CSSC Baku – Telegram
CSSC Baku
3.07K subscribers
12 photos
2 videos
201 links
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) Azərbaycanda, Bakıda yerləşən, Cənubi Qafqazda və onun qonşuluğunda siyasi və iqtisadi prosesləri tədqiq edən müstəqil qeyri-hökumət təşkilatıdır. Yayımlanan materiallara istinadın verilməsi vacibdir. www.cssc.az
Download Telegram
Ermənistanın seçimi: Forpost olmaq

Çox gözlənilən 5 aprel Brüssel görüşü arxada qaldı. Həm Azərbaycan, həm də Ermənistan ictimaiyyətini narahat edən əsas məsələ Aİ-Ermənistan-ABŞ sammitində təhlükəsizlik, silah təchizatı və Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin müzakirə olunmasıdır.

Rəsmi şəkildə açıqlanmasa da, belə müzakirələrin aparıldığı şübhə doğurmur. Bu mövzular müzakirə edilməsəydi Blinken və fon der Leyen görüşdən öncə Bakıya zəng etməzdilər. Mənbələr artıq mediaya, məsələn, “Politico”ya məlumat sızdırır ki, Paşinyan görüşdə Azərbaycanın son illərdə aldığı silahların siyahısını təqdim edib. Burada məqsəd, çox güman ki, oxşar silahların və ya onları zərərsizləşdirmə vasitələrinin əldə edilməsi üçün ABŞ və Aİ-dən dəstək almaqdır.

Qərbin Ermənistana dəstəyinin bir neçə hədəfi var.

- Qısamüddətli hədəflər:
• Rusiyanın Ermənistana təsirini zəiflətmək;
• Azərbaycanla danışıqlarda Ermənistanın mövqeyini gücləndirmək;
• Ermənistanın ictimai rəyində Rusiyadan məyusluq yaratmaq;
• Ermənistanın KTMT-dən çıxmasına nail olmaq.

- Orta müddətli hədəflər:

• Ermənistanı Qərbin regiondakı geosiyasi forpostuna çevirmək;
• İrəvanın Aİİ-dən və Rusiya ilə ikitərəfli strateji sazişlərdən çıxmasını təmin etmək.

Ermənistan XİN rəhbərinin öz müsahibəsində etiraf etdiyi kimi, təhlükəsizlik təkcə silah kontekstində nəzərdən keçirilə bilməz. Bu iqtisadiyyat, enerji və ərzaq kimi müxtəlif sahələri də əhatə edir.

Burada əsas məsələ odur ki, Paşinyan Qərbin Ermənistana dəstəyindən istifadə edir və Rusiyanı 30 il oynadığı rolda Qərblə əvəz etməyə çalışır. Bu, Bakı üçün heç də yeni deyil.

Halbuki, Ermənistan rəhbərliyinin forpost və geosiyasi layihələrin həyata keçirilməsi mexanizmi olaraq qalmağa davam etmək, yaxud da öz qonşuları Azərbaycan və Türkiyə ilə razılaşmalar vasitəsilə subyektivliyini artırmaq cəhdi kimi bir seçimi var idi.

Azərbaycan rəhbərliyi hələ 2018-ci ildə Paşinyana belə bir seçim təqdim etdi. Bakı Ermənistanda inqilabın sonunu səbrlə gözlədi, Düşənbədə danışıqlar apardı və 2018-ci ilin dekabrında keçiriləcək parlament seçkiləri ərəfəsində təmas xəttində sabitliyi təmin etdi. Lakin 2019-cu ildə Paşinyan Rusiyanın forpostu olaraq qalmaqda davam etdikdə, erməni kontingentini Suriyaya göndərməyə razılaşdıqda və Rusiyanın Ermənistandakı aktivlərinə (“Qazprom”, Cənubi Qafqaz Dəmir Yolu, Koçaryan) qarşı bütün cinayət işlərini bağladıqda məyusluq yarandı. 2020-ci il müharibəsindən sonra da İrəvan Rusiyanın forpostu rolunu oynamağa davam etdi:
• Ermənistan Qarabağdakı sülhməramlıların mandatını imzaladı;
• Rusiyanın dəstəyi ilə Paşinyan Qarabağda qoşun saxlamağa davam etdi;
• Rusiyaya Azərbaycanla sərhəddə məntəqələr yaratması üçün ərazilər və tikililər ayırdı;
• Paşinyan Qarabağda “Vardanyan layihəsi”nin həyata keçirilməsi üçün imkanlar yaratdı.

Hazırda Paşinyan bütün hərəkətləri ilə öz səlahiyyətlərini yeni himayədarlara həvalə etdiyini nümayiş etdirir. Təsadüfi deyil ki, görüşün üç iştirakçısından ikisi (Blinken, fon der Leyen) Azərbaycan Prezidentinə zəng edərək “Ermənistana verilən bu dəstəyin Azərbaycana qarşı yönəlmədiyini” bildirib. Əvvəllər analoji zənglər Moskvadan, indi isə Vaşinqton və Brüsseldən gəlir. İrəvandan isə zəng edən yoxdur. Çünki forpostun fikrinə heç kim etibar etmir, danışıqlar onun himayədarları ilə gedir.

Zahirən bu, Qərblə Azərbaycan arasında danışıqlara bənzəyir. Amma əslində baş verənlər Azərbaycanla Ermənistan arasındakı danışıqlardır. Sadəcə, Ermənistanın adından yeni havadarları danışır.

Beləliklə də, Ermənistan forpost rolunu seçir və bu, Paşinyanın şüurlu seçimidir. Bakı bunu etiraf etməli, Ermənistanın yeni himayədarları ilə münasibətlərdə öz mövqelərinə müvafiq düzəlişlər etməlidir.

Ermənistanda “Qafqazın İsraili” variantı ətrafında müzakirələr gedir. Lakin Tel-Əviv Qərbin Yaxın Şərqdəki başlıca dayağı olsa da, hazırda ölkənin ən böyük himayədarı ABŞ onun əsas düşməni sayılan İranla pərdəarxası oyunlar qurur ki, bunun da hesabını həm İsrail, həm də region əhalisi ödəyir.

@cssc_cqtm
👍24👎1
Rusiya-Ermənistan münasibətləri: Sözdən əmələ keçid nə vaxt olacaq!?

Rusiya ilə Ermənistan arasındakı münasibətlər sanki yolayrıcına yaxınlaşsa da, bu baş vermir.

Qəribə odur ki, təhlükəsizliklə bağlı siyasi dialoqda münasibətlərin pisləşməsinə paralel olaraq, Moskva və İrəvan arasında iqtisadi göstəricilər hər il rekordlar qırır. Təkcə bu ilin yanvar-fevral aylarında tərəflər arasındakı ticarət dövriyyəsi 2,2 dəfə artaraq 2,1 milyard dollar təşkil edib.

Azərbaycanda belə bir fikir var ki, Rusiya və Ermənistan hakimiyyəti qarşılıqlı ittihamlarla ictimai qarşıdurmanı imitasiya edir, reallıqda isə bu, qarşılıqlı maraqları təmin etmək üçün planlaşdırılmış taktikadır.

Bu yanaşmanın əsaslarını nəzərdən keçirək:

- Rusiya Azərbaycan və Türkiyənin fəaliyyətini məhdudlaşdırmaq üçün Ermənistana Qərblə “yaxınlamağa”, dəstək almağa imkan verir. Paşinyan Rusiyanın inteqrasiya layihələrindən və ikitərəfli strateji razılaşmalarından geri çəkilmir, əksinə anti-Rusiya ritorikası və kosmetik addımlarla (məsələn, rus sərhədçilərinin hava limanından çıxarılması) anti-Rusiya sanksiyalarından yan keçmək mövzusunda Qərbin himayəsini qazanır. Beləliklə, Rusiya sanksiyalardan yayınma üçün cığır əldə edir, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi və Ermənistan-Türkiyə normallaşması ilə bağlı heç bir irəliləyiş baş vermir, Rusiyasız kommunikasiyalar açılmır.

- Paşinyan isə iqtisadi üstünlüklər və təhlükəsizlik boşluğunun olmamasına zəmanət alır. 2020-ci il müharibəsindən sonra Ermənistanın baş naziri Rusiya ilə həmrəy idi. Moskvanın “Kiyevi 3 günə alacağıq” iddialarının uğursuzluğundan sonra isə Rusiyanın icazəsi ilə o, Kremlin qırmızı xətlərini keçmədən Qərbdə alternativ təhlükəsizlik mənbələrin formalaşdırılması müqabilində anti-Rusiya ritorikasına başladı.

Odur ki, İrəvanla Moskva arasındakı münasibətlərə Kremlin xarici və Paşinyanın daxili siyasi maraqları prizmasından baxmaq lazımdır.

Məsələn, niyə Paşinyan 2018-2019-cu illərdə Rusiya kontingentinin tərkibində Suriyaya qoşun göndərmək qərarına gəldi? Çünki bu, Rusiya prezidentini qane edir və daxili rusiyayönlü müxalifəti zərərsizləşdirirdi. O, əvvəlcə Rusiyanın Ermənistandakı strateji aktivlərinə qarşı cinayət işi açdı, sonra isə onları bağladı. O, Köçəryanı həbs etddi, sonra buraxdı.

44 günlük müharibənin ardından generalların onun istefasını tələb edən bəyanatından sonra Paşinyan Rusiya prezidenti ilə razılığa gəldi. Rusiyanın neytral mövqeyini təmin edən Paşinyan sülhməramlıların Qarabağda mandatını imzaladı və hakimiyyətdə qalmaq üçün Kremlin istədiyi hər şeyi etdi.

Lakin Azərbaycanın hərəkətləri vəziyyəti dəyişdi.

Qərbin fəallaşması Paşinyanı anti-Rusiya ritorikasının səviyyəsini artırmağa, KTMT-dəki üzvlüyünü “dondurmağa”, “Mir” kartlarının istifadəsini dayandırmağa və Rusiya sərhədçilərini hava limanından çıxarmağa vadar etdi. Son iki qərar Qərbə “prosesin başladığı” ümidini verdi. İndi vacib olan İrəvanın növbəti addımlarıdır.

