CSSC Baku – Telegram
CSSC Baku
3.07K subscribers
12 photos
2 videos
201 links
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) Azərbaycanda, Bakıda yerləşən, Cənubi Qafqazda və onun qonşuluğunda siyasi və iqtisadi prosesləri tədqiq edən müstəqil qeyri-hökumət təşkilatıdır. Yayımlanan materiallara istinadın verilməsi vacibdir. www.cssc.az
Download Telegram
Nəqliyyat dəhlizləri

Ümumi baxış I hissə


Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin  kəsişməsində yerləşməsi onun strateji mövqeyini möhkəmləndirir. Tarixi İpək Yolunun Azərbaycan ərazisindən keçməsi bölgəmizdə nəqliyyat yollarının formalaşmasına təsir etmiş və tariximizdə izlər buraxmışdır. XIX əsrin ikinci yarısı Azərbaycan nəqliyyatında intibah dövrü olmuşdur.

Nəqliyyat potensialı:

Dəniz nəqliyyatı.


Qeydiyyatda olan gəmilər,kater və.s  sayı 367 ədəddir. Hazırda fəaliyyətdə olan liman və təşkilatlar:

• Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (Ələtdə)

• Zığ Quru Yük Dəniz Limanı

• Səngəçal Dəniz Limanı

•  Bakı Hövsan Beynəlxalq Ticarət dəniz Limanı

•  Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi

Avtomobil nəqliyyatı

Hazırda fəaliyətdə olan yolların ümumi uzunluğu 18 min 893 km-dir. Bundan:

• 935,5 km I-ci dərəcəli

• 1283,3 km II-ci dərəcəli

•  5036.7 km III-ci dərəcəli

•  10458.3 km IV-ci dərəcəli

•  1179.2 km V-ci dərəcəli yollardır.

Azərbaycanın işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur rayonlarında 855,2 km maqistral yol və 36.2 km tunel (onların bəziləri qoşadır) inşa edilir.

Boru kəməri nəqliyyatı

Hazırda Neft Kəmərləri İdarəsi 774 min 919 km uzunluğunda müxtəlif diametrli magistral neft kəmərlərini, 11 neft nəqletmə sahəsini, 2 neft təhvili sahəsini, 1 neft ölçmə sahəsini, 1 ixrac neft təhvili sahəsini, Dübəndi Neft Aşırma Bazasında yerləşən 3 magistral nasos stansiyalarını, ümumi həcmi 499 min 900 kubmetr olan çən parklarını istismar edir.

Azərbaycanı dünya okeanlarına  çıxışı olan limanlarla əlaqələndirən boru kəmərləri:


• Bakı-Tbilisi-Ceyhan  neft kəməri

• Bakı-Supsa neft kəməri

• Bakı-Novorosiysk neft kəməri

• Bakı-Tbilisi-Ərzurum qazkKəməri

• Cənub Qaz dəhlizi

Dəmir yol nəqliyyatı

Azərbaycanda dəmir yolunun təməli 1878-ci ildə qoyulmuş və onun inşası 20 yanvar 1880-ci ildə başa çatmışdır. O, uzunluğu 20 km olan Bakı-Sabunçu-Suraxanı dəmir yolundan ibarət olmuşdur. Hazırda ölkədə baş yolların istismar uzunluğu 2 min 133 km-dir ki, onlardan da 803,3 kilometri ikiyollu, 1329,7 km-i isə bir yolludur. Bu yolların ümumi istismar uzunluğunun 1169,17 km-i və ya 54,8%-i elektrikləşdirilib, 964,9 km-i və ya 45,18%-i teplovoz dartısı ilə işləyir. 1527,7 km-i avtomatlaşdırılmış işarəvermə sistemi ilə təchiz edilib.

Müstəqillik qazandıqdan sonra Azərbaycan bir çox beynəlxalq dəhlizlərin iştrakçısı olmuşdur

Traceca


• Orta dəhliz Marşrutu: Çin – Qazaxıstan – Xəzər dənizi – Azərbaycan – Gürcüstan – Türkiyə / Qara dəniz – Avropa

• Şərq Qərb – aşağı dəhliz (Beynəlxalq multimodal marşrut “Asiya-Sakit okean ölkələri ) Marşrut: Çin – Qırğızıstan – Özbəkistan – Türkmənistan – Xəzər dənizi – Azərbaycan – Gürcüstan – Türkiyə / Qara dəniz – Avropa

• Şimal – Cənub Marşrut: Baltik dənizi – Rusiya – Azərbaycan – İran – Hindistan

• Cənub – Qərb Marşrut: Hindistan – Fars körfəzi – İran – Azərbaycan – Gürcüstan – Ukrayna – Avropa

Hava Nəqliyyatı

1910-cu ilin 20 oktyabr tarixində Bakı şəhərinin üzərindən ilk təyyarə uçmuşdur.

Ağır tonajlı hava gəmilərini qəbul etməyə malik hava limanları:

· Bakı Heydər Əliyev adına hava limanı

· Gəncə hava limanı 

· Qəbələ hava limanı 

· Zaqatala hava limanı

· Yevlax hava limanı

· Lənkəran hava limanı 

· Naxçıvan hava limanı

· Füzuli hava limanı

· Zəngilan hava limanı (istifadəyə veriləcək 2022-ci il sentyabr ayında)

· Laçın hava limanı (istifadəyə veriləcək 2022-ci il sentyabr ayında)

Azərbaycan Hava Yolları (AZAL) 25 hava gəmisindən ibarət ən yeni təyyarə parkına malikdir. Həmçinin, qitələr arası hava yükdaşımalarını icra edən 17 hava gəmisi donanmasına və texniki xidməti icra edən şirkətə sahibdir (Silk Way Airlines, Silk Way West Airlines və Silk Way Technics).

Beləliklə, Azərbaycanın göstərilən istiqamətlər üzrə nəqliyyat potensialı mövcuddur və inkişaf etməkdədir. Bu mövzu üzrə yazılacaq gələcək yazılarda Azərbaycanın iştirakı etdiyi və onun təşəbbüsü ilə həyata keçirilən nəqliyyat dəhlizləri, onların potensialı, qarşılarında dayanan maneələr və mövcud imkanlar nəzərdən keçiriləcəkdir.   

Müəllif: Rauf Ağamirzəyev

@cssc_cqtm
👍24
Rusiya və Cənubi Qafqaz (CQ) – I hissə

Cənubi Qafqaz (CQ) imperiya irsinə malik 🇷🇺, 🇹🇷🇮🇷 ilə qonşudur. Hazırda Rusiya CQ-da 🇹🇷, 🇮🇷 yanaşı 🇺🇸 və Aİ ilə də rəqabət aparır. SSRİ dağıldıqdan sonra, Rusiyada CQ postsovet məkanının bir hissəsi kimi qəbul olunur. Təsadüfi deyildir ki, postsovet ölkələri ilə münasibətləri XİN ilə yanaşı RF Prezident Administrasiyası da tənzimləyir.

1990-cı illərdə Rusiya CQ-ı arxa plana qoyaraq, Qərblə münasibətlərə üstünlük verdi. Regional münaqişələr dondurulmuş vəziyyətdə qaldı və vasitəçiliyə baxmayaraq, tənzimlənmə prosesində irəliləyiş olmadı.

V.Putinin hakimiyyətə gəlməsi ilə postsovet məkanı ön plana çıxdı. V.Putin 2005-ci il çıxışında SSRİ-nin parçalanmasını “əsrin geosiyasi faciəsi” adlandırdı. Rusiyanın 1995-2021-ci il aralığında qəbul edilmiş bütün strateji sənədlərində postsovet məkanı “həyati maraqlara cavab verən”, Rusiyada mərkəzdənqaçma tendensiyalarını qabaqlayan, Rusiyanın hərbi təhlükəsizliyini təmin edən məkan kimi nəzərdən keçirilir. Sənədlərin əksəriyyətində postsovet məkanı ilə münasibətlər Çin, Hindistan, BRİCS, RİC, ŞƏT, Aİ, ABŞ və s. kimi aktorlarla münasibətlərdən yüksəkdə durur.

