CSSC Baku – Telegram
CSSC Baku
3.07K subscribers
12 photos
2 videos
201 links
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) Azərbaycanda, Bakıda yerləşən, Cənubi Qafqazda və onun qonşuluğunda siyasi və iqtisadi prosesləri tədqiq edən müstəqil qeyri-hökumət təşkilatıdır. Yayımlanan materiallara istinadın verilməsi vacibdir. www.cssc.az
Download Telegram
3+3=5: Düzgün format, yanlış cəm
 
Təəsüf ki, regional 3+3 formatından söz düşdükdə, hər zaman yanlış cəm ortaya çıxır. Artıq bəlli olduğu kimi, Tehranda Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə və İran xarici işlər nazirlərinin görüşü keçirilib. Lakin yenə də Gürcüstan tərəfi danışıqlarda iştirak etməyib.
 
Mövcud problemlər və gözləntilər
Regional format ideyası öz-özlüyündə faydalıdır, lakin formatın bütün tərəflər üçün işlək və maraqlı olması müəyyən problemlərin həllinə bağlıdır. Əvvəllər də qeyd etdiyimiz kimi, bu formatdan gözləntilərin üçölçülü əsası var. Gəlin həlli vacib problemlərlə birlikdə həmin əsasları da müəyyən edək:
 
  ⁃ Regiondakı üç ölkədən heç biri digərinə təhlükə yaratmamalıdır (Azərbaycan-Ermənistan);
 
  ⁃ Regionun üç ölkəsi regionun üç qonşusuna (Azərbaycan - İran, Ermənistan - Türkiyə) təhlükə yaratmamalıdır;
 
  ⁃ Regionun üç qonşusu regionun üç ölkəsi (Rusiya-Gürcüstan, İran-Azərbaycan) üçün təhlükə yaratmamalıdır.
 
3+3 formatı ideya olaraq xeyli müddətdir ki mövcuddur, lakin çoxsaylı problemlər bu misalın hətta yarımçıq həllinə belə imkan vermirdi. İndi isə Bakı ilə İrəvan arasında gözlənilən sülh müqaviləsi və bunun nəticəsi kimi Ermənistan-Türkiyə normallaşmasının mümkünlüyü formatın ixtisar olunmuş halda (Gürcüstansız) olsa da, fəaliyyətə başlamasına şərait yaradır.
 
Gürcüstan masa arxasında deyil, amma Tbilisinin rəyi nəzərə alınır!
Gürcüstanın regional formatla bağlı mövqeyi onun tərəfdaşları olan Azərbaycan və Türkiyə tərəfindən anlayışla qarşılanır. Bakı və Ankara müzakirələrdə Tbilisinin mövqeyini qeyd edir və Gürcüstanın fikrini nəzərə almadan heç bir addım atmayacaqlar.
 
Prinsipcə, regional müstəvidə Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatı istənilən digər qarşılıqlı fəaliyyət oxuna nümunə ola bilər. Bizim üçtərəfli formatımız bu gün bölgədə ən səmərəli və ən işləkdir.
 
Qərbin 3+3 formatına baxışı
3+3 formatında nə ABŞ, nə də Aİ-nin iştirakı nəzərdə tutulmayıb. Onlar özlərinin olmadığı formatlara həmişə şübhə ilə yanaşıblar. Bu səbəbdən də, Qərb 3+3 formatının əleyhinə fəal şəkildə təbliğat aparır. Sanki bu formatın özü Qərbi regional proseslərdən uzaqlaşdırır. Bu, çox bayağı və primitiv bir bəhanədir. Amerikalılar və avropalılar özləri Türkiyədə rusiyalı diplomatlarla təmasdadırlar, Qətərdə isə iranlılarla çiyin-çiyinə çalışırlar. Digər tərəfdən, Qərbin regionun hər üç ölkəsində çox geniş əlaqələri və təmsilçiliyi var. Bu baxımdan, bölgə ölkələrindən heç biri Qərblə əlaqələrini kəsməkdə maraqlı deyil.
 
“Qərbin bölgədə sıxışdırılması” təbliğatına regionun qonşuları, əsasən də Rusiya və İranın özü də rəvac verir. Lakin Moskva və Tehran regiondakı Qərb təmsilçiliyinin kiçilməsi üçün əməli tədbirlər görmür. Əgər regionun qonşuları, məsələn elə həmin Rusiya Gürcüstanın 3+3 formatında iştirakını istəyirsə, o zaman bu ölkəyə qarşı işğalçılıq siyasətindən əl çəkməlidir. Bu mümkündürmü?! Ehtimal sıfıra yaxındır! O zaman Rusiya bölgədə Qərbin fəaliyyətindən şikayət etməməlidir. Çünki Moskvanın özü Qərbin əvvəlcə Gürcüstan, indi də Ermənistan vasitəsilə Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının iştirakçısına çevrilməsi üçün hər şeyi edib.
 
Nəticə
Cənubi Qafqazın təhlükəsizlik arxitekturasında Qərbin iştirakı qaçılmazdır. Bu, balans baxımından da vacibdir. Amma bu iştirak çox da geniş olmamalıdır. Əks halda elə həmin Qərb bölgə üçün Rusiyaya çevriləcək. Hazırda isə Qərbin region ölkələrinin təhlükəsizlik sistemindəki iştirakı getdikcə daha da artır. Gürcüstandan sonra Ermənistan da ABŞ/Aİ resurslarını öz ərazilərinə fəal şəkildə cəlb etməyə başlayıb.
 
3+3 formatı bütün məsələlərin həlli deyil, qaydaları rəsmiləşdirmək və bir-biri üçün, xüsusən də ən gözlənilməz olan ölkələrin daha proqnozlaşdırıla bilən olması cəhdidir. 3+3 formatı daha böyük təhlükəsizlik mənzərəsinin və maraqlar balansının bir hissəsidir. Formatın effektivliyi o qədər də böyük olmayacaq, amma gələcək üçün bu, heç də pis fikir deyil. Formatın gələcəyi region ölkələrinin ərazi bütövlüyünü pozan ölkələrdən asılıdır. Əks halda, nəticə başlıqda göstərilən kimi, hər zaman belə yanlış olacaq...
 
@cssc_cqtm
👍16
Qərbin “universal” formulu: Münaqişələrin həlli əvəzinə dondurulması...  
 
Hazırda dünyadakı münaqişə ocaqlarının mövcud olaraq qalmasında Qərbin həll əvəzinə dondurulma siyasətinin rolu heç də az deyil. Belə ki, məhz ABŞ/Aİ cütlüyünün münaqişələrin həllinə deyil, dondurulmasına yönəlik siyasəti Rusiya və İran kimi rəqib ölkələrin həmin münaqişələri yenidən alovlandırmaqla yaranan vəziyyətdən faydalanmasına imkan verir.
 
Ukrayna cəbhəsi
Rusiyanın Ukraynaya genişmiqyaslı hücuma başlamasından sonra ABŞ və Aİ ölkələrinin Kiyevə yardım üçün bir araya gəlməsi heç də dərhal baş vermədi və xeyli zaman aldı. Qərb, xüsusən də Fransa ilə Almaniya Kremllə dil tapmağa, bununla da münaqişəni birdəfəlik həll etmək əvəzinə onu dondurmağa ümid edirdi.
 
Ukraynaya lazımi silahların vaxtında verilməməsi bu cəbhədə nisbi durğunluğa gətirib çıxardı. Hərbi təchizat çatışmazlığı Kiyevin döyüş meydanında ciddi uğurlar qazana bilməməsini şərtləndirdi və hazırki mərhələdə münaqişənin həllini qeyri-mümkün etdi.
 
