CSSC Baku – Telegram
CSSC Baku
3.07K subscribers
12 photos
2 videos
201 links
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) Azərbaycanda, Bakıda yerləşən, Cənubi Qafqazda və onun qonşuluğunda siyasi və iqtisadi prosesləri tədqiq edən müstəqil qeyri-hökumət təşkilatıdır. Yayımlanan materiallara istinadın verilməsi vacibdir. www.cssc.az
Download Telegram
Türkiyədə 2023-cü il may seçkiləri
 
Türkiyə prezidenti R.T.Ərdoğan 18 iyunda keçirilməli olan prezident seçkilərinin 14 mayda keçirələciyini elan etdi. Qərar hakim partiya üçün siyasi cəhətdən məntiqli/məqsədəuyğun idi. İyun ayı Həcc ziyarətgahı və Qurban bayramı vaxtlarına təsadüf etdiyindən hakim ƏİP partiyasının bir çox seçiciləri Türkiyədə olmayacaqdı. Öz növbəsində müxalifət partiyaları seçkilərin yeni seçki qanununun qüvvəyə minməsindən qabaq − 6 aprelə qədər keçirilməsinin tərəfdarı idilər. Yeni seçki qanununa əsasən, parlamentə keçid həddi 7% civarında müəyyən edilir. Praktikada bu o deməkdir ki, növbəti seçkilərdə 6 əsas müxalifət partiyasından yalnız ikisi − CXP və İYİ Partiyaları parlamentdə yer ala biləcəklər.
 
Seçki prosesi
Qanunvericiliyə görə prezident seçkiləri iki mərhələli qaydada keçirilir. I turda namizədlərdən heç biri 50%+1 səs toplamadıqda iki ən çox səs toplayan namizəd üçün II tur keçirilir. Hazırda prezident seçkilərinə 6 namizəd (R.T.Ərdoğan, C.Uzan, D.Pərincək, M.İncə, S.Savaş, S.Oğan) var. Qeyd edək ki, Türkiyə müxalifətini özündə ehtiva edən altılı masa (CXP, İYİ partiya, DEVA, Gələcək partiya, Səadət partiyası, Demokrat partiya) hələ vahid namizədini irəli sürməyib. CXP lideri K.Qılıçdaroğlu Ələvi inancından olması, xarizmatik lider olmaması və daim R.T.Ərdoğana məğlub olması digər partiyaların onu dəstəkləməməsinə gətirir. Sünni məzhəbinə aid İstanbul bələdiyyə rəhbəri Ə.İmamoğlu nəinki yerli seçkilərdə iki dəfə hakim partiya namizədinə qalib gəlib, həmçinin qələbə üçün vacib olan kürd seçicilərini öz ətrafına toplaya bilib. Lakin, İmamoğlunun vahid namizəd olmasına Qılıçdaroğlunun müqaviməti və məhkəmə qərarı mane olur. Seçki qabağı PKK terror təşkilatının siyasi qolu sayılan və seçici kütləsinin 10%-ni təşkil edən Xalqların Demokratiya Partiyası (XDP) da xüsusi aktivlik göstərir. XDP-nın altılı masada CXP və DEVA kimi dəstəkçiləri və İyi partiya kimi antoqonisti mövcuddur.
 
Qüvvələr nisbəti
Çoxsaylı sorğular içərisində Kadir Has Universiteti və TEAM (Toplumsal Etki Araşdırma Merkezi) tərəfindən aparılan araşdırmaya nəzər yetirmək vacibdir.  Kadir Has Universiteti müəyyən etmişdir ki, heç bir namizəd seçkilərdə I turdan qalib gələ bilməyəcək. Ərdoğan digər namizədlərdən öndə olsa da ehtimal ki, I turda qalib olmayacaq. Bununla belə araşdırma müəyyən edib ki, Ərdoğan mövcud namizədlərdən istənilən birinə II turda qalib gələcəkdir. Oxşar nəticələrə TEAM də gəlmişdir. Araşdırmaya görə hakim ƏİP partiyası ayrılıqda 37,5%, MHP ilə birgə isə 44% reytinqə malikdir.
 
Cənubi Qafqaz konteksti
Erməni politoloq A.İskandaryana görə, əvvəl Ermənistanın şərqində Bakı, qərbində isə Ankara var idi; lakin, Azərbaycan və Türkiyə arasında koordinasiya o səviyyəyə çatıb ki, Ermənistanın hər iki tərəfində “Bakı”dır. Aydındır ki, bu yüksək koordinasiya Ərdoğanın hakimiyyət illərində əldə olunub. Karneqi Fondu Türkiyədə müxalifətçi namizədlər arasında sorğu keçirmişdir. Əksər müxalifətçilər Türkiyə tərəfindən dəstəklənən suriyalı qruplaşmaların tərkisilah edilməsi, Suriyada kürd Demokratik Birlik partiyası ilə əlaqələrin qurulması, S-400 sistemləri ilə bağlı məsələnin aradan qaldırılması, Aİ-yə üzvlüyün irəli çəkilməsi, xarici siyasətdə NATO ilə əlaqələrə vurğunun edilməsi, Aİ ilə əməkdaşlığın artırılması, Rusiya ilə münasibətlərin minimallaşdırılması və Çində uyğur probleminə fokuslanma ilə bağlı verilən suallara müsbət cavab vermişlər. Təsadüfi deyil ki, Ermənistan sülh sazişi prosesini bilərəkdən uzadıb, Türkiyədə yeni şəxsin prezident olmasına ümid edir. Ərdoğanın məğlubiyyətini arzulayan İrəvan, Bakı və Ankara arasında mövcud yüksək koordinasiyanı pozacağına və Qərb vasitəsilə “yeni prezidentə” təsir/təzyiq edəcəyinə ümid edir.
 
Nəticə
Görünən odur ki, may seçkilərində Ərdoğan qələbə qazanacaqdır. Ərdoğanın yüksək reytinqləri, vahid namizəd məsələsində altılı masa daxilində mövcud ziddiyyətlər, müxalifət-XDP arasında mümkün ittifaqın millətçi kəsim tərəfindən hiddətlə qarşılanması Ərdoğanın qələbəsini şərtləndirən amillərdir.
 
@cssc_cqtm
👍33👎16
Azərbaycan Balkan ölkələri

Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri də Balkan ölkələri ilə münasibətləri inkişaf etdirməkdir. Bakının bu regiona marağı obyektiv və praqmatik faktorlara söykənir.

Coğrafi faktor
Balkan yarımadası Mərkəzi-Şərqi Avropa regionunu əhatə edir. Azərbaycan fiziki-coğrafi cəhətdən həm Avropa, həm də Asiya ölkəsi sayılsa da, siyasi-coğrafi nöqteyi-nəzərindən Şərqi Avropa ölkəsidir. BMT TŞ-nın rotasiya prinsipi ilə seçilən 10 qeyri-daimi üzv fərqli regionlardan (5 dövlət Afrika-Asiyadan, 1 dövlət Şərqi Avropadan, 2 dövlət Latın Amerikasından, 2 dövlət Qərbi Avropa və digər regionlardan) 2 il müddətinə seçilirlər. 2011-ci ildə Azərbaycan Şərqi Avropa regionundan 2 illik müddətinə qeyri-daimi üzv seçilmişdir.

Dəyərlər
Qərbi Avropa ölkələrindən fərqli olaraq Balkan ölkələri xarici siyasətə ideoloji prizmadan yanaşmırlar. Oxşar tarix (hər iki region uzun müddət SSRİ-nin təsiri altında olmuşdur) + ümumi çağırışlar (ərazi-suverenlik problemləri, kənar qüvvələrin ölkənin daxili işlərinə müdaxiləsi cəhdləri) qarşılıqlı inteqrasiyanın əsasını təşkil edir.

Energetika
Hazırda enerji beynəlxalq güclərin nüfuz və hakimiyyət uğrunda mübarizəsində əsas təsir alətlərindən birinə çevrilib; perspektivli iqtisadi layihələr siyasi ambisiyalar naminə qurban verilir. Belə şəraitdə iqtisadi maraqları siyasi maraqlardan ayırmağı bacaran Azərbaycan, Balkan yarımadası ölkələrinə qarşılıqlı faydalılıq prinsiplərinə əsaslanan əməkdaşlıq təklif edir. Yeni perspektiv istiqamətlər Yunanıstan-Bolqarıstan interkonnektorunun istifadəyə verilməsindən sonra daha da aktuallaşıb. Bolqarıstana nəql olunan Azərbaycan qazı 2023-cü ildən Rumıniya bazarına da daxil olur. Hazırda Serbiyanı da ümumi sistemə birləşdirəcək interkonnektor üzərində iş gedir. İonika-Adriatik dənizi layihəsinin yaxın gələcəkdə reallaşması isə hazırda Azərbaycan qazını almayan daha üç Balkan ölkəsinə Azərbaycanın enerji resurslarının nəql edilməsinə imkan verəcəkdir.
Energetika sahəsində əməkdaşlıq neft-qaz ilə məhdudlaşmır. Mövcud çağırışlar + qlobal tendensiyalar + Azərbaycanın alternativ enerji potensialı elektrik enerjisinin tədarükünə dair danışıqları aktuallaşdırır. Cari həftədə Qara dənizin dibi ilə 1195 km-lik elektrik kabelinin salınması məqsədilə Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan işçi qrupu yaradılmışdır. Hazırda Azərbaycanın ixrac imkanları orta hesabla 1000 meqavat ətrafındadır. Lakin, Azərbaycan külək və günəş stansiyaları layihələrindən savayı daha bir, üçüncü layihəni reallaşdırmaq üzrədir. Bu üç layihə yaxın aylarda Azərbaycanın yaşıl enerji ixracı imkanlarını daha 700 meqavat artıracaqdır.

Logistika
Azərbaycan üçün Balkan yarımadası Qara dəniz, Egey dənizi və Adriatik dənizə çıxışı olan bir regiondur. Açıq dənizlərə çıxışa malik olmayan Azərbaycana logistika imkanlarının artırılması baxımından Balkan ölkələri ilə tərəfdaşlıq çox vacibdir. Perspektivdə Azərbaycan Gürcüstan və Türkiyə limanları sayəsində ixrac və tranzit yüklərini Balkan ölkələri limanlarına və daha da uzağa daşımağı düşünür.

Təhlükəsizlik
Ümumi çağırışlar (AzərbaycanQarabağ, SerbiyaKosovo və s.) tərəflər arasında təhlükəsizlik sahəsində əməkdaşlığı da aktual edir. Bu istiqamətdə Azərbaycan və Serbiya müdafiə sənayesi nazirliklərinin imzaladıqları sazişləri nümunə göstərmək olar.

Daha bir vektor − Azərbaycan-Yunanıstan əlaqələridir. Beynəlxalq əhəmiyyətli layihələrlə Yunanıstanı özünə bağlaya bilən Bakı, Afinanı İrəvanla münasibətlərdə məcburi balanslı siyasət aparmağa vadar edir.

Eyni zamanda, BMT TŞ-da 10 qeyri-daimi üzvündən birinin Şərqi Avropa regionundan seçilməsi Azərbaycanın Balkan ölkələri ilə yaxınlığına obyektiv çalar qatır. Xatırladaq ki, Fransanın BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qəbul etdirmək istədiyi son qərəzli qətnaməyə Şərqi Avropa regionundan seçilən Albaniya qarşı çıxmışdır.

@cssc_cqtm
👍29
Ermənistan-Rusiya münasibətlərində artan ziddiyyətlər

Moskva-İrəvan münasibətləri SSRİ-nin dağılmasından bəri ən aşağı səviyyədədir. Dərinləşməyə doğru gedən qarşılıqlı narazılıqlar obyektiv və subyektiv əsaslara malikdir. Maraqlısı odur ki, həm İrəvan, həm də Moskva münasibətlərin korlanma səbəblərini özündə yox, qarşı tərəfdə axtarır ki, bu da ikitərəfli münasibətlərdə mövcud ziddiyyətləri daha da artırır.

Rusiyanın mövqe/maraqları
Rusiya Qərblə qarşıdurmanı ekzistensial mübarizə kimi nəzərdən keçirir. Qələbə Rusiyanın Avrasiya məkanında sistem yaradan faktor olması ilə, məğlubiyyət isə (minimum) beynəlxalq münasibətlərdə nüfuzun itməsi və ya (maksimum) ölkənin parçalanma/dağılması ilə nəticələnəcəkdir. Təcrid və sərt sanksiya şəraitində Rusiya Türkiyə ilə normal münasibətlərin qorunmasında maraqlıdır. Rusiya Ankaranın mövcud şəraitdən istifadə edərək geosiyasi vakuumu doldurmaq istəyini görür, lakin, bunu müvəqqəti narahatlıq hesab edib, qələbə qazandıqdan sonra itirilmiş mövqeləri bərpa edə biləcəyini düşünür.

