CSSC Baku – Telegram
CSSC Baku
3.07K subscribers
12 photos
2 videos
201 links
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) Azərbaycanda, Bakıda yerləşən, Cənubi Qafqazda və onun qonşuluğunda siyasi və iqtisadi prosesləri tədqiq edən müstəqil qeyri-hökumət təşkilatıdır. Yayımlanan materiallara istinadın verilməsi vacibdir. www.cssc.az
Download Telegram
Rusiya və Cənubi Qafqaz (CQ) – III hissə
(
I hissə), (II hissə)

Müşahidələr göstərir ki, Rusiyanın CQ siyasətində mühüm dəyişikliklər baş verməkdədir və bu proses yaxın gələcəkdə də davam edəcəkdir. 30 ilə yaxın Rusiya rəhbərliyinin regionla və ümumiyyətlə postsovet məkanı ilə bağlı rəyini şərti olaraq iki qrup formalaşdırırdı:

1. “Mühafizəkarlar” sərt xəttin, postsovet ölkələrində Rusiyapərəst rejimlərin qurulmasının tərəfdarıdırlar. Bu xəttin məntiqi sonu postsovet ölkələrinin Rusiya ilə ittifaq dövlətinə qoşulması olmalıdır.

2. “Praqmatik” xəttin nümayəndələri MDB ölkələrin ərazisinin Rusiyaya qarşı istifadə edilməsini qabaqlamaq üçün postsovet ölkələri ilə qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinin tərəfdarıdırlar.

Bir yanaşmanın digəri üzərində üstünlüyü bir çox amillərlə, ilk növbədə isə Rusiyanın qüdrəti ilə şərtlənir. Qərb dövlətlərinin Rusiyaya tətbiq etdikləri sanksiyalar ölkənin maddi və texnoloji resurslarına sarsıdıcı zərbə endirdi. Əgər 22 fevrala qədər Rusiyaya qarşı tətbiq edilən sanksiyaların sayı 2 min 695-ə bərabər idisə 22 fevraldan sonra qəbul edilən yeni sanksiyalar nəticəsində bu rəqəm 9 mini ötdü. ABŞ Rusiyadan neft, qaz və kömürün, İngiltərə, Kanada və Avstraliya neftin, Aİ isə kömürün idxalına qadağa qoydu. Rusiya SWIFT-dən ayrıldı, Rusiyaya kredit verilişi qadağan edildi və dollar-avro əskinaslarının ixracı dayandı. Ölkənin valyuta ehtiyatlarının yarısı donduruldu. Valyuta ehtiyatlarının digər yarısı əsasən qızıl və BVF-dəki vəsaitlər formasında olduğundan likvidliyi aşağı olan aktivlərdir. Qərbin qızılın idxalına embarqo qoyması isə likvidliyi daha da azaltdı. Qeyd edək ki, hazırda Rusiya Çinə neft, qaz və qızılı bəzən 30%-ə çatan endirimlə satır. Qərb Rusiya gəmilərinə limanlarını, yük maşınlarına isə sərhədlərini bağladı. Aİ, ABŞ, Yaponiya, Tayvan isə iqtisadiyyat və hərbi sənaye kompleksi üçün əvəzolunmaz sayılan yarımkeçiricilərin və qabaqcıl elektronikanın Rusiyaya ixracını qadağan etdilər.

Qərbin sanksiyalarının təsiri ilə Rusiyanın resursları məhdudlaşdığından CQ-a münasibətdə praqmatik yanaşma tərəfdarlarının fəallaşacağını gözləmək olar. 2021-ci ildə Rusiyanın ticarət dövriyyəsinin 54%-i sanksiyaları dəstəkləyən, 45,8%-i (359,8 milyard ABŞ dolları) isə sanksiyaları dəstəkləməyən ölkələrin payına düşürdü. Aİ-dən sonra Rusiyanın əsas ticarət tərəfdaşı Çin, daha sonra isə MDB ölkələridir. Aİ ilə münasibətlərin kəskin məhdudlaşması, Çin ilə ticarətin isə endirimlə aparılması Rusiya üçün MDB ölkələrinin əhəmiyyətini artırır.

Qərb ilə qarşıdurmada Rusiyanın zəifləməsi sərt xəttin reallaşmasını problematik edib, mühafizəkarların mövqelərini sarsıtmaqdadır. MDB məkanında Rusiyanın sərt addımlarına etiraz edən ölkələrin sayı artmaqdadır. Eyni zamanda, Rusiyaya tətbiq edilən sanksiyalardan kənarda qalmaq üçün addımlar atılmaqdadır. Təhlükəsizlik sahəsində də digər geosiyasi mərkəzlərlə münasibətlər formalaşdırılır. Prioritet regional güclərlə münasibətlərin yeni müstəvidə formalaşmasıdır.

Beləliklə, MDB məkanında, o cümlədən CQ regionunda mövqelərini və mövcudiyyətini itirməmək üçün Rusiya qonşuları ilə danışıqlar aparmaq, maraqları uzlaşdırmaq məcburiyyətində olacaqdır. Rusiyanın strateji maraqları və gözləntiləri transformasiyaya uğrayacaqdır. CQ da bu prosesdən təsirlənəcəkdir.

Ümumilikdə, Ukrayna müharibəsi zamanı CQ region olaraq Rusiyanın əsas gözləntilərinə cavab verdi. Azərbaycanın ənənəvi xarici siyasət prinsipi olan müharibə və qarşıdurma məkanına çevrilməmək hazırda bütün region üçün aktual olub. Rusiya da CQ ölkələri kimi regionu qarşıdurma və müharibə məkanına, yəni özünə qarşı ikinci cəbhəyə çevirmək istəmədiyindən mövcud problemlərin tənzimlənməsinə daha praqmatik yanaşma tətbiq etməli olacaqdır. Belə olan halda, regional lider olan Azərbaycanın və regionda nüfuzlu aktora çevrilən Türkiyənin gözləntilərini nəzərə almaq məcburiyyətində qalacaqdır.

@cssc_cqtm
👍16
Əziz izləyicilər!

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) YoutubeTik-Tok kanalları artıq fəaliyyətə başlamışdır. Bu kanallar vasitəsilə mərkəzin hazırladığı analitik yazıları video formatda izləyə bilərsiniz.

Bu kanalların yaradılmasında mərkəzin əsas məqsədi sizə bu yazılar ilə daha qısa zamanda və vizual olaraq tanış olmaq imkanı yaratmaqdır.

