CSSC Baku – Telegram
CSSC Baku
3.07K subscribers
12 photos
2 videos
201 links
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) Azərbaycanda, Bakıda yerləşən, Cənubi Qafqazda və onun qonşuluğunda siyasi və iqtisadi prosesləri tədqiq edən müstəqil qeyri-hökumət təşkilatıdır. Yayımlanan materiallara istinadın verilməsi vacibdir. www.cssc.az
Download Telegram
ABŞ-da arlıq seçkilərinin nəticələri

I hissə: Senat

Aralıq seçkilərində demokratlar 50:49 səs nisbəti ilə Senatda üstünlüyü qoruya bildilər. Qələbə üçün vacib ştatlar sayılan Arizonada demokrat Kelli respublikaçı Mastersə, Nevadada Masto respublikaçı Laksarta, Pensilvaniyada isə Fetterman Mehmet Oza qalib gəldi. Corciyada kimin senator olacağı dekabrın 6sı, ikinci tur seçkilərində bilinəcək. Lakin, respublikaçılar Corciyada qalib olsalar belə, demokratlarla bərabərləşə bilməyəcəklər. Konstitusiyaya görə səslər bərabər olduqda vitse-prezident qərar qəbuletmədə səs səlahiyyəti qazanmış olur. Son iki ildə demokratlar məhz sərt partiya loyallığı və vitse-prezident K. Harrisin dəstəyi sayəsində Senatda üstünlüyü qoruya bilmişlər. Bu dəfə də demokratların vahid siyasi xətt güdəcəyi gözlənilir.
Senata nəzarət demokratlara dövlət katibi, müdafiə naziri, baş prokuror, federal hakimlər, səfir, konsul, diplomatik nümayəndə heyətlərini təyin etmək/dəyişmək səlahiyyəti verir. Qanunvericiliyə görə hər palatanın komitə rəhbərləri çoxluq qazanmış partiya tərəfindən seçilir. Praktikada bu R.Menendez başda olmaqla bir çox ermənipərəst senatorların aparıcı komitələr üzərində nəzarəti qoruması deməkdir.

Seçkilərdə Amerika Ermənilərinin Milli Konqresi (ANCA) tərəfindən dəstəklənən Çak Şumer (Nyu-York), Marko Rubio (Florida), Van Hollen (Merilend), Temi Dakvors (İllinoys) və Piter Velç (Vermont) yenidən senator seçildilər. Vurğulyaq ki, Pensilvaniyada qələbə türk əsilli M. Oza çatsa idi, respublikaçılar Senata nəzarət etməyə bir addım yaxın olacaqdı, ANCA isə öz etirafına görə 6 il müddətində priroitetlərini lazımınca təbliğ edə bilməyəcəkdi.

Demokratlara qələbəni ilk dəfə 2012-ci ildə uğurla sınaqdan keçirilən özünəməxsus seçki siyasəti təmin etdi. Reytinqlərin aşağı olmasından narahat olan demokratlar məqsədyönlü şəkildə praymeriz seçkilərində radikal baxışlı respublikaçı namizədləri dəstəkləyirdilər. İlinoysda demokrat-qubernatorlar assosiasiyası respublikaçı namizədin reklamına $35 milyon, Miçiqanda isə $435 min xəcrləmişdilər. Məqsəd − qərarsız seçiciləri və mülayim respublikaçıları radikallarla qorxudaraq demokratlara səs verməyə sövq etmək idi. Qutmaher İnstitutuna görə hazırda 13 ştatda abortlara tam qadağa və ya ciddi məhdudiyyətlər tədbiq edilir. Ştatların bir qismində keçirilən referendumlar hətta respublikaçı yönümlü ştatlarda belə abortların qadağasına mənfi münasibəti müəyyən etdi. Respublikaçı Kentukkidə insanlar ştat konstitusiyasına abortların qadağan edilməsi ilə bağlı düzəlişlərin əleyhinə, Kaliforniya, Vermont və Miçiqanda isə konstitusiyada abortlara zəmanət verən düzəlişlərin leyhinə səs verdilər. Bu tendensiyanı nəzərə alan demokratlar, abortlar məsələsini öz seçki kampaniyalarına daxil etdilər. Respublikaçıların reproduktiv siyasətini azadlığa təhlükə kimi təqdim edən demokratlar, rəqib partiyanın qalib gələcəyi təqdirdə abortlara federal səviyyədə qadağanın tədbiq ediləcəyini bildirirdilər. Prezident Bayden isə əksinə, ara seçkilərində demokratların qalib gələcəyi təqdirdə Rou Veydə (Rou v. Wade) qarşı məhkəmə işinə imza atıb, abortlara zəmanəti məcəllələşdirəcəyini vəd etmişdir.

Demokratların Senatda üstünlüyünə daha iki mühüm faktor təsir göstərdi. Onlar xalqı inandıra bildilər ki, respublikaçılar öz gündəliklərini yox, Trampın gündəliyini irəli çəkirlər. Tramp respublikaçılar içərisində nüfuzlu olsa da, bütün əhali üzrə böyük populyarlığa malik deyil. Regionların səciyyəvi xüsusiyyətlərinin nəzərə alınması da demokratların qələbəsinə töhfə verdi. İşsizlik və inflyasiya kimi iqtisadi məsələlər bütün əhali üzrə aparıcı problem hesab olunsa da, hər ştat əhalisi seçkilərdə yerli problemlərə və namizədlərin şəxsi keyfiyyətləri ilə ştat dəyərləri arasında yaxınlığa xüsusi diqqət yetirirdi. Bu səbəbdən demokratlar bəzi tərəddüd edən ştatlarda qələbə qazandılar, digər ştatlarda isə respublikaçılara kiçik fərq ilə məğlub oldular. Həmçinin demokratlar iddia edirdilər ki, respublikaçılar iqtisadiyyatın vəziyyətini pisləməkdən savayı real heç bir xilas variantı təklif etmirlər.

@cssc_cqtm
👍16
Ermənistan rəsmilərinin bəyanatları: yeni siyasi xəttlər

Ermənistan rəsmilərinin son müsahibələri bir sıra siyasi mesaj və təkliflərlə yadda qaldı. Qarabağa iddiaların əsassız olmasını Paşinyan son müsahibəsində etiraf edir. Müsahibədə bütün dünya ölkələrinin “Dağlıq Qarabağı” Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bildirən Paşinyan, nümunə kimi Lissabon sammitinin qərarını və 1993-cü il BMT Təhlükəsizlik Şurası qətnamələrini qeyd edir. Paşinyan, erməniləri “xülyalara qapılmamağa” çağırır: “Belə vəziyyətdə Ermənistanı və “Dağlıq Qarabağı” fəlakət qarşısında qoymaq istəmiriksə, bütün dünyaya qarşı təkbaşına mübarizə” aparmamalıyıq.

Paşinyana görə Ermənistan 2007-ci ildə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımışdır. Madrid prinsipləri çərçivəsində Qarabağda referendumun keçirilməsinə razı olan S. Sarkisyan, Paşinyanın fikrincə 1991-ci il referendumunun üstündən xətt çəkdi. Bütün bunlardan Paşinyan belə qənaətə gəlir ki, Ermənistanın yeni nəzəri bazaya ehtiyacı vardır.

“Yeni nəzəriyyə” Qarabağa ərazi məsələsi kimi yox, əhalinin hüquq və təhlükəsizlik məsələsi kimi baxılmasını özündə ehtiva edir. Paşinyan müsahibədə məsələni belə formada təqdim etməyə çalışır ki, guya Ermənistan Azərbaycanın, hətta Qarabağla birlikdə ərazi bütövlüyünü tanıyır. Eyni zamanda Paşinyan Azərbaycanı Qarabağın erməni əhalisinə təhdid, təcavüz, etnik təmizləmə və soyqırıma hazırlıqda ittiham edərək, Qarabağ ermənilərinin Azərbaycanın yurisdiksiyası altında yaşaya bilməməsi narrativini əsaslandırmağa çalışır. Dolayısı ilə Paşinyan deyir ki, öz hüquq və təhlükəsizliyini Azərbaycanda təmin edə bilməyən ermənilər “xilas naminə ayrılmaq” prinsipi ilə müstəqil olmağa, “xilas naminə birləşmək” prinsipi ilə isə Ermənistana birləşməyə çalışırlar.

Müsahibədə Azərbaycanla sülh sazişinin mümkün variantlarına da toxunuldu. Paşinyana görə sülh sazişi ümumi məsələləri əhatə edən çərçivə sənədi formasında və daha geniş tərkibli sülh sazişi variantında mövcuddur. Müsahibədən aydın olur ki, Paşinyan məhz 1-ci varianta meyl edir.

Paşinyanın fikrini Ermənistanın Təhlükəsizlik Şurası (TŞ) katibi A.Qriqoryan Civilnet-ə verdiyi müsahibədə inkişaf etdirir. Qriqoryana görə “Qarabağ problemini həll etmədən və ya heç olmasa onun necə həll olunacağına aydınlıq gətirmədən” Azərbaycanla sülh müqaviləsinin imzalanmasını qeyri-mümkündür. Qriqoryana görə Ermənistan Bakının təqdim etdiyi 5 prinsip və onun “genişləndirilmiş variantı üzərində işləyib”, onu 7 noyabrda Vaşinqtonda xarici işlər nazirlərinin görüşündə təqdim etmişdir. Qriqoryanın çıxışında iki xətti müəyyən etmək olar:

1) İrəvan sülh sazişinin ilin sonuna qədər imzalanmalı olduğunu dərk edir. Bu Bakının “ultimatumu” və ABŞ-ın tələbədir. Sazişin ilin sonuna qədər imzalanmalı olduğu 27 sentyabr tarixli “Vaşinqton sənədində” də qeyd edilir. Qriqoryana görə sülh sazişinin əsasını Azərbaycanın təqdim etdiyi 5 prinsip və əlavə elementlər təşkil etməlidir. Aydındır ki, istənilən formada “status”a Bakının etirazına görə 5 prinsip və “əlavə elementlər” sülh sazişinin mətnində ola bilməz. Belə şəraitdə Ermənistan bir tərəfdən təxribatçı bəyanatlar verməklə, digər tərəfdən isə Rusiya və Fransanın əli ilə Qarabağ məsələsini fərqli formatda qabartmağa və gündəlikdə saxlamağa çalışır. Ermənistan Qarabağ ilə bağlı hər hansısa bir sənədin, hətta sülh sazişində olmasa belə, qəbul edilməsinə çalışır. Buna görə də Paşinyan Xovayevlə son görüşü zamanı Rusiyanın təklif etdiyi varianta razı olduğunu dedi. Fransanın 15 noyabr qətnaməsində isə qondarma qurumun tanınmasının və bu tanınmanın danışıqlar vasitəsinə çevrilməsinin zəruriliyi bəyan edildi.

2) Bu cür çıxışlar ilin sonuna qədər sülh sazişi bu və ya digər səbəbdən imzalanmayacağı təqdirdə Bakının adekvat addımlarını qabaqlamağı nəzərdə tutur. Bir tərəfdən Qriqoryan timsalında Ermənistan Azərbaycanla danışıqlara açıq olduğunu və “sülh prosesinin çərçivələrinin getdikcə daha da müəyyənləşdiyini” bildirir. Digər tərəfdən isə İrəvan rəsmiləri fərqli bəyanatlarla Prezidentin 8 noyabr çıxışını Ermənistana hücuma hazırlığı kimi təqdim etməyə çalışır.

@cssc_cqtm
👍20
Fransa Senatının Azərbaycan əleyhinə qətnaməsi

15 noyabr tarixində senator Natali Qule istisna olmaqla Fransa Senatının 295 üzvü Azərbaycan əleyhinə qətnamə qəbul etdi. Qətnamə Azərbaycanı 10 noyabr razılaşmasını pozmaqda və Ermənistanın suveren ərazisinə təcavüz etməkdə ittiham edir. Qətnaməyə Azərbaycan xarici işlər nazirliyi dərhal cavab verərək onu “tamamilə həqiqətdən uzaq, yalan, iftira dolu müddəaları əks etdirən və açıq təxribat xarakterli” sənəd adlandırdı.

