CSSC Baku – Telegram
CSSC Baku
3.07K subscribers
12 photos
2 videos
201 links
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) Azərbaycanda, Bakıda yerləşən, Cənubi Qafqazda və onun qonşuluğunda siyasi və iqtisadi prosesləri tədqiq edən müstəqil qeyri-hökumət təşkilatıdır. Yayımlanan materiallara istinadın verilməsi vacibdir. www.cssc.az
Download Telegram
Azərbaycan - Mərkəzi Asiyanın Qərbə açılan qapısı
 
Son dövrlərdə formalaşan qlobal geosiyasi vəziyyət Azərbaycan və Mərkəzi Asiya (MA) ölkələri arasında əlaqələrin möhkəmlənməsini zəruri edir. Hazırda dövlətlərarası əlaqələr ikitərəfli formatla yanaşı, həm də çoxtərəfli platformalar çərçivəsində inkişaf edir. Bugünlərdə həmin platformalar sırasına daha biri - MA Dövlət Başçılarının Məşvərət görüşləri əlavə olunub.
 
Vahid tarixi-mədəni region
Məşvərət görüşlərinin keçirilməsi təşəbbüsü 2017-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən irəli sürülüb. Sayca 5ci olan Tacikistanda təşkil edilən toplantıya Azərbaycan Prezidenti İlham Əliyevin fəxri qonaq qismində dəvət olunması ilə Məşvərət görüşlərinin formatı genişlənib. Tədbirin tarixi ərzində görüşə dəvət olunan ilk regiondankənar dövlət başçısının məhz Azərbaycan Prezidenti olması təsadüfi deyil.
 
Ötən illərdə Azərbaycan və bölgə dövlətlərinin rəhbərləri arasında ikitərəfli qarşılıqlı rəsmi səfərlərin intensivliyi, eləcə də müxtəlif çoxtərəfli platformalar, xüsusən də Türk Dövlətləri Təşkilatı çərçivəsində təmasların artması bütün tərəflərin günümüzün tələblərini kifayət qədər yaxşı anlamasından və əməkdaşlığın dərinləşdirilməsini hədəfləyən siyasi iradənin mövcudluğundan xəbər verir. Liderlər MA və Azərbaycanın vahid tarixi-mədəni region olmasından çıxış edərək, bölgə xalqları arasındakı ortaq köklərə və çoxəsrlik bağlara arxalanaraq, qlobal geosiyasi güc mərkəzlərinin iştirakı olmadan dövlətlərarası əlaqələrin inkişafı istiqamətində addımlayırlar.
 
Əməkdaşlıq sahələri
Artıq 30 ildən çoxdur ki, Azərbaycan və MA ölkələri müstəqil dövlətlər olaraq aktiv şəkildə qarşılıqlı fəaliyyət aparır. Siyasi müstəvidə bu dövlətlər bir-birinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, iqtisadi sahədə isə ticarət və nəqliyyat əlaqələrini inkişaf etdirir. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən il Azərbaycanın MA ölkələrilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin ilk yeddi ayı ərzində isə 50% artıb. Ölkəmizin Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malik olması MA-dan yüklərin göndərilməsinə artan tələbat fonunda Azərbaycanı region dövlətləri üçün əvəzedilməz ticari tərəfdaşa və vasitəçiyə çevirir.
 
Günümüzdə Azərbaycan MA ölkələri üçün Türkiyə və Avropa bazarlarına çıxış istiqamətində etibarlı tranzit ölkəsidir. Bu baxımdan, MA ilə Azərbaycanın birgə çalışdığı vacib layihələrdən biri Orta Dəhlizdir. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu və Zəngəzur dəhlizinin istifadəyə verilməsilə bölgənin Avropa və Asiya arasında tranzit qovşağı kimi əhəmiyyəti artacaq. Bunu təmin etmək üçün hazırda Şərq-Qərb nəqliyyat dəhlizinin rəqəmsallaşdırılması çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsi olan fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş “Rəqəmsal İpək Yolu” layihəsi üzərində intensiv iş aparılır.
 
Eyni zamanda, MA şirkətlərinin Ələt Azad İqtisadi Zonasına marağı artır. Hazırda sənaye (maşınqayırma, avtomobil istehsalı, gəmiqayırma), kənd təsərrüfatı (pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq), mehmanxana işi və turizm sahələrində çoxsaylı layihələr həyata keçirilir. Bu layihələrin icrası məqsədilə ölkələr arasında birgə sərmayə fondları yaradılıb və növbəti üç il üzrə bir milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb.
 
Nəticə
Beləliklə də, Azərbaycan Prezidentinin MA Dövlət Başçılarının Məşvərət görüşündə iştirakı mövcud geosiyasi vəziyyətdə ölkəmizin MA üçün Qərbə açılan qapı olaraq əhəmiyyətinin artığını göstərir. Azərbaycan Prezidentinin apardığı uğurlu siyasətin nəticəsidir ki, MA ölkələri onun iştirakına xüsusi önəm verir və bu onların yetkin qərarıdır. Günümüzdə Azərbaycanla MA dövlətləri arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq strateji layihələrin reallaşdırılması üçün münbit şərait yaradır.

Bu layihələr öz növbəsində, ümumi din, tarix, mədəniyyət amillərinə əlavə olaraq, iqtisadiyyat, ticarət, nəqliyyat kimi sahələrlə yanaşı, siyasi əlaqələri dərinləşdirmək, eləcə də hərbi və təhlükəsizlik sahəsində işbirliyi üçün zəmin formalaşdırır.

@cssc_cqtm
👍19
İran-Rusiya münasibətləri: Strateji müttəfiqlik və ya qarşılıqlı istifadə?
 
Hazıki İran hakimiyyəti əvvəlki ölkə rəhbərliyini qərbyönümlü olmaqda ittiham edərək, şərqyönümlü xarici siyasət kursunu bəyan etdi. Bu, ilk növbədə Rusiya və Çinlə yaxınlaşmağı nəzərdə tutur. Bu kontekstdə haqqında çox danışılan İran-Rusiya münasibətlərinə nəzər salaq.
 
Ukrayna və Yaxın Şərq uğursuzluğu
İran rəhbərliyi Rusiyanın Ukrayna vasitəsilə Qərbə və onunla yaxınlaşmaq istəyənlərə lazımi dərsi keçəcəyinə, Vaşinqton-Moskva qarşıdurmasının kəskinləşməsi şəraitində həm Qərb, həm də Rusiyanın İrana olan ehtiyacının artacağına ümid edirdi. Tehran Moskvaya qarşı sanksiyaların yaratdığı enerji boşluğunun məhz İran tərəfindən doldurulacağına və bununla, həm siyasi, həm də iqtisadi dividendlər qazanacağını düşünürdü.
 
Lakin Rusiyanın Ukraynadakı uğursuzluğu İran üçün yeni problemlər yaratdı. Tehran hökuməti Rusiyaya tədarük etdiyi PUA-lara görə Qərblə münasibətlərini daha da korlayaraq yeni sanksiyalarla üzləşdi.
 
İran ikinci məyusluğunu Yaxın Şərqdə yaşadı. Belə ki, iranlılar və ərəblər arasındakı münaqişədə əvvəlcə Çin, sonra isə Rusiya ərəblərin yanında yer tutdu. Moskva və Tehranın Suriyadakı işbirliyi İran rəhbərliyini ümidləndirsə də, Rusiyanın bölgədəki maraqlarının İrandan fərqli olması sonuncunu çətin vəziyyətə salır. Moskvanın İsraillə yaxşı münasibətləri, BƏƏ və Səudiyyə Ərəbistanı ilə yaxınlaşmaq istəyi Tehranı narahat edir. İran və BƏƏ arasındakı adalar mübahisəsində Rusiyanın anti-İran mövqeyi Yaxın Şərqdə Moskva ilə Tehranın maraqlarının fərqli olduğunu açıq şəkildə göstərir.
 
Cənubi Qafqaz dolayları
SSRİ-nin dağılmasından sonra İran Moskvanın Cənubi Qafqazdakı təsirini özü üçün təhlükə kimi görmür, Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsi, xüsusən də Qarabağ məsələsində mövqeyini öz xeyrinə hesab edir, bəzi regional maraqlarına Moskva vasitəsilə nail olurdu. Lakin, İkinci Qarabağ müharibəsindən sonra Rusiyanın bölgəyə münasibətinin dəyişməsi Tehranın təcrid vəziyyətinə düşməsinə səbəb oldu. İran rəsmilərinin fikrincə, hazırda Rusiya Azərbaycanın qarşısını almamaqla Türkiyənin regionda möhkəmlənməsinə imkan verir. İranın Ermənistana hərbi dəstəyini də ilk olaraq Rusiya əngəlləyir. Belə ki, Moskva İrəvanı yalnız özündən asılı vəziyyətdə saxlamaq niyyəti güdür.
 
