CSSC Baku – Telegram
CSSC Baku
3.07K subscribers
12 photos
2 videos
201 links
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) Azərbaycanda, Bakıda yerləşən, Cənubi Qafqazda və onun qonşuluğunda siyasi və iqtisadi prosesləri tədqiq edən müstəqil qeyri-hökumət təşkilatıdır. Yayımlanan materiallara istinadın verilməsi vacibdir. www.cssc.az
Download Telegram
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) tərəfindən “İranın Azərbaycana ideoloji həmlələri” mövzusunda qısa video formatında (3-4 dəqiqə) 2 hissədən ibarət olan təhlilər hazırlanmışdır.

Təhlillərə aşağıdakı linklər vasitəsilə keçid edə bilərsiniz:

1. I hissə https://www.youtube.com/watch?v=XceVC34p5FI&t=4s

2. II hissə https://www.youtube.com/watch?v=96tPVXOfYSo&t=46s

Bəyənin və paylaşın!
👍9
ABŞ-ın fəallığı nəyə gətirib çıxara bilər?

Brüssel görüşü və Ermənistanın axırıncı təxribatından sonra ABŞ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasında xüsusi aktivlik nümayiş etdirir. Buna qədər ABŞ Aİ-nın təşəbbüsünü dəstəkləyirdi. Lakin, Blinkenin regiona xüsusi diqqəti və yeni xətt kimi ABŞ-ın müdafiə nazirinin müavininin Azərbaycan və Ermənistan hərbçiləri ilə danışıqları ABŞ-ın təşəbbüsü ələ keçirməyə çalışdığını göstərir. ABŞ-ın beynəlxalq vəziyyətə təsir göstərə bilməsi Dövlət Departamenti ilə Pentaqonun ümumi çağırışlara birgə cavab verə bilməsindən asılıdır. Bu mənada H.Hacıyevin müdafiə nazirinin müavini ilə də görüş keçirməsi təsadüfi deyil.

Niyə məhz indi?

ABŞ Rusiyanın resurs və regiona təsir vasitələrinin məhdudlaşdığını görüb yaranan nüfuz vakuumunu doldurmağa çalışır. Lakin, Moskvanın nüfuzunun azaldılması Ermənistan-Azərbaycan arasında sülh sazişinin imzalanmasını və Ermənistan-Türkiyə sərhədlərinin açılmasını tələb edir. Baydenin Paşinyana göndərdiyi təbrik məktubunda “rifah və dinc gələcək naminə Ermənistanın qonşuları ilə münasibətləri normallaşdırma”lı olması xüsusi qeyd edilir. ABŞ dərk edir ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırması onun Rusiyadan iqtisadi və təhlükəsizlik baxımından asılılığını aradan qaldıracaqdır.

Məktubda ABŞ-ın regional proseslərə “ikiqat” çox diqqət ayırmaq niyyətində olmasının Azərbaycan üçün mənfi və müsbət tərəfləri vardır.
Mənfi tərəf ondan ibarətdir ki, ABŞ region ilə bağlı planlarını axıra qədər açıqlamır. ABŞ səfirinin Şuşaya səfərdən imtina etməsi və ya Baydenin məktubda “münaqişə” və “Dağlıq Qarabağ xalqı” ifadələrindən istifadə etməsi ABŞ-ın bu ərazini hansısa “status” çərçivəsində nəzərdə keçirdiyini düşünməyə əsas verir. Azərbaycan haqlı olaraq bu yanaşmaya kəskin reaksiya verir.

Müsbət tərəf ondan ibarətdir ki, ABŞ-ın aktivliyi sülh sazişinin imzalanmasını məntiqi sonluğa yaxınlaşdırır. İndiyə qədər mövqeyini təsbit edə bilməyən Ermənistan güc mərkəzlərinə üzünü tutub sülh prosesini hər vasitə ilə uzatmağa çalışırdı. ABŞ Ermənistanın üz tutduğu sonuncu güc mərkəzidir.
Bakı artıq Moskva və Brüssel formatlarında Qarabağ məsələsinin qaldırılmamasına nail ola bilmişdir. Eyni siyasət Vaşinqtona qarşı münasibətdə də aparılacaqdır: ABŞ Ermənistan-Azərbaycan gündəliyi üzrə konkret mövqe formalaşdırmalı, Azərbaycan isə milli təhlükəsizlik prioritetləri baxımından bu mövqeyə lazımı düzəlişlərin edilməsinə nail olmalıdır.

Misal üçün, Aİ-nin ilk bəyanatında “münaqişə”, ikinci bəyanatında isə “Qarabağın etnik erməni əhalisinin hüquq və təhlükəsizliyi” ifadələri yer alsa da, sonuncu bəyanatda “Qarabağ”, “status”, “münaqişə” və ya “Minsk qrupu” ilə bağlı heç bir müddəa öz əksini tapmamışdır.

Eyni ilə prezidentlik uğrunda mübarizə aparan Bayden Azərbaycana qarşı 907-ci düzəlişi işə salmağı tələb edirdi. Prezident seçildikdən sonra isə 907-ci düzəlişi dondurmuş, 2022-ci ildə isə Azərbaycan prezidentinə qısa fasilələrlə bir neçə məktub göndərmişdir. 2021-ci il məktubunda Bayden ABŞ-ın Minsk qrupunun həmsədri kimi “münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiq qaldığını” bildirsə də, 2022-ci il məktublarında ABŞ-ın “regional barışığı təşviq etmək üçün Azərbaycanla birgə işləyəcəyi”, ABŞ-ın “Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq etdiyi” qeyd edilmişdir. 2021-ci ildə Azərbaycanı demokratiya sammitinə dəvət etməyən Bayden, 2022-ci il məktubunda “qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, Azərbaycan xalqının yaşayış standartlarının yüksəldilməsi” istiqamətində Azərbaycan Prezidentinin davamlı addımlarını alqışladığını bildirmişdir.

Beləliklə, ABŞ-ın regional məsələlərdə xüsusi aktivlik nümayiş etdirməsi sülh prosesinin son mərhələyə qədəm qoymasından və Azərbaycanın 44 günlük müharibənin nəticələrini möhkəmləndirmə şansı əldə etməsindən xəbər verir. Sülh sazişinin qısa zamanda imzalanması ABŞ-dan mövqeyini konkretləşdirmək, Azərbaycandan isə lazım gəldikdə bu mövqeyi diplomatik yollarla korrektə etmək tələb olunur.

@cssc_cqtm
👍19
Nəqliyyat dəhlizləri

V hissə

Geosiyasi baxış


Azərbaycanın xarici iqtisadi siyasətinin əsas məqsədlərindən biri də regional nəqliyyat habına çevrilmək olmuşdur. Onun coğrafi mövqeyi onu şimal-cənub və şərq-qərb nəqliyyat dəhlizlərin əsas iştirakçılarından birinə çevirmişdir. Bu məqsədə çatmaq üçün son illərdə nəqliyyat infrastrukturunun yenilənməsi və inkişaf etdirilməsi istiqamətində əsaslı işlər görülmüşdür.

2013-cü ildə Çin tərəfindən “Kəmər və Yol” təşəbbüsünün irəli sürülməsi şərq-qərb nəqliyyat dəhlizinin əhəmiyyətini artırmış və Avrasiya məkanında nəqliyyat habına çevrilmək istiqamətində ölkələr arasında rəqabəti daha da gücləndirmişdir. Yaranmış bu reallıqda öz mövqeyini qorumaq üçün Azərbaycan daha aktiv şəkildə müxtəlif nəqliyyat layihələrinin icrasını həyata keçirmişdir.   