Qətnamə Fransanın Azərbaycana qarşı növbəti şantaj siyasətidir. 2020-ci ilin noyabrında Fransa parlamenti höküməti qondarma qurumu tanımağa çağıran qətnamə qəbul etmişdi. Fransa hökuməti bu qətnamədən Minsk qrupunun labüd dağılmasını qabaqlamaq üçün istifadə etməyə çalışmaqdadır. Belə ki, hökümət, Minsk qrupunda həmsədr olduğunu əsas gətirərək qondarma qurumu tanımaqdan imtina etdi. Fransanın mövqeyini bərabərlik formasında belə ifadə etmək olar:

Həmsədrlik mandatının qalması = qondarma qurumun tanınmaması

Həmsədrlik mandatına xitam = qondarma qurumun tanınması

Bakı Minsk qrupuna xitam verməsə də, Ermənistan 25 ildə etdiyini son 2 ildə etməkdədir, yəni, Minsk qrupunu faktiki “yola verir”. Formal mövcudluğu faktiki mövcudluğa qaytarmaq üçün isə Fransa bir daha siyasi şantaja müraciət etməyə çalışaraq, Azərbaycana qarşı yeni qətnamə qəbul etdi.

Fransanın daha bir hədəfi Rusiyanı regiondan sıxışdırıb, onun yerinə Cənubi Qafqazda möhkəmlənməkdir. France2 telekanalına müsahibə zamanı Rusiyanın tənqid edilməsi, sərhəd gərginliyinin BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılması, Aİ missiyasının Ermənistana göndərilməsi bu istiqamətdə atılan addımlardır. Bununla belə Fransa anlayır ki, Bakı ona Azərbaycanın maraqları bahasına Cənubi Qafqazda möhkəmlənməyə imkan verməyəcək. Bunu nəzərə alan Fransa, 15 noyabr qətnaməsində iki siyasi xətt irəli sürməyə çalışır. Bir tərəfdən Ermənistanın müdafiə qabiliyyətinin artırılması və beynəlxalq tanınmış sərhədləri çərçivəsində təhlükəsizliyin təmin edilməsi bəhanəsi ilə Ermənistanın sərhəd ərazilərinə beynəlxalq qüvvələrin yerləşdirilməsi təşəbbüsü irəli sürülür. Digər tərəfdən isə Ermənistan və Qarabağ ermənilərinin əli ilə Azərbaycanın daxili işlərinə müdaxiləyə cəhd edilir. Qətnamə Laçının nəzarətə götürülməsini pisləyir, Laçın dəhlizinin statusunun dəyişilməz qalmalı olduğunu bəyan edir və Azərbaycandan əvvəlki mövqelərə qayıtmağı tələb edir. Senat Fransa hökümətinə Qarabağda humanitar ofis yaratmağı nəzərdən keçirtməyi təklif edir. Qətnamədə yer alan erməni əhalisinin təhlükəsizliyinin təmin edilməsi və məcburi köçkünlərin geri qaytarılması tələbləri isə erməniləri yenidən Hadrut, Şuşa və digər ərazilərə qaytarmaq cəhdini özündə ehtiva edir. Beləliklə, cari qətnamə ilə Fransa həm Ermənistanda, həm də Azərbaycanda (Qarabağda) öz mövcudluğunu təmin etmək istəyir.

Məsələyə Fransa-Türkiyə kontekstində baxmaq da vacibdir. Türkiyənin beynəlxalq miqyasında artan rolundan narahat olan Fransa, Türkiyənin diqqətini qərbdə Yunanıstan, cənubda Suriya, şərqdə isə Ermənistan ilə yayındırmağa çalışır. Qətnamənin məğzini özündə ehtiva edən “Səbəblərin Təqdimatı” (ST) adlı sənəd Azərbaycanın “müttəfiqlərin, xüsusən də Türkiyənin dəstəyi ilə” hərbi əməliyyat keçirtməklə “Artsax hakimiyyətini” Qarabağı Ermənistanla birləşdirən 5 kilometrlik ensiz zolaqdan keçən mövcud marşrutdan imtina etməyə məcbur etdiyini iddia edir. Müşahidə etdiyimiz kimi cari qətnamə potensialda Türkiyəyə də qarşı sanksiyaları nəzərdə tutur.

Görünən odur ki, Azərbaycan bu cür addımlara hələki gözləyici mövqe nümayiş etdirir. Məqsəd – qarşı tərəfin ortaya qoya biləcəyi bütün vasitələri müəyyən etməkdir. Bu vasitələr müəyyən olunub, lazımınca dəyərləndiriləndən sonra Azərbaycan mövcud vəziyyətdən çıxış edərək, qətiyyətli və müvafiq cavab addımlar atacağını düşünürük.

@cssc_cqtm
👍27
Ermənistanla sülh sazişi olmasa... alternativlər nə ola bilər?

Ermənistan rəsmilərinin son bəyanatları, Rusiyanın “status” məsələsini gündəlikdə saxlama cəhdləri, Fransa Senatında Azərbaycan əleyhinə qətnamənin qəbulu, R.Menendez başda olmaqla demokratların yuxarı palata üzərində nəzarəti qoruması, rəsmi Tehranın “Ermənistanın təhlükəsizliyi – İranın təhlükəsizliyidir” yanaşmasını irəli sürməsi ilin sonuna qədər sülh sazişinin imzalanma perspektivlərinə təhlükələr yaradır.

Sülh sazişinə alternativ nə ola bilər?

1. Laçında gömrük yoxlama məntəqəsinin yerləşdirilməsi + Ermənistan SQ-nin Qarabağdan çıxarılması + qanunsuz erməni silahlılarına qarşı hərbi əməliyyatının keçirilməsi. Son müsahibələrində Paşinyan Qarabağda Ermənistan SQ-nin olmadığını iddia edirdi. Bu hərbi əməliyyatlar məsələyə aydınlıq gətirəcək və tabutların hara getdiyi məlum olacaq. Anti-terror əməliyyatı məhz Ermənistanın son iki il ərzində Azərbaycana qarşı ərazi təcavüzü siyasətini davam etdirdiyini təsdiqləyəcək. Əsas məsələ hərbi aktivliyi Azərbaycanın ərazi hüdudlarından kənara çıxarmamaqdır.
 
2. Qarabağ ermənilərinin bir qismi Azərbaycanın ərazi hüdudlarını tərk edib Ermənistan, Rusiya, Fransa, ABŞ və digər xarici ölkələrə köçəcəklər. Azərbaycan Konstitusiyasının 28-ci maddəsinin III bəndinə əsasən, Respublika ərazisində olan hər kəs sərbəst hərəkət edə, özünə yaşayış yeri seçə və ya Respublika ərazisindən kənara gedə bilər. Qarabağ ermənilərinin digər qisminin Azərbaycanın yurisdiksiyasını qəbul edərək, ölkə hüdudları daxilində qalacağı da gözlənilir. Konstitusiyanın 53-cü maddəsinin II bəndinə əsasən, vətəndaş heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz. Beləliklə, seçim ermənilərdədir. Bu seçimi hüquqi çərçivədə təqdim etmək isə Azərbaycanın işidir.
 
3. Ermənistanı Qarabağda bütün təsir vasitələrindən məhrum etdikdən sonra (qaz, işıq, internet) Bakı və İrəvan ikitərəfli əsasda və ya istənilən üçüncü tərəfin vasitəçiliyi ilə danışıqları davam etdirə bilər. Bununla belə, Ermənistan anlamalıdır ki, Azərbaycanın atdığı addımlar yeni geosiyasi reallıq formalaşdıracaq. Azərbaycan Prezidenti 12 yanvar müsahibəsində bildirdiyi kimi “bizim xoşniyyətli davranışımız əbədi olmayacaq və verdiyimiz təkliflər əbədi masa üzərində qalmayacaqdır”. Yeni tələblər kompensasiya, işğal faktının etiraf edilməsi və Ermənistana mümkün ərazi iddiaları ola bilər.

Risklər

Ermənistanda küçə etirazları, müxalifətin uğursuz konsolidasiya cəhdləri, erməni diasporunun Azərbaycana qarşı informasiya müharibə cəbhəsi açması ən gözlənilən nəticədir.
Mümkün fəsadlardan biri – ABŞ, Fransa, Lüksemburq və ola bilsin digər ölkələrin Azərbaycanı sanksiyalarla hədələməsi ola bilər. Aİ-nın Azərbaycana qarşı sanksiya qəbul edəcəyi az ehtimal olunandır. Enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu, Yunanıstan-Bolqarıstan qaz interkonnektoru, həmçinin Azərbaycanın Aİ-nın üzvü olan bir çox Mərkəzi-Şərqi Avropa dövlətləri ilə yaxın münasibətləri Brüsselin Bakıya qarşı sərt addımlarını qabaqlamağa kömək edəcək. Digər tərəfdən sanksiyaların qəbulu Qərbi, Azərbaycan cəmiyyətində diskreditasiya edəcək.

Üstünlüklər

Sanksiyalar Rusiyadan hələ uzun müddət götürülməyəcəyindən Bakı-Brüssel əlaqələri inkişaf edəcək. Azərbaycan İran ərazisindən keçən Şərqi-Zəngəzur-Naxçıvan dəhlizindən istifadə edəcək. Bu, İranla münasibətləri yumşaltmağa, Çinlə əlaqələri inkişaf etdirməyə imkan verəcək. Ermənistanla şərti səhəddə strateji yüksəklikləri qorumaqla Bakı İrəvana yeni şərtlər çərçivəsində danışıqlar təklif edəcək və sərhədləri bağlı qalan Ermənistanı Rusiya, ABŞ və İran ilə çıxılmaz vəziyyətə gətirdiyi münasibətlərini yoluna qoymaq problemi ilə üz-üzə saxlayacaq.

@cssc_cqtm
👍36
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən Diqqət Mərkəzi verilişində "Azərbaycan-Ermənistan danışıqlarında kritik dönəm - hərb, yoxsa sülh?" mövzusu ətrafında öz fikirlərini bölüşüb.

https://youtu.be/wCdeK2cIrpA
👍16
Ermənistan KTMT-dən çıxmağı bacaracaqmı?

22-23 noyabrda Ermənistanda KTMT-nin növbəti sammiti keçiriləcək. Sammit çərçivəsində liderlər, xarici işlər nazirləri, müdafiə nazirləri və təhlükəsizlik şurası katibləri səviyyəsində iclaslar təşkil olunacaqdır. Gündəlikdə duran əsas məsələlər təşkilatın böhrana cavab sisteminin təkmilləşdirilməsi, sədrliyin rotasiya qaydasına uyğun olaraq yeni nümayəndəyə ötürülməsi və Ermənistana yardım göstərilməsi üçün birgə tədbirlərin müzakirəsi olacaqdır. Sessiya zamanı Kollektiv Təhlükəsizlik Şurasının Bəyannaməsinin və  Sülhməramlı Qüvvələrin müasir silahlar, hərbi və xüsusi texnika ilə təchiz edilməsi, radiasiya, kimyəvi və bioloji müdafiənin birgə formalaşdırılması ilə bağlı sıra sənədlərin qəbul ediləcəyi gözlənilir.

Qarşıdan gələn sammit Ermənistanın destruktiv siyasəti səbəbindən daxili parçalanma ilə müşaiyət olunacaqdır. Dəfələrlə KTMT-ni Azərbaycanla müharibə astanasına gətirməyə çalışan Ermənistan son cəhdini sentyabr təxribatından sonra etmişdi. Ermənistan Rusiyaya təşkilat  nizamnaməsinin 4-cü maddəsinə uyğun hərbi yardım məqsədilə müraciət etsə də, təşkilat vəziyyəti qiymətləndirmək üçün regiona monitorinq missiyası göndərməklə kifayətlənmişdi.

44 günlük müharibədən sonra Azərbaycan KTMT üzvü Qırğızıstanla “Strateji Tərəfdaşlıq haqqında”, Qazaxıstanla isə “Strateji Münasibətlərin Möhkəmləndirilməsi və Müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında” Bəyannamələr imzalamışdır. Qazaxıstanla imzalanan son Bakı bəyannaməsində isə Zəngəzur dəhlizi Orta Dəhlizin perspektiv hissəsi kimi dəyərləndirilmişdir. Qazaxıstan və Qırğızıstan daxil KTMT-nin 6 üzvündən 3-ü (+Belorus) Azərbaycanı Zəfər Günü münasibəti ilə təbrik etmişlər.