Qeyd olunanlar Cənubi Qafqazı İran-Rusiya münasibətlərində potensial münaqişə zonasına çevirir. Bu riski dərk edən Tehran Moskva ilə münasibətlərini yaxşılaşdırmaq üçün Ermənistan-ABŞ hərbi təlimindən yararlanmaq, Rusiyaya Moskva-Tehran mərkəzli regional həll modelini xatırlatmaq istəyir. İranın zənnincə, Rusiya ABŞ-Ermənistan münasibətlərinin daha yüksək səviyyəyə keçməsini istəmirsə, Cənubi Qafqazda İranla əlaqələrini genişləndirməlidir. ABŞ-Ermənistan hərbi təlimi həm də İranın Azərbaycan siyasətinin yanlışlığını sübut edən daha bir faktdır.
 
Etimad böhranı
İran rəhbərliyi hər zaman Rusiyaya şübhə ilə yanaşıb. Tehran yaxşı bilir ki, İrana qarşı bütün sanksiya paketlərində Rusiyanın imzası var. Moskva İrana istədiyi silahları vermir və ya gecikdirir. İranın Rusiya ilə münasibətləri nüvə böhranına da fayda vermir. Odur ki, hazırda Rəisi hökuməti Qərblə anlaşmanın yollarını axtarır və Qətər vasitəsilə Vaşinqtonla yarı-gizli danışıqlar aparır.
 
Rusiya və İran bir-birilə münasibətlərini digər ölkələrlə əməkdaşlığa qurban verməyə hazırdır
. Buna misal olaraq, vaxtilə Rusiyadan İran üçün nəzərdə tutulan S300 zenit-raket komplekslərinin İsrailin xahişi ilə Azərbaycana satılması, eləcə də ABŞ-ın dondurulmuş aktivlərin bir hissəsini Tehrana qaytarması fonunda İranın Rusiyaya silah tədarükünə yenidən baxılmasını göstərmək olar.
 
Nəticə
İran və Rusiya nə müttəfiq, nə də tərəfdaş deyil, mövcud ehtiyac və maraqlara uyğun olaraq müxtəlif sahələrdə bir-birindən qarşılıqlı istifadə edən ölkələrdir
. Tehran Moskvanı beynəlxalq müdafiə qalxanı kimi görür, Kreml isə fərqli regionlarda Tehranın imkanlarından yararlanır. Tərəflər arasında fikir ayrılıqları bəzən problemlər yaratsa da, beynəlxalq və regional şərait hər iki ölkəni xoş münasibətlər saxlamağa sövq edir.
 
@cssc_cqtm
👍30
Moskvanın regiondakı planlarını dəstəkləyən kimdir, puç edən kim?!
 
Normallaşma prosesinin hazırkı mərhələsində Rusiyanın (RF) rolu Azərbaycan (AZ) və Ermənistanda (ER) müzakirə olunur. ER-də qərbyönümlü dairələr və Paşinyan hökuməti RF-ni İrəvana qarşı Bakı və Ankara ilə koalisiya qurmaqda ittiham edir. Bu tezisi “RF əleyhinə ritorikada Paşinyanın cəsarəti”ndən danışan AR müxalifəti də təkrarlayır.
 
İki filtrdən istifadə edərək vəziyyəti anlamağa çalışaq: RF-nin niyyətləri, eləcə də AZ və ER-in addımları:
 
1.RF-nin münaqişədən sonrakı vəziyyətin inkişafına dair planı nə idi? RF həm dövlətlərarası məsələlərdə, həm də Qarabağla bağlı üçtərəfli formatı saxlamağa çalışırdı. Sülh müqaviləsi (SM) Moskvanın gündəmində deyildi. Bu, qeyri-müəyyən gələcəkdə olmalı idi.
 
- ER bu yanaşmanı dəstəklədi, hətta Qarabağda sülhməramlıların mandatını imzaladı. İrəvan SM barədə düşünmür, ATƏT-in Minsk Qrupunu dirçəltməyə çalışır, münaqişənin bitmədiyini iddia edirdi.
 
- AZ konfliktdən sonrakı dövrün lap əvvəlindən dövlətlərarası (SM, kommunikasiyaların açılması, sərhəd) və daxili (reinteqrasiya) mövzuları ayıraraq, üçtərəfli formatın gündəliyində yalnız birincini saxladı. Bakı sülhməramlıların mandatını imzalamaqdan imtina etdi. SM mövzusunu aktuallaşdıran, onu prioritet edən AR oldu. Hazırda bütün mövzular SM-dən asılıdır.
 
2.RF SM-in öz versiyasını 2022-ci ilin payızında təklif etdi. 2023-cü ilin yayında isə yaxın gələcəkdə SM-in imzalanmasını məqsədəuyğun hesab etmədiyini bildirdi.
 
- ER hökuməti SM-in rus versiyasını 100% dəstəklədi, sonra isə onun imzalanmaması üçün hər şey edir.
 
- AZ SM-in rus versiyasından imtina etdi, sənədin tezliklə imzalanması üçün diplomatik səviyyədə stimullaşdırıcı tədbirlər həyata keçirdi və keçirir.
 
3.RF Qarabağ erməniləri arasında müqaviməti yüksək səviyyədə saxlamağa çalışır.
 
- ER bu mövzuda RF-ni dəstəkləyir, Qarabağda hərbi diktaturanı maliyyələşdirir, qoşun saxlayır, silah göndərir, Vardanyanın, iranlı diversantların, Pekresin Qarabağa gəlməsinə şərait yaradır, dünya mətbuatında böhtan kampaniyası aparır.
 
- AZ Qarabağ ermənilərinə xarici təsirləri minimuma endirir, şərti sərhəddə nəzarət-buraxılış məntəqəsi yaradır, daxili qanunvericiliyə əməl olunmasını, ER ordusunun qalıqlarının çıxarılmasını və Qarabağ erməniləri arasında hərbi diktaturanın özünü buraxmasını tələb edir.
 
4.RF Zəngəzur dəhlizində (ZD) eksklüzivlik qazanmağa və Laçın yolunda daha uzun müddət qalmağa çalışır.
 
- ER Rusiyaya öz ərazisində eksklüzivlik vermir, lakin sonradan Rusiyanı Qərblə əvəzləmək üçün Laçın yolunda Rusiyanın eksklüzivliyini istəyir.
 
- AZ kommunikasiyalar üzərində suverenlik prinsipilə razılaşıb, bu prinsipi Laçın yolunda Sərhəd Buraxılış Məntəqəsi (SBM) qurmaqla dəstəkləyib və ZD-də də SBM qurulmasını təklif edib. Lakin Ermənistandan rədd cavabı alıb.
 
5.Ukraynadakı müharibədən sonra RF postsovet ölkələrini öz ekosisteminə cəlb etməyə çalışır.
 
- ER Rusiya ilə ticarət dövriyyəsini görünməmiş sürətlə artırır. 2021-ci ildə 2,6 milyard dollar olan rəqəm, cari ilin ilk 6 ayında $3,2 milyarda çatıb. İlin sonunadək göstəricinin $6,4 mlrd. olacağı, yəni təxminən 3 dəfə artacağı gözlənilir. Sanksiyalardan yan keçmə və reeksport nəticəsində ER 20 ildə ilk dəfə RF ilə ticarətdə müsbət saldoya malikdir.
 
- AZ ilə RF arasında analoji rəqəm 2021-ci ildə $3 mlrd., bu ilin ilk altı ayında isə $2,4 mlrd. olub. İlin sonunadək göstəricinin $5 milyarda çatacağı gözlənilir. Yəni iki il ərzində 45% artım var ki, bu da Rusiyanın idxalı əvəz etməsi və enerji təchizatındakı artım hesabına baş verən təbii 8haldır. Eyni zamanda, qeyri-neft məhsullarının ixracında Türkiyə Rusiyanın ənənəvi birinciliyini əlindən alıb və qeyri-neft ixracının ölkələr üzrə şaxələndirilməsi istiqamətində addımlar atılır.

6.RF postsovet ölkələrini KTMT və AİB-də görmək istəyir.
 
- ER hələ də KTMT və AİB üzvüdür.
 
- AZ ilk dəfə AİB sammitində qonaq qismində iştirak edib və KTMT-nin üzvü deyil, Türkiyə ilə hərbi-siyasi ittifaq qurub.
 
Bunlar hansı ölkənin və hansı formada Rusiyanı dəstəkləmisini göstərən əsas elementlərdir.
 
