CSSC Baku – Telegram
CSSC Baku
3.07K subscribers
12 photos
2 videos
201 links
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) Azərbaycanda, Bakıda yerləşən, Cənubi Qafqazda və onun qonşuluğunda siyasi və iqtisadi prosesləri tədqiq edən müstəqil qeyri-hökumət təşkilatıdır. Yayımlanan materiallara istinadın verilməsi vacibdir. www.cssc.az
Download Telegram
İranın Azərbaycana ideoloji həmlələri
 
II hissə (I hisə burada)
 
2. Kərimə dövləti “nəzəriyyəsi”
 
İranın bu ölkədə məskunlaşmış əlaltıları vasitəsilə Azərbaycana qarşı gerçəkləşdirdiyi ideoloji həmlələrin bir elementi də kərimə dövləti “nəzəriyyəsi”dir. Son aylarda onlar sözügedən ideyanı geniş təbliğ edirlər, bu məqsədlə sosial şəbəkələrdə eyni adda səhifə və kanallar yaratmışlar.
 
Uzun-uzadı çıxışlar vasitəsilə kərimə dövləti onlar tərəfindən Azərbaycandakı ictimai-siyasi quruluşa alternativ kimi təqdim olunur və onun qurulması ilə guya xalqın ləyaqətli və xoşbəxt həyata qovuşacağı iddia edilir. Lakin kərimə dövləti anlayışının azacıq araşdırılması onu göstərir ki, bu adamlar sadəcə insanları aldatmaqla, yumşaq desək, şarlatanlıq və dələduzluqla məşğuldurlar.
 
Kərimə dövləti nədir?
 
Kərimə dövləti ifadəsi İmam Mehdinin dörd xüsusi naibindən biri olmuş Məhəmməd ibn Osman əl-Əmri tərəfindən nəql edildiyi bildirilən və Ramazan ayında oxunması məsləhət görülən “İftitah duası”nda işlənmişdir. Həmin duada Allahın “islam və müsəlmanları izzətli, nifaq və münafiqləri isə zəlil edəcəyi” kərimə dövləti şövqlə arzulanır, həmin dövlətdə insanlara “dünya və axirət kəramətinin nəsib olacağı” vurğulanır. Dini ədəbiyyatda bu dövlətin “böyük qeybətdən” sonra zühur edəcək İmam Mehdi tərəfindən qurulacağı bildirilir.
 
Mehdəviyyət mövzusunun İranda aparıcı tədqiqatçılarından biri olan Məhəmməd Süruş Məhəllati bununla bağlı yazır: “İftitah duası qəlbləri kərimə dövlətinə doğru pərvazlandırır, bizim amal və düşüncəmizi ona doğru yönəldir, amma o dövlət üçün hansı addımı atmağımız barədə bir söz demir və bizə hansısa vəzifə müəyyən etmir”.
 
Bununla belə, müxtəlif Quran ayələri, hədis və rəvayətlər əsasında İmam Mehdinin axır zamanda quracağı kərimə dövlətinin bəzi cəhətləri dini ədəbiyyatda göstərilir. Həmin təsəvvürlərə görə:
1) kərimə dövləti ilahi hakimiyyətin qurulduğu və ilahi ədalətin bərqərar olduğu ideal dövlətdir, yəni hansısa konkret insanın (və ya qrupun) dövlət və ədalət anlayışına söykənmir;
2) kərimə dövləti dünya dövlətidir, bütün bəşəriyyət üçündür. Ayətullah Möhsün Ərakinin nəzarəti ilə hazırlanmış “İmamət ensiklopediyası”nda da İmam Mehdinin hakimiyyətinin dünya hökuməti olacağı vurğulanmışdır, bu da islamın bütün dünyada hakim olacağı inamına əsaslanır;
3) hakimiyyətin “ilahi legitimliyi” dövlətə rəhbərlik edəcək şəxsin “məsum” olmasını tələb edir və bu üzdən də onun qurulması İmam Mehdiyə “həvalə olunub”.
 
Niyə İranı kərimə dövləti adlandırmırlar?!
 
Bu qısa məlumatdan sonra sual doğur: İranda bəlli qüvvələrin dəstəklədiyi Tohid İbrahimbəyli, Orxan Məmmədov və digərləri məgər özlərini İmam Mehdi sayırlar ki, Azərbaycanda belə bir dövlətin qurulmasına “çalışırlar”?
Bir də ki, onlar niyə yaşadıqları İranda və ya döyüşdükləri Suriyada belə bir dövlətin qurulmasına çalışmırlar? Yoxsa qulluq etdikləri İranı elə kərimə dövləti sayırlar?
 
Axı heç İran rəhbərinin özü də bu fikirdə deyil! Ayətullah Əli Xamenei İran hökumətləri qarşısındakı çıxışlarında cəmi iki dəfə (1993 və 2001-ci illərdə) kərimə dövlətindən, özü də ülgü, model, nümunə kimi danışıb, son 20 ildə isə ondan, ümumiyyətlə, söz açmayıb. Digər İran ruhanilərinin çıxış və yazılarında da kərimə dövləti arzulanan, can atılan, intizarı çəkilən cəmiyyət kimi təqdim olunur. Bir müddət öncə “Təsnim” agentliyinin dərc etdiyi yazıda isə ondan “ideal (oxu: utopik) dövlət” kimi danışılır.
 
Belə isə nə üçün İran özündə qura bilmədiyi və qurmasının da mümkün olmadığı bir “dövləti” öz əlaltıları vasitəsilə Azərbaycanda “bərqərar etmək” istəyir?
 
Məqsəd aydındır: bu cür gəlişigözəl “ideyalar” və cəlbedici “nəzəriyyələr” ilə əsl niyyəti pərdələyib Azərbaycanın dünyəvi dövlət modelini və Konstitusiya quruluşunu hədəfə almaq və İransayağı islam inqilabının gerçəkləşməsinə çalışmaq. Təsadüfi deyil ki, kərimə dövlətindən danışanların təbliğat kanallarından biri də “Azərbaycan İslam İnqilabına doğru” adlanır. Necə deyərlər, cidanı çuvalda gizlətmək mümkün deyil.  
 
@cssc_cqtm
👍29
ABŞ-ın Cənubi Qafqaz strategiyası
 
III Hissə
(I hissə, II hissə)
 
ABŞ-ın CQ siyasətinə təsir göstərən üçüncü amil ideologiyadır. XX əsrin 90-cı illərində birqütblü dünyanın formalaşması ilə ABŞ-da liberal dəyərlərin mütləq üstünlüyü haqqında gözlənti formalaşdı. Liberal-demokratiya və kapitalizm bütün problemlərdən universal “həb” kimi dünya ölkələrinə təqdim olundu. Lakin ABŞ-ın dünyaya “demokratiya ixracı” istər Amerika cəmiyyəti, istərsə də xarici ölkələr tərəfindən birmənalı qəbul olunmadı.
 
Xarici siyasətə idealist yanaşma bir çox nəzəri boşluqlara və praktiki səhvlərə gətirdi. Nəzəri cəhətdən demokratiya geniş məfhum olub, liberalizmlə məhdudlaşdırılmamalıdır. Sadə dillə desək, demokratiyanı elan etmirlər, ona uzun və keşməkeşli yol ilə çatırlar. ABŞ demokratiyanı 250 ildir ki, qurmaqda davam edir, amma hələ də paytaxt sakinləri Konqresdə səlahiyyətli nümayəndərlə təmsil olunmayıblar. Quam, Vircin adaları, Marşal adaları və Samoa ABŞ vətəndaşlarının yaşadığı ərazilər olsa da, sakinlər nə prezident, nə də Konqres seçkilərində iştirak etmirlər.
 
Əgər əvvəllər dövlətlərdən hakimiyyət bölgüsü, şəffaf seçki, mətbuat və sərbəst toplaşmaq hüquqlarının təmin edilməsi tələb olunurdusa, hazırda diqqət mərkəzində LQBT üzvlərinin hüquqlarının təmin edilməsi durur. Yeni kriteriyalar dünya ölkələrinin mədəni müxtəlifliyinə məhəl qoymur.
 
ABŞ demokratiya və insan haqqları qorumaq bəhanəsi altında digər ölkələrin daxili işlərinə qarışmaqla Rusiya və İranın etnik və dini azlıqların hüquqlarını qoruma bəhanəsi ilə digər ölkələrin daxili işlərinə qarışması ilə bağlı pis davranış nümunəsi göstərmiş olur.
 
Demokratlar partiyası timsalında liberal intervensionistlər region ölkələrinə qarşı ayırıcı, qərəzli və ədalətsiz yanaşma nümayiş etdirirlər. Nəticə etibarı ilə ABŞ-ın təhlükəsizlik və milli maraqlarına böyük töhfə verən Azərbaycan və Gürcüstan layiqli qiymət almadığı halda, ABŞ-ın xarici siyasətinə az töhfə verən və Rusiyanın satelliti olan Ermənistan ön plana çıxır. 2021-ci ildə keçirilən Demokratiya sammitinə regionun lideri Azərbaycan və NATO üzvü Türkiyə çağırılmadığı halda daxili və xarici siyasətdə Rusiyadan asılı Ermənistan dəvət almışdı. İdeologiyanın praqmatikaya vaxtaşırı üstün gəlməsi region ölkələri ilə ABŞ arasında əməkdaşlıq gündəliyini məhdudlaşdırır və etimad mühitini zəiflədir.
 
Son illərdə erməni lobbi təşkilatları fəaliyyətlərində ideoloji amili Azərbaycana qarşı silah kimi geniş istifadə və istismar edir. Ermənilər Qarabağda cinayətlərini “ermənilərin hüquqları və təhlükəsizliyi” kimi liberal dəyərlərlə və ermənilərin Azərbaycanın hakimiyyəti altında yaşamalarının onların təhlükəsizliyinə təhdid olduğu ideyasını təbliğ edirlər. Təsadüfi deyil ki, 44 günlük müharibə zamanı N.Paşinyan müharibəni avtoritarizmin demokratiyaya hücumu kimi qələmə verməyə çalışırdı. Erməni lobbisi on illər boyu liberal dəyərlərin təməlində duran “tarixən əzilmiş azlıq” (historically oppressed minority) və “məzlumluq” (victimization) konsepsiyalarını məharətlə istismar edərək erməni məsələsini “qlobal liberal gündəliyin” bir hissəsinə çevirə bilib, işğalçılıq siyasətə bəraət qazandırmağa çalışırdı.
 