Görünən odur ki, sammitdə Azərbaycan əleyhinə qərar qəbul edilməyəcək. Buna rəğmən, Ermənistanın ittiham və təkliflərlə çıxış edəcəyi gözləniləndir. Sammitə qədər Paşinyan 1991-ci il sərhədlərinə uyğun olaraq qoşunların geri çəkilməsi, şərti sərhəddə demilitarizasiya zonasının yaradılması, mühafizəni ordu birləşmələrindən sərhəd qoşunlarına ötürməyi, vəziyyətin monitorinqi məqsədilə KTMT missiyasından istifadəni təklif etmişdir.

Qəbul edilməyəcək təkliflərlə çıxış etmə İrəvana təşkilatı diskreditə etmə və ölkənin üzünü Qərbə çevirmək baxımından faydalıdır. N.Paşinyan KTMT-nin mövqeyindən məyus olduğunu, A.Qriqoryan KTMT-yə daha ümidlərin olmadığını, A. Simonyan isə təşkilatın “güllə atmayan tapança” olduğunu bildirmişdir. Sentyabr ayında ölkəyə səfər edən N.Pelosi dolayı olaraq Ermənistanı KTMT-dən çıxmağa çağırmışdır: “qərarları Ermənistan verir; Biz yalnız kömək etmək istəyimizdən danışa bilərik”. Erməni qrupunun üzvü F.Pallone isə ABŞ-ın KTMT-nin xidmətlərinə müraciət etmədən “Ermənistanın təhlükəsizliyi üçün nə edə biləcəyini anlamağa çalışdığını” bildirdi.

Ermənistan KTMT-dən çıxmaq istiqamətində artıq bir neçə addım atıbdır. Fransa, Hindistan, İran və Yunanıstanla hərbi və hərbi-texniki əməkdaşlıq, ABŞ və Fransanın təhlükəsizlik strukturlarının yüksəkrütbə/vəzifəli şəxslərinin Ermənistana səfərləri və hərbi diversifikasiya Ermənistanın tənha olmadığını göstərmək məqsədinə xidmət edir.

Bununla belə Ermənistanın KTMT-dən çıxmasına 3 faktor mane olur:

Birinci, ATƏT-in 1992-ci il qərarına görə, Qərb “münaqişə” davam etdiyi müddətdə Azərbaycan və Ermənistana silah sata bilməz. Yəni, Ermənistanla hərbi əməkdaşlıq üçün sülh sazişi imzalanmalıdır.

İkinci, Ermənistanın Rusiyanın təhlükəsizlik sisteminin bir hissəsi kimi qaldığı müddətdə ona Qərb istehsallı müasir silahların verilməsi doktrinal prinsiplərə ziddir.

Üçüncüsü, Ermənistanın KTMT-dən savayı Aİİ-nin üzvüdür. Üzvlük Ermənistana idxal-ixrac və birbaşa xarici investisiya məsələlərində üstünlük yaradır. Rusiyanın sanksiyalar altında olduğu şəraitdə bu üstünlüklər özünü daha qabarıq formada biruzə verir. İranla Aİİ arasında imzalanan azad ticarət zonası saziş isə Ermənistanın təşkilat daxilində perspektivlərini daha da artırır. Ermənistan anlayır ki, KTMT-dən çıxma onun Aİİ-də də üzvlüyünə təsir göstərib, hərbi risklərlə yanaşı iqtisadi risklər yaradacaqdır.   

@cssc_cqtm
👍24
İran Azərbaycanla gərginlikdən nə qazandı?

Rəisi hakimiyyətə gəldikdən sonra Azərbaycanla əlaqələr gərginliklə müşaiyət olunurdu.  İran Ermənistan sərhədlərini qırmızı xətt adlandırıb, iki dəfə sərhədlərimiz yaxınlığında təlimlər keçirdi. Lakin, irəli sürülən ittihamların arxasında real əsas yoxdur. Praqa və Soçi bəyannamələrində Bakı və İrəvan bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərin toxunulmazlığını tanıdıqlarına dair, ilin əvvəlində isə Bakı və Tehran Şərqi-Zəngəzur-Naxçıvan dəhlizinin açılması ilə bağlı razılıq əldə etmişdilər.

İranın süni gərginlik yaratmaqda əsas məqsədi Rusiyanın zəifləməsindən istifadə edərək regionda nüfuzunu artırmaq, Zəngəzur dəhlizinin (ZD) açılmasına imkan verməmək və Ankara-Bakı-Tel-Əviv üçbucağını zəiflətmək idi. Lakin, təzyiqlərə rəğmən İran təmamilə əks nəticələr əldə etdi. Bakı Ermənistanla şərti sərhəddə strateji yüksəkliklərə yiyələnib, mövqe üstünlüyü qazandı. Hazırda Azərbaycan silahlı qüvvələri Ermənistanın İrana gedən strateji yollarını vizual nəzarətdə saxlayır.

Zəngəzur Dəhlizi Ermənistanın 10 noyabr razılaşması üzrə yerinə yetirməli olduğu öhdəlikdir.
Buna görə də İranın təhdidlərinə rəğmən Bakı ZD ilə bağlı mövqeyindən geri çəkilmədi. Əksinə, beynəlxalq təşkilatların rəsmi sənədlərinə bu məsələni daxil edir.

İranın təlimlərinə cavab olaraq Azərbaycan xüsusi təyinatlıları İranla sərhəddə təlimlər keçirdilər. İranla problemli münasibətlərə malik ölkələrin Bakıya diqqəti artdı. M.Çavuşoğlu İran xarici işlər nazirinə, Pakistanın rəhbəri və İsrailin müdafiə naziri isə Azərbaycanlı həmkarına zəng etdi. Çavuşoğlu Azərbaycanla dostluq əlaqələrindən, Hants isə Azərbaycanla hərbi əlaqələrin inkişafından danışdı. Dövlət Departamentinin sözçüsü N. Prays ABŞ-ın İranın təhdidləri qarşısında Azərbaycana dəstəyini davam etdirəcəyini bildirdi. Baş qərargah rəisi K. Vəliyev ABŞ-ın ölkəmizdəki hərbi attaşesi M.Koun və NATO-nun kontr-admiralı G.Brousdal ilə ayrı görüşlər keçirdi. Hər iki görüş ölkəmizin ABŞ və NATO ilə hərbi əməkdaşlığının inkişaf perspektivlərinə həsr edilmişdi.

DTX İran xüsusi xidmət orqanlarının Azərbaycan vətəndaşlarını xəricdə hərbi təlimlərə cəlb etməsi, maliyyələşdirməsi və təhlükəsizlik maraqlarımıza zidd istifadə etməsi halları ilə bağlı kompleks araşdırma, ifşa və yaxalama tədbirləri həyata keçirdi. Black Rewards haker qrupu İranın yanvar və mart aylarında Bakıdakı casus şəbəkəsinə €47.158 (Avro) və €75.000, Naxçıvandakı casus şəbəkəsinə isə €15.083 və €30.000 pul köçürdəcəyini isbatlayan sənədlər yaydı. Gürcüstanın təhlükəsizlik orqanları isə ölkədə mövcud İran casus şəbəkəsinin ifşa edilib, yaxalanması istiqamətində əməliyyatlar apardı.

İranın destruktiv siyasəti Aİ tərəfindən yeni sanksiyaların qəbul edilməsinə və İsraildə B.Netanyahunun yenidən hakimiyyətə qayıtmasına təsir göstərdi. Azərbaycan İsraildə səfirlik, Fələstində isə nümayəndə ofisinin açılması haqqında qərar qəbul etdi. Həmçinin İsrailin dəstəyi ilə Azərbaycanda kibertəhlükəsizlik mərkəzi açılacaqdır. İsrailin xarici işlər nazirliyi və ABŞ-da AİPAC və AJC kimi nüfuzlu yəhudi təşkilatları səfirliyin açılmasını “tarixi qərar” adlandırdılar.

Azərbaycan Prezidenti TDT-nin Səmərqənd sammitində güney azərbaycanlılar daxil türkdilli xalqların hüquqlarının və milli kimliyinin (dil hüququ) qorunması kimi məsələlərin təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağı təklif etdi.

Məqsədlərinə çata bilməyən İran, Bakıya Xamneyinin müşaviri Ə.Ə.Vilayəti vasitəsi ilə barışıq məğzli siqnallar göndərdi. Vilayəti İranın hücuma keçmək fikrində olmadığını və Azərbaycan xarici ölkə tərəfindən hücuma məruz qaldığı təqdirdə onun yanında olacağını bildirdi. H.Hacıyev cavabında gərginliyin İran rəsmilərinin bəyanatları ilə başlandığını, təlimlərlə isə İrana etibarın azaldığını bildirib, diplomatik dillə əlaqələrin bərpa edilməsinin yol xəritəsini Tehrana təqdim etdi.

Beləliklə, İran bu gərginlikdən qazanmadı, əksinə İranın daxilində daşlar yerindən oynadı, qarşısı alınmayan proseslər başladı və bu proseslərin nəticələri yaxın gələcəkdə özünü biruzə verəcəkdir.

@cssc_cqtm
👍51
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) baş elmi işçisi Orxan Bağırovun Zəngilan Hava Limanı və onun Qarabağın iqtisadi inkişafında rolu haqqında məqaləsi Ceymstaun Fondunun nəzdnində nəşr olunan Avrasiya Günlük Monitor (Eurasia Daily Monitor) online jurnalı tərəfindən çap edilmişdir.

Məqalədə ilk öncə hava limanının tikintisi, texniki göstəriciləri haqqında məlumat verilmişdir. Qeyd edilmişdir ki, Zəngilan Hava Limanı 44 Günlük Müharibədən sonra Qarabağda tikilmiş ikinci hava limanıdır. Üçüncü liman isə Laçında tikiləcəkdir və Azərbaycanda ən hündürdə yerləşən hava limanı olacaqdır.

Daha sonra, Zəngilan Hava Limanının yaratdığı iqtisadi üstünlüklər haqqında məlumat verilmişdir. Diqqətə çatdırılmışdır ki, bu hava limanı vasitəsilə Şərqi Zəngəzur iqtisadi regionuna Bakıdan 45 dəqiqəyə çatmaq mümkün olacaqdır və bu da regionun investorlar və turistlər üçün cəlbediciliyini artıracaqdır.

Məqalədə o da diqqətə çatdırılmışdır ki, Şərqi Zəngəzur rayonunda ağır sənaye, kənd təsərrüfatı, turizm, səhiyyə kimi sahələrin inkişaf etdirilməsi üçün böyük potensial vardır. İlkin hesablamalara görə bərpa prosesi bitdikdən sonra Şərqi Zəngəzur rayonunda 3 milyard manat dəyərində sənayə və kənd təsərrüfatı məhsulunun istehsalı mümkün olacaqdır. Bununla da rayon qarşıdan gələn illərdə Azərbaycan iqtisadiyyatının təxminən 4%-nin formalaşmasını təmin edə biləcəkdir.

Daha sonra vurğulanmışdır ki, qeyd edilən iqtisadi imkanların reallaşdırılmasında Zəngilan Hava Limanı böyük rol oynayacaqdır. Bu hava limanı Şərqi Zəngəzurda istehsal edilən məhsulların dünya bazarına çıxarılmasına imkan yaratmaqla Qarabağ iqtisadiyyatının regional və beynəlxalq bazarlar baxımından diversifikasiyasına tövhə verəcəkdir.
Bundan başqa, qeyd edilmişdir ki, hazırda Şərqi Zəngəzur rayonunu digər rayonlarla əlaqələndirən Horadiz-Zəngilan-Ağbənd, Xudafərin-Laçın, Qubadlı-Eyvazlı yollarının tikintisi həyata keçirilir və eyni zamanda bu region Zəngəzur Dəhlizi ilə də əlaqələndiriləcəkdir. Bütün bunlar isə Şərqi Zəngəzur regionunu regional nəqliyyat habına çevirəcəkdir və Zəngilan Hava Limanı da bu habın əsas hissələrindən biri olacaqdır.

