CSSC Baku – Telegram
CSSC Baku
3.07K subscribers
12 photos
2 videos
201 links
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) Azərbaycanda, Bakıda yerləşən, Cənubi Qafqazda və onun qonşuluğunda siyasi və iqtisadi prosesləri tədqiq edən müstəqil qeyri-hökumət təşkilatıdır. Yayımlanan materiallara istinadın verilməsi vacibdir. www.cssc.az
Download Telegram
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "Məsud Pezeşkianın Bakıya səfərinin pərdəarxası məqamları" mövzusunda müzakirələrdə iştirak edib.

Daha ətraflı: https://www.youtube.com/watch?v=mPHpSkaBicE
👍7
Hindistan və Pakistan arasında artan münaqişənin bəzi məqamları

Hindistan və Pakistan arasında eskalasiya getdikcə sürətlənir və hadisələr artan templə baş verir. Münaqişənin mənbəyi müasir Hindistan və Pakistan dövlətlərinin yaranması ilə bağlı olduğu üçün tarixi kontekstə toxunmayacağıq.

Qeyd edək ki, ölkələr arasındakı sərhəd kifayət qədər uzundur - təxminən 3000 km. Əsas gərginlik şimaldadır ki, burada vəziyyət mürəkkəbdir – Hindistan, Pakistan, Çin və bir qədər də Əfqanıstan əraziləri bir-birinə qarışıb.

Üstəlik, aktiv hərbi əməliyyatların keçirilə biləcəyi ərazi Pakistanın paytaxtına yaxındır. Ona görə də Pakistan üçün bu, nüvə silahından istifadə təhlükəsi baxımından mühüm komponentdir.

Hər iki ölkənin nüvə silahı var və bu amil əlavə maraq və narahatlıq doğurur.

Digər maraqlı amil isə Çin faktorudur. Pakistanın şimal hissəsi Çinlə həmsərhəddir – 500 km-dən çox. Pakistan və Çinin nəqliyyat arteriyaları Pekin üçün strateji əhəmiyyət kəsb edir, “Bir kəmər – bir yol” layihəsinin bu hissəsi – şimala və okeana çıxışı təmin edir. Əgər regionda hərbi münaqişə Çinin strateji layihələrini təhdid edərsə, Çin kənarda qala bilməz və qalmamalıdır.

Yüksələn Hindistan

Son bir neçə ildə Hindistan həm iqtisadi, həm də hərbi cəhətdən inkişaf edir. Xaricdəki hind diasporu dünyanın aparıcı ölkələrində və transmilli korporasiyalarda fəal mövqe tutur. Baş nazir Modinin faşist rejimi ölkədə hakimiyyəti gücləndirir və belə şəraitdə Yeni Dehli üçün müharibə dövlətlərin yüksək liqasına çıxış yolunda vacib elementdir.

Pakistan siyasi və iqtisadi sahədə böhran yaşayır, lakin Hindistanla müharibə cəmiyyətin konsolidasiyasına kömək edir. Bununla yanaşı, Pakistan ənənəvi olaraq peşəkar orduya malikdir və quru qoşunları ordunun aparıcı qüvvəsidir.

Cənubi Qafqaz bu qarşıdurmada hardadır?

Son illərdə Hindistan və Pakistan bizim regionda strateji tərəfdaşlar əldə ediblər. Pakistan Azərbaycanla ənənəvi yaxın münasibətlərə malikdir, Hindistan isə Ermənistan istiqamətində fəallaşıb. Hər iki istiqamətdə də tərəfdaşlığın hərbi komponenti mərkəzi yer tutur.

Hindistan və Pakistan arasında qarşıdurmanın Cənubi Qafqaz regionuna təsiri minimaldır. Bakı və İrəvan yalnız strateji tərəfdaşlarına dəstək bəyanatları ilə kifayətlənəcəklər.

Azərbaycana təsiri

Azərbaycanın müttəfiqi Türkiyə ilə strateji tərəfdaşı İsrail arasında qarşıdurmanın növbəti raundu məhz burada baş verir. Türkiyə Pakistanı dəstəkləyir, ölkələr arasında hərbi əməkdaşlığın tarixi bir neçə onilliklərə gedib çıxır. Türkiyənin hərbi müşavirləri artıq İslamabaddadır. İsrail Hindistanın hərbi-texniki sahədə aparıcı tərəfdaşlarından biridir. Düzdür, Hindistan-Pakistan müharibəsi coğrafi baxımdan Türkiyə və İsrailə o qədər də yaxın deyil və buna görə də hər iki ölkə üçün ekzistensial xarakter daşımır. Lakin Ankara və Təl-Əviv fərqli coğrafiyada bir-birini “çimdikləmək” fürsətini əldən verməyəcəklər.

Bir sözlə...

Hindistan-Pakistan qarşıdurmasında hadisələrin necə inkişaf etməsindən asılı olmayaraq, Azərbaycan üçün Pakistanın öz mövqelərini müdafiə etməsi, ən yaxşı halda isə qalib gəlməsi vacibdir.

@cssc_cqtm
👍24
2024-cü ildə Cənubi Qafqaz ölkələrinin xarici ticarət əlaqələri: MÜQAYİSƏLİ TƏHLİL

Qlobal səviyyədə baş verən dəyişikliklər və regional geosiyasi proseslər Cənubi Qafqaz ölkələrinin xarici ticarət əlaqələrinin strukturuna və dinamikasına birbaşa təsir göstərməkdədir. Xarici ticarət göstəriciləri iqtisadi inkişafın səviyyəsini, ölkələrin qlobal dəyər zəncirlərinə inteqrasiya imkanlarını və istehsal potensiallarını əks etdirən mühüm göstəricilərdən biridir. Bu baxımdan, 2024-cü ildə Cənubi Qafqaz ölkələrinin ticarət göstəricilərinin müqayisəli təhlili, onların iqtisadi strukturunda baş verən dəyişiklikləri və qarşıda duran çağırışları qiymətləndirmək üçün böyük əhəmiyyət kəsb edir.

Saytımızda dərc olunan məqalədə Azərbaycanın enerji sektoruna əsaslanan ixrac modeli, Gürcüstanın logistika və tranzit funksiyası, həmçinin Ermənistanın yenidənixrac fəaliyyəti fonunda formalaşan ticarət artımı təhlil olunur. Bununla yanaşı, 2025-ci il üçün bu ölkələrin iqtisadi inkişaf imkanları və məhdudiyyətləri müəyyənləşdirilir. Məqalədən kiçik hissələri təqdim edirik:

Azərbaycan

2024-cü ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 47.4 milyard ABŞ dolları (bundan sonra dollar) təşkil etmişdir. Ticarət dövriyyəsinin 26.3 milyard dolları və ya 55.6%-i ixracın, 21.1 milyard dolları və ya 44.4%-i isə idxalın payına düşmüşdür. Nəticədə, 5,2 milyard dollar həcmində müsbət xarici ticarət balansı formalaşmışdır. 2023-cü il ilə müqayisə etsək xarici ticarət dövriyyəsi 8%, ixrac 23% azalmış, idxal isə 18% artmışdır.

İxracın 87.2%-ni neft və qaz məhsulları, 12.8%-ni isə qeyri-neft məhsulları təşkil etmişdir. Qeyri-neft ixracının həcmi 3.36 milyard dollar təşkil etmişdir ki, bu da 2023-cü il ilə müqayisədə faktiki qiymətlərlə 0.3% artım, real ifadədə isə13.0% azalma deməkdir.

Gürcüstan

Gürcüstanın xarici ticarət göstəriciləri 2023 və 2024-cü illər ərzində müsbət dinamikaya malik olmuşdur. Ölkənin ixrac, idxal və ümumi xarici ticarət dövriyyəsi artmaqda davam etmiş, lakin ticarət balansı əvvəlki illərdə olduğu kimi mənfi səviyyədə qalmışdır.

2024-cü ildə Gürcüstanın xarici ticarət dövriyyəsi 8% artaraq 23.43 milyard dollar səviyyəsinə çatmışdır. Xarici ticarət balansının mənfi göstəricisi isə 2024-cü ildə 10% artaraq -10.3 milyard dollar səviyyəsinə çatmışdır ki, bu da ticarət dövriyyəsinin 44%-i təşkil etmişdir. Mənfi ticarət balansının artmasının səbəbi idxalın ixracdan daha sürətli artmasıdır ki, bu da yerli istehsalın xarici bazarlarda hələ ki kifayət qədər güclü mövqe tuta bilmədiyini göstərir. Ümumilikdə, yüksək mənfi ticarət balansı Gürcüstanın iqtisadi inkişafı baxımından əsas çağırışlardan biridir.

