbur etməyi (mandatory) hədəfləyir.

Bir sözlə, bu qanun layihəsinin məqsədi icraedici hakimiyyyətin Azərbaycanla münasibətlərdə gələcəkdə siyasətini çərçivələmək və bununla da erməni lobbisinin Cənubi Qafqazla bağlı çoxdan arzuladığı struktur siyasət dəyişikliyinə nail olmaqdır.

@cssc_cqtm
👍10
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "Azərbaycan təyyarəsi İrəvanda: İrəvan səfərinin iştirakçısı pərdəarxası məqamları açdı" mövzusunda öz fikirlərini bölüşüb.
Daha ətraflı:

https://www.youtube.com/watch?v=bELqtFAhfiY&t=26s
👍7
Cənubi Qafqazda kommunikasiyaların açılmasına hazırlıq və Aİ-nin bu prosesdəki rolu

ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış Birgə Bəyannamənin nəticələrindən biri də kommunikasiyaların açılması ilə bağlı atılacaq addımlar haqqında bəyanat olub. Bütün açılma prosesi Naxçıvana gedən bir marşrutun həyata keçirilməsi ilə bağlı olduğu üçün yalnız bir marşrut - TRIPP müzakirə edilib və razılaşdırılıb.

Ermənistan hökuməti Naxçıvana gedən marşrutun maneəsiz olması barədə suveren qərar qəbul edib və bunun təminatının ABŞ şirkətinə həvalə edilməsi qərara alınıb. Hazırda Ermənistan hökuməti ABŞ ilə müvafiq istiqamətdə danışıqlar aparır. Lakin ABŞ-dəki "şatdaun" səbəbindən proses obyektiv səbəblərə görə gecikir.

Bəs tikinti hansı vəsait hesabına həyata keçiriləcək?! Hansı ölkə və necə iştirak etməyi planlaşdırır?!

Azərbaycan azad edilmiş ərazilərdə dəmir yolunun bir hissəsini öz vəsaiti hesabına sürətlə qurur və Ermənistanla sərhədə çatdırır. Modernləşdirmədən kənarda yalnız Ordubaddan Ermənistanla sərhədə qədər kiçik bir hissə, həmçinin Naxçıvanın özündəki və ondan sonrakı dəmir yolları qalır.

Naxçıvandan sonrakı dəmir yolları isə iki istiqamətdə davam edir:

- Türkiyəyə (yeni yol olan Qars-Naxçıvan xətti üzrə artıq işlər başlayıb, 4-5 il ərzində istifadəyə veriləcəyi vəd olunur);

- Ermənistana (Sədərəkdən sonrakı kiçik bir hissə qalır).

Həmçinin, Qazax-İcevan dəmir yolu da var, lakin ora ciddi sərmayə, TRIPP-dən daha çox vəsait tələb edir.

Beləliklə, harada və nəyin inşa edilməli olduğu aydın şəkildə görünür... Bəs maliyyə haradan gələcək?!

TRIPP-in dəyəri 300 milyon dollara qədər qiymətləndirilir. Hər halda, son zamanlar müzakirələrdə məhz bu məbləğ hallanır. ABŞ layihə üçün 140 milyon ayrıb və bu rəsmi olaraq elan edilib. Qalan 160 milyon çatışmır. Ermənistan hökumətinin nəzəri Aİ-yə və beynəlxalq maliyyə qurumlarına yönəlib.

Yeni yol hissələrinin tikintisi və Naxçıvandakı dəmir yolunun modernləşdirilməsi ayrıca mövzudur və bu işə də sərmayə qoymaq lazımdır. Burada artıq Azərbaycan öz diqqətini Aİ-yə yönəldib. Aİ-nin xüsusi təmsilçisi Qrono bu yaxınlarda Naxçıvana səfər edib.

Digər hissələrlə bağlı mövzu daha mürəkkəbdir, çünki bu, Rusiya dövlət şirkəti olan Rusiya Dəmir Yollarının törəməsi Cənubi Qafqaz Dəmir Yolları ilə əməkdaşlığı nəzərdə tutur.

Yəni, əksər layihələrdə gözləntilər Aİ-yə yönəlib. Təəssüf ki, hələ də Brüsseldən aydın cavab yoxdur. Aİ-nin bölgədə kommunikasiyaların açılması prosesinə harada və nə qədər sərmayə qoymağa hazır olduğu bəlli deyil.

Aİ-nin maliyyə resursu var!

Obyektiv sual yarana bilər ki, bəs bu Aİ-nin nəyinə lazımdır?!


Aİ üçün bu marşrutlarla nə qədər məhsul gedəcək ki, Brüssel dəmir yollarının tikintisinə sərmayə qoysun?!

Bu suala cavab ondadır ki, Aİ regionda fəal olmağa çalışır, öz qlobal təşəbbüslərini formalaşdırır (Qlobal Gateway), Mərkəzi Asiya ilə sammit keçirir və s. Bu işlərdə nəticə əldə etmək üçün sərmayə qoymaq və proaktiv siyasət yürütmək lazımdır. Yalnız bu yolla regionda mövqeyi nəzərə alınan fəal oyunçu olmaq mümkündür.

Bu gün Bakı Aİ-nin marağını hiss etmir, hətta Bakıya yüksək səviyyəli səfərlər olsa da, Azərbaycan Prezidenti Aİ-nin ali rəhbərliyi ilə iki dəfə görüşsə də, Brüssel münaqişədən sonrakı bərpa işində (azad edilmiş ərazilərdə tikinti, minalardan təmizləməyə yardımın həcminin artırılması, kommunikasiyaların açılması ilə bağlı infrastruktur işləri) iştirak etmək üçün hər hansı bir addım atmır.

Xüsusi qeyd edək ki, Aİ ilə Azərbaycan arasında münasibətlərin səviyyəsinin yüksəldilməsi ilə bağlı da müsbət xəbərlər yoxdur!