Qərbin dondurulma siyasəti və silah tədarükündəki əsassız ləngimələr Rusiyaya yerdə qazandığı mövqeləri möhkəmləndirmək, ehtiyatlarını bərpa etmək, hətta toparlanaraq yenidən lokal hücuma keçmək üçün şərait yaratdı.
 
İsrail cəbhəsi
HƏMAS-ın hücumu ilə başlanan İsrail-Fələstin münaqişəsindəki yeni gərginlik mərhələsi zamanı Vaşınqtonla Brüssel yenə də bu münaqişəsinin həlli əvəzinə onun dondurulmasına çalışır, girovların qaytarılması müqabilində Tel-Əvivə vəziyyətlə barışması üçün təzyiq göstərir.  
 
Qərb İranı neytrallaşdırmaq əvəzinə onun ekspansiyasını məhdudlaşdıran İraqı hədəf aldı. Suriyada Türkiyəni deyil, kürd terrorçuları dəstəkləməklə Moskva/Tehran tandeminə uduzdu. İrandakı kütləvi etirazlar zamanı fürsəti qaçırdı. Dondurulmuş aktivlərin qismən qaytarılması isə Tehrana sanki ikinci nəfəs verdi.
 
ABŞ/Aİ rəsmilərinin səriştəsizliyi, məntiqsiz və qeyri-ardıcıl siyasətindən yararlanan İran bölgədə geniş fəaliyyət sahəsi qazandı. Tehran Moskvanın dəstəyilə Yaxın Şərqdə Qərbə qarşı yeni cəbhə açdı. Bu, İsrail-Fələstin ziddiyyətlərinin BMT qətnamələri əsasında vaxtında həll olunmaması, münaqişənin uzun illər dondurulmuş vəziyyətdə saxlanması sayəsində mümkün oldu.
 
Cənubi Qafqaz cəbhəsi
Qərb ölkələrinin regionumuzdakı ermənimərkəzli fəaliyyəti rasional deyil və heç də həmin ölkələrin milli maraqları ilə uzlaşmır. ABŞ/Aİ faktiki olaraq bölgədə problemlərin həlli əvəzinə vəziyyətin dondurulması üçün əlindən gələni edir və bu məqsədlə hətta Rusiya ilə də danışıqlara gedir.
 
Qərb rəsmiləri Qarabağın Azərbaycana məxsus olmasını açıq şəkildə dilə gətirməkdən və azad olunmuş ərazilərə səfərlərdən imtina edir, Qarabağı könüllü olaraq tərk etmiş ermənilərlə bağlı məsələlərin daim gündəmdə saxlamağa çalışırlar. Vaxtilə Gürcüstan nümunəsində olduğu kimi, indi də Ermənistana yarımçıq dəstək göstərilir.
 
Baş verənlər Bakını regional aktorlarla əməkdaşlığı dərinləşdirməyə sövq edir. Qərbin birtərəfli yanaşması həm də İranın regional iqtisadi layihələrə qoşulmasına, Rusiyanın bölgədəki sülh prosesində vasitəçilik təşəbbüsünü ələ almasına imkan yaradır.
 
Nəticə
Beləliklə də, ABŞ/Aİ qlobal qarşıdurma şəraitində müxtəlif cəbhələrdə üstünlük əldə etmək üçün öz resurslarını lazımi qədər sərf etmir və ardıcıl siyasət aparmır. Qərbin öz səhvlərində israrlı olması fonunda Çin, Rusiya, İran və Şimali Koreya kvarteti qarşı tərəfin resurslarını parçalamaq üçün dünyanın müxtəlif bölgələrində mövcud münaqişələri alovlandırmaqla uzunmüddətli qarşıdurma planlarını həyata keçirir. Bu baxımdan, Avdeyevka və Qəzza vahid müharibənin fərqli cəbhələridir.
 
Lakin belə görünür ki, qlobal qarşıdurma təkcə Ukrayna və İsraillə kifayətlənməyəcək. Yaxın müddətdə dünya üzrə müharibə coğrafiyasının genişlənəcəyi, donmuş qalan digər münaqişələrin də alovlana biləcəyi gözlənilir. Belə şəraitdə, Cənubi Qafqazın qlobal güclərin silahlı qarşıdurma meydanına çevrilməsi potensialı nəzərə alınaraq, region ölkələri arasında sülh və əməkdaşlığın bərqərar olması getdikcə daha böyük önəm daşıyır. 
 
@cssc_cqtm
👍14
Ermənistan uğrunda mübarizə şiddətlənir
 
Rusiya informasiya məkanında və Kremlə tabe olan media vasitələrində N.Paşinyana qarşı növbəti təbliğat dalğası başlanıb. Yeni dalğanın şiddəti hətta İrəvanın Moskvaya diplomatik etiraz notası təqdim etməsinə səbəb olub.
 
Cari informasiya kampaniyası çərçivəsində yayılan məlumatlara diqqətlə nəzər saldıqda, hədəfin məhz Ermənistanın özü yox, onun baş naziri olduğu aydın şəkildə görünür. Anlaşılan odur ki, V.Putin MDB-nin Bişkek sammitində Ermənistan rəhbərliyi barədə nə qədər mülayim danışsa da, Moskva İrəvanda hazırki hakimiyyətin mövcudluğu ilə barışmaq niyyətində deyil.
 
Qərbin məsələyə yanaşması da maraq doğurur. Belə ki, başda ABŞ olmaqla, əksər Qərb dövlətləri bölgəmizdə erməni mərkəzli yanaşma ilə yanaşı Paşinyan mərkəzli siyasət yürütməyə başladı. Vaşinqtonda yaxşı anlayırlar ki, Rusiya Ermənistan baş nazirini devirmək istəyir. Lakin bu ssenarinin qarşısını almaq üçün görülən tədbirlər öz məntiqsizliyilə seçilir.
 
Bəs Ermənistan uğrunda Rusiya-Qərb rəqabəti regionumuza nə vəd edir?
 
Rusiya Paşinyanı devirmək üçün əlindəki informasiya, iqtisadi və güc resurslarını növbəli şəkildə istifadə edir. Hazırda bu istiqamətdə informasiya həmlələri həyata keçirilir. Lakin yaxın gələcəkdə Kreml İrəvanda hakimiyyət dəyişikliyinə nail olmaq üçün iqtisadi təzyiq vasitələri, hətta güc resurslarını da işə sala bilər. Öz növbəsində, Qərb ölkələri də indiki mərhələdə Paşinyana informasiya dəstəyi verir. Avropa Parlamenti və Aİ ölkələri qanunverici məclislərinin qətnamələri, Qərb siyasətçilərinin Ermənistana səfərləri və buradakı anti-Azərbaycan ruhlu çıxışları məhz bu konteksdə dəyərləndirilməlidir.
 
Lakin Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalamadan qərbyönümlü addımlar atması Ermənistanı böyük güclərin mübarizəsi poliqonuna çevirir. Halbuki, əgər ötən vaxt ərzində rəsmi Bakı tərəfindən təqdim olunan, beynəlxalq hüquq normalarına və dövlətlərarası diplomatik münasibətlər təcrübəsinə söykənən ədalətli şərtlərlə sülh müqaviləsi imzalansaydı hazırda İrəvan belə çətin vəziyyətdə qalmazdı.
 
