CSSC Baku – Telegram
CSSC Baku
3.07K subscribers
12 photos
2 videos
201 links
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) Azərbaycanda, Bakıda yerləşən, Cənubi Qafqazda və onun qonşuluğunda siyasi və iqtisadi prosesləri tədqiq edən müstəqil qeyri-hökumət təşkilatıdır. Yayımlanan materiallara istinadın verilməsi vacibdir. www.cssc.az
Download Telegram
2023-cü ildə dünya iqtisadiyyatını nə gözləyir?

Yaxın keçmişə nəzər salsaq, 2020-ci ildə Covid-19 pandemiyasının başlaması və buna görə qlobal təchizat zənciri ilə bağlı ciddi problemlərin yaranması istehsal imkanlarını azaltdı. İqtisadiyyatların dəstəklənməsi məqsədilə görülən tədbirlər isə qlobal inflyasiyanı sürətləndirərək 2021-ci ildə 3.1%-ə qədər artırdı. Bu da 2008-ci il maliyyə böhranından sonra ən böyük göstərici idi. Eyni zamanda, 2020-ci ildə dünya iqtisadiyyatı 3.4% kiçildi. Pandemiya həm də dünyada qeyri-bərabərliyin artmasına və borclanmanın yüksəlməsinə gətirib çıxardı.

2021-ci ildə dünya iqtisadiyyatı müəyyən qədər bərpa olunsa da və 5.7%-lik artım qeydə alınsa da pandemiya ilə əlaqəli bəzi iqtisadi problemlər öz mövcudluğunu davam etdirdi və 2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsinin başlaması əlavə problemlər yaradaraq bərpa prosesinin bitməsinə imkan vermədi. Müharibənin təsiri ilə qazın qiyməti rekord səviyyədə artdı (martda 1000 kubmetri $3900), qlobal ərzaq təhlükəsizliyi ilə bağlı ciddi təhdidlər formalaşdı və bunların təsiri ilə qlobal inflyasiya rekord səviyyəyə, 7.2%-ə çatdı. İqtisadi artım tempi isə 2022-ci ildə 2.9%-ə qədər azaldı.

2023-cü ildə isə əvvəlki illərdən qalmış bir sıra iqtisadi problemlər və Rusiya-Ukrayna müharibəsinin davam etməsi ilə bağlı yaranmış problemlər iqtisadi inkişafa ciddi şəkildə təsir edəcəkdir.  

Dünya Bankının 2023-cü ilin yanvarında çap edilən hesabatına əsasən ilin sonuna dünya üzrə iqtisadi artım tempi 1.7%-ə qədər azalacaqdır. Halbuki, 6 ay əvvəl Dünya Bankı dünya iqtisadiyyatının növbəti ildə 3%-ə qədər artacağını proqnozlaşdırmışdı. Bu azalma son 30 ildə 2008-ci ildəki maliyyə böhranında və pandemiyanın təsiri ilə formalaşmış böhranda qeydə alınmış geriləməni nəzərə almasaq ən böyük azalma olacaqdır. Qlobal azalma inkişaf etmiş ölkələrin 95%-nə, inkişaf etməkdə olan ölkələrin isə 70%-nə ciddi təsir edəcəkdir və bu dünyanın bəzi regionlarında yoxsulluğun kəskin artmasına yol aça bilər. Azalma nəticəsində dünya üzrə adambaşına düşən ÜDM-in 2010-cu illərin əvvəli ilə müqayisədə daha az olacağı gözlənilir.

Dünya iqtisadiyyatının artım proqnozunun əsaslı sürətdə azalmasına təsir edən əsas amillər kimi inflyasiyanın yüksək olması və buna görə də qlobal səviyyədə, xüsusilə də ABŞ Federal Ehtiyat Sistemi tərəfindən aparılan sərt pul siyasəti (faiz dərəcələrinin artırılması), maliyyə vəziyyətinin pisləşməsi, maliyyə resurslarına çıxış imkanlarının zəifləməsi, yüksək borclanma səbəbindən investisiya imkanlarının məhdudlaşması və Rusiya-Ukrayna müharibəsinin təsiri ilə dünya iqtisadiyyatında yaşanan  pozuntular (disruptions) göstərilir. 2023-cü ildə inflyasiyanın daha da sürətlənməsi, pul siyasətinin daha da sərtləşdirilməsi, maliyyə sektorunda gərginliyin daha da artması və geosiyasi qarşıdurmanın daha da güclənməsi dünya iqtisadiyyatını resessiyaya apara bilər və korporativ defoltların şahidi ola bilərik. Ümumiyyətlə, dünya iqtisadiyyatının 2023-cü ildə ressiya ilə qarşılaşması ehtimalı kifayət qədər yüksəkdir.

Ölkə qrupları üzrə baxdıqda isə ən az iqtisadi artım İnkişaf Etmiş Ölkələrdə qeydə alınacaqdır. Dünya Bankının proqnozlarına görə bu qrupa aid olan ölkələrdə 2023-cü ildə orta iqtisadi artım 2022-ci ildəki 2.5%-dən 0.5%-ə qədər azalacaqdır. İnkişaf Etməkdə Olan ölkələr qrupunun orta iqtisadi artımı isə 2023-cü ildə 3.4% səviyyəsində olacaqdır. Çini nəzərə almasaq bu ölkələr qrupunda orta illik iqtisadi artım 2022-ci ilədki 3.8%-dən 2.7%-ə qədər azalacaqdır. Az gəlirli ölkələrin 65%-nin də 2023-cü il üçün proqnozları azaldılmışdır və bu qrup ölkələrin orta artım səviyyəsinin 5.1% səviyyəsində olacağı gözlənilir.

2023-cü ildə Qlobal inflyasiya 2022-ci ildəki rekord göstərici ilə müqayisədə azalsa da özünün yüksək səviyyəsini qoruyacaqdır və orta hesabla 5.2% təşkil edəcəkdir. Yalnız 2024-cü ilin sonuna 3.2%-ə qədər azalacağı gözlənilir. Bu səviyyə belə 2015-2019-cu illərdəki 2.3%-lik orta səviyyədən yüksək olacaqdır. Ona görə də qarşıdan gələn illərdə də bizi yüksək inflyasiyalı iqtisadi mühit gözləyir.

@cssc_cqtm
 
👍19
Davos: formalaşan yeni vektorlarda Bakı və İrəvanın yeri

Davos mühüm danışıqların getdiyi və vacib qərarların qəbul edildiyi məkanlardan biridir. Ötən il Davosda Rusiya-Ukrayna müharibəsi, iqtisadi böhran, kriptovalyutalar və qida təhlükəsizliyi, bu il isə dünya iqtisadiyyatının resessiyadan xilas edilməsi müzakirə edilirdi. 2022-ci ildə Kiyevi sülh və təhlükəsizlik naminə Moskvaya ərazi güzəştlərinə getməyə çağıran, Ukraynanın neytral statuslu ölkə olma zərurətini “sübut etməyə” çalışan Kissincer, hazırda Ukraynanın gələcəkdə NATO-ya üzv olmasını aktual sayır.

Forum təşkilatçıları tərəfindən aparılan sorğu nəticələrinə görə dünyanın aparıcı iqtisadçı və menecerlərinin 73%-i dünya iqtisadiyyatının resessiyaya uğrayacağını, 40%-i isə rəhbərlik etdikləri müəssisələrin onilliyin sonuna qədər müflisləşəcəyini düşünürlər. Dünya iqtisadiyyatının xilas yollarını müzakirə etmək məqsədilə Davosa 56 maliyyə naziri, 30 ticarət naziri və 19 Mərkəzi Bank rəhbərləri gəlmişlər. Forumda 52 dövlət başçısı olmaqla 379 nəfər nüfuzlu şəxs iştirak edir.

Qloballaşan dünyanın tərkib hissəsi olan Azərbaycan Davos iqtisadi forumunun daimi iştirakçılarındandır. Forum dünyada gedən geosiyasi/geoiqtisadi tendensiyaları anlamaq, potensial investorları cəlb etmək və yeni tərəfdaşlıqlar yaratmaq baxımından Bakı üçün vacib əməkdaşlıq meydanıdır.

Prezident “Fortesque Future Industries” şirkəti ilə külək və günəş enerjisinin birgə istehsalı, “CISCO” şirkəti ilə “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin gerçəkləşməsini, “Damen Shipyards Group” şirkəti ilə yeni tankerlərin, quru yük gəmilərinin və bərələrin sayının artırılması və Azərbaycanın Hərbi Dəniz Qüvvələri üçün müxtəlif gəmilərin istehsal mümkünlüyünü, “The Goldman Sachs” maliyyə təşkilatı ilə davamlı əməkdaşlıq perspektivlərini müzakirə etmişdir. Danışıqların praktiki tərəfi ilə yanaşı nəzəri əhəmiyyəti də hissolunandır. Məsələn, Rusiya iqtisadçılarının (ВШЭ) 2015-ci il araşdırmasına görə Goldman Sachs-ın proqnozları 56,06% dəqiqlik göstəricisinə malikdir. Təşkilatın 2014-cü ildə verdiyi hər 5 tövsiyyəsindən 3-ü özünü doğrultmuş və ümumi gəlir göstəricisini 5,34% artırmışdır. Hazırkı forumda iştirak edən digər maliyyə təşkilatı – J.P. Morgan Chase-in proqnoz dəqiqliyi isə 58,76%-ə bərabərdir.

Azərbaycandan fərqli olaraq Ermənistan forumda iştirak etmir. Ermənistan Koçaryan-Sarqsyan dövründə Davos forumunda ümumiyyətlə iştirak etmirdi. Fərqli vaxtlarda bu “böyük səfər xərcləri ilə” (2012) və ya “eşitməyə və deməyə sözün olmaması” (2015) ilə izah edilirdi. K.Karapetyanın 2018-ci il səfərini və “ayaqüstü” bir-iki görüşünü saymasaq bu ənənəni ilk dəfə 2019-cu ildə Paşinyan dəyişdi. Həmin ildə Qazprom Ermənistan üçün qaz qiymətlərini $15 (bəzi mənbələrə görə isə $30) artıracağını bildirmişdi. Paşinyan da Ermənistan iqtisadiyyatını xilas etmək üçün Davosa səfər etmişdir. Forumun rəsmi saytında dərc edilən məqaləsində və şəxsi görüşlərdə Paşinyan ölkəsini Aİ və Aİİ təşkilatlarını bir-birinə bağlaya bilən bənd kimi “satmaq” istəyirdi. Forumda həmçinin Ermənistan-Azərbaycan liderləri arasında görüş olmuş və tərəflər gərginliyin azaldılması məqsədilə müvafiq strukturlar arasında operativ əlaqə xəttinin yaradılmasını müzakirə etmişdilər.

44 günlük müharibədən sonra Ermənistanın forumlarda iştirakdan yayınması anlaşılandır. Davos iş təkliflərinin müzakirə edildiyi, sövdələşmələrin bağlanıldığı, qarşılıqlı faydalı layihələrin gerçəkləşdiyi bir yerdir. Davos şikayət və xahişlərin eşidildiyi, qəbul edildiyi bir yer deyil. Ermənistanın dünya iqtisadiyyatına təklif edəcəyi bir şey olmadığına görə obyektiv olaraq Davos forumunda da yeri yoxdur.
 
Beləliklə, 44 günlük müharibədən sonra Ermənistan ABŞ-ın təşkil etdiyi və heç bir praktiki əhəmiyyət kəsb etmədiyi demokratiya sammitində, Azərbaycan isə geosiyasi/iqtisadi vektorların cızıldığı Davos forumunda iştirak ilə yadda qalmış olur.

@cssc_cqtm
👍32
Diplomatiyanın güzgü effekti

Zəka fakt qarşısında acizdir. Amma söhbət Ermənistan zəkasından getdikdə əvvəlki cümlənin sonuna sual işarəsi qoymağa məcbur oluruq. Foto-video faktlar Laçın yolunun açıq olduğunu sübut etsə də, İrəvan Bakını “etnik təmizləmə” və “soyqırım” cəhdində ittiham edir.

İttihamlar Ermənistanın yeni şəraitə uyğunlaşmış köhnə siyasət məntiqinə sığır: Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaq → Azərbaycanı Qarabağ ermənilərinə qarşı etnik təmizləmə və soyqırım cəhdində ittiham etmək → ermənilərin Azərbaycan yurisdiksiyası altında yaşaya bilməməsi məsələsini beynəlxalq arenada qaldırmaq → “islahedici ayrılma” prinsipi altında Qarabağı Azərbaycan ayırmaq.

Bakı bunu yaxşı başa düşür və adekvat addımlar atır. Ərazi bütövlüyü, etnik təmizləmə, dəhliz, status kimi hər bir iddia/ittihama analoji tərzdə cavab verilir.

Ərazi bütövlüyü
Qarabağdan qoşun birləşmələrinin tam çıxarılmaması, qanunsuz rejimin maliyyələşməsinə $410 mln.-dan artıq vəsaitin ayrılması, Ermənistan və digər ölkələrdən Qarabağa diversantların göndərilməsi, I Qarabağ müharibəsində işğal edilən 8 kəndi qaytarmaqdan imtina Azərbaycana qarşı açıq ərazi iddialarıdır. Adekvat cavab özünü gözlətmədi. Azərbaycan prezidentinə əsasən, “əgər (ermənilər) bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq. ... Delimitasiyanı istəmirlər? ...Deməli, sərhəd bizim lazım bildiyimiz yerdən keçəcək. Mən hesab edirəm ki, buradan keçir”.