Brüsselin davam edən çoxmənalı sükutu və Aİ-nin planlarında konkretliyin olmaması Azərbaycanı digər mənbələrə diqqət yetirməyə məcbur edəcək. Bakı tamamilə haqlı olaraq Aİ-nin fikirləri ilə müqayisədə, digər mənbələrin fikirlərinə daha diqqətlə qulaq asacaq!

@cssc_cqtm
👍9
ABŞ-Azərbaycan münasibətləri: İmkanlar və risklər

Azərbaycan-ABŞ münasibətlərinin tarixi öz daxili dinamikası ilə inkişaf edib. Müxtəlif dövrlərdə enerji, təhlükəsizlik və terrorla mübarizə, investisiyalar, Rusiya ilə regional rəqabət, NATO-nun Əfqanıstandakı əməliyyatı, Azərbaycanın İranla yaxınlığı, ABŞ-nin ATƏT-in Minsk Qrupunda iştirakı kimi məsələlər Vaşinqtonun Azərbaycana münasibətində prioritetlərə çevrilib.

Trampın prezident seçilməsi ABŞ-Azərbaycan münasibətlərində yeni, daha praqmatik və nəticəyönümlü mərhələ açıb. Belə ki, Tramp administrasiyası ardıcıl olaraq dialoqa açıqlıq, strateji aydınlıq, qarşılıqlı maraq və hörmət əsasında Azərbaycanla əlaqə yaratmaq istəyini nümayiş etdirib.

Halbuki, bunun əksinə olaraq, öncəki Bayden administrasiyası ilə münasibətlər Azərbaycan üçün xüsusilə çətin olub. Eyni səhvlərin təkrarlanmaması üçün bu çətinliklərin və o dövrdə ABŞ siyasətinin uğursuzluqlarının səbəblərini araşdırmaq vacibdir.

Prezident Baydenin 2021-ci ildən başlayaraq bütün səlahiyyət müddəti müharibədən sonrakı dövrə təsadüf edib, lakin Vaşinqton ardıcıl və aydın siyasət xətti təklif etməyib. Aktiv və balanslaşdırılmış yanaşma əvəzinə, Prezident Bayden bu dosyeni demək olar ki, tamamilə dövlət katibi Blinkenə həvalə edib. Blinkenin bu istiqamətdəki fəaliyyəti isə effektiv olmadı və heç bir əhəmiyyətli nəticə verməyib.

Dövlət katibi Blinkenin erməni mərkəzli yanaşması və prezident Baydenin Azərbaycanın haqlı gözləntilərini anlamaması Bakı ilə Vaşinqton arasında münasibətlərdə böhrana səbəb olub. Blinkenin manipulyasiya və qərəzli davranışı prosesə xələl gətirib və ikitərəfli əlaqələri daha da gərginləşdirib.

Bayden-Blinken dövründə Ermənistanın Rusiyadan asılılığı azalmaq əvəzinə daha da artıb. Əslində, Ermənistanda ictimai əhval-ruhiyyənin yönümünü Rusiyadan Qərbə çevirmək üçün Azərbaycan ABŞ-dən daha çox iş görüb.

Regionda Rusiyanın mövcudluğunun azalması məhz Azərbaycanın hərəkətləri nəticəsində mümkün olub. Qərb, yəni ABŞ və Avropa İttifaqı bu hadisələrdə heç bir rol oynamayib.

Trampın prezident seçilməsi, daha doğrusu, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Kamala Harrisin məğlubiyyəti Paşinyan hökumətinin mövqeyinə ciddi təsir göstərib. 2025-ci ilin yazından etibarən Ermənistanın sülh müqaviləsinə yanaşması daha konstruktiv və praqmatik xarakter alıb. Bu, Əbu- Dabidə razılaşdırılan və avqustun 8-də ABŞ Prezidenti Trampın iştirakı ilə Vaşinqtonda rəsmiləşdirilən sülh prosesində irəliləyiş üçün yol açıb.

Sülh gündəliyi ABŞ-Azərbaycan münasibətlərinə də müsbət təsir göstərib.


Burada suallar yarana bilər ki, ABŞ-yə Azərbaycanla strateji münasibətlər nəyə görə lazımdır? Bəs Azərbaycanın ABŞ ilə strateji münasibətlərdə hansı maraqları var? Həmçinin, Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlığın formalaşması prosesində yarana biləcək risklər hansılardır?

Bu barədə daha ətrfalı linkdə: https://cssc.az/az/view/2/71/
👍6
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "Sülh Körpüsü" təşəbbüsünün incəlikləri barədə danışıb.

Daha ətraflı: https://youtu.be/cSlHWmjAwQo?si=HnmmwnZkpSzs8UIg
👍6
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Pressklub TV-nin efirində gedən “Əsas Sual” verilişində Trampın Ukrayna Sülh Planı və digər aktual məsələlər barədə fikirlərini bölüşüb.

Daha ətraflı: https://www.youtube.com/watch?v=LBH50l5LbvE
👍6
Cənubi Qafqazın transformasiyası: Çağırışlar və qeyri-müəyyənliklər

8 avqust 2025-ci ildə ABŞ Prezidentinin iştirakı ilə Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin Birgə Bəyannaməni imzalamasından və sülh müqaviləsinin paraflanmasından sonra belə bir nəticəyə gəlmək olar ki, Cənubi Qafqaz regionunda yeni konfiqurasiyanın formalaşması üçün möhkəm təməllər qoyulub. 1990-cı illərin əvvəllərində müəyyən edilən və 25 il aktuallığını qoruyan regionun parametrləri artıq dəyişir.

Hazırkı transformasiya dövrü bir sıra qeyri-müəyyənliklərlə xarakterizə olunur və biz bunları 2020-ci ilin 44 günlük müharibəsinin nəticələri işığında araşdırmağa çalışacağıq. Məhz bu müharibənin nəticələri regionun yeni parametrləri kimi nəzərdən keçirilməlidir.

İlk nəticə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasıdır.