Ermənistan

Ermənistanın xarici ticarətinin ölkələr baxımından strukturuna nəzər saldıqda görə bilərik ki, 2024-cü ildə də Rusiya Ermənistanın əsas ticarət tərəfdaşı olmuşdur və iki ölkə arasında ticarət dövriyyəsinin həcmi əvvəlki il ilə müqayisədə 56.5% artaraq12.4 milyard dollara çatmışdır. Rusiya ilə ticarət əlaqələrində diqqət çəkən əsas məqam Rusiyaya ixracın azalması, idxalın isə əsaslı şəkildə artmasıdır. Bu dinamika Ermənistanın Rusiyadan idxalda asılılığının daha da artdığını göstərir.

2024-cü ildə Ermənistanın xarici ticarətində digər diqqət çəkən məqam isə Birləşmiş Ərəb Əmirlikləri ilə ticarət dövriyyəsinin 2.3 dəfə artaraq 5.3 milyard dollara çatmasıdır. Bu dinamikanın nəticəsi olaraq Ermənistanın ixracında BƏƏ ən çox paya sahib olan ölkəyə çevrilmişdir. 2024-cü ildə Ermənistan ilə BƏƏ arasında ticarət həcmlərinin kəskin artması Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar fonunda, Rusiya qızılının və almazının üçüncü ölkələrə, xüsusilə BƏƏ-yə çatdırılmasında Ermənistanın tranzit ölkə kimi böyük rol oynaması ilə əlaqədar olmuşdur.

Ölkələr üzrə müvafiq qrafiklərlə müşayət olunan ticarət məlumatları və onların daha ətraflı təhlili ilə saytımızda tanış ola bilərsiniz: https://cssc.az/az/view/2/69/

Məqaləni ingilis və rus dillərində google translate vasitəsilə oxuya bilərsiniz.
👍8
Azərbaycanın xarici siyasət gündəliyi

Azərbaycanın çoxtəbəqəli geosiyasi kimliyi var. Taleyin və coğrafiyanın iradəsilə biz eyni zamanda həm Avropada, həm Yaxın Şərqdə, həm də Mərkəzi Asiyadayıq. Biz Avropanın, Türk dünyasının, İslam və MDB məkanının bir hissəsiyik.

Bu coğrafiyalarda baş verən bütün hadisə və proseslər bir şəkildə Azərbaycana təsir edir və Azərbaycan bunlara reaksiya verməlidir.

44 günlük müharibədən sonra və ən əsası, 2023-cü il sentyabrında keçirilən antiterror tədbirlərindən sonra Azərbaycan daha da fəallaşdı. Ərazi bütövlüyü və suverenliyi məsələsinin həlli proaktiv mövqe üçün maneələri aradan qaldırdı.

Burada Prezident İlham Əliyevin xüsusi rolu danılmazdır. Məhz dövlət başçısının şəxsi nüfuzu və iradəsi proaktiv mövqe üçün şərait yaradır.

Əlbəttə ki, Azərbaycanın xarici siyasət rolunun transformasiyası əks təsirsiz ötüşmür. Azərbaycana və şəxsən Prezident İlham Əliyevə qarşı təzyiq kampaniyaları aparılır, bu kampaniyalar bəzən hətta şantaj həddinə də çatır. Lakin səbr, zərbəyə davamlılıq, diplomatik fasilələr, ardıcıl hərəkətlər və prinsipial mövqe maneələri aşmağa və irəliləməyə imkan verir.

Albaniyada keçirilən Avropa Siyasi Birliyinin Sammiti yuxarıda qeyd edilənlərin daha bir göstəricisi oldu. Sirr deyil ki, Azərbaycanın bütövlükdə Aİ, xüsusilə də Aİ-nin bəzi ölkələri ilə (Fransa, Niderland, Lüksemburq) münasibətləri pisləşib. Burada təşəbbüs hər zaman Avropa ölkələrindən gəlib, Bakı isə sadəcə reaksiya verib.

Aİ-nin Ali Nümayəndəsi Kallasın Bakıya səfərindən sonra Albaniyada Aİ rəhbərliyi – Koşta və fon der Lyayen ilə görüş oldu. Bu, Azərbaycan-Aİ münasibətlərinin bərpası prosesinin, eləcə də bu münasibətlərin genişlənmə və dərinləşmə perspektivinin göstəricisidir.

Prezident İlham Əliyevin Avropa Şurasının bürokratları ilə görüşü də onu nümayiş etdirir ki, AŞPA-nın deputat korpusundan fərqli olaraq, Avropa Şurası qurumları Azərbaycanın AŞ-dən çıxmasında maraqlı deyil və münasibətlərin pisləşməsinin qarşısını almağa çalışır.

Ümumiyyətlə, deyə bilərik ki, may ayı çox məhsuldar keçir.

- Azərbaycan-Çin strateji əməkdaşlığının yeni səviyyəsi;
- Aİ və İranla münasibətlərdə yeni səhifə;
- Türkiyə-İsrail və Suriya-İsrail danışıqlarının Bakıda keçirilməsi (bu, ABŞ-nin maraqlarına da uyğundur);
- Pakistanın Hindistanla hərbi eskalasiyadakı uğuru;
- Vyetnam KP baş katibinin səfəri - Cənub-Şərqi Asiya üzrə yeni istiqamətin açılması.

Bundan əlavə, qarşıda Macarıstanda Türk Dövlətləri Təşkilatının Sammiti, Fransa ilə münasibətlərin stabilləşməsi ehtimalı, İsrail-Türkiyə istiqamətində yeni təmaslar və daha bir çox maraqlı hadisələr gözlənilir.

Və əlbəttə ki, Rusiya ilə münasibətlər və Prezident İlham Əliyevin 9 may paradında iştirak etməməsini qeyd etmək lazımdır. Bu məsələdə isə yuxarıda vurğulanan səbr, davamlılıq və gözləmə bacarığı mühüm rol oyanayacaq.

@cssc_cqtm
👍11
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "Tiranada Azərbaycan-Avropa "Restart"ı və Paşinyanın danışıq axtarışları" mövzusunda müzakirələrdə iştirak edib.

Daha ətraflı: https://www.youtube.com/watch?v=ifnHCJlRumY&t=39
👍4
Rusiya-Ermənistan münasibətlərinə baxış

Lavrovun Ermənistana səfəri fonunda...

Rusiya və Ermənistan arasında müzakirə mövzusu olacaq bir çox məsələlər var. Burada Moskva üçün mühüm olan qarşılıqlı münasibətlərin səviyyəsini təsdiqləməkdir. Bu səviyyəni və Rusiyanın mümkün narahatlıqlarını nəzərdən keçirək:

Hərbi-siyasi sahə

Rusiya ilə Ermənistan hərbi-siyasi müttəfiqlərdir və Ermənistan ərazisində Rusiya hərbi bazası yerləşir. Ermənistanın İran və Türkiyə ilə sərhədlərində məhdud şəkildə olsa da, hələ də Rusiya sərhədçiləri var. Ermənistanda birgə Hava Hücumundan Müdafiə Sistemi fəaliyyət göstərir. Ermənistan hökuməti hərbi baza məsələsini gündəmə gətirmir, bu mövzu ilə bağlı bütün iddialar yarımçıq qalır.

Amma sərhədçilərlə bağlı, Ermənistanın bu ilin sonuna qədər İran və Türkiyə ilə sərhədlərdə Rusiyanın mövcudluğunu daha da məhdudlaşdırmaq planları var. ABŞ və Ermənistanın Strateji Tərəfdaşlıq Bəyannaməsində ABŞ-ın Ermənistan sərhədçilərinin hazırlanmasına dəstəyi qeyd olunub. Sabiq dövlət katibi Blinken ABŞ-dan olan sərhədçilər qrupunun Ermənistana səfərini anons etmişdi. Lakin bu, hələ də baş tutmayıb.