Mərkəzin Youtube və Tik-Tok kanallarına aşağıdakı linklər vasitəsilə keçid edə bilərsiniz:

https://www.youtube.com/watch?v=XceVC34p5FI

https://www.tiktok.com/@cssc_cqtm/video/7140916858500173057?fbclid=IwAR1Jn2T3MgS52NZypepOEgjmnX2ZeQbNOOkYIa_Ix896eaQ0SN2GLCjuNN0&is_copy_url=1&is_from_webapp=v1
👍11
Cənub-Qərb/ Şimal-Qərb  nəqliyyat dəhlizləri

Cənub-Qərb Nəqliyyat Dəhlizinin yaranma tarixi 2016-cı ilin əvvəlinə təsadüf edir. Bu dəhliz Fars Körfəzi/Hindistan – İran – Azərbaycan – Gürcüstan – Ukrayna – Avropa (və ya Türkiyə – Avropa) marşrutu üzrə fəaliyyət göstərir. Dəhliz “Azərbaycan Dəmir Yolları QSC”-nin (ADY) təşəbbüsü ilə yaradılmışdır. Marşrutun təqdimatı 12 yanvar 2016–cı il tarixində Bakıda keçirilmiş və elə həmin tədbirdə Azərbaycan, Gürcüstan, İran, Ukraynanın dəmir yolları və dəniz limanlarının nümayəndələri arasında müzakirələr aparılmış və dəhlizin inkişaf etdirilməsinə dair Protokol imzalanmışdır. Bu sənədə əsasən, Cənub-Qərb dəhlizi tam olaraq “Fars Körfəzi-İran-Astara-Xəzər dənizi-Qara Dəniz-Avropa” kimi adlandırılır.

Tədbirdə eyni zamanda tərəflər arasında Mumbay-Bəndər Abbas-Qəzvin-Astara(İran)-Astara-(Azərbaycan)-Poti/Batumi marşrutu üzrə yükdaşımaların sonradan Ukrayna (Odessa – İliçevsk), Rumıniya (Konstansa) və Bolqarıstan (Burqas) limanlarına qədər uzadılması perspektivləri müzakirə olunmuş və istiqamətlər üzrə ilkin tariflər müəyyənləşdirilmişdir.

Cənub-Qərb dəhlizinin digər alternativ marşrutlarla müqayisədə (xüsusilə də, Süveyş kanalından keçən dəniz yolu ilə) əsas üstünlüyü tranzit məsafəsinin və vaxtının təxminən üç dəfə az olmasıdır. Əgər İran körfəzi və Hindistandan Avropaya dəniz yolu ilə daşıma təqribən 35-37 gün çəkirsə, Cənub-Qərb dəhlizi marşrutunda bu müddətin perspektivdə 10-12 gün təşkil edəcəyi nəzərdə tutulur. Bundan başqa, bu dəhliz yüklərin daşınmasının təhlükəsiz, sürətli və vahid qiymət siyasəti tətbiq edilməklə həyata keçirilməsi üçün yeni imkanlar yaradacaqdır.

Cənub-Qərb dəhlizinin yaradılması Avropa İttifaqı ölkələri ilə Ukrayna, Hindistan, İran və digər Fars Körfəzi ölkələri arasındakı ticarət dövriyyəsinin müəyyən hissəsinin bu dəhlizə cəlb edilməsinə hesablanıb. Bu dəhlizinin inkişafı İranın xarici ticarət dövriyyəsinin artırılmasına imkan yaradır. İranın Fars körfəzində yerləşən Bəndər-Abbas limanından başqa, Oman körfəzi sahilində yerləşən yeni Çabahar limanının tam gücü ilə istismara verilməsi Cənub-Qərb dəhlizinə əlavə yüklərin cəlb edilməsi üçün imkanlar yaradacaqdır.

Azərbaycanın “ADY Express” şirkəti artıq bu nəqliyyat dəhlizi ilə də yükdaşımalara başlamışdır. Şimal-Cənub dəhlizinin tamamlanması üçün, eləcə də Cənub-Qərb dəhlizinin potensialından tam istifadə edilməsi üçün çatışmayan hissə Rəşt-Astara və Qəzvin-Rəşt dəmir yolu xəttləridir. Bu xəttlərin tez bir zamanda inşası Azərbaycan üzərindən keçəcək Cənub-Qərb dəhlizinə Hindistanın daha əlverişli şərtlərlə cəlb edilməsi baxımından əhəmiyyətlidir. 2022-ci ildə Cənub-Qərb dəhlizi ilə 272 TEU konteyner daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2% azdır. 2021-ci ildə bu rəqəm 278 TEU olmuşdu.

Şimal-Qərb nəqliyyat dəhlizinin yaradılması isə Bakı-Tbilisi-Qars dəmir yolunun 2017-ci ildə istifadəyə verilməsi ilə mümkün olmuşdur. Bu dəhliz Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə əsasən Türkiyə və Rusiya arasında artan yükdaşıma həcmlərinin qarşılanmasına hesablanıb. O cümlədən, Şimal-Qərb nəqliyyat dəhlizi Rusiyanın istehsal etdiyi kömür və taxıl yüklərinin Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Türkiyəyə daşınmasına şərait yaradır.

Şimal-Qərb dəhlizi çərçivəsində Bakı-Tbilisi-Qars dəmir yolu ilə 2022-ci ilin ilk 7 ayında 3 482 TEU konteyner yük daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 103% daha çoxdur. Ötən il bu rəqəm müvafiq olaraq 1 714 TEU olub.

@cssc_cqtm
👍12
Azərbaycan və Ermənistanın şərti sərhədində erməni təxribatlarının motiv və nəticələri

Niyə məhz indi?


Ermənistanın Azərbaycanla şərti sərhəddə həyata keçirdiyi gecə təxribatı bir çox hadisə və proseslər fonunda baş verib. Təxribatın motivlərini anlamaq üçün bu hadisə və prosesləri nəzərdən keçirmək vacibdir:

31 avqust tarixində baş tutmuş Brüssel görüşünün nəticələrinə uyğun olaraq ayın sonuna qədər Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh sazişinin mətninin tərtibi ilə bağlı görüş keçirilməlidir.

Rusiya Brüssel görüşündən sonra diplomatik aktivliyini artırdı. Azərbaycan Prezidenti Rusiya Prezidenti ilə telefon vasitəsilə, N. Paşinyan isə V. Putin ilə Vladivostokda əyani formada danışıqlar apardı.

Azərbaycan və Ermənistan liderləri 15-16 sentyabr tarixlərində Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etməlidilər.

ABŞ Dövlət Departamentinin Qafqaz məsələləri üzrə nümayəndəsi F. Riker hazırda regionda səfərdədir və yaxın vaxtlarda Azərbaycana baş çəkəcəkdir.

Nə baş verir?

Beləliklə, Ermənistan istər Brüssel, istərsə də Rusiya formatlarında qərar qəbul etmək məcburiyyəti ilə üzləşmişdir. Hər iki formatda Ermənistandan sülh gündəliyi yaradan qərar verməsi gözlənilir.

Sülh prosesini diplomatik yollarla uzatmaq mümkün olmadığından Ermənistan prosesi ləngitmək üçün sərhəddə təxribat variantını seçmişdir. Prosesi ləngitməklə yanaşı, Ermənistan bu təxribatla Rusiya və KTMT-ni də prosesə cəlb etməyə çalışır. Xatırladaq ki, bütün bu proseslər F. Rikerin Qafqaz səfəri zamanı baş verir.

Danışıqlara ayrılmış vaxt tükənmək üzrə olduğundan Azərbaycan Ermənistan təxribatına maksimal sərt cavab verdi. Ermənistanın sülh sazişindən yayınma cəhdləri, Minsk Qrupu və “status” məsələlərinə israrla istinad etməsi Qarabağda hərbi birləşmələrin saxlanılması ilə paralel şəkildə edilir.

Nə baş verəcək?