Bu, ilk dəfə Rusiya (10 noyabr 2020-ci ildə, Moskva müharibənin nəticəsini dəyişdirməyə çalışsa da), Aİ/Fransa (7 oktyabr 2022-ci ildə, sonradan vəziyyəti dəyişdirməyə cəhd etsə də) və ABŞ (8 avqust 2025-ci ildə) tərəfindən bu və ya digər formada razılaşdırılıb. Nəticədə, ATƏT-in Minsk Qrupunun ləğvi ilə Ermənistan özü də müharibənin bu ədalətli nəticəsini tanıyıb.


İkinci nəticə Azərbaycan və Ermənistan arasında sülhdür.

Ermənistan-Azərbaycan münaqişəsi klassik etno-ərazi münaqişəsidir. Münaqişənin ərazi komponenti artıq paraflanmış sülh müqaviləsi və Birgə Bəyannamə ilə həll edilib. Sülh prosesi sürətlənib, yekun sülh müqaviləsinə nail olmaq üçün addımların ardıcıllığı aydındır, qarşılıqlı fəaliyyətin çərçivəsi və prinsipləri müəyyən edilib.

Münaqişənin etnik komponenti uzun müddət tələb edəcək. Etnik sülhə nail olmaq üçün hakimiyyət orqanları və vətəndaş cəmiyyəti tərəfindən əlaqələndirilmiş fəaliyyət tələb olunur. Bu sahədə qarşılıqlı fəaliyyət formatları artıq müəyyən edilib.

Yeganə qeyri-müəyyənlik sülh müqaviləsinin yekun imzalanması və ratifikasiya prosesidir. Burada qeyri-müəyyənliklər Ermənistanda keçirilən parlament seçkilərinin və yeni Ermənistan Konstitusiyası ilə bağlı referendumun nəticələridir.

Üçüncü nəticə Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasıdır.

Bu proses tamamilə Ermənistan-Azərbaycan münasibətlərinin dinamikasından asılıdır. Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşmasının vaxtında olacağını demək olar.


Burada da mövcud qeyri-müəyyənlik və çağırış parlament seçkilərinin və yeni Ermənistan Konstitusiyası ilə bağlı referendumun nəticələridir. Xarici təsir də qeyd olunur ki, onlar əsassız sürətləndirmə ilə bunu həddindən artıq edə bilərlər.

Dördüncü nəticə isə kommunikasiyaların açılmasıdır.

Burada daha çox qeyri-müəyyənliklər var...

- Ermənistan və ABŞ tərəfindən təsdiqlənməli və həmçinin Azərbaycanla razılaşdırılmalı olan TRIPP-in iş rejimi;

- Naxçıvanda dəmir yolunun modernləşdirilməsi - müddətlər və resurslar;

- Naxçıvandan Türkiyəyə və Ermənistana dəmir yolu bağlantısı;

- Qars-Naxçıvan dəmir yolunun tikintisi - müddətlər;

- Naxçıvandan Ermənistana və daha sonra Gümrüdən keçərək Qarsa dəmir yolu bağlantısı yaranacağı təqdirdə, Qərb ictimaiyyətinin Rusiya Dəmir Yollarının Ermənistanda iştirakına münasibəti necə olacaq?! Axı Ermənistandakı TRIPP Rusiya şirkətini nəzərə almır.

Buna görə də belə bir nəticəyə gəlmək olar ki, transformasiya dövrü bir çox qeyri-müəyyənliklər və çağırışlarla xarakterizə olunur və bu, normaldır.

Əsas məsələ odur ki, qarşılıqlı əlaqə üçün çərçivə müəyyən edilib və bütün məsələlərin siyasi və diplomatik yollarla həlli üçün öhdəliklər götürülüb. Qeyri-müəyyən qalan məsələlərin həll variantları və yollarının tapılması üçün son tarixləri var. Başqa sözlə, işlər o qədər də pis deyil.

Cənubi Qafqaz bölgəsinin yeni parametrləri, ilk növbədə, region dövlətlərinin müstəqilliyini və suverenliyini gücləndirməyə xidmət etməlidir. Bu parametrlər həmçinin xarici aktorların öz aralarındakı geosiyasi və geoiqtisadi rəqabəti münaqişə və açıq qarşıdurma səviyyəsinə keçirməsinə imkan verməməlidir.

@cssc_cqtm
👍7
Azərbaycan Aİ-Ermənistan strateji gündəliyində: Bu, sülh prosesinə necə təsir edir?!

Aİ və Ermənistan tərəfindən imzalanan 64 səhifəlik strateji gündəlik proqram xarakterlidir və çox əhatəlidir. Sənəddə siyasət, iqtisadiyyat, demokratik inkişaf və s. sahələrdə Ermənistanın Aİ ilə strateji gündəliyini formalaşdırmaq niyyətində olduğu istiqamətlər öz əksini tapıb.

Sənəddə yeni ticarət müqaviləsi olan CEPA+ barədə heç bir müddəa yoxdur. Ermənistanın Aİ-yə gələcək üzvlüyündən də bəhs edilmir. Bu sənəd əsasən, gündəmdə olan bütün fəaliyyətlərin, eləcə də Aİ və Ermənistanın birgə həyata keçirmək niyyətində olduqları fəaliyyətlərin toplusudur.

Bir sözlə, sənəd geosiyasi xarakter daşımaqla, Aİ-nin Ermənistana maksimum dəstəyini ifadə edir.

Bəs Azərbaycanın bununla nə əlaqəsi var?!

Azərbaycan sənəddə beş dəfə xatırlanır. Bunlardan ikisi - “Giriş” və “Nəticə” bölmələrində sülh gündəliyi kontekstindədir:

Girişdə: "Həmçinin, Azərbaycanın hərbi əməliyyatlarından sonra köçürülmüş Qarabağ ermənilərinin (bundan sonra Ermənistanın köçürülmüş şəxsləri və/və ya qaçqınları adlandırılacaq) ehtiyaclarının ödənilməsinə və sosial-iqtisadi inteqrasiyasının dəstəklənməsinə xüsusi diqqət yetiriləcək" - səhifə 4.

Nəticədə: "Aİ-Ermənistan strateji tərəfdaşlıq gündəliyi mühüm sosial-iqtisadi problemləri, xüsusən də qadın və qızların, eləcə də Azərbaycanın hərbi əməliyyatlarından sonra köçürülmüş Qarabağ erməniləri kimi həssas şəxslərin sosial inteqrasiyasına yönəlmiş məsələləri əhatə edir" - səhifə 64.