Beləliklə, biz ABŞ-ın CQ siyasətinə təsir edən 3 amili və onun praqmatik siyasətinə mənfi təsir edən məqamları nəzərdən keçirtdik. Xüsusilə, lobbi təşkilatlarının fəaliyyəti və ideoloji amilin Azərbaycana qarşı silah kimi istifadə etdiyini, ilk növbədə ABŞ-ın regiondakı maraqlarına zərbə vurduğunu göstərdik. Həmin lobbi Ermənistanda 20 il ərzində hakimiyyəti qəsb etmiş müharibə canilərinin elə erməni xalqına qarşı etdiyi cinayətlərə müvafiq münasibətinin qarşısını aldı. Hazırda Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda lobbi qrupları Ermənistanın Rusiya ilə müttəfiq olması faktını “malalamağa” və təkcə ABŞ-ın müvafiq qınağından qorumağa deyil, “xüsusi qayğısını” təmin etməyə nail olur.
 
ABŞ 30 il ərzində CQ-da əldə etdiyi strateji nailiyyətlər Azərbaycan və Gürcüstanla bağlı olduğu halda, ən böyük töhfəsi isə Ermənistana olub. Belə anormal vəziyyət ABŞ-ın CQ-da mövqelərinin zəifləməsini şərtləndirir.
 
@cssc_cqtm
 
👍24
ABŞ Çini niyə münaqişəyə təhrik edir?

Hazırda ABŞ və Rusiya qlobal qarşıdurmada böyük itkilərlə qarşılaşırlar. Bu iki qlobal qüvvənin zəifləməsi fonunda Çinin mövqeləri güclənməkdədir. Çin Rusiya-Ukrayna, Rusiya-Qərb ayırıcı xəttləri üzrə seçim etmək zərurətindən azaddır. Pekin “Vahid Çin” siyasətindən çıxış edərək Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Krımın ilhaqını, DNR və LNR-in isə müstəqilliyini tanımır.

Müşahidələr müharibənin əsas benefisiarlarından birinin Çin olduğunu göstərir. Beynəlxalq Valyuta Fondunun iyul hesabatına görə 2022-ci ildə ABŞ 2,3%, Çin 3,3%, Hindistan 7,4% iqtisadi artım əldə etdiyi halda, Rusiya iqtisadiyyatı 6% kiçiləcəkdir. İyul ayını Çin 1987-ci ildən bəri rekord göstərici ilə, yəni $101 milyard ticarət profisiti ilə yekunlaşdırdı. Ölkələr arasında iqtisadi əlaqələrin zəiflədiyi dövrdə Çinin ixracı 18% artıb.

D. Trampın hakimiyyəti illərində ABŞ Çinin $250 milyard, Çin isə ABŞ-ın $110 milyard dəyərində mallarına gömrük tariflərini artırdı. Bayden administrasiyası tariflərin əksəriyyətini dəyişməz saxladı. Lakin, bu Çinin Rusiya ilə Qərb əleyhinə müttəfiq olacağı anlamına gəlmir. Bunu N.Pelosinin Tayvana səfəri aydın şəkildə göstərdi. ABŞ-la hərbi konfrontasiyadan yayınan, iqtisadi münasibətləri qorumağa çalışan Pekin, Moskvanın geosiyasi oyununda “müttəfiq” rolunda belə çıxış etməyəcəyini göstərdi.

Bundan başqa, Çinin inkişafının əsas komponentləri sayılan texnologiya və kapital Rusiyada yox, Qərbdədir. Bu səbəbdən Çin Rusiyaya qarşı olan sanksiyaları tənqid etsə də, onları pozmamağa və Rusiyaya birbaşa yardımdan qaçmağa çalışır. Qeyd edilməlidir ki, Rusiya 2022-ci ildə Çinin “kəmər və yol” layihəsi üzrə yeni sərmayələr almadı.

Çin ilə yaxşı münasibətlər isə Rusiya üçün könüllü seçim yox, geosiyasi zərurətdir. Rusiyanın uzaq regionları yaxşı inkişaf etmədiyindən Primorye, Xabarovsk və Zabaykal kimi ərazilər Çindən iqtisadi cəhətdən çox asılıdır. Digər tərəfdən Çin ilə potensial gərgin münasibətlər Uzaq Şərq regionlarına böyük vəsaitlərin cəlb edilməsini və əhəmiyyətli ordu birləşmələrinin saxlanılmasını tələb edərdi. Bu səbəbdən Rusiyaya Çin ilə yaxın münasibətlər saxlamaq çox vacibdir. Bunu Çində gözəl anlayır. Hazırda Rusiya Çinə enerji məhsullarını güzəştlə satır. Ucuz Rusiya nefti Səudiyyə Ərəbistanının idxaldakı payının 30% azalmasına səbəb olub. Müharibədən az sonra Avropada qaz qiymətləri 2000$ üstələdiyi vaxtda Çin Rusiyadan 10 dəfə daha ucuz (200$) qiymətə qaz alırdı.

Yaranmış vəziyyət Çinə dünyada nüfuzunu daha da artırmaq şansı verir. Keçən il G7 ölkələri 2022-ci ildə Çinin nüfuzunu qabaqlamaq üçün İEO ölkələrə $600 milyard sərmayə ayırmaq üçün razılaşmışdılar. Rusiya ilə qarşıdurma isə bunun gerçəkləşməsini qəlizləşdirir. Digər tərəfdən, Rusiyanın Qərblə münasibətləri kəsməsi və üzünü Şərqə çevirməsi gələcəkdə Pekinə ən müasir silahların və hətta onların sxemlərinin verilməsini aktuallaşdırır.

Bu faktorlar onu göstərir ki, zaman Çinin xeyrinə işləyir. Mərkəzi Kəşfiyyat İdarəsinin hesablamalarına görə əsrin sonuna Çin və Hindistan iki ən güclü dövləti olacaqdır. Onların qüdrəti indikindən 2 dəfə çox, ABŞ və Aİ-nın isə 2 dəfə az olacaqdır. Bayden artıq indidən Çini “rifahımıza, təhlükəsizliyimizə və demokratik dəyərlərimizə” meydan oxuyan “ən ciddi rəqib”, E.Blinken Çini ABŞ-ın “texnoloji üstünlüyünü pozan, müttəfiqlərimizi və beynəlxalq təşkilatlardakı təsirimizi təhdid edən” ölkə, müdafiə naziri L.Ostin isə Çini “gələcəkdə ən əhəmiyyətli təhlükə” adlandırır. Çinin növbəti hegemona çevrilməsini qabaqlamaq üçün 2021-ci ildə AUKUS (ABŞ, Britaniya, Avstraliya) yaradıldı. AUKUS-un yaradılması Rusiya tərəfindən ABŞ-ın əsas diqqətinin Asiya regionuna köklənməsi kimi qəbul edildi və Moskva Ukraynaya qarşı müharibəyə cəsarətləndi.

Uzunmüddətli perspektivdə Çinə məğlub olacağını anlayan ABŞ üstünlüyün onun tərəfində olduğu müddətdə Pekin ilə məqsədyönlü qarşıdurmaya gedir. Hədəf qarşıdurmanı nüvə müharibəsinə çevirmək deyil. Məqsəd çinlilər (Çin və Tayvan) arasında müharibə vəziyyəti yaradaraq onu kənardan üçüncü tərəf kimi idarə etməkdir.

@cssc_cqtm
👍25
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) baş elmi işçisi Orxan Bağırovun Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunun (KIEP) EMERiCs layihəsi çərçivəsində yazdığı “Zəngəzur dəhlizinin Cənubi Qafqazda və onun qonşuluğunda iqtisadi əməkdaşlığın inkişafında rolu” adlı məqaləsi həm İngilis, həm də Koreya dillərində çap edilmişdir.
Məqalə üç əsas hissədən ibarətdir:

• Zəngəzur dəhlizinin Azərbaycan üçün əhəmiyyəti
• Zəngəzur Dəhlizi Ermənistanın iqtisadi blokadadan azad olunması üçün şans kimi
• Zəngəzur Dəhlizinin Türk Dövlətləri Təşkilatı üçün rolu

Məqaləni oxumaq üçün linkdən keçid edə bilərsiniz: https://www.emerics.org:446/issueDetail.es?brdctsNo=334329&mid=a10200000000&systemcode=04
👍9
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini Fuad Çıraqovun ABŞ-da Ceymstaun Fondunun nəzdnində nəşr olunan Avrasiya Günlük Monitor (Eurasia Daily Monitor) online jurnalında ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin normalaşdırılması prosesində vasitəçilik səylərinə dair məqaləsi çap edilmişdir. Məqalədə göstərilir ki, ABŞ-ın Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə siyasəti üç amil əsasında formalaşmaqdadır. Bunlar ABŞ-ın praqmatik və ya geosiyasi maraqları, lobbi qrupları və ideoloji faktorlardır. ABŞ üçün bu amilləri çətin seçimlər adlandıran müəllif göstərir ki, ABŞ administrasiyası hazırda bu amillərdən hansının daha önəmli olması barədə daxilən mübarizə aparmaqdadır. F. Çıraqov göstərir ki, həmin üç seçimdən ikisi ABŞ-ın daxili siyasətinə aiddir.

Sonra müəllif göstərir ki, 2008-ci ildə Rusiya-Gürcüstan avqust müharibəsindən sonra elan edilən “yenidən başlama” siyasətindən 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsinə qədər olan müddətdə ABŞ-ın regiona, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə siyasəti 2 daxili amil əsasında formalaşırdı. “Yenidən başlama” siyasəti dövründə ABŞ regionda cərayan edən proseslərə, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinə daha çox kənar müşahidəçi kimi baxırdı və Rusiyanın faktiki olaraq məsələdə inhisarına etiraz etmirdi. Bu müddət ərzində Vaşinqtondakı ekspertlər regionun ABŞ maraqları üçün əhəmiyyətli olmadığını və keçmişdə Xəzər hövzəsinin enerji resurslarının əhəmiyyətinin həddindən artıq şişirdildiyini təkrarlayırdılar.