Qərb natamam, ardıcıl olmayan siyasətini davam etdirir və Paşinyanı dəstəkləmək üçün onun gündəliyindəki bütün məsələləri (istər Ermənistanın təhlükəsizliyi, istərsə də Qarabağ erməniləri mövzusu) dəstəkləməyə məcbur qalır. Belə olan halda, Qərb Ermənistanın və Paşinyanın mövqelərini müdafiə etməklə Cənubi Qafqazda həm Rusiya, həm də Azərbaycanla qarşı-qarşıya gəlir.
 
ABŞ və Aİ təmsilçiləri hələ də bəyan edirlər ki, sülh sazişinin ən əsas şərti Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi, onların “öz evlərinə” qayıtmasıdır. Halbuki, əgər sırf Ermənistanın təhlükəsizliyi məsələlərinə köklənsələr, o zaman sözügedən sazişin imzalanması reallaşa bilər. Əslində, Ermənistan və Azərbaycan arasında sülh sazişi Qərb üçün strateji maraq doğuran bir məsələdir. Çünki Bakı ilə İrəvan arasındakı yekun razılaşma Rusiyanın regiondakı rolunu məhdudlaşdırmağa imkan verir. Lakin təəssüf ki, hazırda ABŞ və Aİ Paşinyan hökumətini mövcud problemlərin bütün spektri üzrə dəstəkləməklə öz strateji maraqlarına xələl gətirir.
 
Ermənistan uğrunda mübarizədə fəal tərəflərdən biri də İrandır. Belə ki, Paşinyanın Azərbaycana qarşı bu ölkədən istifadə etməsi Tehranın İrəvandan gözləntilərini artırır və bununla da Ermənistanı İran-Qərb qarşıdurması meydanına çevirir.
 
Nəticə
Beləliklə də, daha öncədən proqnozlaşdırdığımız kimi, Ermənistan artıq böyük güclərin mübarizə poliqonu halına gəlib. Bu mübarizənin kəksinləşməsinin qarşısını almaq yalnız Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə mümkündür. Əks təqdirdə, yaxın gələcəkdə Ermənistan uğrundakı qarşıdurma daha aktiv fazaya keçə və bu ölkə Suriya, yaxud Ukranyanın aqibətilə üzləşə bilər. Əgər bu baş verərsə Azərbaycan tərəfi də öz təhlükəsizliyini təmin etmək və Ermənistan ərazisindən gələn təhdidlərin qarşısını almaq üçün adekvat tədbirlər görmək məcburiyyətində qalacaq.
 
@cssc_cqtm
👍24
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Toplum TV-nin Toplumun Nəbzi verilişində "Paşinyandan Azərbaycana yeni vədlər: Bakı razılaşacaqmı?" mövzusu ətrafında öz fikirlərini bölüşüb.

Daha ətraflı: https://www.youtube.com/live/2b6UPjryj0U?si=Csxa8_bmPG0liKQX
👍11
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Toplum TV-nin Toplumun Nəbzi verilişində "Bakı və Yerevan arasında vasitəçiyə ehtiyac varmı?" mövzusu ətrafında Arif Yunusla debatda iştirak edib.

Daha ətraflı: https://www.youtube.com/watch?v=Gm4JLA7Dsb4
👍6
Böyük müharibə mümkündürmü?
 
Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır. Fələstinin radikal HƏMAS təşkilatının İsrailə qəfil hücumu öz amansızlığı, xüsusən də mülki əhaliyə qarşı qəddarlığı ilə yadda qalsa da, İsrailin davam edən cavab tədbirləri həddən artıq sərtliyi ilə seçilir.
 
Bu günlərdə İsrail Müdafiə Qüvvələri Qəzza sektorunda “Dəmir qılınclar” xüsusi hərbi əməliyyatının artıq üçüncü mərhələsini icra edir. Elan olunan hədəf HƏMAS-ın hərbi infrastrukturunu və idarəetmə potensialını məhv etmək, bölgəni yaraqlılardan təmizləməkdir.
 
HƏMAS-ın lokal hücumu zamanı bəyan edilən ilkin məqsəd ələ keçirilən girovları İsraildə həbsdə olan fələstinlilərə dəyişmək olsa da, qarşılıqlı raket zərbələrinin intensivliyi və miqyası, eləcə də İsrailin Qəzzaya hərbi müdaxiləsi münaqişənin öz sərhədlərini genişləndirərək daha böyük dövlətlərarası müharibəyə çevrilməsi riskini yaradır.
 
Hazırda İsrail-Fələstin münaqişəsindəki son gərginliyə münasibətdə dünya dövlətlərini şərti olaraq üç qrupa bölmək olar:
 
- İsrail tərəfdarları: Bu qrupa daxil olan ölkələr, bir qayda olaraq İsrailin həddən artıq sərt addımlarına göz yumur, müvafiq tədbirləri Tel-Əvivin özünümüdafiə hüququ ilə əsaslandırırlar. Eyni zamanda, həmin dövlətlər HƏMAS-ı terror təşkilatı adlandırır, onu və himayədarlarını regional gərginliyin başlıca mənbəyi hesab edirlər;
 
- HƏMAS tərəfdarları: Bu ölkələr birmənalı şəkildə radikal Fələstin hərəkatını dəstəkləyir və onun törətdiyi bütün amansızlıqlara haqq qazandırırlar. HƏMAS tərəfdarları İsraili “terror dövləti” adlandırmaqdan belə çəkinmir, hazırda bölgədə baş verənlərdə məhz rəsmi Tel-Əviv və onun müttəfiqlərini günahlandırırlar;
 
- Neytral dövlətlər: Üçüncü qrupu təmsil edən ölkələr öncəkilərə nisbətdə daha obyektiv və balanslaşdırılmış mövqe nümayiş etdirirlər. Bu dövlətlərin rəsmiləri öz çıxışlarında həm İsrail, həm də HƏMAS-ı humanitar hüquqa və müharibə qaydalarına riayət etmədiklərinə görə tənqid edir, eyni zamanda münaqişənin BMT qətnamələri əsasında həllini, iki dövlət prinsipi üzrə İsrail və Fələstin dövlətlərinin paralel olaraq mövcudluğunu dəstəkləyirlər.
 
Cari münaqişəyə yanaşmadakı fərqliliklərə baxmayaraq, mövzu ilə bağlı hər üç qrupdan olan dövlətləri birləşdirən ortaq bir məqam var. Belə ki, istər böyük güclər, istərsə də digər ölkələr münaqişənin daha geniş areala yayılmasında, lokal toqquşmalardan irimiqyaslı regional müharibəyə çevrilməsində maraqlı deyillər.
 
Hərçənd, Qərb mətbuatında Rusiya və Çin böyük müharibədə maraqlı tərəf kimi təqdim olunsalar da, əslində genişmiqyaslı münaqişə Moskva və Pekin üçün heç də arzuolunan ssenari deyil. Yaxın Şərqdə lokal gərginlik ocağının alovlandırılması ABŞ başda olmaqla, Qərbin diqqətini yayındırmaq və resurslarını parçalamaq məqsədi daşıyır. Bununla da, Rusiya əsasən Vaşinqtonun Ukraynaya dəstəyini zəiflətməyə çalışır. Çin isə özünün “Bir kəmər, bir yol” təşəbbüsünə alternativ olan və məhz İsraildən keçəcək Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi (IMEC) layihəsini gündəmdən çıxarmağı hədəfləyir. İsrail-Fələstin münaqişəsinin məhdud sərhədlər çərçivəsində davam etməsi hazırki məqamda həm Moskva, həm də Pekinə cari məqsədlərinə çatmaq üçün kifayət edir.
 