Regionun əhəmiyyətinə, Moskvanın isə səylərinə rəğmən, CQ ölkələri ilə münasibətlər eyni şəkildə inkişaf etmir. Postsovet məkanına aid olan klassifikasiya CQ regionunda özünü belə göstərir:

Maksimalist gözləntilər - Ermənistan. (Burada Aİİ və KTMT-yə üzvlük səciyəvi xüsusiyyətlərdir - 🇰🇿, 🇧🇾, 🇹🇯, 🇰🇬, 🇦🇲). Gümrüdə Rusiyanın 102-ci hərbi hissəsi, Erebunidə isə HHQ dislokasiya olunub. Rusiya Ermənistanın Türkiyə və İran ilə sərhədlərini və ölkənin hava məkanını qoruyur. 2007-ci ildə İran-Ermənistan qaz kəməri istismara verilənə qədər Ermənistanın 100% qaz təminatçısı Rusiya idi. “ArmQosqazprom” şirkətinin 80% səhmləri Qazproma, Metsamor AES-i “İnter RAO ASC”-yə, “Ermənistan Elektrik Şəbəkəsi” isə erməni əsilli rusiyalı milyarder Samvel Karapetyana məxsusdur. Ermənistan dəmir yolları Rusiyanın “Cənubi Qafqaz Dəmir Yolları QSC”-sinə 2038 ilə qədər konsessiyaya verilib. Ermənistandakı 3 mobil operatordan ikisi Rusiya şirkətlərinə, nüfuzlu “AreksimBank” isə “Qazprombank”a məxsusdur. Rusiya Ermənistanın ən böyük ticarət tərəfdaşı və dövlət borcunun əsas sahiblərindən biridir.

Minimalist gözləntilər – Azərbaycan (Aİİ və KTMT-yə üzv olmasalar da, NATO və Aİ-yə üzvlük kimi məqsədləri yoxdur, individual müttəfiqlik formatı – 🇦🇿, 🇺🇿). Bakı Rusiya ilə praqmatik siyasət aparır. Azərbaycanın proqnozlaşdırılan siyasəti Putinin dövründə RF tərəfindən adekvat qarşılandı. Rusiyanın Yeltsin dövründəki qatı ermənipərəst mövqeyi praqmatik siyasətlə əvəzləndi. Azərbaycanın xarici siyasətdə atdığı addımlar Rusiyanın mövqeyi ilə uzlaşmasa da, bu addımlar Rusiyanın təhlükəsizliyi üçün təhdid xarakteri daşımır.

Təhdid məkanı – Gürcüstan (bu qrupa NATO və Aİ üzv olmaq niyyətini bəyan edən ölkələr daxildir – 🇺🇦, 🇲🇩 ,🇬🇪). Bu ölkələrin ərazisinin Rusiyaya qarşı istifadəsi və orada hərbi infrastrukturun yerləşdirilməsi təhdid kimi qiymətləndirilir. Gürcüstanda Saakaşvilinin hakimiyyətə gəlməsi NATO və Aİ ilə münasibətləri aktuallaşdırdı. 2007-ci ildə Gürcüstanın Abxaziya və Cənubi Osetiyadan başqa digər ərazilərindən Rusiya hərbi bazaları çıxarıldı. “Beş günlük müharibə” separatçı ərazilərin müstəqilliyinin Rusiya tərəfindən tanınması ilə nəticələndi. İvanaşvilinin qələbəsi əlaqələri qismən bərpa etsə də, Qərb vektorundan imtinaya gətirmədi. Tbilisi Aİ ilə assosiasiya sazişi imzaladı, NATO-dan 2014-cü ildə “gücləndirilmiş əməkdaşlıq” paketi əldə etdi.

Rusiyanın yumşaq gücünün (iqtisadi və humanitar) effektivliyinin zəif olması Rusiyaya CQ ölkələri ilə əlaqələr qurmasına mane olur. Buna görə də Rusiya CQ ölkələrinin daxili siyasətlərinə müdaxiləyə cəhdlər edərək onların xarici siyasətlərini öz maraqlarına uyğun şəkildə korrektə etməyə çalışır.

Belə müdaxilələrin uğursuzluqla nəticələnməsi Rusiyanı daha praqmatik olmağa məcbur edir. İkinci Qarabağ müharibəsindən sonra Rusiya CQ-da Qərbin iştirakı olmadan regional ölkələr hesabına yeni balans formalaşdırmaqda maraqlıdır.

@cssc_cqtm
👍31
Nəqliyyat dəhlizləri

II hissə

Şərq-Qərb (Ş-Q) dəhlizi


Şərq-Qərb dəhlizi üzrə Azərbaycan bir çox beynəlxalq marşrutlara qoşulmuşdur:

TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi)

Orta dəhliz  (Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu)

Asiya-Sakit okean ölkələri  beynəlxalq multimodal marşrutu (Çin–Qırğızıstan–Özbəkistan – Türkmənistan – Xəzər dənizi – Azərbaycan –Gürcüstan – Türkiyə / Qara dəniz – Avropa)

Xəzər dənizi – Qara dəniz beynəlxalq nəqliyyat marşrutu (Türkmənistan, Azərbaycan, Gürcüstan, Rumınya)

Lapis-Lazuli (Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə və ya Lazurit)

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Dəhlizi (CAREC)

Ermənistan 25 ildən artıq müddət ərzində Azərbaycanın ərazilərini işğalda saxladığından Ermənistandan keçən Ş-Q vektoruna aid olan dəmir yolları və avtomagistrallar bağlı qalmışdı. 

Ş-Q dəmir yolları

2017-ci il oktyabrın 30-da istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu (BTQ) Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrini birləşdirərək qədim İpək Yolunu polad magistrallar üzərində bərpa etdi. Uzunluğu 850 kilometr olan BTQ xəttinin 504 km-i Azərbaycanın, 263 km-i Gürcüstanın, 79 km-i isə Türkiyənin ərazisindən keçir.

BTQ dəmir yolu Çindən Avropaya yüklərin çatdırılması müddətini dəniz daşımalarına nisbətən iki dəfə azaldır. BTQ vasitəsilə 1-ci mərhələdə 5 mln ton, 2-ci mərhələdə 17 mln ton, sonra isə daha çox yüklün daşınması nəzərdə tutulur. BTQ Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın, həmçinin, Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır, onların ticarət əlaqələrinin inkişafında və digər regionlara inteqrasiyasında mühüm rol oynayır.

Hazırda Ş-Q çərçivəsində qərb istiqamətində dəmir yolları modernləşdirilir. Sürəti və buraxıcılığı artırmaq üçün dəhlizin Gürcüstanda 11 avqustda modernləşdirmə layihəsi çərçivəsində işlər aparılıb. Qatarların hərəkəti yeni istiqamətə keçirilib, 4 yeni sahə, 11 tunel və 3 körpü istifadəyə verilib. Əsas tranzit magistralı Tbilisi-Batumi dəmir yolunun modernləşdirilməsi çərçivəsində 8,5 km uzunluğunda ən uzun tunelin çəkilib. Layihəyə həm də uzunluğu 450 km olan Tbilisi-Batumi avtomobil yolunun müəyyən hissələrinin yenidən qurulması da daxildir.

Dəhlizin sürətini artıran və məsafəni qısaldan digər layihələr:

Qazaxstanın şərq və qərbi arasında məsafəni 1000 km qısaldan Jeskazqan-Beyneu dəmir yolu layihəsi.

İstanbulda, Bosfor boğazının altında inşa edilən Marmaray tuneli. Avropa və Asiyanı dəmir yolu ilə kəsintisiz əlaqələndirir.

Bakıda və Kurikda yeni dəniz ticarət limanları istifadəyə verilib.

44 Günlük Müharibə işğala son qoymaqla regionda yeni reallıq  yaratmış və Zəngəzur dəhlizi aktuallaşmışdır. Rusiyaya qarşı sanksiyalar görə ənənəvi ticarət yolları bağlanmış və istehlak zənciri pozulmuşdur. Ona görə diqqət Cənubdan keçən alternativ yollara yönəlmişdir. Azərbaycan, Gürcüstan və Türkiyə ərazisində görülən təkmilləşdirmə işləri bitmədiyindən mövcud infrastrukturda sıxlıq yaranıb. Bu da regionda mövcud olan dəhlizlərin şaxələndirilməsini, buraxıcılıq qabiliyyətinin artırılmasını, sərhəd, gömrük prosedurların asanlaşdırılmasını labud edir. Artıq aprel ayında orta koridroun inkişafı üçün birgə müəsisiənin yaradılması razılaşdırılıb.

Məsələn, Türkiyənin cəmi 800 km-lik ikiyollu relsləri var, qalan 13 min km-lik dəmiryolları bir yolludur. Türkiyədən keçən Orta Dəhliz dəmir yolu marşrutu Çin və Avropa arasında ildə 5 min TEU ilə 6 min TEU arasında yük daşıya bilər ki, bu da şimal marşrutunun tutumunun ancaq 1%-ni təşkil edir.