Lakin, Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Ermənistan-Azərbaycan münasibətlərinə baxışda Vaşinqtonun əvvəl azalmış geostrateji marağı yenidən artmağa başladı. ABŞ prezidenti təkcə 2022-ci il ərzində Azərbaycana üç məktub ünvanladı. Həmin məktublarda Azərbaycanın enerji resurslarının qlobal enerji təhlükəsizliyində rolu vurğulandı. Eyni zamanda, ABŞ Dövlət katibi və digər yüksək rəsmilərin münaqişə ilə bağlı mütəmadi telefon zəngləri və səfərləri müşahidə edilməkdədir.

Məqalədə qeyd edilir ki, Azərbaycan və Ermənistan ABŞ-ın vasitəçilik təşəbbüslərinə məmnunluqla yanaşırlar. Eyni zamanda, ABŞ rəsmilərinin bəyanatlarında bəzi məqamlar Azərbaycanın narazılığına səbəb olur və Vaşinqtonun təşəbbüslərinə ehtiyatla yanaşmağa vadar edir. Bu məqamlardan biri ABŞ rəsmilərinin tez-tez Minsk qrupu ifadəsini bəyanatlarında səsləndirmələridir. Belə ki, Azərbaycanda bunun məhz erməni lobbisinin təzyiqi ilə baş verdiyi düşünülür. Məqalədə Azərbaycan ekspertlərinin demokratların respublikaçılarla müqayisədə daha ermənipərəst mövqedə olduqları düşündükləri amerikalı oxucuların diqqətinə çatdırılır. Həm də Azərbaycanda hazırkı administrasiyanın Ermənistan-Azərbaycan münaqişəsinə münasibətinin keçmiş Tramp administrasiyası ilə müqayisə kontekstindən də dəyərləndirildiyi vurğulanır. Belə ki, hazırkı administrasiya zamanında Dövlət Departamenti tərəfindən Azərbaycan və Ermənistan strategiyaları adlı sənədlər diqqətə çatdırılır. Göstərilir ki, bu sənədlərdə Azərbaycan torpaqlarının işğalı faktı təsbit edilmir. Bundan əlavə, Ermənistanın Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyi kimi təşkilatlara üzvülüyü cəmi bir dəfə vurğulanır. Məqalədə 2018-ci ildə ABŞ-ın Yerevandakı səfiri Riçard Millsin “işğal edilmiş torpaqların ən azı bir hissəsini” Ermənistanın qaytarmalı olduğunu deməsi və keçmiş milli təhlükəsizlik məsələləri üzrə müşavir C.Boltonun Ermənistanı güzəştlərə çağırması və əvəzində ona N.Paşinyan tərəfindən kobud cavab verilməsi xatırlanır.

Müəllif göstərir ki, Ermənistan və Azərbaycan arasında tezliklə sülhün əldə edilməsi qlobal enerji təhlükəsizliyi və Şərq və Qərbi birləşdirən nəqliyyat və kommunikasiya xəttlərinə olan təhdidlərin aradan qaldırılmasına imkan verə bilər ki, bu da ABŞ-ın milli maraqlarına cavab verəcəkdir.

https://jamestown.org/program/a-dilemma-for-us-peace-initiatives-between-armenia-and-azerbaijan/
👍13
Azərbaycan-Türkmənistan münasibətləri və onların inkişaf perspektivləri

90-cı illərin əvvəllərində Aşqabad-Bakı münasibətləri subyektiv səbəblərdən gərgin idi və zəif inkişaf edirdi. Bu gərginlik Trans-xəzər Qaz Kəməri layihəsinin həyata keçirilməsinə də mane olmuşdu. Lakin, Q.Berdımuhamedov hakimiyyətə gəldikdən sonra münasibətlər yüksələn xəttlə inkişaf etməyə başladı. Türkmənistan səfirinın Bakıya qayıtması, qarşılıqlı rəsmi səfərlər və Dostluq yatağının birgə istismarı bu inkişafın əyani nümunələridir.

Münasibətlərin yaxşılaşması geoiqtisadi imkanlara yol açdı. Azərbaycan üçün Türkmənistan Mərkəzi Asiyaya açılan iki qapıdan biridir. Türkmənistanın okeanlara çıxışı olmadığından qonşu ölkələrlə əməkdaşlığı qaçılmazdır. Ələt Limanının tikintisi və Türkmənbaşı limanının modernizasiyası ölkələr arasında yük daşımaları artırdı. Xəzərin hər iki tərəfində lazımi infrastrukturun formalaşdırılması digər ölkələrin də iştirakına şərait yaratdı.

Bu il Avqustun 2-də isə Türkiyə-Azərbaycan-Özbəkistan xarici işlər nazirləri Trans-Xəzər Nəqliyyat Dəhlizinin yaradılmasında koordinasiya və əməkdaşlığın artırılması ilə bağlı razılıq əldə etdilər. Azərbaycan Özbəkistanla qonşu olmadığından Türkmənistanın bu layihədə iştirakı obyektiv tələbatdır. Özbəkistan buna qədər artıq Türkmənistanla müvafiq danışıqlar aparmış və Türkmənbaşı limanına çıxış əldə etmişdi. Azərbaycanın da okeanlara çıxışının olmadığını nəzərə alsaq, Gürcüstan və Türkiyənin iştirakının qaçılmaz olduğu aydın olur.

Özbəkistan-Qırğızıstan-Çin və Termez-Məzari-Şərif-Kabil-Pişəvər dəmir yollarının tikintisi isə Azərbaycana Türkmənistan və ya Qazaxıstan vasitəsilə Çinə alternativ çıxış imkanı yaradır. Bununla Türkmənistan Azərbaycan vasitəsilə 600 milyona yaxın istehlakçısı olan Avropaya, Azərbaycan isə Türkmənistan vasitəsilə 3 milyarddan çox istehlakçısı olan Hind-Sakit okeanı regionuna çıxa bilər.

Azərbaycan-Türkmənistan əməkdaşlığının ikinci əsas istiqaməti enerjidir. Aİ-Azərbaycan arasında Strateji Tərəfdaşlıq sazişi Avropaya qaz ixracının iki dəfə artırılmasını nəzərdə tutur. 15 avqust tarixində Avropa bazarlarında bir m3 qazın qiyməti 2700 dollara çatıb. Rusiyadan qaz idxalının azalması fonunda qışda bu qiymətin daha da artacağı ehtimal olunur. Bu şəraitdə Aİ qarşısında götürdüyü öhdəliklər Azərbaycanın enerji təhlükəsizliyini aktual edir. 2021-ci ildə Azərbaycan İran vasitəsilə Tükrmənistandan SVOP şəklində 1,5 milyard kub metr qaz almaqla bağlı razılıq əldə etmişdir. Lakin, enerji zəncirinin normal fəaliyyəti ölkələr arasında münasibətlərin sabitliyini tələb edir. Türkmənistan-İran arasında vaxtaşırı yaranan iqtisadi-hüquqi narazılıqlar və ya İranın Azərbaycana qarşı siyasi həmlələri iqtisadi əməkdaşlığı siyasi spekulyasiya qurbanına çevirmək riskini özündə daşıyır.

Türkmənistan qaz ehtiyatlarına görə dünyada 4-cü olsa da, enerji xəttlərinin məhdudluğuna görə potensialını tam reallaşdıra bilmir. Türkmən qazının İran və Rusiya kimi əsas alıcıları isə onu ucuz alıb, baha satmaqda maraqlıdırlar. Belə şəraitdə əməkdaşlığın növbəti mərhələsi daha böyük həcmdə türkmən qazının Azərbaycan vasitəsilə Avropa bazarına çıxarılması ola bilər. Bu orta-uzaq perspektivdə əməkdaşlığın srateji hədəfinə çevrilə bilər.

Türkmənistanla əlaqələr həm də üçtərəfli (Türkiyə-Azərbaycan-Türkmənistan) və çoxtərəfli (Türk Dövlətləri Təşkilatı, Azərbaycan–Mərkəzi Asiya) formatlarda da inkişaf edir.

Türkmənistanın özəlliyi neytral dövlət olmasıdır. 1995-ci ildə “daimi tərəfsizlik” statusu elan etmiş Türkmənistan, Aİİ, KTMT, NATO və ŞƏT kimi birliklərdən uzaq durur. Neytrallıq, ölkəni Rusiya, İran və Qərbin siyasi təzyiqindən qoruyub və bu Bakı və Ankaraya siyasi risklər olmadan Aşqabadı iqtisadi əməkdaşlığa cəlb etməyə imkan verir. Türkmənistanın digər dövlətlərlə açılım siyasəti Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldırmağa imkan verir. Buna Türkmənbaşıda Azərbaycan konsulluğunun açılması, SOCAR-ın Türkmənistanda yataqların istismarında iştirakı, Türkmənistanda “Azərbaycan ticarət evinin” açılması, humanitar-mədəni əlaqələrin genişlənməsi müsbət töhfə verə bilər.

@cssc_cqtm
👍22
İranın Azərbaycana ideoloji həmlələri
III hissə (I hissə, II hissə)
 
Məhərrəm əzadarlığından “şiə kimliyi”nə
 
İranın Azərbaycanda öz ideoloji-siyasi təsirini yaymaq üçün istifadə etdiyi alətlərdən biri də şiələrin üçüncü imamı Hüseyn ibn Əlinin adı ilə bağlı olan Kərbəla vaqiəsinin baş verdiyi Məhərrəm ayı mərasimləri, xüsusən Aşura günüdür. “Aşuranı diri saxlayın, belə olarsa ölkəmiz ziyan görməyəcəkdir” – İran İslam Respublikasının banisi Ayətullah Xomeyninin bu vəsiyyəti onun siyasi varislərinin fəaliyyətində rəhbər tutulan prinsiplərdən biri olmuşdur. Orta Şərqdə “şiə hilalı” məhz bu kontekstdə formalaşdırılmış, analoji siyasətin Azərbaycanla bağlı da gerçəkləşdirilməsi hədəf olaraq götürülmüşdür.
 