Bu baxımdan xüsusi əhəmiyyət daşıyan layihələrdən biri 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yoludur (BTQ), hansı ki, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrini birləşdirir. BTQ dəmir yolu Çindən Avropaya yüklərin çatdırılması müddətini dəniz daşımalarına nisbətən iki dəfə azaldır və Mərkəzi Asiya ölkələrinin, həmçinin Əfqanıstanın Avropa bazarlarına çıxışını asanlaşdırır.

Digər əhəmiyyətli layihə Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır. 2018-ci ildə açılan limanın yükdaşıma qabiliyyəti 15 mln tondur, gələcəkdə 25 mln tona çatdırılacaqdır. Limana eyni zamanda 11 gəmi yan ala bilər. Limanın yerləşdiyi Ələt qəsəbəsi avtomobil və dəmir yollarının kəsişməsində yerləşir və yeni liman bu infrastrukturu tamamlayaraq, Bakını Şimal-Cənub və Şərq Qərb nəqliyyat dəhlizlərinin əsas mərkəzinə çevirir.

Bunlarla yanaşı, 508 km olan Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolu, Şimal-cənub nəqliyyat dəhlizi çərçivəsində Ələt-Astara-İran avtomobil yolu yenilənmişdir. Bakı-Quba-Rusiya yeni avtomobil yolunun tikinti işləri isə bitmək üzərədir.  Şimal-Cənub dəhlizi çərçivəsində Azərbaycan və İran dəmir yollarının birləşdirilməsi ilə bağlı işlər də davam etdirilir. Bu işlər yekunlaşandan sonra, Skandinaviya ölkələrindən İran körfəzinə qədər vahid dəmir yolu formalaşacaqdır.

Qeyd edilən layihələrin icrası Azərbaycanı bir çox beynəlxalq əhəmiyyətli nəqliyyat dəhlizlərinin əsas oyunçusuna çevirmiş və onun geosiyasi əhəmiyyətini artırmışdır. Bu dəhlizlərə TRACECA, Transxəzər Nəqliyyat Marşrutu, Xəzər dənizi-Qara dəniz marşrutu, Lapis-Lazuli, Şimal-Cənub nəqliyyat dəhlizini aid etmək olar.

Eyni zamanda, Azərbaycanın icra etdiyi nəqliyyat layihələri ona yeni dəhlizləri formaladırmağa imkan yaratmışdır. Məsələn, Cənub-Qərb Nəqliyyat Dəhlizidir. Bu dəhlizin əsas üstünlüyü alternativ marşrutlarla müqayisədə (Süveyş kanalından keçən dəniz yolu) tranzit məsafəsinin və vaxtının təxminən üç dəfə az olmasıdır. Cənub-Qərb dəhlizinin yaradılması Avropa İttifaqı ölkələri ilə Hindistan və  Fars Körfəzi ölkələri arasındakı ticarət əlaqələrinin gücləndirilməsinə hesablanıb.

BTQ-nin istifadəyə verilməsi həm də Şimal-Qərb nəqliyyat dəhlizinin yaradılmasına imkan yaratmışdır. Bu dəhliz BTQ vasitəsilə Türkiyə və Rusiya arasında artan yükdaşıma həcmlərinin, o cümlədən  kömür və taxıl yüklərinin daşınmasının qarşılanmasına hesablanıb.

Azərbaycanın regional nəqliyyat habına çevilməsi həm də onun işğala görə Ermənistanı iqtisadi blokadaya salmaq məqsədinə nail olmağa da şərait yaratmışdır. Nəticədə, Ermənistan regionda əsas nəqliyyat layihələrindən kənarda qalmışdır.

Rusiya-Ukrayna müharibəsinin başlaması isə nəqliyyat habı kimi Azərbaycanın əhəmiyyətini daha da artırmışdır. Ona görə ki, Çinlə-Qərb arasında yükdaşımalarda əsas paya sahib olan və Rusiyadan keçən şimal dəhlizinin fəaliyyəti məhdudlaşmışdır və alternativ yollara olan tələbat artmışdır. Bu baxımdan, ən səmərəli alternativ Azərbaycanın iştirak etdiyi Trans-Xəzər nəqliyyat marşurtudur. Rusiya-Qərb qarşıdurmasının davam etməsi bu dəhlizin rolunu artıracaqdır. Bu isə onu göstərir ki, Azərbaycanın nəqliyyat sektorunda həyata keirdiyi layihələr hazırda ona mövcud geo-siyasi reallqılardan öz xeyrinə istifadə etməyə imkan yaradır.

@cssc_cqtm
👍16
Ermənistan seçim qarşısında

Regionda və dünyada baş verən proseslər Ermənistanı seçim qarşısında qoyur: ya Azərbaycan və Türkiyə ilə sazişlər imzalayaraq regionun əməkdaşlıq meydanına çevirməsinə şərait yaratmaq, ya da sülh gündəliyindən imtina edərək Ermənistanı və regionu böyük güclərin mübarizə meydanına çevirmək.

Ermənistanın sabiq prezident L.Ter-Petrosyana görə Qarabağ məsələsində Ermənistanın söz demək haqqı artıq yoxdur. Hətta Rusiya belə Ukrayna ilə məşğul olduğundan regionu nəzarətdə saxlamaq üçün kifayət qədər güclü deyil. Ter-Petrosyan anlayır ki, Rusiyanın resursları sürətlə məhdudlaşır, Qərblə strateji münasibətlərin formalaşdırılması isə kifayət qədər vaxt tələb edir. Azərbaycanın gündəliyini dəyişməyəcəyi və bütün mümkün yollarla onu irəli çəkməyə çalışacağına görə sağ qalmağın yeganə yolu Azərbaycanla sülh sazişinin imzalanmasıdır. Nəticə etibarı ilə Ter-Petrosyana görə Ermənistan mövcudluğunu qorumaq üçün Azərbaycan və Türkiyə ilə “ağrılı” sazişlər imzalamalıdır: “Bu heç kəsin xoşuna gəlməsə də buna alternativ yoxdur” və əgər sazişlər vaxtında imzalanmasa ermənilər öz dövlətlərini sıfırdan qurmalı olacaqlar.

Digər sabiq prezident R.Köçəryan xarici siyasət vektorunu dəyişməməyi vacib sayır. Köçəryana görə anti-Rusiya mühiti formalaşdıraraq Moskvanın Bakıya qarşı kəskin tədbirlər görəcəyinə ümid etmək absurddur. Sabiq prezidentə görə Ermənistanın siyasi vektoru indiki istiqamətdə irəliləsə Qarabağ üzrə danışıqlar formatı dəyişib, Bakı-Xankəndi və qismən Moskvanın iştirakı ilə üçtərəfli forma alacaqdır. Köçəryana görə ABŞ-ın Türkiyəyə təsiretmə vasitələri indi Rusiyadan daha azdır. Regionda real təsir imkanları Rusiyada olduğu halda Ermənistana Fransa, ABŞ və ya daha kiminsə kömək edəcəyini düşünmək səhvdir. Köçəryan hesab edir ki, Ermənistan “danışıqlar masası arxasında yox, onun üstündədir”, yəni İrəvan regional məsələləri müzakirə edən aktordan digər güclər tərəfindən müzakirə olunan məsələyə çevrilib. Bununla belə Köçəryan Rusiya ilə ittifaq dövlətinin yaradılma ideyasını rədd edib, İranla hərbi əməkdaşlığın möhkəmləndirilməsini vacib sayır.

Ermənistan iqtidarı iki qütb arasında orta mövqe tutmağa çalışır. Bir tərəfdən Paşinyan “29,800 km2” bəyanatı ilə Azərbaycanla qarşılıqlı sürətdə ərazi bütövlüyünün tanınması formatında sülh sazişini imzalamağa hazır olduğunu bildirir, digər tərəfdən isə ABŞ, Fransa və digər xarici güclərlə danışıqları intensivləşdirib, Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyini bu və ya digər formada yekun sülh sazişində öz əksini tapmasına çalışır. Əsas məqsəd beynəlxalq gündəliyə çıxarmaqla Qarabağdan canını qurtarmaqdır.