@cssc_cqtm
👍19
Qərbin ermənipərəstliyi nəyə gətirib çıxardı?!
 
Qərb Cənubi Qafqaz regionunda yenidən ofsayd vəziyyətinə düşüb. Ötən il belə təsəvvür yaranmışdı ki, Birləşmiş Ştatlar və Avropa İttifaqı regional məsələlərdə iştirakını diplomatik müstəvidən bilavasitə “yerdə” iştiraka çevirərək prosesin tərkib hissəsi olmaq üzrədir. Praqa görüşünü və Azərbaycanın Aİ-nin Ermənistandakı missiyası ilə əməkdaşlığa razılığını xatırlamaq kifayətdir.
 
Təəsüf ki, Bakı Aİ və ABŞ-a bölgədəki nizamlanma prosesində daha yaxından iştirak etmək imkanı yaradan kimi onların erməni mərkəzli yanaşmaları ortaya çıxdı. ABŞ və Aİ həm Ermənistan-Azərbaycan münasibətləri, həm də Qarabağ mövzularında erməni gündəmini tam şəkildə qəbullanaraq təbliğ etməyə başladı. Prezident İlham Əliyevin Blinkenin iştirakı ilə keçirilən müşavirədə sərhəddə birgə keçid məntəqəsinin yaradılması ilə bağlı səsləndirdiyi konstruktiv təkliflərə Paşinyan rədd cavabı verdi. ABŞ da öz növbəsində bu cavabı əsas kimi qəbul etdi. Məhz həmin andan etibarən Qərbin bölgə siyasətindəki uğursuzluğu başladı!
 
Vaşinqton görüşləri açıq şəkildə göstərdi ki, ABŞ və Aİ Azərbaycanın yanaşmasını diqqətə almır və Qarabağ məsələsini hansısa status-kvonun formalaşdırılması ümidi ilə havadan asılı vəziyyətdə saxlamağa çalışırlar. Lakin Azərbaycan bu yay atdığı addımlarla ABŞ və Aİ-ni açıq şəkildə 2024-2025-ci illər üçün planladıqlarını hazırlıqsız və natamam şəkildə indi həyata keçirməyə məcbur etdi. Qarşı tərəf saxta “humanitar fəlakət” mövzusunda ucuz şou təşkil etdi, mövcud olmayan “blokada” və “Laçın dəhlizi” ilə bağlı qlobal miqyasda ölkəmizə qarşı kampaniyaya başladı. Bu da istənilən nəticəni vermədikdə “must” ifadəsi və sanksiyaların tətbiqilə bağlı açıq təhdidlərə keçildi.
 
Bəs yekunda nə oldu?
“Humanitar fəlakət” köpüyü partladı, “blokada” deyilən uydurma iddia puç oldu. Tezliklə “120 min...” rəvayətinin də yalan olduğu üzə çıxacaq və yeni anti-Azərbaycan mövzusu “etnik təmizləmə” olacaq. Hazırda isə Ermənistanda Paşinyanın vəziyyəti mürəkkəbləşib, Qarabağda Azərbaycanın konstitusiya quruluşu bərqərar olunur! Artıq Bakı ilə Qarabağ erməniləri arasında məhz ölkəmizin irəli sürdüyü şərtlər əsasında dialoq prosesi başlayıb. Yevlaxda baş tutan görüşdə bölgədə yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasının formaları müzakirə edilib.
 
Bu axşam keçiriləcək BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətə dair iclasının mümkün nəticələrinə gəlincə, beynəlxalq hüququn Azərbaycanın tərəfində olması və rəsmi Bakının bölgənin erməni əhalisinə münasibətdə humanist davranışı ölkəmizə qarşı hər hansı ciddi neqativ addımları qeyri-mümkün edir.
 
Bir sözlə, cari hadisələr gözlənilən idi. Yeni hərbi eskalasiyaya həm də ABŞ və Aİ-nin erməni mərkəzli davranışı səbəb oldu. Qərb ermənipərəst yanaşması ilə Rusiyaya yaranmış vəziyyətdən istifadə etmək üçün özü şərait yaratdı. Lakin indi daha rasional davranmaq və Paşinyanı sülh müqaviləsinı imzalamağa təşviq etməyin vaxtıdır. Belə ki, Azərbaycan Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaratmaqla və lokal xarakterli antiterror tədbirlərilə sülh müqaviləsinin yolunu təmizləyib.
 
@cssc_cqtm
👍20
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Gunaz TV-nin efirində gedən Müzakirə Edirik verilişində Qarabağda həyata keçirilən anti-terror əməliyyatları haqqında danışıb.

Daha ətraflı: https://www.youtube.com/watch?v=ATQSzCvsDts
👍14
Qarabağda hərbi əməliyyatlar ətrafında siyasi oyunlar
 
Son günlərdə Qərb ölkələrində fəaliyyət göstərən bəzi azərbaycandilli media resursları tərəfindən ordmuzun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin (LXAT) nəticələri barədə yanlış təsəvvürlərin formalaşdırılması məqsədilə xüsusi kampaniya aparılır. Təbliğatçılar Qərbin maraqlarını təmsil etməklə ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirir və bu fonda Paşinyanı “qərbyönümlü qəhrəman” kimi təqdim edirlər. Halbuki, baş verənlərə diqqətlə nəzər saldıqda, irəli sürülən iddialarının tamamilə əsassız və sifarişli olduğu açıq şəkildə görünür.
 
İddia edilir ki, LXAT ciddi nəticə olmadan bitib və bu tədbirlərdən sonra bölgədəki real vəziyyət dəyişməyib.
 
Əslində isə:
- LXAT nəticəsində Azərbaycanın Qarabağ məsələsində son nöqtəni qoyması artıq bütün dünya ictimaiyyəti tərəfindən qəbul edilir. Yalnız anti-Azərbaycan təbliğatı aparan çevrələr bunu qəbul etmir.

- BMT TŞ-nin 21 sentyabr tarixli iclasında hətta Fransa da Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləməyə məcbur oldu. Belə ki, spikerlərin bir çoxu Azərbaycanın antiterror tədbirlərini öz ərazilərində apardığını vurğuladılar.
 
- Məhz LXAT nəticəsində Ermənistanda artıq sülh danışıqları haqda daha fəal danışılır. Ölkənin istər rəsmi dairələri, istərsə də ictimaiyyəti tədricən konstruktiv mövqeyə qayıdmağa məcbur olub.  
 
Digər bir iddia Rusiyanın ərazidə təsirinin əvvəlki səviyyədə qalması ilə bağlıdır.
 
Halbuki:
-
Azərbaycan son illər ərzində Rusiyanın Qarabağla bağlı planlarını neytrallaşdırdı LXAT Moskvanın mümkün gedişlərinin bundan sonra da reallaşdırılmasını qeyri-mümkün etdi. Unutmayaq ki, RF-nin Qarabağ ermənilərinin subyektliyini artırmaq istiqamətindəki addımlarına Paşinyan da dəstək verirdi. O, separatçıları maliyyələşdirir, bölgədə ordu saxlayır, Vardanyanın və iranlı diversantların gəliş-gedişi üçün öz ərazisini təqdim edirdi. İndi isə Bakı RF-nin ən ali rəsmilərinin Qarabağı Azərbaycan ərazisi kimi tanımalarına nail oldu.
 
- Azərbaycan məhz Rusiya sülhmərmalılarının müvəqqəti yerləşdiyi zonasında antiterror tədbirlərini həyata keçirdi və bununla da Rusiya kontingentinin logistikasını, eləcə də fəaliyyət kontekstini dəyişdi. LXAT sonrası sülhməramlıların Laçın yolu xaric, digər postları öz əhəmiyyətini itirdiyi üçün kontingentin yerləşməsi dəyişəcək. Bununla yanaşı, RSK-nın artıq bütün sonrakı fəaliyyəti Qarabağdakı erməni əhalinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası kontekstində 2025-ci ilə qədər rəsmi Bakının siyasətində iştirak edəcək.  
 
- LXAT sayəsində sülh sazişi yolunda sonuncu maneə aradan qaldırıldı və Ermənistan-Türkiyə normallaşması şəraitində Ankaranın bölgədəki nüfuzunun artması üçün şərait yaradıldı. Bu da Rusiyanın regiondakı nüfuzunu məhdudlaşdıracaq.
 