Moskvanın qırmızı xətləri aydındır: Hərbi baza, Türkiyə, İran və Azərbaycanla sərhəd mühafizəsi, strateji aktivlər, KTMT və Aİİ-yə üzvlük, ikitərəfli müqavilələr və birgə hava hücumundan müdafiə qüvvələri.

Ukraynadakı müharibədən çox şey asılıdır. Rusiya qalib gəlsə, Paşinyan Kremlin qırmızı xətlərini keçmədiyini göstərəcək. Əgər Rusiya Ukraynada məğlub olarsa, Paşinyanın Qərbin xeyrinə qırmızı xətləri keçmək üçün hazır qərarları olacaq.

Bəs Azərbaycan?

Əlbəttə ki, Rusiyanın Ermənistanla bağlı addımlarını gözləmək məqsədəuyğun olardı. Çünki Moskva bəyanatlardan irəli getmir. Aydındır ki, qırmızı xətlər keçilməyib, paralel ixrac çiçəklənir. İnstitusional bağlılıq olmadan və ya ən azı Rusiyadan aralanmaq yolunda geri dönüşü olmayan nöqtəni keçmədən Ermənistan üçün öz kisəsini açan Qərbdən da gözləntilərimiz var.

Azərbaycan Ermənistandan fərqli olaraq nə Rusiyanın, nə də Qərbin maraqlarının carçısı deyil. Ona görə də rəsmi Bakı öz qərarlarında tələsməməli, Rusiya və Ermənistan sözdən hərəkətə keçənə qədər gözləməlidir. Çünki o zaman Qərb daha mülayim olacaq.

@cssc_cqtm
👍9
Azərbaycanın tərcihi: Ermənistanda Rusiyayönümlü, yoxsa Qərbyönümlü hakimiyyət?

5 aprel Brüssel görüşü bir daha onu göstərdi ki, Paşinyan Qərbin Ermənistana dəstəyindən istifadə edərək Rusiyanın son 30 ildə oynadığı rolu Aİ və ABŞ-a ötürməyə, Moskvanı Paris, Brüssel və Vaşinqtonla əvəz etməyə çalışır. Öz, növbəsində, Qərb də bu funksiyaya həvəslə yanaşaraq Ermənistana hərtərəfli dəstəyini artırır.

Qərbin Rusiyanı əvəzləməklə Ermənistanda patron roluna yiyələnməsi prosesi Azərbaycanın maraqlarının nəzərə alınmaması ilə müşayət olunur. Bu kontekstdə, rəsmi Bakı üçün Azərbaycan-Ermənistan münasibətlərinə Rusiya və Qərbin yanaşması arasında elə də ciddi fərq yoxdur.

Elə isə, Azərbaycanın Ermənistan rəhbərliyi ilə bağlı mövqeyi hansı halda dəyişə bilər? Ümumiyyətlə, hazırda Azərbaycanın maraqları baxımından Ermənistanda Qərbyönümlü, yoxsa Rusiyayönümlü hakimiyyətin olması daha əlverişlidir?

Bu və digər məsələlərlə daha ətraflı saytımızda dərc olunmuş məqalədə tanış ola bilərsiniz: https://cssc.az/az/view/2/52/
👍8
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov və direktor müavini Fuad Çıraqov İctimai TV-nin efirində gedən “Diqqət Mərkəzi” verilişində “Gürcüstan hadisələri Azərbaycana təsir edəcək?” mövzusundakı müzakirələrdə iştirak ediblər.

Daha ətraflı: https://youtu.be/IIUqNZmrL9c?si=7mk5ryFg3e2iMgEk
👍4
Nəyi, nə vaxt və necə edəcəyini bilmək...

Rusiya öz sülhməramlı kontingentini (RSK) Azərbaycandan çıxarır. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin sözlərinə görə, qərar Azərbaycan və Rusiya liderləri səviyyəsində qəbul edilib.

44 günlük müharibənin başa çatmasından sonra RSK-nın Azərbaycandakı mövcudluğu məsələsi ən çox müzakirə edilən mövzulardan biri idi. 2023-cü ilin sentyabrında Azərbaycan silahlı qüvvələrinin Qarabağdakı Ermənistan silahlı qüvvələrinin qalıqlarına qarşı həyata keçirdiyi bir günlük antiterror əməliyyatından sonra isə RSK mövzusu daha çox spekulyativ xarakter aldı. İstər Azərbaycanın özündə, istərsə də Qərbdə belə bir sual yaranıb ki, erməni əhalisinin sərbəst köçündən sonra RSK-nın Qarabağda qalmasının nə anlamı var?

Ermənistan rəhbərliyi, onlara züy tutan qərb himayəçiləri və Azərbaycanın Qərbi dəstəkləyən müxalifəti yekdilliklə “Azərbaycan və Rusiyanın əlbir olması” barədə danışır, bir səslə “Rusiya əbədi olaraq Qarabağda qalacaq” deyirdilər. Üç il ərzində Qarabağ ərazisinin və orada yaşayan əhalinin reinteqrasiyasının qarşısını almaq üçün Ermənistan rəhbərliyinin hər şeyi etməsi və prosesləri güc tətbiqinə çatdırmasına dair faktlar bütün bu sadalanan qruplara təqdim olunsa da, heç kim bunu ciddi qəbul etmirdi.

Bilirsiniz niyə?

Çünki bütün bu qüvvələr müxtəlif dövrlərdə Rusiya ilə əlbir olublar. Onlar Azərbaycanın müstəqil dövlət olduğunu, güc mərkəzləri ilə bərabərhüquqlu münasibətlər qurmağı bacaran güclü Lideri olduğunu qəbul edə bilmirlər. Bu üç il yarım ərzində Azərbaycan həm Ermənistanla münasibətlərdə, həm də Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası mövzusunda maksimum konstruktivlik nümayiş etdirdi. Ancaq buna cavab olaraq dağıdıcı təşəbbüslər, separatizmə dəstək və müxtəlif layihələr aldı ki, həmin layihələr nəticəsində münaqişə əbədi olaraq davam etməli idi. Lakin Azərbaycanın hərəkətləri bütün bu plan və layihələri pozdu!!!

Azərbaycan rəhbərliyi Azərbaycanın bütün ərazisində suverenliyin tam bərpası xəttini səbirlə və davamlı şəkildə həyata keçirirdi. Ermənistan və onun havadarlarının yaratdığı informasiya köpüyü bəzən separatizmin, Qarabağda gərgin vəziyyətin hələ uzun müddət davam edəcəyi təəssüratı yaradırdı. Hərçənd, digər tərəfdən Prezident İlham Əliyevə inam var idi, nəyi, nə vaxt, necə edəcəyini bildiyinə inam...

Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq vəziyyətdən asılı olaraq mövqeyini dəyişməyən ardıcıl, məsuliyyətli və proqnozlaşdırıla bilən tərəfdaş imicini yaratdı. İnanın ki, bu, müasir beynəlxalq münasibətlərdə, xüsusən də bizim regionda çox dəyərlidir!

Bu günlərdə çoxlarını narahat edən bir sual var: “Bunun qarşılığı nədir?!”. Bu sual mövzuya yanaşmanın yanlışlığını, Azərbaycan-Rusiya münasibətlərinin mahiyyətini dərk etməməyi göstərir. Bəli, belə də olur...

Ermənistanın Qərb himayədarları yəqin ki, çaşqın halda nə edəcəklərini düşünürlər. Çünki onların bütün təbliğatı Azərbaycan və Rusiyanın demonizasiyası üzərində qurulmuşdu.

Bu, hər bir Azərbaycan vətəndaşı üçün çox mühüm hadisədir!

Azərbaycanın ərazi bütövlüyü mövzusu hətta ən qatı azərbaycanofobların beynində həmişəlik öz həllini tapıb. Artıq fərziyyə və məlumat köpüklərinə yer yoxdur və olmayacaq, hamısı partlayıb.

Prezident İlham Əliyev diplomatiyada və milli maraqların müdafiəsində bir daha mükəmməllik nümayiş etdirdi!

@cssc_cqtm
👍39👎3
Sülhməramlılar niyə Ermənistana yollanıblar?!

Dünən Rusiya Sülhməramlı Kontingentinə məxsus ağır tonnajlı avtomobil karvanı Laçın yolu ilə Ermənistana doğru hərəkət edib. Ermənistan Təhlükəsizlik Şurasının katibi bunu Gorus və Sisianda RSK-nın infrastrukturu və şəxsi heyətinin mövcudluğu, onların öz fəaliyyətini yekunlaşdırmaq üçün son işlərin aparılması ilə izah edib.

Belə çıxır ki, rəsmi İrəvan Azərbaycan ərazisində yerləşən RSK-nı Ermənistan ərazisində də infrastrukturla təmin edib. Bu qərar Paşinyanın RSK-nın Qarabağda uzun müddət qalacağına ümid etdiyi bir vaxtda verilib.

Bununla da, Paşinyan Rusiyanın Azərbaycanda hərbi mövcudluğu üçün şərait yaradıb və eyni zamanda da Kremlin Ermənistan ərazisindəki hərbi mövcudluğunun sahəsini genişləndirib. Ümumilikdə isə baş nazir Rusiyanın Cənubi Qafqaz regionunda hərbi mövcudluğunun genişlənməsinə töhfə verib.

Azərbaycan və Rusiya rəhbərliyi arasında RSK-nın Qarabağdan çıxarılmasına dair razılaşma təkcə Rusiyanın hərbi mövcudluğunun Azərbaycandan çıxarılması deyil, həm də Rusiyanın Ermənistandakı hərbi mövcudluğunun məhdudlaşdırılmasıdır.
Özü də bu, avqustun 1-də İrəvan hava limanını tərk etməli olan onlarla rusiyalı sərhədçi deyil, elə indi Ermənistan ərazisindən yüzə qədər Rusiya hərbçisinin və texnikasının çıxarılmasıdır.