Ona görə də Ermənistan seçim qarşısındadır: ya sülh sazişi imzalayıb daha müstəqil olmaq, ya da sazişdən imtina edərək regionda eskalasiyanı artırmaq və Ermənistanı Rusiya, İran, ABŞ, Fransa timsalında böyük güclərin mübarizə meydanına çevirmək.

Ermənistan birinci variant üzrə müəyyən fəaliyyət göstərsə də, ikinci variant üzrə də ciddi addımlar atır. Rusiyanın yüz milyonlarla dollar dəyərində vəsaitin ödənilməsinə baxmayaraq silah satışı üzrə öhdəliyini yerinə yetirməməsinin qeyd edilməsi, Paşinyanın KTMT-nin baş katibi ilə görüşdən imtina edərək BMT Assambleyası çərçivəsində NATO-nun baş katibi ilə görüşməsi, A.Qriqoryanın ABŞ-da səfərdə olarkən Mərkəzi Kəşfiyyat İdarəsində bir neçə vacib görüş keçirməsi, Ermənistanın 2023-cü il hərbi büdcəsini 47% artıraraq 1,3 milyard dolları ötəcəyini bəyan etməsi, Hindistandan 245 milyon dollar dəyərində reaktiv raket sistemləri və digər növ silah-sursat alması, İrəvanın Fransa XİN və müdafiə naziri ilə beynəlxalq müşahidə missiyasını müzakirə etməsi, erməni kokusunun Konqresə Azərbaycana qarşı yeni qətnamə təqdim etməsi ikinci variant üzrə seçimin elementləridir.

Ermənistan rəhbərliyinin əsas səhvi gələcək addımların hesablanmasında Azərbaycan faktorunu nəzərə almamasıdır. Böyük güclərin münaqişə meydanına çevrilmək cəhdi Azərbaycanla Türkiyəni də hətəkətə gətirib qabaqlayıcı addımların atılmasına məcbur edə bilər.

@cssc_cqtm
👍32👎1
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən Diqqət Mərkəzi verilişində “Ermənistan geri çəkilir, yoxsa yeni oyuna başlayır?” mövzusu ətrafında baş tutan müzakirələrdə iştirak etmişdir.

Daha ətraflı: https://www.youtube.com/watch?v=yRPzBPDgYCY&t=70s
👍9
Cenevrədən sonra... 

31 avqustda Brüsseldə Ş.Mişelin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında olan görüşdə əldə edilən razılığa əsasən xarici işlər nazirləri bir ay ərzində sülh müqaviləsinin mətninin hazırlanması məqsədilə görüş keçirməli idilər. Görüş 2 oktyabrda Cenevrədə baş tutdu.

Azərbaycanın bəyanatına görə, delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclası noyabra planlaşdırılsa da Azərbaycan bu görüşün oktyabrda keçirilməsini təklif edib. Yəni, Azərbaycan delimitasiya prosesinin sürətləndirməyi vacib sayır. İkitərəfli görüş zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam çıxarılması tələb olunmuş və üçtərəfli komissiya çərçivəsindəki razılaşmalar əsasında nəqliyyat-kommunikasiya xəttlərinin qısa müddətdə açılmasının zərurliyi qeyd edilmişdir.

Ermənistanın bəyanatına əsasən, İrəvan Azərbaycan Silahlı Qüvvələrinin əvvəlki mövqelərə qayıtmasını, erməni hərbçilərinin azad edilməsini, sərhəddəki vəziyyətə nəzarət üçün beynəlxalq mexanizmlərin tətbiqi təkliflərini irəli sürmüşdür. Bəyanatda həmçinin Qarabağ ermənilərinin hüquq və təhlükəsizlik təminatlarının təmin edilməsi, “Xankəndi” və Bakı arasında müzakirə mexanizminin yaradılması ilə bağlı fikir mübadiləsinin aparıldığı qeyd edilir. Bəyanata görə tərəflər ölkələrin suverenliyi və yurisdiksiyası altında regional nəqliyyat marşrutlarının açılmasına dair qarşılıqlı razılıq əldə etmişdir.

Ermənistan yekun sazişdə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin bu və ya digər formada əks olunmasını istəyir. Son dövrdə ABŞ və Fransanın diplomatik aktivliyi bu dövlətlərin də oxşar yanaşmaya malik olmasına işarə edir. Rəsmi Bakı sözsüz ki, bu tələbləri birmənalı olaraq rədd edir. İkitərəfli görüşdən sonra Paşinyanın həyat yoldaşına məxsus “Aykakan Jamanak” qəzetində çıxan məqaləyə əsasən, Azərbaycan danışıqlarda Qarabağa heç bir status verməyəcəyini bildirib.

Bəyanatın nəqliyyat-kommunikasiyalar ilə bağlı hissəsi Rusiya baş nazirinin müavini A. Overçukun 30 sentyabrda verdiyi müsahibəyə uyğun gəlir. Nəqliyyat dəhlizlərinin statusu ilə bağlı A.Overçuk kommunikasiyalar üzərində ölkələrin suverenliyini qeyd etmişdir. 2021-ci ilin dekabrında NATO baş katibi Y.Stoltenberqlə görüş zamanı Prezident İlham Əliyev Laçın və Zəngəzur dəhlizlərinin eyni statusa malik olmalı olduğunu qeyd etmişdi. Dövlət başçısına görə dəhlizlərin ya hər ikisində gömrük nəzarəti olmalı, ya da heç birində gömrük nəzarəti olmamalıdır. Overçuka görə Bakı və İrəvan 1-ci variantı – hər iki dəhliz üzrə gömrük nəzarətinin yaradılması haqqında razılığa gəliblər: “yol kimin ərazisindən keçirsə, suveren hüquqlar də həmin ölkəyə məxsus olacaqdır”.

Laçın dəhlizinə giriş-çıxışın Azərbaycan tərəfinin nəzarətə götürməsi Qarabağ ermənilərinin Azərbaycana reinqterasiyasını sürətləndirəcəkdir. Ermənistanla sərhəddə gömrük postlarının qurulması Ermənistanın Qarabağa silah və hərbi texnika daşımasına imkan verməyəcəkdir. Bu da separatçı rejimi Ermənistana qaçmağa və ya Azərbaycana təslim olmağa məcbur edəcəkdir. Gömrük nəzarəti ərazinin iqtisadi reinteqrasiyasına da müsbət təsir göstərəcəkdir. İqtisadi inteqrasiya isə öz növbəsində sosial və siyasi inteqrasiyaya yol açacaqdır.

Bütün bu proseslər Ermənistanın üzünü Qərbə tərəf çevirmə cəhdləri fonunda baş verir. Belə cəhdlər Rusiyanın Ermənistana qarşı təzyiq göstərməsinə səbəb ola bilər. Rusiya Ermənistanın Türkiyə və İranla sərhədlərini, hava məkanını mühafizə edir, iqtisadiyyatın aparıcı sahələrinə tam və ya qismən nəzarət edir. Bu təsir vasitələrindən istənilən birinin tədbiqi Ermənistanı hərbi-siyasi və sosial-iqtisadi böhranı ilə üz-üzə qoya bilər. Buna görə də növbəti MDB sammitinə Ermənistanın gedib-getməyəcəyi əsas sual doğuran məqamlardandır. Ermənistanın xarici siyasət prioritetlərində düzəliş etməsi, Rusiya ilə müttəfiqlik münasibətlərindən çıxması Azərbaycanla normallaşma prosesini sürətləndirə bilər. Bunun üçün rəsmi İrəvan Bakının tələblərini yerinə yetirməli və sülh müqaviləsini imzalamalıdır.