Əksinə, əgər münaqişənin miqyası böyüyərsə və hərbi qarşıdurmaya bilavasitə cəlb olunan dövlətlərin sayı artarsa, belə şəraitdə Rusiya və Çinin tərəfdaşı olan İranın birbaşa zərbələr altında qalması ehtimalı çox yüksəkdir. Bununla yanaşı, böyük müharibə həm Qərb, həm də Moskva-Pekin-Tehran-Pxenyan dördlüyü arasındakı hazırki balansın pozulması ilə nəticələnə bilər ki, bu da tərəflərdən heç biri üçün məqbul deyil. Odur ki, Kreml öz tərəfdaşları ilə birgə Yaxın Şərqdəki gərginliyin orta müddətli perspektivdə lokal dairədə saxlanılmasında maraqlıdır. 
 
Bir sözlə, hadisələrin neqativ ssenari üzrə inkişafı proqnozlaşdırılması mümkün olmayan qlobal fəsadlara gətirib çıxara bilər. Məhz bu amil maraqlı tərəfləri ehtiyatlı davranmağa sövq edir və İsrail-Fələstin münaqişəsinin öz lokal sərhədlərini aşaraq genişmiqyaslı regional müharibəyə çevrilməsi riskini xeyli azaldır.
 
@cssc_cqtm
👍23
Danışıqlar prosesindəki fasilə nəyə gətirib çıxaracaq?
 
Bakı ilə İrəvan arasındakı danışıqlar prosesində fasilə yaranıb. Həm Azərbaycan, həm Ermənistan, həm də Aİ, Rusiya və ABŞ-ın timsalında vasitəçilər yeni reallıqlara alışır, müvafiq təşəbbüslər üçün öz yanaşmalarını mövcud şəraitə uyğunlaşdırırlar.
 
Fransanın təzyiqi altında olan Aİ birtərəfli, ermənipərəst yanaşması ilə heç nəyə nail ola bilmədi. Azərbaycan nümayiş etdirir ki, yanaşmalar dəyişilməlidir, əks halda Brüssel formatının effektivliyi şübhə doğurur.
 
Rusiya Qarabağdakı hərbi xuntanın simasında təsir rıçaqlarını itirib və indi qalan resurslarından istifadə edərək, Ermənistan ərazisində əlavə funksiyalar qazanmaq -kommnikasiyalara nəzarət, Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində möhkəmlənmək üçün Paşinyana təzyiq göstərməyə çalışır. Lakin Kremlin bu cəhdləri heç də yaxşı nəticə vermir.
 
Yeri gəlmişkən, bu kontekstdə Rusiya tərəfinin Roma statutunun müddəalarından yan keçmək üçün Ermənistanla xüsusi razılaşmanın müzakirəsindən imtina etməsi diqqət çəkir. Bu razılaşma Rusiya prezidentinin Ermənistana səfəri zamanı onun həbsinin mümkünsüzlüyünə dair mexanizmi özündə əks etdirməli idi. Maraqlıdır ki, Putin Ermənistanla bağlı son açıqlamasında bu ölkəyə səfər edəcəyini bildirib. Bəs görəsən, xüsusi razılaşma olmadan Rusiya prezidenti Ermənistana necə gələcək, belə halda Paşinyan və ətrafı nə edəcəklər?! Axı onlar Rusiya dövlət başçısını həbs etməyəcək və bununla da İrəvanın suverenliyinin məhdudluğunu bir daha təsdiqləyəcəklər. Hərçənd, bunun üçün Putinin Ermənistana səfərini gözləmək lazım gələcək...
 
Vaşinqton platformasının resursları hələ də tükənməyib, çünki o, xarici işlər nazirləri səviyyəsindədir və burada sülh müqaviləsinin mətni müzakirə olunur. Bununla belə, Azərbaycan XİN-in Ermənistanın ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsilə bağlı ABŞ-ın yanaşmasını tənqid edən son bəyanatı Bakının Vaşinqtondan balanslı mövqe gözlədiyini nümayiş etdirir. Bəyanatın mətninin qeyri-ənənəvi tərzdə sərt olması belə qənaətə gəlməyə imkan verir ki, ABŞ “Qarabağ Azərbaycandır!” demədikcə, Vaşinqton formatı baş tutmaya bilər...
 
Azərbaycan fasilədən istifadə edərək yeni təşəbbüslər formalaşdırır. Bakının ikitərəfli əsasda Tbilisidə görüşmək təklifində israrlı olması bütün vasitəçiləri qeyri-müəyyən vəziyyətə salır. Çünki vasitəçi ölkələr buna açıq şəkildə qarşı çıxa bilmir, lakin narazılıq hiss olunur.
 
Fransa Azərbaycan və sülh prosesi üçün mənfi rol oynamaqda davam edir. Parisin BMT Təhlükəsizlik Şurasındakı qətnamə layihəsi ikitərəfli formatın mümkünlüyünü alt-üst etmək, eləcə də Qərbin vasitəçiliyini ermənipərəst çərçivədə saxlamaq üçün açıq təşəbbüsdür. Fransanın dağıdıcı fəaliyyətini dəstəkləməyə davam etmək, yoxsa ondan uzaqlaşmaq - seçim İrəvanın, eləcə də Vaşinqton, Brüssel və Berlinin ixtiyarındadır. Azərbaycan diplomatiyasının qarşısında Qərb vasitəçiliyində Fransanı marginallaşdırmaq vəzifəsi dayanır. Hədəf çətin olsa da, cəhd etməyə dəyər...
 
Rəsmi Bakının Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizi layihəsinin aktuallığını itirməsi ilə bağlı açıqlamaları Azərbaycanın guya Ermənistan ərazisinin bir hissəsini ilhaq etməyə hazırlaşdığına dair Qərb mediasında yayılan növbəti yalan məlumatı zərərsizləşdirmək cəhdidir. Bu açıqlamalar həm Ermənistan rəhbərliyində, həm də onların qərbli himayədarlarında çaşqınlıq yaradıb. Həmin açıqlamalarla Azərbaycan bütün maraqlı aktorlara bəyan edib ki, tərəflərdən heç biri ölkəmizi Ermənistan ərazisində gedən geosiyasi qarşıdurmaya qatmasın.
 
Yeri gəlmişkən, bu bəyanat ABŞ və Avropada kök salmış azərbaycanlı müxalifət şərhçilərini də çətin vəziyyətə salıb. Axı onların cılız təsəvvürlərində Azərbaycan Rusiya ilə birlikdə Paşinyan demokratiyasını darmadağın etməyə çalışır və belə bir məqamda qəfildən məlum olur ki, Bakı üçün Ermənistan üzərindən keçən kommunikasiyalar aktuallığını itirib.

Bir sözlə, fasilə həftələr, aylar çəkə bilər... Əsas nəticə əldə etməkdir. Nəticə isə mümkün qədər çox ölkənin mövqeyini Azərbaycanın yaratmaqda olduğu yeni reallıqlara uyğun şəkildə tənzimləməkdir.
 
@cssc_cqtm
👍31
Regiondakı geosiyasi dəyişikliklər sülh prosesinə necə təsir edəcək?
 
Son zamanlar regionumuzda cərəyən edən geosiyasi dəyişikliklər daha intensiv şəkil alıb. Böyük güclərin Cənubi Qafqazdakı rəqabəti artıq açıq formaya keçib. Prosesin iştirakçılarından hər biri öz iddialarını bəyan edərək müvafiq addımlar atır.
 