Azərbaycan müstəqillik əldə etdikdən dərhal sonra İran strateqləri məzhəb baxımından ölkə əhalisinin əksəriyyətini təşkil edən şiələr arasında Sovet hakimiyyətinin belə unutdura bilmədiyi İmam Hüseynə bağlılığı müşahidə etdilər və bunu öz məqsədləri üçün əlverişli zəmin kimi dəyərləndirdilər. Lakin Azərbaycanda qorunan bu ənənə sırf tarixi-mədəni xarakterli olması, o cümlədən məhərrəmlik mərasimlərinin ritual səciyyəsi daşıması ilə başqa yerlərdə olduğundan fərqli mahiyyətə malik idi. Son vaxtlar İran ideoloqlarının Azərbaycanda zəngin “Aşura ədəbiyyatının” mövcudluğundan öz təbliğatlarında “sübut” kimi istifadə etməyə çalışmasına rəğmən, bu, əslində həmin fərqi göstərən bir faktdır.
 
Bu yerdə Mirzə Bala Məmmədzadənin dəqiq müşahidəsini xatırlatmaq yerinə düşər:Həzrət Hüseynin qətli iki ərəb sülaləsinin hakimiyyət savaşı nəticəsində baş vermişdir. Fəqət bir azərinin xəyalındakı Hüseyn bir ərəbin xəyalındakı Hüseyn deyildir. Tarixi Hüseyn ilə ictimai Hüseyn arasında heç bir münasibət yoxdur. Hüseyn, yaxud Əli tarixi şəxsiyyət olmaqdan tamamilə çıxmış, Azərbaycan mühitində əfsanəvi şəxsiyyətlərə bürünmüş, “məchul əsgər” kimi ictimai bir timsal olmuşdur”.
 
İmam Hüseynin bu tipli obrazı və məhərrəmlik ayinlərinin sırf mədəni səciyyəsi təbii ki, Azərbaycanda İransayağı siyasi islamın bərqərar olmasını və şiə ideologiyasının ictimai-siyasi strukturda yer tutmasını hədəfləyən İranın məqsədlərinə uyğun deyildi, odur ki, çeşidli təbliğat kanalları və metodları ilə mövcud təsəvvürün transformasiyası, son nəticədə ölkədə şiə kimliyinin aparıcı mövqeyə çıxması yönündə fəaliyyət göstərməyə başladı. Amma bu fəaliyyət bir tərəfdən Azərbaycanın dünyəvi dövlət quruluşunun “müqaviməti”, digər tərəfdən də İranın Qarabağ münaqişəsi gedişində Ermənistanla əməkdaşlığının mənfi təsirləri ilə məhdudlaşırdı.
 
Təsadüfi deyil ki, İkinci Qarabağ Müharibəsindən sonra İran dini-ictimai xadimləri və bu ölkənin əlaltısı olan qruplar torpaqların azad edilməsini “qüdrətli hüseynçilər” ilə əlaqələndirmək təbliğatına başlamış və bir növ vaxtilə itirdiklərini eyni amildən istifadə yolu ilə bərpa etmək xəttini tutmuşlar.
 
Bu ilki Məhərrəm ayında “İmam Hüseyn bayraqları” mövzusu üzərində xüsusi təkid edilməsi də şiə kimliyinin qabardılması və təbliği niyyətindən qaynaqlanır, əslində şiə kimliyini rəmzi sayılan “Hüseynin pərçəmi” milli kimliyin simvolu olan dövlət bayrağına qarşı qoyulur. Binə kəndində reallaşdırılmasına cəhd olunan və sonda uğursuzluğa düçar olan “Seyyidə Şəhla” layihəsi də bu yöndən qiymətləndirilməlidir. Londonda Azərbaycan səfirliyinə məlum basqın, ən müxtəlif şərhlərə rəğmən, həmin layihənin bilavasitə nəticəsidir, yəni onun məsuliyyəti həm də İranın və irançı qrupların üzərindədir.
 
Avqustun 17-də Tehranda keçirilən və Azərbaycan-İsrail əlaqələrinə həsr olunmuş tədbirdə sabiq diplomat və ekspert Seyid Rza Mirməhəmmədi dedi: “İranın Azərbaycandakı başlıca mənafeyi istənilən aspektdən yanaşdıqda, bu ölkədə şiə kimliyinin bərpasındadır. Bizim bütün siyasi, təhlükəsizlik, iqtisadi və s. maraqlarımız bu məsələyə bağlıdır. Əgər bu baş verərsə, heç nə Azərbaycanda İranın qarşısını ala bilməz”. İranın Azərbaycana yönəlik ideoloji həmlələrinin və ümumi strategiyasının mahiyyətini yəqin ki, bundan aydın ifadə etmək mümkün deyildir.
 
@cssc_cqtm
👍40👎9
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktor müavini Fuad Çıraqov REAL TV-nin efirində gedən REAL İntervyu verilişində Laçından ermənilərin çıxması və bununla bağlı baş verən proseslər haqqında öz fikirlərini bölüşüb.

Daha ətraflı: https://www.youtube.com/watch?v=xK2QAFVr3GI
👍5
Ermənistan-Azərbaycan münasibətlərində öhdəliklər və təkliflər
 
Ermənistan-Azərbaycan münasibətlərinin gündəliyini hazırda öhdəlik və təkliflər təşkil edir. Öhdəliklər yeni Laçın yolu, Zəngəzur dəhlizi, erməni hərbçilərinin Qarabağdan çıxarılması və ərazinin tam demilitarizasiyası məsələlərini əhatə edir. Bu məsələlər 10 noyabr bəyanıtının 4, 6 və 9-cu maddələrindən irəli görə öhdəlik hesab olunurlar.
 
Lakin gündəlikdə üçtərəfli razılaşma ilə birbaşa müəyyən olunmayan mühüm təkliflər də durur. Təkliflər sərhədlərin delimitasiya-demarkasiyasını və ölkələr arasında sülh sazişinin imzalanmasını nəzərdə tutur. Azərbaycan üçün hər iki komponent vacib olsa da, hazırda vurğu öhdəliklərin üzərinə edilir. 10 noyabr bəyanatı Ermənistanın kapitulyasiya aktı olmaqla yanaşı Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını təsbit edən sənəddir. Ondan irəli gələn öhdəliklərin dəqiqliklə icra edilməsi ölkələr arasında uzunmüddətli və davamlı sülh sazişinin imzalanmasına yol açır.
 
H. Hacıyev və A. Qriqoryanın avqustda Brüssel görüşü, Azərbaycan və Ermənistanın liderlərinin də görüşünün gündəmdə olmasına bir işarədir. Brüsseldən savayı Ermənistan mətbuatına görə liderlər avqustun 31-də Moskvada görüşəcəklər. Gözləntilər odur ki, görüşlər yeni və mühüm qərarların qəbul edilməsinə gətirəcəkdir.
 
Bu vacib regional və beynəlxalq faktorlarla şərtlənir. Əgər 2020-ci ildə Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 3,8 mlrd.₼ təşkil edirdisə, 2022-ci ildə isə 5,084 mlrd.₼-a çatmışdır. Son iki ildə Azərbaycan azad edilmiş ərazilərdə və Ermənistanla sərhəddə mövqelərini möhkəmləndirmiş, bir çox strateji yüksəklikləri nəzarətə götürmüşdür. Azərbaycan Prezidenti Basqal müsahibəsində “Qisas” əməliyyatından sonra yüzlərlə erməni hərbçisinin Qarabağdan çıxarılması, yeni Laçın yolunun təffərüatları və Zəngəzur dəhlizinin perspektivləri haqqında vacib qeydlər etdi. Qeydlərin məntiq və məğzini bir cümlə ilə belə ifadə etmək olar: Azərbaycan Ermənistanı üzərinə götürdüyü öhdəlikləri diplomatik və güc faktorunun istifadəsi ilə “kiminsə bəyanatı, açıqlaması və ya telefon zənginə” baxmayaraq məcbur etməyə davam edəcəkdir. “Qisas” əməliyyatından sonra bəzi məlumatlara görə axşam saatlarında ağır texnika Qarabağdan Ermənistana daşınır. Bu sülhə məcburetmə siyasətinin praktiki nəticələrindən biridir.
 
Son bir ildə Ermənistan xarici siyasətində də hissolunan dəyişikliklər baş vermişdir. Əgər A.Qriqoryan 2021-ci ildə Ria Novostiyə verdiyi müsahibədə Ermənistanın “diplomatik kanallarla DQMV-nin “işğal olunmuş” ərazilərinin qaytarılması üçün hər şeyi edəcəyini” bildirirdisə, 2022-ci il müsahibələrində vurğunu Ermənistan SQ-nin Qarabağdan çıxarılması və “status”suz sülh müqaviləsinin imzalanması üzərinə edir.
 
Beynəlxalq geosiyasi vəziyyət də proseslərə öz təsirini göstərməkdədir. Hesablamalara görə qazın qiyməti qışda 4000 dollara çata bilər. Belə vəziyyət İrəvanı Rusiyadan ucuz qiymətlərə qazın alınmasında asıllığını artırır. Qazla yanaşı, Ermənistan Rusiyadan taxılın alınması məsələsində də asılıdır. Ermənistanın iqtisadi imkanları və Qərbin ikincidərəcəli sanksiyaları ilə qarşılaşma təhlükəsi baxımından arzuolunmazdır. Bu çəkindirici faktorlar N.Paşinyanı Moskva və Brüssel görüşlərində daha konstruktiv olmağa məcbur edə bilər. Digər tərəfdən Avropaya iri həcmdə qaz ixrac edən və Rusiyaya münasibətdə balanslı siyasət aparan Azərbaycanın mövqelərinin güclənməsi baş verir. Rusiya ilə ticarət dövriyyəsini 100 mlrd.$ çatdırmağı hədəfləyən və Avropaya “Türk axını” kəməri ilə heç bir məhdudiyyət olmadan 31,5 mlrd. m3 həcmli Rusiya qazını ixrac edən Türkiyə, Moskva və Brüssel üçün çox vacib aktora çevrilməkdədir.
 
Hazırda vurğu öhdəliklər üzərinə edilsə də münasibətlərin hərtərəfli normallaşdırılması sülh sazişinin imzalanmasını zəruri edir. Sülh sazişi sərhədlərin delimitasiya və demarkasiyası baxımından vacib olub, ölkələr arasında münasibətlərə uzunmüddətlilik və davamlılıq xüsusiyyətini verə bilər. Sülh sazişi bütün məsələlərin əsası olduğu kimi, cari proseslərin həm də məntiqi sonu və yeni mərhələnin başlanmasına şərait yarada bilər.
 