Etnik təmizləmə
Etnik təmizləmə və soyqırım ittihamlarına cavab olaraq Azərbaycan Ermənistanın monoetnik ölkə olmasına, dinc azərbaycanlılara qarşı 31 Mart, Xocalı soyqırımlarını törətməsinə və onları Qərbi Azərbaycan və Qarabağ ərazilərindən etnik təmizləməyə məruz qoymasına diqqət çəkir. Bir faktı qeyd edək: müharibəyə qədər indiki Ermənistanın 300-dən çox şəhər və kəndlərində 200 mindən çox azərbaycanlı yaşayırdı. Bunların 170-dən çoxunda ancaq azərbaycanlılar yaşayırdı, 90-a yaxın kənddə isə azərbaycanlılar əksəriyyət təşkil edirdi. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatına görə Ermənistan indiki əhalisi 98,1% etnik ermənilərdən, 1,2% yezidi kürdlərdən, 0,7% isə digər etnoslar ibarətdir.

Zəngəzur dəhlizi
Artıq 2 ildir ki, Ermənistan Azərbaycan üçün Zəngəzur dəhlizini açmadığı halda, Laçın yolundan istifadə edir. Ermənistan Laçında Bakının nəzarət-yoxlama məntəqəsinin qurulmasına, Zəngəzura isə eksterritoriallığın verilməsinə qarşı çıxır. Bakının fikrincə hər iki marşrut eyni statusa malik olmalıdır: ya hər ikisi dəhliz (Rusiya variantı), ya da yol (Brüssel variantı) olmalıdır. İrəvanın bu variantdan imtina etməsi Bakının Laçın yolunda ekoaksiya keçirtməsinə, Zəngəzur dəhlizinin isə Azərbaycan üçün strateji layihə olduğunu bir daha təsdiq etməsinə gətirdi. Xatırladaq ki, 10 noyabr razılaşmasına əsasən, Azərbaycan “Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti” verməli, Ermənistan isə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında “vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkilini” təmin etməlidir.

Qərbi Azərbaycan
Ölkə başçısına əsasən, “Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etməyə cəhd edəcəksə, nə üçün azərbaycanlılar Qərbi Zəngəzurda özləri üçün status tələb etməsin?”

Qeyd edək ki, bizim bu məsələdə dəlil və arqumentlərimiz daha əsaslıdır: Qarabağda azərbaycanlılar ermənilərlə bərabər yaşadığı halda, indiki Ermənistanın 170-dən çox kəndində təkcə azərbaycanlılar yaşayırdı; Qarabağ erməniləri Azərbaycan əhalisinin cəmi 2%-ni təşkil edirdisə, Ermənistanda yaşayan azərbaycanlılar ümumi əhalinin orta hesabla 10%-ni təşkil edirdi. Sülh sazişi qarşılıqlı öhdəlikləri özündə təcəssüm etdirir. Ermənistan buna getmək istəmirsə, demək prosesi məqsədyönlü şəkildə konfrantasiya istiqamətində aparır. Ermənistan anlamalıdır ki, Bakının təklif etdiyi 5 prinsip masa üzərində əbədi olaraq qalmayacaq.

@cssc_cqtm
👍34
Niyə “Vardanyan layihəsi” məhz layihədir?

Suala cavab vermək üçün “Qisas əməliyyatından” sonra İrəvan-Bakı münasibətlərindəki hadisələr ardıcıllığına nəzər yetirmək vacibdir. Belə retrospektiv 3 məsələni aydınlaşdırır:

- Rusiya Sülhməramlı Kontingenti (RSK) mandatsız olması Moskvaya “yerdə” nəsə etməyə imkan vermir;
- Ermənistan Azərbaycanın “yerdə” əhəmiyyətli addımlar ata biləcəyini dərk etdi;
- Bakı Xankəndi ilə əlaqə yaratmış və ermənilərin Laçın və Zabuxdan köçürülməsini həyata keçirmişdir.
 
Hadisələr və məzmun
31 avqust
– üçtərəfli sammit çərçivəsində Brüsseldə Bakının təklif etdiyi prinsiplər əsasında (yəni Qarabağsız) sülh sazişinin (SS) mətni üzrə işin aparılmasına dair razılıq əldə edilir → sərhəd üzrə iclas təşkil olunur → noyabrda növbəti sammit baş tutur. Bu, SS-in aktuallaşmasına dair ilk siqnal idi!

1 sentyabr – dövriyyə “Vardanyan layihəsi” buraxılır: Vardanyan Rusiya vətəndaşlığından imtina edir → Qarabağa köçür → “Artsaxın təhlükəsizlik və inkişaf” fondunu təsis edir. Hazırda fondun adı var özü isə yox.

Sentyabrın əvvəlində Rusiya Qarabağ məsələsinin “gələcək nəsillərə” saxlanılmasını nəzərdə tutan SS variantını irəli sürür. Faktiki olaraq Rusiya 2 prosesin 1 prosesdə birləşməsinə çalışır.

12-13 sentyabrda şərti sərhəddə silahlı toqquşma = İrəvan və ya 3cü tərəfin Ermənistan SQ-dəki agentlər vasitəsilə SS prosesi əleyhinə etdiyi təxribat.

27 sentyabr – Vaşinqton görüşü/razılaşması: SS prosesi və Qarabağ mövzularının bir-birindən ayrılması → Bakı-Xankəndi (assimetrik) dialoqunun razılaşdırılması. Bakı-Xankəndi ilə bağlı bəndin anlaşılmasında ziddiyyətlər olsa da, proseslərin bir-birindən ayrılması qərarlaşdırıldı.

2 oktyabr – SS mətnini müzakirə etmək məqsədilə xarici işlər nazirlərinin Cenevrədə görüşü: MQ həmsədrləri prosesdən kənar qalır və prosesin Qarabağsız 2 tərəfli əsasda aparılması möhkəmlənir.

4 oktyabr – Arutyunyan Vardanyana “dövlət naziri” vəzifəsini təklif edir. Vardanyan və layihə müəllifləri hadisələri götür-qoy etməyə başlayırlar.

6 oktyabr – Praqa sammiti: ərazi bütövlüyünün tanınmasını nəzərdə tutan Praqa bəyanatı Qarabağ məsələsinin bir daha hallanmaması prosesin Rusiyanın iştirakı olmadan irəli getməsi.

Oktyabrın ortaları –  “Vardanyan layihəsi” müəllifləri Rusiya KİV-lərində Azərbaycana və Paşinyana qarşı kampaniyaya başlayır.

27 oktyabr – Valdayda Putin Ermənistanı Alma-Ata bəyannaməsi əsasında sülh sazişini imzalamağa tələsməməyə çağırır → Paşinyan dərhal Rusiyanın SS layihəsini 100% dəstəklədiyini bəyan edir.

31 oktyabr – Soçi sammiti: Praqada əldə edilən nəticə (ərazi bütövlüyünün qarşılıqlı tanınması) Soçi bəyanatı ilə təsdiqlənir → Qarabağ və mandat məsələlərini mətnə daxil etmə, yəni proseslərin birləşdirilmə cəhdi iflasa uğrayır. SS prioritetdir, ondan geri dönmək/yayınmaq qəbul olunmazdır.

4 noyabr – Vardanyan “dövlət naziri” təyin olunur
 
Nəticə
-Proseslərin (sülh sazişi və Qarabağ) ayrılması və “Vardanyan layihəsinin” aktivləşməsi arasında əlaqə mövcuddur.
-Ziddiyyətlərə rəğmən, Bakı-Xankəndi formatı aktuallaşdıqda, Rusiya regionda tamamilə idarə olunan Vardanyanın timsalında peyda olur.
-Vardanyan RSK-nı Ermənistan rəhbərliyinin tənqidindən çıxarıb, ona beynəlxalq mandatın qazanılmasına çalışır. Fransada Araik beynəlxalq kontingent xahiş etdikdə Vardanyan müdaxilə edib, mandatın yalnız RSK üçün istənilməsini tələb etmişdir.
 
“Vardanyan layihəsi” SS prosesini dayandırmaq və danışıqlar prosesinə Qarabağ məsələsini qaytarmaq məqsədilə Rusiya tərəfindən atılan uğursuz cəhddir. Bu cür siyasətin nəticəsi olmayacaq. Əksinə, bu Bakının Laçın yolu üzərində nəzarətinin güclənməsinə gətirdi.

“Vardanyan layihəsi”nin resursu tükənmək üzrədir. Vardanyan üzərinə qoyulmuş funksiyanı natamam yerinə yetirib. SS prosesi dayansa da, yenə də gündəlikdədir. Qarabağ məsələsi isə beynəlmilləşsə də, SS prosesinin ayrılmaz hissəsinə çevrilmədi.

Üstəlik, “layihə” Qarabağ ermənilərini birləşdirmək əvəzinə separatçılar daxilində parçalanmalara, ümidsizlik mühitinin yaranmasına və Qarabağda mövcud yeganə əhəmiyyətli sənaye obyektinin işinin dayanmasına səbəb oldu.

@cssc_cqtm
👍33
Natamam siyasət: Dövlət katibindən zənglər

ABŞ-ın dövlət katibi E.Blinken 18/23 yanvar tarixlərində Ermənistan və Azərbaycan liderlərinə zəng etmişdir. Paşinyanla danışıq zamanı Blinken “baş nazirin sülhə sadiqliyini alqışlamış... Laçın dəhlizinin bağlanması nəticəsində Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsindən” narahat olduğunu bildirmiş və Azərbaycanla ikitərəfli danışıqların yenidən başlaması üçün atılacaq addımları müzakirə etmişdir. Azərbaycan prezidenti ilə danışıq zamanı Blinken “Laçın dəhlizinin təcili olaraq kommersiya nəqliyyatı üçün açılmasından, humanitar böhran riskinin Ermənistan və Azərbaycan arasında sülh perspektivlərini sarsıtmasından” danışıb, Bakını İrəvanla ikitərəfli sülh müzakirələrində səyləri ikiqat artırmağa çağırmışdır.

Qeyri-obyektiv yanaşma

Bakı Vaşinqtonun ikili siyasətinə öyrəncəlidir. İlk dəfə deyil ki, Bakı ilə danışıqda istifadə olunmayan “Dağlıq Qarabağ” ifadəsi İrəvanla danışıqlarda peyda olur. Lakin, bu dəfə ikili siyasətə qeyri-obyektivlik və irrasionallıq elementləri də əlavə olunmuşdur. Aksiyanın səbəblərinə toxunmadan, yolun yalnız humanitar məqsədlər üçün istifadə edilməli olduğunu qeyd etmədən aksiyanın dayandırılmasını tələb etmək obyektivlikdən çox uzaqdır. Bakı ABŞ-ın çağırışına uyğun aksiyanı dayandırsa Ermənistan bu yoldan yenə də Qarabağa silah/hərbçilər daşımaq, təbii resursları talan etmək və sülh prosesinə zərbə endirmək üçün istifadə edəcəkdir. Bunun Ermənistana 2 illik Aİ missiyasının gəldiyi vaxtda edilməsi isə xüsusi təhlükəlidir: yolun nəzarətsiz qalması şəraitində Ermənistan Aİ missiyasına arxalanıb, hərbi-iqtisadi resursların bir qismini şərti sərhəddən Qarabağa göndərəcəkdir.

İrrasional yanaşma

Rusiyanı regiondan sıxışdırmaq üçün ABŞ-a sülh sazişi lazımdır. Ölkələr arasında sülh Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına yol açacaqdır. Qarşılıqlı ərazi iddialarının olmaması, regional kommunikasiyaların açılması, iqtisadi münasibətlərin qurulması Ermənistanın Rusiyadan iqtisadi, perspektivdə isə hərbi-siyasi asılılığına son qoyacaqdır. Vaxtı gəldikdə İrəvan Türkiyə ilə sərhəddə duran rus hərbçilərini və Gümrü/Erebunidə yerləşən rus hərbi bazalarını ölkədən çıxara biləcəkdir. Bakı-Xankəndi arasında (assimetrik) dialoqun və etibar mühitinin formalaşması isə 2025-ci ildə Rusiya sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinə şərait yaradacaqdır. Xatırladaq ki, Vaşinqton görüşündə razılaşdırılan Bakı-Xankəndi dialoqu “Moskvadan çox aydın bir gündəliklə göndərilən” Vardanyan tərəfindən pozulmuşdur. Bildiyimiz kimi ekoaskiyanın əsas tələblərindən biri isə Vardanyanın Qarabağı tərk etməsidir.

Geosiyasi ziddiyyətlər

ABŞ-ın yanaşması geosiyasi cəhətdən ziddiyyətlidir. İrəvan-Bakı/Ankara münasibətlərini normallaşdırmadan Ermənistanı Rusiyadan ayırmaq qeyri-mümkündür. Ermənistanın Rusiyadan birtərəfli qaydada üz döndərməsi Moskva ilə münasibətlərin kəskinləşməsinə gətirəcəkdir. İki bağlı sərhədlə Rusiyaya qarşı tab gətirmək yalnız ABŞ və Aİ kimi nəhəng himayədarlər sayəsində mümkündür. ABŞ/Aİ-nin Ermənistanda möhkəmlənməsi isə axırıncının İranla münasibətlərinə xələl gətirəcəkdir. Nəticə etibarı ilə ABŞ/Aİ tərəfindən dəstəklənən Ermənistan regionda Azərbaycan, Türkiyə, Rusiya və İrana qarşı tək cəbhə təşkil etməli olacaqdır ki, bu da nəzəri cəhətdən az ehtimal olunan, praktiki cəhətdən isə qeyri-mümkündür.
 