Yeni reallıqlar fonunda daha çox tranzit yükü ötürmək üçün Kurik, Aktau, Ələt, Səngəçal limanlarında genişləndirmə işlərinin aparılmasına və Gürcüstanın dərin sulu Anakliya limanın inşasına ehtiyac vardır. Həmçinin, Bakı gəmiqayırma zavodunda fərqli yüklərin daşınmasını təmin etmək üçün yeni gəmilərin (tanker,ro-pax,ro-ro) istehsalı təşkil edilməlidir. Region ölkələri Ş-Q dəhlizini şaxələndirmək, cəlbediciliyini və effektivliyini artırmaq üçün Zəngəzur dəhlizinin potensialından maksimum istifadə etməlidirlər.

@cssc_cqtm
👍21
Avqustun 31-də İctimai TV-nin efirində gedən Diqqət Mərkəzi verilişində Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmmədov sonuncu Brüssel görüşü haqqında müzakirələrə qoşulub. Müzakirələrdə həm də Milli Məclisin deputatları Rasim Musabəyov, Erkin Qədirli və Aydın Mirzəzadə iştirak ediblər.

Daha ətraflı: https://www.youtube.com/watch?v=JNON_MRrNeQ&t=2179s
👍3
Qarabağın erməni əhalisinin vətəndaşlıq dilleması
I Hissə
 
1988-ci ildə Ermənistan-Azərbaycan münaqişəsinin başlaması ilə faktiki olaraq iki ölkə arasında məcburi əhali mübadiləsi baş verdi. Ermənistan SSR-də yaşayan azərbaycanlılar öz torpaqlarından qovulandan sonra əsasən Azərbaycanda vətəndaşlıq aldılar. Azərbaycanı tərk edən ermənilər isə Ermənistanda və digər ölkələrdə vətəndaşlıq aldılar.
 
Qarabağ erməniləri üçün isə bu proses başqa istiqamətdə inkişaf etdi. Onlar həm Ermənistan vətəndaşlarına çevrildilər, həm də fiziki olaraq Azərbaycan ərazilərində yaşamağa davam etdilər. 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti "Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsi" haqqında qərar qəbul etdi. Bu, o zamankı SSRİ-nin daxili qanunvericiliyinə və beynəlxalq hüquqa zidd qərar idi. 10 yanvar 1990-ci ildə SSRİ-nin Ali Sovetinin Rəyasət Heyətinin qərarında qeyd edilirdi ki, Ermənistan SSR-nin Ali Sovetinin həmin qərarı SSRİ Konstitusiyasına ziddir. Amma bu qərar Ermənistanın daxili qanunvericiliyində hələ də hüquqi qüvvəsini saxlayır. Bu qanun təkcə Azərbaycan ərazilərinin bir hissəsinin qanunsuz ilhaqı deyildi, həm də Qarabağın erməni əhalisinin Ermənistan vətəndaşlığına qəbul edilməsinə imkan yaradırdı.
 
Ermənistan Konstitusiyasında bu anneksiya qərarına dolayı yolla istinad edilir. 1989-cu il qərarına 2003-cü ildə Ermənistanın Kassasiya (Ali) Məhkəməsi də istinad edib. Belə ki, 2003-cü ildə bir qrup müxalifətçi məhkəməyə müraciət edərək o zamankı prezident R. Köçəryanın Konstitusiyaya görə prezident postunu tutmaq hüququnun olmadığı iddiası ilə çıxış etmişdi. Konstitusiyaya görə Ermənistan prezidenti olmaq istəyən şəxs 10 il daimi bu ölkədə yaşamalı idi. O zaman məhkəmə 1989-cu il qərarına istinad edərək Dağlıq Qarabağın hüquqi olaraq Ermənistan ərazisi olduğunu göstərmiş və R.Köçəryanın bu tələbi ödədiyini göstərən qərar vermişdi.
 
Hazırda Ermənistanın başqa ölkənin ərazisində qanunsuz yaşayan vətəndaşlarının hüquqları haqqında nəsə tələb etməsi absurddur. Ermənistan Qarabağ ermənilərinin Azərbaycan vətəndaşları kimi hüquqlarını müzakirə etməzdən əvvəl onların Ermənistan vətəndaşları olmadıqlarını sadəcə rəsmi şəxslərin dili ilə bəyan etməməlidir. Bunun üçün ilk növbədə müvafiq formada qanunvericiliyə uyğun 1989-cu il qərarının qüvvədən düşməsi üçün addımlar atılmalı və onun doğurduğu nəticələr, xüsusilə də vətəndaşlıqla bağlı yaranmış uyğunsuzluqlar aradan qaldırılmalıdır.
 
Hadrutdan və Qarabağın digər bölgələrindən olan ermənilər məhz Ermənistanın yeritdiyi bu siyasət nəticəsində bu gün çətin vəziyyətlə üzləşiblər və hüquqi boşluqda qalıblar. Onlar hüquqi baxımdan qaçqın hesab edilə bilməzlər. Çünki, beynəlxalq hüquqda qaçqınlar (refugee) bir ölkənin vətəndaşının digər ölkənin ərazisinə məcburi miqrasiyasıdır. Bu insanlar yuxarıda göstərilən əsasda Ermənistan vətəndaşlığına qəbul ediliblər və hazırda da vətəndaşı olduğu dövlətin ərazisindədirlər. Onlar beynəlxalq hüquqa görə məcburi köçkünlər (İDPs) də hesab edilə bilməzlər. Çünki, məcburi köçkün insanlar ölkənin bir hissəsindən digər hissəsinə məcburi köçənlərdir. Qarabağ isə Ermənistan ərazisi deyil!
 
Hadrut və digər bölgələrdən olan ermənilərin qarşısında hazırda iki seçim durur. Ya sakitcə Ermənistan vətəndaşları kimi həyatlarına davam etmək, ya da qaçqın statusu alaraq Ermənistanda yaşamaq. Lakin, bunun üçün həm Ermənistan vətəndaşı olmadıqlarını, həm də Azərabaycan vətəndaşı olduqlarını sübut etməlidirlər. Əgər onlar Azərbaycan ərazisində öz evlərinə qayıdaraq yaşamaq istəyirlərsə, yenə də Ermənistan və ya digər ölkənin vətəndaşları olmadıqlarını sübut etməlidirlər, çünki Azərbaycan qanunvericiliyi ikili vətəndaşlığı qəbul etmir. Azərbaycanda vətəndaşlıq almaq üçün isə müvafiq qanunvericiliyinə uyğun formada rəsmi müraciət etməlidirlər. Əgər Ermənistan rəhbərliyi bu qrupdan olan insanlara yardım etmək istəyirsə o zaman onların vətəndaşlığını rəsmi şəkildə ləğv edə bilər. Bu halda, həmin insanlar Azərbaycan və ya digər ölkənin vətəndaşlığına qəbul edilənə qədər hüquqi baxımdan vətəndaşlığı olmayan şəxs və ya apatridlər hesab ediləcəklər.
 
@cssc_cqtm
👍24
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktor müavini Fuad Çıraqov REAL TV-nin efirində gedən REAL İntervyu verilişində Avropa İttifaqının sülh təşəbbüsləri və sonuncu Brüssel görüşü haqqında fikirlərini bölüşüb.

Daha ətraflı: https://www.youtube.com/watch?v=lfSmd3iERk4
👍11
Rusiya və Cənubi Qafqaz (CQ) – II hissə

I hissə - https://news.1rj.ru/str/cssc_cqtm/81

Rusiya üçün CQ geosiyasi kontekstdə

Coğrafi cəhətdən CQ-da 🇷🇺, 🇹🇷, 🇮🇷 təmasdadır. Suriya böhranında əsas oyunçular hesab olunan bu ölkələrin rəqabəti və ya əməkdaşlığı CQ-da təsir edir.

CQ Rusiyanın geosiyasi rəqibi olan ABŞ və Aİ-nin enerji təhlükəsizliyi və Mərkəzi Asiyaya (MA) çıxışı baxımından böyük əhəmiyyət kəsb edir. MA ilə birlikdə CQ Rusiyaya təsir etmək üçün əlverişli nöqtələr hesab edilir. Bu səbəbdən Rusiya üçün CQ-da münasib qüvvələr balansının mövcudluğu həyati əhəmiyyət kəsb edir.

Nəhayət, Rusiyanın özü də Qafqaz dövləti hesab olunur, belə ki, Şimali Qafqazda Rusiyanın 7 muxtar respublikası + federal dairələrə daxil iki ərazisi yerləşir.

SSRİ-nin parçalanmasından sonra 30 il ərzində CQ-da qüvvələr balansı Rusiya üçün məqbul idi. Bu dövrdə regionun 3 dövləti (🇦🇿, 🇦🇲, 🇬🇪) qonşu olduğu 3 böyük dövlətlə (🇷🇺, 🇹🇷, 🇮🇷) fərqli səviyyəli münasibətlər qurdu.