Bakı və Ankaranın sülh çağırışları
Azərbaycan Türkiyə ilə birgə bölgədə davamlı sülhə yönəlik siyasi xəttini davam etdirir. Dövlət suverenliyinin bərpasından sonra Qarabağ və ətraf ərazilərdən keçən regional infrastrukturun qurulması işləri sürətlə aparılır. Bakı və Ankara Cənubi Qafqazda uzunmüddətli sabitliyin bərqərar olması üçün işlək kommunikasiyaların vacibliyini anlayaraq regional nəqliyyat layihələrinə xüsusi önəm verir. Paralel olaraq, hər iki ölkə müxtəlif səviyyələrdə mütəmadi şəkildə Ermənistana ünvanlanan sülh və əməkdaşlıq çağırışları səsləndirir.
 
Qərbin Gürcüstan və Ermənistan həmləsi
Qərb Gürcüstan və Ermənistanla yaxınlaşma istiqamətində addımlar atır. Aİ-nin irəli sürdüyü tələbləri tam yerinə yetirməməsinə baxmayaraq Gürcüstana ittifaq üzvlüyünə namizəd statusunun verilməsi, rəsmi Tbilisinin isə Ermənistana silah tədarükü üçün öz ərazisindən istifadəyə razı olması bölgəmizdə geosiyasi mübarizənin daha da kəskinləşməsinin təzahürüdür.
 
Ermənistana gəlincə, Borrelin Aİ XİN rəhbərləri toplantısından sonrakı məlum bəyanatı, ölkədəki Aİ missiyasının genişlənməsi, Fransanın birbaşa və açıq şəkildə Ermənistana silah təchizatı fonunda Paşinyanın Minksdə keçiriləcək KTMT liderləri sammitində iştirakdan imtinası İrəvanın Qərbin şərtlərini qismən də olsa qəbul etdiyini göstərir. Ehtimal ki, Ermənistan tərəfi ABŞ və Aİ-dən ictimaiyyətə açıqlanmayan zəmanətlər alaraq KTMT-dəki fəaliyyətini sıfıra endirib. Lakin istənilən halda, İrəvanın Qərbə doğru dönüşü Azərbaycanla sülh müqaviləsi olmadan və Türkiyə ilə münasibətləri normallaşdırmadan baş verir ki, bu da Ermənistan üçün olduqca risklidir.
 
Rusiya və İranın əks reaksiyası
Rusiya və İranın bölgəmizdəki hazırki siyasəti daha çox reaktiv xarakter daşıyır və qarşı tərəfin fəaliyyətilə bağlı cavab addımları kimi səciyyələndirilə bilər. Fikrimizcə, Rusiyanın Paşinyanın son qərarına, İranın isə Ermənistandakı Aİ missiyasının genişlənməsinə əks reaksiyasını çox gözləmək lazım gəlməyəcək. Mövcud şəraitdə Moskva və Tehranda konkret hansı qərarların qəbulundan asılı olmayaraq deyə bilərik ki, bu iki ölkənin Cənubi Qafqazdakı cari fəaliyyəti regionda Qərbin təsirinin məhdudlaşdırılmasına yönəlib.
 
Gözləmə mövqeyi
Yerli və beynəlxalq aktorların Cənubi Qafqazda atdıqları praktiki addımlar müəyyən müddət sonra regiondakı mövcud qüvvələr nisbətində əyani şəkildə təzahür edir. Hazırda Bakı Qərbin vasitəçiliyi ilə növbəti danışıqlarda iştiraka qərar vermək və ya fasiləni uzatmaq üçün Beynəlxalq Ədalət Məhkəməsinin noyabrın 17-də açıqlanacaq ilkin qərarını, eləcə də ABŞ-ın mövqeyinin rəsmiləşdirilməsini gözləyir. Aİ-nin Ermənistana hərbi-siyasi dəstəyə haqq qazandırmaq üçün Azərbaycanı əsas təhdid kimi göstərməsi və ölkəmizi hədələməsi fonunda Bakı baş verənləri sakitliklə izləyir, Qərbin yalan və əsassız ittihamlarına soyuqqanlı reaksiya verməklə kifayətlənir. Belə ki, Qərb, Rusiya və İran arasında Ermənistan uğrunda gedən geosiyasi mübarizədə İrəvan üzərində ən azı müəyyən müddət üçün kimin söz sahibi olduğu aydınlaşmalı və məhz həmin mərkəzlə danışıqlar aparmaq üçün mövcud yanaşmalarda uyğun düzəlişlər edilməlidir.
 
Nəticə
Bir sözlə, hazırki beynəlxalq fon Ermənistan-Azərbaycan sülh prosesinə zərər verir və onu böyük güclərin təsir mexanizminə çevirir. Vəziyyətin bu nöqtəyə gəlib çatmasının günahkarı, əlbəttə ki, düşmənçilik siyasətindən əl çəkməyən və tarixi fürsəti dəyərləndirməyən Ermənistandır. Çıxış yolu isə yalnız birbaşa danışıqlar və sülh sazişinin imzalanmasıdır. İrəvan anlamalıdır ki, böyük dövlətlərin ssenarilərinə uymaqla sülhü çətinləşdirməməli, Bakı ilə birgə reallıqlar yaradaraq maraqlı tərəfləri fakt qarşısında qoymalı və regional mübarizənin açıq münaqişəyə keçidini əngəlləməlidir.
 
@cssc_cqtm
👍28
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Toplum TV-nin Toplumun Nəbzi verilişində "Görüşlərdən qarşılıqlı imtina: Bakı Vaşinqtonla niyə sərt danışır??" mövzusu ətrafında keçmiş səfir Arif Məmmədovla debatda iştirak edib.

Daha ətraflı: https://www.youtube.com/watch?v=r8K9wWzU56A
👍9👎1
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Pressklub TV-nin efirində gedən Əsas Sual verilişində “Qərb Ermənistanı silahlandırır, yeni revanş, yeni müharibə?” mövzusu ilə bağlı müzakirələrdə iştirak edib.

Daha ətraflı: https://www.youtube.com/watch?v=OzuthOoSTMQ&t=23s
👍7
ABŞ-İran münasibətləri: Vaşinqtona yaşıl, digərlərinə qırmızı işıq
 
HƏMAS-ın İsrailə hücumu ilə başlayan Fələstin münaqişəsinin yeni mərhələsi ABŞ və İran arasındakı münasibətlərin xarakterini tam çılpaqlığı ilə üzə çıxardı. Hərbi qarşıdurmanın ilk günlərində ABŞ siyasi rəhbərliyinin bölgədəki eskalasiyada İranın birbaşa rolunun olmaması ilə bağlı bəyanatları Vaşinqtonun baş verənlərdə bilavasitə Tehranı ittiham edəcəyini gözləyənlər üçün sürpriz oldu.
 
İran üçün “qamçı və kökə”
Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar Vaşinqton və Tehranı ikitərəfli əlaqələr tarixində heç vaxt olmadığı qədər kəskin qarşıdurma astanasına gətirdi. Münaqişənin ilk günlərində ABŞ İranın proseslərə birbaşa müdaxiləsinə yol verməmək üçün təyyarədaşıyan gəmilərini bölgəyə göndərdi. İran isə ona tabe olan regional islamçı qruplaşmaların əlilə ABŞ hərbi bazalarına hücumların intensivliyini və miqyasını artırdı. Lakin istər həmin günlərdə, istərsə də digər vaxtlarda bu hücumlar nəticəsində canlı qüvvə itkilərinin olmaması ABŞ ilə İran arasında gizli əlaqələrin mövcudluğu barədə şayiələrə yol açdı. Yekunda Ağ Evin sərt mövqeyi Tehranı öz ritorikasını dəyişməyə sövq etdi. İndi İranın diplomatik səylərinin əsas məqsədi İsrail və ABŞ ilə mümkün münaqişənin qarşısını almaqdır.
 