Nəticə

Moskva “Vardanyan layihəsi”, “status məsələsini gələcək nəsillərə saxlamağı” nəzərdə tutan sülh sazişi təklifləri ilə regionda uzunmüddətli mövcudluğunu təmin etməyə çalışır. Azərbaycan Rusiyanın sülh sazişini rədd etdiyi və “Vardanyan layihəsini” aradan qaldırmağa çalışdığı halda Paşinyan Rusiyanın təklif etdiyi sülh sazişini “100% dəstəklədiyini” bildirir. Azərbaycanı dəstəkləyərək Rusiyanın regionda hərbi-siyasi mövcudluğuna son qoymaq əvəzinə Vaşinqton İrəvan və erməni diasporunun narrativlərini təkrarlayaraq Rusiyanın regionda möhkəmlənməsinə şərait yaradır.

@cssc_cqtm
👍27
Destruktiv missiya: Ermənistana göndəriləcək Aİ missiyasının mümkün siyasi fəsadları

Avropa İttifaqının Ermənistana ikinci monitorinq missiyası Azərbaycan tərəfindən birmənalı qarşılanmadı. Əvvəlki missiyadan fərqli olaraq cari missiyanın say tərkibi 100 nəfər, müddəti isə 2 il olacaqdır. Ölkə başçısına görə Azərbaycanla razılaşdırılmadan şərti sərhədə gələcək Aİ missiyası təhlükəsizliyi artırmayacaq, əksinə, bizimlə olan bu danışıqlar formatı böyük sarsıntıya məruz qalacaqdır. Rusiyanın xarici işlər naziri S.Lavrov da Azərbaycanın razılığı olmadan regiona missiyanın gəlməsini “əks məhsuldar” hesab edir.

XİN-in bəyanatı
Xarici işlər nazirliyinin məsələ ilə bağlı bəyanatında 2 məsələyə xüsusi diqqət yetirilmişdir:
- Praqa görüşündə əldə olunmuş razılaşmadan irəli gələrək mülki monitorinq missiyasının normallaşma prosesinə kömək göstərəcəyinə inanan Azərbaycan, bu missiyanın Azərbaycanla şərti sərhəddə fəaliyyətinə razılıq vermişdir. 2 aylıq missiyanın məqsədi ilin sonuna qədər sülh sazişinin imzalanması üçün etibarlılıq və təhlükəsizlik mühitinin/qavrayışının formalaşdırılması idi. Lakin Fransa prezidentinin “təhqiramiz, qəbulolunmaz, yalan və təxribatçı” bəyanatları + N.Paşinyanın “Qarabağın status məsələsinin gələcək nəsillərə” saxlanılmasını nəzərdə tutan Rusiyanın sülh saziş variantını “100% dəstəklədiyini” deməsi Aİ missiyasına olan ümidləri doğrultmadı. Nəticə etibarı ilə bu Aİ çərçivəsində qərar qəbuletmə prosesinin etibarlılığı və şəffaflığı ilə bağlı ümumi etimada mənfi təsir göstərdi.
- Aİ missiyasının Ermənistanda mövcudluğu Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmasına səbəb oldu. Keçmiş münaqişə tərəflərinin sülh sazişi imzalaması üçün münasib mühitin formalaşdırılmasına yönələn missiya praktikada qonşu ölkələri sülhə bir addım belə yaxınlaşdırmadı.

Təsadüfi deyil ki, Azərbaycan əvvəlki missiyanın uğursuz fəaliyyət təcrübəsini nəzərə alaraq, cari missiyanın Ermənistan tərəfindən hazırkı dialoq mexanizmlərinə qarşı sui-istifadə edilə biləcəyindən narahatdır.

Əsaslı narahatçılıq
Azərbaycanın əsaslı narahatçılığı bununla bitmir. Ermənistan Aİ missiyası hesabına Azərbaycanla şərti sərhəddə təhlükəsizliyini təmin etmək istəyir. Paralel olaraq Ermənistan Laçın yolunun əvvəlki rejimdə, yəni hər hansı nəzarət və yoxlama olmadan fəaliyyət göstərməsində israr edir. Bu iki prosesin sintezi ona gətirə bilər ki, Ermənistan Aİ mülki missiyası hesabına öz təhlükəsizliyini təmin edib, hərbi-iqtisadi resursların bir qismini şərti sərhəddən Qarabağa yönləndirə bilər. Missiyanın göndərilmə qərarı ilə Avroparlamentin anti-Azərbaycan qətnaməsinin eyni vaxtda verilməsi bu baxımdan təsadüfi görsənmir. Görünən odur ki, Fransa Aİ mülki missiyası vasitəsilə Ermənistanda, şərti sərhəddən çıxarılıb Qarabağa göndəriləcək erməni hərbçiləri vasitəsilə isə Qarabağda möhkəmlənməyə çalışır. Unutmayaq ki, Fransa Senatının anti-Azərbaycan qətnaməsinin bəndlərindən biri Qarabağda humanitar ofisin yaradılmasını nəzərdə tuturdu.

Geosiyasi prizma
Məsələyə geosiyasi müstəvidə də baxmaq məqsədəuyğundur. Rusiya güc strukturlarına yaxın mənbələr xəbər verir ki, 100 nəfərdən ibarət olacaq Aİ mülki missiyasının say tərkibi bir müddət sonra 2000 nəfərə çatdırıla bilər. Prosesə Aİ-nin xarici əlaqələr xidmət sədrinin müavini, fransalı diplomat Şarl Fris hamilik edir. Hədəf − Rusiyanı Ermənistandan sıxışdırmaqdır.

Güman ki, rəsmi Paris Rusiyanı öncə Azərbaycanla şərti sərhəddən, sonra isə şərq sərhədində vəziyyətin sabitliyini əsas gətirərək, qərb (Türkiyə) sərhədindən də sıxışdırmağa cəhd göstərəcəkdir.

Öhdəlikləri icra etməkdən boyun qaçırmaqla regional stabilliyə təhdid yaradan, Rusiyanın sülh saziş variantını 100% dəstəklədiyini deməklə Rusiyanın regionda mövcudluğuna şərait yaradan, Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyib, yeni silahlı toqquşma təhlükəsini formalaşdıran məhz Ermənistandır. Ermənistan regional təhlükə mənbəyi olmağa davam etsə, Azərbaycan Aİ mülki missiyasına baxmayaraq adekvat cavab tədbirləri görməyə məcbur olacaqdır.

@cssc_cqtm
👍28
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən Diqqət Mərkəzi verilişində "İranla hibrid müharibənin ortasındayıq" mövzusu ətrafında öz fikirlərini bölüşüb.

https://www.youtube.com/watch?v=1B_-Sa9skE8&t=16s
👍16
İranın xarici siyasətini kim müəyyən edir?

I Hissə

İranın mürəkkəb siyasi sistemi onun xarici siyasətinin də yetərincə mürəkkəb, hətta bəzi hallarda kənar müşahidəçilər üçün anlaşılmaz olmasını şərtləndirir. Digər tərəfdən, dəyişən beynəlxalq şərait İranın xarici siyasət kursunda da bəlli dəyişikliklərə səbəb olub. Ölkənin xarici siyasət kursuna dəyişən maraqlarla yanaşı, müxtəlif siyasi qrup və qurumların təsiri qeyd olunmalıdır. Başqa sözlə, siyasi sistem və bütövlükdə cəmiyyətin mürəkkəb daxili strukturundan qaynaqlanan fərqli mənafelərin artan və ya azalan təsirləri Xarici İşlər Nazirliyinin aparıcı rolunu məhdudlaşdıran faktorlar kimi çıxış edir.

AMTŞ → XİN

İki il öncə İranın ali rəhbəri Xameneyi dünyanın heç bir ölkəsində XİN-in xarici siyasəti təyin etmədiyini qeyd edib, İranda da xarici siyasət ilə bağlı qərarların qəbulunun XİN-in ixtiyarında olmadığını bildirdi: “XİN icraçıdır. Bizim ölkədə... Ali Milli Təhlükəsizlik Şurası (AMTŞ) var, bütün yüksək vəzifəli şəxslər orada iştirak edirlər, qərarlar qəbul olunur, sonra XİN öz metodları ilə onları icra etməli və həyata keçirməlidir”.

Xameneyidən bir neçə gün əvvəl sabiq prezident Həsən Ruhani də oxşar yanaşma təqdim etmişdi: “Ölkənin xarici siyasəti və müdafiəsi ilə bağlı bütün mürəkkəb məsələlər AMTŞ-da müzakirə olunur. Adi siyasi işləri XİN həyata keçirir, amma xarici siyasətə dair mühüm məsələlərə hökmən AMTŞ-da baxılır. AMTŞ ona görə yaradılıb ki, orada hakimiyyətin üç qolunun rəhbərləri iştirak edir, ölkənin hərbi və mülki orqanları təmsil olunur, hərbi və siyasi qurumların başçıları bir yerə toplanır. Araşdırıb müzakirə edirik və sonda qəbul olunan hər bir qərar ali rəhbər tərəfindən təsdiq olunmalıdır”. (Hərçənd AMTŞ-ın 13 üzvündən ikisi, o cümlədən Şuranın katibi (2013-cü ildən bu vəzifəni admiral Əli Şəmxani tutur) də ali rəhbər tərəfindən təyin olunur).   

AMTŞ-da xarici siyasətə dair verilən qərarların ali rəhbər Ayətullah Xameneyi tərəfindən təsdiq olunma mexanizmi isə aydın deyil. Bu işdə şəffaflıqdan uzaq Xameneyinin ofisi (Beyt-e Rəhbəri) əsas rol oynayır. Bu ofis vasitəsilə isə başqa bir orqan – İslam İnqilabının Keşikçiləri Korpusu (Sepah) dövriyəyə girir.

Xarici siyasət subyekti – Sepah

Sepahın İran xarici siyasətində təsiri və rolunun artması Mahmud Əhmədinejadın prezidentliyi dövrünə – 2000-ci illərin ortalarına təsadüf edir. Həmin dövrdən etibarən İran xarici siyasətində Məhəmməd Xatəmi dönəmindən fərqli olaraq, anti-Qərb diskursu güclənir və ali rəhbərin tövsiyəsi ilə xarici siyasətdə “Şərqə baxış” strategiyası əsas götürülür. Burada “Şərq” sırf coğrafi anlamdan əlavə, Afrika və Latın Amerikasını əhatə edir. Paralel olaraq İranın nüvə proqramı xarici siyasətin və Qərblə münasibətlərin əsas mövzularından birinə çevrilməyə başlayır və İranın regional siyasətində proksi qüvvələrin təşkili və “bəslənməsi” ön plana çıxır. Bu prosesə qonşu ölkələrdə baş verən proseslər (2001-ci il Əfqanıstan, 2003-cü il İraq) önəmli təsir göstərir.

Beləliklə, qeyd olunan üç amil Sepahın xarici siyasətə təsirinin artmasına səbəb olur. Məhz bu dövrdən etibarən Sepahın “Qüds” qüvvələri və onun komandanı general Qasım Süleymani, özəlliklə regional siyasətdə, söz sahibinə çevrilir. “Ərəb baharı” və İŞİD-in meydana çıxması isə bu mövqeyi daha da gücləndirir. Bütün bunlar regional siyasətdə XİN-in rolunu getdikcə azaldıb, onun formal xarakter kəsb etməsini şərtləndirir. İş o yerə çatır ki, region ölkələrinə səfirlərin təyinatı qeyri-rəsmi olaraq Sepahın ixtiyarına keçir.

2013-cü ildə prezident seçilən Həsən Ruhani Qərblə danışıqlara üstünlük verməklə yanaşı, təkcə xarici siyasətdə deyil, ölkə iqtisadiyyatında da Sepahın mövqelərini zəiflətməyə çalışır. 2015-ci ildə İranla Altılıq ölkələri arasında nüvə razılaşmasının imzalanması Ruhani hökumətinə bu yöndə üstünlüklər qazandırır. Lakin, 2018-ci ildə ABŞ-ın nüvə razılaşmasından çıxması Ruhani-Zərif cütlüyünün Sepahın xarici siyasətə təsirini azaltmaq istiqamətində səylərini və qazandığı müəyyən uğurları heçə endirir və hər şey əvvəlki vəziyyətə qayıtmağa başlayır.

Davamı növbəti hissədə...

@cssc_cqtm
 
👍46
İranın xarici siyasətini kim müəyyən edir?