Riyazi olaraq regionda formalaşan qüvvələr balansını belə ifadə etmək olar:

Rusiya +2, -1. Ermənistanla müttəfiq (+), Azərbaycanla strateji tərəfdaşlıq (+), Gürcüstanla sıfır münasibətlər (-)
Türkiyə +2, -1. Azərbaycanla müttəfiq (+), Gürcüstanla strateji tərəfdaşlıq (+), Ermənistanla sıfır münasibətlər (-).
İran +3. CQ-ın hər üç ölkəsi ilə diplomatik münasibətlər mövcuddur, lakin, müttəfiq və ya strateji tərəfdaşlıq əlaqələri qurulmayıb.

Rusiya və Türkiyənin hesabında 1 müttəfiq, 1 strateji tərəfdaş və 1 problemli ölkə var. Əsas fərq bundadır ki, Türkiyənin problemli münasibətlərə malik olduğu ölkə (Ermənistan) Rusiyanın müttəfiqi, Rusiyanın problemli münasibətlərə malik olduğu ölkə isə (Gürcüstan) Türkiyənin strateji tərəfdaşıdır.

Belə vəziyyət CQ-ı Rusiya və Türkiyə arasında yeni qarşıdurma məkanına çevirə bilərdi. Lakin, Azərbaycanın Türkiyə ilə müttəfiq, Rusiya ilə isə strateji tərəfdaş olması region üçün zəruri olan stabilliyi formalaşdırır.
II Qarabağ müharibəsi qüvvələr balansını müəyyən qədər dəyişdi:
- Türkiyənin müttəfiqi (🇦🇿) Rusiyanın müttəfiqini (🇦🇲) məğlub edib, öz ərazi bütövlüyünü bərpa etdi;
- Ermənistan və Gürcüstanda hərbi mövcudluğa malik Rusiya, 10 noyabr razılaşmasına uyğun olaraq Azərbaycanda sülhməramlı kontingent yerləşdirdi;
- Regionun qonşuları və CQ ölkələrinin iştirakı ilə 3+3 formatı yaradılmaqdadır. ABŞ və Ai-nin iştirakı olmayan bu format Rusiyanın marağındadır;
- Ermənistan-Türkiyə arasında münasibətlərin normallaşdırılma perspektivləri yarandı.

Perspektivin reallığa çevrilməsi qüvvələr balansının yuxarıdakı riyazi nisbətini dəyişdirə bilər. Yeni şərait Rusiyanın region ölkələri ilə münasibətlərini dəyişməz saxladığı halda, Türkiyənin +3 perspektivi onu regional liderə çevrilməsini tezləşdirəcək. Gürcüstanın 3+3 formatına qatılmaması isə Rusiya üçün +3 vəziyyətinin perspektivini sıfıra endirir.

Postmüharibə dövründə Rusiyanın maraqlarına zidd addımı onun müttəfiqi Ermənistan atdı. Paşinyan Aİ-ni vasitəçi kimi dəvət etdikdən sonra Rusiyanın bir il ərzində inhisarda saxladığı vasitəçilik rolu zəifləməyə başladı. Ermənistan Rusiyanın vasitəçiliyi ilə qəbul edilən qərarları ləngidib, Aİ-nin vasitəçiliyinə üstünlük verir.
2022-ci ilin fevralından isə Rusiya diqqəti və resurslarını Ukraynaya yönəltdi.

Bu şəraitdə Ermənistan Zəngəzur dəhlizində Rusiyaya xüsusi hüquqlar vermək istəmədiyindən kommunikasiyaların açılması Ermənistan-Rusiya münasibətlərində problemə çevrilib. Rusiya regional proseslərdə əvvəlki qədər iştirak edə bilməsə də, üçtərəfli bəyanatın icra edilməsinin və regional kommunikasiyaların açılmasının tərəfdarıdır.
Beləliklə, hazırda resursların məhdudluğu Rusiyaya regionda əsas rol oynamağa imkan vermir. Moskva CQ-da yeni reallıqda öz maraqlarını müəyyənetmə prosesindədir. Onun susqunluğunun da əsas səbəbi budur.

Postmüharibə dövrünün bir paradoksu da ondan ibarətdir ki, CQ-da Rusiya üçün ən proqnozlaşdırıla bilən ölkə Azərbaycandır. Geostrateji perspektivlər və iqtisadi məqsədəuyğunluq Rusiyanı region ölkələrinin və ilk növbədə - Azərbaycanın mövqeyini nəzərə almağa sövq edir.

@cssc_cqtm
👍31
Ermənistanın yarımçıq qalan Şimal-Cənub magistral yolu

Ermənistanın şimalı ilə cənubunu bağlayacaq 566 km uzunluğunda olan Mehri-İrəvan-Bavra magistralının tikintisi həyata keçirmək üçün hazırlanmış “Şimal-cənub koridoru İnvestisya proqramı”-nın 2009-2019-cu illərdə həyata keçirilməsi nəzərdə tutulmuşdu. Layihənin ilkin dəyəri 962 milyon dollar həcmində göstərilsə də sonradan layihəyə edilən dəyişikliklər bu rəqəmin 1.5 milyard dollara çatmasına səbəb oldu. Layihəni maliyyələşdirən təşkilatlara Avropa İnvestisya Bankı, Avrasiya İnvestisya Bankı, Avropa İnkişaf və Yenidənqurma bankı və digərləri aiddir.

Layihənin texniki parametrləri

Bu yolun tikintisinin 5 mərhələdə həyata keçirilməsi planlaşdırılmışdı:

1-ci mərhələ- İrəvan-Aştarak (11.4 km) və İrəvan-Artaşat (19,6 km) yollarının tikintisi.

2-ci mərhələ- Aştarak-Talin (42 km) yolunun tikintisi.

3-cü mərhələ - Talin - Lancik (18.71) və Lancik – Gümrü  (23 km) yollarının tikintisi.

4-cü mərhələ - ümumi uzunluğu 252 km yolun üç mərhələdə tikilməsi:

1) Artaşat-Sisian (160 km) ikinci dərəcəli yolunun, körpü və tunellərin tikintisi.

2) Sisian-Kacaran (60 km) ikinci dərəcəli yolunun, 27 körpünün (4.7 km) və 9 tunelin (12.5 km) tikintisi.

3) Kacaran-Aqarak (32 km) ikinci dərəcəli yolun və Kacaran tunelinin (7 km) tikintisi.

5-ci mərhələ - Gümrü kənar yol və Gümrü-Bavra yollarının (62 km) tikintisi.

Layihənin məqsədi

1) Ermənistanın uzun müddət istifadə edə biləcəyi, sürətli və təhlükəsiz yol infrastrukturun qurulması (bəzi hissələrdə tikilən beton yolun ömrü 30 il nəzərdə tutulub).

2) Ermənistanın Qara dənizdə yerləşən limanlara çıxışını asanlaşdırmaq.

3) Fars Körfəzi-Qara Dəniz nəqliyyat dəhliznin əsas hissələrindən birinə çevrilmək.

4) Ermənistanın şimalından cənubuna daha qısa zamanda gedə bilmək. Hazırkı yol çətin relyefdən keçdiyindən şimaldan cənuba getmək üçün 10 saat tələb olunur. Yeni layihə uğurla başa çatdırılsa hərəkət vaxtı 4-5 saata enə bilər.  

Layihənin hazırkı vəziyyəti

Layihənin icrasının 2009-cu ildə başlaması nəzərdə tutulsa da  tikinti işlərinə 3 il sonra, 2012-ci ildə başlanıldı. Bu gecikməyə görə, Asya İnkişaf Bankı Ermənistanı cərmələdi. Layihənin təsdiqindən 13 il, tikinti işlərinin başlanılmasından isə 10 il keçsə də yolun cəmi 5% -i tikilib. Təhvil verilən hissədə isə yolun keyfiyyəti ilə bağlı problemlər var. İcraçı şirkətlər problemləri aradan qaldırmağa söz versələr də, bu problemlər hələ də qalmaqdadır. İşin icrası zamanı yol verilən pozuntulara və yolun keyfiyyətində olan problemlərə görə icraçı şirkətlər dəfələrlə dəyişdirilib.