@cssc_cqtm
👍19
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktor müavini Fuad Çıraqovun Ermənistanın sentyabrın 12-13-də Kəlbəcər və Laçın istiqamətində son təxribatları və Azərbaycanın “Qətiyyətli cavab” əməliyyatı haqqında məqaləsi ABŞ-ın Ceymstaun Fondunun nəzdində nəşr olunan Avrasiya Günlük Monitor (Eurasia Daily Monitor) onlayn jurnalında dərc edilmişdir. Məqalədə göstərilir ki, Laçın və Kəlbəcər istiqamətində sərhəd hissələrində ən azı potensial olaraq təxribatlar üçün istifadə oluna bilən Ermənistanın bütün hərbi infrastrukturu ordumuzun arsenalında olan yüksək dəqiqlikli silahlarla darmadağın edilib və onun bərpası üçün illər lazım olacaq.

Məqalədə göstərilir ki, 30 illik münaqişə tarixində ilk dəfə olaraq Azərbaycan beynəlxalq hüquqla tanınan öz əraziləri daxilində deyil, Ermənistan ərazisində olan hərbi obyektləri hədəf almışdır. Bu əməliyyat nəticəsində Ermənistan tərəfindən tanınmamış, delimitasiya və demarkasiya edilməmiş sərhəd boyu bir neçə istiqamətdə Azərbaycan ordusu irəliləmiş və mühüm strateji yüksəklikləri nəzarətə götürmüşdür.
Müəllif göstərir ki, bu əməliyyat ABŞ, İran və Fransanın sərt reaksiyasına səbəb olmuşdur. Oxucuların diqqətinə avqustun 27-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdirinin Azərbaycanın müharibə dövründə Xankəndiyə girməyə çox yaxın olduğunu, lakin, mülki əhali arasında itkilərə yol verməmək üçün bu addımı atmadığı haqqında açıqlamasını çatdırır. Yəni, Azərbaycanın ötən müddət ərzində hərbi əməliyyatlarını nəinki öz sərhədləri çərçivəsində, həmçinin Qarabağda da tarixən Azərbaycanlıların çoxluq təşkil etdiyi ərazilər çərçivəsində məhdudlaşdırdığını vurğulayır.

Başqa sözlə, Azərbaycan Ermənistandan fərqli olaraq istər xarici siyasətində, istərsə də apardığı hərbi əməliyyatlarda daim ehtiyatlı olduğu və beynəlxalq hüquq norma və prinsiplərə hörmət etdiyi vurğulanır. Digər tərəfdən avqustun 31-də sonuncu Brüssel görüşündə hər hansı fundamental nəticə əldə edilməsə də Azərbaycanın həbsdə olan 5 erməni hərbçisini azad etdiyini və eskalasiya dövründə ABŞ Dövlət Departamentinin nümayəndəsinin regionda səfərdə olduğunu da diqqətə çatdırır.

Müəllif oxuculara yuxarıda göstərilən məqamları xatırladaraq nə üçün Azərbaycanın Ermənistanın təxribatına bu dəfə sərt cavab verdiyini sual edir. Müəllif cavab olaraq son təxribatların məhz Ermənistan tərəfindən həyata keçirilməsi ilə bağlı tutarlı faktları diqqətə çatdırır. Daha sonra Kəlbəcər ətrafında Ermənistanın son zamanlar topladığı hərbi qüvvələri, daimi xarakter alan təxribatları, 1993-cü ildə olduğu kimi bu ərazinin əlverişsiz coğrafi vəziyyətindən istifadə edərək işğalçılıq planları diqqətə çatdırılır. Məqalədə göstərilir ki, Ermənistanın yaşayış infrastrukturunu məhv etməsinə, ərazini kütləvi minalamasına və yaratdığı bu cür təhlükəli şəraitə görə əhalisinin 99,9%-i azərbaycanlı olan Kəlbəcər əhalisi öz doğma evlərinə qayıda bilmir. Məqalədə erməni ekspertlərinin revanşist çağrışları, Azərbaycanın təkcə neft və qaz kəmərlərini deyil, neft infrasturunu və mədənlərini bombalamağı çağırması da diqqətə çatdırılır.

https://jamestown.org/program/escalation-in-karabakh-casts-shadow-over-peace-process/
👍8
Qazaxıstan seçkilər ərəfəsində

5 iyun tarixində Qazaxıstanda Konstitusiyaya düzəliş və əlavələrlə bağlı ümumxalq referendumu keçirildi və iştirak edənlərin 77%-i düzəliş və əlavələr paketinin leyhinə səs verdilər. 33 maddəyə 56 düzəlişi özündə ehtiva edən bu referendum Qazaxıstanın konstitusion əsaslarını və siyasi konyukturasını nəzərəçarpacaq dərəcədə dəyişdi. Ölkə super-prezident modelindən prezidentli respublika modelinə keçid etdi. Yeni Konstitusiyaya görə prezident, Konstitusiya, Ali və digər məhkəmə hakimləri, Mərkəzi Seçki Komissiyası və Hesablama Palatasının sədr və üzvləri səlahiyyətlərinin icrası dövründə heç bir siyasi partiyanın üzvü ola bilməzlər.

Konstitusiya prezidentin yaxın qohumlarının dövlət qulluğunda və kvazi-dövlət sektorunda rəhbər vəzifələr tutmağı qadağan edir, prezidentin  rayon, şəhər və kənd rəhbərlərini vəzifədən azad etmək hüququnu əlindən alır. Prezidentin Senata nümayəndə təyin etmə kvotası 15-dən 10-a endirilir, Konstituisya və Ali Məhkəmə sədrlərinin təyinatı isə mütləq sürətdə Senatla razılaşdırılmış formada həyata keçirilir. İslahata görə Konstitusiya Məhkəməsinin 11 hakimindən dördü prezident, altısı (3-ü Senat, 3-ü Məclis) parlament tərəfindən, sədr isə prezident və Senatın birgə razılığı əsasında təyin edilir.

İcraedici hakimiyyət bir sferada səlahiyyətlərini məhdudlaşdırsa da digər sahədə funksiyalarını artırmışdır. Belə ki, hökümət “əhalinin həyatı və sağlamlığına, konstitusiya quruluşuna, ictimai asayişin qorunmasına və iqtisadi təhlükəsizliyə təhlükə yaradan şəraitə operativ reaksiya vermək” məqsədi ilə parlamentə qanun layihələri təqdim etmək səlahiyyəti qazanmış oldu.

Düzəlişlərlə parlamentin rolu gücləndi: bundan sonra Məclisin təxminən 30%-i partiya siyahıları ilə deyil, Qazaxıstanın bütün bölgələrini təmsil etmələri vacib olan ərazi dairələri üzrə seçilən və seçicilər tərəfindən geri çağırıla bilən deputatlardan təşkil olunacaqdır. Aşağı palata qanunları qəbul edən, Senat isə onları təsdiq edən quruma çevrildi. Əvvəlki mətndə bütün sərvətlər dövlət mülkiyyəti hesab olunurdusa, yeni düzəlişə görə bütün sərvətlər xalqa məxsusdur, dövlət isə xalq adından bu sərvətlər üzərində mülkiyyət hüququnu həyata keçirir.

Faktiki olaraq dəyişikliklər qarşıda gələn prezident seçkilərinə hazırlıq mərhələsini özündə ehtiva edir. Düzəlişlər hakimiyyətdə olan qüvvələrin ölkə daxilində öz mövqelərini gücləndirmək və köhnə elitanın qalıqlarını siyasi səhnədən kənarlaşdırmaq məqsədi güdür. Vacib düzəlişlərdən biri də prezidentin təkrar seçilmək hüququ olmadan səlahiyyət müddətinin 7 ilə çatdırılmasıdır. Aydındır ki, düzəliş prezident Tokayevə şamil olunmayacaq və o qarşıda gələn seçkilərdə öz namizədliyini irəli sürəcəkdir.