Proseslərin necə gedəcəyi tam olaraq Ermənistan rəhbərliyindən asılıdır. Ermənistanın baş naziri razılaşmaların pozulması üzrə destruktiv addımlar atmaqda davam etsə, Azərbaycanın cavabı özünü çox gözlətməyəcəkdir. Başqa bir variant da mümkündür: erməni cəmiyyətinə sülh gündəliyini qəbul etdirmək üçün Ermənistan rəhbərliyi bir daha eskalasiyaya getmək qərarını verə bilər.

Dəqiq olan bunlardır: Azərbaycanın mövqeyi maddi resurslarla möhkəmlənmiş, aydın və ardıcıldır. Ermənistanın mövqeyi isə ziddiyyətli və yayındırıcıdır. Ermənistana ümid verən qüvvələr İrəvanı inandırmalıdırlar ki, götürülmüş öhdəliklərin icra edilməməsi Ermənistanın əvvəlkindən daha ağır şərtlərlə qarşılaşmasına səbəb olacaqdır. Belə şəraitdə Ermənistanın Qarabağdan hərbi birləşmələrinin tam çıxarılmasını gözləyə bilərik. Həm Ermənistan, həm də onun himayədarları Qarabağ ermənilərinin hüquqları və gələcək təhlükəsizliyi ilə bağlı müzakirə açmamışdan əvvəl birmənalı və aydın şəkildə aşağıdakı şərtləri qəbul etməlidirlər: 1) hansısa xəyali Dağlıq Qarabağ adlı obyekt və ya ərazi vahidi yoxdur və müzakirə predmeti ola bilməz; 2) keçmiş “Dağlıq Qarabağ” adlı ərazi birmənalı olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsindədir, gələcəkdə də bu məsələ hansısa nəzəri müzakirənin belə predmeti olmayacaq və ola da bilməz. Bu şərtlərin əksinə atılan hər hansı bir addım dərhal Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı təhdid kimi qiymətləndiriləcəkdir və müvafiq cavab veriləcəkdir.

Ona görə də əgər Ermənistanın himayədarları özlərinin erməni xülyalarının sönməsinə imkan verməsə bu ilk növbədə Ermənistanın özünə mənfi təsir göstərəcək və bunun məsuliyyəti tam olaraq himayədarların üzərinə düşəcəkdir.

@cssc_cqtm
👍38👎3
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktor müavini Fuad Çıraqovun son hərbi əməliyyatlar ilə bağlı fikirləri:

Son 2 gündə cəmiyyətdə və sosial şəbəkələrdə sual verilir ki, bu əməliyyatların məqsədi nə idi? Nə əldə etmək istəyirdik? Nə üçün oldu?....

Daha etrafli:
https://m.facebook.com/story.php?story_fbid=pfbid0Cy9v27DbRzhae5XEL6MLvAUiVLQ6qvTwViZbL39qqGq21bfkqhUSDGwiTVxcqMizl&id=795922297
Son təxribatlarda Fransa kölgəsi

Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları dünyada gedən mühüm proseslər fonunda baş verir. Ermənistanın bu hərbi təxribatları törətdiyi vaxtda Yunanıstanın da Türkiyəyə qarşı hərbi-siyasi təxribatlar törətməsi diqqət çəkir. Lozanna (1923) və Paris (1947) müqavilələrinə görə Yunanıstan Egey dənizində bir sıra adalara nəzarət etmək imkanı əldə etsə də müqaviləyə görə onların militarizasiyasına yol verməməli idi. Yunanıstan üzərinə götürdüyü öhdəliyi icra etməməklə yanaşı 2022-ci ilin avqustun sonunda Türkiyə hərbi hava qüvvələrinə qarşı S-300 zenit raket komplekslərini tədbiq etmiş, keçən həftə isə Yunanıstanın sahil mühafizə polisi Türkiyənin mülki gəmisini atəşə tutmuşdur.

Türkiyə və Yunanıstan arasında baş verənlərin Cənubi Qafqaz regionuna birbaşa təsiri var. Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinə görə tərəflərdən hər hansı birinin ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı üçüncü dövlət tərəfindən təhdid olarsa tərəflər məsləhətləşmələr aparıb, bir-birinə zəruri yardım göstərməlidirlər. Qeyd edək ki, Ermənistan və Yunanıstan arasında da ikitərəfli hərbi əməkdaşlıq münasibətləri mövcuddur. Ölkələr arasında hərbi əməkdaşlıq tarixi müdafiə nazirliklərinin 1996-cı ildə imzaladığı müqavilə ilə başlayır. 1998-2008-ci illərdə tərəflər erməni hərbçilərinin Yunanıstanın hərbi məktəblərində təhsil almalarına dair müvafiq sazişlər imzalamışlar. 1998-ci ildə isə tərəflər silah və hərbi texnika sahəsində əməkdaşlıq haqqında saziş imzalamışlar. 2011-ci ildə hərbi əməkdaşlıq haqqında saziş yenilənmiş, 2016-cı ildə isə hərbi əməkdaşlıq proqramı qəbul edilmişdir. Vurğulayaq ki, Ermənistan hərbi birləşmələri 2003, 2007 və 2008-ci illərdə Yunanıstanın hərbi taboru daxilində Kosovoda əməliyyatlarda iştirak etmişdir.

Nəticə etibarı ilə Ermənistan Azərbaycana, Yunanıstan isə Türkiyəyə təhdid yaradır. Ermənistan və Yunanıstan hərbi əməkdaş, Türkiyə və Azərbaycan isə Şuşa bəyannaməsi üzrə qarşılıqlı təhlükəsizlik öhdəliklərinə malik ölkələrdir. Qeyd edilən iki qarşıdurmanın eyni zamanda baş verməsi, habelə, Türkiyə və Yunanıstanın NATO üzvü olması, Ermənistan və Azərbaycanın isə Brüssel formatı çərçivəsində danışıqlar aparması proseslərin analizini yeni müstəvidə nəzərdən keçirməyi tələb edir.

Müşahidələr hər iki prosesin arxasında üçüncü tərəfin, daha dəqiq desək Fransanın dayandığını deməyə imkan verir. Türkiyənin diplomatik uğurları - Ukrayna taxılının dünyaya təhlükəsiz ixracının təmin edilməsi, Ankaranın Kiyev və Rusiya tərəfindən eyni dərəcədə münasib vasitəçi kimi qəbul edilməsi, habelə Cənubi Qafqaz, Yaxın Şərq, Mərkəzi Asiya və digər regionlarda Türkiyənin mövqeyinin güclənməsi Fransa tərəfindən xüsusi qısqanclıqla qarşılanır. Fransa Türkiyənin dünyada artan, özünün isə azalan rolundan çox narahatdır.