Rusiyanın narazılıq/gözləntiləri
Moskva Ermənistan-Qərb münasibətlərindən narazıdır. Rusiyanın fikrincə əgər İrəvan sadəcə mövcud boşluqları alternativ iştirak ilə doldurmaq istəsə idi, o Aİ missiyasını KTMT missiyası ilə paralel qəbul edərdi və A.Mirzoyanı NATO, Aİ və Almaniyaya göndərməmişdən əvvəl Lavrov-Bayramov görüşünə göndərərdi. Rusiya Paşinyanı oportunist (KTMT-ni demontaj edən, amma Aİİ-nin imtiyazlarından istifadə edən) və qərbyönümlü (Aİ missiyasını Rusiyaya alternativ kimi gətirən) siyasətçi kimi nəzərdən keçirir.
Rusiya belə şəraitdə Ermənistandan səbr və loyallıq gözləyir. Moskva izah edir ki, mövcud şəraitdə Ermənistan üçün optimal variant Rusiya ilə yaxın münasibətlərin qorunmasıdır: Əgər Rusiya məğlub olsa, Azərbaycan və Türkiyə vəziyyətdən istifadə edib, Ermənistanı özlərinə tabe edəcək (minimum hədəf) və ya Ermənistan dövlətçiliyinə son qoyacaqlar (maksimum hədəf). Əgər Rusiya qalib gəlsə, Rusiya yenidən müttəfiqlərinə tam miqyasda kömək edəcək.

Ermənistanın mövqe/maraqları
II Qarabağ müharibəsində məğlub olmasına rəğmən Ermənistan özünün maksimal hədəflərindən imtina etməyib. 2021-ci il seçkilərində iştirak edən Paşinyan yenidən baş nazir seçiləcəyi halda Hadrut və Şuşanın “işğaldan azad ediləcəyinə” və Qarabağın Azərbaycandan “islahedici ayrılma” (remedial secession) prinsipi ilə qopardılacağına vəd vermişdi.

Ermənistanın narazılıq/gözləntiləri
Ermənistan açıq-aşkar Rusiyadan məyus olduğunu bildirir. İrəvanın fikrincə Rusiya II Qarabağ müharibəsində olmasa da, ən azından şərti sərhəd toqquşmalarında Ermənistanı dəstəkləməli idi. Ermənistan Rusiyanın Ukrayna müharibəsinə başının qarışması və belə çətin şəraitdə Türkiyə ilə münasibətləri poza bilməməsi haqqında arqumentlərini rədd edir. Əks-arqument kimi Ermənistan 2021-ci il may toqquşmasını (Ukrayna müharibəsindən 9 ay qabaq) nümunə çəkir. Digər əks-arqument bundan ibarətdir ki, Ermənistan cari qəliz vəziyyətdə Rusiyanın Ukrayna/Qərb üzərində qələbəsini gözləyə bilməz, belə ki, Rusiyanın başı qərb cəbhəsinə qarışdığı vaxtda Azərbaycan-Türkiyə yerdə Ermənistanın maraqlarına zidd yeni geosiyasi reallıq formalaşdıra bilər. 

Həmçinin, Ermənistan öz ölkəsində KTMT missiyasını və ya hərbi təlimlərini qəbul etmək istəmir. Ermənistan rəhbərliyi iqtidara yaxın qərbyönümlü partiyalara bildirib ki, Rusiya KTMT pərdəsi altında Ermənistana daxil olsa ya burdan bir daha çıxmayacaq, ya da Paşinyanın hakimiyyətdən getməsi məqsədilə dövlət çevrilişi həyata keçirəcəkdir.
 
Ermənistan rəhbərliyi Aİ mülki missiyanı KTMT-nin hərbi missiyası ilə yanaşı deyil, alternativ kimi sərgiləyir və ictimai fikirdə məhz bu trendi inkişaf etdirir.

Ermənistanın Rusiyadan əsas gözləntiləri – Laçın yolundakı ekoaksiyanın dağıdılması, şərti sərhəddən Azərbaycan SQ-nin çıxarılması, Azərbaycana diplomatik təzyiqin, Ermənistana isə hərbi dəstəyin göstərilməsi və Qarabağın status məsələsində aktivliyin nümayiş etdirilməsidir. 

@cssc_cqtm
 
👍21
Xankəndidən İrəvana uzanan qərarqəbuletmə zənciri

İrəvan 10 noyabr razılaşmasını imzalamaqla Qarabağdan bütün silahlıları çıxaracağına dair öhdəlik götürdü. Lakin, separatçıların ona tabe olmadığını bəhanə edib, öhdəliyi icra etmədi. Gerçəklikdə isə Qarabağdakı qanunsuz hərbi birləşmələr Ermənistan ordusunun, onun yaradıcıları və rəhbərləri isə Ermənistanın siyasi-hərbi elitasının tərkib hissəsidir.

Hüquqi aspekt
2003-cü ildə bir qrup müxalifətçi məhkəməyə müraciət edərək o zamankı prezident R. Köçəryanın Konstitusiyaya görə prezident postunu tutmaq hüququnun olmadığını (10 il ölkədə daimi yaşamadığını) bildirdilər. Lakin, Ermənistanın Kassasiya (Ali) Məhkəməsi 1989-cu il qərarına istinad edərək Qarabağın hüquqi olaraq Ermənistan ərazisi olduğunu göstərdi və R.Köçəryanın bu tələbi ödədiyini göstərən qərar verdi. Bu, Qarabağda mövcud qanunsuz hərbi birləşmənin Ermənistan qanunvericiliyinə görə Ermənistanın tərkib hissəsi olduğunu və Azərbaycana qarşı işğalçılıq siyasətinin aparıldığını isbatlayan vacib hüquqi sənəddir.

“Müdafiə ordusu”
Münaqişə dövründə 18-20 minlik (aktiv döyüşlər vaxtı 50 minə qədər) “Qarabağ ordusunun” 8500 nəfəri yerli sakinlərdən, qalan 10 mini isə Ermənistan hərbçilərindən təşkil olunmuşdu. Ermənistandan gələn çağırışçılar olmasa idi, yerli əhalinin 20-25% hissəsi 18 yaşdan 50 yaşa qədər fasiləsiz hərbi xidmətdə olmalı idilər ki, bu da mümkün deyil! İşğal müddətində Qarabağda çox sayda hərbi texnika mövcud idi. Qarabağ heç bir ölkə tərəfindən tanınmadığına görə “Müdafiə Ordusu” (“MO”) bu silahları hansısa bir dövlətdən müqavilə əsasında əldə edə bilməzdi.

Paşinyan dövründə etiraflar
44 günlük müharibədən əvvəl baş qərargah rəisi O.Qasparyan Paşinyana müharibədən istənilən yolla yayınmağın, bu mümkün olmadıqda isə rəqibə qısa zamanda böyük itki yaşadıb, onu müharibəni davam etdirmək cəhdlərindən çəkindirməyin vacib olduğunu məruzə etdi. “MO” Ermənistana tabe olmayan, müstəqil maraq və yanaşmaya malik subyekt olsa idi, Qasparyan Paşinyana müharibədən yayınmağı, müharibə başlayandan bir neçə gün sonra isə tez bir zamanda atəşkəs bağlamağı məsləhət görməzdi. Müharibədən sonra Qasparyan 44 gün ərzində ümumi hərbi rəhbərliyi özünün etdiyini və silahlı qüvvələrin uğursuzluqlarına görə məsuliyyət daşıdığını etiraf etdi. Paşinyan da onu Şuşanın itirilməsinə görə cavab verməli olduğunu bildirmişdi. Bütün bunlar 44 günlük müharibənin Ermənistanın dediyi kimi Bakı və Xankəndi arasında deyil, İrəvan və Bakı arasında getdiyini və Azərbaycana qarşı işğalçılıq siyasətinin aparıldığını bir daha təsdiqləyir. Ən böyük etiraf isə 10 noyabr razılaşmasını Ermənistanın baş nazirinin imzalamasıdır.

2021-ci ildə Ermənistanın o vaxtkı müdafiə naziri A.Karapetyanın Qarabağa inspeksiya ilə qanunsuz səfər etdi. 2022-ci ildə A.Qriqoryan sentyabrdan Ermənistandan Qarabağa nə çağırışçıların, nə də müddətdən artıq hərbi qulluqçuların daha göndərilməyəcəyini bildirdi. Əslində A.Qriqoryanın dedikləri 10 noyabr razılaşmasının Ermənistan tərəfindən pozulmasının etirafıdır. Hazırda Ermənistan Qarabağda hərbi mövcudluğunu separatçıları maliyyələşdirməklə təmin etmək istəyir.

Hüquqi etiraf və birbaşa tabeçilik
Hazırda “MO komandanları” sayılan C.Harutunyana (Hadrutda uğursuz əks-hücum əməliyyatı) və M.Arzumanyana (Şuşa və ətraf ərazilərin itirilməsi) qarşı cinayət işləri açılıb. Bu işlər üzrə separatçıların lideri A.Arutyunyan isə İrəvana dindirilməyə çağırılıb. Lakin, C.Harutunyanın vəkili A.Sardaryana görə uğursuz əks-hücum əməliyyatı özbaşına yox, Paşinyanla razılaşdırılmış və təsdiqlənmiş əsasda edilib. Bu bəyanat “MO”-nun müstəqil subyekt olması haqqında Ermənistan yalanını bir daha ifşa edir və qərarqəbuletmə zəncirinin birbaşa Paşinyana qədər uzandığını aydın şəkildə təsvir edir.

Açılan cinayət işləri ona dəlalət edir ki, Haruntyunyan/Arzumanyan Ermənistan vətəndaşı və hərbi qulluqçularıdır.Bu isə Azərbaycana qarşı Ermənistan tərəfindən aparılan işğalçılıq siyasətinin vacib sübutudur.

P.S. Geniş variantı bu linkdən oxuya bilərsiz: https://cssc.az/az/view/2/32/xankendiden_irevana_uzanan_qerarqebuletme_zenciri

@cssc_cqtm
👍23
Ermənistanın təhlükəsizlik sistemi

Son iki ildə Ermənistan kimliyindən asılı olmayaraq bütün tərəfdaşlara kömək çağırışları etmişdir. Hədəfə çatmaq üçün Ermənistan Azərbaycan, Türkiyə və Rusiyanın xarici ölkələrlə yaşadığı problemlərdən maksimum istifadə etmiş və ölkənin bütün diplomatik imkanları və diaspor resurslarını səfərbər etmişdir. Bunu baş nazir, xarici işlər naziri və TŞ katibinin səfər, görüş və bəyanatlarından aydın görmək olar.

RusiyaKTMT
KTMT və Rusiya ilə yaxın münasibətlər təhlükəsizliyin artırılması, silahlı qüvvələrdə islahatların həyata keçirilməsi və yeni silah/hərbi texnikanın əldə edilməsi baxımından vacib idi. Şərti sərhəddə ilk toqquşmalardan sonra KTMT çərçivəsində çoxsaylı görüş, müzakirələr, habelə KTMT-nin cavab təşəbbüsləri Ermənistan üçün müsbət nəticələr vermədi. Ermənistanın istək/gözləntilərinə rəğmən KTMT Azərbaycanı “təcavüzkar” adlandırmadı, Rusiya isə Ermənistanın 44 günlük müharibədə boşalmış silah anbarlarını yeni silahlarla doldurmağa tələsmədi. Hazırda Ukrayna müharibəsi səbəbindən Rusiya bunu istəsə belə etmək iqtidarında deyil.

Ermənistan KTMT-dəki bütün üzvlük potensialını israf etdi. Tarixən Yaxın Şərq ölkəsi olub, Avropa sivilizasiyasının bir hissəsi olmağı hədəfləyən Ermənistan, Avrasiya və Mərkəzi Asiyanı prioritet sayan hərbi-siyasi (KTMT) və iqtisadi (Aİİ) blokların üzvü idi. Bu kövrək konstruksiyanın bütün ziddiyyətləri Ermənistanın əsas donor ölkəsi sayılan Rusiyanın resurslarının məhdudlaşmasından sonra üzə çıxdı.

İranla toksik əməkdaşlıq
Rəsmi Tehran ən yüksək səviyyədə Ermənistanın ərazi bütövlüyünə dəstək oldu → Azərbaycan və Ermənistan sərhədləri yaxınlığında hərbi təlimlər keçirdi → Qafanda öz konsulluğunu açdı. Bundan savayı, mövcud məlumata görə İran Ermənistana silah-sursat və Qarabağa isə Ermənistan ərazisi vasitəsilə inşaatçı/diversantlar göndərir. İran generallarının hədələyici bəyanatlarına baxmayaraq, Azərbaycan Ermənistanın 2022-ci il sentyabr təcavüzünə adekvat cavab verdi. İran diversantlarının Qarabağa daxil olması isə Laçın yolunda böyük duruşun əsas səbəblərindən oldu.

Hindistan
Son aylar Ermənistan-Hindistan münasibətlərində yüksək dinamika müşahidə edilir. Hindistandan alınan hərbi texnika isə Nyu-Dehlinin regionda maraq subyektinə çevrildiyini deməyə əsas verir. 30 illik təcrübə Azərbaycanla qarşıdurmada Ermənistana edilən siyasi yatırımların dividend gətirmədiyini göstərir. Bununla belə, bu ölkənin milliyyətçi rəhbərliyi Ermənistanı seçdi.

ABŞ
ABŞ Ermənistandan Azərbaycanın neytrallaşdırılması məqsədilə siyasi təsir vasitəsi kimi istifadə edir. Lakin, ABŞ-ın Gürcüstan və Azərbaycanda obyektiv maraqları + Ermənistanın KTMT və Aİİ-yə üzvlüyü + Rusiya ilə ikitərəfli müttəfiqliyi İrəvanla yaxın münasibətləri nəzərəçarpacaq dərəcədə məhdudlaşdırır. Həm də Vaşinqton İrəvana silah verib, onun təhlükəsizliyinə zəmanət verə bilməz!