LXAT əvəzinə Qərblə sıx əməkdaşlığın daha səmərəli ola biləcəyi barədə deyilənlərə gəlincə:
 
- Qərbin aparıcı dövləti olan ABŞ açıq şəkildə Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan etməməsi onu bölgədəki proseslərdən kənarda qoydu. Görəsən, Qərblə sıx əməkdaşlığı təbliğ edənlər heç olmasa bircə dəfə Aİ və ABŞ rəsmilərindən Qarabağa səfərlərdən və bu ərazinin Azərbaycan torpağı olduğunu birbaşa bəyan etməkdən niyə boyun qaçırdıqlarını soruşublarmı?!
- Aydındır ki, Qərb hadisələrə belə yanaşma ilə Qarabağa buraxılsaydı vəziyyət Serbiyadakı Kosovo ssenarisi ilə nəticələnə bilərdi.
 
- Onu da qeyd edək ki, hazırda Ermənistan-Azərbaycan nizamlanmasında Brüssel və Vaşinqtonun iştirakı təmin edilib. Rəsmi Bakı burada heç bir problem görmür və əksinə Qərbin vasitəçiliyini dəstəkləyir. Lakin bizim tələbizin ABŞ və Aİ-nin öz mövqeyində ardıcıl olmasıərazi bütövlüyü məsələsini təkcə Ermənistan üçün deyil, Azərbaycan üçün də əsas şərt kimi qəbul etməsidir.
 
@cssc_cqtm
👍39
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən Diqqət Mərkəzi verilişində "Xankəndidə təhlükəsizliyi kim təmin edəcək?" mövzusu ətrafında öz fikirlərini bölüşüb.

Daha ətraflı: https://www.youtube.com/watch?v=KgX1svEGhFc&t=2s
👍9
Bizi böyük zəfərə aparan Vətən Müharibəsinin başlamasından 3 il keçir. Bu böyük qələbəni xalqımıza bəxş edən Şəhidlərimizin əziz xatirəsini dərin hörmətlə anır, onların ruhu qarşısında baş əyirik!
👍27
Ərdoğanın Naxçıvan səfərinin Zəngəzur motivləri
 
Azərbaycan Ordusunun Qarabağda uğurla həyata keçirdiyi antiterror tədbirlərindən sonra Zəngəzur dəhlizinin reallaşdırılması üçün yaranmış əlverişli regional şərait bu layihəyə artan qlobal tələbat fonunda onun icrasını daha da sürətləndirə bilər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri, xüsusən də səfər sonrası verdiyi açıqlamalar yeni nəqliyyat dəhlizi üzrə işlərin aktiv fazaya daxil olmasından xəbər verir.
 
Qars-Naxçıvan dəmir yolu
Naxçıvan görüşünün ən vacib məqamlarından biri Türkiyə və Azərbaycan prezidentləri arasında Qars-Naxçıvan dəmir yolu (xəritədəki sarı nöqtəli xətt) layihəsinə dair Niyyət Protokolunun imzalanması oldu. Türkiyə rəsmilərinin son vaxtlar Zəngəzur dəhlizinin açılması barədə güclənən ritorikası fonunda bu sənəd xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycanla Türkiyə arasında ilk birbaşa dəmir yolu əlaqəsini təmin edəcək marşrut məhz adıçəkilən dəhlizin mühüm elementlərindən birinə çevriləcək.
 
Dövlət başçısı İlham Əliyevin Qərbi Zəngəzurun Azərbaycandan qopardılıb Ermənistana verilməsini bir daha xatırlatması, hər iki liderin sülh müqaviləsinin imzalanması və kommunikasiyaların açılması üçün Ermənistana yönəlik çağırışları, eləcə də Türkiyə prezidentinin artıq Naxçıvandan Ankaraya qayıdarkən təyyarədə verdiyi açıqlamalar da diqqətəlayiqdir. Ərdoğanın Zəngəzur dəhlizinin icrasını “strateji məsələ” adlandırması və Türkiyənin bütün imkanaları ilə onun reallaşmasına çalışacağını vurğulaması, həmçinin Ermənistanın Qərbə meyl etməsindən sonra İranın layihəyə münasibətini dəyişməsi yeni dəhlizin daha qısa müddət ərzində işə başlamasına olan ümidləri artırır.
 
İran alternativ marşrut kimi
10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyannamənin imzalanmasının ardından sənədin 9-cu bəndinə əsasən Zəngəzur dəhlizinin açılması istiqamətində işlərə başlanıldıqdan bir müddət sonra İran ərazisindən keçən paralel yolun salınması ilə bağlı razılıq əldə olunub. Türkiyə prezidentinin Naxçıvan səfərinin yekunlarına əsasən bəyan etdiyi kimi və daha əvvəllər Prezident İlham Əliyev tərəfindən də vurğulandığı kimi əgər Ermənistan Zəngəzur dəhlizinin açılması ilə razılaşmasa, o zaman marşrut İran ərazisindən keçəcək.
 
Bu bəyanat əslində Ermənistan üçün son xəbərdarlıqdır. Paşinyan hökuməti anlamalıdır ki, Türkiyə və Azərbaycanın səbri sonsuz deyil. Digər tərəfdən isə Zəngəzur dəhlizinin işə düşməsi təkcə Ankara və Bakının maraqları ilə yox, həm də dövrün qlobal geosiyasi və iqtisadi tələblərilə diktə olunur. Odur ki, İrəvan üçün artıq qərar qəbul etmək vaxtıdır. Əks təqdirdə gec olacaq və Ermənistan daha bir mühüm regional layihədən kənarda qalacaq.
 
Nəticə
Yuxarıda deyilənləri daha yaxşı anlamaq üçün aşağıdakı xəritəyə nəzər salmaq kifayətdir.
 
- Rəsmi İrəvan Zəngəzur dəhlizinin açılmasına razılıq verərsə, bu halda Azərbaycandan yüklər dəmir yolu vasitəsilə Ermənistan üzərindən Naxçıvana (Azərbaycan), sonra yenidən Ermənistana və yalnız bundan sonra Türkiyəyə daxil olacaq.
 
- Alternativ variantın reallaşacağı təqdirdə isə yüklər Azərbaycandan İrana, oradan Naxçıvana (Azərbaycan), daha sonra isə gələcək dəmir yolu ilə Qarsa (Türkiyə) çatacaq və belə olduqda artıq Ermənistana ehtiyac qalmayacaq.
 
Bununla da:
 
- Ermənistan İranla dəmir yolu əlaqəsi yaratmaq şansından məhrum olacaq;
- İran Ermənistanın maraqları hesabına regional layihədə rol alacaq;
- ABŞ isə yenə də Ermənistanın maraqları hesabına Rusiyanın bu ölkədəki təsirini məhdudlaşdıracaq.
 
Bir sözlə, istənilən halda hər kəs qazanacaq, lakin uduzan tərəf yalnız İrəvan olacaq.
 
@cssc_cqtm
👍18
👍27
ABŞ və Aİ Cənubi Qafqazdan nə istəyir?!
 
Azərbaycanın antiterror tədbirlərindən sonra Qərb mətbuatında Vaşinqton və Brüsselin Cənubi Qafqazdakı fəaliyyəti “ABŞ və Aİ siyasətinin iflası”, “Qərb diplomatiyasının uğursuzluğu”, “fəaliyyətsizlik” kimi ifadələrlə səciyyələndirilir.
 
Adətən, uğursuzluqlardan sonra iki nəticə çıxarılır:
- Biz hər işi düzgün etdik, lakin başqalarının səhv hərəkətlərinə görə uğursuzluğa düçar olduq. Lakin, eyni qaydada davam etməliyik;
 
- Səhv özümüzdədir. Haradasa yanlışlığa yol verdik və artıq yanaşmamızı dəyişməliyik.
 
Qərb öz səhvlərimi etiraf edəcək, yoxsa fəaliyyətinin düzgünlüyündə israr edəcək?

Qərbin səhvləri haqqında çox danışılıb: Erməni mərkəzli yanaşma, Azərbaycanın əsaslı gözləntilərinə tamamilə məhəl qoyulmaması və Rusiyanın fəaliyyətinə şərait yaradılması – bütün bunlar Qərbin regionadakı mövqeyini hazırki vəziyyətə gətirib çıxarıb.
 
Ermənistanın təşkilatçılığı ilə Qarabağdan ermənilərin köçü Qərbi çətin vəziyyətə salıb. Əgər erməni mərkəzli fəaliyyətə davam etsələr, baş verənləri “etnik təmizləmə” adlandırıb, özlərini Azərbaycana qarşı birtərəfli hərəkətləri nəzərdə tutan dar çərçivəyə salacaqlar!
 
Elə isə Qərb Cənubi Qafqazdan nə istəyir?! İndiki şəraitdə buna necə nail olmaq olar?!
 