İranın ABŞ-ın “qamçı”sı qarşısında geri addım atdığı bir vaxtda Vaşinqton Tehran üçün “kökə” qismində dondurulmuş vəsaitlərin daha bir qismini azad etməyi düşünür. İran məhsullarının İraqda gömrük güzəştləri alması isə HƏMAS-ı satması müqabilində Tehrana verilən daha bir mükafatdır. ABŞ-ın İranla münasibətlərindəki “qamçı və kökə” prinsipi Tehrana qarşı, xüsusən də öz tərəfdarları arasında ciddi inam problemi yaradır. İran ABŞ-ı məhv edəcəyini iddia edir, lakin ABŞ-ın qətiyyətini gördükdə davranışını dəyişir. Bütün bu hadisələr İranın özünü göstərdiyi qədər güclü olmadığını, fərqli qorxularının mövcudluğunu açıq şəkildə nümayiş etdirir.
 
Digər ölkələrin İranla münasibətlərinə ikili yanaşma
Hazırki Vaşinqton administrasiyasının digər ölkələrin İranla əlaqələrinə ikili yanaşması təəssüf doğurur. ABŞ hər fürsətdə Tehranın neqativ fəaliyyətinə göz yumaraq onunla münasibətləri yumşaltmağa çalışır, bəzi dövlətlərin İranla müttəfiqliyinə məqbul baxır, digər ölkələrin İslam Respublikası ilə hər hansı əməkdaşlığına isə kəskin reaksiya verir. İran Rusiya ilə hərbi işbirliyini genişləndirdikdə, bir çoxları ABŞ-ın buna görə Tehranı sərt cəzalandıracağını gözləyirdi. Lakin Vaşinqton nəinki dişsiz sanksiyalarla kifayətləndi, hətta Tehranın dondurulmuş vəsaitlərinin bir qismini İrana qaytardı.
 
İran hakimiyyəti Azərbaycanı sərhəddə topladığı 100 minlik qoşunla təhdid etdikdə ABŞ baş verənləri sadəcə sükutla qarşıladı. Halbuki, beynəlxalq hüquq amilini kənara qoysaq belə, Vaşinqton ən azı ölkəmizdə Qərbin maraqlarına xidmət edən strateji infrastrukturu qorumaq naminə reaksiya verməli idi. İndi isə ABŞ Azərbaycanı İranla əməkdaşlığa görə hədələyir, cəfəng arqumentlər səsləndirməklə Zəngəzur dəhlizinin İranın ərazisindən keçməsini yolverilməz hesab edir. Görünür, rəsmi Vaşinqton regionda işlək Bakı-Tbilisi-Qars marşrutunun mövcudluğunu və ABŞ-ın bu layihənin baş tutmaması üçün əlindən gələni etdiyini yada salmaq istəmir. O, həmçinin illərdir Tehranla strateji əməkdaşlıq münasibətləri saxlayan, İranın Yaxın Şərqdəki tərəfdaşlarını (Suriyadakı Əsəd rejimi və islamçı qruplaşmaları) dəstəkləyən İrəvanın fəaliyyətini gözardı edir. 
 
Nəticə
Yaxın Şərqdəki gərginlik sayəsində Vaşinqton və Tehran arasındakı əlaqələrin “qamçı və kökə” prinsipi əsasında qurulduğu, üzdə iki barışmaz rəqibin reallıqda bir-birilə kifayət qədər yaxşı anlaşdığı bəlli oldu. Həmçinin, son proseslər ABŞ-ın digər ölkələrin İranla əlaqələrinə dair mövqeyində ikili yanaşmaların mövcudluğunu da üzə çıxardı.
 
@cssc_cqtm
👍21👎2
“Business as usual” Azərbaycan və ABŞ-ın anlayışında...
 
Azərbaycanla ABŞ arasındakı münasibətlərdə gərginlik hökm sürür. Görünən odur ki, ABŞ-dakı daxili dinamika Vaşinqtonun İrəvanla Bakı arasındakı vasitəçilik missiyasını məhdudlaşdırıb. Prosesin lap əvvəlindən Amerika diplomatiyası öz yanaşmasında Qarabağ erməniləri mövzusunu önə çəkdi, “Laçın dəhlizi” məsələsini bütləşdirdi, sonda isə Azərbaycan tərəfinin Qarabağda güc tətbiq etməyəcəyinə dair vədlərilə bağlı yalanlar uydurdu.
 
Buna baxmayaraq, Azərbaycan ABŞ-ın öz mövqeyinə düzəliş etməsi ümidi ilə Vaşinqtona vasitəçilik imkanları yaratdı, lakin daxili dinamika və Amerika tərəfinin yalanları böhrana gətirib çıxardı. Bakı hər zaman bəyan edib ki, Qarabağda Ermənistan silahlı qüvvələrinin mövcudluğu qəbuledilməzdir və onlar ərazini tərk etməlidirlər. Bəyanatlar nəticə vermədikdə isə həmin silahlı qüvvələrin bir qismi məhv edildi, qalıqları isə Qarabağdan rüsvayçı şəkildə qaçaraq bölgədəki erməni əhalini də özüylə apardı.
 
ABŞ-ın “Business as usual” prinsipindən imtinası
ABŞ-ın Azərbaycanla münasibətlərinin həmişəki kimi olmayacağını məhz Vaşinqton tərəfi bəyan edib və bununla da münasibətlərdəki gərginliyin təşəbbüskarı olub. Qarşılıqlı yüksək səviyyəli səfərləri ləğv edən Amerika tərəfi olub. Azərbaycan isə XİN rəhbərinin erməni həmkarı ilə danışıqlar üçün ABŞ-a səfərini ləğv etməklə adekvat reaksiya verib. Azərbaycan danışıqlara razılaşıb, amma Amerikanın mövqeyinə görə görüşdən imtina edib.
 
Bununla yanaşı, Azərbaycan Prezidenti Administrasiyası USAİD-lə əməkdaşlığı dayandırmağa çağırış edib və Azərbaycanda ABŞ-ın bu dövlət təsisatının işinə xitam verilməsi mövzusunu gündəmə gətirib. Belə ki, USAİD Vaşinqton-Bakı münasibətləri “Business as usual” (işlər hər zamankı kimi) prinsipilə qiymətləndirilən bir zamanda ölkəmizdə fəaliyyət göstərib və əgər ABŞ bu prinsipindən imtina edirsə, o zaman USAİD-in Azərbaycandakı fəaliyyəti artıq sual altına düşür. Bu, məntiqli və ədalətlidir.
 
ABŞ-da Azərbaycanın bu təşəbbüsü ehtiyatla qarşılanır. Çörəyi Vaşinqtondan çıxan azərbaycanlı bloqerlər “YouTube”da həşir salaraq Azərbaycanın sülhün Qərb versiyası ilə razılaşmaması, Bakının ABŞ kimi fövqəldövlətin mövqeyinə necə qarşı çıxa bilməsi haqqında Amerika narrativlərini yayırlar... Amma, onlar unudurlar ki, əgər biz Qərbdən çəkinsəydik və “güclü haqlıdır” prinsipini rəhbər tutsaydıq, o zaman 2020-ci ildə müharibəyə başlamaz, Qarabağda işğalçı rejiminin varlığı ilə barışardıq.
 
“Hər şey keçir, bu da keçəcək”, amma izi qalacaq
Süleyman peyğəmbərin üzüyünə həkk olunmuş bu fikir Amerika-Azərbaycan münasibətlərini mövcud olduğu bütün dövrü üzrə xarakterizə edir. Axı bu, ilk dəfə deyil ki, münasibətlər “Business as usual” vəziyyətindən “Business as unusual” vəziyyətinə keçir... Sonda hər şey yenə “usual” vəziyyətinə qayıdır, çünki “usual” olmasa, onda bu münasibətləri “unusual” vəziyyətə gətirmək mümkün olmaz. Bir qədər mürəkkəb olsa da, reallıq belədir.
 