@cssc_cqtm
 
👍21
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov avqustun 25-də İctimai TV-nin efirində gedən Diqqət Mərkəzi verilişində millət vəkilləri və digər ekspertlərin iştirakı ilə Azərbaycan və Qazaxıstan arasında əlaqələrin inkişafı ilə bağlı müzakirələrdə iştirak etmiş və öz fikirlərini bölüşmüşdür.

https://www.youtube.com/watch?v=x-CYNB6vtQ8
👍16
Tokayevin Azərbaycan səfəri ilə bağlı əsas məqamlar

Qazaxıstan prezidentinin Azərbaycana səfəri bir neçə məsələ baxımından əhəmiyyətlidir. Bakı və Nur-Sultan Moskva ilə sıx iqtisadi əlaqələrə malikdir və Rusiya iqtisadiyyatında baş verənlər hər iki ölkəyə təsir edir. Rusiyaya qarşı sanksiyaların yaxın 10-15 il ərzində davam edəcəyi gözlənilir. Ona görə də Bakı və Nur-Sultanın cari əməkdaşlığı ilk öncə siyasi-iqtisadi risklərin azaldılması məqsədi güdür.

Əməkdaşlığın digər məqsədi nəqliyyat əlaqələrinin inkişafıdır. Qərb Rusiyadan daşımaları dayandırdığından trans-sibir nəqliyyat xətti öz funksiyasını tam yerinə yetirmir. Nəticədə Çindən Avropaya milyonlarla ton yük Orta dəhliz kimi alternativ yollardan daşınır. Orta dəhliz Qazaxıstanın Gürcüstanla ticarət dövriyyəsini 150%, Azərbaycanla isə 200% artırmışdır. Sanksiyaların ehtimal ki, müharibədən sonra da qalması Orta dəhlizin geosiyasi-geoiqtisadi əhəmiyyətini daha da artıracqdır. Daha  əvvəl Azərbaycan, Qazaxıstan və Türkiyə xarici və nəqliyyat nazirlərinin keçirdiyi görüşlər bürokratik məsələləri sinxronlaşdırmaq və infrastruktur çatışmazlıqları aradan qaldırmaqla Orta dəhlizin ötürmə imkanlarını artırmaq məqsədini güdürdü. Dünənki görüşdə isə yük axınının birləşdirilməsi və onun həcminin artırılması, ölkələrimizin tranzit potensialının yüksəldilməsi məsələləri müzakirə edildi. Ölkələr arasında ticarət, nəqliyyat, tranzit yükdaşımaları üzrə imzalanan müqavilələr bu müzakirələrin praktiki nəticələridir.

Son aylar Qazaxıstan neftin dünya bazarına çıxarılmasında problemlər yaşayır. Qazaxıstan neftin 70%-ni Aİ-na ixrac edir. Bu Aİ-nın neft idxalının təxminən 6%-ni təşkil edir. Neftin əsas alıcıları isə Rusiyanın geosiyasi rəqibləri olan Fransa, İtaliya və Hollandiyadır. Neft ixracı Qazaxıstan üçün həyati əhəmiyyət daşıyır. ÜDM-nin 15%-i, ixracın, 50%-i, büdcəsinin isə 1/3 neft sektoru hesabına formalaşır. Neftin 90%-i Rusiya vasitəsilə daşındığı halda, Moskva indiyə qədər beş dəfə neftin Avropaya çıxarılmasına mane olub. S&P reytinq agentliyi analoji halların gələcəkdə də baş verəcəyini proqnoz edir. İqtisadiyyatı Rusiyanın siyasi ambisiyalarına qurban vermək istəməyən Qazaxıstan neftin bir hissəsini Azərbaycan vasitəsilə daşımağı nəzərdən keçirir. Dünən SOCAR və “QazaqGas” şirkətləri arasında imzalanan memorandum bu sahədə müəyyən razılığın əldə olunduğunu deməyə əsas verir.

Azərbaycanın da Qazaxıstandan gözləntiləri var. 2022-ci ildə Qazaxıstan dünya ölkələrinə $959,1 mln dəyərində taxıl ixrac edub. Taxıl böhranı şəraitində Azərbaycan taxıl idxalının diversifikasiyasına çalışır. Dünən bu sahədə mühüm razılaşma əldə edildi: Qazaxıstan Azərbaycana 100 adda, $300 milyondan çox malın tədarükünü artırmağa hazırdır.

Nəqliyyat, enerji və ticarət təhlükəsizliyin təminini tələb etdiyindən ölkələr arasında bu məsələ də böyük əhəmiyyət kəsb edir. Bu baxımndan enerji və nəqliyyat təhlükəsizliyini əhatə edən Şuşa bəyannaməsi və KTMT üzvü Qazaxıstanın ölkəmizlə imzaladığı birgə Bəyannamə olduqca əhəmiyyətlidir. Son sənəddə Şərqi Zəngəzurun Naxçıvanla birləşdirilməsinin vacibliyi və bunun Orta Dəhlizin tərkib hissəsi olacağı xüsusi vurğulanır. Ona görə ki, Zəngəzur Dəhlizi iki ölkə arasında əlaqələrin inkişafına böyük tövhə verəcəkdir.

Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafına geosiyasi zərurətlə yanaşı liderlərin yenilməz iradəsi də təsir edir. Yaxın illərdə Aİ Azərbaycandan qaz idxalını 2 dəfə artırmağı planlaşdırır. Yanvar-fevral ayları ərzində Qazaxıstan Aİ-na taxıl ixracını 13 dəfə, qazı 4,3 dəfə, neft məhsullarını isə 40% artırıb. İqtisadi vektorların üst-üstə düşməsi 2022-ci ildə ölkələr arasında münasibətlərin keyfiyyətcə yeni – müttəfiqlik səviyyəsinə qalxmasını qaçılmaz edirdi və bu zərurət dünən, “strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” ilə gerçəkləşdi. Eyni zamanda, səfər çərçivəsində Şuşa və Türküstan şəhərlərinin qardaşlaşması barədə sənəd imzalandı və Füzulidə uşaqlar üçün inşa ediləcək Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi təqdim edildi.

@cssc_cqtm
👍39
Nəqliyyat dəhlizləri

Ümumi baxış I hissə


Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin  kəsişməsində yerləşməsi onun strateji mövqeyini möhkəmləndirir. Tarixi İpək Yolunun Azərbaycan ərazisindən keçməsi bölgəmizdə nəqliyyat yollarının formalaşmasına təsir etmiş və tariximizdə izlər buraxmışdır. XIX əsrin ikinci yarısı Azərbaycan nəqliyyatında intibah dövrü olmuşdur.

Nəqliyyat potensialı:

Dəniz nəqliyyatı.


Qeydiyyatda olan gəmilər,kater və.s  sayı 367 ədəddir. Hazırda fəaliyyətdə olan liman və təşkilatlar:

• Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (Ələtdə)

• Zığ Quru Yük Dəniz Limanı

• Səngəçal Dəniz Limanı

•  Bakı Hövsan Beynəlxalq Ticarət dəniz Limanı

•  Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi

Avtomobil nəqliyyatı

Hazırda fəaliyətdə olan yolların ümumi uzunluğu 18 min 893 km-dir. Bundan:

• 935,5 km I-ci dərəcəli

• 1283,3 km II-ci dərəcəli

•  5036.7 km III-ci dərəcəli

•  10458.3 km IV-ci dərəcəli

•  1179.2 km V-ci dərəcəli yollardır.

Azərbaycanın işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur rayonlarında 855,2 km maqistral yol və 36.2 km tunel (onların bəziləri qoşadır) inşa edilir.

Boru kəməri nəqliyyatı

Hazırda Neft Kəmərləri İdarəsi 774 min 919 km uzunluğunda müxtəlif diametrli magistral neft kəmərlərini, 11 neft nəqletmə sahəsini, 2 neft təhvili sahəsini, 1 neft ölçmə sahəsini, 1 ixrac neft təhvili sahəsini, Dübəndi Neft Aşırma Bazasında yerləşən 3 magistral nasos stansiyalarını, ümumi həcmi 499 min 900 kubmetr olan çən parklarını istismar edir.

Azərbaycanı dünya okeanlarına  çıxışı olan limanlarla əlaqələndirən boru kəmərləri:


• Bakı-Tbilisi-Ceyhan  neft kəməri

• Bakı-Supsa neft kəməri

• Bakı-Novorosiysk neft kəməri

• Bakı-Tbilisi-Ərzurum qazkKəməri

• Cənub Qaz dəhlizi

Dəmir yol nəqliyyatı

Azərbaycanda dəmir yolunun təməli 1878-ci ildə qoyulmuş və onun inşası 20 yanvar 1880-ci ildə başa çatmışdır. O, uzunluğu 20 km olan Bakı-Sabunçu-Suraxanı dəmir yolundan ibarət olmuşdur. Hazırda ölkədə baş yolların istismar uzunluğu 2 min 133 km-dir ki, onlardan da 803,3 kilometri ikiyollu, 1329,7 km-i isə bir yolludur. Bu yolların ümumi istismar uzunluğunun 1169,17 km-i və ya 54,8%-i elektrikləşdirilib, 964,9 km-i və ya 45,18%-i teplovoz dartısı ilə işləyir. 1527,7 km-i avtomatlaşdırılmış işarəvermə sistemi ilə təchiz edilib.

Müstəqillik qazandıqdan sonra Azərbaycan bir çox beynəlxalq dəhlizlərin iştrakçısı olmuşdur

Traceca


• Orta dəhliz Marşrutu: Çin – Qazaxıstan – Xəzər dənizi – Azərbaycan – Gürcüstan – Türkiyə / Qara dəniz – Avropa

• Şərq Qərb – aşağı dəhliz (Beynəlxalq multimodal marşrut “Asiya-Sakit okean ölkələri ) Marşrut: Çin – Qırğızıstan – Özbəkistan – Türkmənistan – Xəzər dənizi – Azərbaycan – Gürcüstan – Türkiyə / Qara dəniz – Avropa

• Şimal – Cənub Marşrut: Baltik dənizi – Rusiya – Azərbaycan – İran – Hindistan

• Cənub – Qərb Marşrut: Hindistan – Fars körfəzi – İran – Azərbaycan – Gürcüstan – Ukrayna – Avropa

Hava Nəqliyyatı

1910-cu ilin 20 oktyabr tarixində Bakı şəhərinin üzərindən ilk təyyarə uçmuşdur.