Sonda isə qeyd edilmişdir ki, yeni hava limanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan inkişaf və bərpa prosesinin ayrılmaz hissəsinə çevriləcəkdir. Bu hava limanı həmçinin, beynəlxalq şərq-qərb və şimal-cənub nəqliyyat dəhlizlərinin mühüm elementinə çevrilərək Azərbaycan ərazisindən daşınan beynəlxalq yüklərin həcmini səmərəli şəkildə artıracaqdır.

https://jamestown.org/program/zangilan-airport-a-new-driver-of-economic-development-in-karabakh/
👍12
ABŞ-da aralıq seçkilərinin nəticələri

II Hissə: Nümayəndələr Palatası

Respublikaçılar Nümayəndələr Palatasına (NP) nəzarət etmək üçün tələb olunan 218 yeri qazana bildilər. Yeni spiker vəzifəsini K. Makkarti, demokratik azlığın rəhbər vəzifəsini isə təqaüdə çıxan N.Pelosinin yerinə ehtimal ki, H.Ceffris tutacaqdır.

Demokratların Senat və Ağ Evdə, respublikaçıların isə NP-də üstünlüyü yaxın 2 ildə hissolunan dəyişikliklərin baş verməyəcəyini göstərir. Respublikaçılar NP-də bir çox təşəbbüslərlə çıxış etməyə cəhd göstərsə də demokratik Senat onun reallaşmasına mane olacaq. Hətta respublikaçılar bəzi demokratları öz tərəfinə çəkib, lazımi səs toplaya bilsələr belə Bayden güman ki, veto hüququndan istefa edəcək. Respublikaçılar isə Prezident vetosunu dəf etmək üçün tələb olunan 2/3 səs çoxluğu toplaya bilməyəcək.

Cari qüvvələr balansı iqtisadiyyat və sosial sahədə əhəmiyyətli dəyişiklərin baş verməsinə imkan vermir. Demokratların 2020-ci ildən bəri vergi siyasəti, varlılardan minimum 15%-lik vergitutma və inflyasiyanın azaldılması aktı ehtimal ki, 2024-cü ilə qədər davam edəcək. Lakin, NP-də çoxluğun respublikaçılarda olması demokratların yeni iqtisadi təşəbbüslərlə çıxış etməsini qeyri-mümkün edəcək. Sosial islahatların əksəriyyəti qüvvədə qalsa da, yeni islahatlar növbəti prezident seçkilərinə qədər təxirə salınacaq.

2022-ci ilin noyabr ayı üçün ABŞ-ın milli borcu $31 trilyondan çoxdur. 2023-cü il büdcə layihəsi milli borc həddinin daha da artırılmasını tələb edir. K.Makkarti və digər respublikaçılar borc həddinin artırılması müqabilində demokratlardan dövlət xərclərinin azaldılmasını tələb edəcəklər. Respublikaçıların şantajından qurtarmaq üçün demokratların ilin sonuna (Konqresin yeni tərkiblə işə başlayacağına) qədər borc həddini artıracağı güman edilir. Borc həddi artırıldıqdan sonra dövlət xərclərinin azalması inflyasiya göstəricilərindən asılı olacaq. İnflyasiyanın artması da demokratları dövlət xərclərini azaltmağa məcbur edə bilər.

Palatalar üzərində nəzarətin fərqli partiyalara keçməsi siyasi problemlərdən xəbər verir. Wall-Street isə əksinə udacaqdır. Qarışıq Konqres sabitlik arzulayan investorlar tərəfindən müsbət qarşılanır.1950-ci ildən “S&P 500”-ün ən yüksək orta gəliri Ağ Evin Demokratların, Konqresin isə Respublikaçıların əlində olduğu vaxtda olub. Konqres fərqli partiyalar arasında bölünəndə isə Ağ Evin hansı partiyanın nəzarətində olmasından asılı olmayaraq gəlirlər orta səviyyədən yuxarı olur.

Əhəmiyyətli dəyişikliklər xarici siyasətdə baş verə bilər. Sorğular respublikaçıların əsas düşmən qismində Çin və İranı gördüyünü göstərir. Respublikaçılar seçki kampaniyası zamanı Ukraynaya göndərilən yardımları azaldacaqlarına dair siqnallar versələr də, Xersonun alınması cəbhədə qüvvələr balansını dəyişdi. Görünən odur ki, Ukraynanın üstün olduğu vaxtda respublikaçılar yardımları azaltmayacaqlar. Demokratlar Konqresin tərkibi yenilənə qədər Ukraynaya gələn il üçün $50 milyard yardım ayırmağı planlaşdırırlar. Seçkilər ərəfəsində bəzi ermənipərəst demokrat namizədlərin administrasiya üzərində təsiri artmış və sonuncunun erməni lobbisinin bəzi tələblərinə uyğun hərəkət etməsinə səbəb olmuşdu. Seçkilərdən sonra administrasiyanın normal iş rejiminə və siyasətinə qayıdacağı gözlənilir.

Aralıq seçkiləri növbəti prezident seçkilərinə çox təsir göstərəcək. Senatdakı qələbədən sonra Bayden, NP-dəki qələbən sonra isə Tramp seçkilərdə iştirak edəcəklərini bəyan etdilər. Buna baxmayaraq, hər iki namizədin qələbə şansları aşağı qiymətləndirilir. Konqresə nəzarət etdiyi 2 il ərzində Baydenin reytinqləri aşağıya düşüb. Qarışıq Konqreslə reytinqlərin artacağı az ehtimal olunandır. Trampın dəstəklədiyi bir çox namizədlərin seçkilərdə məğlub olması, bir çox nüfuzlu şəxsin Trampdan üz döndərməsinə gətirdi. Rupert Merdoka məxsus “New York Post” və “Wall Street Journal” Trampı tənqid edən bir sıra məqalələr dərc etdi. Respublikaçılar daxilində güclü parçalanma + əksər respublikaçıların vahid namizəd kimi Floridanın qubernatoru R. DeSantisi görmək istəməsi Trampın yenidən prezident olma şanslarını azaldır.

@cssc_cqtm
👍12
İranda nə baş verir: etiraz, yoxsa inqilab?

I hissə
 
İranda sentyabrın ortalarında Məhsa Əminin ölümü ilə başlanan etirazlar üçüncü aydır ki, davam edir. Bu sosial-siyasi hərəkat uzun müddət davam etdiyindən və bütün əyalətləri əhatə etdiyindən inqilabi xarakter almaqdadır.
 
Son vaxtlar etirazçıların özləri də “ona etiraz deməyin, [artıq] adı inqilab olub” (behəş nəgin eteraz, naməş şode enğelab) şüarı ilə hadisələrə inqilab deməyə səsləyirlər. Qərb mediası və rəsmiləri  tərəfindən də İranda baş verən hadisələrlə bağlı “inqilab” sözü işlədilmişdir. İran Siyasi Elmlər Assosiasiyası hazırkı etirazların bəzi inqilab parametrlərinə malik olduğu, lakin konkret ideologiya və vahid rəhbərliyin yoxluğu üzündən ona inqilabi hərəkat deməyin mümkün olmadığını vurğulamışdır. İran hakimiyyəti isə etirazlar barədə lap əvvəldən “iğtişaş” kəlməsindən istifadə edir, bununla da hansısa xarici qüvvələrin ölkəni qarışdırmaq niyyətini vurğulayır. İstənilən halda, indiki etirazların İslam Respublikasının 43 illik mövcudluğu dövründə üzləşdiyi ən böyük çağırış olduğu şübhəsizdir.
 
Məsələnin digər bir cəhəti budur ki, etiraz bir qayda olaraq konkret problemə aid olur, yəni bir növ mövcud sistemdə islahat aparılmasını tələb edir. Hazırda etirazlar mövcud sistemin özünün inkarına və dəyişdirilməsinə yönəlib ki, bu da artıq inqilab məfhumuna uyğun gəlir. İslam quruluşunun simvollarına qarşı hərəkətlər (hicabdan kütləvi imtina, ruhanilərin əmmamələrinin yerə atılması, rejim “müqəddəslərinin” şəkil və heykəllərinin yandırılması), ölkənin ali rəhbəri və onun “vilayəti” əleyhinə çağırışlar (mərg bər Xamenei – Xameneiyə ölüm, Xamenei qatele, velayətəş batele – Xamenei qatildir, vilayəti batildir) və nəhayət, geniş şəkildə istifadə olunan “islam respublikasını istəmirəm, istəmirəm” (comhuri-ye eslami nemixam, nemixam) şüarı onun inqilabi və hakim quruluşun (nizamın) devrilməsi (bərəndazi) hədəfindən xəbər verir.
 
Diqqəti çəkən başqa bir cəhət odur ki, proseslərdə qarşı duran tərəflər arasında hansısa təmas və dialoq yoxdur, münasibətlər hədəflərə uyğun olaraq barışmaz xarakter daşıyır. Belə ki, məsələn, su etirazlarında, müəllimlərin və təqaüdçülərin aylarla davam edən aksiyalarında hakimiyyət nümayəndələri birbaşa və ya media vasitəsilə etirazçılarla təmasa girir, onları tələblərinə münasibət bildirirdilər. Hazırkı prosesdə isə tərəflərin bir-birini tam inkar etdiyini və hansısa təmas cəhdindən yayındığını görürük. Hətta zorakılıqla müşayiət olunan 2019-cu il noyabr etirazlarında (“benzin qiyamı”) da hakimiyyət güc tətbiqi ilə yanaşı, öz addımları barədə müəyyən izahat verir, qiymət artımını əsaslandırmağa çalışır, onun mənfi sosial nəticələrini azaltmaq üçün nəzərdə tutduğu tədbirlərdən danışırdı. Amma indi bu, baş vermir.
 
Belə bir durumun meydana gəlməsinin önəmli səbəblərindən biri odur ki, qarşı duran qüvvələr bir-birini “tanımır”: müxtəlif nəsilləri təmsil edən və fərqli dəyərlərə tapınan bu təbəqələr arasında kommunikasiya yoxdur, əksinə, dərin bir uçurum var. İran iqtisadçısı Sadiq Əlhüseyni yazdığı qısa təhlildə hazırkı etirazların hakimiyyətlə xalq arasında olan 3 uçurumun nəticəsində meydana çıxdığını vurğulayıb:
 
1) əhalinin rifahının dəhşətli dərəcədə pisləşməsi, cəmiyyətin 30%-nin orta təbəqədən çıxması və son on ildə yoxsulluğun dəfələrlə artmasından doğan uçurum;
2) nəsillər arasındakı uçurum;
3) qadınlara ağır təzyiqin yaratdığı uçurum.
 
İrandakı etirazlarda ikinci faktorun, yəni nəsillər arasındakı ziddiyyətin önəmli rolu mövcuddur. Sepah-a bağlı olan “Fars” informasiya agentliyi son etirazlarda həbs olunanların yaş kateqoriyaları barədə məlumat yaymışdı. Həmin məlumata görə, saxlananların 41,8%-ni 20 yaşa qədər, 48,2%-ni 20-35 yaş arasında olanlar, 10%-ni isə 35 yaşdan yuxarı olanlar təşkil edir. Bu statistika hazırkı etirazların əsas hərəkətverici qüvvəsinin gənclər (hətta yeniyetmələr) olduğunu aydın şəkildə nümayiş etdirir və onların rejimə müxalif olan ənənəvi siyasi cərəyanları təmsil etmədiyini ortaya qoyur. Yəni prosesdə qarşı duran qüvvələr bir-birinə yaddır.  
 
@cssc_cqtm
👍36
İranda nə baş verir: etiraz, yoxsa inqilab?
 
II hissə (
I hissə)
 
İran hakimiyyəti geri çəkilmək fikrində olmayan etirazçılarla dil tapmaq üçün vasitəçi axtarışına cəhd edib. Son günlər İran Ali Milli Təhlükəsizlik Şurası katibinin bu məqsədlə Ayətullah Xomeyninin və Ayətullah Rəfsəncaninin ailə üzvlərinə müraciət etdiyi barədə məlumatlar yayılıb. Eyni zamanda İran ali rəhbərinin oğlu Müctəba Xameneinin keçmiş prezident Rəfsəncaninin qızı Fatimə ilə görüşdüyü barədə təsdiqlənmiş informasiya meydana çıxıb. Lakin, bunun hansısa fayda verəcəyi inandırıcı görünmür, çünki indiki etirazlar hər halda 2009-cu ildəki “Yaşıl Hərəkat”dan fərqli mahiyyətdədir, yəni sistemdaxili müxalifətin yönəltdiyi proses deyil.
 