Digər tərəfdən, məhz Qazaxın sərhəd kəndləri ilə bağlı Azərbaycanla razılaşma Paşinyanın Rusiya sərhədçilərinin Voskepardakı dayaq məntəqəsindən çıxarılmasına dair bəyanatı üçün şərait yaradıb. Bu razılaşmadan əvvəl Paşinyan bunu heç dilə gətirmirdi.

Beləliklə, bütün bu üç il ərzində Bakının tezisləri öz təsdiqini tapır. Azərbaycanla münasibətlərin normallaşması Ermənistan rəhbərliyinə daha da suveren olmağa, öz məhdudlaşdırılmış subyektivliyini artırmağa imkan verir.

Odur ki, Qərb əslində Azərbaycana minnətdar olmalıdır.


Təəssüf ki, Qərb və Paşinyan 2021-ci ildən bu yana fərqli yol tutdular ki, bu da vəziyyəti daha da çətinləşdirdi və çoxsaylı insan tələfatına səbəb oldu. Qərbin erməni mərkəzli yanaşması onun özünə qarşı çevrildi. Reallıqların, coğrafiyanın, Azərbaycanın maraqlarının tam olaraq inkar edilməsi Qərbi elə bir vəziyyətə gətirib çıxarıb ki, hazırda onlar regionda baş verənləri yalnız tamaşaçı kimi seyr edirlər.

Regionda mühüm hadisələr baş verir. RSK-nın Qarabağ və Ermənistandan çıxarılması, sərhədlərin müəyyənləşdirilməsi prosesinin başlanmasından sonra sülh müqaviləsi üzrə danışıqların da intensivləşməsi gözlənilir.

@cssc_cqtm
👍26
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktor müavini Fuad Çıraqov İctimai TV-nin efirində gedən “Diqqət Mərkəzi” verilişində “Azərbaycanla Ermənistana kim mane olacaq?” mövzusuna dair fikirlərini bölüşüb.

Daha ətraflı: https://youtu.be/SwYZzrDlaxU?si=53u-ZafF4dvB9qHX
👍9👎1
Şimal-Cənub nəqliyyat dəhlizi: Bakı-İrəvan rəqabəti

Yaxın zamanlarda Azərbaycanın iştirakı ilə həyata keçirilən qlobal əhəmiyyətli layihələrdən biri olan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin (INSTC) inkişafı üzrə mühüm yeniliklər gözlənilir.

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev sözügedən nəqliyyat dəhlizi çərçivəsində daha bir möhtəşəm layihənin icrasına başlanılacağını elan edib.
Digər tərəfdən isə INSTC çərçivəsində Hindistan və Ermənistan arasında İrandan keçən ticarət yolunun cari ilin may ayına kimi açılması gündəmdədir.

INSTC: İştirakçılar və marşrutlar

2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin təməli qoyulub. İndiyədək 13 ölkə (Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə, Ukrayna) sözügedən Sazişi ratifikasiya edib.

INSTC əsasən Hindistandan və İran Körfəzi regionundan yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb.

Hazırda Şimal-Cənub nəqliyyat dəhlizi əsasən üç istiqamət üzrə inkişaf edir:
- Şərq marşrutu - Mərkəzi Asiyadan keçməklə;
- Mərkəz marşrutu - Xəzər üzərindən keçməklə;
- Qərb marşrutu - Azərbaycandan və ya Ermənistandan keçməklə.

Azərbaycanla yanaşı INSTC-nin Qərb marşrutuna Ermənistan da iddialıdır. INSTC üzrə Hindistan, İran, Ermənistan, Gürcüstan, Qara dəniz multimodal marşrutunun elan edilməsilə İrəvan dəhlizin Qərb marşrutu uğrunda Azərbaycanla rəqabət iddialarını ortaya qoyub. Lakin Ermənistan strateji dəhlizin ölkə ərazisindən keçməsini istəsə də, bu istiqamətdə kifayət qədər real əməli fəaliyyətlər həyata keçirə bilməyib.

Ermənistan - ən məhdud marşrut

Ermənistan üzərindən keçən yeni multimodal marşrut hazırda INSTC-nin ən zəif və ən məhdud ötümə imkanı olan marşrutudur. Belə ki:

- Ermənistan üzərindən keçən marşrut əsasən dəniz+avtomobil yolu kombinə daşımaları nəzərdə tutur ki, bu da bahalı variant sayılır. Dağlıq relyefə görə, İrandan gələn və Ermənistanın cənubu ilə şimalını birləşdirəcək dəmiryol xəttinin çəkilişi isə səmərəsiz hesab olunur.

- Ermənistanın İranla cəmi bir (Aqarak), Gürcüstanla dörd sərhəd keçid məntəqəsi (Bavra, Qoqovan, Baqrataşen, Privolnoe) mövcuddur. Ölkədə istər avtomobil, istərsə də dəmiryolları ilə bağlı vəziyyət heç də ürəkaçan deyil. 2009-cu ildə 556 km-lik Şimal-Cənub avtomobil yolunun tikintisinə başlanılıb və ötən 15 il ərzində yolun cəmi 31 kilometri (5,5%) çəkilib. Halbuki, məhz bu yol ölkənin şimalı (Gürcüstanla sərhəd) ilə cənubunu (İranla sərhəd) birləşdirməli, Ermənistan və Gürcüstan ərazisindən keçməklə Qara dənizə və Avropa ölkələrinə çıxışı təmin etməlidir. Dəmir yollarına gəlincə, Ermənistandan qonşu ölkələrə istiqamətlənən dörd dəmiryol xəttindən üçü fəaliyyətsizdir.

- Yeni multimodal marşrutun Ermənistandan sonrakı növbəti dayanacağı olan Gürcüstanda da dəhlizin normal fəaliyyəti üçün müəyyən məhdudiyyətlər mövcuddur. Böyük həcmli yük axınları üçün ölkənin liman infrastrukturunun genişləndirilməsinə ehtiyac var. Bununla yanaşı, Gürcüstan və Rusiya arasındakı dəmir yolu əlaqəsi tamamilə kəsilib. Hazırda Gürcüstanı Rusiya ilə yalnız bir avtomobil yolu əlaqələndirir (Şimali Lars) ki, bu yol da hava şəraiti ilə əlaqədar tez-tez bağlanır.

Azərbaycan - daha yaxşı alternativ

Günümüzdə fəaliyyət göstərən və öz imkanlarını genişləndirən Azərbaycan üzərindən keçən yollar INSTC-nin Qərb istiqaməti üçün Ermənistan marşrutuna nisbətdə daha yaxşı alternativdir. Çünki:

- Yalnız bir yoldan, özü də dağlıq ərazilərdən keçən avtomobil yolundan asıllıq dəhlizin dayanıqlığına ciddi şübhələr yaradır.

- Ermənistandan fərqli olaraq, Azərbaycanda INSTC-nin məhsuldar fəaliyyəti üçün lazım olan infrastruktur bazası artıq mövcuddur. Sadəcə mövcud infrastrukturu bir qədər genişləndirməklə təkmilləşdirmək lazımdır ki, hazırda ölkəmizdə həm İran, həm Rusiya, həm də Gürcüstan istiqamətində müvafiq işlər aparılır.

Daha ətraflı: https://cssc.az/az/view/2/53
👍21
Paşinyanın həddi...

Azərbaycan və Ermənistan arasında aparılan danışıqların gündəliyində əsas mövzular və bu mövzular üzrə Bakının ədalətli şərtləri artıq müəyyənləşib. Məhz həmin şərtlər həyata keçirildikdən sonra danışıqlarda fərqli mövzulara dair irəliləyiş əldə edilir. Əsas mövzu və şərtləri qeyd edək:

Sülh müqaviləsi üzrə – Ermənistanın Konstitusiyasına və qanunvericiliyinə dəyişikliklər;
Sərhədin müəyyənləşdirilməsi üzrə – dörd kəndin azad edilməsi və sərhədin digər hissələrinə keçid;
Kommunikasiyaların açılması üzrə – Zəngəzur dəhlizinin maneəsizliyi və təhlükəsizliyə beynəlxalq nəzarət.

Əgər Ermənistan baş nazirinin bəyanatlarına və fəaliyyətlərinə nəzər salsaq, belə nəticəyə gəlmək olar ki, Paşinyan sülh müqaviləsi və sərhədin müəyyənləşdirilməsində irəliləyişin əleyhinə deyil. Lakin Zəngəzur dəhlizinin maneəsizliyi onu qəti qane etmir. Özü də bu, həm Ermənistan hökuməti, həm də İrəvanın xarici himayədarlarının mövqeyidir.

İlin əvvəlindən Konstitusiyanın dəyişdirilməsi və sərhədin müəyyənləşdirilməsi prosesinə başlamaq üçün dörd kəndin azad edilməsi mövzuları Ermənistan ictimaiyyətinin müzakirəsinə çıxarılıb. Bununla belə, Paşinyan Konstitusiya ilə bağlı referendum mövzusundan imtina edərək, dörd kəndin azad edilməsilə razılaşmağa qərar verib. Görünür, baş nazir hal-hazırda mümkün olanı edir.

Güman ki, Paşinyan bunu öz imkanlarının həddini anlamaq üçün edib. Dörd kəndin qaytarılması parlament müxalifəti və kilsənin təşkil etdiyi etirazlara səbəb olub. Lakin bu etirazlar hələlik bu kəndlərin özlərində lokallaşdırılıb, baxmayaraq ki, etirazları Ermənistanın başqa şəhərlərinə və paytaxtına yaymaq cəhdləri var. İndi biz Paşinyanın etirazları yatırmaq üçün dövlət aparatının imkanlarından necə yararlandığını müşahidə edirik. O, özünə sadiq olan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələrindən istifadə edir, həmçinin sədaqətli İstintaq Komitəsi tərəfindən etirazçılara qoşulan hərbçilərə qarşı cinayət işləri açılır. Beləliklə də, dörd kəndin qaytarılması və bu qərar sonrası baş qaldıran etirazların yatırılması Paşinyanın legitimliyini şübhə altına almır. O, bütün gücündən istifadə edir və bu normaldır.