Hava Hücumundan Müdafiə Sistemi məsələsində də vəziyyət eynidir. Ermənistan Hindistandan HHM sistemləri almağa çalışır. Həmçinin, Fransa və Böyük Britaniya da bu mövzuya qoşulub. Lakin hazırda Rusiyanı bu sahədə əvəz etmək alınmır. Sözügedən mövzuda Rusiya mübarizə aparacaq, çünki bu, strateji əhəmiyyətə malikdir.

KTMT

Ermənistan KTMT-nin fəaliyyətində iştirak etmir, amma hələ də hərbi-siyasi bloku tərk etməyib. Rusiya, ümumiyyətlə, vəziyyətdən razıdır və bu mövzuya Ukraynadakı müharibənin bitməsindən sonra qayıda bilər. Moskva üçün vacib olan Ermənistanın KTMT-dən çıxsa belə, NATO-ya daxil olmamasıdır. Bu kontekstdə, Ermənistanın neytral statusu mövzusu aktuallaşa bilər.

İqtisadi sahə

Ermənistan Avrasiya İqtisadi Birliyi (AİB) və Gömrük İttifaqının üzvüdür. Bu sahədə Rusiyanın əli güclüdür. Ticarət artmaqdadır, Rusiyanın strateji aktivlərinə (qaz və enerji paylayıcı şəbəkələr, nüvə elektrik stansiyaları, dəmir yolu və s.) toxunulmayıb. ABŞ ilə olan Bəyannamədə ayrıca Ermənistanın enerji sahəsində ABŞ ilə əməkdaşlığı qeyd edilib. Bu yaxınlarda ABŞ nüvə energetikası şirkətinin rəhbərləri Ermənistanı ziyarət ediblər. Hazırda İrəvan bu sahədə münasibətləri şaxələndirməyə çalışır. Nüvə enerjisi məsələsi potensial olaraq Prezident Tramp üçün də maraqlı bir mövzu ola bilər. Lakin hələ ki, konkret qərarlar yoxdur. Qeyd edək ki, Ermənistan üzrə "kurator" təyin olunan Rusiya PA rəhbərinin birinci müavini Kiriyenko da uzun illər məhz “RosAtom”un rəhbəri olub.

Lavrovun Ermənistana səfəri Aİ-nin ali komissarı Kallasın səfərindən əvvəl baş tutub. Ermənistanda və Brüsseldə səfər üçün hazırlıqlar gedir, masada Ermənistan və Aİ arasında ticarət əlaqələrini genişləndirəcək yeni CEPA+ mətni var. Bu, Rusiya üçün vacibdir, çünki sazişə AİB ilə ticarət qaydalarına hələ tabe olmayan, amma potensial siyahıda olan məqamlar daxil edilə bilər.

Əlbəttə ki, Lavrov Azərbaycan və Türkiyə ilə əlaqələrin bərpası ilə də maraqlanacaq. Rusiya üçtərəfli hökumətlərarası komissiyanın üzvüdür. Ermənistan komissiyanın işini gözardı edir, amma hələ də onu tərk etməyib. Rusiya üçün Ermənistan ərazisində bu prosesdə iştirak etmək vacibdir.

Yekun

Rusiya ilə ABŞ arasındakı münasibətlər sabitləşir və Ermənistanla bağlı rəqabət artıq aktual deyil. Aİ ilə rəqabət isə yalnız artacaq, Kreml Ermənistanda Aİ-yə təslim olmaq niyyətində deyil.

Rusiyanın Ermənistandakı fəaliyyəti uzun müddətə hesablanıb, çünki Moskva burada strateji aktivlərə və daxili siyasətə təsir imkanlarına malikdir. 2026-cı ildə keçiriləcək parlament seçkiləri Ermənistana hibrid təsir göstərmək üçün fürsət yaradacaq. Paşinyan tərəfindən aparılan şaxələndirmə Rusiya üçün yalnız inhisara və strateji aktivlərə malik olduğu sahələrdə narahatlıq doğurur. Bu çərçivədə, Rusiyanın maraq göstərdiyi əsas mövzulardan biri Ermənistan-Türkiyə normallaşması və sərhədlərin açılmasıdır.

@cssc_cqtm
👍8
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Pressklub TV-nin efirində gedən “Əsas Sual” verilişində “Lavrov İrəvanda, Ukraynalı nazir Bakıda - Nə baş verir?” mövzusunda fikirlərini bölüşüb.

Daha ətraflı: https://www.youtube.com/live/YHLc-EptQSI
👍8👎1
Azərbaycan və Fransa münasibətlərində buzlar əriyəcəkmi?

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə xuliqanlıqda ittiham olunaraq məhkum edilmiş Fransa vətəndaşını əfv etdi.

Bu, Azərbaycan və Fransa prezidentlərinin Albaniyada keçirilən Avropa Siyasi Birliyi sammitindəki isti görüşündən sonra baş verdi. Şübhəsiz ki, bu görüş kölgədə qalmış diplomatik təmasların nəticəsi idi.

Ümumavropa konteksti


Bakının bu humanist addımında ümumavropa konteksti də hiss olunur. Aİ iradə nümayiş etdirərək Kaya Kallası Bakıya göndərdi və onun səfərinin nəticəsində Azərbaycan-Aİ münasibətlərinin dinamikasının bərpası elan edildi. Bakı üçün ilk növbədə Aİ ilə münasibətlər vacibdir!

Lakin Brüssel Parisi gözardı edə bilməz. Buna baxmayaraq, Brüssel Bakıya doğru ilk addımı atdı, Bakı isə bu addımla cavab verdi. Hər şey məntiqlidir, Azərbaycan öz mövqeyindən geri çəkilmir və Aİ ilə normallaşma pozulduğu nöqtədən davam edir. Aİ Azərbaycan və Ermənistan arasında vasitəçi olmayacaq, münasibətlərin normallaşması isə yalnız ikitərəfli gündəmi əhatə edəcək.

Bakının məqsədi Cənubi Qafqaz mövzusunda Fransanın Aİ daxilində azlıqda qalması idi. Azərbaycanın prinsipial və ardıcıl mövqeyi Aİ-ni elə bir nöqtəyə gətirdi ki, artıq Bakı ilə əlaqələr olmadan Mərkəzi Asiya və hətta Cənubi Qafqaz istiqamətində siyasət formalaşdırmaq mümkün deyil. Aİ seçim qarşısında idi: Ya Fransanın xəttini davam etdirmək, ya da daha praqmatik kursa keçmək... Görünür, seçim ikincinin xeyrinə edilib.

Bəs sonra...?

Azərbaycan və Fransa münasibətləri Fransanın təşəbbüsü və onun Ermənistan yönümlü mövqeyi səbəbilə pozulub. Fransa Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesində heç nə əldə edə bilmədi. Regional kontekstdə də uğursuz oldu: Paris Ermənistan-Gürcüstan tandemini formalaşdıra bilmədi ki, regionda heç olmasa məntiqi əsası olan bir ox yarada bilsin. Fransanın aktivlərində yalnız Ermənistan var – Aİ missiyası, hərbi-sənaye əməkdaşlığı, Fransanın yardımı...

Fransa Azərbaycandan daha nə istəyə bilər?

Azərbaycanda həbs olunan yeganə fransalı əfv olunan xuliqan deyil. Ölkəmizdə daha bir fransalı məhbus var və ona qarşı ittiham daha ağırdır - casusluq.

Həmçinin Bakı Təşəbbüs Qrupunun fəaliyyəti də Parisi qıcıqlandırır, çünki bu qrup əsasən Fransa kolonializmi tarixinə diqqət yetirir.

Bəs Azərbaycan Fransadan nə istəyə bilər?

Fransa Parlamentinin Qarabağla bağlı qətnamələrinin ləğvi.

Azərbaycan-Aİ və Azərbaycan-NATO münasibətlərində sabotajın dayandırılması.

Ən real olanı nədir?

Fransa Parlamentinin qətnamələrini dəqiq demək olar ki, ləğv etmək mümkün deyil. Eynilə, Bakı Təşəbbüs Qrupunun fəaliyyətini məhdudlaşdırmaq da mümkün deyil – bu artıq bütöv bir institutdur və öz şəbəkəsini qurub. Odur ki, gündəmdə uzunmüddətli tendensiyaya malik və hələ də qarşılıqlı olaraq istifadə ediləcək mövzular var.