II Hissə

(I Hissə
https://news.1rj.ru/str/cssc_cqtm/208)

Keçmiş Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin 2021-ci ilin aprelində yayılmış qapalı müsahibəsi Ruhani hökuməti dönəmində xarici siyasətə dair iki baxışın mübarizəsinin bütün dramatizmini üzə çıxarır. Həmin müsahibədə Zərif açıq şəkildə deyir ki, İran xarici siyasətində “meydan” (hərb meydanı) diplomatiyaya üstün gəlib. O təəssüf hissi ilə bildirir ki, bütövlükdə İran cəmiyyətində meydan təfəkkürü, “qəhrəman obrazı” hakimdir, bu da Qərblə dialoqu çətinləşdirir. Bununla bağlı o, 2015-2019-cu illərdə ictimai rəy sorğularında öz reytinqinin 90%-dən 60%-ə düşdüyünü, Süleymaninin populyarlığının isə, əksinə, 90%-ə qalxdığını qeyd edir.

XİN Sepah

Zərifə bildirir ki, İranda son illər “diplomatiya meydana” qurbanlar verib,  amma əvəzində heç nə almayıb. Misal olaraq, qeyd edir ki, Süleymani ondan, Lavrovla görüşdə hansısa məsələləri əldə etməyi istəyib, amma qarşılığında XİN “meydandan” bir “pay” belə almayıb. Başqa bir nümunə: ABŞ dövlət katibi C.Kerri 2016-cı ildə Zərifə bildirmişdir ki, “Iran Air” dövlət şirkətinə qarşı sanksiyalar götürüldükdən sonra şirkət təyyarələrinin Suriyaya uçuşların sayı 6 dəfə artmışdır. Sonradan məlum oldu ki, məsələdən nə prezidentin, nə də nazirin xəbəri yox idi və hər şey Süleymaninin təzyiqi ilə həll olunmuşdu. Digər fakt: 2019-cu ilin fevralında Suriya prezidenti B.Əsədin Tehrana gələrək İran rəhbərliyi ilə görüşməsini Zərif hamı kimi televiziyadan öyrənmişdir. Səbəb: görüşün təşkilatçısı XİN yox, Süleymani olmuşdur. Bu hadisədən sonra Zərif nazir postundan istefa vermək istəmiş, lakin prezident Ruhani onun istefasını qəbul etməmişdi.

XİN rəhbərliyində Sepah kadrları

2021-ci ildə İ.Rəisinin prezident seçilməsindən sonra hökumətdə olduğu kimi, xarici siyasətdə də Sepahın mövqeyi son dərəcə gücləndi. Əlbəttə, bu, yeni prezidentin öz seçimi deyildi, Rəisinin təkidlə bu posta gətirilməsinə çalışan ali rəhbərin və onun yaxın ətrafının planı idi. Sepah üzvləri təkcə vitse-prezident və nazir postlarına yiyələnmədilər, həm də XİN rəhbərliyinə gətirildilər. Təsadüfi deyildi ki, Hüseyn Əmir-Abdullahiyanın Xarici İşlər naziri təyin olunmasını bir çox İran şərhçiləri “meydan və diplomatiyanın birləşməsi” kimi dəyərləndirmişdilər.

Əmir-Abdullahiyan Sepahın, daha dəqiq desək, onun xaricdə əməliyyatlar həyata keçirən “Qüds” qüvvələrinin İran diplomatik dairələrindəki təmsilçisi kimi tanınır. Bəziləri əbəs yerə onu “İranın sərt gücünün yumşaq üzü” kimi təqdim etmir. O, Sepahın və onun proksi qruplaşmalarının regiondakı (İraq, Suriya, Livan, Yəmən və s.) aqressiv fəaliyyətlərini dəstəkləyən bir şəxsdir. Bu üzdən onu İranda “müqavimət oxunun diplomatı” da adlandırırlar. Onun general Q.Süleymani ilə yaxın münasibətlərə malik olduğu da məlumdur. Görünür, hələ M.Əhmədinejadın dövründə XİN-də region üzrə müavin vəzifəsinə təyin olunan Əmir-Abdullahiyan məhz “Sepah”ın dəstəyi ilə H.Ruhani dönəmində bir neçə il vəzifəsində qala bilmişdi.

2016-cı ilin iyununda onun bu vəzifədən uzaqlaşdırılması sərt xətt tərəfdarlarının, o cümlədən Süleymaninin narazılığı ilə qarşılanmış, qalmaqallı bir hadisəyə çevrilmişdi. Görünür, Əmir-Abdullahiyanın özü də bu addımdan çox narazı qalmış və ona görə də Zərifin təklif etdiyi Omanda səfir vəzifəsindən imtina edərək, XİN sistemindən uzaqlaşmışdı. XİN-ə rəhbər kimi qayıdana qədər o, İran parlamenti sədrinin beynəlxalq əlaqələr üzrə köməkçisi və Məclisin beynəlxalq münasibətlər şöbəsinin rəisi vəzifəsini tutmuşdu.

Diplomatiyanın iflası

İ.Rəisi qonşu dövlətlərlə münasibətlərin inkişafını xarici siyasətdə prioritet elan etsə də, Əmir-Abdullahiyanın rəhbərlik etdiyi XİN bu yöndə nəinki uğur qazanmayıb, hətta əvvəllər normal olan əlaqələrin də korlanmasına “nail olub”. Son günlər İranın nüfuzlu “Xəbər-onlayn” saytı Rəisinin qonşuluq siyasətinin iflası anlamına gələn analitik məqalə dərc edib. Sepahın İran xarici siyasətinə hədsiz təsirinin nəticəsi olan bu reallığa ən bariz nümunə isə Azərbaycanla getdikcə gərginləşən münasibətlərdir.

Davamı növbəti hissədə...

@cssc_cqtm
 
👍37
İranın xarici siyasətini kim müəyyən edir?

III Hissə

I Hissə -
https://news.1rj.ru/str/cssc_cqtm/208
II Hissə -
https://news.1rj.ru/str/cssc_cqtm/209
 
Diplomatiya işləyir?
Yanvarın 24-də İranın Azərbaycandakı səfiri Abbas Musəvi Twitter hesabında “Diplomatiya işləyir!” ifadəsi ilə Daşkənddə Azərbaycan və İran Xarici İşlər nazirlərinin, Bakıda isə özünün Hikmət Hacıyevlə görüşündən şəkillər paylaşdı. Bundan cəmi üç gün sonra Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror hücumu baş verir. Hücum iki ölkə arasında münasibətlərə böyük zərbə vurdu.  Hücum ardıcıl olaraq bir neçə ay davam edən anti-Azərbaycan təbliğatı fonunda, və xeyli dərəcədə onun nəticəsi olaraq baş verdi. Belə şəraitdə İran səfirinin tvitinin sonuna “?” işarəsi qoymaq məqsədəuyğundur: “Diplomatiya işləyir?”
 
Son 2 ayın xronologiyası
- 2022-ci il dekabrın 1-də Sepaha bağlı sosial şəbəkə hesabları “Qüds yolu hardan keçir?” sualı ilə video yaydılar. Həmin videoda Tehrandan Əl-Əqsa məscidinə yönələn xətt əvvəlcə Azərbaycanın paytaxtı Bakıdan keçir, ora İran bayrağını sancdıqdan sonra isə Qüdsə doğru uzanır.
 
- Dekabrın 7-də Sepahın baş komandanının müavini general Əli Fədəvi özünün Twitter hesabında bunları yazmışdır: “Azərbaycan Qacar şahlarının fərasətsizliyi ucbatından İrandan ayrılıb. Azərbaycan əhalisi etiqadlı şiələrdir və 70 illik kommunist hakimiyyətinin təzyiqləri altında belə, öz təmiz şiə inancını əldən verməyib. Əslində orada elə bir  hakimiyyət olmalıdır ki, Azərbaycanda əksəriyyəti təşkil edən bu şiələrə xüsusi diqqət yetirsin”. Yəni Sepah generalı faktiki olaraq Azərbaycanda dövlət quruluşunun dəyişdirilməsinə və İransayağı dini hakimiyyətin qurulmasına çağırış etmişdi.
 
- Dekabrın 30-da Sepahın Xatəmül-ənbiya qərargahının komandanı general Qulaməli Rəşid bir açıqlamasında Azərbaycanı nəzərdə tutaraq deyib: “İranın milli təhlükəsizliyini təhdid etmək üçün İsraillə əməkdaşlıq edən, sionist rejimin ixtiyarına baza və məkan verən hər bir ölkə bizim silahlı qüvvələrimizin hədəfinə çevriləcək”.
 
- 2023-cü ilin ilk günündə, yəni yanvarın 1-də Sepah Azərbaycanı təhdid edən başqa bir video yaydı. Yeni videoda üzərinə “Qüdsə doğru, irəli!” sözləri yazılmış bayraq əlində tutan gəncin arxasınca bir dəstə hərbi geyimli şəxs Xudafərin körpüsünü keçərək Azərbaycan ərazisinə daxil olur.
 
- Yanvarın 4-də Qasım Süleymaninin ölümünün ildönümü münasibətilə keçirilən bir tədbirdə çıxış edən Sepah generalı Əlirza Tənhayi deyib: “Azərbaycan rəhbərliyi Ukraynanın düşdüyü vəziyyətdən ibrət götürməli, Amerika və Avropanın Ukrayna xalqının başına nə bəla gətirdiyini görməlidir. Həm də yaxşı olar ki, Səddam Hüseynin səhvini də təkrar etməsin”.
 
- Nəhayət, yanvarın 6-da Sepah daha bir video yayaraq Xudafərin körpüsü fonunda əllərində İran bayrağı tutmuş uşaqların dili ilə Azərbaycanı hədələmişdi.
 
Əlavə olaraq bu iki ay ərzində Sepahın yetişdirdiyi ekspertlərin və ona məxsus medianın Azərbaycana qarşı iftira dolu gündəlik şərh və açıqlamalarını da nümunə çəkmək olar.
 
Onillik retrospektiv
Xatırladaq ki, 2011-2012-ci illərdə İran-Azərbaycan münasibətlərində ciddi gərginlik yaşananda İran ali rəhbərinin əyalətlərdəki rəsmi təmsilçiləri sayılan imam-cümələr, durmadan bu mövzuda xütbələr edirdilər. İmam-cümələr Azərbaycanı İrana qarşı İsraillə əlbir olmaqda və digər uydurma “günahlarda” ittiham edirdilər. Sonradan İran Ali Milli Təhlükəsizlik Şurasının qərarı ilə imam-cümələrə xarici siyasət haqqında danışmaq yasaq edildi. Əgər İran hakimiyyəti dünya ilə, xüsusən qonşu ölkələrlə normal münasibətlər saxlamaq istəyirsə, görünür, Sepahla bağlı da analoji qərar çıxarılmalıdır. Əks təqdirdə, xarici siyasətinin kim tərəfindən müəyyən edildiyi tam aydın olmayan İrana qarşı, Azərbaycan XİN rəsmisinin sözləri ilə desək, heç bir dövlətin etibarı və etimadı olmayacaq.
 
@cssc_cqtm
👍27
Türkiyədə 2023-cü il may seçkiləri
 
Türkiyə prezidenti R.T.Ərdoğan 18 iyunda keçirilməli olan prezident seçkilərinin 14 mayda keçirələciyini elan etdi. Qərar hakim partiya üçün siyasi cəhətdən məntiqli/məqsədəuyğun idi. İyun ayı Həcc ziyarətgahı və Qurban bayramı vaxtlarına təsadüf etdiyindən hakim ƏİP partiyasının bir çox seçiciləri Türkiyədə olmayacaqdı. Öz növbəsində müxalifət partiyaları seçkilərin yeni seçki qanununun qüvvəyə minməsindən qabaq − 6 aprelə qədər keçirilməsinin tərəfdarı idilər. Yeni seçki qanununa əsasən, parlamentə keçid həddi 7% civarında müəyyən edilir. Praktikada bu o deməkdir ki, növbəti seçkilərdə 6 əsas müxalifət partiyasından yalnız ikisi − CXP və İYİ Partiyaları parlamentdə yer ala biləcəklər.
 
Seçki prosesi
Qanunvericiliyə görə prezident seçkiləri iki mərhələli qaydada keçirilir. I turda namizədlərdən heç biri 50%+1 səs toplamadıqda iki ən çox səs toplayan namizəd üçün II tur keçirilir. Hazırda prezident seçkilərinə 6 namizəd (R.T.Ərdoğan, C.Uzan, D.Pərincək, M.İncə, S.Savaş, S.Oğan) var. Qeyd edək ki, Türkiyə müxalifətini özündə ehtiva edən altılı masa (CXP, İYİ partiya, DEVA, Gələcək partiya, Səadət partiyası, Demokrat partiya) hələ vahid namizədini irəli sürməyib. CXP lideri K.Qılıçdaroğlu Ələvi inancından olması, xarizmatik lider olmaması və daim R.T.Ərdoğana məğlub olması digər partiyaların onu dəstəkləməməsinə gətirir. Sünni məzhəbinə aid İstanbul bələdiyyə rəhbəri Ə.İmamoğlu nəinki yerli seçkilərdə iki dəfə hakim partiya namizədinə qalib gəlib, həmçinin qələbə üçün vacib olan kürd seçicilərini öz ətrafına toplaya bilib. Lakin, İmamoğlunun vahid namizəd olmasına Qılıçdaroğlunun müqaviməti və məhkəmə qərarı mane olur. Seçki qabağı PKK terror təşkilatının siyasi qolu sayılan və seçici kütləsinin 10%-ni təşkil edən Xalqların Demokratiya Partiyası (XDP) da xüsusi aktivlik göstərir. XDP-nın altılı masada CXP və DEVA kimi dəstəkçiləri və İyi partiya kimi antoqonisti mövcuddur.
 