Lakin Azərbaycanın sonrakı ədalətli şərtlərini həyata keçirmək üçün Ermənistanın baş naziri referendum keçirməli olacaq. Referendumun nəticələri isə gözlənilməz ola və Paşinyanın legitimliyinə şübhə yarada bilər.

Beləliklə, biz belə qənaətə gəlirik ki, Paşinyan yaxın gələcəkdə referenduma getməyəcək və nəticəsi onun hakimiyyəti üçün risklər yarada biləcək addımlar atmayacaq. İstər Qərbdəki, istərsə də cənubdakı himayədarları da ona belə addımlardan yayınmağı məsləhət görürlər.

Paşinyan nə edə, nəyi bacara bilər?

Qazax istiqamətində delimitasiya və demarkasiya prosesi başa çatdıqdan sonra Paşinyanın ata biləcəyi yeğanə addım Ermənistan Ali Şurasının 1992-ci il qərarlarını ləğv etmək, Ermənistan Xarici İşlər Nazirliyinin sənədlərində düzəlişlər etməkdir. Məhkəmə iddiaların geri götürülməsi baş verməyəcək, çünki prosedur artıq başlayıb və onun dayandırılması üçün qarşılıqlı razılıq tələb olunur.

Hiss olunur ki, Paşinyan qərarların qəbulu prosesində legitimlik həddinə çatıb və öz hakimiyyətini riskə atmayacaq.

Lakin bir sual açıq olaraq qalır: Paşinyanın Ermənistandakı imkanlarının hədləri Bakı üçün kifayət edəcəkmi?!

Ehtimal etmək olar ki, Blinkenin Azərbaycan Prezidentinə son zəngi məhz bununla bağlı idi. Qərb Ermənistanda Paşinyana bu və ya digər formada zərər vura və onun hakimiyyətinin legitimliyinə şübhə yarada biləcək hər hansı seçki prosesinin keçirilməsində maraqlı deyil.

@cssc_cqtm
👍24
Gürcüstan üçün çətin sınaq

Gürcüstanda daxili gərginliyin artması fonunda ölkənin hakim partiyasının təsisçisi Bidzina İvanişvilinin açıqlamaları geniş rezonansa səbəb oldu. İctimaiyyət qarşısına nadir hallarda çıxan və bir qayda olaraq, öz mesajlarını digərləri vasitəsilə çatdıran siyasi lider bu dəfə birbaşa və sərt bəyanatlar səsləndirdi.

Keçmiş baş nazir “qlobal müharibə partiyası”nı Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açmaq cəhdlərində ittiham etdi. O, Qərbin ölkə və regiondakı mənfi təsirlərindən danışsa da, Rusiyanın analoji fəaliyyətlərinə toxunmadı.

Konsensus pozuldu

Sirr deyil ki, 2012-ci ildə Tbilisidə İvanişvili hökumətinin qurulması Kreml və Qərb arasında əldə edilən konsensusun nəticəsi idi. Lakin Qərbin Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq istiqamətində atdığı addımlar bu ortaq məxrəcin pozulmasına gətirib çıxardı.

Moskvanın regionda ən geniş təsir dairəsinə malik olduğu ölkənin Ermənistan olduğunu nəzərə alsaq, Qərbin Rusiyanı bölgədən sıxışdırmaq prosesinə məhz Ermənistandan başlaması anlaşılandır. Lakin bu planların icrası üçün vacib olan logistik imkanlar yalnız Gürcüstan ərazisindədir.

Odur ki, Qərbin nəzərində, Tbilisi prosesin tərkib hissəsi olmalıdır. Aİ-nin geosiyasi məqsədləri rəhbər tutaraq Gürcüstana Birliyə namizədlik statusu verməsini həm də bu kontekstdə nəzərdən keçirmək lazımdır.

Tbilisinin təhlükəli vasitəçiliyi

Təsadüfi deyil ki, sözügedən statusun təqdim edilməsindən dərhal sonra Gürcüstan ərazisindən Qərb silahlarının ilk partiyası Ermənistana göndərildi. Başqa sözlə desək, Tbilisi “İrəvanın təhlükəsizliyinin diversifikasiyası” adı altında digər dövlətlərə qarşı öz ərazisindən istifadə edilməsinə icazə verdi.

Qərbin Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açması cədlərinə etiraz edən İvanişvili heç şübhəsiz ki, Ermənistanın öz ərazisində analoji planlarla razılaşdığını anlayır. Təcrübəli siyasətçi başa düşür ki, hazırda Cənubi Qafqazda Qərbin Kreml əleyhinə forpostu roluna başlıca namizəd məhz İrəvandır.

Belə şəraitdə, Gürcüstan hakimiyyətinin müəyyən qərarları onun tərəfdaşlarında, o cümlədən də Azərbaycanda haqlı suallar yaradır: Tbilisi Ermənistanda Rusiyaya qarşı ikinci cəbhənin açılmasında iştirak edəcəkmi? Bu baş verdiyi halda Rusiyanın reaksiyasını nəzərdən keçirirmi? Gürcüstan Ermənistanın qlobal güclərin mübarizə meydanına çevrilməsi işində vasitəçi olacaqmı?

Nəticə

Böyük dövlətlər arasında qlobal rəqabətin artması özünü dünyanın müxtəlif bölgələrində, o cümlədən də Cənubi Qafqazda büruzə verir. Hazırda Gürcüstanda baş verənlər məhz bu rəqabətin regional təzahürüdür. Aİ Gürcüstana Birlik üzvlüyünə namizəd statusu verməklə regiondakı daxili və xarici aktorları hərəkətə gətirdi.

İndi rəsmi Tbilisi çətin sınaq qarşısındadır. Bütün digər məsələlərlə yanaşı, ölkə rəhbərliyi anlamalıdır ki, Rusiyanın Ermənistandakı təsirinin zəiflədilməsi üçün vasitəçilik təkcə Gürcüstanda deyil, bütün regionda gərginliyi artırır. Xüsusilə də, Ukrayna müharibəsinin nəticələrinin hələ məlum olmadığı bir zamanda, belə addımlar ciddi nəticələri olan fəsadlar yarada bilər.

Azərbaycana gəlincə, ölkəmiz bölgədə hərarəti aşağı salmaq üçün əlindən gələni edir. Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması, Ermənistanla sərhədlərin delimitasiyası məhz bu nəticəyə xidmət edir. Lakin regonun taleyi təkcə Azərbaycandan asılı deyil.

@cssc_cqtm
👍24
Azərbaycanın Şərqi Avropa strategiyası

Şərqi Avropa ölkələri ilə əlaqələr Azərbaycanın xarici siyasət kursunun mühüm istiqamətlərindən birini təşkil edir. Region ölkələrilə artan xətt üzrə inkişaf edən qarşılıqlı münasibətlərin əsasında bir sıra amillər dayanır:

- Ümumi tarix - keşmiş sosialist düşərgəsinə mənsubluq;
- Ortaq çağırışlar - kənardan müdaxilə imkanlarını və asılılıqları azaltmaqla suverenliyin möhkəmləndirilməsi;
- Praqmatik yanaşma - xarici əlaqələrin ideoloji prinsiplər üzərində deyil, milli maraqlar əsasında qurulması.

Azərbaycanın Şərqi Avropa ölkələrilə münasibətləri çoxşaxəli xarakteri ilə seçilir. Tərəflər arasında iqtisadiyyatla yanaşı, siyasi əməkdaşlıq və hərbi-təhlükəsizlik sahəsində də işbirliyi mövcuddur.

İqtisadi tərəfdaşlıq

Azərbaycanın enerji daşıyıcılarının tədarükçüləri sırasında Şərqi Avropa ölkələri xüsusi çəkiyə malikdir. Yunanıstan, Xorvatiya, Rumıniya və Çexiya kimi bölgə ölkələri Bakı neftinin alıcıları siyahısındadır. Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması və regional qaz interkonnektorlarının qurulması sayəsində hazırda Şərqi Avropanın beş ölkəsi - Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiya Azərbaycandan mavi yanacaq nəql edir.

Slovakiya və Albaniya ilə də qazın tədarükü üzrə danışıqlar aparılır, həmçinin yaxın illərdə mövcud alıcılar üçün tədarük həcminin artırılması nəzərdə tutulur. Rəsmi Bakı region ölkələrinin enerji mənbələrinin şaxələndirilməsi istiqamətindəki səylərini dəstəkləməklə yanaşı, investisiyalar və təcrübə mübadiləsi vasitəsilə bu ölkələrin müasir daxili enerji infrastrukturunun formalaşdırılmasında yaxından iştirak edir.

Bununla yanaşı, Azərbaycanla Şərqi Avropa dövlətləri arasında yaşıl enerji sahəsində də birgə işlər aparılır. Qara dənizin dibi ilə çəkilən 1,2 min kilometrlik kabel vasitəsilə Azərbaycanda əldə edilən elektrik enerjisinin Macarıstan, Rumıniya və Bolqarıstan kimi ölkələrə nəqli planlaşdırılır.

Siyasi və hərbi əməkdaşlıq

Ərazi bütövlüyü, suverenlik problemləri, eləcə də təhükəsizlik təhdidləri kimi ortaq məsələlər Şərqi Avropa ölkələrilə Azərbaycan arasındakı siyasi və hərbi əməkdaşlığı şərtləndirir. Bölgə dövlətləri Avropa və beynəlxalq strukturlarda Azərbaycana qarşı həmlələrin zərərsizləşdirilməsi işinə əhəmiyyətli töhfələr verir. Bugünlərdə Slovakiya və Bolqarıstanın rəsmi Bakının strateji tərəfdaşı olan Şərqi Avropa dövlətləri (Macarıstan, Xorvatiya, Bosniya və Herseqovina, Rumıniya, Serbiya) sırasına qoşulması məhz maraqların uzlaşması sayəsində mümkün olub.