Ağır tonajlı hava gəmilərini qəbul etməyə malik hava limanları:

· Bakı Heydər Əliyev adına hava limanı

· Gəncə hava limanı 

· Qəbələ hava limanı 

· Zaqatala hava limanı

· Yevlax hava limanı

· Lənkəran hava limanı 

· Naxçıvan hava limanı

· Füzuli hava limanı

· Zəngilan hava limanı (istifadəyə veriləcək 2022-ci il sentyabr ayında)

· Laçın hava limanı (istifadəyə veriləcək 2022-ci il sentyabr ayında)

Azərbaycan Hava Yolları (AZAL) 25 hava gəmisindən ibarət ən yeni təyyarə parkına malikdir. Həmçinin, qitələr arası hava yükdaşımalarını icra edən 17 hava gəmisi donanmasına və texniki xidməti icra edən şirkətə sahibdir (Silk Way Airlines, Silk Way West Airlines və Silk Way Technics).

Beləliklə, Azərbaycanın göstərilən istiqamətlər üzrə nəqliyyat potensialı mövcuddur və inkişaf etməkdədir. Bu mövzu üzrə yazılacaq gələcək yazılarda Azərbaycanın iştirakı etdiyi və onun təşəbbüsü ilə həyata keçirilən nəqliyyat dəhlizləri, onların potensialı, qarşılarında dayanan maneələr və mövcud imkanlar nəzərdən keçiriləcəkdir.   

Müəllif: Rauf Ağamirzəyev

@cssc_cqtm
👍24
Rusiya və Cənubi Qafqaz (CQ) – I hissə

Cənubi Qafqaz (CQ) imperiya irsinə malik 🇷🇺, 🇹🇷🇮🇷 ilə qonşudur. Hazırda Rusiya CQ-da 🇹🇷, 🇮🇷 yanaşı 🇺🇸 və Aİ ilə də rəqabət aparır. SSRİ dağıldıqdan sonra, Rusiyada CQ postsovet məkanının bir hissəsi kimi qəbul olunur. Təsadüfi deyildir ki, postsovet ölkələri ilə münasibətləri XİN ilə yanaşı RF Prezident Administrasiyası da tənzimləyir.

1990-cı illərdə Rusiya CQ-ı arxa plana qoyaraq, Qərblə münasibətlərə üstünlük verdi. Regional münaqişələr dondurulmuş vəziyyətdə qaldı və vasitəçiliyə baxmayaraq, tənzimlənmə prosesində irəliləyiş olmadı.

V.Putinin hakimiyyətə gəlməsi ilə postsovet məkanı ön plana çıxdı. V.Putin 2005-ci il çıxışında SSRİ-nin parçalanmasını “əsrin geosiyasi faciəsi” adlandırdı. Rusiyanın 1995-2021-ci il aralığında qəbul edilmiş bütün strateji sənədlərində postsovet məkanı “həyati maraqlara cavab verən”, Rusiyada mərkəzdənqaçma tendensiyalarını qabaqlayan, Rusiyanın hərbi təhlükəsizliyini təmin edən məkan kimi nəzərdən keçirilir. Sənədlərin əksəriyyətində postsovet məkanı ilə münasibətlər Çin, Hindistan, BRİCS, RİC, ŞƏT, Aİ, ABŞ və s. kimi aktorlarla münasibətlərdən yüksəkdə durur.

Regionun əhəmiyyətinə, Moskvanın isə səylərinə rəğmən, CQ ölkələri ilə münasibətlər eyni şəkildə inkişaf etmir. Postsovet məkanına aid olan klassifikasiya CQ regionunda özünü belə göstərir:

Maksimalist gözləntilər - Ermənistan. (Burada Aİİ və KTMT-yə üzvlük səciyəvi xüsusiyyətlərdir - 🇰🇿, 🇧🇾, 🇹🇯, 🇰🇬, 🇦🇲). Gümrüdə Rusiyanın 102-ci hərbi hissəsi, Erebunidə isə HHQ dislokasiya olunub. Rusiya Ermənistanın Türkiyə və İran ilə sərhədlərini və ölkənin hava məkanını qoruyur. 2007-ci ildə İran-Ermənistan qaz kəməri istismara verilənə qədər Ermənistanın 100% qaz təminatçısı Rusiya idi. “ArmQosqazprom” şirkətinin 80% səhmləri Qazproma, Metsamor AES-i “İnter RAO ASC”-yə, “Ermənistan Elektrik Şəbəkəsi” isə erməni əsilli rusiyalı milyarder Samvel Karapetyana məxsusdur. Ermənistan dəmir yolları Rusiyanın “Cənubi Qafqaz Dəmir Yolları QSC”-sinə 2038 ilə qədər konsessiyaya verilib. Ermənistandakı 3 mobil operatordan ikisi Rusiya şirkətlərinə, nüfuzlu “AreksimBank” isə “Qazprombank”a məxsusdur. Rusiya Ermənistanın ən böyük ticarət tərəfdaşı və dövlət borcunun əsas sahiblərindən biridir.

Minimalist gözləntilər – Azərbaycan (Aİİ və KTMT-yə üzv olmasalar da, NATO və Aİ-yə üzvlük kimi məqsədləri yoxdur, individual müttəfiqlik formatı – 🇦🇿, 🇺🇿). Bakı Rusiya ilə praqmatik siyasət aparır. Azərbaycanın proqnozlaşdırılan siyasəti Putinin dövründə RF tərəfindən adekvat qarşılandı. Rusiyanın Yeltsin dövründəki qatı ermənipərəst mövqeyi praqmatik siyasətlə əvəzləndi. Azərbaycanın xarici siyasətdə atdığı addımlar Rusiyanın mövqeyi ilə uzlaşmasa da, bu addımlar Rusiyanın təhlükəsizliyi üçün təhdid xarakteri daşımır.

Təhdid məkanı – Gürcüstan (bu qrupa NATO və Aİ üzv olmaq niyyətini bəyan edən ölkələr daxildir – 🇺🇦, 🇲🇩 ,🇬🇪). Bu ölkələrin ərazisinin Rusiyaya qarşı istifadəsi və orada hərbi infrastrukturun yerləşdirilməsi təhdid kimi qiymətləndirilir. Gürcüstanda Saakaşvilinin hakimiyyətə gəlməsi NATO və Aİ ilə münasibətləri aktuallaşdırdı. 2007-ci ildə Gürcüstanın Abxaziya və Cənubi Osetiyadan başqa digər ərazilərindən Rusiya hərbi bazaları çıxarıldı. “Beş günlük müharibə” separatçı ərazilərin müstəqilliyinin Rusiya tərəfindən tanınması ilə nəticələndi. İvanaşvilinin qələbəsi əlaqələri qismən bərpa etsə də, Qərb vektorundan imtinaya gətirmədi. Tbilisi Aİ ilə assosiasiya sazişi imzaladı, NATO-dan 2014-cü ildə “gücləndirilmiş əməkdaşlıq” paketi əldə etdi.

Rusiyanın yumşaq gücünün (iqtisadi və humanitar) effektivliyinin zəif olması Rusiyaya CQ ölkələri ilə əlaqələr qurmasına mane olur. Buna görə də Rusiya CQ ölkələrinin daxili siyasətlərinə müdaxiləyə cəhdlər edərək onların xarici siyasətlərini öz maraqlarına uyğun şəkildə korrektə etməyə çalışır.

Belə müdaxilələrin uğursuzluqla nəticələnməsi Rusiyanı daha praqmatik olmağa məcbur edir. İkinci Qarabağ müharibəsindən sonra Rusiya CQ-da Qərbin iştirakı olmadan regional ölkələr hesabına yeni balans formalaşdırmaqda maraqlıdır.

@cssc_cqtm
👍31
Nəqliyyat dəhlizləri

II hissə

Şərq-Qərb (Ş-Q) dəhlizi


Şərq-Qərb dəhlizi üzrə Azərbaycan bir çox beynəlxalq marşrutlara qoşulmuşdur:

TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi)

Orta dəhliz  (Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu)

Asiya-Sakit okean ölkələri  beynəlxalq multimodal marşrutu (Çin–Qırğızıstan–Özbəkistan – Türkmənistan – Xəzər dənizi – Azərbaycan –Gürcüstan – Türkiyə / Qara dəniz – Avropa)

Xəzər dənizi – Qara dəniz beynəlxalq nəqliyyat marşrutu (Türkmənistan, Azərbaycan, Gürcüstan, Rumınya)

Lapis-Lazuli (Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə və ya Lazurit)

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Dəhlizi (CAREC)

Ermənistan 25 ildən artıq müddət ərzində Azərbaycanın ərazilərini işğalda saxladığından Ermənistandan keçən Ş-Q vektoruna aid olan dəmir yolları və avtomagistrallar bağlı qalmışdı. 

Ş-Q dəmir yolları

2017-ci il oktyabrın 30-da istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu (BTQ) Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrini birləşdirərək qədim İpək Yolunu polad magistrallar üzərində bərpa etdi. Uzunluğu 850 kilometr olan BTQ xəttinin 504 km-i Azərbaycanın, 263 km-i Gürcüstanın, 79 km-i isə Türkiyənin ərazisindən keçir.

BTQ dəmir yolu Çindən Avropaya yüklərin çatdırılması müddətini dəniz daşımalarına nisbətən iki dəfə azaldır. BTQ vasitəsilə 1-ci mərhələdə 5 mln ton, 2-ci mərhələdə 17 mln ton, sonra isə daha çox yüklün daşınması nəzərdə tutulur. BTQ Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın, həmçinin, Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır, onların ticarət əlaqələrinin inkişafında və digər regionlara inteqrasiyasında mühüm rol oynayır.

Hazırda Ş-Q çərçivəsində qərb istiqamətində dəmir yolları modernləşdirilir. Sürəti və buraxıcılığı artırmaq üçün dəhlizin Gürcüstanda 11 avqustda modernləşdirmə layihəsi çərçivəsində işlər aparılıb. Qatarların hərəkəti yeni istiqamətə keçirilib, 4 yeni sahə, 11 tunel və 3 körpü istifadəyə verilib. Əsas tranzit magistralı Tbilisi-Batumi dəmir yolunun modernləşdirilməsi çərçivəsində 8,5 km uzunluğunda ən uzun tunelin çəkilib. Layihəyə həm də uzunluğu 450 km olan Tbilisi-Batumi avtomobil yolunun müəyyən hissələrinin yenidən qurulması da daxildir.