Ən real ssenari isə Azərbaycan və Fransa arasında münasibətlərin sabitləşməsi və tədricən normallaşmasıdır. Bu normallaşmanın əsas istiqaməti problemləri ikitərəfli formatda həll etmək, Azərbaycan-Aİ və Azərbaycan-NATO münasibətlərini Fransanın destruktiv təsirindən çıxarmaqdır.

Azərbaycan üçün bu mərhələdə vacib olan Fransanın regional fəaliyyətini konstruktiv istiqamətə yönləndirməkdir. Fransanın Ermənistanla bağlı məsələlərdə iştirak dərəcəsini nəzərə alsaq, bu məqsədə nail olmaq asan deyil. Lakin son proseslər bunun mümkün olduğuna dair əsaslar yaradır. Əks halda, Azərbaycanın cavab vermək və Fransa kimi böyük oyunçuların müqavimətinə baxmayaraq öz gündəmini həyata keçirmək üçün imkanları var.

@cssc_cqtm
👍8👎1
Azərbaycan-Ermənistan sülh müqaviləsi: Beynəlxalq fəallıq yenidən artır

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı beynəlxalq fəallıq yenidən artır.

ABŞ nümayəndələri Azərbaycan və Ermənistanı ziyarət edir, Aİ nümayəndələri Qara dəniz və Orta Dəhliz strategiyaları ilə bağlı fəallaşıb və yanaşmalarında praqmatizm nümayiş etdirirlər. ABŞ prezidenti öz çıxışında Azərbaycan və Ermənistan arasında sülhdən bəhs edir. Rusiya XİN də eyni mövzuda çıxış edir.

Müqavilə mətni üzrə razılaşma elan edildikdən sonra bu, sülh müqaviləsi ilə bağlı ikinci fəallıq dalğasıdır.

Qeyd edək ki, bu prosesin bütün iştirakçıları Azərbaycanın ATƏT-in Minsk Qrupunun buraxılması və Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı gözləntilərini bilirlər. Üstəlik, bunu detalları ilə bilirlər, Azərbaycanın motivləri ilə tanışdırlar.

Ən maraqlısı odur ki, hər kəs – həm Qərbdə, həm də Şimalda, sülh müqaviləsinin imzalanmasını dəstəklədiklərini bəyan edərkən, ATƏT-in Minsk Qrupunun buraxılması mövzusunu qeyd etmirlər. Əgər bütün bu ölkələr, xüsusilə Rusiya, ABŞ və Fransa, sülh müqaviləsinin zəruriliyi haqqında çıxışlarında eyni zamanda ATƏT-in Minsk Qrupunun buraxılmasını dəstəklədiklərini, Azərbaycan və Ermənistandan belə bir müraciət gəldikdə bu qərar üçün səs verməyə hazır olduqlarını bildirsəydilər bu, daha məntiqli və səmimi olardı.

Bunun əvəzində ABŞ və Aİ regionun inkişafını vəd edir, amma bu inkişafın nədən ibarət olduğunu qeyd etmirlər. Məsələn, Aİ-də Orta Dəhlizə işarə edir, infrastruktur sahəsində potensial investisiyalardan danışırlar. Amma xatırladaq ki, Orta Dəhliz artıq mövcuddur, lakin hələ ki, tam gücü ilə işləmir!

Digər tərəfdən, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi kommunikasiyaların açılmasına zəmanət vermir. Bu tamamilə müstəqil prosesdir və sülh müqaviləsi çərçivəsindən kənarda qalır. Kommunikasiyaların açıqlamasının bir şərti var – Zəngəzur dəhlizinin Azərbaycan vətəndaşları və yükləri üçün maneəsiz olması. Bu şərt yerinə yetirilmədən kommunikasiyalar açılmayacaq!

Ona görə də sülh prosesini dəstəkləyən hər kəs ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı öhdəlik götürməlidir. Əks halda, bütün bu bəyanatların Azərbaycan üçün heç bir praktiki əhəmiyyəti yoxdur.

@cssc_cqtm
👍11
Paşinyan Katolikosa qarşı

Ermənistan baş nazirinin erməni kilsəsi ruhaniləri ilə bağlı sərt reaksiyası ölkə daxilində yeni fəallığa səbəb olub.

Əlbəttə, Paşinyanın bunu necə etdiyi ayrıca müzakirə mövzusudur. Bu prosesdə əsas məqsəd siyasətə qarışmağa çalışan kilsə nümayəndələrinin nüfuzuna zərbə endirməkdir.

Paşinyan və kilsə arasındakı münasibətlər müxtəlif zamanlarda fərqli istiqamətlərdə inkişaf edib.

2021-ci ilin fevralın sonunu xatırlasaq, o zaman Ermənistanın demək olar ki, bütün ictimai təsisatları Paşinyanın istefasını tələb edirdi: Baş Qərargahın generalları, kilsə, siyasi partiyalar, prezident...

Lakin Paşinyan 2021-ci il seçkilərində qalib gəldi. O vaxtdan bəri prezidenti öz adamı ilə əvəz etdi, generalları çıxarıb onları sadiq polkovniklərlə əvəz etdi. Müxalifət partiyaları dörd il ərzində fəal olsalar da, əhalini birləşdirməyi bacarmadılar.

Paşinyan hakimiyyətinə yeganə ciddi təhlükə, Srbazanın paytaxt mərkəzində çoxsaylı mitinq təşkil etməsi nəticəsində yaranmışdı. Amma bu hərəkat da tezliklə zəiflədi.

2026-cı ilin yazında növbəti parlament seçkiləri keçiriləcək. Lakin seçki kampaniyası artıq başlayıb. Buna Gümrü və Parakar seçkilərində hakimiyyətin məğlub olması səbəb oldu ki, bu da müxalifətə ümid verdi.

Müxalifət həmin seçkilərdə iki fərqli texnologiya ilə qalib gəldi. Gümrüdə müxalifət qrupları ayrı-ayrı siyahılarla seçkiyə qatıldı və nəticədə Paşinyanın nümayəndəsi daha çox səs topladı, lakin bu say kifayət etmədi. Sonradan bütün müxalifət qrupları birləşərək Gümrü meri postunu ələ keçirdi.

Parakarda isə yerli səviyyədə xarizmatik siyasətçi hakimiyyət nümayəndəsini açıq şəkildə üstələdi.

Beləliklə, müxalifətin qarşısında iki qalibiyyət mexanizmi dayanır: Ya ayrı-ayrı qruplarla seçkiyə qatılıb sonra parlamentdə bir araya gəlmək, ya da indidən bir lider ətrafında birləşmək.

Koçaryan, Sarqsyan, Srbazan və digərlərinin fəallığı məhz bununla bağlıdır. Moskva da strategiya seçimini diqqətlə izləyir.

Paşinyan isə "xalı bombardmanına" başlayıb: Korrupsiya işləri aktivləşdirilib, keçmiş prezidentlər məhkəməyə çağırılır, parlamentdə gərginlik artırılır. İndi də Katolikosun ifşası... Bunlar hamısı müxalifətin birləşməsində iştirak edə biləcək fiqurlar və təsisatlardır.

Bu addımlarla Paşinyan gələn il üçün müxalifətin strategiyasını formalaşdırır və xarici iştirakçı - Rusiyanın fəallığını məhdudlaşdırır.

Üstəlik, Paşinyan öz radikal addımları ilə müxalifəti və kilsəni seçkilərdən bir il əvvəl - indi etiraz aksiyaları keçirməyə məcbur edir ki, etiraz hərəkatının gücü gələn ilin yazında özünün pik həddinə çata bilməsin və artıq bu yay tükənsin.

Gümrü seçkilərindəki uğursuzluqlardan sonra Qərbdə də Paşinyanın gələcəyi ilə bağlı suallar yaranıb. Ermənistan baş nazirinin son hərəkətlərində məhz bu məqam da var. Baş nazir hakim partiya və komandanı toparlamağa, birgə işi daha effektli etməyə, öz siyasi nüfuzuna və imkanlarına olan şübhələri aradan qaldırmağa çalışır.