Müdafiə və təhlükəsizlik sahəsində Azərbaycanla region ölkələri arasındakı əməkdaşlıq fəaliyyəti genişlənməkdədir. Son olaraq Slovakiya ilə müdafiə və hərbi-texniki sahələrdə əməkdaşlığa dair sazişlər, xüsusən də birgə silah istehsalı üzrə razılaşma bunu deməyə əsas verir. Həmçinin, Serbiyadan 48 ədəd 155 mm-lik “Nora B52” özüyeriyən haubitsasının alınmasına dair müqavilənin imzalanması, Çexiyadan 70 ədəd 155 mm/L45 DITA haubitsasının tədarükünə dair yayılan xəbərlər Şərqi Avropa ölkələrinin Azərbaycanın hərbi təchizatındakı mühüm rolunun göstəricisidir.

Nəticə

Beləliklə də, hazırda rəsmi Bakı Şərqi Avropa dövlətlərilə əlaqələrini müxtəlif sahələr üzrə inkişaf etdirməyə çalışır. Azərbaycan üçün sözügedən region təkcə sabit enerji bazarı olmaqla yanaşı, həm də təhlükəsizliyin təminatı baxımından tədricən daha mühüm rol oynayır.

Azərbaycanla Şərqi Avropa ölkələri arasında logistika sahəsində də geniş əməkdaşlıq perspektivləri mövcuddur. Belə ki, açıq dənizlərə çıxışı olmayan Azərbaycan üçün Qara, Egey, Adriatik və Aralıq dənizləri sahilindəki ölkələrlə dayanıqlı əlaqələrin qurulması ixrac və tranzit imkanlarının artırılması baxımından vacibdir.

Bununla yanaşı, Şərqi Avropa dövlətləri Qərbdəki bəzi qonşularından fərqli olaraq Azərbaycanın haqlı mövqeyinə hörmətlə yanaşır, qayğı və narahatlıqlarını anlayışla qarşılayır, Bakı ilə münasibətlərdə üstün deyil, bərabər hüquqlu tərəfdaş kimi çıxış edirlər. Odur ki, Avropanın məhz bu qismi ilə əməkdaşlıq Azərbaycanın maraqlarına daha uyğundur.

@cssc_cqtm
👍20
Moskva görüşü və Ermənistandakı etirazlar nəyi göstərir?

Avrasiya İqtisadi İttifaqının (Aİİ) Ali Şurasının Moskvada keçirilən iclasından sonra belə qənaətə gəlmək olar ki, Aİİ Ermənistanı tərk etmir. Bu ölkənin baş naziri tədbirdəki çıxışında ittifaq çərçivəsində ticarət dövriyyəsinin artımını qeyd edib və hələ də vahid enerji bazarının olmamasından şikayətlənib.

Aydındır ki, Ermənistan kimi ölkələr enerji resurslarının alınmasında və emalında daha böyük güzəştlərə və üstünlüklərə can atır. Lakin Rusiya öz enerji rıçaqlarını itirmək istəmir. Vahid bazar hamı üçün standart qiymətləri nəzərdə tutur. Bu isə o deməkdir ki, Rusiya rəhbərliyi indiki kimi Aİİ ölkələri üçün qaz və neftin qiymətini öz mülahizələrinə uyğun dəyişə bilməyəcək.

Putin - Paşinyan görüşü

Paşinyan yönümlü sosial şəbəkə səhifələrində yayılan məlumatlara görə, baş nazir iclasdan sonra Putinlə baş tutan təkbətək danışıqlarda “Zvartnots” hava limanı və Azərbaycanla şərti sərhəddə, habelə 2021-ci ildə “şifahi razılaşmalar” əsasında özünün təqdim etdiyi Zəngəzur dəhlizi boyu yerləşmə məntəqələrindəki Rusiya sərhədçiləri mövzusunu qaldırıb.

Əgər bu məlumatlar həqiqətə uyğundursa, Rusiya sərhədin delimitasiyası və demarkasiyası prosesində ən azı hansısa formada iştirak etmək ümidini itirir, eləcə də Kremlin Zəngəzur dəhlizinə nəzarətdə iştirakına yenidən baxılması üçün zəmin yaranır.

Bugünkü Rusiya üçün ən vacib şərt Ermənistanın əsas qırmızı xətləri keçməməsidir. Ermənistanın KTMT-dən, MDB-dən, Aİİ-dən, Gümrüdəki hərbi baza ilə Türkiyə və İran sərhədlərinin mühafizəsi üzrə ikitərəfli sazişlərdən çıxması bu xətlərin keçilməsi sayılacaq. Hazırda Paşinyan getdikcə qırmızı xətlərə yaxınlaşır. Bunu ölkədəki etirazların kütləviliyi və miqyası da sübut edir.

Ermənistandakı etirazlar

Sərhədin müəyyənləşdirilməsi prosesinin başlaması müxalifətin və kilsənin son şansı, ölkədəki rusiyapərəst qüvvələrin maksimum konsolidasiyası, revanşist qüvvələrin son zərbəsidir. Çünki proseslərin gedişi sürətlənmə nümayiş etdirir ki, bu zaman sülh gündəmi irəlilədikcə yalnız yeni nailiyyətlər əldə edəcək. Ermənistanda hakimiyyət kifayət qədər güclüdür və güc tətbiq etməklə qanunsuz hərəkətləri boğmaq üçün Qərbdən tam dəstəyə malikdir.

İrəvan administrasiyası legitimdir və Paşinyan istefaya getməyəcək. Müxalifətin deputat mandatları ilə manipulyasiyası da heç bir nəticə verməyəcək. Qərb Paşinyanın arxasındadır və parlament müxalifətsiz qalsa belə buna göz yumacaq. Paşinyan növbədənkənar seçki keçirməyəcək.

Baş nazir üçün əsas məsələ onun partiyasının deputat korpusunun loyallığını qorumaqdır ki, bunu da müxalifətin bütün hakimiyyət tərəfdarlarını dar ağacı ilə hədələməsi təmin edir. Müxalifət öz kəskin ritorikası ilə hakim fraksiyada parçalanma ehtimalını təxirə salır.

Mümkün nəticələr

Təbii ki, etirazlar danışıqlar prosesinə mənfi təsir göstərəcək. Lakin ən maraqlısı odur ki, bu vəziyyətdə əvvəllər bizə mane olan, indi kömək edə bilər. Bu, Qərbdir. Qərb Paşinyana kömək etmək üçün indi birləşməlidir. Belə ki, Qərbin Ermənistandakı aktivləri institusional deyil, yalnız Paşinyanın özüdür.

Sabah elə həmin Srbazan Koçaryanın köməyi ilə hakimiyyətə gəlsə, Ermənistanın yeni hakimiyyəti sadəcə olaraq KTMT-də iştirakını bərpa edəcək və siyahı üzrə digər addımları atacaq. Çünki Paşinyan əslində heç bir təşkilat və ya sazişdən çıxmayıb.

Əlbəttə ki, hazırda Ermənistanda Paşinyanın hakimiyyətdə qalması regional sülh prosesi üçün daha faydalıdır. Günümüzdə elə bir vəziyyət yaranıb ki, Azərbaycan və Ermənistan hakimiyyətinin milli maraqlara uyğun hərəkətləri regionun ümumi mənzərəsinin formalaşdırılmasında bir-birini tamamlayır.

Yeri gəlmişkən, bəs Fransa bu mənzərənin harasındadır? Hətta Ermənistanın öz daxilində belə Parisin yeri müəmmalıdır. Ermənistandakı kütləvi etirazlar sonrası Fransanın sevimlisi olan daşnakların təzyiqlərə məruz qalması, liderlərinin həbsi, hətta partiyanın Ermənistanda fəaliyyətinin qadağan edilməsi mümkündür. İstənilən halda, hadisələrin hansı ssenari üzrə cərəyan edəcəyini zaman göstərəcək.

@cssc_cqtm
👍18
Cənubi Qafqaz yol ayrıcında...

Regionda baş verən prosesləri anlamaq üçün regiondankənar (xarici aktorlar) və regiondaxili (ölkələrin mövqeləri) dinamikanı nəzərdən keçirmək lazımdır.

Üç il ərzində (noyabr 2020 – dekabr 2023) xarici aktorlar regiona uyğunlaşaraq öz resurslarını və baxışlarını formalaşdırırdılar. 2023-cü ilin dekabrından Azərbaycan və Ermənistan liderləri administrasiyalarının ikitərəfli bəyanatından sonra məlum oldu ki, yeni vəziyyət yaranıb və buna müvafiq addımlar atılmalıdır.

ABŞ və Aİ-nin təmsil etdiyi Qərb hərəkətə keçdi:

- Gürcüstana Aİ üzvlüyünə namizəd statusu verildi;
- İqtisadi tərəfdaşlığın dərinləşdirilməsi və təhlükəsizlik sahəsində əməkdaşlığın sistemli şəkildə başlanması məqsədi ilə 5 apreldə ABŞ/Aİ-Ermənistan sammiti təşkil edildi;
- Vaşinqton və Brüssel danışıqlar platformalarının uğursuzluğundan sonra ABŞ və Aİ öz mövqelərini bərpa etmək üçün hər cür səy göstərdilər, amma nəticəsiz qaldı. Belə vəziyyətdə Almaniya köməyə gəlməklə Fransanın təsirini minimuma endirdi və Berlində ikitərəfli görüş baş tutdu.