2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliydən sonra baş prokurorluq 2009-2018 ci illər ərzində layihənin həyata keçirilməsi zamanı yol verilən pozuntular və pis idarəçilik ucbatından 43 milyon dollar həcmində zərərin olduğunu açıqladı.  Bununla bağlı açılan cinayət işinə görə yüzlərlə şəxsin dindirilməsi həyata keçirilib, həbs olunanlar da var. Onalrın əksəriyyəti icraçı şirkətlərin əməkdaşları olsa da, aralarında keçmiş prezident Serj Sarqsyanın qardaşı Lyova Sarqsyan və keçmiş Nəqliyyat və Kommunikasiyalar naziri Gagik Beglaryanın bir vaxtlar deputat olmuş qardaşı Hakob Beglaryan da var. Lyova Saqsyanın, icraçı şirkətlərdən mənfəətin 50%-ni “otkat” kimi tələb etdiyi bildirilir.

Paşinyan höküməti yolun nə vaxt təhvil veriləcəyini bilmir. Bunun əsas səbəbi işin böyük hissəsinin, yəni 4-cü və 5-ci mərhələlərin həyata keçirilməsi üçün maliyyə mənbələrinin hələ də müəyyən olunmamasıdır. Ermənistan üçün meqa layihə sayılan və inşası 9 ilə nəzərdə tutulan amma hələ çox cüzi bir hissəsinin reallaşdığı  bu layihənin taleyi hələ naməlum olaraq qalır.

@cssc_cqtm 
👍22
Brüssel görüşündən sonra...

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə hazırda iki vasitəçi format mövcuddur: Rusiyanın iştirakı ilə və Ermənistanın dəvəti ilə 2021-ci ilin dekabrından fəaliyyət göstərən Brüssel formatı. Sonuncu Brüssel görüşündən belə nəticəyə gəlmək olar ki, Aİ əvvəlki kimi gündəlikdə duran bütün məsələlərlə deyil, yalnız Rusiyanın tərəf olmadığı məsələlərlə məşğul olmaq istəyir. Rusiya sülhməramlı fəaliyyətə və kommunikasiyalarının açılması məsələlərinə tərəf olduğundan Aİ bu məsələlərdə fəallıq nümayiş etdirmir. Kommunikasiyaların açılmasında Aİ-nın vasitəçiliyinə dekabrda müəyyən ümidlər olsa da, Ermənistan bu istiqamətdə razılığın əldə edilməsini ləngitdi. Azərbaycan isə əksinə, hər iki formatın gündəliyinə əsasən ardıcıl işlər aparır, prinsipial mövqe nümayiş etdirir və Ermənistan tərəfindən olan ləngimələri güc tədbiqi ilə dəf edə bilir.

Brüssel həm də Rusiyanın tərəf olduğu məsələlərdə Ermənistana ciddi təzyiqlər göstərdiyini və Ermənistanın bu təzyiqlər qarşısında aciz qaldığını müşahidə etdi. Bu səbəblərə görə Brüssel Rusiyanın tərəf olduğu məsələlərdən kənar durub, sülh sazişinin əldə edilməsi və “delimitasiya və sərhəd təhlükəsizliyi komissiyaları”nın fəaliyyətinə fokuslanır. 31 avqustda, 4-cü Brüssel görüşündə əsas vurğu sülh sazişi və sərhədlərlə bağlı məsələlərin üzərinə edildi. Görüşün nəticələrini əks etdirən bəyanata görə Ermənistan və Azərbaycan dövlətlərarası münasibətləri tənzimləyən sülh sazişinin təşviqi üçün görülən əsaslı işləri gücləndirmək barədə razılıq əldə ediblər. Razılığa görə ölkələrin xarici işlər nazirləri sülh sazişinin mətninin hazırlanması üçün sentyabr ayı ərzində görüşməlidirlər. Əldə edilən razılıq istər Azərbaycan, istərsə də prezident Ş.Mişel və Brüssel diplomatiyasının rəhbəri C. Borrelin timsalında Aİ tərəfindən yüksək qiymətləndirilmişdir.

Buna baxmayaraq, görüşdən sonra Ermənistan razılığın pozulmasına yönələn addımlar atdı. Belə ki, Təhlükəsizlik Şurasının katibi A.Qriqoryan Qarabağa qanunsuz səfər etdi, N.Paşinyan “Dağlıq Qarabağın” ərazi vahidi kimi inkar edilməsini yersiz adlandırdı, prezident V. Xaçaturyan “Qarabağdakı ermənilərin statusu” məsələsinin Ermənistan üçün prioritet kimi qaldığını bildirdi, xarici işlər naziri A.Mirzoyan isə sülh sazişinin “Dağlıq Qarabağın” yekun statusunu nəzərə alınmaqla imzalanmasına eyham vurdu.

Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasında silah gücünün diplomatiya qədər önəmli olduğu çox yaxşı anlayır. Azərbaycanın Ermənistan rəhbərliyinə etimad göstərməməsi əbəs deyil. Üçüncü və dördüncü Brüssel görüşləri arasında Ermənistan üzərinə götürdüyü öhdəliklərin icrasını ləngitdiyinə görə Azərbaycan güc faktoruna müraciət etmişdir. Bu dəfə də Ermənistan təzyiqlərə rəğmən, vərdiş etdiyi kimi, prosesi ləngitsə Azərbaycan gündəliyində duran məsələləri yerdə həll etmək hüquq və imkanını reallaşdıracaqdır. Azərbaycan Müdafiə Nazirliyinin atəşkəsin pozulması haqqında məlumatları Ermənistan hakimiyyətinə bir mesaj olaraq ötürülür.

Pozucu addımlarla yanaşı Ermənistan mətbuatında iki qeyri-rəsmi məlumat dövriyyəyə buraxılıb. Bunlardan biri Paşinyana istinadən ilin sonuna qədər sülh sazişinin imzalanması, digəri isə Qarabağdan ağır texnikanın çıxarılması ilə bağlıdır.

Bundan başqa, 5-8 sentyabr tarixlərində Rusiya və Ermənistan liderləri Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda iştirak edəcəklər. Səfər Ermənistan-Azərbaycan münasibətlərinin normalaşdırılması baxımından əhəmiyyət kəsb edir. Səfər Paşinyanın Rusiyanın təzyiqlərinə müqavimət dərəcəsini müəyyən etməklə yanaşı, Rusiyanın Qarabağdakı erməni silahlı birləşmələrinin çıxarılması, kommunikasiyaların açılması və Zəngəzur dəhlizi məsələlərində mövqeyinə aydınlıq gətirəcəkdir.  

İstənilən halda Paşinyan qaçılmaz dilemma qarşısındadır: ya Qarabağ məsələsində israr edərək daima təzyiqlərə məruz qalmaq və nəticədə Azərbaycanın sərt gücü ilə qarşılaşmaq; ya da Azərbaycana qarşı ərazi iddialarından imtina edərək və Zəngəzur dəhlizinə razılıq verərək Ermənistanda daha müstəqil siyasətin aparılmasına nail olmaq.

@cssc_cqtm
👍25
Rusiya və Cənubi Qafqaz (CQ) – III hissə
(
I hissə), (II hissə)

Müşahidələr göstərir ki, Rusiyanın CQ siyasətində mühüm dəyişikliklər baş verməkdədir və bu proses yaxın gələcəkdə də davam edəcəkdir. 30 ilə yaxın Rusiya rəhbərliyinin regionla və ümumiyyətlə postsovet məkanı ilə bağlı rəyini şərti olaraq iki qrup formalaşdırırdı:

1. “Mühafizəkarlar” sərt xəttin, postsovet ölkələrində Rusiyapərəst rejimlərin qurulmasının tərəfdarıdırlar. Bu xəttin məntiqi sonu postsovet ölkələrinin Rusiya ilə ittifaq dövlətinə qoşulması olmalıdır.

2. “Praqmatik” xəttin nümayəndələri MDB ölkələrin ərazisinin Rusiyaya qarşı istifadə edilməsini qabaqlamaq üçün postsovet ölkələri ilə qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinin tərəfdarıdırlar.

Bir yanaşmanın digəri üzərində üstünlüyü bir çox amillərlə, ilk növbədə isə Rusiyanın qüdrəti ilə şərtlənir. Qərb dövlətlərinin Rusiyaya tətbiq etdikləri sanksiyalar ölkənin maddi və texnoloji resurslarına sarsıdıcı zərbə endirdi. Əgər 22 fevrala qədər Rusiyaya qarşı tətbiq edilən sanksiyaların sayı 2 min 695-ə bərabər idisə 22 fevraldan sonra qəbul edilən yeni sanksiyalar nəticəsində bu rəqəm 9 mini ötdü. ABŞ Rusiyadan neft, qaz və kömürün, İngiltərə, Kanada və Avstraliya neftin, Aİ isə kömürün idxalına qadağa qoydu. Rusiya SWIFT-dən ayrıldı, Rusiyaya kredit verilişi qadağan edildi və dollar-avro əskinaslarının ixracı dayandı. Ölkənin valyuta ehtiyatlarının yarısı donduruldu. Valyuta ehtiyatlarının digər yarısı əsasən qızıl və BVF-dəki vəsaitlər formasında olduğundan likvidliyi aşağı olan aktivlərdir. Qərbin qızılın idxalına embarqo qoyması isə likvidliyi daha da azaltdı. Qeyd edək ki, hazırda Rusiya Çinə neft, qaz və qızılı bəzən 30%-ə çatan endirimlə satır. Qərb Rusiya gəmilərinə limanlarını, yük maşınlarına isə sərhədlərini bağladı. Aİ, ABŞ, Yaponiya, Tayvan isə iqtisadiyyat və hərbi sənaye kompleksi üçün əvəzolunmaz sayılan yarımkeçiricilərin və qabaqcıl elektronikanın Rusiyaya ixracını qadağan etdilər.