İkincisi, İran hakimiyyəti son illər islahatçı qüvvələri addım-addım siyasi səhnədən uzaqlaşdırıb, özünün manevr imkanlarını xeyli məhdudlaşdırıb, halbuki, əvvəllər ictimai narazılıqları və böhranlı situasiyaları sistemdaxili müxalifətin köməyi ilə kifayət qədər uğurla idarə edirdi.
 
Üçüncüsü və ən başlıcası, 2018-ci ildən etibarən etirazçı əhalinin islahatçı diskursa və cərəyana inamının itdiyi də aydın görünür.
 
İqtisadi amil
 
İran iqtisadçıları son 10 ildə ölkədə yoxsulluq səviyyəsinin 3 dəfə artdığını bildirirlər. Maraqlıdır ki, 2017-2018 və 2019-cu il etirazlarında tez-tez səslənən və hakimiyyəti xaricdəki proksi qüvvələrə xərclədiyi vəsaiti ölkə daxilinə yönəltməyə çağıran şüarlar (məsələn, Suriye-ra rəha kon, fekri be hal-e ma kon – Suriyanı boş ver, bizim halımızı bir düşün) da artıq eşidilmir.
 
Etirazların mənşəyi ilə bağlı İranın daxilində fərqli baxış vardır
 
Rəsmi Tehran başlanğıcdan etirazların xarici qüvvələrin (ABŞ, İsrail, Britaniya, Səudiyyə Ərəbistanı) “fitnəsi” olduğunu bəyan edib. Lakin, həqiqət budur ki, daxildə zəmin olmadığı təqdirdə hansısa xarici qüvvənin belə uzunmüddətli və geniş aksiyaları təşkil etməsi qeyri-mümkündür.
 
Bu kontekstdə hazırkı etirazlarda İran hakimiyyəti üçün ən qorxulu elementin – etnik amilin mövcudluğu da vurğulanmalıdır. Son günlər İran rəsmiləri ölkəni parçalamaq planlarından danışarkən, məhz bu məsələni nəzərdə tuturlar.
 
Reallıq budur ki, kürdlərin, bəluçların və azərbaycanlıların timsalında bu amil özünü aydın şəkildə göstərməkdədir. O cümlədən, Güney Azərbaycan etirazçıları “Azadlıq, ədalət, milli hökumət” şüarı ilə bunu daha açıq ifadə edirlər.
 
Oktyabr ayının sonlarından başlayaraq, İrandakı etirazlarda radikallaşma tendensiyası müşahidə edilir, bu da bəzi yaşayış məntəqələrində nəzarətin qısa müddətə olsa da, etirazçıların əlinə keçməsi, yüksək rütbəli Sepah və polis məmurlarının öldürlüməsi ilə müşayiət olunur. Buna adekvat olaraq, hakimiyyət qüvvələrinin zorakılığı da artmaqdadır. Noyabrın 19-da İranın ali rəhbəri Ayətullah Əli Xamenei “iğtişaşların yığışdırılacağını” bəyan etmişdir. Bu isə etirazçlara qarşı zorakılıq dozasının artırılacağının siqnalı sayıla bilər.
 
Həmin çıxışında Xamenei maraqlı bir fikir də söyləmiş və bildirmişdir ki, iğtişaşların təşkilatçıları hakimiyyət təmsilçilərini yorub əldən salmaq niyyətini güdürlər. Halbuki, əvvəlki etirazlarda məhz hakimiyyətin özü həmin taktikadan istifadə edirdi, bu da rejimin xalq etirazlarını yatırtmaq sahəsində ənənəvi metodlarının daha özünü doğrultmadığı anlamına gəlir. Hazırkı etirazlarda hakimiyyətin nəinki əvvəllər sınaqdan keçirdiyi taktika, hətta proqnozları və təhlilləri də özünü doğrultmamışdır. Bununla belə, gedişat göstərir ki, İran hakimiyyəti sərt tədbirlərə əl atmaqla, bütün mənfi nəticələrinə rəğmən, etiraz hərəkatını qan içində boğa bilər.
 
Bəs sonra?
 
Gerçəklik budur ki, İran hakimiyyətinin beynəlxalq imicinin daha da pisləşməsi (dronlar məsələsi, nüvə danışıqları, insan haqları kimi səbəblərdən) və yeni sanksiyalarla üzləşməsi ilə sinxron şəkildə baş verən etirazların zorla yatırdılması, eyni zamanda rejimin cəmiyyətə yeni nəsə təklif etmək potensialının olmaması onun düşdüyü dalanın daha da daralmasına gətirib çıxaracaqdır. Xatırladaq: İranda islam respublikasının qurulmasına gətirib çıxaran inqilab müəyyən fasilələrlə bir ildən çox davam etmişdi!       

@cssc_cqtm
👍36
Fransada anti-Azərbaycan qətnamələrinin fərqi

Fransa Senatı anti-Azərbaycan qətnaməsi qəbul etdikdən sonra Milli Assambleya (MA) da ölkəmizə qarşı qətnamə təşəbbüsü ilə çıxış etdi. Qətnamələr bir sıra məqamlar üzrə üst-üstə düşsə də, yanaşma, mövqe və ritorika baxımından fərqlidirlər.

Görünən budur ki, Senatın qəbul etdiyi qətnamə Azərbaycana münasibətdə MA qətnaməsindən daha sərt kontekstə malikdir. Senat Azərbaycanı Qarabağda “təkrarlanan təcavüzdə” (les agressions répétées) ittiham etdiyi halda, MA qətnaməsində Azərbaycanın davranışı “müdaxilə və anneksiya” (l’invasion, l’annexion) sözləri ilə ifadə olunmuşdur.

Təmamilə əks yanaşma xarici aktorlara münasibətdə müşahidə edilir. Senatın qəbul etdiyi qətnamədə Rusiyanın Ermənistana yardım etməməsi birincinin Ukrayna münaqişəsi ilə məşğulluğu ilə izah edilir. MA sənədində isə Rusiya üçtərəfli razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri icra etməməkdə və Ermənistanda 5000-dən artıq hərbçiyə malik olmasına rəğmən “cinayətkar passivlik”də (d’une passivité coupable) və hətta Azərbaycana dolayısı yardım etməkdə ittiham olunur.

MA qətnaməsi Azərbaycanı Ermənistanın 50 km2 ərazisini “işğal” etməkdə ittiham edir. Maraqlı budur ki, Paşinyan KTMT-nin son sammitində çıxışı zamanı Azərbaycanın nəzarətə aldığı əraziləri 140 km2 miqyasında qiymətləndirmişdi. Qətnaməyə görə Azərbaycanın qısamüddətli hədəfi Ermənistan ərazisi üzərindən Naxçıvana dəhliz əldə etmək, uzunmüddətli hədəfi isə “ekspansionist meyllərdən” (des velléités expansionnistes) və “pantürkist lahiyədən” (projet panturc) irəli gələrək Türkiyənin dəstəyi ilə Ermənistanın mövcudluğuna təhdid yaratmaqdır. Müqayisə üçün bildirək ki, Senat tərəfindən qəbul edilən qətnamə Azərbaycanın hədəflərini daha təvazökar formada – “etnik təmizləmə” kimi təqdim etmişdir. Müşahidə etdiyimiz kimi MA qətnaməsi xarici aktorlara (Rusiya, Türkiyə) münasibətdə daha sərt ritorikaya malikdir.

Ən böyük fərqlərdən biri qətnamələrdə Qarabağa münasibətdir. Senat Fransanın Qarabağda humanitar ofisinin yaradılmasını, qondarma qurumun tanınmasının və bu tanınmanın danışıqlar vasitəsinə çevrilməsinin zəruriliyini bəyan etdiyi halda, MA qətnaməsində Qarabağın tanınması və ya orda Fransanın istənilən bir formada təmsil olunması qeyd edilmir. Qətnamənin Qarabağla bağlı hissələri yalnız ermənilərin mədəni-dini irsinin qorunması məsələlərini əhatə edir.

Qarabağın tanınmasını MA qətnaməyə birbaşa salmasa da, mətn çərçivəsində 2020-ci il 3 dekabr tarixli 520 saylı qətnaməyə istinad edir. 520 saylı qətnamənin 1-ci bəndinə görə isə Qarabağın tanınması sülh prosesinin reallaşmasının zəruri hissəsi kimi nəzərdən keçirilir. Bununla belə, adı çəkilən qətnamələrin heç birində Qarabağ ermənilərinə münasibətdə “xalq” terminindən istifadə olunmur. Onun əvəzində hər iki sənəddə “əhali” (des populations) sözündən istifadə olunur.

Daha bir vacib fərq Laçın dəhlizi ilə əlaqədardır. Senat dəhlizin Azərbaycan tərəfindən nəzarətə götürülməsini pisləyib, dəhlizin statusunun dəyişilməz qalmalı olduğunu bəyan edərək, Bakıdan əvvəlki mövqelərə qayıtmağı tələb edir. MA qətnaməsində isə Laçın dəhlizi haqqında hər hansı bir xatırlama və ya qeyd yoxdur.

Minsk qrupuna (MQ) da fərqli münasibət müşahidə edilir. Senat qətnaməsində Ukrayna münaqişəsinin MQ-nin fəaliyyətinə təsirindən ümumi danışılırsa, MA qətnaməsində açıq bildirilir ki, Ukrayna münaqişəsi + Azərbaycanın bu formatı rədd etməsi MQ-nin birgə fəaliyyətinə çətinlik yaradır.

Senat, Fransa hökümətini Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etməyə, Avropa üzrə tərəfdaşlarla birgə Azərbaycandan neft-qaz idxalına embarqonu tədbiq etməyə çağırdığı halda, MA “fərdi iqtisadi sanksiyaların” (de sanctions économiques personnelles) qəbul edilməsini vacib sayır. MA qətnaməsində sanksiya, iddia edilən “işğala” görə yox, Azərbaycanın gələcək mümkün “hücum-işğal” addımlarına qarşı çəkindirici  faktor kimi təklif olunur. Həmçinin Senatdan fərqli olaraq MA qətnaməsində Aİ-ə ölkələrinə Azərbaycana qarşı sanksiyalara qoşulmaq barəsində çağırış yoxdur.

@cssc_cqtm
👍23👎1
Ermənsitan-Hindistan hərbi əməkdaşlığı: səbəblər və perspektivlər

Son aylar Ermənistan-Hindistan əlaqələrində yüksək intensivlik müşahidə edilməkdədir. Sentyabrda Hindistanın BMT-də nümayəndə rəhbəri Tirimurti TŞ iclasında ölkəmizi təcavüzdə ittiham etmiş, bir ay sonra Ermənistan və Hindistan müdafiə nazirləri, noyabrda təhlükəsizlik katibləri ikitərəfli və Hindistanın Xarici Kəşfiyyat Xidmət rəhbərinin iştirakı ilə üçtərəfli görüş keçirmiş və təhlükəsizlik sferasında mövcud razılıqların tezliklə gerçəkləşdirilməsi üzrə razılıq əldə etmişdilər.

Danışıqların nəticəsi kimi, sentyabrın sonu Hindistan Ermənistana $240 mln. dəyərində “Pinaka” raketləri, tankəleyhinə sistemlər və digər sursatları satdı. Ermənistanın Hindistandakı səfiri hərbi əməkdaşlığın bununla bitmədiyini və tezliklə hamının uzun sürəcək əməkdaşlığın nəzərəçarpacaq nəticələrini görəcəyini bildirdi. Bu bəyanatdan sonra Hindistanın “Solar group” müdafiə şirkəti Ermənistandan yeni partiya “Pinaka” raket sistemləri sifarişini aldığını bildirdi. Hökümətə yaxın “ThePrint” nəşri “Akaş” zenit-raket komplekslərinin, hind istehsallı dronların və digər sursatların satılması üzrə də razılığın olmasından xəbər verdi.

Səbəblər

İlin sonuna qədər sülh sazişini imzalamaq istəməyən, Bakının adekvat cavab tədbirlərindən ehtiyat edən və Azərbaycanla mövcud hərbi disbalansı qismən tarazlamaq istəyən İrəvan Hindistanla yaxınlığa can atır. Bu yaxınlığa Rusiya ilə mövcud gərginlik də təsir göstərir. Son aylar Paşinyan dəfələrlə Rusiyanın Ermənistana silah tədarükü üzrə öhdəliklərini yerinə yetirmədiyini təkrarlayıb. Erməni mənbələrinə görə 2021-ci ilin avqustunda Ermənistan Rusiya ilə $500 mln. dəyərində silah müqaviləsi imzaladı. Məbləğin 80%-i öncədən ödənilsə də Rusiya Ermənistana silah göndərmədi və bir müddət sonra ödənilən pulu geri qaytardı.