Fransa – Aİ
ABŞ üçün aktual məhdudiyyətlər Fransa-Ermənistan münasibətlərinə oxşar təsir göstərmir. Öz siyasi xəttini reallaşdırmaq məqsədilə Fransa Aİ potensialından (Aİ missiyasının uzadılması) tam olaraq yararlanır. Təhlükəsizlik sahəsində əməkdaşlıq silah satışı səviyyəsinə çatmasa da, Fransa Ermənistana siyasi dəstək və kəşfiyyat təminatı verir.

Nəticə
Birtərəfli öhdəliklər olmur – bu ikiistiqamətli yoldur, təkcə ziddiyyətlərlə uzağa getmək olmur. Beynəlxalq aləmdə Ermənistandan artıq müvafiq addımlar tələb olunur. Vaxt ötdükcə tələblərin sayı və çəkisi artacaqdır. İsrail İranın Ermənistandakı nümayəndəliyinin genişlənməsinə və İranın erməni diasporunun potensialından istifadə etməsinə kənardan baxmayacaq. Rusiya/İran-Qərb qarşıdurması dərinləşməyə doğru gedəcək və bu güclərin Ermənistandan tələbləri daha da artacaqdır. Hazırda Ermənistan ərazisində Rusiya hərbçiləri Aİ missiyası İran “inşaatçıları” ən böyük ABŞ səfirliyi yerləşir.

“Ermənistanın təhlükəsizlik sistemi” adlanan bu “qatlı tort” münaqişə potensialına malikdir. İstənilən anda bu “qatlar” Ermənistanın öz ərazisində bir-biri ilə açıq münaqişəyə girə bilər.

@cssc_cqtm
👍27
Rusiya-Ukrayna/Qərb cəbhəsinə qlobal baxış

Kəskinləşmə xətti üzrə inkişaf edən Rusiya-Ukrayna/Qərb qarşıdurması danışıqlara bir yer saxlamır. Bununla belə tərəflərin mövqe, maraq, resurs və gözləntiləri bir-birindən fərqlənir.

Rusiya
Neftə tədbiq edilən qiymət həddi Rusiyanın gündə $160 mln., neft məhsullarına tədbiq edilən qiymət həddi isə əlavə $280 mln. vəsait itirməsinə gətirir. Sanksiyalar + qiymət həddi Rusiyanın Çin, Hindistan və digər ölkələrə təqdim etdiyi diskonta da təsir göstərir. Aprel-noyabr aylarında diskontun həcmi 25%, dekabr ayında isə 37%-ə çatmışdır. Nəticə etibarı ilə 2022-ci ildə Rusiyanın neft-qaz gəlirləri 46%, qeyri-neft gəlirləri isə 28% azalmışdır. Gəlirlərin azalması ilə paralel Rusiyanın büdcə xərcləri 59% (₽3,1 trln.) artmışdır. Bütün bunlar Rusiyada ₽1,76 trln. ($25 mlrd.) həcmində büdcəsi kəsirinin yaranmasına səbəb oldu. Belə hal 1998-ci ildən bəri yaşanmamışdır. Büdcə kəsirini bağlamaq üçün maliyyə nazirliyi xarici valyutada olan vəsaitləri + 3 tondan artıq qızıl satsa da, əldə edilən vəsait lazım olan vəsaitdən dəfələrlə az oldu. Ekspertlərin fikrincə yaranan büdcə kəsirini bağlamaq üçün Rusiyanın yeganə çıxış yolu pul emissiyasını həyata keçirtməkdir.

Belorusiya
Görünən odur ki, yaxın vaxtlarda Minsk müharibədə daha aktiv rol oynaya bilər. Moskvanın təkidinə tab gətirə bilməyən Minsk, ərazisini Ukraynaya hücum üçün plasdarm kimi verə və ya özü müharibə tərəfi ola bilər. Amma Minsk həm də anlayır ki, Kiyevin hazırkı hərbi potensialı ona Belorusiya ərazisinə zərbələr endirməyə imkan yaradır.

ABŞ
Atlantic Council mərkəzinə görə qiymət həddinin müəyyən edilməsi Rusiya ÜDM-nin 4,5% azalmasına gətirəcəkdir. Venesuella neftinin ixrac edilməsi ilə bağlı əldə edilən razılaşma enerji bazarlarını sabitləşdirib, ABŞ-ın mövqelərini gücləndirəcəkdir. Rusiyada yaranan  büdcə kəsiri isə hökümətə pensiyaların inflyasiya indeksasiyasını həyata keçirtməyə imkan verməyib, əhalinin rifahına mənfi təsir göstərəcək. CSİS mərkəzi bundan da irəli gedib, qiymət həddinin yaxın vaxtlarda Rusiyaya daha ağır zərbə endirəcəyini bildirir. Sanksiyalar səbəbindən daha uzaq bazarlara üz tutmağa məcbur olan Rusiya, beləliklə yükdaşıma və sığorta xərclərində (bir barel görə $30) böyük itkilər göstərəcəkdir. Beləliklə, Rusiyanın artan uğurszuluqları ABŞ-ı Ukraynanı daha aktiv dəstəkləməyə stimullaşdırır. E.Blinken və V.Nuland səviyyəsində Dövlət departamenti Krımda yerləşən hərbi obyektləri legitim hədəf adlandırır, Krımın qaytarılması uğrunda Ukraynanı dəstəkləyəcəyini bildirir və Ukraynaya müharibədən sonra da hərbi yardım göstərəcəyini bəyan edir.


10-cu sanksiya paketində Brüssel vurğunu əvvəlki paketlərdə mövcud boşluqların bağlanılmasına etmişdir. Məlumata görə sanksiya paketinə raketlərin hazırlanmasında istifadə oluna bilən 47 növ elektron komponent, Alfa-Bank, Rosbank, Tinkof və Milli Rifah Fondunun SWIFT-dən çıxarılması və nadir torpaq elementlərinin ixracına embarqo daxil ola bilər.

Çin
Qərb dünya iqtisadiyyatının 60%-ni təcəssüm etdirdiyi halda Çin dünya iqtisadiyyatının təxminən 20%-ni, Hindistan isə 3,5%-ni təşkil edir. Yəni Çin Rusiyanın istəyinə rəğmən Moskva üçün Qərbi əvəz edə bilmir. Bundan savayı Çin üçün Qərblə yaxşı münasibətlər prioritetdir. Çin Rusiyadan gələn enerji resurslarını başqa mənbələr hesabına əvəzləyə bilər, lakin Qərbdən gələn kapital və texnologiyanı Rusiya ilə əvəzləyə bilməz. Bu səbəbdən Çin Moksvanın geosiyasi ambisiyaları naminə Qərblə münasibətlərini korlamayacaq. Lakin Çin Rusiyanın lazım olandan artıq zəifləməsində də maraqlı deyil. ABŞ generalı M.Minixan yaxın 2 ildə, Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin rəhbəri M.Makkol 2025-ci ildə, CSİS mərkəzi isə 2026-cı ildə Çin-ABŞ müharibəsinin baş verə biləcəyini proqnoz edirlər. Ehtimal olunan müharibə Pekinə Moskvadan təmamilə üz döndərməyə imkan vermir.

Nəticə
Görünən odur ki, danışıqların iflası və artan qüvvə disbalansı tərəfləri resursları səfərbər edib, yaz aylarında müharibə meydanında yeni geosiyasi reallıq formalaşdırmağa cəhd etməyə məcbur edəcəkdir.

@cssc_cqtm
 
👍27
Münhen təhlükəsizlik Konfransı: regional baxış

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan liderləri ABŞ-ın vasitəçiliyi ilə danışıqlarda, Aİ nümayəndələrinin mediatorluğu ilə isə çoxtərəfli debatda iştirak etdilər. Konfrans mövcud ziddiyyətləri qabartsa da, yeni təşəbbüsləri müzakirə etməyə imkan verən diplomatik meydança oldu.

Dəhlizlər → yollar
Danışıqlar çərçivəsində Azərbaycan Laçın və Zəngəzurda nəzarət yoxlanış məntəqələrinin (NYM) yerləşdirilməsini rəsmi formada təklif etdi. Bu Azərbaycanın hazırda kommunikasiyaların açılmasına dair Brüssel-Vaşinqton variantına üstünlük verməsindən xəbər verir. Rusiyanın (Laçında sülhməramlı kontingentin, Zəngəzurda isə FSB-nin nəzarəti altında) dəhlizlər məntiqindən fərqli olaraq Brüssel-Vaşinqton variantı yollar məntiqinə (yol kimin ərazisindən keçirsə suveren hüquqlar ona məxsusdur) əsaslanır. Anlaşılandır ki, dəhlizlər Rusiyanın regionda təsirini gücləndirdiyi halda, NYM-ların qurulması Moskvanın hər iki ölkədə nüfuzunu zəiflətmiş olacaq. Bakının təklifi praktiki hədəfləri də izləyir: bildiyimiz kimi İrəvan Bakının Rusiya ilə sövdələşmədə Zəngəzur dəhlizini zorla açmaq niyyətini ittiham edir. NYM, ittihamların əsassız olduğunu göstərməyə imkan verir, “Qarabağa gizli yolla keçirilmiş” Vardanyan kimi layihələrin üstündən xətt çəkir və Zəngəzurdan eksterritorial dəhliz arzulayan Rusiyanı Ermənistanla üz-üzə qoyur.  

Sülh sazişi
ABŞ-ın iştirakı ilə keçirilən görüş Brüssel-Vaşinqton formatının bərpa edilməsinə bir işarədir. Lakin, bu formatın effektivlik dərəcəsi Fransanın anti-Azərbaycan ritorika/davranışı ilə tərs mütənasib olacaqdır. Televiziya kanallarına müsahibə verən Azərbaycan prezidenti, Ermənistanın mövqeyində müəyyən tərəqqinin olduğunu, amma bunun kifayət etmədiyini qeyd etdi. Vurğulayaq ki, danışıqlar Ermənistanın sülh sazişi ilə bağlı son variantı Azərbaycana ötürməsindən sonra baş vermişdir. Ermənistan mediasının məlumatlarına əsasən, İrəvan son variantda Qarabağla bağlı məsələni “constructive ambiguity” formasında təqdim etmişdir. Belə zənn edilir ki, “konstruktiv ikimənalılıq” hər iki tərəfə problemli müddəanı (Qarabağı) daxili auditoriya üçün qələbə kimi təqdim etməyə imkan verib, tərəfləri sülh sazişinin imzalamasına yaxınlaşdıracaqdır. Bununla belə, Prezidentin “Qarabağla bağlı hər hansısa bir müddəanın olması qəbuledilməzdir” – ifadəsi “constructive ambiguity” formulasının Bakı tərəfindən rədd edildiyini göstərir.

Ermənistan/Rusiya Qərb
Azərbaycan prezidenti Rusiyadan ixrac edilmiş, İrəvandan Qarabağa “gizli yolla keçirilmiş”, Avropada çirkli pulların yuyulmasında iştirak edən cinayətkar oliqarx haqqında danışdıqda Vardanyanın təkcə Kreml layihəsi olduğuna deyil, həmçinin, Ermənistanın da bu layihədə pay aldığına işarə edir. Bu İrəvanın ekzistensial rəqabət aparan hər iki bloka eyni anda işlədiyini və sülhün bərqərar olmasına mane olan əsas faktor olmasını nümayiş etdirir.

Gerçəklikdə Vardanyan layihəsi məqsədinə çatmadı: Rusiyanın hər iki ölkədə mövqelərini gücləndirmək əvəzinə, əks effekt verdi. Hazırda Vardanyanın (istefa və ya işdən qovulma formasında) “vəzifədən” getməsi geniş müzakirə olunur. Rusiyanın regional uğursuzluqları təkcə müharibə və sanksiyalardan qaynaqlanmır. Aparıcı faktor strateji səhvlər və qeyri-adekvat siyasətdir. Potensial olaraq Rusiya Vardanyan layihəsini dayandırmaqla, Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiya olunmasına yardım etməklə, baş qərargahında yerləşən xəritələr əsasında delimitasiya-demarkasiyaya və sərhədlərin açılmasına kömək etməklə Qərbi qabaqlayıb, regionda mövqelərini gücləndirə bilər. Lakin, strateji hədəflərin qısamüddətli taktiki üstünlüklər naminə qurban verilməsi Rusiyanın regiondakı mövqelərini sarsıdır.

Nəticə
Münhen Təhlükəsizlik Konfransı iddia/ittihamlarla yanaşı yeni təşəbbüs və təkliflərlə də yadda qaldı. İrəvanın dəyişkən siyasətini yaxşı bilən Bakı cavabın nə vaxt gələcəyindən və necə olacağından asılı olmayaraq qüvvələrini konsolidasiya edib, dəyişən şəraitə operativ cavab verməyə hazırlaşır.

@cssc_cqtm
👍15
Münhen Təhlükəsizlik Konfransı: qlobal baxış

I hissə
regional baxış: https://news.1rj.ru/str/cssc_cqtm/219

Münhen Təhlükəsizlik Konfransının əsas mövzusu Rusiya-Ukrayna müharibəsi idi. Konfransa Rusiya və İrandan savayı bir çox ölkə rəsmiləri dəvət almışdı. Çıxışı zamanı Ukrayna prezidenti iştirakçıları sülhün hərrac obyektinə çevrilmə təhlükələrindən xəbərdar etdi. Zelenskiyə görə hərbi təchizatın həcm və sürəti artırılsa müharibə 2023-cü ilin sonuna Ukraynanın qələbəsi ilə yekunlaşa bilər.