Dəhlizin sürətini artıran və məsafəni qısaldan digər layihələr:

Qazaxstanın şərq və qərbi arasında məsafəni 1000 km qısaldan Jeskazqan-Beyneu dəmir yolu layihəsi.

İstanbulda, Bosfor boğazının altında inşa edilən Marmaray tuneli. Avropa və Asiyanı dəmir yolu ilə kəsintisiz əlaqələndirir.

Bakıda və Kurikda yeni dəniz ticarət limanları istifadəyə verilib.

44 Günlük Müharibə işğala son qoymaqla regionda yeni reallıq  yaratmış və Zəngəzur dəhlizi aktuallaşmışdır. Rusiyaya qarşı sanksiyalar görə ənənəvi ticarət yolları bağlanmış və istehlak zənciri pozulmuşdur. Ona görə diqqət Cənubdan keçən alternativ yollara yönəlmişdir. Azərbaycan, Gürcüstan və Türkiyə ərazisində görülən təkmilləşdirmə işləri bitmədiyindən mövcud infrastrukturda sıxlıq yaranıb. Bu da regionda mövcud olan dəhlizlərin şaxələndirilməsini, buraxıcılıq qabiliyyətinin artırılmasını, sərhəd, gömrük prosedurların asanlaşdırılmasını labud edir. Artıq aprel ayında orta koridroun inkişafı üçün birgə müəsisiənin yaradılması razılaşdırılıb.

Məsələn, Türkiyənin cəmi 800 km-lik ikiyollu relsləri var, qalan 13 min km-lik dəmiryolları bir yolludur. Türkiyədən keçən Orta Dəhliz dəmir yolu marşrutu Çin və Avropa arasında ildə 5 min TEU ilə 6 min TEU arasında yük daşıya bilər ki, bu da şimal marşrutunun tutumunun ancaq 1%-ni təşkil edir.

Yeni reallıqlar fonunda daha çox tranzit yükü ötürmək üçün Kurik, Aktau, Ələt, Səngəçal limanlarında genişləndirmə işlərinin aparılmasına və Gürcüstanın dərin sulu Anakliya limanın inşasına ehtiyac vardır. Həmçinin, Bakı gəmiqayırma zavodunda fərqli yüklərin daşınmasını təmin etmək üçün yeni gəmilərin (tanker,ro-pax,ro-ro) istehsalı təşkil edilməlidir. Region ölkələri Ş-Q dəhlizini şaxələndirmək, cəlbediciliyini və effektivliyini artırmaq üçün Zəngəzur dəhlizinin potensialından maksimum istifadə etməlidirlər.

@cssc_cqtm
👍21
Avqustun 31-də İctimai TV-nin efirində gedən Diqqət Mərkəzi verilişində Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmmədov sonuncu Brüssel görüşü haqqında müzakirələrə qoşulub. Müzakirələrdə həm də Milli Məclisin deputatları Rasim Musabəyov, Erkin Qədirli və Aydın Mirzəzadə iştirak ediblər.

Daha ətraflı: https://www.youtube.com/watch?v=JNON_MRrNeQ&t=2179s
👍3
Qarabağın erməni əhalisinin vətəndaşlıq dilleması
I Hissə
 
1988-ci ildə Ermənistan-Azərbaycan münaqişəsinin başlaması ilə faktiki olaraq iki ölkə arasında məcburi əhali mübadiləsi baş verdi. Ermənistan SSR-də yaşayan azərbaycanlılar öz torpaqlarından qovulandan sonra əsasən Azərbaycanda vətəndaşlıq aldılar. Azərbaycanı tərk edən ermənilər isə Ermənistanda və digər ölkələrdə vətəndaşlıq aldılar.
 
Qarabağ erməniləri üçün isə bu proses başqa istiqamətdə inkişaf etdi. Onlar həm Ermənistan vətəndaşlarına çevrildilər, həm də fiziki olaraq Azərbaycan ərazilərində yaşamağa davam etdilər. 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti "Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsi" haqqında qərar qəbul etdi. Bu, o zamankı SSRİ-nin daxili qanunvericiliyinə və beynəlxalq hüquqa zidd qərar idi. 10 yanvar 1990-ci ildə SSRİ-nin Ali Sovetinin Rəyasət Heyətinin qərarında qeyd edilirdi ki, Ermənistan SSR-nin Ali Sovetinin həmin qərarı SSRİ Konstitusiyasına ziddir. Amma bu qərar Ermənistanın daxili qanunvericiliyində hələ də hüquqi qüvvəsini saxlayır. Bu qanun təkcə Azərbaycan ərazilərinin bir hissəsinin qanunsuz ilhaqı deyildi, həm də Qarabağın erməni əhalisinin Ermənistan vətəndaşlığına qəbul edilməsinə imkan yaradırdı.
 
Ermənistan Konstitusiyasında bu anneksiya qərarına dolayı yolla istinad edilir. 1989-cu il qərarına 2003-cü ildə Ermənistanın Kassasiya (Ali) Məhkəməsi də istinad edib. Belə ki, 2003-cü ildə bir qrup müxalifətçi məhkəməyə müraciət edərək o zamankı prezident R. Köçəryanın Konstitusiyaya görə prezident postunu tutmaq hüququnun olmadığı iddiası ilə çıxış etmişdi. Konstitusiyaya görə Ermənistan prezidenti olmaq istəyən şəxs 10 il daimi bu ölkədə yaşamalı idi. O zaman məhkəmə 1989-cu il qərarına istinad edərək Dağlıq Qarabağın hüquqi olaraq Ermənistan ərazisi olduğunu göstərmiş və R.Köçəryanın bu tələbi ödədiyini göstərən qərar vermişdi.
 
Hazırda Ermənistanın başqa ölkənin ərazisində qanunsuz yaşayan vətəndaşlarının hüquqları haqqında nəsə tələb etməsi absurddur. Ermənistan Qarabağ ermənilərinin Azərbaycan vətəndaşları kimi hüquqlarını müzakirə etməzdən əvvəl onların Ermənistan vətəndaşları olmadıqlarını sadəcə rəsmi şəxslərin dili ilə bəyan etməməlidir. Bunun üçün ilk növbədə müvafiq formada qanunvericiliyə uyğun 1989-cu il qərarının qüvvədən düşməsi üçün addımlar atılmalı və onun doğurduğu nəticələr, xüsusilə də vətəndaşlıqla bağlı yaranmış uyğunsuzluqlar aradan qaldırılmalıdır.
 
Hadrutdan və Qarabağın digər bölgələrindən olan ermənilər məhz Ermənistanın yeritdiyi bu siyasət nəticəsində bu gün çətin vəziyyətlə üzləşiblər və hüquqi boşluqda qalıblar. Onlar hüquqi baxımdan qaçqın hesab edilə bilməzlər. Çünki, beynəlxalq hüquqda qaçqınlar (refugee) bir ölkənin vətəndaşının digər ölkənin ərazisinə məcburi miqrasiyasıdır. Bu insanlar yuxarıda göstərilən əsasda Ermənistan vətəndaşlığına qəbul ediliblər və hazırda da vətəndaşı olduğu dövlətin ərazisindədirlər. Onlar beynəlxalq hüquqa görə məcburi köçkünlər (İDPs) də hesab edilə bilməzlər. Çünki, məcburi köçkün insanlar ölkənin bir hissəsindən digər hissəsinə məcburi köçənlərdir. Qarabağ isə Ermənistan ərazisi deyil!
 
Hadrut və digər bölgələrdən olan ermənilərin qarşısında hazırda iki seçim durur. Ya sakitcə Ermənistan vətəndaşları kimi həyatlarına davam etmək, ya da qaçqın statusu alaraq Ermənistanda yaşamaq. Lakin, bunun üçün həm Ermənistan vətəndaşı olmadıqlarını, həm də Azərabaycan vətəndaşı olduqlarını sübut etməlidirlər. Əgər onlar Azərbaycan ərazisində öz evlərinə qayıdaraq yaşamaq istəyirlərsə, yenə də Ermənistan və ya digər ölkənin vətəndaşları olmadıqlarını sübut etməlidirlər, çünki Azərbaycan qanunvericiliyi ikili vətəndaşlığı qəbul etmir. Azərbaycanda vətəndaşlıq almaq üçün isə müvafiq qanunvericiliyinə uyğun formada rəsmi müraciət etməlidirlər. Əgər Ermənistan rəhbərliyi bu qrupdan olan insanlara yardım etmək istəyirsə o zaman onların vətəndaşlığını rəsmi şəkildə ləğv edə bilər. Bu halda, həmin insanlar Azərbaycan və ya digər ölkənin vətəndaşlığına qəbul edilənə qədər hüquqi baxımdan vətəndaşlığı olmayan şəxs və ya apatridlər hesab ediləcəklər.
 
@cssc_cqtm
👍24
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktor müavini Fuad Çıraqov REAL TV-nin efirində gedən REAL İntervyu verilişində Avropa İttifaqının sülh təşəbbüsləri və sonuncu Brüssel görüşü haqqında fikirlərini bölüşüb.

Daha ətraflı: https://www.youtube.com/watch?v=lfSmd3iERk4
👍11
Rusiya və Cənubi Qafqaz (CQ) – II hissə

I hissə - https://news.1rj.ru/str/cssc_cqtm/81

Rusiya üçün CQ geosiyasi kontekstdə

Coğrafi cəhətdən CQ-da 🇷🇺, 🇹🇷, 🇮🇷 təmasdadır. Suriya böhranında əsas oyunçular hesab olunan bu ölkələrin rəqabəti və ya əməkdaşlığı CQ-da təsir edir.

CQ Rusiyanın geosiyasi rəqibi olan ABŞ və Aİ-nin enerji təhlükəsizliyi və Mərkəzi Asiyaya (MA) çıxışı baxımından böyük əhəmiyyət kəsb edir. MA ilə birlikdə CQ Rusiyaya təsir etmək üçün əlverişli nöqtələr hesab edilir. Bu səbəbdən Rusiya üçün CQ-da münasib qüvvələr balansının mövcudluğu həyati əhəmiyyət kəsb edir.