Qərbin sanksiyalarının təsiri ilə Rusiyanın resursları məhdudlaşdığından CQ-a münasibətdə praqmatik yanaşma tərəfdarlarının fəallaşacağını gözləmək olar. 2021-ci ildə Rusiyanın ticarət dövriyyəsinin 54%-i sanksiyaları dəstəkləyən, 45,8%-i (359,8 milyard ABŞ dolları) isə sanksiyaları dəstəkləməyən ölkələrin payına düşürdü. Aİ-dən sonra Rusiyanın əsas ticarət tərəfdaşı Çin, daha sonra isə MDB ölkələridir. Aİ ilə münasibətlərin kəskin məhdudlaşması, Çin ilə ticarətin isə endirimlə aparılması Rusiya üçün MDB ölkələrinin əhəmiyyətini artırır.

Qərb ilə qarşıdurmada Rusiyanın zəifləməsi sərt xəttin reallaşmasını problematik edib, mühafizəkarların mövqelərini sarsıtmaqdadır. MDB məkanında Rusiyanın sərt addımlarına etiraz edən ölkələrin sayı artmaqdadır. Eyni zamanda, Rusiyaya tətbiq edilən sanksiyalardan kənarda qalmaq üçün addımlar atılmaqdadır. Təhlükəsizlik sahəsində də digər geosiyasi mərkəzlərlə münasibətlər formalaşdırılır. Prioritet regional güclərlə münasibətlərin yeni müstəvidə formalaşmasıdır.

Beləliklə, MDB məkanında, o cümlədən CQ regionunda mövqelərini və mövcudiyyətini itirməmək üçün Rusiya qonşuları ilə danışıqlar aparmaq, maraqları uzlaşdırmaq məcburiyyətində olacaqdır. Rusiyanın strateji maraqları və gözləntiləri transformasiyaya uğrayacaqdır. CQ da bu prosesdən təsirlənəcəkdir.

Ümumilikdə, Ukrayna müharibəsi zamanı CQ region olaraq Rusiyanın əsas gözləntilərinə cavab verdi. Azərbaycanın ənənəvi xarici siyasət prinsipi olan müharibə və qarşıdurma məkanına çevrilməmək hazırda bütün region üçün aktual olub. Rusiya da CQ ölkələri kimi regionu qarşıdurma və müharibə məkanına, yəni özünə qarşı ikinci cəbhəyə çevirmək istəmədiyindən mövcud problemlərin tənzimlənməsinə daha praqmatik yanaşma tətbiq etməli olacaqdır. Belə olan halda, regional lider olan Azərbaycanın və regionda nüfuzlu aktora çevrilən Türkiyənin gözləntilərini nəzərə almaq məcburiyyətində qalacaqdır.

@cssc_cqtm
👍16
Əziz izləyicilər!

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) YoutubeTik-Tok kanalları artıq fəaliyyətə başlamışdır. Bu kanallar vasitəsilə mərkəzin hazırladığı analitik yazıları video formatda izləyə bilərsiniz.

Bu kanalların yaradılmasında mərkəzin əsas məqsədi sizə bu yazılar ilə daha qısa zamanda və vizual olaraq tanış olmaq imkanı yaratmaqdır.

Mərkəzin Youtube və Tik-Tok kanallarına aşağıdakı linklər vasitəsilə keçid edə bilərsiniz:

https://www.youtube.com/watch?v=XceVC34p5FI

https://www.tiktok.com/@cssc_cqtm/video/7140916858500173057?fbclid=IwAR1Jn2T3MgS52NZypepOEgjmnX2ZeQbNOOkYIa_Ix896eaQ0SN2GLCjuNN0&is_copy_url=1&is_from_webapp=v1
👍11
Cənub-Qərb/ Şimal-Qərb  nəqliyyat dəhlizləri

Cənub-Qərb Nəqliyyat Dəhlizinin yaranma tarixi 2016-cı ilin əvvəlinə təsadüf edir. Bu dəhliz Fars Körfəzi/Hindistan – İran – Azərbaycan – Gürcüstan – Ukrayna – Avropa (və ya Türkiyə – Avropa) marşrutu üzrə fəaliyyət göstərir. Dəhliz “Azərbaycan Dəmir Yolları QSC”-nin (ADY) təşəbbüsü ilə yaradılmışdır. Marşrutun təqdimatı 12 yanvar 2016–cı il tarixində Bakıda keçirilmiş və elə həmin tədbirdə Azərbaycan, Gürcüstan, İran, Ukraynanın dəmir yolları və dəniz limanlarının nümayəndələri arasında müzakirələr aparılmış və dəhlizin inkişaf etdirilməsinə dair Protokol imzalanmışdır. Bu sənədə əsasən, Cənub-Qərb dəhlizi tam olaraq “Fars Körfəzi-İran-Astara-Xəzər dənizi-Qara Dəniz-Avropa” kimi adlandırılır.

Tədbirdə eyni zamanda tərəflər arasında Mumbay-Bəndər Abbas-Qəzvin-Astara(İran)-Astara-(Azərbaycan)-Poti/Batumi marşrutu üzrə yükdaşımaların sonradan Ukrayna (Odessa – İliçevsk), Rumıniya (Konstansa) və Bolqarıstan (Burqas) limanlarına qədər uzadılması perspektivləri müzakirə olunmuş və istiqamətlər üzrə ilkin tariflər müəyyənləşdirilmişdir.

Cənub-Qərb dəhlizinin digər alternativ marşrutlarla müqayisədə (xüsusilə də, Süveyş kanalından keçən dəniz yolu ilə) əsas üstünlüyü tranzit məsafəsinin və vaxtının təxminən üç dəfə az olmasıdır. Əgər İran körfəzi və Hindistandan Avropaya dəniz yolu ilə daşıma təqribən 35-37 gün çəkirsə, Cənub-Qərb dəhlizi marşrutunda bu müddətin perspektivdə 10-12 gün təşkil edəcəyi nəzərdə tutulur. Bundan başqa, bu dəhliz yüklərin daşınmasının təhlükəsiz, sürətli və vahid qiymət siyasəti tətbiq edilməklə həyata keçirilməsi üçün yeni imkanlar yaradacaqdır.

Cənub-Qərb dəhlizinin yaradılması Avropa İttifaqı ölkələri ilə Ukrayna, Hindistan, İran və digər Fars Körfəzi ölkələri arasındakı ticarət dövriyyəsinin müəyyən hissəsinin bu dəhlizə cəlb edilməsinə hesablanıb. Bu dəhlizinin inkişafı İranın xarici ticarət dövriyyəsinin artırılmasına imkan yaradır. İranın Fars körfəzində yerləşən Bəndər-Abbas limanından başqa, Oman körfəzi sahilində yerləşən yeni Çabahar limanının tam gücü ilə istismara verilməsi Cənub-Qərb dəhlizinə əlavə yüklərin cəlb edilməsi üçün imkanlar yaradacaqdır.

Azərbaycanın “ADY Express” şirkəti artıq bu nəqliyyat dəhlizi ilə də yükdaşımalara başlamışdır. Şimal-Cənub dəhlizinin tamamlanması üçün, eləcə də Cənub-Qərb dəhlizinin potensialından tam istifadə edilməsi üçün çatışmayan hissə Rəşt-Astara və Qəzvin-Rəşt dəmir yolu xəttləridir. Bu xəttlərin tez bir zamanda inşası Azərbaycan üzərindən keçəcək Cənub-Qərb dəhlizinə Hindistanın daha əlverişli şərtlərlə cəlb edilməsi baxımından əhəmiyyətlidir. 2022-ci ildə Cənub-Qərb dəhlizi ilə 272 TEU konteyner daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2% azdır. 2021-ci ildə bu rəqəm 278 TEU olmuşdu.