Əsas yanaşma
İştirakçıların əksəriyyəti Zelenskinin optimistik proqnozunu bölüşmədi. Şolts müharibənin gözləniləndən daha uzun olacağından, A.Berbok Putinin hakimiyyətdə qaldığı müddətdə Ukraynaya daima yeni təhlükələrin gələcəyindən, Makron Ukraynaya dəstəyi artırmağın vacibliyindən, R.Sunak isə ölkəsinin Ukraynana dünyada ilk dəfə uzaq mənzilli raketləri verəcəyindən danışdı. Konfransın məğzini bir cümləyə sıxışdırsaq bu “lazım olan qədər” (“As long as it takes”) ifadəsi olardı. 2022-ci ildə Qərb ölkələri Ukraynanın məğlub olmamasına (dövlət kimi süqut etməməsinə), Rusiyanın isə qalib olmamasına (Ukraynanı tam işğal etməməsinə) çalışırdı. 2023-cü ildə yanaşma köklü dəyişikliyə uğradı. Hazırda Qərb Ukraynanın qalib olmasına (beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpa olunmasına), Rusiyanın isə məğlub olmasına (2014-cü ildən bəri işğal etdiyi bütün əraziləri tərk etməsinə) çalışır.

Alternativ yanaşma
Konfransda alternativ baxışlar da yer aldı. Çexiya prezidenti Pyotr Pavelə görə Rusiyanın məğlubiyyəti ölkənin mümkün parçalanmasına və nəticə etibarı ilə Avropa ilə qonşuluqda idarəolunmayan xaosun yaranmasına gətirəcəkdir. Çexiya prezidentinin səsləndirdiyi fikir əslində H.Kissencerin Davos forumunda irəli çəkdiyi yanaşmadır. Kissencerə görə Moskvanın lazım olandan çox zəifləməsi Rusiya ərazisində çoxlu sayda nüvə silahına malik kiçik dövlətlərin yaranmasına gətirə bilər.

İtkilər və potensial risklər
Əsas problem və məhdudlaşdırıcı faktor − Ukraynaya dəstək ifadələrinin qlobal iqtisadi böhran şəraitində dilə gətirilməsidir. Hərbi xərclərin artırılması + Ukraynaya əlavə yardımların edilməsi Qərb ölkələrinin dövlət büdcələrində struktur dəyişikliklərin edilməsini tələb edir. Müdafiə qabiliyyətinin artırılması hərbi sənaye kompleksinin inkişafını, o isə öz növbəsində kapital axınının və texnoloji dəstəyin artırılmasını tələb edir.

Digər vacib problem nüvə silahıdır. Norveç kəşfiyyatının məlumatlarına əsasən, Rusiya şimal dənizindəki gəmilərdə taktiki nüvə silahlarının sayını artırıb. Rusiyanın Ukraynaya mümkün taktiki nüvə zərbəsi siyasətçi və ekspertlərin əsas mübahisə mövzularındandır. Eyni zamanda Qərb Rusiyanın nüvə şantajının mümkün perspektivlərini də dərk edir. Əgər Rusiya nüvə şantajı ilə istəyinə çatsa, bu İran, Şimali Koreya, Pakistan, Hindistan, Çin və İsraili nüvə proqramını sürətlə inkişaf etdirməyə, digər ölkələri isə nüvə proqramına başlamağa vadar edəcək.

Çinin 6 prinsipi
Çin Münhen Konfransında səsləndirdiyi “Qlobal təhlükəsizliyin təmin edilməsinin 6 prinsipini” 21 fevral tarixində açıqladı. Prinsiplər təhlükəsizliyin bölünməzliyindən, ərazi bütövlüyü və suverenliyin toxunulmazlığından, sanksiyaların münaqişələrin həll edilmə vasitələri kimi qəbuledilməzliyindən və s. bu kimi məsələlərdən bəhs edir. Prinsiplər Pekinin mövqe, maraq, ehtiyat, gözlənti və geosiyasi imperativlərinin sintezini ehtiva edir. Çin Rusiyanın mütləq məğlub və ya qalib olmasında maraqlı deyil. Rusiyanın məğlubiyyəti Çinin Qərb ilə üz-üzə gəlməsi, Rusiyanın qələbəsi isə ucuz neft-qaz dövrünün bitməsi və Rusiyanın Mərkəzi Asiya regionuna qayıtması deməkdir. Görünən odur ki, Çin Rusiya-Qərb qarşıdurmasının mümkün qədər çox davam etməsində maraqlıdır.

@cssc_cqtm
👍17
“Vardanyan layihəsi” hədəflərinə çatdımı?

Artıq yarım ildir ki, Rusiya məqsədlərinə çatmaq üçün “Vardanyan layihəsini” (“VL”) işə salmışdır. Layihənin hansı hədəfləri izlədiyini, hədəflərə nə dərəcədə çatdığını və nəticə etibarı ilə tərəflərin nə əldə etdiklərini sistemləşdirmək məqsədəuyğundur.

“Vardanyan layihəsinin” hədəfləri
• “Vaşinqton razılaşması” (assimetrik) Bakı-Xankəndi və (simmetrik) Ermənistan-Azərbaycan danışıqlarını bir-birindən ayırdı. “VL” Rusiyanın regionda maraqlarını təmin edən və Qarabağ ermənilərini danışıqlarda təmsil edən subyekt olmalı idi.
• “VL” Qarabağ ermənilərinin subyektliyini artırıb Azərbaycana reinteqrasiyasına mane olmalı idi.
• “VL” Qarabağ ermənilərinin konsolidasiya və beləliklə müqavimət səviyyəsini artırıb, mövcud reallıqla barışmağa mane olan yalançı ümidlər formalaşdırmalı idi.
• “VL” KİV ilə yaxın əlaqə quraraq Qarabağ erməniləri məsələsinin beynəlmiləşməsinə nail olmalı idi.
• “VL” Azərbaycanın təbii sərvətlərinin talan edilməsi sayəsində “yerdə” alternativ gəlir mənbələri yaradıb, Xankəndinin İrəvandan, yəni Paşinyandan asılılığı azaltmalı idi.
• “VL” Ermənistan SQ qalıqlarının Qarabağdan çıxarılmasına mane olmalı idi.
• “VL” gələcəkdə Ermənistana təsir vasitələrini artırmaq üçün “layihənin” uğurlu olmasını təmin etməli idi.

Nə dərəcədə reallaşdı
Qarabağ erməniləri məsələsi beynəlmiləl xarakter aldı. Məsələ ilə bağlı erməni diasporu və Ermənistan havadarları konsolidasiya olundu. Lakin, məsələnin beynəlmiləşməsi Azərbaycana münasibətdə sanksiyalara gətirmədi. Danışıqlar davam edir və ABŞ, Rusiya, Aİ timsalında bütün vasitəçilər danışıqlar prosesində iştirak edir.

Bakı “VL”-dən necə istifadə etdi?
Azərbaycan “VL”-in reallaşmasına səbrlə yanaşıb, paralel olaraq itkilərin sıfıra enməsi üçün “yerdə” və siyasi-diplomatik arenada məqsədə/məntiqəuyğun addımlar atdı. “VL” Bakının (onsuz da) atacağı addımları sürətləndirdi.

• Laçın yolundakı ekoloji aksiya Qarabağa minaların, silah-sursatın və Ermənistan hərbçilərinin daxil olmasının qarşısını aldı.
• Yataqların istismarı və bununla da Azərbaycan ərazilərindəki istənilən qanunsuz iqtisadi fəaliyyət dayandırıldı. Başqa sözlə desək, Qarabağ ermənilərinin alternativ gəlir mənbəyi kəsildi. Hazırda Qarabağ erməniləri iqtisadi cəhətdən tam olaraq İrəvandan, yəni Paşinyandan asılıdırlar.
• Bakı Vardanyanla danışıqlara getmədi, əksinə onun Qarabağdan getməsini tələb etdi. General Volkov Vardanyanı “diplomatik nümayəndə” kimi irəli çəkə bilmədi.
• Azərbaycan Qərbə, xüsusilə Vaşinqtona göstərdi ki, Xankəndi ilə dialoq tələbi “VL”-in reallaşmasına gətirdi. Bu tələbin prinsipial olaraq müdafiə edilməsi “VL”-in uğurunu Ermənistan üzərinə də yaya bilər. Beləliklə, prioritet sülh sazişi oldu.
• Ekoaksiya nəzarət buraxılış məntəqəsi (NBM) məsələsini aktuallaşdırdı. Bu məsələ Münhendə, özü də Rusiyaya yox, Ermənistan rəhbərliyinə rəsmi təklif kimi verildi. 12 dekabra qədərki rejim daha olmayacaq. Bakının “qırmızı xəttlərini” keçmək lazım deyildi ki, Bakı da Moskvanın “qırmızı xəttini” keçsin!
• Konsolidasiya yerinə həm Qarabağ erməniləri, həm də Ermənistan daxilində parçalanma baş verdi. Vardanyanın özü, postlarında “daxili müqavimətdən” bəhs edir.
• “Müqavimət simvolu” kimi Qarabağ ermənilərinin ümidlərinə ən böyük zərbəni elə Vardanyan vurdu. Ən azından Vardanyana qədər Qarabağ erməniləri talonlardan istifadə etmirdilər və Laçın yolu üzrə rahat hərəkət edirdilər.
• Hazırda Qarabağdakı infrastruktur sıradan çıxıb, yaxın vaxtlarda isə qaçılmaz olaraq Azərbaycan infrastrukturuna qoşulacaqdır. Qarabağ ermənilərinin subyektliyi yalnız yaddaşda qalacaq. Qarabağ ermənilərinin müqavimət səviyyəsi Ermənistan SQ qalıqlarının çıxarılması/məhv edilməsi və Vardanyanın getmə/həbsindən sonra heç bir əhəmiyyət kəsb etməyəcək.

“VL” onsuz da qəliz olan Ermənistan-Rusiya münasibətlərini daha da kəskinləşdirdi. Layihə Rusiya üçün də toksik oldu, belə ki, hadisələr hətta Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə də nəzarətdən çıxır. RSK-nın Laçın yolundakı yeganə real eksklüzivliyi isə perspektivdə NBM formasını almaq üzrədir.

@cssc_cqtm
👍35
Lavrov “ciddi şəkildə yerinə yetirməni” təmin edə biləcəkmi?

Lavrovun Azərbaycana səfəri çərçivəsində biz yəgin ki, üçtərəfli razılaşmanın şərtlərinə “ciddi şəkildə yerinə yetirilmə” haqqında Lavrovun məhşur ifadəsini eşidəcəyik. Bu arada razılaşmaya bir daha qayıdıb, bəndlərin yerinə yetirilmə və tərəflərin narazılıq səviyyəsini müəyyən etmək yerinə düşərdi.

1. “Tərəflər... tutduqları mövqedə qalacaqlar”. Narazı – Ermənistan. Səbəb: Azərbaycan tutduğu mövqedə qalmadı.
2. Ağdamın Azərbaycana qaytarılması → qismən yerinə yetirilib.
3. “RF-nin... sülhməramlı kontingenti (SK) yerləşdirilir” → yerləşdirildi yerinə yetirildi.
4. SK “erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”. Narazı – Azərbaycan. Səbəb: Ermənistan SQ-nin qalıqları hələ də Qarabağdadır.
“SK-nın qalma müddəti... ...müddətin bitməsinə 6 ay qalmış” gözləyək görək necə yerinə yetiriləcək.
5. “Atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır” → “ciddi şəkildə yerinə yetirməyə” salamlar! Rusiya-Türkiyə monitorinq mərkəzi yaradılıb.
6. Kəlbəcər rayonunun qaytarılması → qismən yerinə yetirilib.
Laçın rayonunun qaytarılması → yerinə yetirilib.
SK-nın nəzarəti altında 5 km. enliyində Laçın dəhlizi → var.
“Azərbaycan ...dəhliz üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir”.
- Narazı – Azərbaycan. Səbəb: yol məqsədləri üçün istifadə edilmir: silah-sursatdan tutmuş Pekres və İran diversantlarına qədər hər şey daşınır (tam isbatlanıb!);
- Narazı – Ermənistan. Səbəb: ekoaksiya “blokada” kimi dərk olunur.
7.  “Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara ...geri qayıdır”.
- Narazı – Ermənistan. Səbəb: “Hadrut erməniləri” məsələsi.
- Narazı – Azərbaycan. Səbəb: Xankəndi, Xocalı, Əsgəran, Ağdərə və Xocavənd azərbaycanlılarının geri qayıda bilməməsi.
- Qanunauyğun sual: “Hadrut erməniləri” hansı statusda geri qayıda bilərlər? Ermənistan vətəndaşı kimi qayıda bilməzlər, Azərbaycan vətəndaşlığı üçünsə müraciət etmirlər.
8. Əsir/girovların mübadiləsi. Narazı – Ermənistan. Səbəb: erməni diversant/hərbi əsirlər məsələsi.
Cəsədlərin mübadiləsi → yerinə yetirilib.
9. “Bütün iqtisadi və nəqliyyat əlaqələri”nin bərpası → yerinə yetirilməyib.
Ermənistan Naxçıvana nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verməli, nəzarəti Rusiyanın FSB-si həyata keçirməlidir.
- Narazı – Azərbaycan. Səbəb: Zəngəzur dəhlizi yoxdur.

Beləliklə, əgər Lavrovun məqsədi Rusiyanın vasitəçilik formatını gücləndirməkdirsə, onda mövcud narazılıqların həlli ilə birbaşa və “ciddi şəkildə” məşğul olmaq lazımdır. Ermənistan 1, 6, 7, 8, Azərbaycan isə 4, 6, 7 və 9-cu bəndlərin yerinə yetirilməməsindən tam narazıdır.