Qısaca, Qərbin bölgədəki maraqları və həmin maraqlara cəlb olunan ölkələri qeyd edək:
- Enerji - Azərbaycan mənbə və tranzit ölkə kimi, Gürcüstan tranzit ölkə kimi;
- Kommunikasiya - Azərbaycan və Gürcüstan - tranzit funksiyası;
- Regionun proqnozlaşdırıla bilən olması - hər üç ölkə;
- ABŞ üçün maraqlı olan İran konteksti - Azərbaycan və Ermənistanla qarşılıqlı fəaliyyət;
- Rusiyanı sıxışdırmaq - yenə də hər üç ölkə, lakin Rusiya ən çox Ermənistanda mövcud olduğu üçün İrəvan prioritetdir;
 
- Liberal müdaxilə - hər üç ölkə, lakin bu tarixi məqamda və bu kontekstdə İrəvandakı Paşinyan rejimi Qərbə daha yaxın olduğuna görə Ermənistanın təhlükəsizliyi Qərb üçün çox vacibdir.
 
Geoiqtisadi baxımdan Qərbin regiondakı maraqları Azərbaycan və Gürcüstanla qarşılıqlı əlaqələrdən keçir. Geosiyasi baxımdan Qərblə Rusiya arasında qarşıdurma Ermənistanda, İranla qarşıdurma isə Azərbaycan və Ermənistanın perimetrində cərəyan edir. İran məsələsində Vaşinqtonun Bakı ilə maraqları üst-üstə düşür. İrəvanla isə əksinə - İran istiqaməti Ermənistan üçün Qərblə münasibətlər qədər vacibdir.
 
Bəs Qərb effektiv olmaq üçün nə etməlidir?
 
ABŞ-la Aİ-nin bəyanatları və hərəkətləri seytnot vəziyyəti yaradıb. Əgər eyni ruhda davam etsələr, o zaman Azərbaycanla bağlı problemlər, regionda mövqelərinin itirilməsi qaçılmazdır. Odur ki, Vaşinqton və Brüsselin bölgə siyasətinin təkamülünə ehtiyac var.
 
Hazırda birtərəfli mövqeyin iflası Qərbi öz yanaşmasına yenidən baxmağa məcbur etməlidir. Əks halda, artıq uğursuzluğa düçar olmuş siyasətin davam etdirilməsi daha böyük itkilərə gətirib çıxaracaq.
 
İndiki vəziyyətdə Qərb üçün prioritet Paşinyan rejimini dəstəkləmək və nəticədə Ermənistanın təhlükəsizliyini qorumaqdır.
 
Məntiqlə belə çıxır ki, Ermənistanda hakimiyyətdə Paşinyan yox, rusiyayönümlü qüvvələr olsa, o zaman Qərbin dəstəyi bir o qədər də fəal olmayacaq!
 
Əgər Ermənistana bu dəstək Azərbaycana təzyiq yolu ilə həyata keçirilərsə, o zaman Bakı indiki şəraitdə Ermənistanda Paşinyan rejimini məhv etməkdə maraqlı olacaq. Bu isə rusiyapərəstlik deyil, Bakı ilə Moskvanın maraqlarının taktiki olaraq üst-üstə düşməsidir!!! Çünki belə halda Bakı Qərbin regiondakı maraqlarını öz üzərinə cəmləyə bilər!
 
Əgər Qərb öz regional siyasətinə tənqidi yanaşsa və operativ şəkildə dəyişsə, Bakını Ermənistanda Paşinyan rejiminin saxlanmasında maraqlı edə bilər.
 
Qrenadada keçiriləcək görüş ABŞ və Aİ-nin hansı yolu tutacağını göstərəcək. Bakı tərəflərə daha konstruktiv olmaq şansı verir. Biz artıq öncədən xəbərdarlıq etdiyimiz məqama yaxınlaşırıq: Azərbaycanın Qarabağ üzərində suverenliyini bərqərar etdi və biz buna sülh müqaviləsi imzalanmadan nail olduq!

Paşinyan rejiminə dəstək yalnız Bakı ilə razılaşma yoluyla mümkündür və Qərb bunu başa düşməlidir. Əks halda siyasətinin daha böyük uğursuzluğu və iflası ilə üzləşəcək!
 
@cssc_cqtm
👍29
Avropa vasitəçiliyinin iflası: Birtərəfli yanaşmanın labüd nəticəsi
 
İspaniyanın Qranada şəhərində Azərbaycan, Ermənistan, Aİ, Fransa və Almaniya  liderlərinin iştirakı ilə planlaşdırılan görüş baş tutmadı. Belə ki, rəsmi Bakı təklif olunan beştərəfli format daxilində antiazərbaycan ab-havasının formalaşdığı bir şəraitdə və hazırki şərtlər çərçivəsində danışıqlar aparmağı mənasız hesab edir.
 
Azərbaycanın müvafiq qərarı aşağıdakı səbəblərə əsaslanır:
 
- Fransanın ermənipərəst mövqeyi: Paris bugünədək onsuz da İrəvanı dəstəklədiyini gizlətməyib. İndiyədək Fransanın Ermənistanı silahlandırması qismən qapalı şəkildə (məsələn, humanitar yardım adı altında), qismən də üçüncü tərəflərin (məsələn, Hindistanın və İranın) vasitəsilə həyata keçirilib. Lakin oktyabrın 3-də Fransa xarici işlər naziri Ketrin Kolonnanın Ermənistan paytaxtına səfəri zamanı verdiyi açıqlamalar 2 ölkə arasındakı münasibətlərin artıq yeni mərhələyə qədəm qoyması və açıq şəkildə silah-sursat tədarükünü nəzərdə tutan hərbi əməkdaşlıq səviyyəsinə yüksəlməsindən xəbər verir. 
 
- Danışıqlarda Türkiyənin iştirakına şəraitin yaradılmaması: Fransanın Ermənistana himayədarlığı fonunda Azərbaycan birincinin təsirini balanslaşdırmaq üçün Türkiyənin danışıqlar prosesinə qoşulmasını təklif edib. Lakin Paris və Berlin bunun qəti əleyhinə çıxıb. Maraqlıdır ki, İrəvan Ankaranın masa arxasında təmsil olunmasına etiraz etməyib. Bu məsələ hər iki ölkəni XİN rəhbərlərinin bir həftə öncəki danışıqları zamanı müzakirə olunub. Bəs görəsən, Ermənistanın razı olduğu halda, Fransa və Almaniya Türkiyənin nizamlanma prosesinə cəlb olunmasına niyə imkan vermək istəmir?
 
- Gündəliyə Qarabağ mövzusunu salmaq cəhdi: Bakı əvvəllər də Qarabağ məsələsinin Azərbaycanın daxili işi olduğunu və beynəlxalq formatda müzakirəyə çıxarılmayacağı bəyan edib. Xüsusən də, lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyinin ölkəmizin bütün ərazisində tam bərpa edilməsindən sonra bölgədəki mövcud problemlərin həlli yalnız yerli erməni əhalisi ilə mərkəzi hakimiyyət nümayəndələri arasındakı danışıqlar vasitəsilə mümkündür.
 
- Azərbaycanın Ermənistandakı Aİ missiyası ilə əməkdaşlığı tələbi: Qranada görüşü ərəfəsində Ermənistanın təhlükəsizliyinin təminatı bəhanəsilə Azərbaycan qarşısında qəbuledilməz tələb irəli sürülüb. Belə ki, Brüssel Bakıdan Aİ-nin Ermənistandakı missiyası ilə əməkdaşlıq, hətta bu missiyanın öz sərhədlərini genişləndirərək Azərbaycan ərazilərini də əhatə etməsini tələb edib. Bu müddəalar üstüörtülü şəkildə Aİ Şurası sədri Şarl Mişelin bugünlərdə “Euronews”a verdiyi müsahibəsində öz əksini tapıb.
 
Belə şəraitdə Bakı regionun problemlərini regiondan kənar ölkələrlə müzakirə etməyə ehtiyac görmür. Azərbaycan dəfələrlə bildirib ki, bizim gözləntilərimiz səsləndirilməsə və anlayışla qarşılanmasa ölkəmizin danışıqlar prosesində iştirakı mümkün deyil. Odur ki, artıq Fransanın təmsil olunduğu istənilən format Azərbaycan üçün qəbuledilməzdir və Bakı belə platformada iştirak etməyəcək. Lakin əgər əvvəlki üçtərəfli format (Aİ-Azərbaycan-Ermənistan) bərpa olunarsa, o zaman Azərbaycan bu görüşə qatılma imkanını nəzərdən keçirə bilər. Bu isə o deməkdir ki, bundan sonra Brüsselin öz danışıqlar platformasının mövcudluğunu yalnız üçtərəfli formatda davam etdirməsi mümkündür.
 