Paris Ankaranın nüfuzunun artmasını qabaqlamaq məqsədilə Yunanıstanı Türkiyəyə, Ermənistanı isə Türkiyənin Cənubi Qafqazdakı müttəfiqi Azərbaycana qarşı hərbi təxribatlara sövq etməyə çalışır. Bununla yanaşı, Fransa Ermənistanın Brüssel və Moskva formatlarında maraqlarının təmin edilməməsindən narazıdır. Baş verən hadisələri Təhlükəsizlik Şurası səviyyəsində müzakirəyə çıxarmaqla Fransa bir tərəfdən özünün Təhlükəsizlik Şurasının daimi üzvü olmasını qabartmaq istəyir, digər tərəfdən də Ermənistan timsalında Cənubi Qafqazdakı tərəfdaşının mövqelərini gücləndirməyə çalışır. Fransanın Təhlükəsizlik Şurasında məsələni məhz indi qaldırması təsadüfi deyil. Fransa hazırda BMT Təhlükəsizlik Şurasına sədrlik edir.

Qeyd edək ki, Brüssel formatında Fransanın rolu məhdud olduğu halda, Moskva formatında Paris ümumiyyətlə iştirak etmir. Məsələni Aİ-dən də yüksəkdə duran BMT Təhlükəsizlik Şurası səviyyəsində müzakirəyə çıxartmaqla Fransa Cənubi Qafqazda zəifləmiş mövqelərini bərpa etməyə çalışır. Bununla yanaşı, beş daimi üzvdən məhz Fransanın məsələni Təhlükəsizlik Şurası səviyyəsində qaldırması Ermənistan daxilində Fransa “partiyasının” mövqelərini gücləndirməlidir.

@cssc_cqtm
👍28
İranın növbəti ali rəhbəri kim ola bilər?

Son günlər İranın ali rəhbəri Ayətullah Əli Xameneinin səhhətinin pisləşməsi və ya dünyasını dəyişməsi barədə yayılan məlumatlar fonunda onun mümkün siyasi varisi barədə mülahizələr yenidən aktuallıq kəsb etmişdir.

Amma həmin mövzu Xameneinin sağlamlığı ilə bağlı şayiələrin yayılmasından əvvəl də İranın gündəmində idi və bunun səbəbi avqustun 9-da “Yaşıl Hərəkat”ın liderlərindən biri, on ildən artıqdır ev dustaqlığında saxlanılan Mirhüseyn Musəvinin bəyanatı olmuşdur. Həmin bəyanatda Musəvi ölkənin ən yüksək post olan ali rəhbər vəzifəsinin irsən ötürülməsi ehtimalından söz açaraq, soruşurdu: “Məgər 2500 illik şahlıq geri qayıdıb ki, oğul atadan sonra hakimiyyətə yiyələnsin?!”

Ölkədə geniş müzakirələrə səbəb olan bu bəyanatda söhbətin Ayətullah Xameneinin ikinci oğlu, 53 yaşlı Müctəba haqqında getdiyini məlum idi.

Maraqlıdır ki, vaxtilə ali rəhbər postuna yiyələnməkdə Müctəba Xameneiyə rəqib ola bilən və ya bu işə təsir göstərmək imkanı olan dini-siyasi şəxsiyyətlərin əksəriyyəti artıq meydanda yoxdur: onların bir çoxu (məsələn, Ayətullahlar Misbah Yəzdi, Mahmud Şahrudi, Əkbər Haşimi-Rəfsəncani və s.) dünyasını dəyişmiş, bəziləri də (məsələn, Ayətullah Sadiq Amoli Laricani) siyasi səhnədən uzaqlaşdırılmışdır. Üstəlik, son illər atasının səyləri ilə ölkədə siyasi hakimiyyətin bütün qolları mühafizəkar cinahın ixtiyarına verilmişdir ki, bu da Müctəbanın ali rəhbər postuna gedən yolunu xeyli hamarlaşdırmışdır. Bu yolda əsas maneələrdən biri Müctəbanın müctəhidlik məqamının təsdiqlənməsi idi ki, son vaxtlar, deyəsən, bu məsələ də yoluna qoyulmuşdur. Belə ki, avqustun 24-də Qum Elmi Hövzəsinin rəsmi saytı Müctəba Xameneinin fiqh və üsul dərsləri barədə dərc etdiyi elanda onu “Ayətullah” kimi təqdim etmişdir.

Hələ 2017-ci ildə bir çoxları İranın hazırkı prezidenti İbrahim Rəisinin ali rəhbər postuna hazırlandığı barədə fikirlər irəli sürürdülər. Bu gün də həmin fikri bölüşənlər vardır. Lakin, prezident olduğu bir il ərzində Rəisinin performansı həmin versiyanı əsaslı şəkildə zəiflətmişdir. Belə görünür ki, Rəisi ali rəhbər postu uğrunda mübarizədə nəinki Müctəbaya rəqib, əksinə, ona yol açacaq bir fiqur kimi nəzərdən keçirilməlidir.

Müctəba ilə ciddi rəqabət apara bilən şəxs isə hakimiyyət strukturlarında, dini dairələrdə və ən başlıcası, cəmiyyət içərisində hələ də güclü dayaqları olan islahatçı və mötədil cinahdan irəli sürülə bilər və bu, böyük ehtimalla, İslam Respublikasının banisi Ayətullah Xomeyninin nəvəsi Həsən Xomeyni olacaq. Qeyd edək ki, cari ildə azı iki dəfə Həsən Xomeyninin iştirakı ilə keçmiş prezidentlər Məhəmməd Xatəmi, Həsən Ruhani və eks-spiker Natiq Nurinin təfərrüatı açıqlanmayan görüşləri baş tutmuşdur. İran mediası parlamentin keçmiş spikeri Əli Laricaninin də sözügedən qrupla bir olduğunu bildirmişdir.

Son vaxtlar Xomeyninin digər nəvəsinin – Əli Xomeyninin də ali rəhbər postuna namizəd ola biləcəyi ilə bağlı ehtimallar irəli sürülür. Hazırda Nəcəfdə yaşayan 37 yaşlı Əli Xomeyni İraq şiələrinin lideri Ayətullah Sistaninin nəvəsi ilə evlidir və İraqdakı son proseslər kontekstində münasib namizəd kimi nəzərdən keçirilə bilər. Üstəlik, qardaşı Həsəndən fərqli olaraq, onun İrandakı əsas siyasi cinahlarla normal münasibətləri var və Ayətullah Xamenei ilə də qarşılıqlı rəğbətinin olduğu bildirilir.

Ümumilikdə, Ayətullah Xameneidən sonra ali rəhbər postu uğrunda İran hakimiyyəti və dini elitası daxilindəki qruplaşmalar arasında ciddi mübarizənin baş verəcəyini söyləmək olar və bu prosesdə ən sürpriz ssenarilərin gerçəkləşməsi ehtimalı da istisna deyil. Şübhəsiz, son illərdə ölkənin siyasi-hərbi həyatında aparıcı mövqeyə çıxmış, İran iqtisadiyyatının azı yarısına, ölkənin nüvə və raket proqramlarına nəzarət edən İslam İnqilabının Keşikçiləri Korpusu (“Sepah”) da bu prosesə seyrçi qalmayacaq və onun mövqeyi ciddi əhəmiyyət kəsb edəcəkdir.       