“Ciddi şəkildə yerinə yetirmə” necə təmin oluna bilər?
• Laçın yolu ilə bağlı 6-cı bənd hər iki tərəfi qane etmir. Hazırda ən aktual bu mövzudur. 6-cı bənd həmçinin 9-cu bəndlə – Zəngəzur dəhlizi ilə bağlıdır. Bakının ZD və Laçın yolunda NBM təklifi gərginliyi aradan qaldırır: Zəngəzurda həmişəlik, Laçında isə 2025-ci ilə qədər nəzarət Rusiyada qalır.
Razılaşmada NBM haqqında heçnə deyilmədiyindən bu variant “ciddi şəkildə yerinə yetirilmə”ni təmin edir. NBM-in ZD-da qurulması isə razılaşmadakı “maneəsiz hərəkət” ifadəsinə zəruri izah verir. “Ciddi şəkildə yerinə yetirməyə” bir daha salamlar...
• 4 və 8-ci bəndlər üzrə “ciddi şəkildə yerinə yetirməsi” erməni silahlı qüvvələrinin Qarabağ və cəza çəkmə müəssisələrindən tamamilə çıxarılması ilə əldə edilə bilər. Bu həm də 1-ci bəndlə bağlı narazılığı aradan qaldırır: erməni silahlıları yoxdursa, Azərbaycan SQ-nə “mövqeləri dəqiqləşdirmək” lazım olmur.
• 7-ci bənd digər maddələrin icrasından asılı olub, müzakirə üçün açıqdır.

Göründüyü kimi, Rusiya vasitəçiliyi hələ də effektiv mexanizm kimi qalma potensialına malikdir. Yeganə lazım olan – iradə və Rusiyanın eksklüzivliyinin məhdudlaşdırılmasıdır. Əks təqdirdə, vaxt ötdükcə razılaşmanın mətni üzrə ziddiyyətli məqamlar daha da artacaq və zərurət səbəbindən tərəflər birtərəfli addımlara üstünlük verəcəklər.

@cssc_cqtm
👍34
Çinin Ukrayna münaqişəsinə artan marağı: motiv və məqsədlər

Rusiya-Ukrayna müharibəsinin ildönümündə Çin xarici işlər nazirliyi münaqişənin tənzimlənməsi ilə bağlı planla çıxış edib. Plana əsasən, “bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə effektiv zəmanət verilməli”, Soyuq müharibə mentalitetindən imtina edilməli, bir ölkənin təhlükəsizliyi digər ölkənin təhlükəsizliyi hesabına təmin edilməməli, hərbi blokların genişlənməsi hesabına regional təhlükəsizlik təmin edilməməli, ölkələrin təhlükəsizliklə bağlı narahatlıqlarına ciddi yanaşılmalı, vəziyyətin nəzarətdən çıxmasına imkan verilməməli, dünya iqtisadiyyatı siyasiləşdirilməməli və Rusiya-Ukrayna arasında birbaşa dialoqa başlanılmalıdır. Planın məqsədi Çini Rusiya-Ukrayna danışıqlarında vasitəçiyə çevirməkdir.

Əsas məqsəd
Görünən odur ki, Çin Türkiyənin zəlzələyə başının qarışmasından yararlanıb, münaqişədə vasitəçilik təşəbbüsünü ələ almaq istəyir. Bununla Pekin Qərblə münasibətlərini yaxşılaşdırmaq və dünyadakı siyasi çəkisini artırmaq istəyir.

İqtisadi məqam
Çinin motiv/məqsədləri burda bitmir. Müharibə, pandemiyadan sonra dünya iqtisadiyyatını daha bir böhrana düçar etdi. Böhran Qərbin iqtisadi imkanlarını zəiflədib, istehlakçıların daha az həcmdə Çin məhsulları almasına gətirdi. Ardıcıl lokdaunlar Çin iqtisadiyyatını onsuz da zəiflətmişdi. Müharibə Rusiyanın Çinə enerjini böyük həcm və (37%-lik) diskontla satmasına gətirib çıxarsa da bütün iqtisadi problemləri həll etmədi. Çin ixracayönümlü iqtisadiyyata malikdir. Ucuz enerji resursları bazarların əlçatan olması və istehlakçıların Çin məhsullarını ala bilməsi şəraitində iqtisadiyyata müsbət stimul verir. Ayrı-ayrılıqda isə müharibə Çinə dividendlərlə yanaşı, problemlər də gətirir.

Eskalasiya təhlükəsi
Müharibənin daha intensiv xarakter alması Qərbi hərbi sənaye kompleksinə investisiyaları artırmağa məcbur edə bilər. Hazırda hərbi şirkətlər sifarişlərin az olması səbəbindən çalışdıqları sektora böyük investisiyalar etmirlər. Müdafiə xərclərinin artması bir tərəfdən Qərbin iqtisadi imkanlarını azaldıb, daha az Çin məhsulları almasına, digər tərəfdən isə Qərbin hərbi cəhətdən indikindən daha güclü və konsolidasiya olunmasına gətirə bilər. Hərbi cəhətdən daha güclü və konsolidasiya olunmuş Qərb Rusiyanı Ukrayna teatrında məğlub etdikdən sonra boşalmış resursları Hind-Sakit okean regionuna − mövqeləri möhkəmləndirməyə göndərə bilər.
Çin Rusiya ilə normal münasibətlərin qorunmasında çox maraqlıdır. Çinin Rusiya ilə Uzaq Şərq regionunda böyük (4133 km) və problemli Sintzyan bölgəsində kiçik (46 km) sərhədi var. Rusiya ilə normal münasibətlər bu sərhədlərin siyasi-hərbi təhlükəsizliyinə töhfə verib, Çinin diqqət və resursları Hind-Sakit okean regionuna yönləndirə bilməsinə imkan verir.

Nüvə çəkindirməsi
Çin qlobal nüvə müharibəsindən çox ehtiyat edir. 2022-ci ilin noyabrında O. Şolts ilə görüşdə Si Cinpin “nüvə silahından imtinanı və ondan istifadə ilə hədələmənin” qəbuledilməz olduğunu bildirmişdir. Rusiya Çin üçün əlçatan və ucuz enerji mənbəyi və Qərbin qlobal hegemonluğuna qarşı təbii müttəfiqdir. Qərb Çin üçün kapital/yüksək texnologiya mənbəyi və Çin məhsullarının satıldığı vacib bazardır. Rusiya və Qərb arasında nüvə müharibəsi kimin “qalib gəlməsindən” asılı olmayaraq Çinin həyati-vacib maraqlarına zərbə endirmiş olacaqdır.

Nəticə
Görünən odur ki, Çin müharibənin orta intensivliklə uzun müddət davam etməsində maraqlıdır. İntensivliyin azalması Qərbin – Çinin maraq sferası hesab olunan – Hind-Sakit okean regionunda möhkəmlənməsinə imkan verəcək. İntensivliyin artması vəziyyətin nəzarətdən çıxmasına, daha dərin qlobal iqtisadi böhrana, Çinin iqtisadi mövqelərinin zəifləməsinə, Qərbin müdafiə xərclərini kəskin artırmasına, yeni Soyuq müharibəyə, Qərbin ikincidərəcəli sanksiyalar qəbul etməsinə, ən pis halda isə nüvə müharibəsinə gətirə bilər. Beləliklə, proseslərin nəzarətdən çıxmaması və Pekinə uyğun ssenari ilə inkişaf etməsi üçün Çin Türkiyənin zəlzələyə başının qarışmasından yararlanıb, vasitəçilik funksiyasını Ankaranın əlindən almaq istəyir.

@cssc_cqtm
 
👍27
Çinin Ukrayna münaqişəsinə artan marağı: tərəflərin əks-reaksiyası

Çinin Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı təqdim etdiyi plan ölkələr tərəfindən birmənalı qarşılanmadı. Plan Ukrayna prezidentinin ofis rəhbərinin müşaviri M.Podolyak tərəfindən tənqid olundu.

ABŞ
Vaşinqton Pekinə etibar etmədiyinə görə sülh planına da etinasızlıqla yanaşdı. Çinin Rusiyaya yardımı nəzərdən keçirtdiyini, amma bu barədə konkret qərar qəbul etmədiyini Prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri C.Sallivan (CNN-ə), Mərkəzi Kəşfiyyat İdarəsinin müdiri V.Börns (CBS News-ə) və Aşağı Palatanın xarici əlaqələr komitəsinin rəhbəri M.Makkol (ABC-yə) verdikləri müsahibələr zamanı bildirmişdilər. Dövlət katibi E.Blinken isə Rusiyaya maddi yardım və ya sanskiyalardan yayınmağa köməyin ağır fəsadlarla qarşılaşacağını Münhen Təhlükəsizlik Konfransı zamanı Van İ-yə bildirmişdir.

ABŞ-ın Milli Təhlükəsizlik Strategiyasına görə, “Rusiya beynəlxalq nizamın əsas qanunlarını şüursuzcasına (recklessly) pozaraq, azad və açıq beynəlxalq sistemə birbaşa təhlükə... ÇXR, əksinə, beynəlxalq nizamı dəyişdirmək niyyətinə və bu məqsədə çatmaq üçün getdikcə daha çox iqtisadi, diplomatik, hərbi və texnoloji gücə malik olan yeganə rəqibdir”. Bundan iki əqlinəticə çıxartmaq olar:

1.      Rusiya Qərbin hegemonluğuna müəyyən “narahatlıqlar” yaratsa da, ABŞ-ı hegemon kürsüsündən yalnız Çin sala bilər.
2.      Qərbin yeganə real rəqibi Çin olsa da, hazırda Qərbə birbaşa təhlükə Çindən yox, Rusiyadan gəlir. Bu isə o deməkdir ki, Qərb Rusiyanın Ukrayna siyasətinə göz yumub, diqqəti Çinə yönəldə bilməz.

Beləliklə, ABŞ dominantlığı əldə saxlamaq istəyirsə Rusiyanı öz tərəfinə çəkməli (ideal variant), və ya onu mümkün qədər az resurs sərf etməklə tez zərərsizləşdirərək (real variant), diqqət və resursları Çinə qarşı yönəltməlidir. Bu ssenarilərdən savayı arzuolunmazlıq dərəcəsi üzrə sıralanmış daha 3 ssenari var: müharibənin uzanması, Rusiyanın qalib gəlməsi, Rusiya və Çinin vahid bir cəbhədə birləşməsi. Çinin sülh planı arzuolunan ssenariləri yaxınlaşdırmadığına görə, ABŞ bu planı arzuolunmaz ssenarilər kontekstində nəzərdən keçirib, rədd edir.

Rusiya
Çinin sülh planında “bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə effektiv zəmanət” bəndindən başqa Rusiyanın bir çox narrativləri də (Soyuq müharibə mentalitetindən imtina edilməli, bir ölkənin təhlükəsizliyi digər ölkənin təhlükəsizliyi hesabına təmin edilməməli, hərbi blokların genişlənməsi hesabına regional təhlükəsizlik təmin edilməməli, ölkələrin təhlükəsizliklə bağlı narahatlıqlarına ciddi yanaşılmalı, dünya iqtisadiyyatı siyasiləşdirilməməli) əks olunub.

Çin Rusiya üçün paralel idxal, silah-sursat ehtiyatlarının doldurulması, SWIFT-in CİPS (103 ölkə, 1280 maliyyə institutu, $12,68 trln.-lıq emal) ilə əvəzlənmə perspektivi baxımından maraq kəsb edir. Qərbin iqtisadi problemləri yalnız ilk baxışdan Rusiya üçün müsbət bir hal kimi nəzərdən keçirilir. Gerçəklikdə Qərbin iqtisadi problemləri neft-qaza olan tələbatın aşağı düşməsinə → enerji resurslarına bazar qiymətlərinin enməsinə → Rusiyanın milyardlarla dollar gəlirdən məhrum olmasına gətirir. Qərbin iqtisadi problemləri Rusiya üçün o vaxtı müsbət bir hal olardı ki, dünya iqtisadiyyatında yaranan boşluq hər hansısa üçüncü bir qüvvə tərəfindən, yəni Çin tərəfindən doldurulsun. Beləliklə, Rusiya ABŞ-dan fərqli olaraq Çinin artan qüdrətində obyektiv maraqlıdır.

Çinlə yaxın münasibətlər həm də Rusiyaya diplomatik təcriddən çıxmağa imkan verir. Bu yaxınlarda Rusiya, Çin və CAR Hind okeanında birgə hərbi təlimlər keçirtdilər. Rusiya ümid edir ki, Hind-Sakit okean regionunda Çinin yüksək aktivliyi Qərbin diqqət və resurslarını öz tərəfinə çəkib, Ukrayna cəbhəsindəki müqaviməti zəiflədəcək.

Nəticə
Qərb Pekinin planını dəstəkləmədiyinə görə Çin qlobal mediatora çevrilə bilməyəcək. Çin mediator olmasa da plan Çin başda olmaqla Üçüncü Dünyanın, Qlobal Cənubun münaqişəyə baxışını özündə təcəssüm etdirib, nəticə etibarı ilə Pekinin siyasi çəkisini artırmış olacaqdır.

@cssc_cqtm
👍18
ABŞ-Qazaxıstan münasibətləri: Blinkenin Astana səfəri

Blinkenin Mərkəzi Asiya turnesi Qazaxıstandan başladı. Bu Qazaxıstana birinci səfər olsa da, “C5+1” formatı çərçivəsində artıq dördüncü görüşdür. Səfərədə bütün maraqlı tərəflərin gözləntiləri bir-birindən hissolunan dərəcədə fərqlidir.