Prezident seçkilərinin nəticələri bir çox faktorlardan asılıdır ki, bunlardan ən vacibi iqtisadiyyatdır. Rusiya ilə Qərb arasında geosiyasi qarşıdurma Qazaxıstan iqtisadiyyatına ikili təsir göstərir. Bir tərəfdən Rusiya Qazaxıstanın əsas ticarət tərəfdaşı olduğundan ona qarşı tədbiq edilən sanksiyalar Astanaya da dolayı olaraq mənfi təsirini göstərir. Rublun güclənməsi Qazaxıstanda Rusiyadan idxal edilən malların bahalaşmasına səbəb olub. Proqnozlara görə 2022-ci ilin ildə inflyasiya 13,2% təşkil edəcəkdir. Rusiyaya ixracın təxminən yarısı metallurgiya məhsulları olduğundan mədənçıxarma və emal sənayesində istehsalın zəifləyəcəyi gözlənilir. Digər tərəfdən, Rusiya, Qazaxıstanın Avropaya neft daşımasına vaxtaşırı problemlər yaradır.

Bununla belə, Çinin Qazaxıstana iqtisadi yatırımları və onun ərazi bütövlüyünə dəstək verməsi Tokayevin növbəti seçkilərdə qələbəsinə zəmin yaradır. Proqnozlara görə 2023-cü ildə Qazaxıstan iqtisadiyyatı 4,8%, 2024-cü ildə 4,5% artacaqdır, inflyasiya 2023-cü ildə 5,8% olacağı halda, 2024-cü ildə isə 4,4% təşkil edəcəkdir. Bu rəqəmin yaxın iki ildə artacağı ehtimal olunur. Həm də Qazaxıstan nəinki özünü taxıl ehtiyatı ilə təmin edə bilib, həmçinin istehsalı ixrac səviyyəsinə qədər çatdırmağa nail olub. Bütün bu faktorlar Tokayevin 2024-cü il seçkilərində qalib gəlməsinə yardımçı ola bilər.

@cssc_cqtm
👍15
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) tərəfindən Rusiyanın Cənubi Qafqaz siyasəti ilə bağlı qısa video formatında (3-4 dəqiqə) 3 hissədən ibarət olan təhlilər hazırlanmışdır.

Təhlillərlə aşağıdakı linklər vasitəsilə keçid edə bilərsiniz:

III hissə https://youtu.be/dpJnvkwtam8

II hissə https://www.youtube.com/watch?v=A-qp3CnhXYc

I hissə https://www.youtube.com/watch?v=6x37JXCbCiw

Bəyənin və paylaşın!

@cssc_cqtm
👍7
Avropa Siyasi Birliyinin sammiti haqqında

6-7 oktyabr tarixlərində Praqada Makronun təşəbbüsü ilə Avropa Siyasi Birliyinin sammiti keçirildi. Aİ-nin 27 üzvündən savayı sammitdə əlavə 17 ölkə iştirak edirdi: keçmiş Şərq Tərəfdaşlığının 5 ölkəsi (Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Ermənistan), qərbi və şərqi Avropanın 5 dövləti (Böyük Britaniya, Norveç, İsveçrə, İslandiya, Lixtenşteyn), 5 Qərbi Balkan ölkəsi (Serbiya, Bosniya və Herseqovina, Monteneqro, Albaniya və Şimali Makedoniya), 2 Aralıq dənizi dövləti (Türkiyə və İsrail). Sammitə Rusiya və Belarusiyadan savayı bütün Avropa ölkələri dəvət almışdı.

Sammitin əhəmiyyətini Aİ-nin üzvü olmayan, lakin, onun üçün strateji əhəmiyyət kəsb edən ölkələrlə dialoq platformasını yaratmaq zərurəti, Rusiyaya qarşı tarazlıq kimi vahid Avropanın yaradılmasının vacibliyi və Aİ-nın bütün Avropanın adından danışa bilmədiyini dərk edərək Britaniya, Türkiyə, Azərbaycan, İsrail kimi ölkələrlə məsləhətləşmələr aparmaq istəyi şərtləndirirdi.

Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi C.Borrell sammitin “Rusiyasız yeni nizam”a həsr olunduğunu bildirsə də, sammit ölkələr arasında əsas məsələlər üzrə ziddiyyətləri aradan qaldıra bilmədi. Polşa Almaniyanın enerji siyasətini yenə tənqid etdi. Almaniya isə Polşa və digər 14 Aİ ölkəsinin Norveç və ABŞ-dan alınan qazın qiymətlərinin azaldılması tələbi ilə razılaşmadığını bildirdi. Almaniya hesab edir ki, qiymətin azaldılması Norveç, ABŞ və Əlcəzair kimi ölkələri öz qazını qiymətlərin yüksək olduğu Asiyada satmağa stimullaşdıracaqdır. Macarıstan Rusiyaya qarşı tədbiq edilən sanksiyaların nəticə vermədiyini, müharibənin hələ də davam etdiyini, Avropanın “qan axıtdığı” vaxtda Rusiyanın pul qazandığı qeyd etdi və Brüsseli sanksiyalar siyasətinə dəyişikliklər etməyə çağırdı.

Əslində Praqa sammiti Aİ-nın strateji muxtariyyətini nümayiş etdirməyi hədəfləyirdi. Beynəlxalq əhəmiyyətli sammit təşkil etməklə Aİ xarici siyasətdə ABŞ-dan asılı olmadığını göstərmək istəyir. Sammitdə Rusiyaya qarşı yeni sanksiya paketi təsdiqləndi. Sanksiyaların nüvəsini Rusiya neftinə qiymət həddinin müəyyən edilməsi təşkil etdi. Sanksiyalar həmçinin Rusiyaya yeni ixrac-idxal məhdudiyyətləri tədbiq etdi, Aİ vətəndaşlarına Rusiyanın dövlət şirkətlərində rəhbər vəzifələr tutmağı qadağan etdi, Rusiyanın fiziki-hüquqi şəxslərinin kripto pul kisələri və kripto aktivlər saxlamasına məhdudiyyətlər tədbiq etdi.

“OPEC+”-un neft hasilatını azaltmaq qərarı, qışda əhalinin münasib qiymətə enerji ilə təmin edilməsi, Rusiya qazına yuxarı qiymət həddinin müəyyən edilməsi ilə elektrik enerjisinin qiymətinin aşağı salınması zərurəti Brüsselin hazırda qarşılaşdığı əsas problemlərdir. Bu problemlərin həllində Azərbaycan Avropaya kömək əlini uzadır. Çexiyanın ölkəmizi “Avropa ailəsinə dəvət etməsini” Azərbaycan prezidenti Aİ ilə əlaqələrin böyük perspektivləri bucağından qiymətləndirdi. Azərbaycanın coğrafi mövqeyi və müasir nəqliyyat infrastrukturu Avropa üçün Şərq-Qərb və Şimal-Cənub istiqamətləri üzrə nəqliyyat marşrutları təklif edir. Azərbaycan həm də Mərkəzi Asiyada yeni nəqliyyat layihələrinin icrasında iştirak edir.