İqtidara yaxın nəşrlərə (Economic Times, ThePrint, İndian Narrative, The Hindu) əsasən Türkiyə-Azərbaycan-Pakistan tərəfdaşlığı, “üç qardaş” hərbi təlimləri, Azərbaycanın Pakistandan çin istehsallı JF-17 qırıcı təyyarələri almaq istəməsi, Anakara və Bakının Kəşmir məsələsində Pakistanı dəstəkləməsi Nyu-Dehlini narahat olmağa məcbur edir. Cənubi Qafqazda özünü effektiv göstərən koalisiya, “Pakistanın işğalı altında olan Kəşmir də daxil olmaqla, digər teatrlarda birgə fəaliyyəti üçün zəmin yarada bilər”. Məsələyə geosiyasi balans prizmasından yanaşan Hindistan, üç qardaş koalisiyasının “Avrasiyada tam qələbəsini inkar etməklə onların Cənubi Asiyadakı planlarını ləngitmək və puç etmək” istəyir.

Geoiqtisadi cəhətdən Hindistan Fars körfəzi-Qara dəniz nəqliyyat marşrutu vasitəsilə Avropaya qısa yol əldə etmək istəyir. İranda Çabahar limanını inkişaf etdirən Hindistan, Zəngəzur dəhlizi ilə  Fars körfəzi-Qara dəniz marşrutunu bir-birinə zidd layihələr kimi nəzərdən keçirdir. Erməni təbliğatının təsirinə düşən Hindistan rəsmiləri Azərbaycanın zorakı yolla Zəngəzuru ələ keçirəcəyini düşünür və bunu qabaqlamaq üçün Ermənistanı silahlandırmağa çalışır.

SİPRİ-yə görə 2017-2021-ci illərdə dünyada əsas silah ixracatçıları ABŞ, Rusiya, Fransa, Çin, Almaniya, İtaliya, Birləşmiş Krallıq və Cənubi Koreya idi. Hindistanın adı bu siyahıda yoxdur. Ona görə də Hindistan Ermənistan tərəfdən gələn sifarişləri yerinə yetirməklə dünya silah bazarında öz payını artırmağa çalışır.

Rusiya ilə əməkdaşlığa görə Qərb tərəfindən tənqid olunan Hindistan, buna Qərbi “təcavüzkar” Bakı ilə əməkdaşlıqda ittiham etməklə cavab verir. Ermənistanla əlaqələrinin inkişafında baş nazir N.Modinin passionarlığı və anti-islam baxışları da müəyyən rol oynayır.

Perspektivlər

Görünən odur ki, iki ölkə arasında hərbi əməkdaşlıq yaxın perspektivdə daha da inkişaf edəcəkdir. Hindistanın Ermənistanda sabiq səfiri R.Pandey gələcəkdə iki ölkə zabitləri arasında təcrübə mübadiləsinin və birgə hərbi təlimlərin keçirilməsini mümkün sayır.

Gerçəklik isə budur ki, Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatı Hindistanın təşəbbüsü ilə yaradılsa da, Hindistan bu təşkilatın prinsiplərini pozan əsas ölkələrdən birinə çevrilmişdir.

@cssc_cqtm
 
👍26
Lavrov-Bayramov görüşünün konturları

Azərbaycan və Rusiya xarici işlər nazirlərinin son görüşü regional siyasətin konturlarının müəyyən edilməsinə xidmət edir. Görüş Ermənistan-Rusiya münasibətlərində mövcud gərginlik fonunda baş verir. Təsadüfi deyildir ki, görüşdən bir gün əvvəl Rusiya xarici işlər nazirliyinin rəsmi saytında ikitərəfli münasibətlərin vəziyyətinə dair paylaşılan məlumatda Azərbaycan Rusiyanın Cənubi Qafqaz və Xəzər dənizində vacib tərəfdaşı və müttəfiqi adlandırılmışdır. Hazırda regionda Rusiya üçün ən proqnozlaşdırılan ölkə məhz Azərbaycandır.
 
Rusiya görüş ilə bağlı paylaşdığı rəsmi məlumatlarda 4 dəfə 2022-ci il müttəfiqlik fəaliyyəti haqqında bəyannaməyə istinad etmişdir. Bəyannamə 43 bənddən ibarət olsa da, Rusiya sənədin məğzini “xarici siyasətin əlaqələndirilməsi, hərbi-siyasi əməkdaşlığın gücləndirilməsi və beynəlxalq terrorizmə qarşı mübarizədə qüvvələrin birləşdirilməsi” kimi təqdim etmişdir.
 
Görüşdən bir neçə vacib nəticə çıxarmaq olar:
 
1. Lavrov bir daha sülh müqaviləsinin Rusiya variantını irəli çəkməyə cəhd etmişdir. Lavrov 10 noyabr, 11 yanvar, 26 noyabr və 31 oktyabr tarixli üçtərəfli razılaşmaların bütün müddəalarının icra edilməsinin vacib olduğunu qeyd edib, bu bəyanatların bütün məsələlərin, o cümlədən nəqliyyat və iqtisadi əlaqələrin bərpa edilməsi, sərhədlərin delimitasiyası və sülh müqaviləsinin bağlanması üzrə “tam hüquqlu həlli üçün sanballı, möhkəm, etibarlı əsas” olaraq qaldığını bildirmişdir. Rusiyanın bütün səylərinə rəğmən, Bakı həm sülh sazişinin Moskva variantını, həm də İrəvanın çərçivə sazişi variantını rədd etmişdir. Beləliklə, danışıqlar Azərbaycan variantı üzərində aparılmaqdadır.
 
2. C.Bayramov çıxışı zamanı Azərbaycanın Qarabağ ermənilərinə digər vətəndaşlarla bərabər hüquqlar bəxş edəcəyini bildirmişdir. Bu o anlama gəlir ki, Bakı ermənilərə arzuladıqları “status”u verməyəcəkdir. Çıxışında Lavrov “postmünaqişə” sözündən istifadə edib, Rusiya şirkətlərinin “Azərbaycan ərazilərinin” bərpa edilməsində aktiv iştirak etməyə hazır olduğunu bildirib.
 
3. Putinin Valday, Lavrovun isə 1 dekabr tarixli çıxışından sonra Rusiya növbəti dəfə görüş zamanı Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsində tanımağa doğru getdiyini bildirdi. 1 dekabr tarixli çıxışında Lavrov qeyd etmişdir ki, Alma-Ata Bəyannaməsi çərçivəsində sülh sazişinin imzalanması Qarabağın Ermənistan tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınması anlamına gəlir. Görüşdən sonra Lavrov Praqa görüşünün danışıqlarda yeni mərhələ açdığını və sülh sazişinin BMT və Alma-Ata Bəyannaməsi əsasında imzalanacağını bildirdi.
 
4. Görüşdə Azərbaycanı narahat edən məsələlər (kommunikasiyalar, erməni silahlilarının Qarabağda qalması, mina daşınması, təbii sərvətlərin qanunsuz istismarı və s.) müzakirə edildi. Kommunikasiyalar üzrə ortaq yanaşmanın olduğunu 4 dekabr tarixli məlumatdan müəyyən etmək mümkündür. Həmin məlumatda bildirilir ki, “Rusiyanın səylərinin ən mühüm istiqaməti regionda nəqliyyat kommunikasiyalarının açılmasıdır”. Təbii sərvətlərin qanunsuz istismarı məsələsində də müəyyən razılığın əldə edildiyini qeyd edə bilərik. Lavrova görə RSK-nın iştirakı ilə Azərbaycan qurumlarının nümayəndələri bu məsələnin həll edilməsi üzrə işləyir. Təsadüfi deyildir ki, bu bəyanatdan sonra Laçında RSK-nın məsuliyyət zonasına qadağan olunmuş əşyaların gətirilməsinin qarşısının alınması məqsədilə rentgen skanerin quraşdırılacağı elan edildi.
 
5. C.Bayramova əsasən, Bakı üçüncü şərhlər paketini İrəvana təqdim edib, ilin sonuna kimi sülh müqaviləsi layihəsi üzrə danışıqların üçüncü raundunun keçirilməsini mümkün sayır. Burda aparıcı söz “danışıqlar” olduğundan C.Bayramovun sözlərindən belə nəticəyə gəlmək olar ki, ilin sonuna qədər sülh sazişinin imzalanma şansları çox aşağıdır.
 
Nəticə etibarı ilə, Moskva Bakının Laçın dəhlizini nəzarətə götürmək üçün diplomatik hazırlıq işlərini gördüyünü dərk edib Bakı ilə əməkdaşlığa üstünlük vermişdir. Bununla belə, Rusiyanın yenə öz həll variantını irəli çəkməyə çalışması predmetli danışıqların ikitərəfli qaydada Vaşinqtonda aparılacağını deməyə əsas verir.

@cssc_cqtm
👍26
“Qarabağ erməniləri” məsələsi sülh müqaviləsinə maneə törədə biləcəkmi?

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ən çox müzakirə olunan mövzuya çevrilib. Azərbaycanın təqdim etdiyi prinsiplər əsasında gedən danışıqların ən böyük dəstəkçisi ABŞ-dır. ABŞ-ın məqsədi Rusiyanı zəiflətməkdir. Vaşinqton İrəvan-Bakı və İrəvan-Ankara münasibətlərinin normallaşdırılmasını, Bakı-Xankəndi arasında dialoqun yaradılmasını zəruri sayır.

İrəvan-Ankara münasibətləri Bakı-İrəvan münasibətlərindən asılı olduğundan ABŞ ilk olaraq Bakı və İrəvan arasında sülh sazişinin imzalanmasına çalışır. Sülh sazişi ərazi bütövlüyünün tanınması əsasında imzalanmalıdır. Bununla belə, ABŞ-ın fikrincə İrəvan və Bakı arasında danışıqlar Bakı-Xankəndi arasındakı danışıqlara paralel aparılmalıdır. “Vaşinqton sənədinin” III bəndinə əsasən, Azərbaycan höküməti Qarabağdakı etnik erməni icması ilə işləmək üçün nümayəndə təyin etməlidir. Ermənistanın Bakı və Ankara ilə münasibətlərini nizamlaması İrəvanın Moskvadan asılılığını azaldıb, Rusiyanın CQ-da mövqelərini zəiflədəcəkdir. Bakı-Xankəndi arasında dialoq isə Rusiya sülhməramlılarını qeyri-aktual edib, Rusiyanın 2025-ci ildə Azərbaycandan getməsini şərtləndirəcəkdir.

Bunu qabaqlamaq üçün Rusiya Qərb variantını fərqli səviyyələrdə və müxtəlif platformalarda Ermənistanın maraqlarına zidd ssenari kimi təqdim edir. Paralel olaraq Vardanyan kartından istifadə edib, Bakı-Xankəndi danışıqlarına müdaxilə edərək öz mövqelərini təmin etmək istəyir.

Bakı-Xankəndi formatı Paşinyana Qarabağ yükünü Ermənistanın üzərindən atmaq baxımından vacibdir. Paşinyan Bakı və Xankəndi arasında dialoqu, beynəlxalq qurumlardan mediatorların iştirakı ilə (iki xalqın seçilmiş nümayəndələri arasında) danışıqlar formatı kimi təqdim etməyə çalışır. Ermənistanın hədəfi dəyişməz qaldığı halda, yanaşması tranformasiyaya uğrayıb. 5 illik hökümət proqramına görə Qarabağ probleminin həlli “remedial secession” (islahedici ayrılma) prinsipinə əsaslanmalıdır. Qarabağın islahedici ayrılmasının təşkil edilməsinin ilkin şərti isə Azərbaycanın ərazi bütövlüyünün tanınmasıdır. Buna görədir ki, Paşinyan son müsahibələrində Ermənistanın hələ 2007-ci ildə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bildirmişdir. Əsas hədəf çərçivə sənədi imzaladıqdan sonra “soyqırım” narrativini irəli çəkərək Qarabağın Azərbaycandan islahedici ayrılmasını təşkil etməkdir.