Səbirli olmaq və prinsiplərimizdən geri çəkilməmək vacibdir. Azərbaycan diplomatiyası məhz belə uğur qazanır. USAİD-in bağlanması ilə bağlı hələ qərar yoxdur, bu isə o deməkdir ki, Bakı Vaşinqtondan öz mövqeyinə aydınlıq gətirməsini gözləyir. İranla münasibətlər pisləşəndə İranın Ali Rəhbərinin Azərbaycandakı nümayəndəliyi və İranın mədəniyyət mərkəzi bağlanıb. Azərbaycan səfirliyi Tehrandakı fəaliyyətini bərpa etmədiyi kimi, bu təsisatların ölkəmizdəki işi də bərpa olunmayıb. Azərbaycanın İrandakı səfirinin Tehrana qayıtmasından sonra belə İran strukturlarının ölkəmizdə fəaliyyətini bərpa edəcəyi dəqiq deyil. Çünki münasibətlərdəki gərginlik zamanla keçsə də, izi qalır.
 
USAİD-lə də belədir. Biz hələ gərginliyin ilkin mərhələsindəyik və çox məsələlər gərginliyi yaradan tərəfdən, yəni ABŞ-dan asılıdır. Əgər nəhayət, USAİD-in bağlanması ilə bağlı qərar qəbul olunarsa, onda Azərbaycan və ABŞ münasibətləri bərpa edildikdən sonra USAID-in Bakıya qayıdacağı dəqiq deyil. Münasibətlər isə bərpa olunacaq, çünki “Hər şey keçir... bu da keçəcək” amma izi qala bilər.
 
@cssc_cqtm
👍30👎1
Ermənistanın Rusiyadan kritik iqtisadi asılılığı: Qərb bu asılılığı azalda bilərmi?

Hazırda Ermənistanla bağlı yaranan əsas sual iqtisadi baxımdan Rusiyadan kritik asılılığın mövcud olduğu şəraitdə Qərbə inteqrasiya etmək məqsədinə nə dərəcədə nail ola biləcəyi ilə bağlıdır. Bu suala cavab tapmağa çalışaq. 

Xarici ticarət
Rusiya Ermənistanın əsas ticarət tərəfdaşıdır. 2023-cü ilin  ilk 8 ayında Ermənistandan Rusiyaya ixrac 2,1 dəfə artaraq $2,3 milyarda, idxal isə 16% artaraq $1.9 milyarda çatıb. Rusiyanın ixracda payı 51%, idxalda payı isə 25% təşkil edib.

2021-ci il ilə müqayisədə Rusiyanın Ermənistanın ixracında payı 28.2%-dən 51%-ə qalxmış, idxalda isə 37.3%-dən 25%-ə qədər azalmışdır. Avropa İttifaqının (Aİ) isə əksinə ixracda payı 21.8%-dən 11.2%-ə enmiş, idxalda payı dəyişməmişdir. 2021-ci ildə Rusiya idxalda, Aİ isə ixracda daha böyük paya sahib olsa da bu 2023-cü ildə əksinə dəyişmişdir.

Buna səbəb Rusiya-Ukrayna müharibəsi səbəbindən Ermənistanın Rusiyaya yenidən ixracda iştirakıdır. 2023-cü ilk yarısında Ermənistandan Rusiyaya ixrac 215% artmışdır ki, bunun da 187%-i yenidən ixracın payına düşmüşdür. 

Strateji məhsulların idxalı
2022-də Ermənistanda elektrik enerjisi istehsalının 70%-i, təbii qaz idxalının 88%-i, maye qaz idxalının isə 90%-i Rusiyanın payına düşüb. Bu dövrdə Rusiyadan maye qaz idxalının həcmi 4.1 dəfə, payı isə 3.3 dəfə artıb. 2022-ci ildə neft məhsullarının (benzin,dizel) idxalının 76.1%-i Rusiyanın payına düşmüşdür.

Ermənistanda elektrik enerjisinin 40%-ni təmin edən Metsamor AES-də Rusiyanın Rosatom şirkəti tərəfindən idarə edilir. 2016-da stansiyada yenilənmə işləri üçün Rusiya tərəfindən Ermənistana $300 milyon vəsait ayrılmışdı.

Bundan başqa, 2022-ci ildə buğda idxalının 99.9%-i, qarğıdalı idxalının 98.8%-i, pasta idxalının 82.2%-i, marqarin idxalının 72%-i, un məmulatlarının idxalının isə 66.6%-i Rusiyanın payına düşmüşdür.

Pul köçürmələri və investisiyalar
2021-2022-ci illərdə Ermənistana daxil olan pul köçürmələrində Rusiyanın payı 55%-dən 70%-ə qalxıb. 2022-ci ildə təkcə Rusiyadan pul köçürmələri 4 dəfə artaraq $3.6 milyarda çatıb. Rusiyanın 2022-ci ildə xarici investisiyalarda payı 80% (5 dəfə artıb), xarici birbaşa investisiyalarda (XBİ) payı isə 60% olub (3 dəfə artıb).

Nəticə
Ermənistan ticarətdə, enerji sektorunda, qida təhlükəsizliyində Rusiyadan ciddi şəkildə asılıdır və bu asılılıq Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra daha da artmışdır. Ermənistanın siyasi olaraq Rusiyaya qarşı getməsi iqtisadi əlaqələrdə özünü əks etdirmir.

Ermənistanın Rusiyaya ən çox ixrac etdiyi (61%) yerli kənd təsərrüfatı və qida məhsullarının ixracını Qərbə yönəltmək asan deyil. Çünki, onların istehsalı Avropanın tələblərinə uyğun deyildir. Bu istehsal səviyyəsinin azalmasına, işsizliyin artmasına səbəb ola bilər.

Ermənistanın əsas qaz təminatçısı Rusiyadır (ikinci İran). Ermənistanın Rusiyanı qaz idxalında tam olaraq İranla əvəz etməsi fiziki olaraq mümkün deyil. Həm də bu siyasi ziddiyət yaradan məsələdir. Yeganə alternativ Azərbaycanın ola bilər.
Metsamor stansiyasının da tam olaraq Rusiyanın nəzarətindən çıxarılması mümkün deyil və Aİ onun fəaliyyətinin təhlükəsizlik səbəbilə dayandırılmasını vacib hesab edir (2026-cı ilə qədər).

Rusiyadakı erməni miqrantların da Qərbdə iş tapmaqları çətindir. Onlar Qərbin əmək bazarının tələblərinə cavab vermir. Həm də Rusiyaya qarşı sanksiyalar davam etdikcə yenidən ixrac vasitəsilə gəlir əldə etmək Ermənistana sərfəli olacaqdır və bunun dayandırılması ciddi iqtisadi geriləmə yaradar.

Ermənistan tam olaraq Qərbə inteqrasiya etmək istəyirsə o zaman institusional dəyişikliklər də baş verməlidir. Lakin, Ermənistan hələ də KTMT, MDB və Avrasiya İqtisadi Birliyinin (AİB) üzvüdür.

Ermənistan KTMT-dən ayrılarsa, AİB-in üzvü olaraq qalması siyasi olaraq qeyri-mümkündür. Ermənistan Rusiyanın təsir dairəsindən çıxmaq istəyirsə bunu həm siyasi, həm hərbi, həm də iqtisadi baxımdan etməyə məcburdur. 