Rusiya reaksiya verir

Rusiyanın manevri praqmatikdir. Əgər Qərb Gürcüstan-Ermənistan tandemini prioritet seçdisə, Moskva praqmatik addım atdı və sülhməramlılarını Azərbaycandan çıxardı. Paralel olaraq, Putinlə Paşinyanın görüşündən sonra Azərbaycan-Ermənistanın şərti sərhədi və Zəngəzur dəhlizi boyunca Rusiya sərhədçilərinin geri çəkilməsinə qərar verildi. Bununla da Rusiya 44 günlük müharibədən sonra bölgədə peyda olan qoşunlarını geri çəkməyi qərara aldı. Moskva Azərbaycan və Ermənistan rəhbərliyinə güzəştə getdi, 2020-ci il müharibəsindən sonra əldə etdiyi üstünlüklərdən imtina etdi, lakin ilkin mövqelərini itirmədi. Belə ki, hər şeyə rəğmən Ermənistan KTMT-nin üzvüdür, Aİİ çərçivəsində əlaqələr daha da möhkəmlənir, Paşinyan Rusiya qüvvələrinin Gümrüdəki hərbi bazadan, eləcə də Ermənistanın İran və Türkiyə ilə sərhədlərindən çıxarılması məsələsini qaldırmır.

Bir sözlə, regiondakı xarici oyunçular arasında rəqabət region ölkələrinin onlara verdiyi imkanlardan irəli gəlir.

Bölgədəki ölkələr

Gürcüstanda regiondakı ümumi vəziyyətə təsir edəcək hadisələr cərəyan edir. Tbilisi 44 günlük müharibənin nəticələrinin (Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə normallaşması, kommunikasiyaların açılması) həyata keçirilməsindən uzun müddət kənarda qala bilmədi. Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsi regionda Qərb oxunun yaradılmasında maraqlı olmayan xarici aktorları hərəkətə gətirdi. Bununla yanaşı, ölkənin hakim partiyası yaranmış vəziyyətdən istifadə etməyə çalışır. Azərbaycan üçün Gürcüstanın proqnozlaşdırıla bilən, müstəqil və subyektiv olması vacibdir.

Ötən əsrin 90-cı illərinin əvvəllərindən Rusiyanın regionda mövcudluğu üçün şərait yaradan Ermənistan tarixin bu mərhələsində Qərbin öz geosiyasi məqsədlərini həyata keçirməsinə imkan verir. Lakin reallıq budur ki, Ermənistan üçün Rusiyadan imtina etmək iqtisadiyyatda böyük problemlərə səbəb ola bilər. Ermənistan rəhbərliyi Rusiyanın regiondakı maraqlarını tanımağa, subyektivliyini artırmaq üçün öz resurslarını yaratmağa məcburdur.

Azərbaycan xarici aktorlar və qonşularla öz münasibətlər sistemini qurub. Ölkə daxilində məsələləri tam şəkildə həll edən Bakının hazırkı mərhələdə əsas məqsədi region ətrafında geosiyasi gərginliyi azaltmaq, sabit mühit yaratmaq və bölgə dövlətləri arasında regional yanaşmanı inkişaf etdirməkdir.

İlin sonuna qədər hadisələrin gedişatına aşağıdakı amillər təsir edəcək: İyunda Avropa Parlamentinə, oktyabrda Gürcüstanda, noyabrda ABŞ-da keçiriləcək seçkilər, eləcə də Ukraynada müharibənin dinamikası.

Region ölkələri qarşıdurma məkanına çevrilməmək və bir-birinə qarşı istifadə edilməmək üçün ümumi baxış formalaşdırmalıdır. Bakı və İrəvan Gürcüstandakı siyasi vəziyyəti diqqətlə izləyir. Bu, razılaşdırılmış mövqenin inkişafını sürətləndirmək üçün ciddi siqnaldır.

Məhz üçlük formatı hazırki dövrün trendinə çevrilməlidir və yalnız bundan sonra üç+ formatlarını işə salmaq olar.

@cssc_cqtm
👍19
İran-İsrail qarşıdurması: Son eskalasiyanın nəticələri barədə...

Aprelin 1-də iranlı general Məhəmməd Rza Zahedi və İran İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Qüds Qüvvələrinin xüsusi təyinatlılarının bir neçə yüksək rütbəli zabiti İsrailin hava zərbələri nəticəsində məhv edildi. Bununla da Təl-Əviv İranla qarşıdurmanın səviyyəsini daha da yüksəltdi.

İran tərəfi demək olar ki, dərhal hücumun cavabsız qalmayacağını bildirdi və bu cavabın ağır olacağı barədə xəbərdarlıq etdi.

İsrailə nəyə görə əlavə eskalasiya lazım idi?

İsrailin bu addımını həm xarici siyasətdə hazırda ölkənin qarşısında duran hədəflər, həm də sırf Netanyahu hökumətinin maraqları zəruri edirdi. Həmin məqamları aşağıdakı kimi ümumiləşdirmək olar:

- İsrailə görə, məhz Zahidi “uzun illərdir ki, İİKK-nın və Qüds Qüvvələrinin Suriya və Livanda etdiyi hər şeyə cavabdeh” idi.

- İİKK zabitlərinə göstərmək lazım idi ki, onlar hətta İran ərazisində belə təhlükəsizlik və toxunulmazlıq zonasında ola bilməyəcəklər.

- İsrail İrana başa salmaq istədi ki, Təl-Əviv Tehranın “proksi oyununu” qəbul etməyəcək və İranda İsrail ilə bağlı qərar qəbul edənlər şəxsi məsuliyyət daşıyacaqlar.

- İsrailin hərəkəti münaqişənin qəsdən genişləndirilməsinə hesablanmışdı. Təl-Əviv ümid edirdi ki, müharibənin coğrafi baxımdan genişləndirilməsi ABŞ və digər Qərb müttəfiqlərini aktiv əməliyyatlara qoşulmağa məcbur edə bilər.

- Davam edən müharibə Benyamin Netanyahuya hökumətini hakimiyyətdə saxlamağa və Baş nazir vəzifəsində qalmağa imkan verir.

- İsrail bu eskalasiya ilə İsrail İranın nüvə obyektlərinə zərbəni legitimləşdirmək məqsədinə nail olmağa çalışdı və bu legitmliyi təkcə Qərbdən deyil, həm də ərəb ölkələrindən ala bildi.

Müxtəlif tərəflər, fərqli mövqelər

İranın İsrailə cavab zərbəsinin nəticələri sonuncu üçün paradoksal oldu. Belə ki, Təl-Əviv zərbənin qarşısını mükəmməl şəkildə almaqla qisas üçün daha az legitimlik əldə etdi. Hücum nəticəsində İsrailə dəyən ziyan cüzi oldu. İrana cavabın necə olacağına İsrailin müharibə kabineti qərar vermədi. Cavab tədbirləri üçün bir neçə mümkün ssenari amerikalılarla razılaşdırılaraq müzakirə edildi. Belə hesab edilir ki, İsrailin İrana daha böyük zərbə vurmaqla bağlı təhdidləri Qəzzada daha geniş fəaliyyət azadlığı əldə etmək üçün Netanyahu hökuməti tərəfindən Qərbə qarşı şantaj kimi istifadə olundu.

ABŞ hakimiyyəti hesab edir ki, Qəzzada hərbi əməliyyatlar başa çatdıqdan sonra oktyabrın 7-dən əvvəl mövcud olan vəziyyətə qayıtmaq mümkün olmayacaq. Hərbi həll yolu ilə yanaşı, Qəzza probleminin siyasi həlli də zəruri olacaq. Çünki siyasi həll olmadan artıq təhlükəsizlik həlli də mümkünsüz görünür.

Hazırda bir çox Qərb tərəfdaşları bəyan edirlər ki, ABŞ balanssız hərəkət edir, İsraili çox dəstəkləyir, ona həddindən artıq manevr azadlığı verir.

İran rəhbərliyi hesab edir ki, Amerika donanmasını regiona gətirən 7 oktyabr hadisələri ABŞ-ın Yaxın Şərq işlərinə müdaxiləsini artırdı və hazırda İranın regional strategiyasına maneədir. Rəylərini aldığımız İsrailli ekspertlər iddia edirlər ki, bu yaxınlara qədər Tehran Rusiya və Ukrayna, Ermənistan və Azərbaycan, İran və İsrail qarşıdurmalarını bir araya gətirməyə çalışırdı. Lakin sentyabrın 19-da Azərbaycanın uğurlu və ildırımsürətli hərbi əməliyyatları, oktyabrın 7-də isə HƏMAS-ın uğursuz hücumu, ABŞ tərəfindən hərbi qüvvələrin bölgəyə yeridilməsi - bütün bunlar İran rejiminin planlarını xeyli dəyişdi. Hazırda Tehran qəti şəkildə gərginliyin artmasını istəmir.

Rusiyaya gəlincə, təmasda olduğumuz israilli ekspertlər iddia edirlər ki, Kreml hazırda İrana çox ehtiyacı olduğundan İsrail əleyhinə açıqlamalar verir, lakin eyni zamanda Təl-Əvivi belə yanaşmasının müvəqqəti olduğuna inandırmağa çalışır. Öz növbəsində, Netanyahu hökuməti də Moskvanı qəzəbləndirməməyə və bu istiqamətdə vəziyyəti daha da gərginləşdirməməyə səy göstərir.

Mövzu ilə bağlı daha ətraflı: https://cssc.az/az/view/2/54/
👍15
Azərbaycanın strateji balansı

Azərbaycan nümunəsində strateji balans anlayışını aşağıdakı kimi xarakterizə etmək olar: Bir tərəfdən təsir altına düşməmək şərtilə, digər tərəfdən isə bərabərhüquqlu və qarşılıqlı faydalı əlaqələr yaratmaqla beynəlxalq münasibətlərin əsas aktorları ilə strateji münasibətlərin qurulması.

Müasir ağ-qara dünyada bu, çox çətin bir işdir və müəyyən şərtlərin olmasını tələb edir: Milli maraqların düzgün formalaşdırılması, resursları və milli maraqları müdafiə etmək bacarığı, cəmiyyətin milli məqsədlər ətrafında konsolidasiyası və daxili siyasətə təsir etməklə ölkənin xarici siyasətinin korrektə edilməsinin mümkünsüzlüyü.