Ermənistan polisi rəisinin ötən günki istefası da seçkilərə hazırlıq prosesinin tərkib hissəsidir. Belə ki, polis sisteminin peşəkar yetirməsi olan polis rəisi Paşinyanın komandasına uyğun gəlməyən bir kadr idi. Daxili işlər nazirini qadınla əvəz etdikdən və birinci müavin vəzifəsinə keçmiş QHT əməkdaşını gətirdikdən sonra DİN sistemində yalnız polisin rəhbəri sistemin öz nümayəndəsi olaraq qalmışdı. İndi görək bu vəzifəyə kim təyin ediləcək.

Polis rəisi mitinqlərin dağıdılması dövründə əsas vəzifədir. Qırmızı beretlər gənc qadına və QHT işçisinə itaət edəcəklərmi? Axı Srbazan aksiyaları zamanı məhz qırmızı beretlər etiraz aksiyalarının meydanlardan kənara çıxmamasında vacib rol oynamışdılar.

Beləliklə, Katolikosla münaqişə parlament seçkilərinə hazırlığın bir hissəsidir. Sərt ritorika isə cəmiyyətin qütbləşməsinə, hakim partiyanın birləşməsinə və xarici fəallıqlara cavab verməyə xidmət edir.

@cssc_cqtm
👍12
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "Müharibənin yeni səhifəsi: Ukraynanın dron zəfəri. Putin-Zelenski görüşü realdırmı?" mövzusunda müzakirələrdə iştirak edib.

Daha ətraflı: https://youtu.be/vnnNavKWvhw?si=4XFwV821fmt-uI-_
👍3
Paşinyan Katolikosa qarşı

Paşinyanın iddiaları kilsə institutuna qarşı deyil, şəxsən katolikosa qarşı yönəlib.

Media hücumu və katolikosu nüfuzdan salan məlumatların sızmasından sonra Ermənistanın baş naziri yeni kilsə başçısı seçkilərinin keçirilməsi ilə bağlı təşkilati məsələlərin həlli üçün koordinasiya qrupunun yaradılmasını təklif edib.

Maraqlıdır, Ermənistanın baş naziri bu mövzuda nə qədər uzağa gedəcək? Mətbuata məlumat sızdırmaq ayrı, amma ömürlük seçilən katolikosun vəzifədən uzaqlaşdırılması proseduruna başlamaq isə tam ayrı bir məsələdir.

Paşinyanın fikrincə, bakirlik andını pozma ittihamları kilsədaxili müzakirələrə, daxili etiraza səbəb olmalı idi. Lakin bu baş vermədi. Məntiqlə Paşinyan növbəti addımı atmalı, katolikos və onun övladının DNT testlərini göstərməli idi.

Paşinyan bu addımı atmadı, koordinasiya qrupu yaratmaq yolu ilə getdi.
Amma erməni kilsəsində belə bir struktur yoxdur. Katolikos ruhanilərdən və din xadimlərindən ibarət kilsə məclisi tərəfindən seçilir. Əvvəlcə beş yepiskop, daha sonra onların arasından katolikos seçilir. Amma yeni seçki üçün katolikos özü istefa verməli, ya da ölməlidir. Bəs Paşinyan indiki katolikosa tabe olmayan ən azı beş yepiskopu haradan tapacaq?!

Paşinyan bu addımı o halda ata bilərdi ki, o, xarici mərkəzlərdən - Kilikiya katolikosundan, Konstantinopol və Qüds patriarxlarından dəstək zəmanəti alsın. Erməni kilsəsinin xarici strukturları bu günə kimi mövzu ilə bağlı bəyanat verməyiblər. Əgər bu dəstək olmasa, Paşinyanın təşəbbüsü artıq ölü doğulub.

Əgər Paşinyan xarici iyerarxların dəstəyini qazanmasa və əlavə sübutlar təqdim etməsə, o zaman bu kampaniya onun üçün gözlənilməz nəticələrə səbəb ola bilər.
Erməni kilsəsi dərin ənənələrə malik bir qurumdur, ona görə də ehtimal ki, o özünün antiazərbaycan əhval-ruhiyyəsini heç vaxt dəyişməyəcək.

Qarşıdurmanın Rusiya konteksti

Paşinyan yönümlü media hazırkı katolikosun rusiyapərəst olduğunu iddia edir. Bu iddiaların tarixi əsası var. Belə ki, Eçmiədzinin yüksəlişi 1828-ci ildən sonra, katolikosluğun Sisdən Rusiya imperiyasının sərhədlərinə - Eçmiədzinə köçməsindən sonra baş verib. Bu yüksəlişdə məqsəd imperiyanın Şərq siyasəti, yəni bütün Yaxın Şərqə yayılmış ermənilərin vahid kilsə ilə təsir, kəşfiyyat və təxribat aləti kimi çıxış etməsi idi. Rusiya imperiyası ilk dəfə 1831-ci ildə katolikosların yalnız imperiyanın təbəələri arasından seçilməsini məhdudlaşdırsa da, 1836-cı ildə “Erməni-qriqorian etiqadı haqqında Əsasnamə”yə görə, başqa ölkələrin təbəələrinin də katolikos seçkilərində iştirakına icazə verdi. Bu, xaricdəki dini icmaların Eçmiədzindən uzaqlaşmaması üçün edildi.

Eyni zamanda, Alban kilsəsinin əmlakı erməni kilsəsinin mülkiyyətinə keçdi. İmperiya Eçmiədzinin xaricdəki ermənilərin gözündə daha cəlbedici olması üçün onu gücləndirdi.

19-cu əsrdə katolikoslar Rusiya imperiyasının xarici siyasətində mühüm rol oynadılar, lakin daxili siyasətdə muxtariyyətlərini qorudular. Katolikosların heç biri onların hakimiyyətini məhdudlaşdırmaq üçün “...Əsasnamə” ilə yaradılmış Sinod institutunu qəbul etmədi.

Rusiya erməni kilsəsi mövzusunun ayrılmaz hissəsidir, çünki məhz Rusiyanın hesabına Eçmiədzin 19-cu əsrin əvvəllərində öz təsirini gücləndirdi. 1907-ci ildə İmperiyanın daxili işlər naziri Stolıpin yazırdı: “Eçmiədzində erməni xalqının mənəvi-siyasi mərkəzini süni şəkildə bərpa etdik və bununla da, katolikosun yerli və xarici əsilli erməni partiyalarını öz ətrafında birləşdirmək imkanlarını tanıdıq...”.

Beləliklə də, Paşinyan çox təhlükəli bir oyuna başlayıb. Əgər katalikos əleyhinə kampaniyanı davam etdirmək üçün güclü kartları olmasa, yaxın gələcəkdə məğlubiyyətini etiraf etməli olacaq.

@cssc_cqtm
👍10
Rusiya Ukrayna və İran arasında

Rusiya və ABŞ arasındakı danışıqların növbəti raundu Vaşinqtonun təşəbbüsü ilə təxirə salınıb. Bu, diplomatlar səviyyəsində münasibətlərin sabitləşdirilməsi ilə bağlı danışıqlar idi. Bu sabitləşmə prosesi Ukraynadakı müharibədən asılı olmayaraq gedirdi və Rusiya üçün müəyyən nailiyyət hesab olunurdu.

Qeyd edək ki, danışıqları təxirə salma qərarı Trampın Putinlə telefon danışığından sonra açıqlanıb. Söhbət zamanı əsas mövzu İran olub. Təxmin etmək olar ki, ABŞ Rusiyadan İranla danışıqlarda iştirak etməsini və Tehranı təslim olmağa (istənilən nüvə proqramından imtina etməyə və raket proqramını dayandırmağa) məcbur etməsini istəyir. Rusiya bundan imtina etdiyi üçün ABŞ ilə münasibətlərin sabitləşməsi dayandırılıb. Vaşinqton sərt və ardıcıl hərəkət edir.

Rusiya üçün ikili vəziyyət yaranır

İsrail və İran arasında müharibə Trampın diqqətini yayındırır, həmçinin ABŞ-nin Yaxın Şərqə silah tədarükü Rusiya üçün Ukraynadakı müharibədə faydalı ola bilər. Lakin Rusiya İranın tam məğlubiyyətini və xüsusilə də Tehran rejiminin dəyişməsini qəbul edə bilməz. Bu, strateji cəhətdən Çin-Rusiya ittifaqı üçün Yaxın Şərqdə məğlubiyyət deməkdir.