Digər ölkələrdən fərqli olaraq Bakının yanaşması ciddi dəyişikliyə uğramayıb. 2020-ci il Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti bildirmişdi ki, biz o vaxt Qarabağ erməniləri ilə danışmağa hazır olarıq ki, Ermənistan qeyri-qanuni rejimin maliyyələşdirilməsini dayandırsın və bütün hərbi qoşunları Qarabağdan çıxarsın: “Sonra isə bizim həmin insanlarla danışıq aparmağa arqumentimiz olacaq. Lakin, nə qədər ki, onlar oradadır, bu, baş verməyəcək”. 

Təcrübə göstərir ki, Bakı və Xankəndi arasında təmaslar (nəqliyyat, Sərsəng su anbarı, cənazələrin verilməsi və s.) olub. Hazırda baş prokurorluq A.Arutyunyan və bir çox digər separatçılara qarşı cinayət işləri açıb, onları beynəlxalq axtarışa verib. Aydındır ki, Bakı nə cinayətkarlarla, nə də ki “Moskvadan çox aydın bir gündəliklə göndərilən” Vardanyan kimiləri ilə danışıqlar aparmayacaq.

Bakının mövqeyi budur ki, ermənilər Azərbaycan vətəndaşları və etnik azlıqdır. Ermənilərə Konstitusiya ilə müəyyən edilən bütün hüquqlar şamil olunacaq və onların mövqeyi Azərbaycanda yaşayan digər etnik azlıqlara bərabər tutulacaqdır. Ölkədə azlıqların hüquqları Ombudsman institutu tərəfindən qorunur. Azərbaycanın qoşulduğu milli azlıqların qorunması haqqında Çərçivə Konvensiyasının 25-ci maddəsinə əsasən, dövlət azlıqlara mənsub olan şəxslərin hüquqlarına dair hesabatlar təqdim edir.
 
Beləliklə, Bakı qarşısında bir neçə seçim var:

- Qarabağ erməniləri ilə təmaslar qurandan sonra Ermənistanla sülh sazişi imzalamaq.
- Ermənistanla sülh sazişi imzaladıqdan sonra erməni azlıq ilə danışıqlara getmək.
- Ermənistanın Qarabağla bütün əlaqələrini kəsmək istiqamətində addımlar atmaq; İrəvanı və vasitəçiləri fakt qarşısında qoymaq.

@cssc_cqtm
👍26👎1
Tehran seçim qarşısında: İranın nüvə proqramı

ABŞ-ın dövlət katibi E.Blinkenə görə, nüvə silahına malik olan və ya ona malik olmaq ərəfəsində olan İran, istər terrorizmi, istər də proksilərini dəstəkləmək baxımından daha təhlükəli olacaqdır. İran nüvə silahının rəsmi ideologiyaya zidd olduğunu bildirsə də, xaricdə bu bəyanata heç kim inanmır.

2010-cu ildə BMT TŞ İranın aparıcı iqtisadi sahələrinə sanksiya tətbiq etməyə icazə verən qətnamə qəbul etdi. Sanksiyalar nəticəsində İranın neft hasilatı 2012-ci ilin yanvarından 2013-cü ilin martına qədər sutkada 3,8 mln. bareldən 2,7 mln. barelə, ixracı isə 2,4 mln. bareldən 1,3 mln. barelə qədər azaldı. İran ildə $35-50 mlrd., bəzi mənbələrə görə isə $70 mlrd. puldan məhrum oldu. Dünya Bankının 2015-ci il hesablamalarına görə, neft, İranın ümumi ixrac gəlirlərinin təxminən 80%-ni, dövlət gəlirlərinin isə 50-60%-ni təşkil edirdi. Sanksiayalar + İranın SWIFT-dən çıxarılması rialın dollara qarşı 40% ucuzlaşmasına, inflyasiyanın 30%-i ötməsinə, ölkə üzrə müəssisələrin 67%-nin müflisləşməsinə səbəb oldu. Stenford Universiteti tərəfindən aparılan son araşdırmaya görə isə sanksiyalar İranı 40 il geriyə atdı.

2015-ci ildə çoxtərəfli nüvə razılaşması əldə edildi. Obama administrasiyasına görə razılaşma İranın nüvə silahı yaratma potensialını bir neçə aydan bir ilə qədər uzatmışdı. 2016-cı ilin yanvarında MAQATE İranın sanksiyaların ləğvi üçün lazım olan işləri başa çatdırdığını təsdiqlədi.

Razılaşmanın İranın “zərərli fəaliyyətləri”ni, ballistik raket və nüvə proqramını lazımınca məhdudlaşdıra bilmədiyini əsas gətirən D.Tramp 2018-ci ildən ABŞ-ı razılaşmadan çıxardı. Bu qərarı dəstəkləməyən dövlət katibi Tillerson və milli təhlükəsizlik məsələləri üzrə müşavir Makmaster Tramp tərəfindən daha loyal Pompeo və Boltonla əvəzləndi. V.Börns və C.Sallivan Trampın nüvə razılaşmasından çıxma qərarını və Q.Süleymaninin öldürülməsini birgə yazdıqları iki məqalədə tənqid etdilər.

2020-ci ildə C.Bayden prezident seçiləcəyi təqdirdə nüvə razılaşmasına qayıdacağını vəd etdi. Trampın tənqidçiləri V.Börns yeni administrasiyada CİA müdiri, C.Sallivan isə milli təhlükəsizlik müşaviri təyin edildi. Senat Baydenin yanaşmasını dəstəkləsə də, senatorlar R.Menendez və K.Kuns İrana əvvəlkindən daha sərt olmağı məqsədəuyğun saydılar.

Rusiya-Ukrayna müharibəsi nüvə razılaşmasını daha da aktual etdi. Razılaşma bərpa olunacağı təqdirdə, sanksiyaların bir hissəsi götürüləcək, İran neft ixracını artıracaq və beləliklə, neft qiymətləri aşağı düşəcəkdi. Bloomberg-ə görə avqustda razılaşma ərəfəsində neftin qiyməti fevral ayından bəri ilk dəfə olaraq $92-dan aşağı düşmüşdür. İran mediasına görə Qərb məxfi danışıqlar zamanı Tehranın neft ixracını kəskin şəkildə artırmaq və Moskva ilə əlaqələri kəsmək şərtlərini qəbul etdiyi halda İrandakı etirazlara dəstəyi dayandıracağını vəd edib.

Rusiya SEPAH vasitəsilə müdaxilə edərək razılaşmanın qarşısını almışdır. Danışıqların dayandırılması Brent markalı neftin qiymətini 4% artırıb, $113,6-a çatdırdı. Xarici işlər nazirliyindən fərqli olaraq SEPAH sərt xəttin tərəfdarıdır. RAND Corporation-a görə SEPAH-dan İranın ali liderinin xarici siyasət üzrə bir çox müşavirləri çıxıb. M.Pompeo isə CİA-nın müdiri olduğu vaxtda SEPAH-ın İran iqtisadiyyatının 20%-nə nəzarət etdiyini bildirmişdi. Razılaşmanın dayandırılması müqabilində Qazprom İrana $40 milyard sərmaye qoyacağı vədini vermiş və Britaniya və ABŞ istehsalı olan NLAW, Javelin və Stinger raketlərinin qalıqlarını İrana ötürmüşdür.

Görünən odur ki, hazırda İran seçim qarşısındadır:

Nüvə razılaşmasını bərpa edib beynəlxalq təcriddən xilas olmaq. Bunun üçün İran Rusiya ilə iqtisadi münasibətləri qorumaq şəraitində hərbi münasibətləri minimuma endirməlidir. Bu razılaşmanın əldə edilməsinin əsas şərtidir.
Nüvə proqramını və Rusiya ilə münasibətləri davam etdirmək. Əgər İran bu yanaşmanı seçərsə ABŞ İsrail ilə birlikdə İranın nüvə proqramının reallaşdırılmasını qabaqlamaq üçün ona qarşı siyasəti daha da sərtləşdirə və hətta hərbi zərbələr endirə bilər.

@cssc_cqtm
👍29👎2
Makronun üzünə vurulan şillələr

Fransa Makronun hakimiyyəti illərində Afrika, Avropa, Asiya və Amerikada ardıcıl uğursuzluqlarla qarşılaşmışdır. Malidə dövlət çevrilişi baş verdikdən sonra Fransa 10 il ərzində saxladığı hərbi kontingenti ölkədən çıxarmağa məcbur olmuşdu. Malinin yeni rəhbərliyi MAR-da qızıl-almaz yataqları və siyasi rəhbərliyi qoruyan Vaqnerçiləri ölkəyə dəvət etmişdir. Makron səriştəsizliyinin günahını Rusiyanın üstünə atmağa çalışsa da, Tunisdə keçirilən Frankofoniya sammitində bəzi nümayəndələr Fransanı keçmiş müstəmləkələrdəki tarixi, iqtisadi və siyasi nüfuzundan sui-istifadə etməkdə ittiham etmişdilər. Burkina-Fasoda hərbi çevrilişdən sonra etirazçılar Fransa bayraqlarını yandırıb, Rusiya bayraqlarını dalğalandırmışdılar.

Əlcəzairdən şillə

Əlcəzair tarixən Fransaya digər müstəmləkələrlə müqayisədə daha yaxın idi. 2022-ci ilin iyununda isə ümummilli sorğuda iştirak edənlərin 90%-dən çoxu fransız dilinin məhdudlaşdırılmasının leyhinə fikir bildirmişdilər. Əlcəzair məktəblərində fransız dili məcburi fənnlər siyahısından çıxarılmış, üstünlük ingilis dilinə verilmişdir. Əlcəzairə səfər edən Makron küçədə öz ünvanına təhqirlərlə, prezident sarayının girişində isə ingiliscə yazı ilə (əvvəllər bütün dövlət idarələrində yazılar fransızca idi) qarşılaşdı.

Türkiyədən şillə

Fransa Türkiyənin artan geosiyasi gücünə balans qismində İsrail, Misir, Yunanıstan, İtaliya, Kipr və İordaniyanın daxil olduğu Şərqi Aralıq dənizi Qaz Forumunu yaratsa da, pandemiyanın Aİ iqtisadiyyatına təsiri + Rusiya-Ukrayna müharibəsi + Türkiyənin Qara dənizdə böyük qaz yataqları kəşf etməsi psevdo-ittifaqın parçalanmasını qaçılmaz etdi. Türkiyə Misir, Səudiyyə Ərəbistanı və İsrail ilə münasibətləri yeni səviyyəyə qaldırdı. Rəsmi Tel-Əviv Türkiyə ilə münasibətlərin normallaşması üçün Ankaradan Fələstindəki bəzi “strukturlarla” əlaqələrini dayandırmağı tələb etmədiyini bildirdi.

Putindən şillə

Uğursuzluqlar siyahısına Fransanın Ukrayna münaqişəsində vasitəçiliyini də əlavə etmək vacibdir. 8 fevral tarixində Makron Putinlə telefon danışığında məqsədinə çatdığını bildirdi. Financial Times Makron və Putinin vəziyyətin deeskalasiyasına dair saziş imzaladığını bildirsə də, Peskov Makronla hər hansısa bir razılığın olmadığını bildirdi. Müharibə müddətində uğursuz vasitəçilik cəhdləri Fransanın və şəxsən Makronun real siyasi çəkisi haqqında suallar formalaşdırdı.

Şoltsdan şillə

Fransa Aİ-nin Çinə qarşı vahid siyasət yürütməli olduğunu bildirsə də, Şolts, Makronun yerinə Çinə Volkswagen, BMW və Siemens şirkətlərinin rəhbərləri ilə yollandı. Welt qəzetinə görə Berlin-Paris arasında münasibətlər, qaz qiymətləri ilə bağlı mübahisələr, Makronun Aİ-nin müdafiə siyasəti ilə bağlı baxışlarının Şolts tərəfindən dəstəklənməməsi səbəblərindən ən aşağı səviyyədədir.

Baydendən şillə

Ən böyük diplomatik uğursuzluqlardan biri ABŞ-ın 12 sualtı qayığın tədarükü ilə bağlı 56 mlrd. avroluq sazişi Frasanın əlindən almasıdır. Fransanın xarici işlər naziri J.Drian bunu “arxadan vurulan bıçaq” adlandırmışdır. Baydenin İnflation Reduction Act-ı Aİ tərəfindən iqtisadi təhdid kimi qiymətləndirilsə də Şolts Makronun ABŞ-a səfərini və Vaşinqtonla münasibətləri korlamağı strateji səhv adlandırmışdır. Şoltsun xəbərdarlıqlarına rəğmən, ABŞ-a səfər edən Makron ABŞ-ın siyasi isteblişmenti və ekspertləri tərəfindən kəskin tənqid olunmuşdur.