Qüvvələr nisbəti
Çoxsaylı sorğular içərisində Kadir Has Universiteti və TEAM (Toplumsal Etki Araşdırma Merkezi) tərəfindən aparılan araşdırmaya nəzər yetirmək vacibdir.  Kadir Has Universiteti müəyyən etmişdir ki, heç bir namizəd seçkilərdə I turdan qalib gələ bilməyəcək. Ərdoğan digər namizədlərdən öndə olsa da ehtimal ki, I turda qalib olmayacaq. Bununla belə araşdırma müəyyən edib ki, Ərdoğan mövcud namizədlərdən istənilən birinə II turda qalib gələcəkdir. Oxşar nəticələrə TEAM də gəlmişdir. Araşdırmaya görə hakim ƏİP partiyası ayrılıqda 37,5%, MHP ilə birgə isə 44% reytinqə malikdir.
 
Cənubi Qafqaz konteksti
Erməni politoloq A.İskandaryana görə, əvvəl Ermənistanın şərqində Bakı, qərbində isə Ankara var idi; lakin, Azərbaycan və Türkiyə arasında koordinasiya o səviyyəyə çatıb ki, Ermənistanın hər iki tərəfində “Bakı”dır. Aydındır ki, bu yüksək koordinasiya Ərdoğanın hakimiyyət illərində əldə olunub. Karneqi Fondu Türkiyədə müxalifətçi namizədlər arasında sorğu keçirmişdir. Əksər müxalifətçilər Türkiyə tərəfindən dəstəklənən suriyalı qruplaşmaların tərkisilah edilməsi, Suriyada kürd Demokratik Birlik partiyası ilə əlaqələrin qurulması, S-400 sistemləri ilə bağlı məsələnin aradan qaldırılması, Aİ-yə üzvlüyün irəli çəkilməsi, xarici siyasətdə NATO ilə əlaqələrə vurğunun edilməsi, Aİ ilə əməkdaşlığın artırılması, Rusiya ilə münasibətlərin minimallaşdırılması və Çində uyğur probleminə fokuslanma ilə bağlı verilən suallara müsbət cavab vermişlər. Təsadüfi deyil ki, Ermənistan sülh sazişi prosesini bilərəkdən uzadıb, Türkiyədə yeni şəxsin prezident olmasına ümid edir. Ərdoğanın məğlubiyyətini arzulayan İrəvan, Bakı və Ankara arasında mövcud yüksək koordinasiyanı pozacağına və Qərb vasitəsilə “yeni prezidentə” təsir/təzyiq edəcəyinə ümid edir.
 
Nəticə
Görünən odur ki, may seçkilərində Ərdoğan qələbə qazanacaqdır. Ərdoğanın yüksək reytinqləri, vahid namizəd məsələsində altılı masa daxilində mövcud ziddiyyətlər, müxalifət-XDP arasında mümkün ittifaqın millətçi kəsim tərəfindən hiddətlə qarşılanması Ərdoğanın qələbəsini şərtləndirən amillərdir.
 
@cssc_cqtm
👍33👎16
Azərbaycan Balkan ölkələri

Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri də Balkan ölkələri ilə münasibətləri inkişaf etdirməkdir. Bakının bu regiona marağı obyektiv və praqmatik faktorlara söykənir.

Coğrafi faktor
Balkan yarımadası Mərkəzi-Şərqi Avropa regionunu əhatə edir. Azərbaycan fiziki-coğrafi cəhətdən həm Avropa, həm də Asiya ölkəsi sayılsa da, siyasi-coğrafi nöqteyi-nəzərindən Şərqi Avropa ölkəsidir. BMT TŞ-nın rotasiya prinsipi ilə seçilən 10 qeyri-daimi üzv fərqli regionlardan (5 dövlət Afrika-Asiyadan, 1 dövlət Şərqi Avropadan, 2 dövlət Latın Amerikasından, 2 dövlət Qərbi Avropa və digər regionlardan) 2 il müddətinə seçilirlər. 2011-ci ildə Azərbaycan Şərqi Avropa regionundan 2 illik müddətinə qeyri-daimi üzv seçilmişdir.

Dəyərlər
Qərbi Avropa ölkələrindən fərqli olaraq Balkan ölkələri xarici siyasətə ideoloji prizmadan yanaşmırlar. Oxşar tarix (hər iki region uzun müddət SSRİ-nin təsiri altında olmuşdur) + ümumi çağırışlar (ərazi-suverenlik problemləri, kənar qüvvələrin ölkənin daxili işlərinə müdaxiləsi cəhdləri) qarşılıqlı inteqrasiyanın əsasını təşkil edir.

Energetika
Hazırda enerji beynəlxalq güclərin nüfuz və hakimiyyət uğrunda mübarizəsində əsas təsir alətlərindən birinə çevrilib; perspektivli iqtisadi layihələr siyasi ambisiyalar naminə qurban verilir. Belə şəraitdə iqtisadi maraqları siyasi maraqlardan ayırmağı bacaran Azərbaycan, Balkan yarımadası ölkələrinə qarşılıqlı faydalılıq prinsiplərinə əsaslanan əməkdaşlıq təklif edir. Yeni perspektiv istiqamətlər Yunanıstan-Bolqarıstan interkonnektorunun istifadəyə verilməsindən sonra daha da aktuallaşıb. Bolqarıstana nəql olunan Azərbaycan qazı 2023-cü ildən Rumıniya bazarına da daxil olur. Hazırda Serbiyanı da ümumi sistemə birləşdirəcək interkonnektor üzərində iş gedir. İonika-Adriatik dənizi layihəsinin yaxın gələcəkdə reallaşması isə hazırda Azərbaycan qazını almayan daha üç Balkan ölkəsinə Azərbaycanın enerji resurslarının nəql edilməsinə imkan verəcəkdir.
Energetika sahəsində əməkdaşlıq neft-qaz ilə məhdudlaşmır. Mövcud çağırışlar + qlobal tendensiyalar + Azərbaycanın alternativ enerji potensialı elektrik enerjisinin tədarükünə dair danışıqları aktuallaşdırır. Cari həftədə Qara dənizin dibi ilə 1195 km-lik elektrik kabelinin salınması məqsədilə Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan işçi qrupu yaradılmışdır. Hazırda Azərbaycanın ixrac imkanları orta hesabla 1000 meqavat ətrafındadır. Lakin, Azərbaycan külək və günəş stansiyaları layihələrindən savayı daha bir, üçüncü layihəni reallaşdırmaq üzrədir. Bu üç layihə yaxın aylarda Azərbaycanın yaşıl enerji ixracı imkanlarını daha 700 meqavat artıracaqdır.

Logistika
Azərbaycan üçün Balkan yarımadası Qara dəniz, Egey dənizi və Adriatik dənizə çıxışı olan bir regiondur. Açıq dənizlərə çıxışa malik olmayan Azərbaycana logistika imkanlarının artırılması baxımından Balkan ölkələri ilə tərəfdaşlıq çox vacibdir. Perspektivdə Azərbaycan Gürcüstan və Türkiyə limanları sayəsində ixrac və tranzit yüklərini Balkan ölkələri limanlarına və daha da uzağa daşımağı düşünür.

Təhlükəsizlik
Ümumi çağırışlar (AzərbaycanQarabağ, SerbiyaKosovo və s.) tərəflər arasında təhlükəsizlik sahəsində əməkdaşlığı da aktual edir. Bu istiqamətdə Azərbaycan və Serbiya müdafiə sənayesi nazirliklərinin imzaladıqları sazişləri nümunə göstərmək olar.

Daha bir vektor − Azərbaycan-Yunanıstan əlaqələridir. Beynəlxalq əhəmiyyətli layihələrlə Yunanıstanı özünə bağlaya bilən Bakı, Afinanı İrəvanla münasibətlərdə məcburi balanslı siyasət aparmağa vadar edir.

Eyni zamanda, BMT TŞ-da 10 qeyri-daimi üzvündən birinin Şərqi Avropa regionundan seçilməsi Azərbaycanın Balkan ölkələri ilə yaxınlığına obyektiv çalar qatır. Xatırladaq ki, Fransanın BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qəbul etdirmək istədiyi son qərəzli qətnaməyə Şərqi Avropa regionundan seçilən Albaniya qarşı çıxmışdır.

@cssc_cqtm
👍29
Ermənistan-Rusiya münasibətlərində artan ziddiyyətlər

Moskva-İrəvan münasibətləri SSRİ-nin dağılmasından bəri ən aşağı səviyyədədir. Dərinləşməyə doğru gedən qarşılıqlı narazılıqlar obyektiv və subyektiv əsaslara malikdir. Maraqlısı odur ki, həm İrəvan, həm də Moskva münasibətlərin korlanma səbəblərini özündə yox, qarşı tərəfdə axtarır ki, bu da ikitərəfli münasibətlərdə mövcud ziddiyyətləri daha da artırır.

Rusiyanın mövqe/maraqları
Rusiya Qərblə qarşıdurmanı ekzistensial mübarizə kimi nəzərdən keçirir. Qələbə Rusiyanın Avrasiya məkanında sistem yaradan faktor olması ilə, məğlubiyyət isə (minimum) beynəlxalq münasibətlərdə nüfuzun itməsi və ya (maksimum) ölkənin parçalanma/dağılması ilə nəticələnəcəkdir. Təcrid və sərt sanksiya şəraitində Rusiya Türkiyə ilə normal münasibətlərin qorunmasında maraqlıdır. Rusiya Ankaranın mövcud şəraitdən istifadə edərək geosiyasi vakuumu doldurmaq istəyini görür, lakin, bunu müvəqqəti narahatlıq hesab edib, qələbə qazandıqdan sonra itirilmiş mövqeləri bərpa edə biləcəyini düşünür.

Rusiyanın narazılıq/gözləntiləri
Moskva Ermənistan-Qərb münasibətlərindən narazıdır. Rusiyanın fikrincə əgər İrəvan sadəcə mövcud boşluqları alternativ iştirak ilə doldurmaq istəsə idi, o Aİ missiyasını KTMT missiyası ilə paralel qəbul edərdi və A.Mirzoyanı NATO, Aİ və Almaniyaya göndərməmişdən əvvəl Lavrov-Bayramov görüşünə göndərərdi. Rusiya Paşinyanı oportunist (KTMT-ni demontaj edən, amma Aİİ-nin imtiyazlarından istifadə edən) və qərbyönümlü (Aİ missiyasını Rusiyaya alternativ kimi gətirən) siyasətçi kimi nəzərdən keçirir.
Rusiya belə şəraitdə Ermənistandan səbr və loyallıq gözləyir. Moskva izah edir ki, mövcud şəraitdə Ermənistan üçün optimal variant Rusiya ilə yaxın münasibətlərin qorunmasıdır: Əgər Rusiya məğlub olsa, Azərbaycan və Türkiyə vəziyyətdən istifadə edib, Ermənistanı özlərinə tabe edəcək (minimum hədəf) və ya Ermənistan dövlətçiliyinə son qoyacaqlar (maksimum hədəf). Əgər Rusiya qalib gəlsə, Rusiya yenidən müttəfiqlərinə tam miqyasda kömək edəcək.

Ermənistanın mövqe/maraqları
II Qarabağ müharibəsində məğlub olmasına rəğmən Ermənistan özünün maksimal hədəflərindən imtina etməyib. 2021-ci il seçkilərində iştirak edən Paşinyan yenidən baş nazir seçiləcəyi halda Hadrut və Şuşanın “işğaldan azad ediləcəyinə” və Qarabağın Azərbaycandan “islahedici ayrılma” (remedial secession) prinsipi ilə qopardılacağına vəd vermişdi.

Ermənistanın narazılıq/gözləntiləri
Ermənistan açıq-aşkar Rusiyadan məyus olduğunu bildirir. İrəvanın fikrincə Rusiya II Qarabağ müharibəsində olmasa da, ən azından şərti sərhəd toqquşmalarında Ermənistanı dəstəkləməli idi. Ermənistan Rusiyanın Ukrayna müharibəsinə başının qarışması və belə çətin şəraitdə Türkiyə ilə münasibətləri poza bilməməsi haqqında arqumentlərini rədd edir. Əks-arqument kimi Ermənistan 2021-ci il may toqquşmasını (Ukrayna müharibəsindən 9 ay qabaq) nümunə çəkir. Digər əks-arqument bundan ibarətdir ki, Ermənistan cari qəliz vəziyyətdə Rusiyanın Ukrayna/Qərb üzərində qələbəsini gözləyə bilməz, belə ki, Rusiyanın başı qərb cəbhəsinə qarışdığı vaxtda Azərbaycan-Türkiyə yerdə Ermənistanın maraqlarına zidd yeni geosiyasi reallıq formalaşdıra bilər. 

Həmçinin, Ermənistan öz ölkəsində KTMT missiyasını və ya hərbi təlimlərini qəbul etmək istəmir. Ermənistan rəhbərliyi iqtidara yaxın qərbyönümlü partiyalara bildirib ki, Rusiya KTMT pərdəsi altında Ermənistana daxil olsa ya burdan bir daha çıxmayacaq, ya da Paşinyanın hakimiyyətdən getməsi məqsədilə dövlət çevrilişi həyata keçirəcəkdir.
 