Bu, artıq ermənilərin Qarabağdan Ermənistana köçürülməsinin siyasi qiymətləndirilməsidir. Lakin təəssüf ki, sənəddə ermənilərin Qarabağdan köçürülməsinin Qarabağda həmin erməniləri idarə edən və öz xidmətləri üçün Ermənistan dövlət büdcəsindən pul alan Ermənistan vətəndaşları tərəfindən təşkil edilməsi faktı qeyd olunmur.

Aİ hələ də Qarabağ ermənilərinin - köçürülmüş şəxslərin və ya qaçqınların necə adlandırılacağına qərar verməyib. Vəziyyətin niyə belə olduğunu da Avropa diplomatiyası açıqlamır!

Bəs Azərbaycanın hərbi əməliyyatına səbəb olan nə idi?!

Aİ bu məsələ ilə bağlı Azərbaycanın prinsipial mövqeyini və o zaman Qarabağda Ermənistan silahlı qüvvələri qalıqlarının olmasını çox yaxşı bilir. Amma bu barədə sənəddə bir kəlmə belə yoxdur!

Aİ məmurları sadəcə bu iki hadisəni - Azərbaycanın hərbi əməliyyatları və Qarabağ ermənilərinin köçürülməsini bir-birilə əlaqələndirib gələcək nəsillər üçün sənəddə saxlayıblar!

Elə isə, əgər Azərbaycan tərəfi Aİ ilə analoji sənəddə Ermənistandan qovulan qərbi azərbaycanlılara Aİ-nin yardımı şərtini daxil etməyi təklif edərsə, təəccüblənməyin.
Lakin ermənilərə münasibətdən fərqli olaraq, azərbaycanlılara gəldikdə Aİ buna imza atmayacaq!

Bəyanatda qeyd olunur ki, Aİ "erməni məhbusların və digər saxlanılanların azad edilməsi çağırışlarını davam etdirəcək, eləcə də etimad quruculuğu tədbirlərinin gücləndirilməsi çərçivəsində itkin düşmüş və məcburi yoxa çıxmış şəxslərin taleyi də daxil olmaqla, həll olunmamış humanitar məsələlərin həlli üçün səylərini davam etdirəcək".

Söhbət hansı məhbuslardan gedir və Aİ niyə bu çağırışlara davam edir?

Növbəti... "Regionda münasibətlərin normallaşdırılması" bölməsində qeyd olunur ki, Aİ "Beynəlxalq Ədalət Məhkəməsinin bütün müvafiq qərarlarının tam, dərhal və effektiv şəkildə həyata keçirilməsini dəstəkləyir".

Lakin dəqiq olaraq Beynəlxalq Məhkəmənin hansı qərarlarından söhbət getdiyi aydınlaşdırılmır. Əgər söhbət Qarabağ ermənilərindən bəhs edən qərardan gedirsə, o zaman digər sual yaranır: Aİ-Ermənistan əməkdaşlığının məqsədi məhz budurmu?!

Bütün bunlar bizi sülh gündəliyinə zərər verən müzakirələrə qaytarır. Aİ-Ermənistan strateji gündəliyində qeyd olunanlar isə sadəcə ifadələr deyil, etimadı artırmağa xidmət etməyən mövqelərdir.

@cssc_cqtm
👍5
ABŞ-nin Yeni Milli Təhlükəsizlik Strategiyası və ya yeni dövrün manifesti

2025-ci il noyabrında qəbul edilən ABŞ-nin yeni Milli Təhlükəsizlik Strategiyası (MTS) bu ölkənin xarici siyasətində “Əvvəlcə Amerika” (America First) prinsipi ilə müəyyən edilən fundamental dönüşü özündə əks etdirən tarixi sənəddir.

“Əvvəlcə Amerika” şüarı ilk dəfə D.Trampın prezidentliyinin birinci dövründə irəli sürülmüşdü, ancaq indiyə qədər bu şüarın xarici siyasətdə məhz necə instrumentallaşdırılacağı, nəyi nəzərdə tutduğu, konseptual bazası və çərçivəsinin nə olduğu işlənib ictimaiyyətə təqdim edilməmişdi. İndiyə qədər Tramp və onun tərəfdarları ABŞ-nin Soyuq Müharibədən sonrakı dövrdə qlobalist xarici siyasətininin iflasa uğradığını göstərərək əvvəlki administrasiyaları tənqid edirdilər, ancaq xarici siyasət strategiyasında konseptual alternativ təqdim edə bilmirdilər.

2025-ci il Milli Təhlükəsizlik Strategiyası Soyuq Müharibədən sonrakı onillikləri əhatə edən ABŞ xarici siyasətinə dərin və böyük bir tənqidlə başlayır. Sənəd “məqsəd və vasitələri” birləşdirən praktiki və ardıcıl bir plan kimi təqdim edilir, əvvəlki strategiyaları effektiv olmayan “arzuların siyahısı” (aundry lists of wishes) kimi qiymətləndirir. Sənədə görə, bugünədək yaşanan uğursuzluğun əsas səbəbi elitanın qlobalizmə və sözdə “sərbəst ticarətə” sadiqliyi idi ki, bu da ABŞ-nin qüdrətinin əsaslandığı “orta sinifi və sənaye bazasını zəiflətmiş”, olduqca dağıdıcı nəticələrə gətirib çıxarmışdır. Bundan əlavə, keçmiş administrasiyalar müttəfiqlərin “öz müdafiə xərclərini Amerika xalqının boynuna yükləməsinə” icazə verdiklərinə və suverenliyi beynəlxalq institutlara təslim etdiklərinə görə tənqid olunur.