Nəhayət, Rusiyanın özü də Qafqaz dövləti hesab olunur, belə ki, Şimali Qafqazda Rusiyanın 7 muxtar respublikası + federal dairələrə daxil iki ərazisi yerləşir.

SSRİ-nin parçalanmasından sonra 30 il ərzində CQ-da qüvvələr balansı Rusiya üçün məqbul idi. Bu dövrdə regionun 3 dövləti (🇦🇿, 🇦🇲, 🇬🇪) qonşu olduğu 3 böyük dövlətlə (🇷🇺, 🇹🇷, 🇮🇷) fərqli səviyyəli münasibətlər qurdu.

Riyazi olaraq regionda formalaşan qüvvələr balansını belə ifadə etmək olar:

Rusiya +2, -1. Ermənistanla müttəfiq (+), Azərbaycanla strateji tərəfdaşlıq (+), Gürcüstanla sıfır münasibətlər (-)
Türkiyə +2, -1. Azərbaycanla müttəfiq (+), Gürcüstanla strateji tərəfdaşlıq (+), Ermənistanla sıfır münasibətlər (-).
İran +3. CQ-ın hər üç ölkəsi ilə diplomatik münasibətlər mövcuddur, lakin, müttəfiq və ya strateji tərəfdaşlıq əlaqələri qurulmayıb.

Rusiya və Türkiyənin hesabında 1 müttəfiq, 1 strateji tərəfdaş və 1 problemli ölkə var. Əsas fərq bundadır ki, Türkiyənin problemli münasibətlərə malik olduğu ölkə (Ermənistan) Rusiyanın müttəfiqi, Rusiyanın problemli münasibətlərə malik olduğu ölkə isə (Gürcüstan) Türkiyənin strateji tərəfdaşıdır.

Belə vəziyyət CQ-ı Rusiya və Türkiyə arasında yeni qarşıdurma məkanına çevirə bilərdi. Lakin, Azərbaycanın Türkiyə ilə müttəfiq, Rusiya ilə isə strateji tərəfdaş olması region üçün zəruri olan stabilliyi formalaşdırır.
II Qarabağ müharibəsi qüvvələr balansını müəyyən qədər dəyişdi:
- Türkiyənin müttəfiqi (🇦🇿) Rusiyanın müttəfiqini (🇦🇲) məğlub edib, öz ərazi bütövlüyünü bərpa etdi;
- Ermənistan və Gürcüstanda hərbi mövcudluğa malik Rusiya, 10 noyabr razılaşmasına uyğun olaraq Azərbaycanda sülhməramlı kontingent yerləşdirdi;
- Regionun qonşuları və CQ ölkələrinin iştirakı ilə 3+3 formatı yaradılmaqdadır. ABŞ və Ai-nin iştirakı olmayan bu format Rusiyanın marağındadır;
- Ermənistan-Türkiyə arasında münasibətlərin normallaşdırılma perspektivləri yarandı.

Perspektivin reallığa çevrilməsi qüvvələr balansının yuxarıdakı riyazi nisbətini dəyişdirə bilər. Yeni şərait Rusiyanın region ölkələri ilə münasibətlərini dəyişməz saxladığı halda, Türkiyənin +3 perspektivi onu regional liderə çevrilməsini tezləşdirəcək. Gürcüstanın 3+3 formatına qatılmaması isə Rusiya üçün +3 vəziyyətinin perspektivini sıfıra endirir.

Postmüharibə dövründə Rusiyanın maraqlarına zidd addımı onun müttəfiqi Ermənistan atdı. Paşinyan Aİ-ni vasitəçi kimi dəvət etdikdən sonra Rusiyanın bir il ərzində inhisarda saxladığı vasitəçilik rolu zəifləməyə başladı. Ermənistan Rusiyanın vasitəçiliyi ilə qəbul edilən qərarları ləngidib, Aİ-nin vasitəçiliyinə üstünlük verir.
2022-ci ilin fevralından isə Rusiya diqqəti və resurslarını Ukraynaya yönəltdi.

Bu şəraitdə Ermənistan Zəngəzur dəhlizində Rusiyaya xüsusi hüquqlar vermək istəmədiyindən kommunikasiyaların açılması Ermənistan-Rusiya münasibətlərində problemə çevrilib. Rusiya regional proseslərdə əvvəlki qədər iştirak edə bilməsə də, üçtərəfli bəyanatın icra edilməsinin və regional kommunikasiyaların açılmasının tərəfdarıdır.
Beləliklə, hazırda resursların məhdudluğu Rusiyaya regionda əsas rol oynamağa imkan vermir. Moskva CQ-da yeni reallıqda öz maraqlarını müəyyənetmə prosesindədir. Onun susqunluğunun da əsas səbəbi budur.

Postmüharibə dövrünün bir paradoksu da ondan ibarətdir ki, CQ-da Rusiya üçün ən proqnozlaşdırıla bilən ölkə Azərbaycandır. Geostrateji perspektivlər və iqtisadi məqsədəuyğunluq Rusiyanı region ölkələrinin və ilk növbədə - Azərbaycanın mövqeyini nəzərə almağa sövq edir.

@cssc_cqtm
👍31
Ermənistanın yarımçıq qalan Şimal-Cənub magistral yolu

Ermənistanın şimalı ilə cənubunu bağlayacaq 566 km uzunluğunda olan Mehri-İrəvan-Bavra magistralının tikintisi həyata keçirmək üçün hazırlanmış “Şimal-cənub koridoru İnvestisya proqramı”-nın 2009-2019-cu illərdə həyata keçirilməsi nəzərdə tutulmuşdu. Layihənin ilkin dəyəri 962 milyon dollar həcmində göstərilsə də sonradan layihəyə edilən dəyişikliklər bu rəqəmin 1.5 milyard dollara çatmasına səbəb oldu. Layihəni maliyyələşdirən təşkilatlara Avropa İnvestisya Bankı, Avrasiya İnvestisya Bankı, Avropa İnkişaf və Yenidənqurma bankı və digərləri aiddir.

Layihənin texniki parametrləri

Bu yolun tikintisinin 5 mərhələdə həyata keçirilməsi planlaşdırılmışdı:

1-ci mərhələ- İrəvan-Aştarak (11.4 km) və İrəvan-Artaşat (19,6 km) yollarının tikintisi.

2-ci mərhələ- Aştarak-Talin (42 km) yolunun tikintisi.

3-cü mərhələ - Talin - Lancik (18.71) və Lancik – Gümrü  (23 km) yollarının tikintisi.

4-cü mərhələ - ümumi uzunluğu 252 km yolun üç mərhələdə tikilməsi:

1) Artaşat-Sisian (160 km) ikinci dərəcəli yolunun, körpü və tunellərin tikintisi.

2) Sisian-Kacaran (60 km) ikinci dərəcəli yolunun, 27 körpünün (4.7 km) və 9 tunelin (12.5 km) tikintisi.

3) Kacaran-Aqarak (32 km) ikinci dərəcəli yolun və Kacaran tunelinin (7 km) tikintisi.

5-ci mərhələ - Gümrü kənar yol və Gümrü-Bavra yollarının (62 km) tikintisi.

Layihənin məqsədi

1) Ermənistanın uzun müddət istifadə edə biləcəyi, sürətli və təhlükəsiz yol infrastrukturun qurulması (bəzi hissələrdə tikilən beton yolun ömrü 30 il nəzərdə tutulub).

2) Ermənistanın Qara dənizdə yerləşən limanlara çıxışını asanlaşdırmaq.

3) Fars Körfəzi-Qara Dəniz nəqliyyat dəhliznin əsas hissələrindən birinə çevrilmək.

4) Ermənistanın şimalından cənubuna daha qısa zamanda gedə bilmək. Hazırkı yol çətin relyefdən keçdiyindən şimaldan cənuba getmək üçün 10 saat tələb olunur. Yeni layihə uğurla başa çatdırılsa hərəkət vaxtı 4-5 saata enə bilər.  

Layihənin hazırkı vəziyyəti

Layihənin icrasının 2009-cu ildə başlaması nəzərdə tutulsa da  tikinti işlərinə 3 il sonra, 2012-ci ildə başlanıldı. Bu gecikməyə görə, Asya İnkişaf Bankı Ermənistanı cərmələdi. Layihənin təsdiqindən 13 il, tikinti işlərinin başlanılmasından isə 10 il keçsə də yolun cəmi 5% -i tikilib. Təhvil verilən hissədə isə yolun keyfiyyəti ilə bağlı problemlər var. İcraçı şirkətlər problemləri aradan qaldırmağa söz versələr də, bu problemlər hələ də qalmaqdadır. İşin icrası zamanı yol verilən pozuntulara və yolun keyfiyyətində olan problemlərə görə icraçı şirkətlər dəfələrlə dəyişdirilib.

2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliydən sonra baş prokurorluq 2009-2018 ci illər ərzində layihənin həyata keçirilməsi zamanı yol verilən pozuntular və pis idarəçilik ucbatından 43 milyon dollar həcmində zərərin olduğunu açıqladı.  Bununla bağlı açılan cinayət işinə görə yüzlərlə şəxsin dindirilməsi həyata keçirilib, həbs olunanlar da var. Onalrın əksəriyyəti icraçı şirkətlərin əməkdaşları olsa da, aralarında keçmiş prezident Serj Sarqsyanın qardaşı Lyova Sarqsyan və keçmiş Nəqliyyat və Kommunikasiyalar naziri Gagik Beglaryanın bir vaxtlar deputat olmuş qardaşı Hakob Beglaryan da var. Lyova Saqsyanın, icraçı şirkətlərdən mənfəətin 50%-ni “otkat” kimi tələb etdiyi bildirilir.

Paşinyan höküməti yolun nə vaxt təhvil veriləcəyini bilmir. Bunun əsas səbəbi işin böyük hissəsinin, yəni 4-cü və 5-ci mərhələlərin həyata keçirilməsi üçün maliyyə mənbələrinin hələ də müəyyən olunmamasıdır. Ermənistan üçün meqa layihə sayılan və inşası 9 ilə nəzərdə tutulan amma hələ çox cüzi bir hissəsinin reallaşdığı  bu layihənin taleyi hələ naməlum olaraq qalır.

@cssc_cqtm 
👍22