Şimal-Qərb nəqliyyat dəhlizinin yaradılması isə Bakı-Tbilisi-Qars dəmir yolunun 2017-ci ildə istifadəyə verilməsi ilə mümkün olmuşdur. Bu dəhliz Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə əsasən Türkiyə və Rusiya arasında artan yükdaşıma həcmlərinin qarşılanmasına hesablanıb. O cümlədən, Şimal-Qərb nəqliyyat dəhlizi Rusiyanın istehsal etdiyi kömür və taxıl yüklərinin Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Türkiyəyə daşınmasına şərait yaradır.

Şimal-Qərb dəhlizi çərçivəsində Bakı-Tbilisi-Qars dəmir yolu ilə 2022-ci ilin ilk 7 ayında 3 482 TEU konteyner yük daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 103% daha çoxdur. Ötən il bu rəqəm müvafiq olaraq 1 714 TEU olub.

@cssc_cqtm
👍12
Azərbaycan və Ermənistanın şərti sərhədində erməni təxribatlarının motiv və nəticələri

Niyə məhz indi?


Ermənistanın Azərbaycanla şərti sərhəddə həyata keçirdiyi gecə təxribatı bir çox hadisə və proseslər fonunda baş verib. Təxribatın motivlərini anlamaq üçün bu hadisə və prosesləri nəzərdən keçirmək vacibdir:

31 avqust tarixində baş tutmuş Brüssel görüşünün nəticələrinə uyğun olaraq ayın sonuna qədər Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh sazişinin mətninin tərtibi ilə bağlı görüş keçirilməlidir.

Rusiya Brüssel görüşündən sonra diplomatik aktivliyini artırdı. Azərbaycan Prezidenti Rusiya Prezidenti ilə telefon vasitəsilə, N. Paşinyan isə V. Putin ilə Vladivostokda əyani formada danışıqlar apardı.

Azərbaycan və Ermənistan liderləri 15-16 sentyabr tarixlərində Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etməlidilər.

ABŞ Dövlət Departamentinin Qafqaz məsələləri üzrə nümayəndəsi F. Riker hazırda regionda səfərdədir və yaxın vaxtlarda Azərbaycana baş çəkəcəkdir.

Nə baş verir?

Beləliklə, Ermənistan istər Brüssel, istərsə də Rusiya formatlarında qərar qəbul etmək məcburiyyəti ilə üzləşmişdir. Hər iki formatda Ermənistandan sülh gündəliyi yaradan qərar verməsi gözlənilir.

Sülh prosesini diplomatik yollarla uzatmaq mümkün olmadığından Ermənistan prosesi ləngitmək üçün sərhəddə təxribat variantını seçmişdir. Prosesi ləngitməklə yanaşı, Ermənistan bu təxribatla Rusiya və KTMT-ni də prosesə cəlb etməyə çalışır. Xatırladaq ki, bütün bu proseslər F. Rikerin Qafqaz səfəri zamanı baş verir.

Danışıqlara ayrılmış vaxt tükənmək üzrə olduğundan Azərbaycan Ermənistan təxribatına maksimal sərt cavab verdi. Ermənistanın sülh sazişindən yayınma cəhdləri, Minsk Qrupu və “status” məsələlərinə israrla istinad etməsi Qarabağda hərbi birləşmələrin saxlanılması ilə paralel şəkildə edilir.

Nə baş verəcək?

Proseslərin necə gedəcəyi tam olaraq Ermənistan rəhbərliyindən asılıdır. Ermənistanın baş naziri razılaşmaların pozulması üzrə destruktiv addımlar atmaqda davam etsə, Azərbaycanın cavabı özünü çox gözlətməyəcəkdir. Başqa bir variant da mümkündür: erməni cəmiyyətinə sülh gündəliyini qəbul etdirmək üçün Ermənistan rəhbərliyi bir daha eskalasiyaya getmək qərarını verə bilər.

Dəqiq olan bunlardır: Azərbaycanın mövqeyi maddi resurslarla möhkəmlənmiş, aydın və ardıcıldır. Ermənistanın mövqeyi isə ziddiyyətli və yayındırıcıdır. Ermənistana ümid verən qüvvələr İrəvanı inandırmalıdırlar ki, götürülmüş öhdəliklərin icra edilməməsi Ermənistanın əvvəlkindən daha ağır şərtlərlə qarşılaşmasına səbəb olacaqdır. Belə şəraitdə Ermənistanın Qarabağdan hərbi birləşmələrinin tam çıxarılmasını gözləyə bilərik. Həm Ermənistan, həm də onun himayədarları Qarabağ ermənilərinin hüquqları və gələcək təhlükəsizliyi ilə bağlı müzakirə açmamışdan əvvəl birmənalı və aydın şəkildə aşağıdakı şərtləri qəbul etməlidirlər: 1) hansısa xəyali Dağlıq Qarabağ adlı obyekt və ya ərazi vahidi yoxdur və müzakirə predmeti ola bilməz; 2) keçmiş “Dağlıq Qarabağ” adlı ərazi birmənalı olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsindədir, gələcəkdə də bu məsələ hansısa nəzəri müzakirənin belə predmeti olmayacaq və ola da bilməz. Bu şərtlərin əksinə atılan hər hansı bir addım dərhal Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı təhdid kimi qiymətləndiriləcəkdir və müvafiq cavab veriləcəkdir.

Ona görə də əgər Ermənistanın himayədarları özlərinin erməni xülyalarının sönməsinə imkan verməsə bu ilk növbədə Ermənistanın özünə mənfi təsir göstərəcək və bunun məsuliyyəti tam olaraq himayədarların üzərinə düşəcəkdir.

@cssc_cqtm
👍38👎3
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktor müavini Fuad Çıraqovun son hərbi əməliyyatlar ilə bağlı fikirləri:

Son 2 gündə cəmiyyətdə və sosial şəbəkələrdə sual verilir ki, bu əməliyyatların məqsədi nə idi? Nə əldə etmək istəyirdik? Nə üçün oldu?....

Daha etrafli:
https://m.facebook.com/story.php?story_fbid=pfbid0Cy9v27DbRzhae5XEL6MLvAUiVLQ6qvTwViZbL39qqGq21bfkqhUSDGwiTVxcqMizl&id=795922297
Son təxribatlarda Fransa kölgəsi

Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları dünyada gedən mühüm proseslər fonunda baş verir. Ermənistanın bu hərbi təxribatları törətdiyi vaxtda Yunanıstanın da Türkiyəyə qarşı hərbi-siyasi təxribatlar törətməsi diqqət çəkir. Lozanna (1923) və Paris (1947) müqavilələrinə görə Yunanıstan Egey dənizində bir sıra adalara nəzarət etmək imkanı əldə etsə də müqaviləyə görə onların militarizasiyasına yol verməməli idi. Yunanıstan üzərinə götürdüyü öhdəliyi icra etməməklə yanaşı 2022-ci ilin avqustun sonunda Türkiyə hərbi hava qüvvələrinə qarşı S-300 zenit raket komplekslərini tədbiq etmiş, keçən həftə isə Yunanıstanın sahil mühafizə polisi Türkiyənin mülki gəmisini atəşə tutmuşdur.

Türkiyə və Yunanıstan arasında baş verənlərin Cənubi Qafqaz regionuna birbaşa təsiri var. Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinə görə tərəflərdən hər hansı birinin ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı üçüncü dövlət tərəfindən təhdid olarsa tərəflər məsləhətləşmələr aparıb, bir-birinə zəruri yardım göstərməlidirlər. Qeyd edək ki, Ermənistan və Yunanıstan arasında da ikitərəfli hərbi əməkdaşlıq münasibətləri mövcuddur. Ölkələr arasında hərbi əməkdaşlıq tarixi müdafiə nazirliklərinin 1996-cı ildə imzaladığı müqavilə ilə başlayır. 1998-2008-ci illərdə tərəflər erməni hərbçilərinin Yunanıstanın hərbi məktəblərində təhsil almalarına dair müvafiq sazişlər imzalamışlar. 1998-ci ildə isə tərəflər silah və hərbi texnika sahəsində əməkdaşlıq haqqında saziş imzalamışlar. 2011-ci ildə hərbi əməkdaşlıq haqqında saziş yenilənmiş, 2016-cı ildə isə hərbi əməkdaşlıq proqramı qəbul edilmişdir. Vurğulayaq ki, Ermənistan hərbi birləşmələri 2003, 2007 və 2008-ci illərdə Yunanıstanın hərbi taboru daxilində Kosovoda əməliyyatlarda iştirak etmişdir.