@cssc_cqtm      
👍20
Nensi Pelosinin İrəvan səfəri ABŞ-ın regional siyasət kontekstində

Erməni mediası Nümayəndələr Palatası (NP) spikeri N.Pelosinin səfərini Ermənistan-Azərbaycan sərhədində yaşanan gərginliklə əlaqələndirirlər. Lakin təşkilatçıların etirafına görə Pelosinin Ermənistana səfəri bir neçə ay qabaqdan planlaşdırılmışdır. Buna görə də səfər və şərti sərhəddə toqquşma hadisələri arasında səbəb-nəticə əlaqəsi düzgün tərzdə təqdim edilməlidir: səfər sərhəd toqquşmasının nəticəsi yox, mümkün səbəblərindən biridir.

Hərbi təxribatın Qarabağda yox, Ermənistan-Azərbaycan sərhədində baş verməsi, Ermənistanın Azərbaycanı “Qətiyyətli cavab” əməliyyatına təhrik etməsi, Fransanın hal-hazırda sədrlik etdiyi BMT Təhlükəsizlik Şurasında (TŞ) sədrliyindən istifadə edərək məsələni TŞ müzakirəyə çıxarması, Ermənistanın rədd cavabını alacağını bilə-bilə KTMT-yə hərbi yardım üçün müraciət etməsi, Paşinyanın Putin və Ərdoğanla görüşməmək üçün ŞƏT Səmərqənd sammitinə getməməsi, spiker A. Simonyanın atəşkəsin əldə edilməsində aparıcı rolun ABŞ-a məxsus olması və Ermənistanın digər ölkələrdən silah alacağına dair bəyanatları - bir-birinin ardınca baş verən təsadüfi hadisələr zənciri deyildir. Bütün bunlar anti-Rusiya əhval-ruhiyyəsini yaradaraq, Ermənistanın üzünü Qərbə tərəf çevirməyi nəzərdə tutan xüsusi əməliyyatın tərkib hissələridir.

Bununla belə vurğulayaq ki, N.Pelosinin Ermənistan səfəri ABŞ qanunvericiliyinə görə əhəmiyyətli bir səfər hesab olunmur. NP sədrinin daxili siyasətdə rolu olduqca böyükdür. Partiya təşkilatına sədaqət, partiya rəhbərliyi və partiya xətti ilə səsvermə də Senatdan daha çox NP-da müşahidə olunur. NP spikeri prezident kürsüsünə sırada ikinci yerdə dayansa da, ABŞ tarixində heç bir spiker hələ bu yolla prezident seçilməyib.

Buna rəğmən xarici siyasətdə istər spiker, istərsə də Konqres çox məhdud rol oynayır. Ali Məhkəmənin 1936-cı il tarixli qərarına əsasən (“U.S. s. Curtis-Wright Ex. Co.” adlı məhkəmə işi), xarici siyasətdə əsas funksiya Prezidentə məxsusdur. Bu səbəbdən N.Pelosinin Ermənistan səfəri praktiki cəhətdən İrəvana faydası şübhəli görsənir: spiker ABŞ adından müqaviləyə imza ata və ya Ermənistana kredit verə bilməz, spiker İrəvana hərbi yardım vəd edə, Azərbaycanı isə sanksiyalarla hədələyə bilməz, spiker hətta Konqresdə qanun aktlarının qəbul edilməsinə belə zəmanət verə bilməz, beləki istənilən akt qüvvəyə minmək üçün mütləq sürətdə ABŞ prezidenti tərəfindən imzalanmalıdır.

Pelosi erməni kokusunun çoxdanki üzvü olsa da, erməni lobbisi tərəfindən irəli sürülən təşəbbüslərin əksəriyyətində iştirak etmir. Amerika Erməniləri Milli Konqresinin (ANCA) məlumatına görə Pelosi 114-cü konqresdə (2015-2016) heç bir təşəbbüsü dəstəkləməyib, cəmi bir dəfə qondarma erməni “soyqırımının” Kapitolidə keçirilən xatirə tədbirində iştirak etmişdir. 115-ci konqresdə Pelosi erməni diasporunun dəstəklədiyi 20-dən artıq təşəbbüsdən yalnız birinə - Türkiyə ilə bağlı qətnaməyə dəstək vermişdir. 116-cı konqresdə dəstək yalnız “(qondarma) Erməni Soyqırımı Qətnaməsi”nə, 117-ci, yəni cari konqresdə isə “Armenian Genocide Education Act” daxil olmaqla erməni lobbisi tərəfindən irəli sürülən heç bir vacib təşəbbüs N.Pelosi tərəfindən dəstəkləməmişdir. Vurğulayaq ki, 2017-2018-ci illərdə N. Pelosi hətta Azərbaycanla əlaqəli lobbi təşkilatlarla iş birliyində şüphəli bilinirdi. Azərbaycan və Türkiyə ilə əlaqəli lobbi təşkilatları ilə işləyən (N.Pelosi daxil) parlament üzvlərinin adları “Barbour, Griffith & Rogers Group” şirkətinin hesabatında dərc edilmişdir.

Səfər həmçinin ABŞ-dakı erməni seçicilərinin demokratlar partiyasının ətrafında konsolidasiyasını hədəfləyir. Tarixən Ağ Evə sahib partiya növbəti ara seçkilərində adətən məğlub olur. Hal-hazırda prezident C.Baydenin reytinqləri 50%-dən aşağıdır. Ekspertlər demokratlar partiyasının ara seçkilərdə bir və hətta iki palatanı itirə biləcəyini proqnoz edirlər. Seçkilərdə respublikaçılar partiyasının qələbəsi ermənilərin demokratlar partiyasının nəzarəti altında olan və Ermənistana xoş münasibət bəsləyən Ağ Ev və Konqres haqqında xəyallarını tezliklə dağıda bilər.

@cssc_cqtm
👍44
Amerikanın Cənubi Qafqaz strategiyası I hissə

Bəyənin və paylaşın

Daha ətraflı: https://www.youtube.com/watch?v=7NZ8s_lhIAo
👍10
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən “Diqqət Mərkəzi” verilişində “Rusiya Ermənistanı cəzalandıracaqmı?” mövzusu ətrafında müzakirələrdə iştirak edib.

Daha ətraflı: https://www.youtube.com/watch?v=DEzEhztrRY4
👍8
ABŞ-da aralıq seçkiləri: ümumi mənzərə

I hissə

Aralıq seçkilərində (midterm elections) Konqresin 435 üzvü, Senatın 1/3 hissəsi, bir çox ştatların qubernatorları və qanunverici orqanının üzvləri və şəhər merləri seçilir. ABŞ-da konqresmen və senatorların prezident və ya partiyaya loyallığı başqa ölkələrdə olduğu qədər yüksək deyil. Adətən Konqres liderləri və ya Prezident partiya üzvlərinin dəstəyini təmin etmək üçün onlarla şəxsən görüşməli olur. Konqresin palatalarına nəzarət siyasi gündəliyə nəzarət deməkdir. Nəzarət həm də qalibə Konqresin daimi və xüsusi komitə sədrlərini seçmək hüququnu verir.