Gəlin son bir neçə ayın praktiki nümunələrindən istifadə edərək bu nəzəriyyəni anlamağa çalışaq.

Azərbaycanın xarici siyasətinin həyata keçirildiyi şəraitin necə mürəkkəb olduğunu anlamaq üçün 44 günlük müharibədən sonra Bakının gündəliyinin reallaşdırılmasına qarşı çıxan xarici aktorların əks həmlələrinə nəzər salmaq kifayətdir. 2023-cü ilin sentyabrına qədər bütün bu həmlələr həm diplomatik müstəvidə, həm də yerdə baş verib.

Bəs indi vəziyyət necədir?

Qarabağda Rusiya Sülhməramlı Kontingenti yoxdur.
Özü də bu, Bakı ilə Moskva arasında münasibətlərin korlanmasına səbəb olmadı, əksinə, nəqliyyat layihələrinin həyata keçirilməsində daha sıx əməkdaşlığa zəmin yaratdı.

Ermənistanın rəsmi müttəfiqləri (Rusiya, Belarus) və faktiki himayədarları (ABŞ-ın Azərbaycandakı səfiri) Qarabağa səfər edirlər və bu, artıq adi hala çevrilir.

Uzun fasilədən sonra Azərbaycan və İran prezidentləri sərhəddə, birgə layihənin açılış mərasimində görüşüblər. İndi İran yalnız Ermənistanda kommunikasiyaların açılmasının qarşısını ala bilər. Hətta orada da İran tərəfindən dəstəklənən Srbazanın etiraz hərəkatı mənasız bir aksiyaya çevrilir. İranın prezidenti və XİN rəhbərinin ölümündən sonra isə Tehranın xarici aktivliyində yeni dövlət başçısı seçilənə qədər fasilə yaranacaq.

Azərbaycan və Çinin yüksək rütbəli nümayəndələrinin getdikcə daha mütəmadi xarakter alan səfərləri nümayiş etdirir ki, tərəflər münasibətlərin səviyyəsini yüksəltməyə hazırlaşırlar. Məntiqlə bunu Azərbaycan və Çin liderləri üzbəüz görüşdə rəsmiləşdirməlidirlər.

Qərblə münasibətlər

Ən çox təlatüm məhz bu istiqamətində olub. Makron Fransası aparıcı rol oynadığı bütün təşkilatlarda Azərbaycan əleyhinə fəaliyyətlərin təşəbbüskarı kimi çıxış edib. Həmin təşkilatların siyahısı isə kifayət qədər sanballıdır: BMT Təhlükəsizlik Şurası, Aİ, Avropa Parlamenti, ATƏT, Frankofoniya... Paris Azərbaycanı və şəxsən Prezident İlham Əliyevi marginallaşdırmaq üçün çox böyük işlər görüb.

Lakin bu işlərin nəticəsi nə oldu?

Avropa Parlamentinin bir-iki qətnaməsi, Avropa İttifaqının əksər ölkələrinin Azərbaycanla münasibətlərdə komissar Borrelə məhəl qoymaması, Azərbaycan nümayəndə heyətinin AŞPA-dan getməsi... Bu qədər!

Fransanın cəhdlərinə baxmayaraq, Azərbaycan strateji münasibətlərə malik olduğu Aİ ölkələrinin sayını artırır (10). Azərbaycan Prezidenti bu il iki dəfə Almaniyaya səfər edib, Böyük Britaniya və İtaliya ilə əlaqələr adi templə inkişaf edir, Aİ ilə kabel layihəsinin praktiki icrasına başlanır, qaz tədarükü artır.

Tezliklə gözlənilən Aİ-Mərkəzi Asiya sammiti, bir qayda olaraq, Azərbaycanın da iştirakını nəzərdə tutur.

Azərbaycanla ABŞ arasındakı münasibətlərdə eniş-yoxuşlar adi haldır. Lakin bu dəfəki enişin dərinliyi kəskin konflikt təəssüratı yaratdı. Hərçənd, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin ABŞ-a səfəri və keçirilən görüşlərin səviyyəsi onu göstərir ki, bu ölkədəki prezident seçkiləri öncəsi qarşılıqlı münasibətlər ən azı “business as usual” çərçivəsində olacaq və gələcəkdə onlar strateji səviyyəyə qaytarıla bilər. Bu, Azərbaycan Prezidenti köməkçisinin verdiyi mesajları Vaşinqtonun necə qavramasından asılı olacaq.

Və nəhayət, COP 29-un ölkəmizdə keçirilməsi o deməkdir ki, növbəti bir neçə il ərzində qlobal iqlim gündəmi məhz Bakıda formalaşır.

Sonda daha bir vacib məqam: Strateji balansın bütün bu sahələri bir-birini istisna etmir.

@cssc_cqtm
👍21
Zərif niyə ABŞ-ı günahlandırdı?

İranın sabiq xarici işlər naziri Cavad Zərif bəyan edib ki, ABŞ helikopterlərin ehtiyat hissələrinin satışını qadağan etdiyinə görə, İran prezidentinin ölümündə bu ölkə günahkardır. Belə ki, İbrahim Rəisi məhz ABŞ istehsalı olan “Bell 212” helikopteri ilə qəzaya uğrayıb.

Zərifin bu açıqlaması ilə öz seçki kampaniyasına başladığını deyə bilərik.

Mərhum prezident Rəisidən ən böyük zərərçəkən elə keçmiş xarici işlər nazirinin özüdür. Son prezident seçkilərində məhz Zərif zəifləmiş islahatçı qanaddan namizəd olmalı idi. Lakin onun danışıqlarının mətbuata sızması, eləcə də yuxarı dairələrin seçkilərdə iştirakına qadağa qoyması diplomatın öz namizədliyini irəli sürməsini mümkünsüz etdi.

Prezidentliyə namizədlərin seçilməsində bu və ya digər namizədin komandasının ABŞ ilə dialoq apara bilməsi bacarığı vacib rol oynayır. Zərifin xarici işlər naziri olduğu Ruhani kabineti ABŞ-da Obamanın prezidentliyi dövrünə təsadüf etdi. Məhz o zaman nüvə razılaşması əldə olundu və Tehranla Vaşinqton arasında münasibətlər istiləşdi.

Bununla belə, Trampın seçilməsi və ABŞ-ın sazişdən birtərəfli qaydada çıxması, İrana qarşı sanksiyaların sərtləşdirilməsi Ruhaninin nüfuzuna zərbə vurdu. Nəticədə daxildə radikal mühafizəkarlar qalib gəldi və Rəisi namizəd oldu. O zaman daxili diskursda əsas tezis Ruhaninin ABŞ-la danışıqlarda İranın maraqlarını müdafiə edə bilməməsi idi.

Qayıdaq Zərifin açıqlamasına. Onun iki ünvanı var.

- Birinci ünvan Ali Lider Xamneyidir. Mesaj ondan ibarətdir ki, Qərblə, xüsusən də ABŞ-la münasibətlərin gərginləşməsinin davam etməsi bu cür fəlakətlərə gətirib çıxarır və mövqe dəyişdirilməlidir. Bunu isə Birləşmiş Ştatlarla danışıqlar üzrə böyük təcrübəyə malik Zərif edə bilər.

- İkinci ünvan ABŞ-dır. Zərif Vaşinqtona aydın şəkildə bildirir ki, İranla qarşıdurmanın davam etməsi İslam Respublikasında radikal mühafizəkarların güclənməsi ilə nəticələnir və bu, prosesləri daha da gərginləşdirir.

Zərifin cəhdi başa düşüləndir. Prezident seçkiləri iyunun sonundadır və Ali Rəhbər İran vətəndaşlarının səs verəcəyi prezidentliyə namizədlərin siyahısını təsdiqləməlidir. Zərifin bugünki iddiası isə prezidentliyə namizəd olmaq üçün icazə almaqdır.

@cssc_cqtm
👍27👎1
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Pressklub TV-nin efirində gedən “Əsas Sual” verilişində “Rəisidən sonrakı İran, Paşinyandan sülh açıqlamaları” kimi mövzularla bağlı fikirlərini bölüşüb.

Daha ətraflı: https://www.youtube.com/watch?v=Nj1gNYXJd6M
👍11
Aİ-Çin münasibətləri: Əməkdaşlıq, rəqabət, yoxsa qarşıdurma? (I hissə)

Hazırda beynəlxalq münasibətlər sahəsində Çin ətrafında gedən müzakirələrdə daha çox ABŞ-Çin rəqabəti və Rusiya-Çin əməkdaşlığı mövzuları diqqət mərkəzindədir. Lakin Aİ-Çin münasibətləri də öz əhəmiyyətinə görə ilk iki istiqamətdən geri qalmır və hətta gələcəkdə Vaşinqton-Pekin, Moskva-Pekin əlaqələri üçün müəyyənedici amillərdən biri kimi çıxış edir.

Aİ-Çin münasibətləri özünəməxsus dinamikaya və xüsusiyyətlərə malikdir. Bəzi akademik dairələrdə bu münasibətlər yeni çoxqütblü dünya nizamının formalaşdırılması üçün sınaq prosesi kimi səciyyələndirilir. Belə ki, Brüssel və Pekin arasındakı qarşılıqlı əlaqələrin ideoloji bazasını məhz hər iki tərəfin özünü çoxqütblü dünyanın fərqli mərkəzləri kimi qələmə verməsi təşkil edir.

Rəqəmlər nə deyir?

Çin ABŞ-dan sonra Aİ-nin ikinci ən böyük ticarət tərəfdaşıdır. Pandemiya və regional münaqişələr səbəbindən dünya ticarətindəki yavaşlamaya baxmayaraq, son 10 ildə (2013-2023) Aİ ilə Çin arasındakı ticarət dövriyyəsi demək olar ki, iki dəfə - 373 milyard avrodan 738 milyard avroyadək artıb. Özü də bu ticarətdə balans Şərq ölkəsinin xeyrinə dəyişib.