Bu sənəd “Soyuq Müharibədən sonrakı dövrdə ABŞ-nin xarici siyasətindəki qlobalist konsepsiyanın uğursuzluqlarına təcili düzəliş edilməsini” qarşısına hədəf qoyduğunu iddia edir. Yeni doktrina açıq şəkildə əvvəlki qlobalist elitaların “bütün dünya üzərində daimi Amerika nəzarəti” (permanent American domination of the entire world) məqsədini rədd edir. Bu məqsəd yeni strategiyada “milli resursları tükəndirən, ABŞ-nin sənaye və orta sinif bazasını zəiflədən” “arzuolunmaz və qeyri-mümkün bir məqsəd” (undesirable and impossible goal) kimi qiymətləndirilir. Qeyd edək ki, “bütün dünya üzərində daimi Amerika nəzarəti” ideyasının ABŞ-nin milli maraqları üçün fəsadları bu ölkənin xarici siyasət üzrə müxtəlif nəzəri məktəblərinin ən aparıcı intellektualları tərəfindən (overstreched) son 10-15 ildə ən çox müzakirə edilən mövzudur. Ona görə də bu ideyanın nəhayət əsas strategiya sənədində öz əksini tapması təsadüfi deyil.

2025-ci il Milli Təhlükəsizlik Strategiyası 2022-ci il strategiyasının, eləcə də digər əvvəlki strategiyaların mərkəzi prinsipləri olan “dəyər əsaslı intervensiya və demokratiyanın təşviqinə” (values-based interventionism and democracy promotion) edilən ənənəvi vurğunu milli suverenliyə, sərhəd təhlükəsizliyinə, iqtisadi davamlılığa və ittifaqlarda qarşılıqlı maddi/konkret maraqlara əsaslanan yanaşmaya yönəlmiş fokusla əvəz edir.

Burada ittifaqların qarşılıqlı maddi/konkret maraqlara əsaslanması (a transactional approach to alliances) məsələsinə xüsusi diqqət yetirmək lazımdır. Əvvəllər ABŞ “dəyərlərə əsaslanan” xarici siyasətində coğrafi baxımdan ondan uzaq və ya əhəmiyyətli iqtisadi maraqları olmayan regionlarda bir çox hallarda özünün iqtisadi və geosiyasi maraqlarına zidd xarici siyasətlər yeridir və ittifaqlar qurur, xarici siyasətini “dəyərlərin” əsirinə çevirirdi. Yeni strateji yenidənqurma (strategic reordering) ABŞ-nin qlobal öhdəliklərini və resursların bölgüsünü kökündən üç istiqamətdə dəyişdirəcəyini hədəfləyir.

Mövzu ilə bağlı daha ətraflı linkdə: https://cssc.az/az/view/2/72
👍3
Azərbaycan və Ermənistan arasında sülh anlayışı

"Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin İrəvana səfərindən və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin Bakıya cavab səfərindən sonra sülh gündəliyi hər iki ölkə daxilində aktual mövzuya çevrilib. Bu səfərlərə reaksiyalar müxtəlif olub: Dəstəkdən tutmuş tənqidə və xəyanət ittihamlarına qədər.

Bu başa düşüləndir... Azərbaycan və Ermənistan arasındakı münaqişə etno-ərazi xarakterli idi. Ərazi komponenti həll edildi, Birgə Bəyannamə imzalandı və sülh müqaviləsinin mətni paraflandı. İndi proseslərin inkişafı Ermənistandakı parlament seçkilərindən asılıdır və bundan sonra hökumətlər orta müddətdə daha inamlı addımlar atacaqlar.

Sülh prosesinin etnik komponenti isə hələ də kəskin olaraq qalır ki, bu da səbəbsiz deyil:

Azərbaycanda sülhə skeptik yanaşanlar az deyil, Ermənistanda da seçkiqabağı vəziyyətə görə neqativlik artır. Heç kimin unutmayacağı minlərlə müharibə qurbanı var və onların sayı hələ də artır. Birinci Qarabağ müharibəsində şəhid olanların qalıqları tapılır, azad edilmiş ərazilərdə yerləşdirilmiş minalar can alır, yaşayış məntəqələrində müharibədə həlak olanların fotoşəkilləri olan plakatlar asılır. Bütün bunlar daimi bir xatırlatma rolunu oynayır və cəmiyyətlər arasında bərqərar edilməli olan sülh üçün çərçivə yaradır.

Son iki ay ərzində cəmiyyətin müxtəlif təbəqələri ilə ünsiyyət vasitəsilə mümkün sülhün mənzərəsi yaranıb.

Əvvəlcə, gələcəkdə bu mövzuya qayıtmamaq üçün nələrin baş verməyəcəyini qeyd edək:

Yaşlı nəsil üçün "ermənilərlə sülh" mövzusu Sovet dövrünün xatirələri çərçivəsində anlaşılır. Lakin SSRİ dövründə olan münasibətlər bir daha olmayacaq!
Niyə? Çünki:

- hazırki tarixi prosesdə münaqişədən sonra xalqları zorla barışdıra biləcək üçüncü tərəf yoxdur və olmayacaq!

- Azərbaycan və Ermənistan SSRİ dövründə vahid dövlətin tərkibində olublar. İndi isə iki müstəqil ölkədirlər. Hətta biz heç bir eyni hərbi-siyasi və ya iqtisadi birlikdə da təmsil olunmuruq.

- Sovet dövründən fərqli olaraq, Azərbaycanda kompakt erməni əhalisi, Ermənistanda isə azərbaycanlı əhali yoxdur.

Müstəqillik dövründə böyüyən gənc nəsil üçün Ermənistanla sülh fərqli qəbul edilir. Digər qonşularla olduğu kimi... Amma bu da orta müddətdə baş verməyəcək!

Qonşularla sülh nə deməkdir?


Azərbaycanın Rusiya, Qazaxıstan, Gürcüstan, Türkiyə, İran və Türkmənistan kimi qonşuları var. Azərbaycan bu qonşularla müharibə vəziyyətində deyil. Azərbaycan vətəndaşı bilet alıb tətil üçün qonşu ölkələrə uça, orada təhsil ala, biznes aça, ticarət edə, işləyə və ya müalicə ala bilər.

Yaxın gələcəkdə Ermənistanla bunların heç biri baş verməyəcək!

Bəs nə olacaq?!