Azərbaycan və digər neft-qaz ölkələrinin köməyi ilə sentyabrda Aİ-nin qaz anbarları 84%, oktyabrda isə 90%-ə qədər doldurulub. Buna baxmayaraq, Aİ-nin enerji nazirləri sentyabrın 30-da elektrik enerjisi istehlakının məcburi qaydada 5%, könüllü qaydada isə 10% azaldılması ilə bağlı razılığa gəliblər. Azərbaycan Yunanıstan-Bolqarıstan İnterkonnektorunun açılmasından əvvəl Avropaya qaz ixracını keçən illə müqayisədə 40% artırmışdı. Gələn il ixracın daha 30-40% artacağı gözlənilir. Aİ ilə imzalanmış Memoranduma əsasən isə növbəti illərdə Avropaya qaz ixracı ən azı iki dəfə artırılacaqdır. Hazırda Bakı Xəzərdə külək stansiyaları ilə əldə ediləcək elektrik enerjisinin Avropaya çatdırılması barədə müzakirələr aparır. Azərbaycanın Xəzər dənizində külək enerjisi sahəsində potensial istehsal gücü 157 qeqavatdır. Beləliklə, yaxın gələcəkdə Azərbaycan Avropaya neft və qazdan əlavə elektrik enerjisi də ixrac edəcəkdir.

@cssc_cqtm
👍17
Ermənistan sülh sazişinə hazır olduğunu göstərmək üçün nə etməlidir?

Praqa sammitində Bakı və İrəvan BMT Nizamnaməsi və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiq olduqlarını təsdiqləyərək, bir-birilərinin ərazi bütövlüyü və suverenliyini tanımağa hazır olduqlarını bəyan etdilər. Bəyanat Ermənistan müxalifətinin kəskin tənqidinə, Xankəndidə mitinqlərə, Arutyunyanın isə Paşinyanla görüşmək üçün təcili İrəvana gəlməsinə səbəb oldu.

Bəyanatın mətni də böyük mübahisələrə səbəb oldu. Bəziləri bu bəyanatla Paşinyanın Qarabağdan birdəfəlik əl çəkdiyini bildirdi. Digərləri Qarabağdakı qondarma referendumun 10 dekabr 1991-ci ildə keçirilməsinə diqqət edib, Alma-Ata bəyanatının imzalandığı vaxtda (21 dekabr) Ermənistanın Qarabağı artıq Azərbaycanın tərkib hissəsi kimi nəzərdən keçirmədiyini bildirdi. Başqaları Ermənistan Konstitusiyasının preambulasında İstiqlaliyyət haqqında Bəyannaməyə istinad edərək Ermənistanın hələ 1 dekabr 1989-cu ildə Qarabağla birləşdiyini qeyd edirlər. Bu spekulyasiyalara son qoymaq üçün Ermənistan verdiyi bəyanatlar və imzaladığı sənədlərdən savayı konkret addımlar atmalıdır. Bu addımlar olmadan Paşinyanın bəyanatlarına və səmimiyyətinə inanmaq olmaz.

Ermənistan strateji əhəmiyyətli dövlət sənədlərinə müvafiq düzəlişlər etməlidir. Hərbi doktrinaya görə Ermənistan Qarabağın təhlükəsizliyinin zaminidir və bu onun “demokratik, sosial, hüquqi dövlət kimi formalaşması reallığının dönməzliyindən irəli gəlir”. Milli Təhlükəsizlik Strategiyası (2020) Qarabağın suverenliyini ən yüksək dəyər adlandırıb, “Qarabağın heç bir məhdudiyyət olmadan öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq səviyyədə tanınmasını” əsas hədəflərdən biri kimi müəyyən edib. Danışıqlar prosesinin məqsədi qismində isə öz müqəddəratını təyin etmə və “azadlıq müharibəsinin nailiyyətlərinin” qorunması göstərilir.

Ermənistan həmçinin Qarabağ ermənilərinin maliyyələşməsini dayandırmalıdır. Bu yaxınlarda Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin rəhbəri E. Ağacanyan Ermənistanın Qarabağ əhalisinin təhlükəsizlik və hüquqlarını təmin etmək üçün resurslara malik olmadığını bildirib. Yaxın aylarda Ermənistanın 2023-cü il büdcə layihəsində Qarabağa maliyyə ayırıb ayırmamasını dəqiq öyrənəcəyik. Büdcə layihəsində Qarabağ erməniləri üçün yenə 300 mln. dollar məbləğində vəsaitin verilməsi qeyd edilib, lakin, bu vəsaitlərin sülh müqaviləsinin imzalandığı təqdirdə hansı istiqamətdə xərclənməsinə yenidən baxılmalıdır.

Ermənistanın maliyyə naziri isə büdcə layihəsinin 2021-2026-cı il hökümət proqramına uyğun hazırlandığını və hərbi xərclərin 40% artırılaraq 1 mlrd dollardan çox olacağını bildirdi. 2021-26-cı il proqramına əsasən, Ermənistan Qarabağın təhlükəsizliyinin təminatçısı olmaqda davam edir və Ermənistan Qarabağ probleminin yekun həllini ATƏT-in Minsk qrupu çərçivəsində yekun statusunun məlum prinsiplər və elementlər, o cümlədən öz müqəddəratını təyinetmə hüququ əsasında dəqiqləşdirilməsində görür. Azərbaycanın ərazi bütövlüyünün tanınmasına sadiq olduğunu sübut etmək üçün Paşinyan o cümlədən 2021-26-cı il proqramına da müvafiq dəyişikliklər etməlidir.

Beləliklə Ermənistanın mövqeyi dəyişməsə də reallıqlar dəyişib. İqtisadi böhran və məhdud resurslara görə Ermənistan çalışacaq ki, Qarabağ ermənilərinin hüquq və təhlükəsizlik məsələsi onun himayədarları tərəfindən qaldırılsın. Təhlükəsizlik məsələsi Rusiya sülhməramlıları tərəfindən, hüquqi məsələləri isə ABŞ və Fransa tərəfindən təmin edilsin. Qərb yekun sülh müqaviləsində Qarabağ ermənilərinin hüquq və təhlükəsizlik məsələlərinin bu və ya digər formada öz əksini tapmasına çalışır. ABŞ, Fransa və Rusiya sülh sazişindən sonra belə öz maraqları və imkanları çərçivəsində regionda aktivlik nümayiş etdirməyə cəhd edəcəklər.

Azərbaycanın mövqeyi isə aydın və konkretdir: Qarabağ heç bir statusa malik olmayan ərazi kimi Azərbaycana reinteqrasiya olacaq. Azərbaycan Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-formal əlaqələri davam etdirib, onlara tez bir zamanda Azərbaycan cəmiyyətinə inteqrasiya etməyi və ya özləri üçün başqa yaşayış yeri seçməyi təklif edəcəkdir.

@cssc_cqtm
👍20
Türkiyənin beynəlxalq siyasətdə artan rolu

Türkiyə ətrafındakı coğrafiyada və dünyada çox kritik geosiyasi hadisələr baş verir və Ankara bu hadisələrə qarşı uğurlu addımlar ataraq öz mövqeyini gücləndirir.

Praqada keçirilən görüşlərdə Prezident R.T. Ərdoğanın iştirakı olduqca əhəmiyyətlidir. Bu Türkiyənin Ukrayna-Rusiya müharibəsində balanslı mövqeyinin Avropa tərəfindən dəstəkləndiyini və Avropanın Türkiyəyə olan ehtiyacını göstərir. Ukrayna-Rusiya müharibəsində Türkiyənin vasitəçilik rolu davam edir. Bu xüsusən iki məsələdə özünü göstərdi: taxıl koridorunun açılması və əsirlərin dəyişdirilməsi. Oktyabrın əvvəlinə qədər 6 milyon ton taxıl və qida məhsulları bu koridor vasitəsilə daşındı. Türkiyənin vasitəçiliyi ilə 215 Ukraynalı əsir Rusiya tərəfindən sərbəst buraxıldı.