Ermənistan rəhbərliyi Aİ mülki missiyanı KTMT-nin hərbi missiyası ilə yanaşı deyil, alternativ kimi sərgiləyir və ictimai fikirdə məhz bu trendi inkişaf etdirir.

Ermənistanın Rusiyadan əsas gözləntiləri – Laçın yolundakı ekoaksiyanın dağıdılması, şərti sərhəddən Azərbaycan SQ-nin çıxarılması, Azərbaycana diplomatik təzyiqin, Ermənistana isə hərbi dəstəyin göstərilməsi və Qarabağın status məsələsində aktivliyin nümayiş etdirilməsidir. 

@cssc_cqtm
 
👍21
Xankəndidən İrəvana uzanan qərarqəbuletmə zənciri

İrəvan 10 noyabr razılaşmasını imzalamaqla Qarabağdan bütün silahlıları çıxaracağına dair öhdəlik götürdü. Lakin, separatçıların ona tabe olmadığını bəhanə edib, öhdəliyi icra etmədi. Gerçəklikdə isə Qarabağdakı qanunsuz hərbi birləşmələr Ermənistan ordusunun, onun yaradıcıları və rəhbərləri isə Ermənistanın siyasi-hərbi elitasının tərkib hissəsidir.

Hüquqi aspekt
2003-cü ildə bir qrup müxalifətçi məhkəməyə müraciət edərək o zamankı prezident R. Köçəryanın Konstitusiyaya görə prezident postunu tutmaq hüququnun olmadığını (10 il ölkədə daimi yaşamadığını) bildirdilər. Lakin, Ermənistanın Kassasiya (Ali) Məhkəməsi 1989-cu il qərarına istinad edərək Qarabağın hüquqi olaraq Ermənistan ərazisi olduğunu göstərdi və R.Köçəryanın bu tələbi ödədiyini göstərən qərar verdi. Bu, Qarabağda mövcud qanunsuz hərbi birləşmənin Ermənistan qanunvericiliyinə görə Ermənistanın tərkib hissəsi olduğunu və Azərbaycana qarşı işğalçılıq siyasətinin aparıldığını isbatlayan vacib hüquqi sənəddir.

“Müdafiə ordusu”
Münaqişə dövründə 18-20 minlik (aktiv döyüşlər vaxtı 50 minə qədər) “Qarabağ ordusunun” 8500 nəfəri yerli sakinlərdən, qalan 10 mini isə Ermənistan hərbçilərindən təşkil olunmuşdu. Ermənistandan gələn çağırışçılar olmasa idi, yerli əhalinin 20-25% hissəsi 18 yaşdan 50 yaşa qədər fasiləsiz hərbi xidmətdə olmalı idilər ki, bu da mümkün deyil! İşğal müddətində Qarabağda çox sayda hərbi texnika mövcud idi. Qarabağ heç bir ölkə tərəfindən tanınmadığına görə “Müdafiə Ordusu” (“MO”) bu silahları hansısa bir dövlətdən müqavilə əsasında əldə edə bilməzdi.

Paşinyan dövründə etiraflar
44 günlük müharibədən əvvəl baş qərargah rəisi O.Qasparyan Paşinyana müharibədən istənilən yolla yayınmağın, bu mümkün olmadıqda isə rəqibə qısa zamanda böyük itki yaşadıb, onu müharibəni davam etdirmək cəhdlərindən çəkindirməyin vacib olduğunu məruzə etdi. “MO” Ermənistana tabe olmayan, müstəqil maraq və yanaşmaya malik subyekt olsa idi, Qasparyan Paşinyana müharibədən yayınmağı, müharibə başlayandan bir neçə gün sonra isə tez bir zamanda atəşkəs bağlamağı məsləhət görməzdi. Müharibədən sonra Qasparyan 44 gün ərzində ümumi hərbi rəhbərliyi özünün etdiyini və silahlı qüvvələrin uğursuzluqlarına görə məsuliyyət daşıdığını etiraf etdi. Paşinyan da onu Şuşanın itirilməsinə görə cavab verməli olduğunu bildirmişdi. Bütün bunlar 44 günlük müharibənin Ermənistanın dediyi kimi Bakı və Xankəndi arasında deyil, İrəvan və Bakı arasında getdiyini və Azərbaycana qarşı işğalçılıq siyasətinin aparıldığını bir daha təsdiqləyir. Ən böyük etiraf isə 10 noyabr razılaşmasını Ermənistanın baş nazirinin imzalamasıdır.

2021-ci ildə Ermənistanın o vaxtkı müdafiə naziri A.Karapetyanın Qarabağa inspeksiya ilə qanunsuz səfər etdi. 2022-ci ildə A.Qriqoryan sentyabrdan Ermənistandan Qarabağa nə çağırışçıların, nə də müddətdən artıq hərbi qulluqçuların daha göndərilməyəcəyini bildirdi. Əslində A.Qriqoryanın dedikləri 10 noyabr razılaşmasının Ermənistan tərəfindən pozulmasının etirafıdır. Hazırda Ermənistan Qarabağda hərbi mövcudluğunu separatçıları maliyyələşdirməklə təmin etmək istəyir.

Hüquqi etiraf və birbaşa tabeçilik
Hazırda “MO komandanları” sayılan C.Harutunyana (Hadrutda uğursuz əks-hücum əməliyyatı) və M.Arzumanyana (Şuşa və ətraf ərazilərin itirilməsi) qarşı cinayət işləri açılıb. Bu işlər üzrə separatçıların lideri A.Arutyunyan isə İrəvana dindirilməyə çağırılıb. Lakin, C.Harutunyanın vəkili A.Sardaryana görə uğursuz əks-hücum əməliyyatı özbaşına yox, Paşinyanla razılaşdırılmış və təsdiqlənmiş əsasda edilib. Bu bəyanat “MO”-nun müstəqil subyekt olması haqqında Ermənistan yalanını bir daha ifşa edir və qərarqəbuletmə zəncirinin birbaşa Paşinyana qədər uzandığını aydın şəkildə təsvir edir.

Açılan cinayət işləri ona dəlalət edir ki, Haruntyunyan/Arzumanyan Ermənistan vətəndaşı və hərbi qulluqçularıdır.Bu isə Azərbaycana qarşı Ermənistan tərəfindən aparılan işğalçılıq siyasətinin vacib sübutudur.

P.S. Geniş variantı bu linkdən oxuya bilərsiz: https://cssc.az/az/view/2/32/xankendiden_irevana_uzanan_qerarqebuletme_zenciri

@cssc_cqtm
👍23
Ermənistanın təhlükəsizlik sistemi

Son iki ildə Ermənistan kimliyindən asılı olmayaraq bütün tərəfdaşlara kömək çağırışları etmişdir. Hədəfə çatmaq üçün Ermənistan Azərbaycan, Türkiyə və Rusiyanın xarici ölkələrlə yaşadığı problemlərdən maksimum istifadə etmiş və ölkənin bütün diplomatik imkanları və diaspor resurslarını səfərbər etmişdir. Bunu baş nazir, xarici işlər naziri və TŞ katibinin səfər, görüş və bəyanatlarından aydın görmək olar.

RusiyaKTMT
KTMT və Rusiya ilə yaxın münasibətlər təhlükəsizliyin artırılması, silahlı qüvvələrdə islahatların həyata keçirilməsi və yeni silah/hərbi texnikanın əldə edilməsi baxımından vacib idi. Şərti sərhəddə ilk toqquşmalardan sonra KTMT çərçivəsində çoxsaylı görüş, müzakirələr, habelə KTMT-nin cavab təşəbbüsləri Ermənistan üçün müsbət nəticələr vermədi. Ermənistanın istək/gözləntilərinə rəğmən KTMT Azərbaycanı “təcavüzkar” adlandırmadı, Rusiya isə Ermənistanın 44 günlük müharibədə boşalmış silah anbarlarını yeni silahlarla doldurmağa tələsmədi. Hazırda Ukrayna müharibəsi səbəbindən Rusiya bunu istəsə belə etmək iqtidarında deyil.

Ermənistan KTMT-dəki bütün üzvlük potensialını israf etdi. Tarixən Yaxın Şərq ölkəsi olub, Avropa sivilizasiyasının bir hissəsi olmağı hədəfləyən Ermənistan, Avrasiya və Mərkəzi Asiyanı prioritet sayan hərbi-siyasi (KTMT) və iqtisadi (Aİİ) blokların üzvü idi. Bu kövrək konstruksiyanın bütün ziddiyyətləri Ermənistanın əsas donor ölkəsi sayılan Rusiyanın resurslarının məhdudlaşmasından sonra üzə çıxdı.

İranla toksik əməkdaşlıq
Rəsmi Tehran ən yüksək səviyyədə Ermənistanın ərazi bütövlüyünə dəstək oldu → Azərbaycan və Ermənistan sərhədləri yaxınlığında hərbi təlimlər keçirdi → Qafanda öz konsulluğunu açdı. Bundan savayı, mövcud məlumata görə İran Ermənistana silah-sursat və Qarabağa isə Ermənistan ərazisi vasitəsilə inşaatçı/diversantlar göndərir. İran generallarının hədələyici bəyanatlarına baxmayaraq, Azərbaycan Ermənistanın 2022-ci il sentyabr təcavüzünə adekvat cavab verdi. İran diversantlarının Qarabağa daxil olması isə Laçın yolunda böyük duruşun əsas səbəblərindən oldu.

Hindistan
Son aylar Ermənistan-Hindistan münasibətlərində yüksək dinamika müşahidə edilir. Hindistandan alınan hərbi texnika isə Nyu-Dehlinin regionda maraq subyektinə çevrildiyini deməyə əsas verir. 30 illik təcrübə Azərbaycanla qarşıdurmada Ermənistana edilən siyasi yatırımların dividend gətirmədiyini göstərir. Bununla belə, bu ölkənin milliyyətçi rəhbərliyi Ermənistanı seçdi.

ABŞ
ABŞ Ermənistandan Azərbaycanın neytrallaşdırılması məqsədilə siyasi təsir vasitəsi kimi istifadə edir. Lakin, ABŞ-ın Gürcüstan və Azərbaycanda obyektiv maraqları + Ermənistanın KTMT və Aİİ-yə üzvlüyü + Rusiya ilə ikitərəfli müttəfiqliyi İrəvanla yaxın münasibətləri nəzərəçarpacaq dərəcədə məhdudlaşdırır. Həm də Vaşinqton İrəvana silah verib, onun təhlükəsizliyinə zəmanət verə bilməz!

Fransa – Aİ
ABŞ üçün aktual məhdudiyyətlər Fransa-Ermənistan münasibətlərinə oxşar təsir göstərmir. Öz siyasi xəttini reallaşdırmaq məqsədilə Fransa Aİ potensialından (Aİ missiyasının uzadılması) tam olaraq yararlanır. Təhlükəsizlik sahəsində əməkdaşlıq silah satışı səviyyəsinə çatmasa da, Fransa Ermənistana siyasi dəstək və kəşfiyyat təminatı verir.

Nəticə
Birtərəfli öhdəliklər olmur – bu ikiistiqamətli yoldur, təkcə ziddiyyətlərlə uzağa getmək olmur. Beynəlxalq aləmdə Ermənistandan artıq müvafiq addımlar tələb olunur. Vaxt ötdükcə tələblərin sayı və çəkisi artacaqdır. İsrail İranın Ermənistandakı nümayəndəliyinin genişlənməsinə və İranın erməni diasporunun potensialından istifadə etməsinə kənardan baxmayacaq. Rusiya/İran-Qərb qarşıdurması dərinləşməyə doğru gedəcək və bu güclərin Ermənistandan tələbləri daha da artacaqdır. Hazırda Ermənistan ərazisində Rusiya hərbçiləri Aİ missiyası İran “inşaatçıları” ən böyük ABŞ səfirliyi yerləşir.

“Ermənistanın təhlükəsizlik sistemi” adlanan bu “qatlı tort” münaqişə potensialına malikdir. İstənilən anda bu “qatlar” Ermənistanın öz ərazisində bir-biri ilə açıq münaqişəyə girə bilər.

@cssc_cqtm
👍27
Rusiya-Ukrayna/Qərb cəbhəsinə qlobal baxış

Kəskinləşmə xətti üzrə inkişaf edən Rusiya-Ukrayna/Qərb qarşıdurması danışıqlara bir yer saxlamır. Bununla belə tərəflərin mövqe, maraq, resurs və gözləntiləri bir-birindən fərqlənir.