Dar mənada sülh olacaq.
Bu sülhün əsas konturları artıq mövcuddur: Bütün məsələlərin yalnız siyasi və diplomatik kanallar, müxtəlif hökumətlərarası qarşılıqlı əlaqə platformaları, dövlət və özəl səviyyələrdə birgə layihələrdə iştirak və sülh gündəliyini bölüşən vətəndaş cəmiyyəti nümayəndələri arasında ünsiyyət vasitəsilə müzakirəsini nəzərdə tutan diplomatik proses.

"Dövlət qurumları - vətəndaş cəmiyyəti - əhali" üçlüyündə dövlətlər/hökumətlər arasındakı dialoq hələ uzun müddət həlledici olaraq qalacaq. Vətəndaş cəmiyyətləri arasındakı qarşılıqlı əlaqənin şərtləri, eləcə də əhali arasında təmaslar hökumətlər arasındakı münasibətlərdən asılı olacaq.

Azərbaycanda hökumət süni şəkildə vətəndaş cəmiyyətini və xalqı sülh gündəliyini qəbullanmağa məcbur etməyəcək. Proses təbii şəkildə inkişaf edəcək və müəyyən addımların atılması illər çəkərsə, vəziyyətin yetişməsi gözləniləcək. Vətəndaş cəmiyyəti və xalq hökumətlər arasındakı əlaqələr vasitəsilə yaradılan şəraitdən istifadə edib-etməmək üzrə öz seçimini edəcək.

Beləliklə də, sülh gündəliyi bir çox mövzu və qatlardan ibarətdir. Onlardan hər birinin həlli üçün zamana ehtiyac var.

@cssc_cqtm
👍9
Azərbaycan Prezidenti İlham Əliyev iş qrafikinin sıxlığı səbəbindən MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak etmədi.

Xatırladaq ki, ötən il Azərbaycan Prezidenti məhz Sankt-Peterburqda keçirilən analoji tədbirə gedərkən Bakı-Qroznı marşrutu üzrə uçan Azərbaycan Hava Yollarına (AZAL) məxsus mülki təyyarə Rusiya səmasında qəzaya uğramaşdı. Prezident təyyarəsini havada ikən geri çevirərək Bakıya qayıtmağı qərara almış və elə Bakı hava limanındaca təcili toplantı keçirmişdi.

Təyyarə qəzası sonrası Rusiya tərəfinin davranışı ötən bir ildə Bakı-Moskva münasibətlərində gərginliyə səbəb oldu. Dönüş nöqtəsi bu il oktyabrın 9-da Düşənbədə keçirilən MDB sammitində Azərbaycan və Rusiya prezidentlərinin görüşü zamanı baş verdi. Rusiya Prezidenti Vladimir Putin üzr istədi və AZAL mülki təyyarəsinin Rusiya Hava Hücumundan Müdafiə Qüvvələrinin əməliyyatı səbəbindən qəzaya uğradığını etiraf etdi. O, bunu özünəməxsus şəkildə etdi, amma əsas məqam "belə vəziyyətlərdə nə tələb olunursa, onu edəcəyinə" söz verməsi idi.

Əlbəttə ki, belə vəziyyətlərdə etiraf etmək, üzr istəmək, təzminat ödəmək və günahkarları cəzalandırmaq tələb olunur!

Lakin Rusiya tərəfi tələb olunanları etmək əvəzinə, yarımçıq açıqlamalar və hərəkətsizliyi tərcih etdi.

Oktyabrın əvvəlindən təxminən iki ay yarım keçib!!!

Faciənin ildönümü artıq yaxınlaşır və bu zamanadək qəzanın səbəblərini araşdıran komissiya öz işini başa çatdırmalı idi. Lakin Qazaxıstan tərəfinin açıqlamalarından da göründüyü kimi, proses hələ də davam edir və Rusiya tərəfi hələ də işin öz üzərinə düşən hissəsini başa çatdırmayıb.

Bu müddət ərzində hər kəsə aydın oldu ki, Azərbaycanın mövqeyi tamamilə haqlıdır və yeganə düzgün mövqedir.

Lakin, bu iki ay yarım ərzində, Prezident Putinin vədlərinə baxmayaraq, Rusiya "belə vəziyyətlərdə tələb olunanı etmək" istiqamətində heç bir addım da atmayıb. İstintaq tədbirləri yarımçıq qalıb, kompensasiya ödənilməyib və məsul şəxslər cəzalandırılmayıb.

Elə isə bu şəraitdə Azərbaycan Prezidenti MDB dövlət başçılarının qeyri-rəsmi sammitində necə iştirak edə bilərdi?!

Rusiya həqiqətənmi düşünürdü ki, Azərbaycan rəhbərliyi təyyarə ilə bağlı qərar olmadan Rusiyaya uçacaq?! Məhz Rusiyaya...
çünki Azərbaycanın MDB sammitinin özü ilə heç bir problemi yoxdur. Bu, Düşənbədə nümayiş etdirildi!

Azərbaycan Mərkəzi Asiya ilə münasibətlərini keyfiyyətcə yeni səviyyəyə qaldırıb. Bu region MDB-nin üçdə ikisini təmsil edir. Ermənistanla ikitərəfli münasibətlər irəliləyir, Belarusla da ikitərəfli münasibətlər yaxşıdır.

Deməli, yalnız Rusiya qalır... və səbəb hamıya aydındır!

Beləliklə, Azərbaycan Prezidenti bir daha AZAL təyyarə qəzası ilə bağlı ardıcıllığını və prinsipiallığını nümayiş etdirir. Azərbaycan danışıqlarda konstruktivlik nümayiş etdirir və Rusiyadan yarımçıq deyil, bütöv addımlar gözləyir.

Bəs sonra nə olacaq?

Kremlin vəd etdiyi tədbirlərin olmaması səbəbindən Azərbaycan-Rusiya münasibətləri ili həll olunmamış təyyarə böhranı fonunda başa vurur. Rusiya tərəfinin nə etmək niyyətində olduğunu müəyyənləşdirmək üçün hökumətlərarası komissiyanın, xüsusən də onun rusiyalı üzvlərinin öz işlərini başa çatdırmalarını gözləməliyik.