Beləliklə də, Parisin “səyləri” nəticəsində Aİ Cənubi Qafqazdakı geosiyasi rəqabətdə xeyli geri düşdü. Xüsusilə də Fransanın erməni təəssübkeşliyi, eləcə də Aİ-nin məsələlərə birtərəfli yanaşması ucbatından bütövlükdə Qərb vasitəçiliyinə ciddi zərbə vuruldu.
 
Qranada fiaskosu həm də Avropanın ABŞ olmadan geosiyasi sahədə təkbaşına bacarığsızlığını nümayiş etdirdi. Bununla da, Avropanın yalnız iqtisadi və maliyyə cəhətdən müəyyən qlobal çəkiyə malik olması, lakin geosiyasi anlamda ABŞ-sız heç bir əhəmiyyət daşımaması əyani şəkildə öz təsdiqini tapdı. Belə olan halda, hesab edirik ki, ABŞ yenidən fəallaşmalı və danışıqlar prosesində təşəbbüsü ələ almalıdır. Ümid edək ki, Vaşinqton Parislə Brüsselin uğursuzluğundan lazımi nəticələri çıxaracaq və Fransa ilə Aİ-nin səhvlərini təkrar etməyəcək.

@cssc_cqtm
👍30
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən Diqqət Mərkəzi verilişində Prezidentin Qranada görüşündən imtina etməsi, Araik Arutyunyanın və digər separatçıların həbsi və siyasi gündəmdə olan digər məsələləri ilə bağlı öz fikirlərini bölüşüb.

Daha ətraflı: https://www.youtube.com/watch?v=2l3jEzaHAA4
👍6
Ermənistan-Qərb yaxınlaşması və İran
 
Ermənistanın baş naziri N.Paşinyanın Rusiya və İrandan uzaqlaşıb Qərblə yaxınlaşmaq istəyi Tehranın erməni mərkəzli Qafqaz siyasətinin iflasıdır. Görünür, Azərbaycan və Türkiyə ilə müxtəlif problemlər bahasına olsa belə Ermənistanı dəstəkləyən İran “İrəvanın könlünü” yetərincə ala bilməyərək ikiqat itkiyə uğrayıb.
 
İrəvan administrasiyası İranla olan münasibətlərinin Qərbin, xüsusilə ABŞ-ın gözündə öz dəyərini aşağı saldığını bilir. Paşinyanın hazırki hədəflərindən biri də Ermənistan-İran münasibətlərini İrəvanın Qərblə münasibətlərinə xələl gətirməyəcək şəkildə yenidən qurmaqdır. İkinci Qarabağ savaşı və ondan sonrakı dövrdə aydın oldu ki, İranın Ermənistanı qorumaq imkanları göstəriləndən çox aşağıdır. Üstəlik, İrəvan bilir ki, Rusiya İranın Ermənistanda çox təsirli olmasını istəmir.
 
Ermənistanın Qərblə müttəfiqlik axtarışları İranın ənənəvi Qafqaz siyasətinə ziddir. İran administrasiyası ABŞ, Aİ və NATO-nun Qafqaz regionuna təsirini həyati təhlükə hesab edir. İranın Qafqazda Rusiyanı prioritetləşdirmək siyasətinin səbəblərindən biri də Moskvanın köməyi ilə Qərbin bölgəyə girməsinin qarşısını almaqdır. Bu strategiyaya uyğun olaraq Tehran bölgə dövlətlərinin NATO və Aİ kimi təşkilatlara inteqrasiyasına qarşıdır.
 
ABŞ-ın Ermənistan vasitəsilə regiona nüfuzu ehtimalı Tehranı çıxılmaz vəziyyətə salır və İranın siyasi-ideoloji təbliğatının iflasını təsdiqləyir. Prezident İ.Rəisinin Zəngəzur dəhlizini “NATO dəhlizi” adlandıraraq ona qarşı çıxdığı bir vaxtda Qərblə müttəfiqlik etmək istəyən Ermənistanı dəstəkləməsi isə açıq-aşkar ziddiyyətdir.
 
Ermənistanın Qərblə yaxınlaşması mahiyyətcə İranın Azərbaycan siyasətinin yanlışlığı deməkdir
və bu kontekstdə Azərbaycana qarşı təcavüzkar siyasətinin davam etdirilməsinin çox ciddi risklər daşıdığını göstərir. Bu, Ermənistan naminə Azərbaycanı itirməyin regionun reallıqları ilə uzlaşmadığını, Azərbaycanla yaxşı münasibətlərin zəruriliyini də sübut edir. Belə şəraitdə, Tehranın Bakı ilə gərginliyi azaltmaq siyasəti onun üçün ən yaxşı çıxış yolu ola bilər. İran Qərbin Ermənistan vasitəsilə regiona daxil olmasını istəmirsə, Azərbaycanla münasibətlərindəki gərginliyi azaltmalıdır.
 
Tehran “Ermənistanı Qərb yox, İran qoruya bilər” deyə bəyan edir, lakin Ermənistan administrasiyası İranın təklifinə müsbət yanaşmır. Ermənistanla bağlı Rusiya ilə Qərb arasında gərginliyin artması Moskvanın radikallaşmasına səbəb ola bilər. Halbuki, İran öz sərhədində “ikinci Ukraynanın” yaranmasını istəmir. İran hərbi rəsmilərinin son günlərdəki “Qafqazda müharibə bitməlidir”, “Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra müharibəyə ehtiyac yoxdur” və “Regiona xarici qüvvələrin girməsinə ehtiyac yoxdur” açıqlamaları bu çərçivədə dəyərləndirilməlidir.
 
Tehran Ermənistan məsələsini Qərb-İran gərginliyinə çevirmək istəmir. O, həm də qlobal miqyasda Avropa və ABŞ-dakı erməni diasporu üzərində müəyyən söz sahibi olmağı, erməni diasporu vasitəsilə yəhudi diasporunun təsirini azaltmağı hədəfləyir.
 
Ermənistanın Qərblə yaxınlaşması Rusiyanın Azərbaycan və Türkiyəyə ehtiyacını artıra bilər. Belə vəziyyətdə Rusiyanın İranı deyil, Azərbaycanı seçəcəyi ehtimalı yüksəkdir. Moskvanın Paşinyanı cəzalandırmaq məqsədilə Azərbaycana yaxınlaşmaq siqnalları Tehran üçün arzuolunmaz hadisədir. İkinci Qarabağ müharibəsindən sonrakı proseslər göstərdi ki, Rusiya Suriyada effektiv nəticələr verən Tehran-Moskva hərbi əməkdaşlığının Qafqaza keçməsini istəmir.
 
İran Qərbin hərbi mövcudluğunun bölgəyə daxil olmasını istəməsə də, xüsusilə avropalıların Zəngəzur dəhlizi ilə bağlı həssaslıqlarını artırmasına çalışır. Bu mövzuda İranla Fransa rəsmiləri bir neçə dəfə görüşüblər. Tehran Qərbi Zəngəzurda Avropa diplomatik nümayəndəliklərinin açılmasını özü üçün faydalı sayır. İran rəsmilərinin fikrincə, ərazidə avropalıların olması “Azərbaycan və Türkiyənin Zəngəzuru işğal etməsi” imkanlarını azalda bilər. Lakin İran Aİ-Ermənistan yaxınlaşmasının yeni ittifaqa səbəb olmasını istəmir.

Bu ziddiyyətli reallıq həm də Tehran üçün idarə edilməsi çətin olan yeni dilemma yaradır.
 
@cssc_cqtm
👍22
Azərbaycan-Ermənistan münasibətlərinin inkişafı: Sülh müqaviləsilə və ya müqaviləsiz
 
Azərbaycanın 2020-ci ildən sonrakı bəyanatları, atdığı birtərəfli addımlar onu göstərirdi ki, ölkəmiz Qarabağ üzərində suverenliyini bərqərar edəcək. Bunun bölgədə yaşayan ermənilərlə və ya ermənilərsiz baş tutacağı artıq onların öz seçimi idi. Qarabağ erməniləri öz seçimlərini etdilər və Ermənistan rəhbərliyi, habelə separatçı xunta başçılarının təşkilatçılığı ilə könüllü şəkildə ərazini tərk etdilər. 
 
Öncədən də bildirilirdi ki, Azərbaycan və Ermənistan bu dövrdən sülh müqaviləsilə və ya müqaviləsiz çıxacaq. Hazırda qarşıdangələn Brüssel görüşünün əsas intriqası da məhz budur: Bakı və İrəvan arasında sülh müqaviləsi olacaq ya yox?!
 
Elə isə tərəflər Brüsselə hansı gündəliklə gedirlər?
 