İqtisadi faktor
Qazaxıstan ABŞ üçün vacib tərəfdaşdır. 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 37,2% artıb, $3,05 mlrd.-a çatdı. Qazaxıstanda ABŞ kapitalının iştirakı ilə 590 müəssisə fəaliyyət göstərir. 1991-ci ildən bəri ABŞ-dan Qazaxıstana birbaşa investisiya axını $62 mlrd. təşkil etmişdir. Bu göstərici üzrə ABŞ Niderlanddan sonra ikinci yerdə qərarlaşır. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra ABŞ-ın Qazaxıstana marağı daha da artmışdır. Əgər 2021-ci ildə birbaşa investisiyalar $3,1 mlrd. həcmində idisə, son 9 ay ərzində ABŞ-dan Qazaxıstana birbaşa investisiyalar 58,8% artıb, $5 mlrd.-a çatmışdır. Qazaxıstanın Avropa İttifaqı ilə də münasibətləri yüksələn xəttlə inkişaf edir. 2017-ci ildə Qazaxıstan Aİ vətəndaşlarına vizasız rejim tədbiq etdi, 2020-ci ildə isə Astana və Brüssel arasında genişlənmiş tərəfdaşlıq və əməkdaşlıq haqqında razılaşma imzalandı. Qazaxıstan neftinin 70%-dən çoxu Aİ ölkələrinə ixrac olunur. Rusiya-Ukrayna müharibəsinə qədər Qazaxıstanın Aİ-nın neft idxalında payı 6% idi, müharibədən sonra isə 7%-dir. Aİ Qazaxıstanın əsas ticarət tərəfdaşı (40%) və əsas investorudur (48%).

Maraq və gözləntilər
Yuxarıda sadalanan göstəricilər Qərbin Qazaxıstana təsir dərəcəsini aydın nümayiş etdirir. Qazaxıstanda Blinken təkcə öz ölkəsini yox, bütövlükdə Qərbi təmsil edir. Bazar ertəsi Qazaxıstan fond birjası (KASE) Yandex başda olmaqla bir sıra Rusiya şirkətlərinin səhmlərini siyahıdan çıxarmaq qərarına gəldi. Ardınca Astana Rusiyadakı ticarət nümayəndələyini də ləğv etdi. Bütün bunların Blinkenin səfər öncəsi edilməsi Rusiyanın siyasi və intellektual isteblişmentini çox narahat etdi. Unutmayaq ki, səfər Aİ-nin Rusiyaya qarşı sayca 10-cu sanksiya paketinin qəbul olunduğu vaxta təsadüf edir. 10-cu sanksiya paketində Brüssel vurğunu əvvəlki paketlərdə mövcud boşluqların doldurulmasına edib. Bildiyimiz kimi Astana Rusiyanın paralel idxalında aparıcı ölkələrdən biridir. Ehtimal ki, paralel idxal və sanksiyalardan yayınma Blinkenin Qazaxıstanda qaldıracağı əsas mövzulardan olacaqdır.

Vaşinqton-Astana-Baku
ABŞ-ı maraqlandıran digər vacib məsələlər enerji təhlükəsizliyi və logistikadır. Rusiyanın neftinə və neft məhsullarına tədbiq edilən qiymət həddləri yalnız Qazaxıstan, Azərbaycan və s. bu kimi alternativ enerji mənbələrinin fasiləsiz axını şəraitində effektiv olur. Qazaxıstanın Aİ-na ixrac olunan nefti Rusiya ərazisindən keçir. Rusiya keçən il bir neçə dəfə bu axına fərqli bəhanələrlə mane olmağa çalışdı. Qazaxıstan isə buna cavab olaraq, Azərbaycana müraciət edib, boru kəmərlərimiz vasitəsilə sınaq axın həyata keçirdi. İctimai Diplomatiya və Dünya Siyasətinin Təhlili Mərkəzinin rəhbəri A.Vorobyova görə Blinkenin səfərinin məqsədlərindən biri Qazaxıstan neftinin Rusiya ərazisindən yan keçərək Aİ-yə çatdırılmasına nail olmaqdır. Bunu isə yalnız Azərbaycan vasitəsilə həyata keçirmək mümkündür.

Əfqanıstandan çıxdıqdan sonra ABŞ-ın Mərkəzi Asiya regionunda mövqeləri xeyli zəiflədi. Rusiya və İranla rəqabət + Çin ilə qəliz münasibətlər + Talibanın Əfqanıstanda hakimiyyətə gəlməsi ABŞ-ın Mərkəzi Asiyaya çıxış imkanlarını məhdudlaşdırıb, Azərbaycandan asılılığını artırdı.

Nəticə
Qazaxıstan prezidenti yanında strateji tədqiqatlar institutunun müdir müavini S.Kuşkumbayevə görə Astana Rusiya-Ukrayna/Qərb qarşıdurması ilə bağlı mövqeyini dəfələrlə ikitərəfli və çoxtərəfli formatlarda Vaşinqtonun diqqətinə çatdırıb. Bu səbəbdən Blinkenin Qazaxıstanı Rusiyaya qarşı çevirmə və ya sanksiyalara qoşulmağa məcbur etmə səyləri arzuolunan nəticə verməyəcək. Bununla belə, ABŞ daha incə siyasət yeridib, “C5” ölkələrinə qlobal və regional baxışını təqdim edib, onların dəyişən qüvvələr balansında düzgün nəticə çıxarmasına ümid edə bilər.

@cssc_cqtm
👍19
ABŞ-ın xarici siyasətində Mərkəzi Asiya regionu

Əfqanıstandan sonra ABŞ-ın Mərkəzi Asiyadakı (MA) mövqeləri zəifləsə də region Vaşinqtonun maraq obyektindən çıxmadı. Rusiya-Ukrayna müharibəsi səbəbindən MA-da yaranan geosiyasi vakuum ABŞ-a mövqelərini gücləndirmək şansını verir. Amerikalı diplomat R.Hoqlanda görə Blinkenin səfəri ABŞ-ın Rusiyanı daha da təcrid etməyə çalışdığı bir vaxtda MA ilə təmaslar qurub, ittifaqları gücləndirmək üçün bir fürsətdir.

ABŞ-ın gözləntiləri
ABŞ MA-nın Rusiyadan asılılığını yaxşı başa düşür. Blinkenin köməkçisi D.Luya görə ABŞ MA ölkələrindən “biz və Rusiya və ya biz və Çin arasında seçim etməyi xahiş etmir”. ABŞ region ölkələrinin cari siyasətini qənaətbəxş hesab edir. MA ölkələri Rusiyanı birbaşa tənqid etməsələr də separat ərazilərin müstəqilliyini də tanımadılar. Oktyabrda Qırğızıstan öz ərazisində KTMT təlimlərinin keçirilməsindən imtina etdi, dekabrda isə Özbəkistan prezidenti Bişkekə, Aİİ sammitinə getməkdən imtina etdi. Ölkələr bacardıqları qədər sanksiya siyasətini pozmamağa çalışırlar. Mərkəzi banklar “Mir” kartlarından istifadəyə qadağa qoyublar. Yalnız Qazaxıstan, ABŞ-ın Xarici aktivlərin idarə edilməsi üzrə nəzarət İdarəsinin (OFAC) razılığı əsasında fiziki şəxslərə “Mir” kartlarından istifadəyə icazə verir. Rusiyanı daha da təcridə məruz qoymaq üçün ABŞ Orta dəhliz kimi Rusiya ərazisindən yan keçən regional layihələrin reallaşmasına mane olmur.

Problemli məqamlar
Yüksək gözləntilərlə yanaşı ABŞ-ı narahat edən bir çox problemli məqamlar da mövcuddur. Bildiyimiz kimi İran dronlarının ixrac üçün ilk zavodu Tacikistanda açılmışdır. Bu isə Tacikistanın dolayısı yolla İran dronlarının Rusiyaya ötürülməsində iştirak etdiyini düşünməyə əsas verir. Özbəkistanın “Promcomplektlogistic” şirkəti Rusiyanın hərbi sənaye kompleksi ilə əməkdaşlığa görə ABŞ-ın sanksiya siyahısına düşüb. Bəzi məlumatlara görə Vaqner şirkəti müharibə üçün döyüşçüləri Türkmənistan həbsxanalarında verbovka edir. Statistikaya görə Qırğızıstandan Rusiyaya teleskopik nişangahların tədarükü 7 dəfə artıb. Qazaxıstandan Rusiyaya ixrac olunan məişət texnikasındakı mikroçip və yarımkeçiricilər isə Rusiya tərəfindən Ukraynaya atılan raketlərin istehsalında istifadə edilir.

Rusiya faktoru
Müharibə Rusiyanın MA-da nüfuzunu zəiflətsə də, onu sıfra endirmədi. Qazaxıstandan fərqli olaraq ABŞ-ın digər MA dövlətləri ilə əlaqələri o qədər də sıx deyil. Özbəkistan bir il ərzində Rusiya ilə ticarət dövriyyəsini $7,5 mlrd.-dan $10 mlrd-a qədər artırmışdır. Qırğızıstan isə paralel idxal sayəsində Rusiyaya ixracını (ayda 80%) artıra bilmişdi. MA-nın təsir dairəsindən çıxmaması üçün Moskva region ölkələrinə çoxlu güzəştlər də edir: Tacikistanın bir neçə illik tələblərindən sonra Rusiya müxalif İslam İntibah Partiyasını terror təşkilatı kimi tanıdı; Qırğızıstan və Tacikistanın tələbi ilə Moskva hətta Rusiya vətəndaşlığına malik olan və Rusiyada gizlənən siyasi fəalları və keçmiş siyasətçiləri aktiv şəkildə deportasiya etməyə başladı. Tacikistan və Özbəkistan Aİİ üzvü olmasalar da, Rusiya hər iki ölkədən miqrant axınına mövcud məhdudiyyətləri aradan qaldırdı.
 
Nəticə
Rusiyanın təcavüzkar siyasətini dəstəkləməmə hələ MA-nın Rusiyadan üz döndərib, Qərbə meyl edəcəyindən xəbər vermir. MA 2014-cü ildə Krımın anneksiyasını, 2008-ci ildə isə Gürcüstana qarşı təcavüzü də dəstəkləməmişdi. Buna baxmayaraq Rusiya ilə münasibətlər yüksələn xəttlə inkişaf etmişdi. Rusiyaya qarşı tədbiq edilən sanksiyaların pozulmaması isə ilk növbədə iqtisadi məqsədəuyğunluq ilə izah olunmalıdır. ABŞ Rusiyanı MA-dan sıxışdırmaq istəyirsə regiona qapı olan Bakı ilə yaxın əlaqələr qurmalı və MA ölkələrinə real iqtisadi və təhlükəsizlik alternativi təklif etməlidir. Baydenin sentyabrda region üçün ayırdığı $25 mln. + Blinkenin vəd etdiyi əlavə $25 mln. isə MA ölkələrinin Rusiyadan imtina edib, üzlərini Qərbə tərəf döndərmələri üçün kifayət etməyəcək.

@cssc_cqtm
 
 
👍19
İran-İsrail qarşıdurması

İran-İsrail ziddiyyətləri pik həddə çatmaq üzrədir. Nüvə silahı üçün 90%-lik zənginləşdirilmiş uran tələb olunursa İranda bu göstərici artıq 84%-ə çatmışdır. İsrailin fikrincə, vəziyyət dəyişməsə 2023-cü ilin sonuna İranın 10 ədəd nüvə bombası hazırlamaq imkanı olacaqdır.

Hədələr balansı – qüvvələr disbalansı
Globalfirepower indeksinə görə İran dünya ölkələri içərisində qüdrətinə görə 17-ci, İsrail isə 18-ci yerdə qərarlaşır. İndeks bütün ölkələri kəmiyyət meyarı üzrə müqayisə edib, tərəflərin malik olduqları hərbi texnikanın keyfiyyətini, ordunun döyüş qabiliyyətini, siyasi rəhbərlik və sabitlik səviyyəsini, kəşfiyyat orqanlarının peşəkarlığını, müttəfiqlərin və nüvə silahının olmasını nəzərə almır. Kəmiyyət meyarı üzrə İran qismən üstün olsa da digər ölçülərdə İsrail İranı xeyli qabaqlayır. Bu hədələr balansı tərəflər arasında zəruri çəkindirmə amilini yaradıb, genişmiqyaslı/uzunmüddətli müharibənin qarşısını alır. İranın nüvə silahı əldə etməsi isə bu kövrək tarazlığı pozub, müharibə ehtimalını artırır.

Nüvə təhlükəsi
Nobel mükafatçısı T.Şellinq Soyuq müharibə zamanı nüvə müharibəsinin qaçılmazlığını bu formada izah edirdi:
- Biz müharibə istəmirik, müharibəni ruslar da istəmir
- Biz bilirik ki, ruslar müharibə istəmir, ruslar da bilir ki, biz müharibə istəmirik
- Amma ola bilsin ki, ruslar bilmir ki, biz onların müharibə istəmədiklərini bilirik
- Ona görə də onlar elə hesab edə bilərlər ki, biz müharibə edə bilərik
- Bunu düşünüb, onlar birinci olmağı qərarlaşdıra bilərlər;
- Buna görə də sağ qalmağın yeganə yolu Sovetlərə birinci zərbə endirməkdir.