Azərbaycanın mövqeyi olduqca aydındır və Azərbaycan Prezidenti tərəfindən bəyan edilib: Prezident Putin tərəfindən təsdiqlənmiş Azərbaycanın ədalətli tələbləri yerinə yetirilərsə, Bakı təyyarə qəzası məsələsini bağlamağa, əks halda isə beynəlxalq alətlərdən istifadə edərək öz mövqeyinin müdafiəsinə davam etməyə hazırdır.

@cssc_cqtm
👍10
Rusiya və Cənubi Qafqazda kommunikasiyaların açılması prosesi

TRIPP layihəsi üzrə Ermənistanla ABŞ arasında əsaslı danışıqların başlamasından sonra xarici aktorlar, xüsusilə də Rusiya kommunikasiyaların açılması prosesində iştirak etmək üçün səylərini artırıb. Mövzunu sistemləşdirməyə və Rusiyanın bu prosesdəki maraqlarını, yerini və mümkün rolunu anlamağa çalışaq.

Bu niyə vacibdir?

Xatırladaq ki, 44 günlük müharibənin nəticələrindən biri kommunikasiyaların açılmasıdır. Prosesin "Qordi düyünü" isə TRIPP layihəsi - Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsidir.

Regionun yenidən şəkilləndirilməsi prosesi məhz TRIPP layihəsinin həyata keçirilməsindən asılıdır və bu prosesin başlanğıcı kənarda qalan aktorları hərəkətə gətirir.

Regional kommunikasiyaların vəziyyəti

Şimal istiqaməti
- Azərbaycan-Rusiya: d/y və avtomobil yollar açıqdır;
- Gürcüstan-Rusiya: magistral yol açıqdır, d/y bağlantısı yoxdur (Rusiyanın Abxaziyanı işğal etməsi səbəbindən).

Qərb istiqaməti:
- Gürcüstan-Türkiyə: d/y və avtomobil yolları açıqdır;
- Ermənistan-Türkiyə: bütün yollar bağlıdır.

Cənub istiqaməti:
- Azərbaycan-İran: d/y və avtomobil yolları açıqdır;
- Ermənistan-İran: yalnız avtomobil yolu mövcuddur.

Region üzrə:
- Gürcüstan-Azərbaycan və Gürcüstan-Ermənistan: d/y və avtomobil yolları açıqdır;
- Azərbaycan-Ermənistan: bütün yollar bağlıdır.

Bəs Rusiya?

• Rusiyanın regiondakı hər üç ölkə ilə ticarət əlaqələri var.
• Ermənistan Aİİ-nin üzvüdür.
• Rusiya şirkəti 2038-ci ilə qədər Ermənistanın dəmir yolunu idarə edir.
• Ukraynanın işğalı səbəbindən sanksiyaların tətbiqindən sonra cənub istiqaməti Rusiya üçün strateji hala gəlib.

Üçtərəfli bəyanatlara görə, Rusiyanın Ermənistandan keçən dəhlizdə rol oynaması nəzərdə tutulurdu. Lakin bu, alınmadı.

Hazırda Rusiya prosesdə necə iştirak edə biləcəyini qiymətləndirir. Mövcud resurslar artıq işə salıb:

- Ermənistanın Aİİ-dəki üzvlüyü (Moskva İrəvanın TRIPP rejimini Avrasiya Komissiyası ilə əlaqələndirməli olduğunu bildirir);

- Ermənistan d/y sisteminin Rusiya şirkəti (CQDY) tərəfindən idarə edilməsi;

- Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədlərində Rusiya sərhədçiləri.

Paşinyan hökuməti bu gözləntilərə cavablar hazırlayır:

- Aİİ üzvlüyü - Ermənistan digər Aİİ ölkələri ilə sərhədi olmayan yeganə dövlət kimi, başqa ölkələrdən mal və yüklərin öz ərazisindən ittifaq qaydalarındən kənar keçməsinə icazə verə bilən istisna ölkə olduğunu iddia edir;

- CQDY - TRIPP hissəsinin bu şirkətin məsuliyyət sahəsi olmadığı bəyan edilib. Paşinyan Ermənistan dəmir yollarını iki yerdə Azərbaycanla (Naxçıvan və Qazax) və Türkiyə (Gümrü-Qars) ilə birləşdirmək üçün CQDY-nin bu dəmir yolu hissələrinə investisiya qoymasını təklif edib. Hələlik rəsmi sorğu olmayıb. Amma konsessiya müqaviləsinə görə, CQDY investisiya qoymalıdır, bu, onun öhdəliyidir. Öhdəlik rədd edildiyi təqdirdə, Ermənistan hökuməti konsessiyanı ləğv edə bilər.

- Rusiya sərhədçiləri - Ermənistan məsələni seçkilərə qədər təxirə salacaq. Paşinyan qalib gələrsə, gələn ilin sonuna qədər Ermənistan Rusiya sərhədçilərinin İran-Ermənistan və Ermənistan-Türkiyə sərhədlərindən çıxarılması məsələsini qaldıra bilər.

Beləliklə, Rusiyanın Ermənistandakı prosesdə konstruktiv iştirak etmək üçün resursları var və bu, ABŞ-nin TRIPP hissəsini idarə etməsinə heç bir şəkildə mane olmayacaq. Həmçinin, Rusiyanın bu altı ay ərzində TRIPP layihəsini dayandırmağa çalışması, konstruktivliyi hücumlarla birləşdirməsi və eyni zamanda əsas diqqətini parlament seçkilərinə yönəltməsi də mümkündür. Çünki seçkilər bütün sülh prosesini pozmaq və kommunikasiyaların açılmasına mane olmaq üçün yeganə təsirli mexanizmdir.

Gördüyümüz kimi, sülh prosesi Rusiyanın regiondakı rolunu və yerini azaldır. Bu, Rusiyanın öz siyasəti ilə bağlıdır. Moskva Abxaziyanın tanınmasından asanlıqla imtina edə və Gürcüstana, oradan da Ermənistana dəmir yolunu dərhal aça bilər. Amma bu, Rusiyadır və orada hər şey fərqlidir.