5 baza prinsipi və açıq qalan məsələlər
 
Azərbaycan vaxtilə sülh prosesinə başlamaq üçün beynəlxalq hüquq normalarına və dövlətlərarası diplomatik münasibətlərin qurulması üzrə mövcud dünya təcrübəsinə söykənən 5 baza prinsipi irəli sürüb. Ermənistan bütövlükdə bu prinsipləri qəbul etsə də, tərəflər arasında həmin prinsiplərdən qaynaqlanan bir çox məsələ hələ də açıq şəkildə qalır. Ermənistanın bu məsələlərə yanaşmasındakı natamamlıq və qeyri-konstruktivlik yekun razılaşmanın əldə olunması müddətini uzadır. Məsələn, İrəvan rəsmiləri Azərbaycanın ərazi bütövlüyünü tanıdıqları ilə bağlı dəfələrlə açıqlama versələr də, Paşinyanın bu yaxınlarda imzaladığı Qranada bəyannaməsində Azərbaycan və Ermənistanın ərazisi ikincinin xeyrinə “yuvarlaqlaşdırılaraq” ölkəmizin suveren torpaqlarının sahəsi azaldılıb. Bununla yanaşı, iki ölkə arasında mövcud anklavlar problemi də hələ ki, razılaşdırılmayıb.
 
Bakı və bölgədəki maraqlı tərəflər üçün vacib olan digər bir məqam - regional nəqliyyat-kommikasiya dəhlizlərinin açılması prosesi də İrəvanın məntiqsiz və qeyri-ardıcıl mövqeyi ucbatından ləngiyir. Belə ki, Ermənistan bütün kommunikasiyaların işə düşməsi üçün suverenlik prinsipini önə çəksə də, bu prinsipin icrası üçün heç bir addım atmır. Halbuki, Azərbaycan öz ərazisində nəzarət-buraxılış məntəqələri quraşdırdığı zaman Ermənistan rəhbərliyinə də analoji addımı atmağı təklif edib. Lakin qarşı tərəf indiyədək bu sahədə yalnız quru bəyanatlar verməklə kifayətlənib.
 
Ermənistan üçün təhlükəsizlik təminatları
 
Ermənistan rəsmilərinin açıqlamalarına əsasən belə demək olar ki, İrəvanın qarşıdangələn Brüssel danışıqları ilə bağlı gözləntiləri əsasən ölkə üçün təhlükəsizlik təminatları ilə bağlıdır. Hərçənd, müvafiq təminatlar dolayı yolla artıq Fransa ilə Almaniya tərəfindən yazılı şəkildə verilib və bu, Qranada bəyannaməsində öz əksini tapıb. Paralel olaraq, Aİ-nin Ermənistandakı missiyası da yerdə bu təminatların bir hissəsi kimi çıxış edir. Həmçinin, ABŞ tərəfindən də Ermənistan üçün təhlükəsizlik təminatları yazılı şəkildə olmasa da, şifahi formada ən yüksək səviyyələrdə səsləndirilib.
 
Nəticə
 
Sülh müqaviləsinə doğru gedən prosesdə arxada qalan müddətə nəzər saldıqda ziddiyətli mənzərə ortaya çıxır. Belə ki, son 3 ildə həm Azərbaycan, həm də Ermənistan bu istiqamətdə əlindən gələni edib. Lakin əgər Bakı tərəflər üçün məqbul formada və ədalətli prinsiplər əsasında müqavilənin tezliklə imzalanmasına səy göstəribsə, İrəvan tam əksinə, konstruktiv olmayan mövqe sərgiləməklə və  qeyri-məqbul şərtlər irəli sürməklə bu mühüm sənədin imzalanmasından boyun qaçırmağa çalışıb. Bütün bunların nəticəsi kimi sülh prosesi hazırda olduğu nöqtəyə gəlib çatıb.
 
Ermənistan anlamalıdır ki, Azərbaycanla mümkün sülh müqaviləsi bütövlükdə Cənubi Qafqazda təhlükəsizlik mühitini normallaşdıracaq ki, bu da ilk növbədə məhz rəsmi İrəvanın maraqlarına və gözləntilərinə uyğundur. Bölgədə böyük güclərin rəqabəti daim mövcud olub və bundan sonra da olacaq. Lakin sülh müqaviləsilə region ölkələri bu rəqabəti idarə edə biləcəklər. Halbuki, əgər müvafiq sənəd imzalanmazsa perspektivdə bölgədə yeni münaqişələrin baş verməsi qaçılmaz olacaq.
 
@cssc_cqtm
👍18
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) baş elmi işçisi Orxan Bağırovun ingilis dilində yazılmış “Rusiyanın Qərb sanksiyalarından yan keçmək cəhdlərində Ermənistanın iştirakı” (Armenia’s Involvement in Russia’s Efforts to Bypass Western Sanctions) adlı məqaləsi ADA Univerisitetinin İnkişaf və Diplomatiya İnstitutu (Institute for Development and Diplomacy) tərəfindən çap edilmişdir.

Məqalədə 2022-2023-cü illərdə Ermənistanın xarici ticarət əlaqələrində müşahidə edilən qeyri-adi dinamika, Rusiyaya kəskin artan məhsul ixracı və müxtəlif ölkələrdən Ermənistana idxalın kəskin artması diqqətə çatdırılmışdır. Məqalənin sonrakı hissələrində isə 2022-2023-cü illərdə ticarətin məhsul qrupları üzrə strukturu, Rusiyadan pul köçürmələrinin kəksin artması kimi istiqamətlər də əhatə olunmuşdur. Qeyd edilən istiqamətlər üzrə aparılan təhllilər açıq şəkildə Ermənistanın Rusiyaya sanksiyalardan yayınmaqda kömək etməsini və yenidən ixracda iştirak etdiyini sübut edir.

Daha ətraflı: https://idd.az/media/2023/10/10/idd_policy_biref_-_baghirov_9_october.pdf
👍16
Qərb öz səhvlərini təkrarlayacaqmı?
 
Azərbaycan və Ermənistan liderləri arasında növbəti görüş gözlənilir. Brüssel formatında danışıqların oktyabrın sonuna təyin edildiyi bildirilir.
 
Paşinyanın MDB-nin Bişkekdə keçirilən sammitində iştirakdan imtina etməsindən sonra artıq aydın oldu ki, Brüssel görüşündən əvvəl Rusiyada danışıqlar baş tutmayacaq.
 
Brüssel görüşünün gündəliyi
Azərbaycanın mövqeyində heç bir əsaslı dəyişiklik yoxdur. Bakı əvvəllər olduğu kimi, hazırda da Ermənistanla münasibətlər mövzusunu dövlətlərarası, Qarabağ mövzusunu isə daxili məsələ kimi fərqləndirir. Qarabağda beynəlxalq iştirak mövzusu yalnız Bakı tərəfindən tənzimlənir və bu məsələnin Ermənistanla heç bir əlaqəsi yoxdur. Ermənistan mövzusunda isə anklavların işğaldan azad edilməsi, kommunikasiyaların açılması və daxili işlərə qarışmamaq öhdəliyi ilə ərazi bütövlüyünün tanınması gözləntiləri ifadə olunub.
 
Ermənistanın mövqeyinə gəlincə, o artıq dəyişikliyə uğrayıb. Qarabağ erməniləri məsələsini manipulyasiya vasitəsinə çevirən və Azərbaycana təzyiq elementi kimi istifadə edən İrəvan indi yalnız öz təhlükəsizliyi mövzusu ilə məhdudlaşmağa məcbur qalıb. Təbii ki, Ermənistan rəhbərliyinin uzunmüddətli planları da var, lakin onların reallaşdırılması ehtimalı Qarabağ erməniləri məsələsinə Qərbin dəstəyinin hansı dərəcədə olacağından asılıdır.
 
Qərb - ABŞ/Aİ...
Prosesin ən maraqlı məqamlarından biri, heç şübhəsiz ki, Qərbin Cənubi Qafqaz siyasətidir. ABŞ/Aİ tandemi son aylarda öz natamam və birtərəfli yanaşması ilə bölgədə uğursuzluğa düçar olub. Bu isə ilk növbədə Qarabağ erməniləri mövzusunu sülh müqaviləsinə daxil etmək, yəni Azərbaycanın dövlətlərarası və daxili mövzusunu birləşdirmək istəyinə görə baş verib.
 