Türkiyə ilə İsrail arasında normallaşma prosesi də uğurla davam edir. Mart ayından bu tərəfə Prezident Ərdoğan İsrailin Prezidenti və baş naziri ilə dəfələrlə görüşmüşdür. Nəticədə dörd ildən sonra iki ölkə arasında səfirlər təyin edildi. Bu isə tərəflər arasında 2017-ci ildə imzalanan və həyata keçirilməsi geçikən razılaşmanın icrası üçün imkanlar yaradır. Xüsusən də İsrail qazının Türkiyə vasitəsilə Avropaya çatdırılması ehtimalı güclənir.

Prezident Ərdoğan 5-8 sentyabrda Balkan ölkələrinə səfər etdi. Səfərin 3 məqsədi vardı: Kosova ilə Serbiya arasında sərhəd qarşıdurmasının diplomatik həllində vasitəçilik etmək, Türkiyə-Bosniya Hersaqovina-Serbiya üçtərəfli zirvə görüşünə zəmin hazırlamaq və bu dövlətlər ilə iqtisadi əməkdaşlığı genişləndirmək. Səfərdə Ərdoğan Xorvatiyada Sisak İslam Mərkəzinin açılışını etdi. Bu Balkanlarda Türkiyənin yumşaq gücünün qorunması baxımından olduqca vacibdir.

Prezident Ərdoğan 16 sentyabr tarixində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən zirvə görüşündə iştirak etdi. Səfər çərçivəsində o, Prezident İlham Əliyevdən başqa, Özbəkistan, Çin, Rusiya, İran, Hindistan liderləri ilə görüşərək regional və qlobal məsələləri müzakirə etdi. Zirvə görüşündə çıxış edən Ərdoğan Türkiyəni, ən şərqdəki şərqli, ən qərbdə qərbli dövlət olduğunu bildirərək ŞƏT-in Türkiyə üçün Asiyaya açılan qapı olduğunu qeyd etdi. O həm də Orta Koridorun inkişafının Türkiyə və regional ölkələr üçün əhəmiyyətinə toxundu.

ŞƏT-in zirvə görüşündə Ərdoğanın Bəşər Əsəd Özbəkistana gəlsəydi onunla görüşəcəkdim açıqlaması diqqət çəkdi. Türkiyə son aylarda Misir, BƏƏ, S.Ərəbistanı ilə yanaşı Suriya ilə də münasibətləri düzəltməyə çalışır. Əsas məqsəd Türkiyədəki Suriyalı qaçqınları geri göndərməkdir. İddialara görə burda Putinin də rolu vardır. Ərdoğan avqust ayındakı açıqlamasında qeyd etmişdi ki, Əsədə qalib gəlmək kimi problemimiz yoxdur, dövlətlərarası siyasi dialoq və diplomatiya dayandırılmamalıdır. Bununla yanaşı, Türkiyə MİT sədri H.Fidanın bir neçə dəfə Suriya kəşfiyyat orqanı rəhbəri ilə, Türkiyə XİN-in isə Suriya XİN ilə görüşdüyü məlumdur. Diplomatik münasibətlərin qurulması üçün Suriyanın başlıca şərti Türkiyənin Suriyadakı silahlı qruplara dəstəyini kəsməsidir.

Sentyabrda Türkiyə ilə Qətər arasında 2021-ci il martda imzalanan Qətər hərbi təyyarələrinin Türkiyədə yerləşdirilməsi müqaviləsi qüvvəyə mindi. Müqaviləyə əsasən ümumilikdə 36 hərbi təyyarə (Rafale), karqo təyyarələri və helikopterlər 250 pilot ilə birlikdə Türkiyədə yerləşəcəkdir. İddialarına görə, Türkiyənin məqsədi hərbi donanmasını Fransanın Rafale təyyarələri hesabına böyüdən Yunanıstana qarşı təcrübə qazanmaqdır.

Oktyabrın 4-də Türkiyə XİN Mevlud Çavuşoğlunun Liviya səfərində iki ölkə arasında neft və hidrokarbon sahəsində çox mühüm bir müqavilə imzalandı. Müqaviləyə əsasən Türkiyə Liviyanın dəniz sahəsində neft və təbii qaz quyuları axtarışını həyata keçirəcəkdir. Bu müqavilə Misir, Yunanıstan və Fransa tərəfindən etiraza səbəb oldu. Onlara görə Liviyanın indiki hökumətinin beynəlxalq aləmdə belə bir müqavilə imzalamaq hüququ yoxdur. Lakin, Çavuşoğlu, Liviyanın hökumətinin beynəlxalq tədbirlərə dəvət edildiyini və hətta Ərəb Liqasına Liviyanın indiki hökumətinin sədrlik etdiyini qeyd edərək bu iddialara tutarlı cavab verdi.

@cssc_cqtm
👍20
Sorosun Qarabağ ermənilərinə olan sevdası...
 
2020-ci ilin sentyabrından bu günə qədər Ermənistanda fəaliyyət Göstərən Açıq Cəmiyyət fondu (Soros Fondu) 44 günlük müharibə dövründə və müharibədən sonra 14 layihəyə, ümumilikdə 333 min ABŞ dollarından çox qrant ayırmışdır. Reallıqda bu məbləğlər qat-qat çoxdur və göstərilən rəqəmlər simvolikdir, həqiqi miqyasları gizlət məqsədini güdür.
 
Fondun Ermənistana ayırdığı qrantların ümumi məbləği sözsüz ki, daha çoxdur. Qeyd edilən vəsait isə Ermənistanda və Qarabağda sırf “Qarabağ erməniləri” ilə bağlı layihələrə ayrılıb. Təşkilatın öz saytında bu qrantlarla bağlı məlumatlar ictimaiyyətə açıqdır. Bu siyahıya baxdıqda maraqlı məqamlar üzə çıxır.
 
Soros Fondu Ermənistanda 1997-ci ildən bəri fəaliyyət göstərir. İndiyədək müxtəlif layihələrə 63 milyon ABŞ dolları həcmində qrantlar vermişdir. Bu layihələr təhsil, səhiyyə, hüquq, siyasət, maliyyə və digər sahələri əhatə edir. Təsadüfi deyildir ki, Ermənistanda 2018-ci ildə baş verən inqilabın arxasında Soros Fondunun olduğu iddia olunur. Həmçinin, Ermənistan hakimiyyətində bu gün mühüm vəzifələrdə Soros Fondu ilə əlaqəli olan şəxslərin siyahısı mütəmadi olaraq mətbuatda dərc edilir. Bu siyahıya Təhlükəsizlik Şurasının Katibi, Parlamentdə olan deputatlar və bəzi komitə sədrləri, nazirlər və hüquq mühafizə orqanlarının rəhbərləri daxildir.
 
Lakin, iki il ərzində Açıq Cəmiyyət Fondundan Qarabağ erməniləri üçün ayrılan 333 min ABŞ dollarından çox vəsaitin cəmi 112 min dolları insanlara birbaşa yardım adı altında istifadə edilib. Bu vəsaitlərin daha böyük hissəsi, yəni 134 min dolları isə Azərbaycan əleyhinə işin aparılması üçün xərclənib. İnsan hüquqları və humanitar hüquq pozuntularının aşkarlanması, müharibə cinayətinə dair sübutların toplanılması” adı altında Azərbaycan əleyhinə iş üçün istifadə olunub. Qalan vəsait isə Qarabağda konsertlərin təşkili, Qarabağ ermənilərinin Ermənistana inteqrasiyası və digər məqsədlər üçün xərclənib.
 
Həmin vəsaitlərin böyük hissəsinin məkirli məqsədlər üçün istifadəsi əslində niyyətin başqa cür olmasından xəbər verir.
 
Aşağıdakı siyahıda bu fonddan hansı proqramlar adı altında, hansı təşkilatların nə qədər qrant alması göstərilib.
 