@cssc_cqtm
👍8
Sülh prosesinə kənar təsirlər və bununla nə etməli?!

Cənubi Qafqaz, bir qayda olaraq, münaqişəyə yüksək dərəcədə həssas olan bir bölgədir. Coğrafiya, tarix, iqtisadi potensial (nəqliyyat yolları və enerji) və qonşuluq - bütün bunlar xarici aktorlar arasında region uğrunda daimi rəqabət üçün zəmin yaradır və bəzən bu rəqabət açıq qarşıdurmaya keçir.

Başlanğıc üçün, münaqişənin intensivliyinə əsasən, regionda kimin kiminlə rəqabət apardığını və rəqabətin mövzusunu (geosiyasi, iqtisadi, hərbi-siyasi amillər) müəyyən edək:

Üç qonşu - Türkiyə, Rusiya, İran...

Bir-biri ilə rəqabət aparır, situativ tərəfdaşlıq edirlər. Burada rəqabətin bütün komponentləri - geosiyasi, hərbi-siyasi və iqtisadi ölçüləri mövcuddur. Bu münasibətləri rəqabətli tərəfdaşlıq kimi xarakterizə edək. Region qonşularının bir-biri ilə ünsiyyət kanalları və geniş ikitərəfli münasibətləri mövcuddur. Cənubi Qafqaz isə maraqların qovuşduğu bölgələrdən biridir.

Aİ vs Rusiya - geosiyasi və iqtisadi rəqabət. Qarşıdurmanın ortamüddətli xarakterini nəzərə alsaq, rəqabətin yalnız güclənəcəyi gözlənilir.

ABŞ vs Rusiya - geosiyasi və iqtisadi rəqabət. Prezident Trampın rəhbərliyi altında münasibətlər qarşıdurmadan rəqabətli tərəfdaşlığa keçə bilər.

ABŞ vs İran, İsrail vs İran - geosiyasi və hərbi komponentlər. ABŞ, İsrail və İran arasındakı münasibətlər birbaşa hərbi münaqişənin zirvəsindədir. Lakin Cənubi Qafqaz münaqişə zonasından kənarda qalır.

Hindistan vs Pakistan - geosiyasi və müəyyən dərəcədə iqtisadi. Cənubi Qafqaz bu ölkələr üçün uzaq bölgə olaraq qalır. Lakin hər iki ölkə Azərbaycan və Ermənistanın militarizasiyasında iştirak edir və beynəlxalq təşkilatlardakı mövqelərindən regiondakı rəqabətləri üçün istifadə edir.

Çin vs ABŞ - geosiyasi və iqtisadi. Cənubi Qafqaz nəhənglər üçün üçüncü dərəcəli məkandır. Lakin ABŞ və Çin regiona daha çox cəlb olunduqca rəqabət nəzərə çarpır.

Fransa vs Türkiyə, Yunanıstan vs Türkiyə - geosiyasi. Paris və Afina davamlı olaraq Şərqi Aralıq dənizində Ankaraya qarşı koalisiyalar yaratmağa çalışır və burada Ermənistan üçün də yer hazırlanır.

İsrail vs Türkiyə - geosiyasi. Yaxın Şərqdə davam edən qarşıdurma müntəzəm olaraq Cənubi Qafqaza, xüsusən də Azərbaycana təsir göstərir.

Azərbaycan və Ermənistan arasında sülh gündəliyi region üçün yeni parametrlər yaradacaq və xarici aktorlar arasında rəqabət ya güclənə, ya da mənasızlaşa bilər. Hazırda xarici aktorlar sülh gündəliyinə nəzər yetirirlər. Bəziləri prosesdə iştirak edir, bəziləri onun nəticələrinin həyata keçirilməsinə hazırlaşır, digərləri isə münaqişələrin idarə olunmasından başqa maraqlarını reallaşdırmağın alternativ yollarını görməyərək sülhə müqavimət göstərməyə çalışırlar.

Xarici aktorlar tərəfindən güc proyeksiyasını qadağan etmək mümkün deyil, onların niyyətlərini görməzdən gəlmək də mümkün deyil. Lakin, bu güc proyeksiyasını onun həyata keçirilməsi üçün çərçivə yaratmaq və praqmatik yanaşmadan istifadə etməklə idarə etmək mümkündür. Azərbaycan və Gürcüstan daha güclü xarici aktorların güc proyeksiyasını milli maraqlarla uzlaşdırmaqda geniş təcrübəyə malikdirlər. Bu gün Azərbaycan və Ermənistan arasında, sonradan isə üçtərəfli səviyyədə bu çərçivənin formalaşdırılması ən aktual məsələdir. Söhbət faktiki olaraq regional ölkələr arasında qarşılıqlı əlaqə prinsiplərinin yaradılması, xarici aktorların riayət etməyə məcbur olacağı oyun qaydalarının müəyyən edilməsindən gedir.

TRIPP layihəsi bu kontekstdə nümunəvidir. Azərbaycan və Ermənistan ABŞ-nin kommunikasiyaların açılması layihəsində iştirakı barədə ikitərəfli razılığa gəliblər. TRIPP-in uğuru Əsrin Müqaviləsinin uğurunu təkrarlaya bilər və etməlidir.

Xarici aktorların regional ölkələrdən vasitə kimi istifadə edərək digər aktorlarla rəqabəti daha da dərinləşmək istəyi və resursları ola bilər, lakin buna imkanları olmamalıdır. Ölçüsündən və gücündən asılı olmayaraq xarici aktorlar regional ölkələrin müəyyən etməli olduqları proseslərin qaydalarını və çərçivələrini anlamalıdırlar.


@cssc_cqtm
👍6
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində Azərbaycan Prezidentinin yerli telekanallara müsahibəsində toxunduğu xarici siyasətin aktual mövzularına dair öz fikirlərini bölüşüb.

Daha ətraflı: https://youtu.be/Y0Fqw7nzE2k?si=BR47aUYokL7FYPiy
👍1