Nüvə müharibəsinin niyə baş verməməsi ayrı bir tədqiqat mövzusu olsa da, Şellinqin alqoritmində məntiqi/riyazi xəta yoxdur. Bu o deməkdir ki, alqoritmi İran-İsrail nümunəsində yenidən nəzərdən keçirtmək olar: İranın nüvə silahı əldə etməsi → genişmiqyaslı müharibəyə → tərəflərin (hətta istəmədikləri şəraitdə belə) qarşılıqlı nüvə zərbələri endirməsinə səbəb ola bilər.

ABŞ-İsrail ittifaqı
ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini K.Kala görə 2018-ci ildə İrana bir nüvə bombası hazırlamaq üçün minimum 12 ay vaxt lazım idi. İndi bu göstərici 12 günə qədər azalmışdır. ABŞ-ın Konqres Araşdırmalar Mərkəzinin 2020-ci il hesabatına əsasən, ABŞ-ın İranın 9 qonşu ölkəsində (Türkiyədə 2,5 min, Suriyada 800 nəfər, İraqda 5 min, Küveytdə 13 min, Səudiyyə Ərəbistanında 3 min, Bəhreində 7 min, Qətərdə 10 min, BƏƏ-də 5 min, Omanda 100 nəfər) hərbi bazaları vardır. Bu yaxınlarda ABŞ və İsrail hərbi dəniz qüvvələri birgə miqyaslı hərbi təlimlər keçirmişlər. Ardınca isə İsrailə ABŞ-ın müdafiə naziri L.Ostin və baş qərargah rəisi M.Milley səfər etmişlər.

Geosiyasi fəsadlar
6 martda SEPAH Mossad-ın guya İran ətrafında (Azərbaycan, İraq, BƏƏ) yaratdığı bazalara ballistik raket zərbələri endirəcəyini əks etdirən video paylaşdı. İttihamlar əsassız olsa da, İranın hədəf aldığı bütün ölkələr enerji ixrac edən dövlətlərdir. İranın bu ölkələrə zərbə endirməsi enerji resurslarının qiymətini kəskin artıra bilər. Enerji resurslarına qiymətlərin kəskin artması Qərbdə inflyasiya göstəricilərini yüksəldib, ölkələri iqtisadi böhrana düçar edəcək. Bu Ukraynaya edilən yardımların həcm və intensivliyinə mənfi təsir göstərib, Rusiyaya qarşı tədbiq edilən sanksiyaların effektivliyini aşağı salacaq. Xatırladaq ki, 2022-ci ilin əvvəllərində Rusiya yüksək neft-qaz qiymətləri sayəsində sanskiayların mənfi təsirini xeyli məhdudlaşdıra bilmişdi. Müharibənin ilk aylarında isə Rusiyanın 2022-ci ili $205 mlrd. (Goldman Sachs), $200-240 mlrd. (İİF), $321 mlrd. (Bloomberg) profisitlə yekunlaşdıracağına dair proqnozlar da var idi.

Nəticə
İsrailin baş naziri B.Netanyahu İranın nüvə silahı əldə etməsinə mane olmaq üçün əlindən gələni edəcəyini bildirir. İsrail bu məsələdə ABŞ-ın güclü dəstəyinə ümid etsə də, İrana qarşı müharibənin geosiyasi/iqtisadi fəsadları Vaşinqtonu ehtiyatlı olmağa vadar edir. Bununla belə hadisələrin inkişafı + İsrailin İraq (1981) və Suriyadakı (2007) davranışı dinamikanın kəskin eskalasiyaya doğru hərəkət etdiyindən xəbər verir.

@cssc_cqtm
👍26
Geriyə addımlayan münasibətlər: ABŞ-Çin ziddiyyətləri

7 mart tarixində Si Cinpin və xarici işlər naziri S.Qan ABŞ-ı kəskin tənqid edib, Rusiyanı əsas tərəfdaş adlandırdılar. Son illərin müşahidəsi göstərir ki, iki ölkə arasında münasibətlər enən xətt üzrə intensiv sürətdə geriyə doğru addımlayır.

ABŞ-ın Çin ilə toqquşan maraqları
Tərəflər arasında mövcud ziddiyyətlər ikitərəfli və çoxtərəfli münasibətlərin bütün spektrini əhatə edir:
Tayvan probleminin zorakı həlli. CSİS mərkəzi Çinin 2026-cı ildə Tayvanı zorakı yolla özünə birləşdirməyə cəhd edəcəyini proqnoz edir və bunun qarşısını almaq üçün birbaşa hərbi müdaxilə daxil bütün vasitələrdən istifadə etməyi vacib sayır.
- Rusiyaya dəstək. ABŞ Çini Rusiyaya sanksiyalardan yayınmağa kömək etməkdə və Rusiyaya silah satmağı nəzərdən keçirtməkdə ittiham edir.
“Bir dövlət – iki sistem” prinsipinin pozulması. Çinin Honkonqun daxili muxtariyyətini pozması ABŞ tərəfindən sərt qarşılandı. ABŞ Çini sərt sanksiyalarla və hətta Honkonqa dollar ixracını qadağa etməklə (Honkonq dünyada böyüklüyünə görə 3-cü dollar bazarıdır) hədələdi. Bu sanksiyanın reallaşması Honkonqu dünyanın üçüncü ən böyük maliyyə mərkəzi statusundan məhrum edə və ABŞ-Çin arasında valyuta müharibəsini başlaya bilər.
Davam edən ticarət müharibəsi. T/m Obamanın Çinin polad məhsullarına 265,79%-lik antidempinq tarifləri tədbiq etməsi ilə başladı. Ardınca Tramp 2019-cu ildə $200 mlrd. dəyərində, daha sonra isə əlavə $300 mlrd. dəyərində Çin məhsullarına gömrük tariflərini 10%-dən 25%-ə qədər artırdı.
İqtisadi casusluq. 2020-ci ildə ABŞ-ın ədliyyə nazirliyi iki çinli xakeri ABŞ-ın kompyuter şəbəkəsini qırıb, Covid-19 əleyhinə vaksinin hazırlanma sirrini mənimsəməyə cəhddə ittiham etdi. ABŞ Çinin Hyustondakı nümayəndəliyini Çin isə ABŞ-ın Çendudakı baş konsulluğunu bağladı.
Şəxsi məlumatların oğurlanması. Buna cavab olaraq ABŞ Huawei kimi şirkətlərin və TikTok kimi sosial şəbəkələrin Qərbdə fəaliyyətinin məhdudlaşdırılmasına səy göstərir.

Çinin ABŞ ilə toqquşan maraqları

- Si Cinpin son partiya iclasında ABŞ-ı Çini çəkindirmə (containment), mühasirə (encirclemen) və boğmaya (suppression) məruz qoymaqda ittiham etdi. ABŞ-a məxsus Quam, Marşal adaları, Veyk adasından savayı Vaşinqtonun Cənubi Koreya (73 baza + 26,414 hərbçi), Yaponiya (120 baza + 53,713 hərbçi) və Avstraliyada (7 baza + 1085 hərbçi) böyük, Filippin, Malayziya, Sinqapur, Tailand kimi ölkələrdə isə kiçik hərbi mövcudluğu vardır. Bazaların coğrafi yerləşməsinə diqqət yetirsək ABŞ-ın həqiqətən də Çini “anakonda halqasına” alıb, boğmağa cəhd etdiyini görmək olar.
Riyakar siyasət. S.Qana əsasən, ABŞ Ukraynanın suverenlik və ərazi bütövlüyü haqqında yüksək bəyanatlar versə də Çinin Tayvan üzərində suverenlik məsələsində eyni yanaşma nümayiş etdirmir və Çindən Rusiyaya silah verməməyi xahiş etdiyi halda, “uzunmüddətli razılaşmaları pozaraq Tayvana silah satır”.
Daxili işlərə qarışma. Çin ABŞ-ı daxili işlərə qarışmaqda, insan haqqları məsələsini siyasiləşdirməkdə, Sintzyan (etnik uyğurların problemi) və Tibet (Dalay-Lamanın ABŞ-a vaxtaşırı səfərləri) regionlarında separatçılığı qızışdırmaqda ittiham edir. Daxildə qeyri-stabillik Çinin hərbi modernizasiya imkanlarını məhdudlaşdırıb, daha çox resursu daxili təhlükəsizliyə yönəltməyə məcbur edir.
Ədalətsiz iqtisadi rəqabət. Ucuz işçi qüvvəsi + zəif valyuta Çinə rəqabət üstünlüyü verdiyi halda ABŞ öz zəif mövqelərini proteksionist tariflər hesabına kompensasiya etmək istəyir.

Nəticə
Münasibətlər sürətlə geriləsə də, tərəflər açıq konfrontasiya vəziyyətindən hələ uzaqdılar. Çin ABŞ-dan kənarda ən böyük dollar sahibidir. $3 trln.-dan çox ehtiyatların 1/3-i dollarda saxlanılır + 2 trln. xarici investisiyanın əhəmiyyətli hissəsi dollarda ifadə olunur. Bu qarşılıqlı asılılıq S.Qanı ABŞ-ı tənqid etdikdən sonra tərəflər arasındakı münasibətlərdə ümumi maraqlar və ümumi məsuliyyətin üstünlük təşkil etməli olduğunu, C.Kirbini isə Vaşinqtonun Çin ilə münaqişə yox, strateji rəqabət arzuladığını deməyə məcbur edir.

@cssc_cqtm
👍23
İran-Səudiyyə Ərəbistanı razılaşması

Ötən həftə İran və Səudiyyə Ərəbistanı (SƏ) diplomatik münasibətləri bərpa edəcəklərini bəyan etdilər. Diplomatik münasibətlər 2016-cı ildə − SƏ səfirliyinə hücumdan və şiə şeyxi edam edildikdən sonra kəsilmişdir. Diplomatik münasibətlərin olmaması onsuz da rəqabətdə olan ölkələrin İraq, Suriya, Bəhreyn, Livan və Yəməndə nüfuz uğrunda mübarizəsini kəskinləşdirdi. 2021-də iki dəfə (İraq və Omanda) əlaqələrin bərpasına cəhd olunsa da, İranın husiləri, SƏ-nin isə müxalif “İran İnternational” kanalını dəstəkləməsi səyləri uğursuzluğa düçar etdi. Diplomatik münasibətlər 2023-cü ildə, Çinin vasitəçiliyi ilə bərpa edildi.

ABŞ mövqe/narahatçılığı
C.Kirbi ABŞ-ın danışıqlar prosesindən məlumatlı olduğunu və İran-SƏ arasında münasibətlərin nizamlanmasının Baydenin regiona 2022-ci il səfərinin əsas müddəalarından biri olduğunu bildirdi. Rəsmi mövqeyə baxmayaraq razılaşma ABŞ tərəfindən qıcıqla qarşılandı. Vaşinqton Yaxın Şərqdə mövqelərinin zəiflədiyini, Pekinin isə mövqelərinin əksinə gücləndiyini hiss edir. Rusiya-Qərb qarşıdurması ABŞ-ın iqtisadi və hərbi resurslarını azaltmaqla yanaşı diplomatik imkanlarını da məhdudlaşdırıb, SƏ kimi ənənəvi tərəfdaşların tədricən uzaqlaşmasına səbəb olur.

ABŞ-SƏ münasibətləri D.Trampın hakimiyyət illərində $110 mlrd.-lıq hərbi sazişin bağlanması (ABŞ-ın silah ixracının 1/4hissəsi) ilə inkişafın pik nöqtəsinə çatsa da, Baydenin hakimiyyət illərində (sazişin icrasına mane olduğuna + Yəməndə husiləri dəstəklədiyinə görə) yenidən geriyə addımlamışdır. 2022-ci ilin oktyabrında SƏ Vaşinqtonun təkid/təsir/təzyiqlərinə rəğmən OPEC+ çərçivəsində gündəlik istehsalı 2 mln. barrel azaltmaq haqqında qərar qəbul etdi. ABŞ bu qərarın neft qiymətlərinin artmasına, Rusiyanın gəlirlərinin çoxalmasına və sanksiyaların effektivliyinin azalmasına gətirəcəyini bildirib, SƏ ilə münasibətləri yenidən nəzərdən keçirəcəyini, SƏ-nin “ciddi fəsadlarla” üzləşəcəyini bildirdi. Senatın xarici əlaqələr komitəsinin sədri B.Menendez öz mövqeyini dəyişməyəcəyinə qədər ər-Riyada silah satmağa imkan verməyəcəyini bildirdi. ABŞ Senatının Ədliyyə Komitəsi isə ABŞ-ın OPEC ölkələrini məhkəməyə verməyi nəzərdə tutan akt qəbul etdi.

Əsas benefisiar – Çin
SƏ və İran arasında münasibətlərin bərpa olunmasından ən çox qazanan sözsüz ki, Çindir. Çinin artan iqtisadiyyatı iri, fasiləsiz və ucuz enerji mənbələri tələb edir. İran və SƏ arasında davam edən və potensialda nəzarətdən çıxa bilən gərginlik isə dünya bazarında neft-qaz qiymətlərinin artmasına və beləliklə Çinin iqtisadi artım templərinin aşağı düşməsinə gətirə bilər. Ötən həftə üçüncü dəfə ÇXR sədri seçilən Si Cinpinə isə hazırda siyasi-iqtisadi sabitlik həyati-vacibdir.