“Humanitar yardım” proqramı
Martuni Qadınlar icması” Şurası - 31 600 ABŞ Dolları
Gorus” Mətbuat Klubu QHT - 33 500 ABŞ Dolları
Missiya Ermənistan” QHT - 37 500 ABŞ Dolları
Bərabər Hüquqlar üçün” QHT - 42070 ABŞ Dolları
Qadın hüquqları evi” -  10 000 ABŞ Dolları
Hələb vətənpərvər xeyriyyə” QHT - 30 000 ABŞ Dolları
Helsinki Vətəndaş Assambleyası - 20 000 ABŞ Dolları
Huquq inkişaf və Müdafiə” Fondu -  15 000 ABŞ Dolları
“Sərhədsiz hüquqların müdafiəsi” QHT - 17 000 ABŞ Dolları
 
“Vətəndaş cəmiyyətinə dəstək” proqramı
Ermənistan korlar cəmiyyəti  Musiqi Ansamblı” - 4 595 ABŞ Dolları
Hadruta Qayıdış” QHT - 25 000 ABŞ Dolları
Kaşatağa qayıdış” QHT - 15 000 ABŞ Dolları
 
“İnsan hüquqları və qanunun aliliyi” proqramı
Strateji məhkəmə çəkişmə” mərkəzi - 25 000 ABŞ Dolları
Beynəlxalq və müqayisə hüququ” mərkəzi - 27 000 ABŞ Dolları
 
Qrant alan təşkilatların əksəriyyəti Ermənistana aid olsa da, aralarında iki təşkilat diqqəti cəlb edir. Bunlardan biri “Hadruta qayıdış”, digəri də “Kaşatağa qayıdış” təşkilatlarıdır.
 
Müharibə cinayətində iştirak edən, qanunsuz məskunlaşma və azərbaycanlıların əmlakını talamaqla məşğul olanların qurduğu təşkilata qrant vermək də məqsədin başqa olduğunu deməyə əsas verir. Açıq Cəmiyyət fondu (Soros Fondu) açıq-aşkar Ermənistanın Azərbaycana ərazi iddilarını dəstəkləməklə Qarabağın erməni əhalisində növbəti fəlakətlərə səbəb ola biləcək hülyaları formalaşdırmaqdadır.
 
@cssc_cqtm
👍20
Ermənistan-Azərbaycan münasibətlərində kritik iki ay

Növbəti iki ay Cənubi Qafqazın taleyüklü dövrü olacaqdır. Bu müddət ərzində Ermənistan-Azərbaycan arasında sülh sazişi, sərhədlərin delimitasiyası və nəqliyyat-kommunikasiya əlaqələrinin açılması, Ermənistan ordusunun qalıqlarının Qarabağdan çıxarılması kimi məsələlərə aydınlıq gətiriləcəkdir.

Sülh müqaviləsi

Azərbaycan Prezidentinin Praqadakı müsahibəsinə əsasən, Ermənistan tərəfindən siyasi iradə nümayiş olunarsa ilin sonuna qədər sülh sazişi imzalana bilər. Bunun üçün xarici işlər nazirləri tezliklə ikinci dəfə görüşməli, daha sonra isə işçi qruplarla birlikdə üçüncü dəfə görüşərək sülh sazişini razılaşdırana qədər fasiləsiz danışıqlar aparmalıdırlar. Bu proseslərin növbəti 2 ay ərzində, yəni ilin sonuna qədər planlaşdırılması sülh sazişi üzrə işlərin intensivləşməsindən xəbər verir.

Sərhədlərin delimitasiyası

Azərbaycan prezidentinin köməkçisi H. Hacıyevə əsasən, Azərbaycanla Ermənistan arasında 1000 km-dən artıq delimitasiya olunmamış sərhəd var. Vaşinqtonda aparılan danışıqlar zamanı Azərbaycan tərəfi sərhədlərin “heç bir ön şərt qoyulmadan” və “düzgün metodologiyanın tətbiqi” vasitəsilə aparılmasına vurğu etmişdir. Azərbaycan tərəfi A.Qriqoryanla ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri C. Sallivanın iştirakı ilə görüşü zamanı həmçinin Qazax rayonunun hələ də işğal altında saxlanılan 7, Naxçıvanın isə 1 kəndi ilə bağlı məsələləri qaldırdı. Görüşün nəticələrinə dair sosial şəbəkələrə sızdırılan 27 sentyabr tarixli Vaşinqton razılaşmasına əsasən sərhəd komissiyası tərəfindən aparılan delimitasiya prosesi sülh sazişi ilə parallel aparılmalı və ilin sonuna qədər yekunlaşmalıdır. Delimitasiya məsələsinin də növbəti iki aya təsadüf etməsi tərəflərin sərhədlərin müəyyən edilməsi üçün artıq müəyyən bir baza prinsipini nəzərdən keçirmələrindən xəbər verir.

Avropa İttifaqı missiyası

Praqa görüşündə Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki missiyasını qəbul etməyə razı olduğunu bildirdi. Azərbaycan mülki missiyanı öz ərazisində qəbul etməsə də, növbəti iki ay ərzində ona aid olduğu dərəcədə missiya ilə əməkdaşlıq edəcəyini bildirmişdir. Missiya 40 nəfərdən ibarət olacaqdır. Ş.Mişelin bəyanatına görə missiyanın məqsədi tərəflər arasında etimad yaradaraq hesabatları ilə sərhəd komissiyalarının işinə töhfə verməkdir. Missiya oktyabr ayında başlayıb, maksimum 2 ay davam edəcəkdir. Böyük ehtimal ki, 2 ay bitdikdən sonra Ermənistan missiyanın müddətini artırmağa cəhd edəcəkdir. Ermənistanın hansı addım atmasından asılı olmayaraq Azərbaycan adı çəkilən missiya ilə cəmi 2 ay müddətində əməkdaşlıq edəcəkdir. Müşahidə etdiyimiz kimi bu məsələdə də son tarix kimi ilin sonu müəyyən edilmişdir.

Nəqliyyat və kommunikasiyalar

Praqada Azərbaycan telekanallarına müsahibəsi zamanı Prezident İlham Əliyev Ermənistanın avtomobil yolu üçün marşrutu hələ də Azərbaycana təqdim etmədiyini qeyd etdi. Vurğulayaq ki, 10 noyabr bəyanatına əsasən Zəngəzur dəhlizi Ermənistanın öz üzərinə götürdüyü öhdəlikdir. Bunun bir öhdəlik olduğunu və Ermənistan tərəfindən icra edilmədiyini Azərbaycan prezidenti MDB dövlət başçılarının Astana sammitində xüsusi vurğulamışdır. Eyni zamanda, dəmir yolu məsələsinin Prezident tərəfindən qeyd edilməmısi onu göstərir ki, bu məsələ artıq razılaşdırılıb.  

Beləliklə, Azərbaycanın 5 baza prinsipi əsasında sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası, nəqliyyat-kommunikasiya əlaqələrinin açılması 2022-ci ilin sonuna qədər həllini tapmalıdır. Bu istiqamətlərdə, xüsusilə Ermənistan SQ qalıqlarının Qarabağdan tam çıxarılması məsələsində Azərbaycan hələki səbr nümayiş etdirir. Lakin, növbəti iki ayda proseslər məntiqi sonuna çatmasa, Azərbaycan Qarabağdan başlayaraq bütün istiqamətlər üzrə Prezident İlham Əliyev qeyd etdiyi kimi adekvat tədbirlər görməyə başlayacaqdır. Bu tədbirlərə ilk növbədə Laçın yolunun nəzarətə götürülməsi və Ermənistan tərəfindən işğalı davam etdirilən anklavlar məsələsinin rəsmi qaydada qaldırılması aid ola bilər.

@cssc_cqtm 
👍22