Hətta bu fiaskodan sonra da belə siqnallar var ki, Fransa beynəlxalq platformalardakı resurslarından istifadə edərək uğursuz cəhdi təkrarlamaq niyyətindədir. Parisin təşəbbüsü ilə Aİ bu cəhdi sonuncu dəfə Qranadada həyata keçirməyə çalışıb. Orada tam hüquqlu sülh müqaviləsi bağlanana qədər müvəqqəti razılaşma kimi imzalanması nəzərdə tutulan sənəd ortaya atılıb. Biz yaxşı bilirik ki, müvəqqəti razılaşma qədər daimi heç nə yoxdur və Fransaya anti-Azərbaycan təşəbbüslərini rəsmiləşdirməyə davam etmək üçün sadəcə vaxt lazımdır.
 
Burada bir detalı qeyd etmək vacibdir: Belə görünür ki, ABŞ üçün Paşinyana şəxsi dəstək daha çox vacibdir, Fransa üçün isə Ermənistan prioritetdir. Bu, siyasi manevr imkanları və bütövlükdə mövqe quruculuğu üçün olduqca mühüm bir məqamdır.
 
Nəticə
Beləliklə də, hər üç formatda danışıqların gündəliyi eynidir və bu gündəlik Azərbaycanın təşəbbüsü ilə formalaşıb. Hazırda Qərbə təzyiq göstərmək və Qarabağ erməniləri mövzusunu dövlətlərarası gündəmdən tamamilə çıxarmaq vacibdir. Qarabağda beynəlxalq iştirak 2025-ci ilə qədər məhdudlaşdırılmış Rusiya sülhməramlı kontingenti, Rusiya-Türkiyə birgə monitorinq mərkəzi və aydın gündəliyə malik müvəqqəti BMT missiyaları ilə kifayətlənməlidir. Qərb anlamalıdır ki, Qarabağ ermənilərinə zəmanəti ancaq Azərbaycan verə bilər!
 
Qeyd edək ki, ATƏT-in Minsk Qrupunda Ermənistanın işğalçılıq siyasətinin dəstəklənməsi üzrə Qərblə Rusiya arasındakı 25 illik işbirliyi artıq sona çatıb. Lakin ABŞ və Aİ nümayəndələrinin İstanbulda Rusiya təmsilçilərilə görüşü böyük güclərin ölkəmizə qarşı əməkdaşlığının bərpası cəhdi kimi dəyərləndirilə bilər və bu baxımından da bizim üçün təhlükə yaradır. Mövcud təhlükəni neytrallaşdırmaq üçün təkcə Azərbaycana münasibət kontekstində Qərb və Rusiyanı bir-birindən ayırmaq yetmir, Qərb düşərgəsinin daxilində də parçalanma yaratmaq lazımdır. Fransanın iştirakı ilə Qranadada keçirilən görüşdə iştirakdan imtina da məhz bununla bağlıdır.
 
Bir sözlə, Vaşinqton və Brüssel əvvəlki səhvini təkrarlaya bilər, amma bu dəfə yanlış addımlar Qərbə çox baha - Ermənistanda Paşinyanın itirilməsi hesabına başa gələcək! ABŞ Aİ ilə birlikdə öz birtərəfliliyi ilə artıq Rusiyanın bölgədə mövqeyini bərpa etməsi üçün şərait yaradıb. Qərbin növbəti səhvə yol verib-verməyəcəyi isə yalnız onun özündən asılıdır...
 
@cssc_cqtm
👍18
Azərbaycan MDB-də: Davam, yoxsa...?!
 
Azərbaycan xarici siyasətinin mühüm istiqamətlərindən biri də MDB çərçivəsində həyata keçirilən fəaliyyətlər, birliyə üzv ölkələrlə təşkilatın çətiri altında qurulan ikitərəfli və çoxtərəfli əlaqələrdir. Hərçənd, son zamanlar istər ölkə daxilində, istərsə də xaricində olan bəzi dairələr MDB-nin faydasızlığı haqqında fikir formalaşdırmağa çalışır, Azərbaycanın artıq bu qurumdan uzaqlaşmasının vaxtı çatdığını iddia edirlər. Halbuki, hazırda həm regionda, həm postsovet məkanında, həm də bütövlükdə dünyada cərəyan edən siyasi və iqtisadi proseslərə nəzər saldıqda MDB-nin ölkəmiz üçün hələ də lazımlı bir platforma olduğunu anlamaq elə də çətin deyil.
 
“Putin klubu” mifi və real ziddiyyətlər
SSRİ dağıldıqdan sonra müvəqqəti əməkdaşlıq formatı kimi qurulan MDB-nin əsas məqsədi artıq keçmiş sovet ölkələrini Rusiyanın himayəsi altında bir araya gətirmək idi. Lakin ötən müddət ərzində şimal qonşumuzun xarici siyasət sahəsində yol verdiyi səhvlər birliyin Kremlin nəzərdə tutduğu kimi deyil, fərqli məcrada və daha subyektiv inkişafını şərtləndirdi. Moskvanın öz tərəfdaşlarına qarşı qeyri-konstruktiv və hətta aqressiv münasibəti MDB-də dərin çatlar yaratdı. Türkmənistanın MDB-yə iştirakçı (müşahidəçi) kimi qatılması, Gürcüstan və Ukraynanın qurumu tərk etməsi, Moldova prezidentinin birliyin görüşlərində iştirak etməməsi, hətta Ermənistan baş nazirinin də təşkilatın son iclasına qatılmaması MDB-nin “Putin klubu” kimi təqdim edilməsinin əslində reallığı əks etdirmədiyini göstərir.
 
MDB-nin Azərbaycan üçün əhəmiyyəti
Azərbaycan MDB-dəki fəaliyyətində inteqrativ təşəbbüslərlə müqayisədə, quruma daxil olan ölkələrlə ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına daha çox önəm verir. Məsələn, rəsmi Bakı MDB çərçivəsində azad ticarət sazişinə qoşulmadığı halda, təşkilatın Ermənistan xaric bütün üzvlərilə ikitərəfli qaydada analoji razılaşmalara imza atıb. Hazırda ölkəmiz MDB-nin Müdafiə Nazirləri Şurası və Parlamentlərarası Assambleyasında təmsil olunur ki, bu da tərəfdaşlarla  müvafiq sahələrdəki fəaliyyətin koordinasiyasına imkan verir.
 
MDB platformasında iştirak Azərbaycan üçün ilk növbədə Rusiya ilə siyasi və iqtisadi əlaqələri asanlaşdırır, ölkəmizə qarşı şimaldan gələ biləcək mümkün təhdidləri yumşaldır. Həmçinin, birliyin digər üzvlərilə münasibətlər də Azərbaycan üçün az əhəmiyyət kəsb etmir. Burada Mərkəzi Asiya ölkələrilə əlaqələri xüsusi olaraq vurğulamaq lazımdır. Günümüzdə Azərbaycan region təmsilçilərilə TDT və Dövlət Başçılarının Məşvərət Görüşləri kimi formatlar çərçivəsində sıx əməkdaşlıq edir.
Belarusla Azərbaycan arasındakı isti münasibətlər də MDB çətiri altındakı əməkdaşlıq sayəsində mümkün olub və ölkəmizə bir çox dividendlər qazandırıb. Rusiyanın Ermənistana “İskəndər” raket sistemlərini tədarük etməsinə Azərbaycan məhz Belarusdan “Polonez” raket komplekslərinin tədarükü ilə cavab verib. Bununla bərabər, Minsk bir çox hallarda Bakının təmsil olunmadığı KTMT kimi qurumlarda İrəvanın təsirini neytrallaşdırıb.  
 
Nəticə
Beləliklə də, Rusiyanın Ukrayna və digər cəbhələrdə buraxdığı səhvlər ucbatından MDB sırf “Kremlin həmfikirləri klubu” olma aqibətindən qurtulub. Moskva öz destruktiv davranışları ilə təşkilat daxilində ciddi fikir ayrılıqlarına rəvac verib ki, bu da birliyə üzv və iştirakçı ölkələrə subyektiv fəaliyyət üçün daha geniş imkanlar yaradıb. Rəsmi Bakı indiyədək bu imkanlardan maksimum istifadə edib və bundan sonra da istifadə edəcək.
 
Hazırda MDB-nin ölkəmiz üçün səmərəliliyi artıq pik həddə çatsa da, fikrimizcə təşkilatın Azərbaycan üçün faydalılıq potensialı hələ də kifayət qədərdir. Bununla yanaşı, məhz MDB vasitəsilə ölkəmiz bir sıra mənfi geosiyasi təsirlərdən qorunur və paralel olaraq təşkilata üzv dövlətlərlə TDT, Məşvərət Görüşləri kimi digər formatlar çərçivəsində əməkdaşlığını genişləndirir. Bütün bunları nəzərə alsaq, Azərbaycanın hazırki məqamda birliyə üzvlükdən imtina etməsi səmərəli deyil. 
 
@cssc_cqtm
👍23👎1