Üstəlik, ABŞ Rusiya ilə münasibətlərin sabitləşməsini gözləmə rejiminə qoyub.

İranı Ukraynaya dəyişmək…

Bu tezis hazırda ekspert dairələrində geniş yayılıb. Ancaq anlamaq lazımdır ki, İranı təslim etmək Ukraynada qələbəyə zəmanət vermir. Rusiyanın resursları məhduddur və proseslərə təsir etmək imkanı yoxdur.

Rusiya prezidenti Trampın tələblərini İrana qəbul etdirmək üçün danışıqlara başlasa, tədricən Ağ Evin iradəsinin ifadəçisinə çevriləcək. Bunu Pekində də anlamayacaqlar.

Digər tərəfdən, Rusiya İrana heç cür kömək edə bilməz. Bunu ancaq Pakistan vasitəsilə Çin edə bilər. Lakin İsrail artıq İranın hava məkanında möhkəmlənib və onu tərk etmək fikrində deyil.

Rusiya prezidenti üçün ideal variant Tehran rejimini Trampın tələblərini qəbul etməyə inandırmaq olardı. Bir şərtlə ki, rejim qalsın və İsrail İranın hava məkanında olmasın. Amma bu ideal variantdır və yaxın gələcəkdə reallaşması mümkün deyil.

Üstəlik, İran rejimi də Rusiyaya tam etibar etmir. İran diplomatiyası ABŞ-Rusiya yaxınlaşmasına maraq göstərirdi və başa düşürdü ki, mümkün anlaşma qismən İranla da bağlı olacaq. Buna görə də Tehran Vaşinqtonla birbaşa danışıqlara getdi. Amma nəticə müsbət olmadı.

Beləliklə, Rusiya prezidenti Ukrayna ilə bağlı zəmanət almadan İranın təslim olmasında iştirak etməyəcək. Digər tərəfdən, İran rejimi hər gün daha çox zəifləyir.

Burada Türkiyə prezidenti də vasitəçi kimi fəal ola bilər. Lakin Türkiyənin də Tehranla (daha doğrusu, Tehran rejimi ilə) danışıqlar aparmaq üçün resursları məhduddur.

Öz növbəsində, İran rejimi Trampın tələblərini qəbul etsə, yəqin ki, birbaşa ABŞ ilə danışıqları üstün tutacaq.

İsrail-İran müharibəsinin başa çatması regionda yeni status-kvo yaradacaq və bu, kifayət qədər uzun müddət davam edə bilər. Bütün oyunçular müharibədən sonrakı dövrdə öz mövqelərini möhkəmləndirmək üçün addımlar atırlar. Bu planları yalnız İran rejiminin müqavimət gücü və üçüncü ölkələrin ərazisinin müharibəyə cəlb olunması poza bilər. İran rejimi məhz bunu etməklə hədələyir.

Bir sözlə, müasir beynəlxalq münasibətlər və diplomatiya daha çox "yerdəki vəziyyətdən" asılı olsa da, İsrail-İran müharibəsində daha çox "havadakı vəziyyətdən" asılı olacaq.

@cssc_cqtm
👍13
Azərbaycan və Rusiya münasibətləri sistem böhranı səviyyəsinə keçir

Rusiya rəhbərliyinin AZAL təyyarəsinin vurulması ilə bağlı Azərbaycanın ədalətli gözləntilərinə cavab verəcək addımlar atmaması münasibətlərdə qeyri-müəyyənlik vəziyyəti yaratdı. Azərbaycan Prezidentinin 9 may paradında iştirak etməməsi münasibətlərin normallaşdırılması üçün tədbirlər görülməsi lazım olduğuna işarət idi. Lakin Rusiya rəhbərliyi heç nə etməmək, qeyri-müəyyənlik və ali səviyyədə dialoqun olmadığı bir şəraitdə əməkdaşlığı davam etdirmək qərarına gəldi.

Həqiqətən də, əməkdaşlığın müxtəlif sahələri üzrə işlər əvvəlki kimi öz axarı ilə gedirdi. Rusiyanın hər bir qeyri-dost hərəkətinə Azərbaycan tərəfindən analoji cavab verilirdi: Azərbaycan resurslarına kiberhücum - "Sputnik"in fəaliyyətinin məhdudlaşdırılması; Milli Məclis deputatının deportasiyası - Bakıdakı Rossotrudniçestvo nümayəndəliyinin bağlanması və s.

Lakin Yekaterinburqda baş verən son hadisələr münasibətlərdəki qeyri-müəyyənliyi kəskin şəkildə dəyişdi. Həbs zamanı hüquq-mühafizə orqanlarının vəhşiliyi nəticəsində ölən və yaralananların olması, həmçinin 25 il əvvəl baş vermiş cinayətə görə ittihamlar baş verənlərin Rusiya dövləti tərəfindən Azərbaycan və azərbaycanlıları qorxutmaq üçün planlaşdırılmış bir aksiya olması fikrini doğurur.

Bu hadisə ikitərəfli əlaqələrdəki mövcud böhranın münasibətlərin digər sahələrinə yayılmasına səbəb oldu: Vitse-prezident Overçukun Bakı səfərinin ləğvi, dövlət və özəl səviyyədə humanitar xarakterli tədbirlərin ləğvi... Beləliklə də, böhran elə bir vəziyyət yaradır ki, artıq "business as usual" prinsipi işləmir və münasibətlərin həmişəki kimi öz axarı ilə davam etməsi mümkünsüz hala gəlir.

Növbəti addım kimi Rusiya və Azərbaycan arasında münasibətlərin yenidən nəzərdən keçirilməsi gündəmə gələ bilər.

Azərbaycan və Rusiya münasibətləri həmişə şəxsiyyətlərdən, liderlərdən asılı olub. Böhranın başlanğıcından, yəni Rusiya Silahlı Qüvvələri tərəfindən AZAL-ın mülkü təyyarəsinin vurulmasından etibarən Bakının mesajları birbaşa Rusiya rəhbərliyinə ünvanlanıb. Lakin müvafiq cavab alınmayıb.

Artıq aydındır ki, Kreml Rusiyada Azərbaycan əleyhinə addımlar barədə tam məlumata malikdir və əgər bu addımları dayandırmırsa, deməli onları təşviq edir.

Rusiya hakimiyyətinin faşist ritorikasında miqrantlar konteksti

Ukraynanın işğalı və işğal olunmuş ərazilərdə etnik təmizləmə aparıldıqdan sonra Rusiya rəhbərliyi ölkə daxilində mövcud olan nasist və faşist meylləri təşviq etmək kursunu seçdi və bu təhlükəli tendensiyaları qanunvericiliyə daxil etdi. Əsas hədəf miqrantlar oldu, onların fəaliyyətinə qarşı qanunlar sərtləşdirildi və ən qəddar tədbirlər həyata keçirildi. Mərkəzi Asiyanın bütün ölkələri artıq bununla bağlı öz etirazlarını bildiriblər və Yekaterinburqdakı son dəhşətli hadisə Azərbaycan tərəfindən də etiraz üçün əsas oldu.

Rusiya cəmiyyətinin faşistləşməsi ölkənin qonşularla münasibətləri və gələcəyi üçün nəticələr doğuracaq. Görünür Priqojinin üsyanı Rusiya rəhbərliyi üçün dərs olmadı.

Rusiya Cənubi Qafqaz regionunda itkilərlə üzləşəcək

Bakı nümayiş etdirir ki, hətta Rusiya liderinin şəxsiyyəti faktoru belə milli maraqların irəli sürülməsində maneə olmayacaq. Əgər Moskvada miqrantlarsız yaşamaq istəyirlərsə, nəticə etibarilə xarici perimetrdə tərəfdaşsız qalacaqlar və eyni zamanda, quruda və dənizdə NATO ölkələrinin hərbi bazalarının mövcudluğu ilə bağlı vacib mövzularda əldə edilmiş razılaşmalar aktuallığını itirəcək.

@cssc_cqtm
👍17
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "Rusiya-Azərbaycan gərginliyində növbəti addım nə olacaq?" mövzusunda fikirlərini bölüşüb.