Nəticə etibarı ilə Ermənistan Azərbaycana, Yunanıstan isə Türkiyəyə təhdid yaradır. Ermənistan və Yunanıstan hərbi əməkdaş, Türkiyə və Azərbaycan isə Şuşa bəyannaməsi üzrə qarşılıqlı təhlükəsizlik öhdəliklərinə malik ölkələrdir. Qeyd edilən iki qarşıdurmanın eyni zamanda baş verməsi, habelə, Türkiyə və Yunanıstanın NATO üzvü olması, Ermənistan və Azərbaycanın isə Brüssel formatı çərçivəsində danışıqlar aparması proseslərin analizini yeni müstəvidə nəzərdən keçirməyi tələb edir.

Müşahidələr hər iki prosesin arxasında üçüncü tərəfin, daha dəqiq desək Fransanın dayandığını deməyə imkan verir. Türkiyənin diplomatik uğurları - Ukrayna taxılının dünyaya təhlükəsiz ixracının təmin edilməsi, Ankaranın Kiyev və Rusiya tərəfindən eyni dərəcədə münasib vasitəçi kimi qəbul edilməsi, habelə Cənubi Qafqaz, Yaxın Şərq, Mərkəzi Asiya və digər regionlarda Türkiyənin mövqeyinin güclənməsi Fransa tərəfindən xüsusi qısqanclıqla qarşılanır. Fransa Türkiyənin dünyada artan, özünün isə azalan rolundan çox narahatdır.

Paris Ankaranın nüfuzunun artmasını qabaqlamaq məqsədilə Yunanıstanı Türkiyəyə, Ermənistanı isə Türkiyənin Cənubi Qafqazdakı müttəfiqi Azərbaycana qarşı hərbi təxribatlara sövq etməyə çalışır. Bununla yanaşı, Fransa Ermənistanın Brüssel və Moskva formatlarında maraqlarının təmin edilməməsindən narazıdır. Baş verən hadisələri Təhlükəsizlik Şurası səviyyəsində müzakirəyə çıxarmaqla Fransa bir tərəfdən özünün Təhlükəsizlik Şurasının daimi üzvü olmasını qabartmaq istəyir, digər tərəfdən də Ermənistan timsalında Cənubi Qafqazdakı tərəfdaşının mövqelərini gücləndirməyə çalışır. Fransanın Təhlükəsizlik Şurasında məsələni məhz indi qaldırması təsadüfi deyil. Fransa hazırda BMT Təhlükəsizlik Şurasına sədrlik edir.

Qeyd edək ki, Brüssel formatında Fransanın rolu məhdud olduğu halda, Moskva formatında Paris ümumiyyətlə iştirak etmir. Məsələni Aİ-dən də yüksəkdə duran BMT Təhlükəsizlik Şurası səviyyəsində müzakirəyə çıxartmaqla Fransa Cənubi Qafqazda zəifləmiş mövqelərini bərpa etməyə çalışır. Bununla yanaşı, beş daimi üzvdən məhz Fransanın məsələni Təhlükəsizlik Şurası səviyyəsində qaldırması Ermənistan daxilində Fransa “partiyasının” mövqelərini gücləndirməlidir.

@cssc_cqtm
👍28
İranın növbəti ali rəhbəri kim ola bilər?

Son günlər İranın ali rəhbəri Ayətullah Əli Xameneinin səhhətinin pisləşməsi və ya dünyasını dəyişməsi barədə yayılan məlumatlar fonunda onun mümkün siyasi varisi barədə mülahizələr yenidən aktuallıq kəsb etmişdir.

Amma həmin mövzu Xameneinin sağlamlığı ilə bağlı şayiələrin yayılmasından əvvəl də İranın gündəmində idi və bunun səbəbi avqustun 9-da “Yaşıl Hərəkat”ın liderlərindən biri, on ildən artıqdır ev dustaqlığında saxlanılan Mirhüseyn Musəvinin bəyanatı olmuşdur. Həmin bəyanatda Musəvi ölkənin ən yüksək post olan ali rəhbər vəzifəsinin irsən ötürülməsi ehtimalından söz açaraq, soruşurdu: “Məgər 2500 illik şahlıq geri qayıdıb ki, oğul atadan sonra hakimiyyətə yiyələnsin?!”

Ölkədə geniş müzakirələrə səbəb olan bu bəyanatda söhbətin Ayətullah Xameneinin ikinci oğlu, 53 yaşlı Müctəba haqqında getdiyini məlum idi.

Maraqlıdır ki, vaxtilə ali rəhbər postuna yiyələnməkdə Müctəba Xameneiyə rəqib ola bilən və ya bu işə təsir göstərmək imkanı olan dini-siyasi şəxsiyyətlərin əksəriyyəti artıq meydanda yoxdur: onların bir çoxu (məsələn, Ayətullahlar Misbah Yəzdi, Mahmud Şahrudi, Əkbər Haşimi-Rəfsəncani və s.) dünyasını dəyişmiş, bəziləri də (məsələn, Ayətullah Sadiq Amoli Laricani) siyasi səhnədən uzaqlaşdırılmışdır. Üstəlik, son illər atasının səyləri ilə ölkədə siyasi hakimiyyətin bütün qolları mühafizəkar cinahın ixtiyarına verilmişdir ki, bu da Müctəbanın ali rəhbər postuna gedən yolunu xeyli hamarlaşdırmışdır. Bu yolda əsas maneələrdən biri Müctəbanın müctəhidlik məqamının təsdiqlənməsi idi ki, son vaxtlar, deyəsən, bu məsələ də yoluna qoyulmuşdur. Belə ki, avqustun 24-də Qum Elmi Hövzəsinin rəsmi saytı Müctəba Xameneinin fiqh və üsul dərsləri barədə dərc etdiyi elanda onu “Ayətullah” kimi təqdim etmişdir.

Hələ 2017-ci ildə bir çoxları İranın hazırkı prezidenti İbrahim Rəisinin ali rəhbər postuna hazırlandığı barədə fikirlər irəli sürürdülər. Bu gün də həmin fikri bölüşənlər vardır. Lakin, prezident olduğu bir il ərzində Rəisinin performansı həmin versiyanı əsaslı şəkildə zəiflətmişdir. Belə görünür ki, Rəisi ali rəhbər postu uğrunda mübarizədə nəinki Müctəbaya rəqib, əksinə, ona yol açacaq bir fiqur kimi nəzərdən keçirilməlidir.

Müctəba ilə ciddi rəqabət apara bilən şəxs isə hakimiyyət strukturlarında, dini dairələrdə və ən başlıcası, cəmiyyət içərisində hələ də güclü dayaqları olan islahatçı və mötədil cinahdan irəli sürülə bilər və bu, böyük ehtimalla, İslam Respublikasının banisi Ayətullah Xomeyninin nəvəsi Həsən Xomeyni olacaq. Qeyd edək ki, cari ildə azı iki dəfə Həsən Xomeyninin iştirakı ilə keçmiş prezidentlər Məhəmməd Xatəmi, Həsən Ruhani və eks-spiker Natiq Nurinin təfərrüatı açıqlanmayan görüşləri baş tutmuşdur. İran mediası parlamentin keçmiş spikeri Əli Laricaninin də sözügedən qrupla bir olduğunu bildirmişdir.

Son vaxtlar Xomeyninin digər nəvəsinin – Əli Xomeyninin də ali rəhbər postuna namizəd ola biləcəyi ilə bağlı ehtimallar irəli sürülür. Hazırda Nəcəfdə yaşayan 37 yaşlı Əli Xomeyni İraq şiələrinin lideri Ayətullah Sistaninin nəvəsi ilə evlidir və İraqdakı son proseslər kontekstində münasib namizəd kimi nəzərdən keçirilə bilər. Üstəlik, qardaşı Həsəndən fərqli olaraq, onun İrandakı əsas siyasi cinahlarla normal münasibətləri var və Ayətullah Xamenei ilə də qarşılıqlı rəğbətinin olduğu bildirilir.

Ümumilikdə, Ayətullah Xameneidən sonra ali rəhbər postu uğrunda İran hakimiyyəti və dini elitası daxilindəki qruplaşmalar arasında ciddi mübarizənin baş verəcəyini söyləmək olar və bu prosesdə ən sürpriz ssenarilərin gerçəkləşməsi ehtimalı da istisna deyil. Şübhəsiz, son illərdə ölkənin siyasi-hərbi həyatında aparıcı mövqeyə çıxmış, İran iqtisadiyyatının azı yarısına, ölkənin nüvə və raket proqramlarına nəzarət edən İslam İnqilabının Keşikçiləri Korpusu (“Sepah”) da bu prosesə seyrçi qalmayacaq və onun mövqeyi ciddi əhəmiyyət kəsb edəcəkdir.       

@cssc_cqtm      
👍20