Aşağı Palatada hər bir ştata ən azından bir yer zəmanət verildiyi halda digər yerlər 10 ildən bir keçirilən əhalinin siyahıya alınmasının nəticələrinə uyğun müəyyənləşdirilir. Praktikada bu ona gətirir ki, az əhalili Alyaska 1 yerlə, ən çox əhalisi olan Kaliforniya isə 53 yerlə təmsil olunur. Senat ştatların bərabərlik prinsipinə əsaslandığına görə həm Alyaska, həm Kaliforniya Yuxarı Palatada 2 senatorla təmsil olunur. Seçkilər əksər ştatlarda birmandatlı dairələr sisteminə əsaslanıb, ən çox səs toplayan şəxsin qalib olmasını nəzərdə tutur. Cəmi 11 ştatda qalib gəlmək üçün sadə səs çoxluğu kifayət etmir və əlavə seçki turlarının keçirilməsi tələb olunur.

Müşahidələrə görə növbəti aralıq seçkilər çox gərgin keçəcəkdir. Bayden Trampı “demokratiyaya təhdid”, radikal baxışlı respublikaçıları “yarı-faşist”, Tramp isə Baydeni “dövlətin düşməni” adlandırır. “Gallup” mərkəzinin iyun sorğusuna əsasən, qeydiyyatdan keçmiş seçicilərin cəmi 53%-i Konqresdə onları təmsil edən nümayəndənin yenidən seçilməyə layiq olduğunu deyir. 41% seçici yeni namizədin seçilməsini vacib sayır. Tarixən, Ağ Evdə prezidentlik edən təmsilçinin partiyası ara seçkilərdə adətən məğlub olur. Məğlub olma ehtimalı ilk prezidentlik müddətində prezidentin cəmiyyətdə dəstəyinin 50%-dən az olması şəraitində daha da yüksəlir. May sorğusuna əsasən, amerikalıların 41%-i Baydenin, 18%-i isə Konqresin fəaliyyətindən razıdır. İyun sorğusunda cəmi 33% respondet Baydenin yenidən seçilməyə layiq olduğunu bildirmiş, 31% seçici isə ümumiyyətlə ara seçkilərində səslərini “Baydenin əleyhinə” verəcəklərini bildirmişdir.

“Pew Research”-in avqust araşdırması iqtisadiyyatın (77%) aralıq seçkilərə təsir edən aparıcı faktor olduğunu müəyyən etdi. İqtisadiyyatın ardınca seçiciləri silahlara nəzarət (62%), cinayətkarlıq (60%), abortlar (56%), enerji siyasəti (53%) və xarici siyasət (45%) problemləri maraqlandırır. Sıralamada partiya mənsubiyyəti aparıcı faktordır: respublikaçılar üçün mühüm problemlər iqtisadiyyat (90%), cinayətkarlıq (69%), miqrasiya (66%), xarici siyasət (54%), silahlara nəzarət (52%), təhsil (52%) və enerji siyasəti (51%) olduğu halda, demokratlar səhiyyəni (77%), silahlara nəzarəti (71%), abortları (71%), iqtisadiyyatı (67%), iqlimi (66%), təhsili (64%), enerji siyasətini (56%), etnik-irqi problemləri (54%) və kriminalı (52%) əsas problem hesab edirlər.

Partiyalar fərqli seçki siyasəti aparırlar. Respublikaçılar Trampın populyarlığından, Baydenin isə aşağı reytinqlərindən istifadə edərək, imkan daxilində hər iki palataya sahib olmaq istəyirlər. Demokratların siyasəti daha qəlizdir. Aşağı reytinqlər onları təhlükəli 2012-ci təcrübəsinə qayıtmağa məcbur edir. Hazırda demokratlar Pensilvaniya ştatında ultra-sağ baxışlı D.Matrianonun, Arizona ştatında isə K.Leykin qubernator vəzifəsinə namizədliyini dəstəkləyirlər. İllinoys ştatında demokrat-qubernatorlar assosiasiyası respublikaçı namizədin reklamına $35 milyon, Miçiqanda isə $435 min xərcləyiblər. Demokratlar ümid edirlər ki, qərarsız seçicilər və mülayim respublikaçılar radikallara səs verməkdən çəkinib, demokrat namizədə səs verməyə üstünlük verəcəklər.

Bu seçkilərin nəticələri hazırkı administrasiyanın dayanıqlı, ardıcıl və müxalifətin təzyiqi olmadan xarici siyasət yeridə bilmə imkanlarına birbaşa təsir edəcək. Ona görə də bütün dünya dərin qütbləşmiş hazırkı ABŞ reallığında bu seçkilərin nəticələrini diqqət mərkəzində saxlayır.

@cssc_cqtm
👍8
ABŞ-da aralıq seçkiləri: ermənipərəst qrupun mövqeləri

II hissə (I hissə)

Qarşıdan gələn Konqres seçkiləri təkcə ABŞ üçün deyil, o cümlədən Cənubi Qafqaz regionu üçün mühüm əhəmiyyət kəsb edir. Seçkilərin region üçün vacibliyi erməni diasporunun əsas gücünün məhz Konqresdə cəmlənməsi ilə şərtlənir. Hazırda Konqresdəki erməni qrupu 4 həmsədr, (Q.Bilirakis, F. Pallone, C. Şpeyer, D. Valadao) bir vitse-sədr (Adam Şif) və Konqresin (NP) sədri N. Pelosi daxil 124 üzvdən ibarətdir. 535 üzvdən ibarət Konqresin 123 üzvünün (N. Pelosi xaric) erməni qrupuna aid olması ABŞ parlamentinin təxminən ¼ hissəsinin ermənipərəst deputatlardan ibarət olması deməkdir.

Konqresmen və senatorların erməni qrupuna üzvlüyü siyasi səbəblərdən şəxsi motivlərə qədər fərqli amillərlə şərtlənir. Əksər ştatlarda seçkilər birmandatlı dairələr sisteminə əsaslanıb, ən çox səs toplayan şəxsin qalib olmasını nəzərdə tutur. Konqresdə ştatlar üzrə bölgü əhali prinsipinə əsaslandığına görə ən çox əhalili Kaliforniya ştatı 53 nümayəndə ilə təmsil olunur. Bildiyimiz kimi, Kaliforniya ABŞ-da ermənilərin ən çox sayda yaşadığı və güclü olduğu ştatdır. Kaliforniyadan başqa ermənilər Massaçusets, Nyu-York, Nyu-Cersi və Florida ştatlarında da kompakt yaşayırlar. Erməni qrupunun 2 həmsədri (C. Şpeyer və D.Valadao) və vitse-sədri (A. Şif) Konqresdə Kaliforniya ştatını təmsil edirlər. Digər iki sədr, Q. Bilirakis və F. Pallone isə ermənilərin kompakt yaşadıqları Florida və Nyu-Cersi ştatlarını təmsil edirlər. Konqres və Senatın xarici əlaqə komitələrinin sədrləri Q. Miks və R. Menendez də erməni qrupunun üzvləri olub, Konqresdə ermənilərin kompakt yaşadıqları Nyu-York və Nyu-Cersi ştatlarını təmsil edirlər. Ekspertlərin müşahidələrinə əsasən seçki dairəsini və ştatı Konqresdə layiqincə təmsil edən konqresmen və senatorun yeni seçkilərdə seçilmə şansları 90% təşkil edir. Bu səbəbdən adı çəkilən şəxslər Ermənistan gündəliyini hətta ABŞ-ın milli maraqlarına zidd olsa belə irəli çəkməyə çalışırlar.