Rusiya
Neftə tədbiq edilən qiymət həddi Rusiyanın gündə $160 mln., neft məhsullarına tədbiq edilən qiymət həddi isə əlavə $280 mln. vəsait itirməsinə gətirir. Sanksiyalar + qiymət həddi Rusiyanın Çin, Hindistan və digər ölkələrə təqdim etdiyi diskonta da təsir göstərir. Aprel-noyabr aylarında diskontun həcmi 25%, dekabr ayında isə 37%-ə çatmışdır. Nəticə etibarı ilə 2022-ci ildə Rusiyanın neft-qaz gəlirləri 46%, qeyri-neft gəlirləri isə 28% azalmışdır. Gəlirlərin azalması ilə paralel Rusiyanın büdcə xərcləri 59% (₽3,1 trln.) artmışdır. Bütün bunlar Rusiyada ₽1,76 trln. ($25 mlrd.) həcmində büdcəsi kəsirinin yaranmasına səbəb oldu. Belə hal 1998-ci ildən bəri yaşanmamışdır. Büdcə kəsirini bağlamaq üçün maliyyə nazirliyi xarici valyutada olan vəsaitləri + 3 tondan artıq qızıl satsa da, əldə edilən vəsait lazım olan vəsaitdən dəfələrlə az oldu. Ekspertlərin fikrincə yaranan büdcə kəsirini bağlamaq üçün Rusiyanın yeganə çıxış yolu pul emissiyasını həyata keçirtməkdir.

Belorusiya
Görünən odur ki, yaxın vaxtlarda Minsk müharibədə daha aktiv rol oynaya bilər. Moskvanın təkidinə tab gətirə bilməyən Minsk, ərazisini Ukraynaya hücum üçün plasdarm kimi verə və ya özü müharibə tərəfi ola bilər. Amma Minsk həm də anlayır ki, Kiyevin hazırkı hərbi potensialı ona Belorusiya ərazisinə zərbələr endirməyə imkan yaradır.

ABŞ
Atlantic Council mərkəzinə görə qiymət həddinin müəyyən edilməsi Rusiya ÜDM-nin 4,5% azalmasına gətirəcəkdir. Venesuella neftinin ixrac edilməsi ilə bağlı əldə edilən razılaşma enerji bazarlarını sabitləşdirib, ABŞ-ın mövqelərini gücləndirəcəkdir. Rusiyada yaranan  büdcə kəsiri isə hökümətə pensiyaların inflyasiya indeksasiyasını həyata keçirtməyə imkan verməyib, əhalinin rifahına mənfi təsir göstərəcək. CSİS mərkəzi bundan da irəli gedib, qiymət həddinin yaxın vaxtlarda Rusiyaya daha ağır zərbə endirəcəyini bildirir. Sanksiyalar səbəbindən daha uzaq bazarlara üz tutmağa məcbur olan Rusiya, beləliklə yükdaşıma və sığorta xərclərində (bir barel görə $30) böyük itkilər göstərəcəkdir. Beləliklə, Rusiyanın artan uğurszuluqları ABŞ-ı Ukraynanı daha aktiv dəstəkləməyə stimullaşdırır. E.Blinken və V.Nuland səviyyəsində Dövlət departamenti Krımda yerləşən hərbi obyektləri legitim hədəf adlandırır, Krımın qaytarılması uğrunda Ukraynanı dəstəkləyəcəyini bildirir və Ukraynaya müharibədən sonra da hərbi yardım göstərəcəyini bəyan edir.


10-cu sanksiya paketində Brüssel vurğunu əvvəlki paketlərdə mövcud boşluqların bağlanılmasına etmişdir. Məlumata görə sanksiya paketinə raketlərin hazırlanmasında istifadə oluna bilən 47 növ elektron komponent, Alfa-Bank, Rosbank, Tinkof və Milli Rifah Fondunun SWIFT-dən çıxarılması və nadir torpaq elementlərinin ixracına embarqo daxil ola bilər.

Çin
Qərb dünya iqtisadiyyatının 60%-ni təcəssüm etdirdiyi halda Çin dünya iqtisadiyyatının təxminən 20%-ni, Hindistan isə 3,5%-ni təşkil edir. Yəni Çin Rusiyanın istəyinə rəğmən Moskva üçün Qərbi əvəz edə bilmir. Bundan savayı Çin üçün Qərblə yaxşı münasibətlər prioritetdir. Çin Rusiyadan gələn enerji resurslarını başqa mənbələr hesabına əvəzləyə bilər, lakin Qərbdən gələn kapital və texnologiyanı Rusiya ilə əvəzləyə bilməz. Bu səbəbdən Çin Moksvanın geosiyasi ambisiyaları naminə Qərblə münasibətlərini korlamayacaq. Lakin Çin Rusiyanın lazım olandan artıq zəifləməsində də maraqlı deyil. ABŞ generalı M.Minixan yaxın 2 ildə, Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin rəhbəri M.Makkol 2025-ci ildə, CSİS mərkəzi isə 2026-cı ildə Çin-ABŞ müharibəsinin baş verə biləcəyini proqnoz edirlər. Ehtimal olunan müharibə Pekinə Moskvadan təmamilə üz döndərməyə imkan vermir.

Nəticə
Görünən odur ki, danışıqların iflası və artan qüvvə disbalansı tərəfləri resursları səfərbər edib, yaz aylarında müharibə meydanında yeni geosiyasi reallıq formalaşdırmağa cəhd etməyə məcbur edəcəkdir.

@cssc_cqtm
 
👍27
Münhen təhlükəsizlik Konfransı: regional baxış

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan liderləri ABŞ-ın vasitəçiliyi ilə danışıqlarda, Aİ nümayəndələrinin mediatorluğu ilə isə çoxtərəfli debatda iştirak etdilər. Konfrans mövcud ziddiyyətləri qabartsa da, yeni təşəbbüsləri müzakirə etməyə imkan verən diplomatik meydança oldu.

Dəhlizlər → yollar
Danışıqlar çərçivəsində Azərbaycan Laçın və Zəngəzurda nəzarət yoxlanış məntəqələrinin (NYM) yerləşdirilməsini rəsmi formada təklif etdi. Bu Azərbaycanın hazırda kommunikasiyaların açılmasına dair Brüssel-Vaşinqton variantına üstünlük verməsindən xəbər verir. Rusiyanın (Laçında sülhməramlı kontingentin, Zəngəzurda isə FSB-nin nəzarəti altında) dəhlizlər məntiqindən fərqli olaraq Brüssel-Vaşinqton variantı yollar məntiqinə (yol kimin ərazisindən keçirsə suveren hüquqlar ona məxsusdur) əsaslanır. Anlaşılandır ki, dəhlizlər Rusiyanın regionda təsirini gücləndirdiyi halda, NYM-ların qurulması Moskvanın hər iki ölkədə nüfuzunu zəiflətmiş olacaq. Bakının təklifi praktiki hədəfləri də izləyir: bildiyimiz kimi İrəvan Bakının Rusiya ilə sövdələşmədə Zəngəzur dəhlizini zorla açmaq niyyətini ittiham edir. NYM, ittihamların əsassız olduğunu göstərməyə imkan verir, “Qarabağa gizli yolla keçirilmiş” Vardanyan kimi layihələrin üstündən xətt çəkir və Zəngəzurdan eksterritorial dəhliz arzulayan Rusiyanı Ermənistanla üz-üzə qoyur.  

Sülh sazişi
ABŞ-ın iştirakı ilə keçirilən görüş Brüssel-Vaşinqton formatının bərpa edilməsinə bir işarədir. Lakin, bu formatın effektivlik dərəcəsi Fransanın anti-Azərbaycan ritorika/davranışı ilə tərs mütənasib olacaqdır. Televiziya kanallarına müsahibə verən Azərbaycan prezidenti, Ermənistanın mövqeyində müəyyən tərəqqinin olduğunu, amma bunun kifayət etmədiyini qeyd etdi. Vurğulayaq ki, danışıqlar Ermənistanın sülh sazişi ilə bağlı son variantı Azərbaycana ötürməsindən sonra baş vermişdir. Ermənistan mediasının məlumatlarına əsasən, İrəvan son variantda Qarabağla bağlı məsələni “constructive ambiguity” formasında təqdim etmişdir. Belə zənn edilir ki, “konstruktiv ikimənalılıq” hər iki tərəfə problemli müddəanı (Qarabağı) daxili auditoriya üçün qələbə kimi təqdim etməyə imkan verib, tərəfləri sülh sazişinin imzalamasına yaxınlaşdıracaqdır. Bununla belə, Prezidentin “Qarabağla bağlı hər hansısa bir müddəanın olması qəbuledilməzdir” – ifadəsi “constructive ambiguity” formulasının Bakı tərəfindən rədd edildiyini göstərir.

Ermənistan/Rusiya Qərb
Azərbaycan prezidenti Rusiyadan ixrac edilmiş, İrəvandan Qarabağa “gizli yolla keçirilmiş”, Avropada çirkli pulların yuyulmasında iştirak edən cinayətkar oliqarx haqqında danışdıqda Vardanyanın təkcə Kreml layihəsi olduğuna deyil, həmçinin, Ermənistanın da bu layihədə pay aldığına işarə edir. Bu İrəvanın ekzistensial rəqabət aparan hər iki bloka eyni anda işlədiyini və sülhün bərqərar olmasına mane olan əsas faktor olmasını nümayiş etdirir.

Gerçəklikdə Vardanyan layihəsi məqsədinə çatmadı: Rusiyanın hər iki ölkədə mövqelərini gücləndirmək əvəzinə, əks effekt verdi. Hazırda Vardanyanın (istefa və ya işdən qovulma formasında) “vəzifədən” getməsi geniş müzakirə olunur. Rusiyanın regional uğursuzluqları təkcə müharibə və sanksiyalardan qaynaqlanmır. Aparıcı faktor strateji səhvlər və qeyri-adekvat siyasətdir. Potensial olaraq Rusiya Vardanyan layihəsini dayandırmaqla, Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiya olunmasına yardım etməklə, baş qərargahında yerləşən xəritələr əsasında delimitasiya-demarkasiyaya və sərhədlərin açılmasına kömək etməklə Qərbi qabaqlayıb, regionda mövqelərini gücləndirə bilər. Lakin, strateji hədəflərin qısamüddətli taktiki üstünlüklər naminə qurban verilməsi Rusiyanın regiondakı mövqelərini sarsıdır.

Nəticə
Münhen Təhlükəsizlik Konfransı iddia/ittihamlarla yanaşı yeni təşəbbüs və təkliflərlə də yadda qaldı. İrəvanın dəyişkən siyasətini yaxşı bilən Bakı cavabın nə vaxt gələcəyindən və necə olacağından asılı olmayaraq qüvvələrini konsolidasiya edib, dəyişən şəraitə operativ cavab verməyə hazırlaşır.

@cssc_cqtm
👍15
Münhen Təhlükəsizlik Konfransı: qlobal baxış

I hissə
regional baxış: https://news.1rj.ru/str/cssc_cqtm/219

Münhen Təhlükəsizlik Konfransının əsas mövzusu Rusiya-Ukrayna müharibəsi idi. Konfransa Rusiya və İrandan savayı bir çox ölkə rəsmiləri dəvət almışdı. Çıxışı zamanı Ukrayna prezidenti iştirakçıları sülhün hərrac obyektinə çevrilmə təhlükələrindən xəbərdar etdi. Zelenskiyə görə hərbi təchizatın həcm və sürəti artırılsa müharibə 2023-cü ilin sonuna Ukraynanın qələbəsi ilə yekunlaşa bilər.

Əsas yanaşma
İştirakçıların əksəriyyəti Zelenskinin optimistik proqnozunu bölüşmədi. Şolts müharibənin gözləniləndən daha uzun olacağından, A.Berbok Putinin hakimiyyətdə qaldığı müddətdə Ukraynaya daima yeni təhlükələrin gələcəyindən, Makron Ukraynaya dəstəyi artırmağın vacibliyindən, R.Sunak isə ölkəsinin Ukraynana dünyada ilk dəfə uzaq mənzilli raketləri verəcəyindən danışdı. Konfransın məğzini bir cümləyə sıxışdırsaq bu “lazım olan qədər” (“As long as it takes”) ifadəsi olardı. 2022-ci ildə Qərb ölkələri Ukraynanın məğlub olmamasına (dövlət kimi süqut etməməsinə), Rusiyanın isə qalib olmamasına (Ukraynanı tam işğal etməməsinə) çalışırdı. 2023-cü ildə yanaşma köklü dəyişikliyə uğradı. Hazırda Qərb Ukraynanın qalib olmasına (beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpa olunmasına), Rusiyanın isə məğlub olmasına (2014-cü ildən bəri işğal etdiyi bütün əraziləri tərk etməsinə) çalışır.

Alternativ yanaşma
Konfransda alternativ baxışlar da yer aldı. Çexiya prezidenti Pyotr Pavelə görə Rusiyanın məğlubiyyəti ölkənin mümkün parçalanmasına və nəticə etibarı ilə Avropa ilə qonşuluqda idarəolunmayan xaosun yaranmasına gətirəcəkdir. Çexiya prezidentinin səsləndirdiyi fikir əslində H.Kissencerin Davos forumunda irəli çəkdiyi yanaşmadır. Kissencerə görə Moskvanın lazım olandan çox zəifləməsi Rusiya ərazisində çoxlu sayda nüvə silahına malik kiçik dövlətlərin yaranmasına gətirə bilər.

İtkilər və potensial risklər
Əsas problem və məhdudlaşdırıcı faktor − Ukraynaya dəstək ifadələrinin qlobal iqtisadi böhran şəraitində dilə gətirilməsidir. Hərbi xərclərin artırılması + Ukraynaya əlavə yardımların edilməsi Qərb ölkələrinin dövlət büdcələrində struktur dəyişikliklərin edilməsini tələb edir. Müdafiə qabiliyyətinin artırılması hərbi sənaye kompleksinin inkişafını, o isə öz növbəsində kapital axınının və texnoloji dəstəyin artırılmasını tələb edir.