Əldə olunan razılaşma həm də Çinin diplomatik qüdrətindən xəbər verir. Çin SƏ üçün ən böyük neft ixrac bazarıdır + İranın 30%-dən çox ticarət dövriyyəsi Çinin payına düşür. Bu faktorlar Pekinin diplomatik çəkisini artırıb, hər iki tərəfi Çinin “xeyirxah xidmətlərinə” (“bons offices”) müsbət yanaşmağa vadar edir. Xarici işlər naziri Van İ Çinin gələcəkdə də regional münaqişələrin aradan qaldırılmasında konstruktiv rol oynayacağını bildirdi. Əldə edilən razılaşma + Van İ-nin bəyanatı Çinin münaqişələrdən əziyyət çəkən ölkələrə mediator olmaq təklifi kimi təfsir oluna bilər.

Nəticə
Əldə edilən razılaşma Tehran və ər-Riyad arasındakı ziddiyyətlərin təmamilə həll ediləcəyi və ya ABŞ-SƏ arasında strateji tərəfdaşlığın daha aktual olmaması anlamına gəlmir. Bu daha çox ABŞ-ın siyasi səhvləri ucbatından yaranan diplomatik vakuumların Çin tərəfindən doldurulmasından xəbər verir. SƏ-ABŞ arasında siyasi münasibətlərin əsasını təhlükəsizlik faktoru təşkil edir. Diplomatik əlaqələrin bərpasından savayı Tehran və ər-Riyad 2001-ci ildə imzalanmış təhlükəsizlik sahəsində əməkdaşlıq sazişini və 1998-ci ildə tarixli iqtisadi əməkdaşlıq sazişlərini də bərpa edəcəklərini bildirdilər. Çinin vasitəçiliyi ilə əldə edilən razılaşmalar davamlı olub, daha da inkişaf etsə ABŞ-SƏ arasında əlaqələr getdikcə zəifləyə, Çin ilə əlaqələr isə əksinə güclənə bilər.

@cssc_cqtm
👍22
ABŞ Milli Kəşfiyyat Müdirliyinin (MKM) “İllik Hədələrin Qiymətləndirilməsi”
hesabatı
I Hissə: Çin


MKM Pekin ABŞ-la artan rəqabəti epoxal geosiyasi dəyişikliyin bir hissəsi kimi görür və ona qarşı atılan addımları Çinin yüksəlişinin qarşısını almaq cəhdləri kimi nəzərdən keçirir.

Geosiyasət
Cənubi-Çin dənizində Pekin artan hərbi hava, dəniz və sərhəd mühafizə qüvvələrindən istifadə edib, rəqiblərini qorxutmağa davam edəcək. Eyni yanaşma Senkaku adaları məsələsində Yaponiyaya qarşı tədbiq ediləcək. “Bir kəmər, bir yol”, Qlobal inkişaf və qlobal təhlükəsizlik kimi təşəbbüslərlə Çin Qərbin başçılıq etdiyi b/institutlara alternativlər və yeni b/normalar yaratmağa cəhd edir. Hesabata görə Çin Moskvaya ictimai dəstəyi məhdudlaşdırsa da, “ABŞ-a çağırış olmağa davam etmək üçün” Rusiya ilə əməkdaşlığı davam etdirəcək.

Geoiqtisadiyyat
Çin növbəti illərdə də ABŞ-ın əsas texnoloji rəqibi olacaqdır. Çinin subsidiya, casusluq və ticarət siyasətindən istifadə etməsi ABŞ iqtisadiyyatına problemlər yaratmaq yanaşı, Pekinin qlobal texnoloji tərəqqi və standartlarda liderlik etmək səylərinə töhfə verir. Çin yarımkeçiricilər, vacib resurslar, akkumulyator, günəş batareyaları və əczaçılıq məhsulları daxil olmaqla bir sıra sektorların qlobal təchizat zəncirinin mərkəzini təşkil edir. 2020-ci ildə Si Cinpin böhran zamanı xarici ölkələri təhdid etmək üçün qlobal təchizat zəncirlərinin Çindən asılılığını artırmağın vacibliyini qeyd etmişdir. Çin mikrosxemləri istehsalı üzrə yeni zavodların tikintisində dünya lideridir. Çin 2019-cu ildə qlobal yarımkeçiricilərin istehsalının 11%-ni təşkil edirdisə, 2025-ci ildə bu göstərici 18%-ə çatacaqdır. Bütün bunlar ABŞ-ın Çindən asılılığına gətirə bilər. Çinin nadir torpaq elementləri daxil bir sıra strateji materialların hasilatı və emalı sahəsində üstünlüyü ABŞ-ın mülki-müdafiə istehsalı üçün ciddi problemdir. 2025-ci ilə qədər Çin litium-ion batareya bazarının 65%-nə və tədarük zəncirinin bütün hissələrinə nəzarət edəcək. Çin dünyanın aktiv əczaçılıq inqrediyentlərinin 40%-ni, dərmanların əsas tərkib hissəni istehsal edir. Günəş panel istehsalında Çinin qlobal payı indi 80%-dir, yaxın illərdə isə 95% olacaqdır.

Tayvan
Pekinin fikrincə ABŞ Tayvanı Çinin yüksəlişini sarsıtmaq üçün “piyada” kimi istifadə edir. Hesabata əsasən, Pekin Tayvanı birləşdirmək üçün həm stimul, həm təzyiq metodlarından istifadə edəcək. Vaşinqton-Taypeyin yaxınlaşması Çini Tayvan boğazının mərkəz xəttini keçməyə və Tayvanın üzərindən raket uçuşları həyata keçirməyə stimullaşdıracaq. MKM-ə əsasən, Çin Tayvan üzərində nəzarətə nail olsa bu yarımkeçirici və mikrosxemlər tədarük zəncirlərinin pozulması daxil olmaqla, genişmiqyaslı nəticələrə səbəb olacaqdır.

Hərbi
Pekin 2027-ci ildə ABŞ ilə mümkün genişmiqyaslı və davamlı münaqişə şəraiti üçün zəruri h/modernizasiya həyata keçirir. Çin artıq regionda ən böyük hərbi hava/dəniz qüvvələrinə malikdir. Yaxın/orta/uzaqmənzilli raketlər isə ABŞ-ın regiondakı qüvvələrini ehtimal ki, artıq hədəf altında saxlaya bilir. Cibutidə h/baza yaratdıqdan sonra Çin Kamboca, Ekvotarial Qvineya, BƏƏ-də də baza yaratmağı nəzərdən keçirdir. Pekin idxalı əvəzetmə sayəsində KQS və qabaqcıl adi silah istehsalında daxili müdafiə potensialını artırır. Çin nüvə çəkindirməsində ABŞ-dan geri qaldığını düşündüyünə görə ABŞ-a qarşı rəqabətcil nüvə strategiyasına keçid edir və qitələrarası ballistik raketlər üçün yüzlərlə yeni şaxta tikir.

Efirokratiya
2045-ci ilə qədər ABŞ-ı ötmək üçün Çin geniş kosmik proqram həyata keçirdir. MKM-in fikrincə Çin hətta 2030-cu ilə qədər kosmik texnologiyanın bəzi sahələri istisna olmaqla, qlobal statusa çatacaq. Çin Ayda robot-tədqiqat stansiyası, ardınca isə dövri ekipajla Ay bazası yaratmaq niyyətindədir. ABŞ-ın imkanlarını sarsıtmaq üçün Çin peyk kəşfiyyatı, peyk rabitəsi, yerüstü və orbital anti-peyk (radioelektron, enerji silahları, peykəleyhinə raketlər) silahlarını hazırlamağı davam edir. Çin, demək olar ki, ABŞ-da kritik infrastruktur xidmətlərini, o cümlədən neft-qaz kəmərləri və dəmiryol sistemlərini poza biləcək kiberhücumlar həyata keçirmək iqtidarındadır.

@cssc_cqtm
👍18👎1
MKM hesabatı
II Hissə: Rusiya
(I Hissə:
https://news.1rj.ru/str/cssc_cqtm/232)

MKM Rusiya-Ukrayna müharibəsi RF-nin Qərb və Çinlə münasibətlərini qeyri-müəyyən inkişafa sürükləyən tektonik hadisə kimi nəzərdən keçirdir. Hesabata görə RF növbəti onillikdə ABŞ üçün əsas və daha az proqnozlaşdırıla bilən problem olaraq qalacaq. Növbəti on ildə RF rəqabətli, qarşıdurma və təxribat xarakterli yollarla Ukrayna və digər postsovet ölkələrində dominantlığa can atacaq. MKM-in fikrincə RF maraqlarının təhlükə altında olduğunu, atacağı addımların əks-təsirlərinin az olduğunu, hakimiyyət boşluğundan istifadə etmə fürsətini, öz milli təhlükəsizlik və siyasi rejimi ekzistensial hədə gördüyü zaman gücdən istifadə edəcək.

Qlobal miqyas
RF qlobal səviyyədə hərbi, kəşfiyyat, ticarət və enerji varlığını qoruyacaqdır. RF NATO ilə birbaşa hərbi münaqişə istəməsə də, bunun baş vermə ehtimalı var. ABŞ-ı təhdid qismində nəzərdən keçirdiklərinə görə RF və Çin hərbi və diplomatik sahələrdə əməkdaşlığı davam edəcəklər. Qərbin Ukraynaya dəstəyini sarsıtmaq üçün RF enerji və taxıldan təsir/təzyiq vasitəsi kimi istifadə etməyə davam edəcək.

Regional miqyas
RF-nin MAR, Liviya, Mali və Suriyada mövcudluğunu qoruma, ABŞ-ın liderliyini sarsıtma, əvəzedilməz vasitəçi və təhlükəsizlik üzrə tərəfdaş olma cəhdləri davam edəcək. Sanskiyalardan yayınmaq yolları axtardıqlarına və iqtisadi-hərbi əməkdaşlığa can atdıqlarına görə RF-İran münasibətləri inkişaf edəcək. Qərb yarımkürəsində RF Argentina, Braziliya, Kuba, Nikaraqua və Venesuella ilə diplomatik-iqtisadi əlaqələri qorumağa çalışacaq. Resursların əhəmiyyətli hissəsi Kiyevə qarşı səfərbər olunduğuna görə RF Belorusiya, Mərkəzi Asiya və Cənubi Qafqaza 2020-ci ildə olduğu qədər müdaxilə edə bilməyəcək.

Ukrayna
İlkin planın iflası Rusiyanı Kiyevi tutmaq niyyətindən daşındırıb, diqqətin Donbas və cənub rayonlarına yönəlməsini şərtləndirdi. Çox güman ki, RF-nin hərbi uğursuzluqları prezident Putinin reputasiyasını aşağı salacaq və onu ictimai dəstəyi qaldırmaq üçün eskalasiya səviyyəsini artırmağa vadar edəcək.Qismən səfərbərlik şəxsi heyət çatışmazlığı problemini azaltsa da, özündə müharibəyə ictimai dəstəyi dağıtmaq riskini daşıyır. Qüvvələr Donbasda konsolidasiya olunsa da ehtimal ki, RF 2023-cü ildə Donbası tam tuta bilməyəcək.

Hərbi imkanlar
Hərbi imkanların azalması Moskvaya Avropanın təhlükəsizliyinə adi hərbi təhdid yaratmağa, Avrasiya və dünyada iddialı mövqedən çıxış etməyə imkan vermir. RF postsovet məkanındakı quru qoşunlarını və xaricdəki Vaqner tipli şirkətlərin aktivlərini azaltmağa məcbur oldu. Quru qoşunların zəifləməsi Rf-ni nüvə, kiber və kosmik imkanlardan daha asılı etdi. Hərbi imkanlar azalsa da RF donanma, uzaqmənzilli bombardmançı təyyarələr və Vaqner tipli şirkətlər sayəsində dünyadakı hərbi mövcudluğunu qoruyacaqdır.

KQS
RF dünyada ən böyük və ən döyüşqabiliyyətli nüvə arsenalına malikdir. Hərb uğursuzluqlardan sonra Putin RF-ni müdafiə etmək üçün nüvə silahından istifadə etməyə hazır olduğunu Qərbə açıq şəkildə bildirdi. RF ABŞ-ın raket əleyhinə müdafiə sistemlərindən yan keçmək üçün nəzərdə tutulmuş nüvə başlıqlı uzunmənzilli raketlərin və sualtı daşıma sistemlərinin modernizasiyanı həyata keçirir.

Kiber/Bədxassəli təsir
Kiber aktivlik gözləniləndən zəif olsa da, RF casusluq, nüfuz və kiberhücum imkanlarını təkmilləşdirdiyinə görə əsas kiber təhlükə qalmaqda davam edir. RF kiber imkanlarını ABŞ-ın kritik infrastrukturuna hücum edə bilmək məqsədilə təkmilləşdirir. 2022-ci il aralıq seçkiləri daxil olmaqla, RF onilliklər ərzində seçkilərə təsir əməliyyatları aparır.

Efirokratiya
Beynəlxalq sanksiyalara, kosmik sektorun daxili problemlərinə, artan rəqabətə baxmayaraq RF ABŞ-ın kosmik sferada aparıcı rəqibi olmaqda davam edəcək. Bununla belə məhdud resurslar Moskvanı milli təhlükəsizlik üçün mühüm hesab edilən naviqasiya, sinxronlaşdırma, geolokasiya, kəşfiyyat, müşahidə və araşdırma kimi məsələlərə üstünlük verməyə məcbur edəcək.

RF həmçinin yerüstü və orbital anti-peyk (enerji silahları, rəqibin C4ISR imkanlarını, GPS sistemini poza, deaktiv edə bilən) silahları hazırlayır.

@cssc_cqtm
👍17