Belə ki, Aİ-nin Çinlə ticarət kəsiri 3 dəfəyə yaxın (104 milyarddan 291 milyardadək) çoxalıb.
Ötən ilin yekunlarına əsasən, Çin Aİ üçün ən böyük tədarükçü və Avropa mallarının üçüncü ən böyük alıcısı olub. Çin Aİ-nin idxalında 20.5%, ixracatında isə 8.8%-lik paya sahibdir.

Bərabərtərfli üçbucaq formulu

2019-cu ildə Aİ tərəfindən Çinə münasibətdə yeni yanaşma irəli sürülüb. Brüssel Pekinlə əlaqələrini üç əsas bənd üzrə inkişaf etdirməyə başlayıb:

- Dialoq üzrə əməkdaşlıq;
- İqtisadi rəqabət;
- Sistemlərarası qarşıdurma.


Avropalı rəsmilərinin bərabərtərfli üçbucaq formulu kimi təqdim etdiyi bu yanaşma onu göstərir ki, Aİ-Çin münasibətlərində həm iş birliyi, həm də fikir ayrılıqları mövcuddur.

Dialoq üzrə əməkdaşlıq prinsipinə əsasən, Aİ müəyyən sahələrdə Çini hələ də öz tərəfdaşı kimi qəbul edir. Bu, ilk növbədə ekologiya siyasəti, yaşıl enerjiyə keçid, qlobal iqlim məsələləri kimi mövzulardır. Qeyd edilən sahələrdə Brüssel və Pekin arasındakı qarşılıqlı əlaqalər və əməkdaşlıq inkişaf edir, Aİ və Çin bir-birini yaşıl gündəliyə sadiq tərəflər kimi nəzərdən keçirirlər. Təsadüfi deyil ki, həm avropalı, həm də çinli rəsmilər Aİ-Çin əməkdaşlığının rənginin yaşıl olduğunu bəyan edirlər. Bununla yanaşı, tərəflər terrorizmə qarşı mübarizə, qanunsuz miqrasiyaya qarşı tədbirlər üzrə də birgə səylər göstərirlər.

Aİ və Çin arasında iqtisadi rəqabət tədricən artır. Bu, ilk olaraq tərəflər arasındakı iqtisadi güc və ticarət balansının dəyişməsilə bağlıdır. Avrozona ilə müqayisədə yeni minillikdəki qlobal iqtisadi təlatümlərdən daha az zərər görən Çin əvvəlcə bir sıra Şərqi və Mərkəzi Avropa ölkələri üçün industrial donor olaraq çıxış etməyə başladı. Pekinin 2020-2025-ci illəri əhatə edən “Made in China” proqramı isə ölkənın sənaye və innovativ inkişafını daha yüksək mərhələyə qaldırdı, yeni bazarlara çıxış imkanlarını xeyli genişləndirdi. Hazırda Çin müəyyən iqtisadi və elmi-texniki sahələrdə Aİ ilə rəqbət aparmaq gücündədir. Beləliklə də, Brüssel Pekinlə əlaqələrdə artıq işgüzar təşəbbüsü əldən verir. Günümüzdə Çin Avropa ölkələrində daha əlverişli yatırım mühitindən istifadə edir, qarşılıqlı investisiyalar haqda sazişi isə hələ də razılaşdırmaq mümkün olmayıb.

Siyasi müstəvidə ötən onilliyin ortalarınadək Aİ və Çin yeni çoxqütblü dünya nizamının qurulmasında gələcək mərkəzlər olaraq, daha çox bu istiqamətdəki əməkdaşlığı önə çəkirdilər. Lakin geosiyasi mübarizənin kəskinləşməsi fonunda artıq gələcək nizamın necə olacağı ətrafında fikir ayrılıqları artmağa başladı. Hazırda rəsmi Brüsselin dünyanın gələcəyi ilə bağlı baxışlarının daha çox ABŞ-ın mövqeyi ilə üst-üstə düşdüyü məlumdur. Hərçənd, bunu Fransa kimi bir sıra Avropa ölkələrinə şamil etmək olmaz. Çinə gəlincə, rəsmi Pekinin bu məsələdə Moskva ilə nisbətən yaxın yanaşmaya malik olması göz önündədir.

@cssc_cqtm
👍14
Aİ-Çin münasibətləri: Əməkdaşlıq, rəqabət, yoxsa qarşıdurma? (II hissə)

Mayın əvvəllərində Aİ-Çin münasibətlərində əlamətdar hadisə baş verib. Çin sədri Si Cinpin Avropa turu çərçivəsində Fransa, Macarıstan və Serbiyaya səfər edib. Tədbirlər proqramının kifayət qədər geniş olması ilə yadda qalan bu səfər beş illik fasilədən sonra baş tutub. Bu illər ərzində isə tərəflər arasındakı ayırıcı xətlər daha da dərinləşib. Həmin xətləri aşağıdakı kimi təsvir etmək olar:

- Qərb və qeyri-Qərb. Burada tərəflər hələ də ikiqütblü dünya nizamı paradiqmasından çıxış edirlər. Aİ və Çinin Ukrayna münaqişəsinə dair mövqelərinə nəzər saldıqda, bu ayırıcı xətt daha aydın görünür. ABŞ və Aİ Çini Rusiya ilə əməkdaşlıqdan çəkinməyə çağırır. Lakin buna baxmayaraq, Pekinlə Moskva arasındakı işbirliyi getdikcə daha da dərinləşir. Belə şəraitdə Qərb və qeyri-Qərb arasındakı məsafə artır, Çin Rusiya ilə birgə mövcud dünya nizamını dəyişməkdə daha çox ittiham edilir ki, bu da Aİ ilə Çin arasında yeni siyasi-iqtisadi razılaşmaları mümkünsüz edir.

- Aİ qurumları və üzv ölkələr. İlk xətt əsasən Aİ tərəfindən qabardılırsa, ikinci xətt başlıca olaraq Çin tərəfindən formalaşdırılır. Pekin Aİ-nin ümumi institutlarında qeyri-Qərb ölkələrinə qarşı ayırıcı münasibəti sezdiyi üçün bu təsisatlarla əlaqələrini xeyli azaldıb. Çin Avropa ilə münasibətlərdə yuxarıdan aşağıya deyil, aşağıdan yuxarıya doğru hərəkəti seçib. Belə ki, hazırda Şərq nəhəngi birbaşa Brüssellə deyil, Paris və Budapeşt kimi Avropanın digər paytaxtları ilə əlaqələrə üstünlük verir. Əlbəttə ki, Macarıstanın, hətta Fransanın belə Aİ-nin “risklərin azaldılması” kimi ümumi yanaşmasını dəyişəcəyi real deyil. Amma Çin ümid edir ki, onun bir sıra Avropa ölkələrilə əlaqələri strateji xarakter alarsa, həmin ölkələr bu əlaqələri ümumavropa həmrəyliyinə qurban verməyəcəklər.

Qərbin Çin dilemması

ABŞ Çinlə münasibətlərdə “ayırma” (de-coupling) prinsipini irəli sürərək Pekini bütün fəaliyyət sahələri üzrə uzunmüddətli rəqib kimi görür. Aİ isə Çinlə əlaqələrini “risklərin azaldılması” (de-risking) konsepsiyası üzərində qurur. Brüssel Pekinlə mümkün sahələrdə qarşılıqlı əməkdaşlığı davam etdirməyə, bu əməkdaşlığı özü üçün daha təhlükəsiz etməyə, itkilərə məruz qalmadan mövcud işbirliyindən faydalanmağa çalışır. Çinlə bağlı fərqli yanaşmalar Aİ-yə üzv ölkələr arasında da özünü göstərir. Avropa dövlətlələrinin bir qismi Pekinlə münasibətlərdə məsafə saxlamağın tərəfdarı olsalar da, digər bir qismi əksinə, əməkdaşlığı daha da genişləndirməyin lehinədir.

Aİ-nin hədəfləri, Çinin məqsədləri

Aİ Çinlə münasibətlərdə ilk növbədə iqtisadi dividendlər əldə etməyi hədəfləyir. Həmçinin, Brüssel qlobal iqlim dəyişikliyi şəraitində ekoloji gündəm, eləcə də elmi-texnoloji inkişaf məsələlərində Çinlə əlaqələrdən faydalanmağa çalışır.

Çin üçün Aİ-nin öz strateji subyektliyini artırması çox vacibdir. Pekin Aİ-nin tam şəkildə ABŞ-ın təsiri altına düşməsini istəmir, Qərb düşərgəsində daxili ziddiyyətlərin və Çinlə əməkdaşlıq meyillərinin saxlanmasına çalışır. Belə ki, Şərq ölkəsinin sonrakı inkişafı üçün açıq Avropa bazarı, investisiya imkanları, Aİ-nin daha üstün elmi-texnoloji bazasından yararlanmaq imkanı vacibdir.

Səfərin nəticələri

Çin liderinin Avropaya səfəri, ilk olaraq Pekinin regiona böyük marağının göstəricisidir. Düzdür, bu səfərin ciddi qlobal nəticələrə səbəb olması mümkünsüz olsa da, o, Aİ-Çin münasibətlərində daha aktual elementləri və prioritetləri müəyyənləşdirmək üçün önəmli idi.

Çin sədrinin Paris, Belqrad və Budapeştdəki görüşləri bir daha təsdiq etdi ki, Pekin Aİ ilə strateji dialoq əvəzinə, hələ də kompromisə hazır olan ayrı-ayrı Avropa ölkələrilə əlaqələri tərcih edir.

Həmçinin, Si-Cinpinin Avropa turu Qərb və Aİ daxilindəki ziddiyyətləri bir daha üzə çıxardı, Aİ ilə Çin arasında əməkdaşlıq tendesiyalarının hələ də saxlanmasını təsdiqlədi. Bununla yanaşı, səfər ayırıcı xətlərin olduğu kimi qalmasını və onları aşmaq üçün tərəflərdən heç birinin ciddi təşəbbüs göstərməməsini nümayiş etdirdi.

@cssc_cqtm
👍12