Digər nümunə: Fransa Mərkəzi Asiya ölkələri ilə təmaslarını artırsa da, Avropanın bu region ilə fiziki əlaqəsini təmin edən Azərbaycanla münasibətlərini əksinə daha da gərginləşdirir.

Uğursuzluq dərəcəsinə görə Makron yalnız Paşinyanla rəqabət apara bilər. Ola bilsin iki siyasətçinin bu qədər yaxın olmasının sirri elə bundadır. Makron Ermənistanı dəstəkləməklə bir tərəfdən Moskva və Ankaradan əvəz çıxmağa, digər tərəfdən isə bütün uğursuzluqların fonunda qismən daxildə siyasi simasını qorumağa çalışır. Halbuki fransızların özləri də mütəmadi olaraq Makronu şillələyirlər.

@cssc_cqtm
👍40
Yeni dünya nizamının qaydaları – Səudiyyə Ərəbistanının nümunəsində

ABŞ-ın hegemoniyasına hədə təkcə Çin və Rusiya kimi ənənəvi rəqiblərdən deyil, o cümlədən Səudiyyə Ərəbistanı, Türkiyə, Pakistan, Azərbaycan və digər regional güclərdən gəlir. ABŞ-ın 2022-ci il tarixli Milli Təhlükəsizlik Strategiyasına əsasən Rusiya və Çin fərqli çağırışlar yaradır. Rusiya beynəlxalq nizamın əsas qanunlarını düşüncəsiz şəkildə pozaraq, azad və açıq beynəlxalq sistemə birbaşa təhlükə yaradır. Çin isə əksinə, birbaşa təhlükə olmasa da, beynəlxalq nizamı yenidən formalaşdırmaq niyyətində olan və bunu həyata keçirmək üçün iqtisadi, diplomatik, hərbi və texnoloji gücə malik olan yeganə rəqibdir.

Sadə dillə desək, zaman ABŞ-ın xeyrinə işləmir: ABŞ-ın siyasi təsir gücü günü-gündən azaldığı halda, Çinin təsir gücü artmaqdadır. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin hesablamalarına görə əsrin sonuna dünyanın iki ən qüdrətli dövləti Çin və Hindistan olacaqdır. Onların gücü indikindən iki dəfə daha çox, ABŞ və Aİ-nın qüdrəti isə indikindən iki dəfə daha az olacaqdır. ABŞ baş qərargah rəisinin müavini C.Heyten ABŞ-ın son beş ildə 9, Çinin isə yüzlərlə hypersonic raket sınaqlarını keçirdiyini bildirib. Baş qərargah rəisi M.Milliyə görə Çin bu sınaqlarla ABŞ-ın raket əleyhinə hücum sistemlərindən yan keçmək istəyir. D.Tramp qüvvələr nisbətinin ABŞ-ın xeyrinə olduğu qədər Çinlə rəqabəti məqsədəuyğun sayıb, Pekinə ticarət müharibəsi elan etmişdi. Bu kurs C.Bayden tərəfindən davam etdirilməli idi. Lakin, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi prioritetlərə təsir göstərib, nəticədə diqqət və resursların böyük hissəsinin Rusiya əleyhinə yönəldilməsini aktuallaşdırdı.

Rusiyanın əsas gəlir mənbəyi enerji resurslarının ixracı olduğundan Qərb, neft-qaz qiymətlərinin aşağı salınması siyasətini həyata keçirir. Vaşinqton İranla nüvə razılaşmasının bərpa olunmasına, Venesuella ilə sanksiyaların aradan qaldırılmasına, Qətər ilə enerji axınlarının Qərbə tərəf yünəldməsinə, Səudiyyə Ərəbistanı (SƏ) ilə neft hasilatının artırılmasına dair danışıqlar apardı. Bəzi hallarda danışıqlar uğurla yekunlaşdığı halda, digər hallarda Vaşinqton diplomatik fiaskoya uğradı.

SƏ nəinki ABŞ-ın tələblərini qəbul etmədi, əksinə OPEC+ ölkələrinin neft hasilatının sutkada 2 mln. barrel azaldılmasına nail oldu. Bloomberg-in hesablamalarına görə bu qərar neft qiymətlərinin $100-dan yüksək olmasına və ABŞ-ın məcbur olaraq öz yataqlarından istifadə etməsinə gətirə çıxara bilər. Qeyd edək ki, Tramp SƏ ilə $110 mlrd. dəyərində silah razılaşmasına nail olsa da, Bayden bu sazişin icra edilməsinə mane oldu. Görünən odur ki, Bayden hakimiyyətə gəldikdən sonra ər-Riyad və Vaşinqton arasında münasibətlərdə gərginlik var. Birinci xarici səfərini ər-Riyada edən Tramp ölkədəki insan haqqları məsələsinə və SƏ-nin qonşu Yəməndə fəaliyyətinə müdaxilələr etmirdi. Bayden isə əksinə, hələ vitse-prezident olduğu vaxtda kral ailəsinin daxili və xarici siyasətini tənqid edirdi.

Buna cavab olaraq ər-Riyad Moskva və Pekin ilə münasibətlərini inkişaf etdirdi. Çin son illərdə ABŞ-SƏ ikitərəfli ticarətini geridə qoyaraq ər-Riyadın ən böyük ticarət tərəfdaşına çevrildi. Çin şirkətləri SƏ-də meqalayihələr icra edirlər: 5G infrastrukturu və hərbi pilotsuz təyyarələrin hazırlanması. Çin həmçinin SƏ-na Baydenin vermədiyini − daxili siyasətə müdaxilə etmədən qarşılıqlı faydalı əməkdaşlıq təklif edir.

Pekin-ər-Riyad əlaqələri nə qədər inkişaf etsə də, Çin ABŞ-ı təhlükəsizlik məsələlərində əvəzləyə bilmir. SƏ-nin İranla, İraqla mövcud problemlərdə arxalandığı əsas qüvvə ABŞ-dır. Ümumiyyətlə, SƏ-nin ABŞ və Çinə münasibətdə yanaşmasını ölkənin o vaxtkı xarici işlər nazirinin Washington Post-a verdiyi müsahibəsindəki fikri ilə ifadə etmək olar. Nazir Səud əl-Feysələ görə, ABŞ-SƏ münasibətləri yalnız bir arvadın olmasına icazə verən “katolik nikahı” yox, dörd arvad almağa icazə verilən “müsəlman nikahı”dır. O vaxtlar olduğu kimi hazırda da SƏ ABŞ-dan boşanmaq yox, digər ölkələrlə evlənmək istəyir.

@cssc_cqtm
👍30
Türkmənbaşı sammitinin geosiyasi aspektləri

14 dekabrda Aşqabadda Azərbaycan, Türkiyə və Türkmənistan liderlərinin iştirakı ilə üçtərəfli sammit baş tutdu. Azərbaycan Türkmənistanla 2017-ci il sazişi ilə strateji tərəfdaş, Türkiyə ilə isə 2021-ci il Şuşa Bəyannaməsi ilə strateji müttəfiqdir.

Bakı və Aşqabadı mədəni-tarixi faktorlardan başqa oxşar coğrafi şərait birləşdirir. Hər iki tərəfin açıq dənizlərə və okeanlara çıxışı yoxdur. Bu amil tərəfləri fərqli cəhətlər üzrə diplomatiyanı aktivləşdirməyə stimullaşdırır. 30 il ərzində Bakı əsasən Qərb, Aşqabad isə Şərq istiqaməti üzrə əlaqələri inkişaf etdirmişdir. Hazırda əldə edilən nailiyyətlərin, resursların, əlaqə kanallarının mübadiləsi ekzistensial zərurətə çevrilmişdir. Bu Bakı, Aşqabad və Ankaraya iqtisadi mənfəət gətirməklə yanaşı, hər 3 tərəfin siyasi çəkisinin artmasına şərait yaradacaqdır.

Türkmənistan Azərbaycan və Türkiyə üçün Mərkəzi Asiyaya açılan iki qapıdan biridir. Son illər tərəflər arasında iqtisadi əlaqələr çox inkişaf etmişdir. 2022-ci ilin ilk 10 ayı ərzində Bakı və Ankara arasında ticarət dövriyyəsi $5 mlrd., Bakı-Aşqabad arasında ticarət dövriyyəsi isə $400 mln. təşkil etmişdir. Qeyd edək ki, keçən illə müqayisədə bu il Bakı və Aşqabad arasında ticarət dövriyyəsi 5 dəfə artmışdır.

Ticarətin artması logistika infrastrukturunun inkişafını zəruri edir. Hazırda Bakı və Aşqabad Xəzərin əks sahillərində, Ankara isə Aralıq və Qara dənizdə logistika imkanlarını genişləndirir. Bakı-Tbilisi-Qars dəmiryolunun yük ötürmə həcminin 1 mln. tondan 5 mln. tona çatdırılması üçün $100 mln.-dan artıq sərmayə ayrılıb. Dəniz tranzitinin ötürmə gücünün artırılması məqsədilə yeni tanker, bərə və yük gəmilərinin, hava tranziti imkanlarının artırılması məqsədilə isə əlavə 9 yük təyyarəsinin alınması planlaşdırılır. Durmadan artan ticarət ənənəvi marşrutlarla yanaşı yeni nəqliyyat dəhlizlərinin – Zəngəzur dəhlizinin açılmasını aktual edir. Ölkə başçısına görə Azərbaycan artıq Zəngəzur dəhlizinin açılması üçün zəruri olan dəmiryol xəttinin 40%-ni, avtomobil yolunun isə 70%-ni yekunlaşdırıb.

Çoxtərəfli əlaqələrdə enerji də vacib əhəmiyyət kəsb edir. Türkmənistan təbii qaz ehtiyatlarına görə dünyada dördüncü yerdədir. Türkmənistan qazının böyük hissəsi Çinə ixrac edilir. 2019-cu ildə Çinin boru kəməri vasitəsilə qaz idxalının 60%-dən çoxu Türkmənistanın payına düşürdü. Bu göstərici ilə Türkmənistan Çinin ən böyük təbii qaz tədarükçüsü idi. Lakin, Rusiyanın Çinə enerjini güzəştli qiymətlə satması Türkmənistanın Asiya bazarında mövqelərini zəiflədir. Rusiya öz növbəsində Türkmənistan üçün alternativ bazar deyil. Aşqabad Qərbin ikincidərəcəli sanksiyalarından ehtiyat edib, Rusiya ilə münasibətləri inkişaf etdirmir. Digər tərəfdən Rusiyanın Qərbə təzyiq etmək məqsədilə Qazaxıstan neftinin nəqlinə bir neçə dəfə mane olması Aşqabadın Moskvaya etibarını azaltmışdır.

Asiyada qaz qiymətləri aşağı düşdüyü halda avqustda Avropa bazarında bir m3 qazın qiyməti $2700-a çatmışdı. Qış aylarında bu göstəricinin daha yüksək olacağı gözlənilir. Ona görə də Türkmənistanın Avropaya nəzər yetirməsi istər diversifikasiya, istərsə də iqtisadi mənfəət baxımından əhəmiyyətlidir. Çin ilə yanaşı Avropaya da qazın nəqli Türkmənistanın beynəlxalq arenada siyasi çəkisini artırıb, ölkəyə yeni investisiyaların cəlb edilməsinə şərait yarada bilər. Bakı və Ankara Aşqabada bu məsələdə yardım etməyə hazırdır. Tərəflər arasında artıq müəyyən enerji razılaşması mövcuddur. 2021-ci ildə Azərbaycan İran vasitəsilə Tükrmənistandan SVOP şəklində 1,5 milyard kub metr qaz almağı razılaşdırmışdır. Azərbaycan türkmən qazı sayəsində yerli tələbatı ödəyib, Qərb istiqamətində öz ixrac potensialını artırmaq imkanı qazanır. Perspektivdə yeni enerji xəttlərinin çəkilməsi Türkmənistana Azərbaycan və Türkiyə vasitəsilə Avropaya qaz nəql etməyə imkan verəcəkdir.

@cssc_cqtm
👍30