Konqresmen və senatorların ermənipərəstliyində şəxsi motivlər də böyük rol oynayır. Məsələn, R. Menendezin həyat yoldaşı etnik erməni və erməni diasporunun aktiv üzvlərindəndir. C. Şpeyerin anası 1915-ci il hadisələrindən sonra ABŞ-a köç etmiş erməni immiqrantıdır.

Demoqrafiya və şəxsi motivlər erməni qrupu ilə qarşılıqlı əlaqələrin əsasında dayanır. Nümayəndənin seçildiyi seçki dairəsində erməni seçicilərinin sayı nə qədər çoxdursa bir o qədər də erməni gündəliyi daha aktiv müdafiə ediləcəkdir.

Təsadüfi deyildir ki, erməni seçicilərin çox olduğu dairələri təmsil edən nümayəndələr ermənipərəst aktların (“Erməni Soyqırımı təhsil aktı”, erməni hərbçilərinin azad edilməsi qətnaməsi, dövlət büdcəsində Ermənistana yardım aktları) leyhinə səs verirlər. Belə dairələrdən olan nümayəndələr Azərbaycan və Türkiyəyə qarşı aktların da (Türkiyəyə dron texnologiyalarının ötürülməməsi, F-16 qırıcılarının satılmaması) leyhinə həvəslə səs verirlər. Nümayəndənin seçildiyi dairədə erməni seçicilərin az olması erməni gündəliyinin irəli çəkilmə aktivliyinə də təsir göstərir. Məsələn, Konqresdə xarici əlaqələr komitəsinin sədri Q. Miks Ermənistana yardım aktlarının leyhinə səs versə də Türkiyə-ABŞ hərbi əməkdaşlığına xələl gətirə biləcək aktları dəstəkləməmişdir. Konqresin maliyyə xidmətləri və büdcə komitələrinin sədrləri M. Voters və C. Yarmut, habelə Senatın Silahlı Xidmət Komitəsinin sədri C. Rid isə ümumiyyətlə ANCA tərəfindən Azərbaycan və Türkiyə lobbisi ilə əməkdaşlıqda ittiham edilir.

117-ci Konqresdə ermənilərin mövqeləri olduqca güclüdür. Konqresin xarici əlaqələr komitəsinin (Q. Miks), kəşfiyyat üzrə xüsusi komitəsinin (A. Şif) və Senatın xarici əlaqələr komitəsinin (R. Menendez) sədrləri erməni qrupunun üzvləridir.

Ekspertlərin əksəriyyəti demokratlar partiyasının növbəti aralıq seçkilərində Konqresi itirə biləcəyini proqnozlaşdırır. Demokratların aralıq seçkilərdə məğlub olması adı çəkilən komitə sədrlərinin öz vəzifələrini itirməsinə və erməni diasporunun ABŞ xarici siyasətinə təsirinin zəifləməsinə gətirib çıxara bilər.


@cssc_cqtm
👍16
Nəqliyyat dəhlizləri    IV hissə

Şərq-Qərb dəhlizi-potensial imkanlar


2022-ci ilin ilk 7 ayı ərzində ölkəmizin ərazisindən keçən Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizi ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə 18 min 787 TEU konteyner daşınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 57% çoxdur.

Ətrafda nə baş verir?

Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dünya okeanına çıxışının olmaması  mövcud dəhlizlərin şaxələndirilməsini hər zaman aktual edib. Özbəkistanın təşəbbüskarı olduğu “Asiya-Sakit okean ölkələri-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa” beynəlxalq multimodal nəqliyyat marşrutu 2019-cu ildə yaradılıb. Hazırda dəhliz vasitəsilə Çinin Kaşqar şəhərindən Qırğızıstan-Özbəkistan sərhəddinə qədər avtomobil yolları, Özbəkistan və Türkmənistanda dəmiryolları, Türkmənistan-Azərbaycan hissəsində Xəzər üzərindən bərələrlə və daha sonra Bakı-Tblisi-Qars dəmiryolu və Gürcüstan limanlarıyla Avropaya yüklər daşınır.

Bu marşrut üzrə daşımaların həcmi 2022-ci ilin ilk 7 ayında 5% artıb. Belə ki,  bu marşrutla 2022-ci ilin ilk 7 ayı ərzində 9 min 389 TEU, 2021-ci ilin ilk 7 ayında isə 8 min 950 TEU olub konteyner daşınıb. Ümumulikdə, 2021-ci ildə daşınan yüklərin həcmi 12 min 203 TEU olub. Marşrut yeni olsa da konteyner daşımalarında artan dinamikanı müşahidə edilir. Marşurt çərçivəsində Multimodallığı minimalaşdırmaq  üçün  Çin-Qırğızıstan-Özbəkistan arasında dəmiryolu layihəsi üzərində işlər gedir.

Özbəkistan-Qırğızıstan-Çin marşrutu

Karasu-Kürşab-Torugart-Kaşqar dəmir yolu layihəsi artıq 30 ildir ki, müzakirə olunur. Bu dəmir yolun ümumi uzunluğu 268,4 km olmalıdır. Layihəyə 48 tunel, 95 körpü, 5 piyada və 4 dəmir yolu stansiyasının tikilməsi də daxildir. Planlaşdırılan yük dövriyyəsi ildə 15 milyon tondur. Yol dəniz səviyyəsindən 2000-3600 metr yüksəklikdən, çox sayda çaydan və dağ silsiləsindən keçməlidir. Layihə 2010-cu illərin əvvəlində təxminən 7 milyard dollar məbləğində dəyərləndirildi.

Özbəkistan-Əfqanıstan-Pakistan-Məzari-Şərif-Kabul-Pişəvar dəmir yolu

Özbəkistan-Əfqanıstan-Pakistan-Məzari-Şərif-Kabul-Pişəvar dəmir yolunun tikintisi layihəsi isə  Mərkəzi Asiya ölkələrinə Hind okeanı sahilində yerləşən Karaçi limanına çıxış imkanı yaradır. Özbəkistan mütəxəssislərinin ilkin hesablamalarına görə, Məzari-Şərif-Pişəvər xətti 760 km uzunluğunda Pakistana çəkiləcəkdir. Layihənin smeta dəyəri təxminən 4,6 milyard ABŞ dolları, icra müddəti 5 ildir. Ehtimal olunur ki, yeni xəttin istifadəyə verilməsi yüklərin daşınması vaxtını və xərclərini təxminən 30-40% azaldacaqdır. İlk illərdə təxmini daşıma həcmləri 3 milyon tonu, 2030-cu ilə qədər isə 15 milyon tonu keçə bilər.

Azərbaycan və bölgə ölkələri üçün Fars körfəzinə alternativ çıxışı təmin edən layihə

Kürdüstan bölgəsi və İraq dəmir yolu tikintisi üçün Türkiyə ilə danışıqlar aparır. Ankara ilə İraq-Kürdüstan bölgəsini birləşdirən beynəlxalq dəmir yolunun tikintisi üçün müqavilə layihəsi hazırlanmaqdadır. İraq hökumətinin artıq beynəlxalq dəmir yolu üçün İtaliya şirkəti ilə müqavilə bağladığını bildirilir. Kürdüstan bölgəsində dəmir yolu sisteminin qurulması planları hələ yenidir. İraqda dəmir yolu şəbəkəsini canlandırmaq planı son bir neçə ildə mərhələli şəkildə həyata keçirilir. 2018-ci ildə Fəllucə-Bağdad dəmir yolu xətti tamamlandı.