Daha ətraflı: https://youtu.be/AWUTxYnbEjQ?si=Dqwc3qz53vNXT2Ur
👍8
Azərbaycan-Rusiya münasibətlərindəki böhranın kontekstləri

Azərbaycan və Rusiya arasında yenidən alovlanan böhran çoxlu informasiya kirliliyi yaradır ki, bu şəraitdə mövcud kontekstləri anlamaq çətinləşir. Gəlin bu kontekstləri sistemləşdirməyə və istiqamətlər üzrə nəzərdən keçirməyə çalışaq.

Əsas diqqət yetirilməli məqam budur ki, Azərbaycan və Rusiya münasibətlərindəki böhran tamamilə daxili xarakterlidir, yəni burada xarici təhrikçi yoxdur. Xarici oyunçuların bu böhrandan necə istifadə etməsi isə şəraitdən asılıdır.

İkitərəfli kontekst

Münasibətlərdəki böhran keçən il dekabr ayında Rusiya Silahlı Qüvvələri tərəfindən vurulan Azərbaycan mülkü təyyarəsinə qarşı Rusiya rəhbərliyinin qeyri-ardıcıl mövqeyi ilə başladı. Bundan sonra yüksək səviyyəli dialoq kəsildi, müxtəlif istiqamətli qarşılıqlı addımlar atıldı. Rusiya tərəfindən Azərbaycana qarşı iki davranış modeli müşahidə olundu: Təzyiq və danışıqlar. Kreml aydın mövqe bildirmək üçün heç bir addım atmadı.

Nəticədə etimad itirildi, Yekaterinburq hadisələri isə böhranın dərinləşməsi və genişlənməsi üçün qığılcım oldu.

Hal-hazırda Rusiya prosesi Yekaterinburq hadisələrilə lokallaşdırmağa çalışır, Azərbaycan isə daha geniş yanaşaraq vurulan təyyarə mövzusunu gündəmə gətirir. Artıq o qədər addımlar atılıb ki, lokallaşdırmaq mümkün deyil. Əks halda növbəti qığılcımı gözləmək lazım gələcək. Böhranın genişlənməsilə yanaşı, onun nizamlanması potensialı da mövcuddur. Lakin bu səviyyəli böhran izsiz ötüşmür.

Regional kontekstlər

Rusiyanın eyni zamanda Azərbaycan və Ermənistanla münasibətləri pisləşir. Bu, strateji infrastrukturun itirilməsi ilə müşayiət olunur: Azərbaycanda Rossotrudniçestvo ofisi və “Sputnik” (hələ ki, bunlar...), Ermənistanda isə Rusiya vətəndaşına məxsus Elektrik Şəbəkələri milliləşdirilib və bu proses davam edə bilər.

Azərbaycan və Ermənistan bu və ya digər şəkildə ikitərəfli formatı qoruyur. Rusiya iştirakının qaldığı yeganə mövzu Ermənistan ərazisində kommunikasiyaların açılmasıdır. Lakin bu istiqamətdə danışıqlarda heç bir irəliləyiş yoxdur. Ermənistanda Rusiya strateji aktivlərinin milliləşdirilməsi nümunəsi potensial olaraq dəmir yollarına da şamil edilə bilər.

Moskvanın Cənubi Qafqaz ölkələrinin daxili siyasətinə təsir də məhdudlaşır. Ermənistanda Paşinyana alternativ yaratmaq cəhdləri hökumətin sərt tədbirlərə - həbslərə və Rusiya PA-nın sədr müavini Kiriyenkonun Paşinyana qarşı istifadə etmək istədiyi bütün şəbəkənin ifşasına səbəb oldu. Əgər Rusiya Ermənistanda Paşinyanı devirməkdə uğurlu olsa, Bakı gözləməyəcəyini və Ermənistanda revanşistlərdən gələ biləcək potensial təhlükənin neytrallaşdırılması üçün tədbirlər görəcəyini bildirdi. Burada Moskva və Bakı arasında ziddiyyət aydındır. Rusiyada Azərbaycan diasporlaru və “Food City”nin fəaliyyətini araşdırmağa çağırış edən Mironovun Baş Prokurora məktubu kimi anti-Azərbaycan addımları da məhz regional kurator Kiriyenkodan gəlir. Belə çıxır ki, yeni müharibənin qarşısını almaq üçün bu şəxsin nə Ermənistan, nə də Azərbaycana qarşı planları uğur qazanmamalıdır. Hələ ki, o uğursuzluqla üzləşir.

Daxili kontekstlər

Rusiyada bu böhran anti-miqrant siyasətinin sərtləşdirilməsindən qaynaqlanır. Burada Rusiyanın çətin vəziyyətinin əsas günahkarları "işləyən, qazanan, amma döyüşməyən miqrantlar" elan edilib. Bu sadə formulu isə Kiriyenko, Bastırkin və FTX (FSB) kimi "sadə olmayan" subyektlər təbliğ edir. Nəticədə, Rusiyanın bütün qonşuları ilə münasibətlərində problemləri yaranır və bu problemləri Rusiya XİN və prezident səviyyəsində həll etmək lazım gəlir. Anti-miqrant kampaniyası həmçinin Moskva və regionlarda elitar qruplar üçün mülkiyyətin bölüşdürülməsi baxımından stimula çevrilib.

Azərbaycanda daxili kontekst ondan ibarətdir ki, xarici təsirlərin qalıqları göz önündə əriyir. Rusiya ilə münasibətlər vacibdir, lakin Bakı nümayiş etdirir ki, daxili dinamikadan daha vacib heç nə ola bilməz.

@cssc_cqtm
👍12
Qlobal qarşıdurmalar: Kim kiminlədir və Azərbaycan haradadır?

Qlobal güc mərkəzləri getdikcə toparlanır, Vaşinqton və Pekinin timsalında əsas mərkəzlər müttəfiqlərini “sıraya düzür və yoxlanış edirlər”.

ABŞ artıq Avropada bu işi həyata keçirib və NATO-nun son sammiti göstərdi ki, Aİ Vaşinqtonun çağırışlarına müsbət cavab verib. İndi növbə ABŞ-nin Sakit okean müttəfiqlərindədir: Avstraliya, Yaponiya, Cənubi Koreya və s.

Pekin də öz müttəfiqlərini toplayır. Şimali Koreyada Çin, Rusiya və İran xarici işlər nazirlərinin görüşü baş tutacaq. Bu, “üçlüyün” görüşü deyil, Çinin müttəfiqləri ilə görüşüdür.

Çin Rusiya və İranın strateji məğlubiyyətinə yol verə bilməz. Bununla belə, Çinin hər iki tərəfdaşı münaqişənin qaynar mərhələsindədir və Pekinin köməyinə ehtiyac duyurlar. Gizli şəkildə yardım göstərmək getdikcə çətinləşir. Çin üçün Rusiyanı gizli olaraq lazımi avadanlıqlarla təmin etmək hələ də mümkündür, lakin şəxsi heyətlə təminat artıq Şimali Koreya vasitəsilə həyata keçirilir. İranın insani gücə yox, hava hücumundan müdafiə və hava qüvvələrinə ehtiyacı var. Çünki Tehran öz hava məkanına nəzarət etmir.

Bunlar, belə demək mümkünsə, Pekinin həll etməli olduğu vacib mövzulardır.

Əsas odur ki, Rusiya və İranın dayanıqlığı təmin olunsun!


Çinin uğur nümayiş etdirən yeganə tərəfdaşı Hindistanı yerinə oturdan Pakistandır. Bununla belə, Hindistan hələ də regional perimetrdir - Asiya cəbhəsidir. Burada Çin-Hindistan ziddiyyətləri hələ də ŞƏT kimi təşkilatlar çərçivəsindədir. Qlobal miqyasda Hindistan BRICS çərçivəsində Çinlə bir sıradadır.

Qlobal qarşıdurmanın perimetrlərini nəzərdən keçirək:

- Rusiya-Ukrayna/Avropa və ABŞ...
burada qeyri-müəyyənlik var. Bir tərəfdən, bu cəbhədə baş verənlər ABŞ-nin diqqətini və resurslarını yayındırır (düzdür, artıq Aİ-nin hesabına); Digər tərəfdən, Çin münaqişənin dondurulmasını, ABŞ-nin bir müddət Ukraynanın bərpası və NATO anbarlarının silahla doldurulması kimi Avropa işlərinə başının qarışmasının tərəfdarıdır.