Digər vacib problem nüvə silahıdır. Norveç kəşfiyyatının məlumatlarına əsasən, Rusiya şimal dənizindəki gəmilərdə taktiki nüvə silahlarının sayını artırıb. Rusiyanın Ukraynaya mümkün taktiki nüvə zərbəsi siyasətçi və ekspertlərin əsas mübahisə mövzularındandır. Eyni zamanda Qərb Rusiyanın nüvə şantajının mümkün perspektivlərini də dərk edir. Əgər Rusiya nüvə şantajı ilə istəyinə çatsa, bu İran, Şimali Koreya, Pakistan, Hindistan, Çin və İsraili nüvə proqramını sürətlə inkişaf etdirməyə, digər ölkələri isə nüvə proqramına başlamağa vadar edəcək.

Çinin 6 prinsipi
Çin Münhen Konfransında səsləndirdiyi “Qlobal təhlükəsizliyin təmin edilməsinin 6 prinsipini” 21 fevral tarixində açıqladı. Prinsiplər təhlükəsizliyin bölünməzliyindən, ərazi bütövlüyü və suverenliyin toxunulmazlığından, sanksiyaların münaqişələrin həll edilmə vasitələri kimi qəbuledilməzliyindən və s. bu kimi məsələlərdən bəhs edir. Prinsiplər Pekinin mövqe, maraq, ehtiyat, gözlənti və geosiyasi imperativlərinin sintezini ehtiva edir. Çin Rusiyanın mütləq məğlub və ya qalib olmasında maraqlı deyil. Rusiyanın məğlubiyyəti Çinin Qərb ilə üz-üzə gəlməsi, Rusiyanın qələbəsi isə ucuz neft-qaz dövrünün bitməsi və Rusiyanın Mərkəzi Asiya regionuna qayıtması deməkdir. Görünən odur ki, Çin Rusiya-Qərb qarşıdurmasının mümkün qədər çox davam etməsində maraqlıdır.

@cssc_cqtm
👍17
“Vardanyan layihəsi” hədəflərinə çatdımı?

Artıq yarım ildir ki, Rusiya məqsədlərinə çatmaq üçün “Vardanyan layihəsini” (“VL”) işə salmışdır. Layihənin hansı hədəfləri izlədiyini, hədəflərə nə dərəcədə çatdığını və nəticə etibarı ilə tərəflərin nə əldə etdiklərini sistemləşdirmək məqsədəuyğundur.

“Vardanyan layihəsinin” hədəfləri
• “Vaşinqton razılaşması” (assimetrik) Bakı-Xankəndi və (simmetrik) Ermənistan-Azərbaycan danışıqlarını bir-birindən ayırdı. “VL” Rusiyanın regionda maraqlarını təmin edən və Qarabağ ermənilərini danışıqlarda təmsil edən subyekt olmalı idi.
• “VL” Qarabağ ermənilərinin subyektliyini artırıb Azərbaycana reinteqrasiyasına mane olmalı idi.
• “VL” Qarabağ ermənilərinin konsolidasiya və beləliklə müqavimət səviyyəsini artırıb, mövcud reallıqla barışmağa mane olan yalançı ümidlər formalaşdırmalı idi.
• “VL” KİV ilə yaxın əlaqə quraraq Qarabağ erməniləri məsələsinin beynəlmiləşməsinə nail olmalı idi.
• “VL” Azərbaycanın təbii sərvətlərinin talan edilməsi sayəsində “yerdə” alternativ gəlir mənbələri yaradıb, Xankəndinin İrəvandan, yəni Paşinyandan asılılığı azaltmalı idi.
• “VL” Ermənistan SQ qalıqlarının Qarabağdan çıxarılmasına mane olmalı idi.
• “VL” gələcəkdə Ermənistana təsir vasitələrini artırmaq üçün “layihənin” uğurlu olmasını təmin etməli idi.

Nə dərəcədə reallaşdı
Qarabağ erməniləri məsələsi beynəlmiləl xarakter aldı. Məsələ ilə bağlı erməni diasporu və Ermənistan havadarları konsolidasiya olundu. Lakin, məsələnin beynəlmiləşməsi Azərbaycana münasibətdə sanksiyalara gətirmədi. Danışıqlar davam edir və ABŞ, Rusiya, Aİ timsalında bütün vasitəçilər danışıqlar prosesində iştirak edir.

Bakı “VL”-dən necə istifadə etdi?
Azərbaycan “VL”-in reallaşmasına səbrlə yanaşıb, paralel olaraq itkilərin sıfıra enməsi üçün “yerdə” və siyasi-diplomatik arenada məqsədə/məntiqəuyğun addımlar atdı. “VL” Bakının (onsuz da) atacağı addımları sürətləndirdi.

• Laçın yolundakı ekoloji aksiya Qarabağa minaların, silah-sursatın və Ermənistan hərbçilərinin daxil olmasının qarşısını aldı.
• Yataqların istismarı və bununla da Azərbaycan ərazilərindəki istənilən qanunsuz iqtisadi fəaliyyət dayandırıldı. Başqa sözlə desək, Qarabağ ermənilərinin alternativ gəlir mənbəyi kəsildi. Hazırda Qarabağ erməniləri iqtisadi cəhətdən tam olaraq İrəvandan, yəni Paşinyandan asılıdırlar.
• Bakı Vardanyanla danışıqlara getmədi, əksinə onun Qarabağdan getməsini tələb etdi. General Volkov Vardanyanı “diplomatik nümayəndə” kimi irəli çəkə bilmədi.
• Azərbaycan Qərbə, xüsusilə Vaşinqtona göstərdi ki, Xankəndi ilə dialoq tələbi “VL”-in reallaşmasına gətirdi. Bu tələbin prinsipial olaraq müdafiə edilməsi “VL”-in uğurunu Ermənistan üzərinə də yaya bilər. Beləliklə, prioritet sülh sazişi oldu.
• Ekoaksiya nəzarət buraxılış məntəqəsi (NBM) məsələsini aktuallaşdırdı. Bu məsələ Münhendə, özü də Rusiyaya yox, Ermənistan rəhbərliyinə rəsmi təklif kimi verildi. 12 dekabra qədərki rejim daha olmayacaq. Bakının “qırmızı xəttlərini” keçmək lazım deyildi ki, Bakı da Moskvanın “qırmızı xəttini” keçsin!
• Konsolidasiya yerinə həm Qarabağ erməniləri, həm də Ermənistan daxilində parçalanma baş verdi. Vardanyanın özü, postlarında “daxili müqavimətdən” bəhs edir.
• “Müqavimət simvolu” kimi Qarabağ ermənilərinin ümidlərinə ən böyük zərbəni elə Vardanyan vurdu. Ən azından Vardanyana qədər Qarabağ erməniləri talonlardan istifadə etmirdilər və Laçın yolu üzrə rahat hərəkət edirdilər.
• Hazırda Qarabağdakı infrastruktur sıradan çıxıb, yaxın vaxtlarda isə qaçılmaz olaraq Azərbaycan infrastrukturuna qoşulacaqdır. Qarabağ ermənilərinin subyektliyi yalnız yaddaşda qalacaq. Qarabağ ermənilərinin müqavimət səviyyəsi Ermənistan SQ qalıqlarının çıxarılması/məhv edilməsi və Vardanyanın getmə/həbsindən sonra heç bir əhəmiyyət kəsb etməyəcək.

“VL” onsuz da qəliz olan Ermənistan-Rusiya münasibətlərini daha da kəskinləşdirdi. Layihə Rusiya üçün də toksik oldu, belə ki, hadisələr hətta Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə də nəzarətdən çıxır. RSK-nın Laçın yolundakı yeganə real eksklüzivliyi isə perspektivdə NBM formasını almaq üzrədir.

@cssc_cqtm
👍35
Lavrov “ciddi şəkildə yerinə yetirməni” təmin edə biləcəkmi?

Lavrovun Azərbaycana səfəri çərçivəsində biz yəgin ki, üçtərəfli razılaşmanın şərtlərinə “ciddi şəkildə yerinə yetirilmə” haqqında Lavrovun məhşur ifadəsini eşidəcəyik. Bu arada razılaşmaya bir daha qayıdıb, bəndlərin yerinə yetirilmə və tərəflərin narazılıq səviyyəsini müəyyən etmək yerinə düşərdi.

1. “Tərəflər... tutduqları mövqedə qalacaqlar”. Narazı – Ermənistan. Səbəb: Azərbaycan tutduğu mövqedə qalmadı.
2. Ağdamın Azərbaycana qaytarılması → qismən yerinə yetirilib.
3. “RF-nin... sülhməramlı kontingenti (SK) yerləşdirilir” → yerləşdirildi yerinə yetirildi.
4. SK “erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”. Narazı – Azərbaycan. Səbəb: Ermənistan SQ-nin qalıqları hələ də Qarabağdadır.
“SK-nın qalma müddəti... ...müddətin bitməsinə 6 ay qalmış” gözləyək görək necə yerinə yetiriləcək.
5. “Atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır” → “ciddi şəkildə yerinə yetirməyə” salamlar! Rusiya-Türkiyə monitorinq mərkəzi yaradılıb.
6. Kəlbəcər rayonunun qaytarılması → qismən yerinə yetirilib.
Laçın rayonunun qaytarılması → yerinə yetirilib.
SK-nın nəzarəti altında 5 km. enliyində Laçın dəhlizi → var.
“Azərbaycan ...dəhliz üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir”.
- Narazı – Azərbaycan. Səbəb: yol məqsədləri üçün istifadə edilmir: silah-sursatdan tutmuş Pekres və İran diversantlarına qədər hər şey daşınır (tam isbatlanıb!);
- Narazı – Ermənistan. Səbəb: ekoaksiya “blokada” kimi dərk olunur.
7.  “Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara ...geri qayıdır”.
- Narazı – Ermənistan. Səbəb: “Hadrut erməniləri” məsələsi.
- Narazı – Azərbaycan. Səbəb: Xankəndi, Xocalı, Əsgəran, Ağdərə və Xocavənd azərbaycanlılarının geri qayıda bilməməsi.
- Qanunauyğun sual: “Hadrut erməniləri” hansı statusda geri qayıda bilərlər? Ermənistan vətəndaşı kimi qayıda bilməzlər, Azərbaycan vətəndaşlığı üçünsə müraciət etmirlər.
8. Əsir/girovların mübadiləsi. Narazı – Ermənistan. Səbəb: erməni diversant/hərbi əsirlər məsələsi.
Cəsədlərin mübadiləsi → yerinə yetirilib.
9. “Bütün iqtisadi və nəqliyyat əlaqələri”nin bərpası → yerinə yetirilməyib.
Ermənistan Naxçıvana nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verməli, nəzarəti Rusiyanın FSB-si həyata keçirməlidir.
- Narazı – Azərbaycan. Səbəb: Zəngəzur dəhlizi yoxdur.

Beləliklə, əgər Lavrovun məqsədi Rusiyanın vasitəçilik formatını gücləndirməkdirsə, onda mövcud narazılıqların həlli ilə birbaşa və “ciddi şəkildə” məşğul olmaq lazımdır. Ermənistan 1, 6, 7, 8, Azərbaycan isə 4, 6, 7 və 9-cu bəndlərin yerinə yetirilməməsindən tam narazıdır.

“Ciddi şəkildə yerinə yetirmə” necə təmin oluna bilər?
• Laçın yolu ilə bağlı 6-cı bənd hər iki tərəfi qane etmir. Hazırda ən aktual bu mövzudur. 6-cı bənd həmçinin 9-cu bəndlə – Zəngəzur dəhlizi ilə bağlıdır. Bakının ZD və Laçın yolunda NBM təklifi gərginliyi aradan qaldırır: Zəngəzurda həmişəlik, Laçında isə 2025-ci ilə qədər nəzarət Rusiyada qalır.
Razılaşmada NBM haqqında heçnə deyilmədiyindən bu variant “ciddi şəkildə yerinə yetirilmə”ni təmin edir. NBM-in ZD-da qurulması isə razılaşmadakı “maneəsiz hərəkət” ifadəsinə zəruri izah verir. “Ciddi şəkildə yerinə yetirməyə” bir daha salamlar...
• 4 və 8-ci bəndlər üzrə “ciddi şəkildə yerinə yetirməsi” erməni silahlı qüvvələrinin Qarabağ və cəza çəkmə müəssisələrindən tamamilə çıxarılması ilə əldə edilə bilər. Bu həm də 1-ci bəndlə bağlı narazılığı aradan qaldırır: erməni silahlıları yoxdursa, Azərbaycan SQ-nə “mövqeləri dəqiqləşdirmək” lazım olmur.
• 7-ci bənd digər maddələrin icrasından asılı olub, müzakirə üçün açıqdır.

Göründüyü kimi, Rusiya vasitəçiliyi hələ də effektiv mexanizm kimi qalma potensialına malikdir. Yeganə lazım olan – iradə və Rusiyanın eksklüzivliyinin məhdudlaşdırılmasıdır. Əks təqdirdə, vaxt ötdükcə razılaşmanın mətni üzrə ziddiyyətli məqamlar daha da artacaq və zərurət səbəbindən tərəflər birtərəfli addımlara üstünlük verəcəklər.

@cssc_cqtm
👍34