Qeyd edilən layihələri nəzərə aldıqda Zəngəzur dəhlizinin bölgədə aktuallığı artır. Həm Şərq-Qərb, həm Şimal-Cənub, həm də Cənub-Qərb istiqamətləri üzrə tranzit yükdaşıma imkanları yaranmış olur. Zəngəzur dəhlizi Mərkəzi Asiya ölkələri üçün Aralıq dənizdəki Mersin limanına ən qısa yoldur. Həmçinin, Türkiyənin Qara dənizdə yerləşən Trabzon və Rize limanlarına çıxış imkanları yaradır.

Avropa və Asiya Marmaradan sonra 3-cü Boğaz körpüsü üzərindən dəmir yolu ilə bir-birinə bağlanacaq. Türkiyə növbəti 30 illik dəmiryol strategiyasında Kapıkulle Bolqarıstan sərhədindən Kars Gürcüstan sərhədinə qədər səfər müddətini 12 saata çatdırmağı hədəfləyir (hazırda Ankara -Kars arası səfər müddəti 25 saatdır).

@cssc_cqtm
👍10
Rusiya Ukraynada müharibəni bitirə biləcəkmi?

Rusiya tərəfindən Ukraynanın işğal edilmiş ərazilərində 23-27 sentyabr tarixlərində Rusiyanın tərkibinə daxil olma haqqında referendumlar keçiriləcəyi elan edildi. Rusiyanın Xarkov cəbhəsinin iflasından sonra Rusiya tərəfindən referendum mövzusunun aktuallaşdırılması, nüvə şantajının yenidən işə salınması və səfərbərliyin elan edilməsi Moskvanın müharibəni yaxın gələcəkdə bitirməkdə maraqlı olduğunu göstərir. Bunun bir neçə səbəbi vardır:

İqtisadi dayanıqlıqda problemlər

Sentyabrın əvvəlində G7 ölkələri Rusiya neftinin tədarükündə qiymət həddinin müəyyən edilməsi ilə bağlı razılığa gəldilər. Qiymət həddi xam neft üçün 2022-ci il 5 dekabr, neft məhsulları üçün isə 2023-cü il 5 fevral tarixində qüvvəyə minə bilər. Bu tarixlərdə Aİ-nin Rusiyadan xam neft və bəzi neft məhsullarının idxalı və tranziti ilə bağlı embarqosu da qüvvəyə minəcəkdir. Bundan başqa, hazırda ABŞ-da Rusiyadan neft, qaz və kömür alan xarici müəssisələrə qarşı ikinci dərəcəli sanksiyaları hazırlayırlar. Rusiyanın enerji və ərzaq böhranlarını təzyiq vasitəsi kimi istifadə etmək cəhdləri Qərb liderlərinə daha çox anti-Rusiya qərarları verməyə maneə törətmir.  

Sanksiyaların genişlənməsi

Referendum xəbərinə Qərb ölkələri Ukraynanın ərazi bütövlüyünə dəstək bəyanatları və Rusiyaya qarşı yeni sanksiya hədələri ilə cavab verdilər. Planlaşdırılan sanksiyalar referendumun təşkilində birbaşa iştirak edən şəxslərə şamil olunacaq və Donbas regionunun maliyyələşməsini, onunla iqtisadi münasibətlərin qurulmasını qadağan edəcəkdir. Referendum xəbərinə Rusiyanın fond bazarı müharibə başlayandan bəri ən güclü çöküş ilə cavab verdi. Sentyabrın 20-də Moskva birjası 10,7%, RTS isə 10,5% geriləmə nümayiş etdirirdi. Sberbankın səhmləri 5,35%, Lukoylun 9%, Qazpromun 8%, Yandeksin 8,9%, Nornikel isə 2% dəyər itirdi. Eyni gündə Rusiyanın Aİİ üzrə müttəfiqi Ermənistan “Mir” kartlarının xidmətinə xitam verdi. Ermənistana qədər “Mir” kartlarından Türkiyənin nəhəng bankları və Qazaxıstan imtina etmişdi.

Cəbhədə itkilərin hissolunan səviyyəyə çatması

Referendumun ardınca Rusiya ölkə üzrə qismən səfərbərlik elan etdi. Qismən səfərbərlik sentyabrda elan olunsa da, ona hazırlıq may ayından gedirdi. Hərbi komissarlıqlar ehtiyatda olan hərbçiləri “hərbi qeydiyyat”, “yaşayış yerinin və qeydiyyat yerinin təsdiqi” və ya “səfərbərlik əmrinin çatdırılması” səbəbləri ilə toplayırdılar. Müdafiə naziri S. Şoyquya əsasən 300 min nəfər çağırılacaqdır. Səfərbərliklə yanaşı, parlament fərarilik, səfərbərlikdən yayınma, düşmənə təslim olma maddələri üzrə nəzərdə tutulan cəzaları ağırlaşdırdı. Səfərbərlik elanından sonra Rusiyadan digər ölkələrə təyyarə biletləri tez bir zamanda satıldı. Digər tarixlərə olan biletlərin qiyməti isə bir neçə saat ərzində dəfələrlə artdı.

Nüvə çətirinin işə salınması

Rusiya müharibədə qələbə qazanmağı iki yolla nəzərdən keçirir. Birinci yol səfərbərliyin elan edilməsi, ikinci yol isə işğal olunmuş ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi. Ukrayna ordusunun gözlənilən hücumunu nəzərə alaraq Rusiya referendum keçirməklə “DNR”, “LNR”, Xerson və Zaporojye vilayətlərini nüvə çətirinin altına salmağı hədəfləyir. Nüvə silahının istifadəsinin mümkünlüyünü Putinin son çıxışında da qeyd etdi. Əsas məsələ bu zərbənin hardan endirilməsidir, çünki Qərbin cavab zərbəsi həmin əraziyə endiriləcəkdir.

Rusiya və Belarusiya prezidentlərinin görüşündə belə razılıq əldə olunmuşdur ki, Belarusiya ərazisinə nüvəbaşlıqlı raketlər yerləşdirilə bilər. Bunu nəzərə alan Minsk öz ərazisindən Ukraynaya taktiki nüvə zərbəsinin endirilməsinə icazə verməyəcəkdir. Lakin, Kreml Minskin etiraz və qadağalarına məhəl qoymayıb, zərbənin endirilməsi haqqında birtərəfli qərar da qəbul edə bilər.

Müharibənin bitməsini Rusiya lideri ilə yanaşı Hindistan və Çin liderləri də istəyirlər. Eyni zamanda, ölkə daxilində hakimiyyətin dayanıqlığı üçün təhlükə mövcuddur. Elan olunan səfərbərlik Rusiyada hakimiyyətin mövqelərini zəyiflədə, elitalar arasında mərkəzdən qaçma tendensiyalarını sürətləndirə bilər.

@cssc_cqtm
👍35👎1