- İsrail-İran... Burada ABŞ-nin müttəfiqi və ABŞ özü Çinin tərəfdaşına zərbə vurub. İş o yerə çatıb ki, İran hələ də öz hava məkanına nəzarəti təmin edə bilmir. İsrail İrana hava hücumundan müdafiə sistemlərini bərpa etməyə icazə verməyəcək və Çin sistemləri işə düşən kimi ABŞ-nin razılığı ilə İsrailin zərbələrinə tuş gələcək. Bunun üçün səbəb də var - İranın nüvə proqramı.

Çin və ABŞ bir neçə cəbhədə çox çətin qarşıdurma vəziyyətindədir. Çin siyasi, iqtisadi, hərbi və texnoloji resurslarıı toparlayıb. Pekin Çindən yardım və dəstək alan tərəfdaşları vasitəsilə Vaşinqtonun resurslarını yayındırmağa çalışır.

Bəs Azərbaycan və Cənubi Qafqaz bu qarşıdurma perimetrlərində haradadır?!

Azərbaycan ABŞ (Türkiyə, İsrail) və Çinin (Pakistan, Orta Asiya ölkələri) müttəfiqlərinin müttəfiqidir.

Çinlə strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb. ABŞ ilə də yüksək səviyyəli əməkdaşlığın qurulması mümkündür.

Rusiya və Aİ ilə münasibətlər ziqzaq şəkildə inkişaf edir, öz xarakterini dəyişmək potensialına malikdir: Ya konstruktiv, ya da dağıdıcı istiqamətdə. Bu, Brüssel və Moskvanın seçimindən asılıdır. Münasibətlər pisləşərsə bunun çox əhəmiyyətli mənfi təsirləri olacaq, Lakin qlobal kontekstdə bu, Azərbaycanın müstəqil və suveren dövlət statusunu qoruyub saxlayır. Bu status ölkəni qarşıdurma məkanına çevrilməkdən qoruyur.

Bu, qlobal səviyyədə strateji tarazlıqdır və bundan qaçmaq mümkün deyil!

Azərbaycan və Cənubi Qafqaz regionu anlayır ki, qarşıdurma xəttindən kənarda qalmaq getdikcə çətinləşir. Region ölkələri bölgənin resurslarını birləşdirməli və bir-biri üçün daha proqnozlaşdırıla bilən olmalıdırlar. Bu, bizim birlikdə qət etməli olacağımız asan olmayan bir yoldur. Azərbaycanın qurduğu balans səmərəlilik və davamlılıq nümayiş etdirir. Bu balans bütün region üçün aktualdır.

@cssc_cqtm
👍16
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Hərbi Hava Qüvvələri tərəfindən vurulan AZAL sərnişin təyyarəsi ilə bağlı beynəlxalq məhkəmələrə müraciət üçün sənədlər hazırlandığını bildirməsi Rusiya və Azərbaycan münasibətlərindəki böhranı yenidən aktuallaşdırdı.

Azərbaycan əvvəlcədən prosesi beynəlxalq müstəviyə çıxarmadı. MDB İcraiyyə Komitəsini işin istintaqına buraxmamaqla yanaşı, paralel olaraq Bakı ABŞ və Aİ-nin də iştirakına icazə vermədi, prosesi Azərbaycan, Rusiya, Qazaxıstan və Beynəlxalq Mülki Aviasiya Təşkilatı (BMAT) çərçivəsində saxladı. Bunu Kremldə qiymətləndirməli idilər!

BMAT qaydalarına görə yekun hesabat bir il ərzində dərc edilməlidir və bundan sonra tərəflər razılığa gələ bilməsələr, məhkəmələrə müraciət etmək olar. Bakı məhz bunu etməyi planlaşdırır və açıq şəkildə bəyan edir, Moskvaya hələ vaxtın olduğunu göstərir.

Vurulan təyyarə və Rusiyanın Azərbaycana qarşı qeyri-adekvat davranışı böhranın əsasını təşkil edir. Digər məsələlər məhz bundan törəyir!

Təsadüfi deyil ki, Azərbaycan Prezidenti böhranla bağlı suala ayrılan bütün vaxtı təyyarə mövzusuna həsr etdi.

Axı bu faciədən üç ay əvvəl Rusiya prezidenti Azərbaycana dövlət səfəri etmişdi. Bakının bu səfərdən bir çox zərəri oldu, qərb siyasətçilərinin yüzlərlə məqalə və bəyanatı yayımlandı. Bir çox qərb liderləri COP29-a məhz Putinin səfəri səbəbilə gəlmədi və Kreml bunu bilir! Lakin Azərbaycan və Prezident İlham Əliyev prinsipial mövqe göstərdi və səfər yüksək səviyyədə baş tutdu.

Amma ilin əvvəlindən Rusiyanın hərəkətsizliyi Bakıda belə bir təəssürat yaratdı ki, Moskvada "Vurduq və yaxşı etdik!" prinsipinə əsaslanırlar.

Fevralda Rossotrudniçestvonun bağlanması Bakının öz səsini Kremlə çatdırmaq cəhdi idi... lakin fayda vermədi.

Bəli, Moskva addımlar atdı, diqqət əlamətləri göstərdi və s. Lakin bu təyyarə ilə bağlı deyildi! Hərəkətlər səhv istiqamətdə edildi.

Apreldə Azərbaycan Prezidentinin nümayəndəsi Moskvada danışıqlar apardı və Kreml Azərbaycanın nə gözlədiyini bilirdi. Amma heç nə etmədi.

Cavab olaraq - Azərbaycan Prezidentinin 9 may paradında iştirak etməməsi... lakin xüsusi təyinatlıların iştirakı, o demək idi ki, Azərbaycan Böyük Vətən Müharibəsində iştirakını inkar etmir!

Azərbaycan Prezidenti Rusiya ilə münasibətlərdəki böhranın bütün yükünü öz üzərinə götürdü, açıq şəkildə gözləntilərini bildirdi və addımlar atdı.

Bu dövrdə Moskvadan xüsusi olaraq Azərbaycan Prezidentinə şəxsi hücumlar başladı. Rusiya Prezident Administrasiyasının KİV üzrə kuratoru cənab Qromovun idarəsindən hansı media orqanlarına tezislərin getdiyini Bakıda çox yaxşı bilirlər. Azərbaycan KİV-ləri də bunu cavabsız qoymadı. Rusiya prezidentinin adının çəkildiyi materiallar məhz cavab reaksiyası idi. Eynən qonşu İranda oxşar hərəkətlər edildikdə Ali Rəhbərin adının çəkildiyi materialların yayımlanması kimi...

Daha sonra Yekaterinburq və digər hadisələr metastaz kimi münasibətlərin bütün perimetrinə yayılmağa başladı.

Kreml tərəfindən Fövqəladə Hallar Naziri vasitəsilə göndərilən mesajlar cavabsız qaldı, çünki təyyarə qəzası mövzusuna aid deyildi!

Məhz Rusiyanın günahkarlara cəza verməsi, kompensasiya ödəməsi və üzr istəməsidir ki, bu, münasibətlərin bərpasına başlamağa kömək edə bilər. Əks halda gələcək böhranların alovlanmasından qaçmaq mümkün olmayacaq.

Rusiyada çoxları Azərbaycana qarşı təxribatlara hazırdır və məlum oldu ki, Moskvadakı müxtəlif güc strukturlarında Azərbaycana qarşı qəzəb yığılıb.
Hər belə təxribat Kremlin müqaviməti ilə qarşılaşmır. Deməli, onun icazəsi ilə baş verir və bu da Bakının cavab hərəkətlərinə səbəb olur!

Hadisələr eskalasiya istiqamətində cərəyan edir, baxmayaraq ki, əskinə, de-eskalasiyaya getmək imkanı var. Kreml bunun üçün nə etməli olduğunu bilir. Bakı vəziyyətin inkişafının hər iki ssenarisinə hazırdır, lakin ənənəvi olaraq, öz prinsipial mövqeyini nəzərə alaraq, konstruktivliyə üstünlük verir.

@cssc_cqtm
👍19👎2
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "Ermənistan Zəngəzur dəhlizini icarəyə verir?" mövzusunda öz fikirlərini bölüşüb.

Daha ətraflı: https://www.youtube.com/watch?v=lqHA4lkQh0E
👍5