@cssc_cqtm

Daha ətraflı: https://cssc.az/az/view/2/47/ermenistanin_rusiyadan_kritik_iqtisadi_asililigi:_qerb_bu_asililigi_azalda_bilermi
👍20
Cənubi Qafqaz üçün iki ssenari: Sülh, yoxsa münaqişə?..
 
Ermənistan - Azərbaycan arasında davam edən sülh prosesində müəyyən durğunluq müşahidə olunur. İkitərəfli formatda nizamlanma üzrə təmaslar elektron məktub mübadiləsi, şərti sərhəddə gözlənilən görüş kimi müxtəlif formalarda davam etsə də, beynəlxalq müstəvidə vasitəçilərin iştirakı ilə aparılan yüksəksəviyyəli danışıqlarda fasilə yaranıb.
 
Ermənistan Rusiyadan, Azərbaycan Qərbdən narazıdır
Ermənistan öz qonşularına qarşı ərazi iddialarının əsassızlığını və aqressiv xarici siyasətinin yanlışlığını etiraf etmək əvəzinə cari uğursuzluğunun səbəblərini daxildə deyil, kənarda axtarır. Rəsmi İrəvan Rusiyanı ikinci Qarabağ müharibəsindəki məğlubiyyətinin və bütövlükdə Azərbaycana qarşı işğalçı niyyətlərinin iflasa uğramasının əsas baiskarı kimi göstərir. Digər tərəfdən, Moskva 2022-ci ilin sentyabrında Azərbaycan ordusunun öz nəzarətini bərpa etdiyi şərti sərhəddəki yüksəklikləri Ermənistan ərazisi kimi tanımır. Məhz bu məqamlara görə də hazırda Ermənistan Azərbaycanla sülh prosesində Kremlin vasitəçiliyindən boyun qaçırır və Qərbin simasında öz qondarma iddialarını dəstəkləyəcək yeni qüvvələr tapmağa çalışır.  
 
Azərbaycan isə öz milli maraqlarından çıxış edərək, Qərbin vasitəçilik səylərindən hələ ki imtina edir. Həm Vaşinqton, həm də Brüsselin bölgədə cərəyan edən hadisələrə Ermənistanın mövqeyindən yanaşması vasitəçilərin tərəfsizliyi prinsipilə bir araya sığmır. Qərb Qarabağın Azərbaycan ərazisi olmasını açıq şəkildə bəyan etmir və bölgədəki Rusiya sülhməramlılarını öz hərbi qüvvələri ilə əvəz etmək istəyini gizlətmir. Vaşinqtonun Qarabağı könüllü tərk edən ermənilər arasında təhqiqat aparmaq məqsədilə Ermənistana araşdırma missiyaları göndərməsi ABŞ-ın Azərbaycana münasibətdə xoş niyyətini şübhə altına alır. Aİ isə Fransanın destruktiv təsiri altına düşərək sülh prosesinə birtərəfli yanaşma sərgiləməklə Brüsselin vasitəçilik imkanlarını məhdudlaşdırır.
 
Alternativsiz ikitərəfli format
Belə olan şəraitdə İrəvan və Bakı arasındakı nizamlanmaya dair ikitərəfli format alternativsiz olaraq qalır. Azərbaycan artıq xeyli müddətdir ki, Ermənistana ölkələrarası münasibətləri məhz ikitərəfli əsasda müzakirə etmək barədə çağırışlar etsə də, bu təklif İrəvanda nisbətən soyuq qarşılanır. Lakin tərəflərin vasitəçilərdən narazılığı şəraitində Paşinyan hakimiyyəti deyəsən artıq ikitrəfli görüşlərin alternativsizliyini anlayır və hər zaman olduğu kimi istər-istəməz Azərbaycanın təkliflərini tədricən və ehtiyatla da olsa qəbul etməyə məcbur qalır.
 
Noyabrın 30-da şərti sərhəddə keçirilməsi planlaşdırılan delimitasiya komissiyasının görüşü bu istiqamətdə atılmış mühüm addım ola bilər. Tərəflərdən hər hansı birinin bu və ya digər səbəblərdən, o cümlədən də kənar təzyiqlərdən dolayı sözügedən görüşdən imtinası isə heç şübhəsiz ki, Cənubi Qafqazdakı sülh prosesini bir müddət daha yubadacaq.
 
Sülh, yoxsa münaqişə?..
Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş beş prinsip əsasında sülh müqaviləsinin imzalanması, ilk növbədə hər iki ölkənin subyektivliyini artıracaq və regional gərginliyi azaldacaq. Mümkün anlaşma həmçinin tərəflər arasında etimadı artırmaqla qarşılıqlı asılılığı formalaşdıracaq ki, bu da öz növbəsində bölgədə davamlı sülhü təmin edəcək.   
 
Sülh sazişinin imzalanmaması isə regionda silahlanma yaraşını sürətləndircək, dinc inkişaf məqsədlərinə xidmət edə biləcək resursların hərbi məqsədlərə yönəlməsinə gətirib çıxaracaq. Bununla yanaşı, beynəlxalq təşkilatlar və məhkəmələrdə hüquqi-diplomatik mübarizə daha da kəskinləşəcək, tərəflər bir-birinin mövqelərini zəiflətmək üçün hər fürsətdən istifadə edəcəklər. Həmçinin, sülh müqaviləsinin yoxluğu Cənubi Qafqazda növbəti eskalasiyalar üçün də şərait yaradacaq.
 
Nəticə
Beləliklə də, beynəlxalq vasitəçilik müstəvisindəki durğunluğa baxmayaraq, hesab edirik ki, Ermənistan və Azərbaycan sülh prosesini ikitərəfli səylər əsasında müsbət sonluğa çatdırmaq iqtidarındadır. Bakı müvafiq təşəbbüslərlə çıxış edərək İrəvana barışıq üçün əlini uzadıb. İndi bu əli sıxmaq və ya rədd etmək artıq Ermənistanın seçimidir.
 
@cssc_cqtm
👍17
Cənubi Qafqazda müharibə və sülh

Cənubi Qafqaz ətrafındakı proseslər inanılmaz tezliklə sürətlənir. Bölgədə 2020-ci ilin noyabr ayının əvvəlindən başlayan geosiyasi mənzərə dəyişikliyinin mühüm bir mərhələsinin yekunlaşması gözlənilir.
 
Regional geosiyasətin üç elementi
44 günlük müharibənin nəticələri artıq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına, kommunikasiyaların açılmasına səbəb olmalı idi. Lakin müharibədən sonra ötən üç il ərzində regional geosiyasətin bu üç elementini reallaşdırmaq mümkün olmadı.
 
Xüsusi olaraq vurğulayaq ki, hər üç istiqamət üzrə Ermənistan əsas qarşıdurma meydanına çevrilir. Əgər 2020-ci ilin sonunda regionda gözlənilən dəyişikliklərin əsas oyunçuları Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə idisə, ötən üç il ərzində başqa ölkələr də iddialarını, maraqlarını və gözləntilərini ortaya qoydular. Oyunçuların sayının artması isə bu müddət ərzində ziddiyyətlərin yaranmasına, bəzən qığılcımlara, gərginliklərə və böhranlara səbəb oldu.
 
Tərəflər və ziddiyyətlər
Hazırda bütün oyunçular sülh müqaviləsinin imzalanması ilə yaranacaq yeni konfiqurasiya üçün resurslar toplayırlar. Müşahidə olunan ziddiyyətləri və tərəfləri müəyyən edək:
 
·        Rusiya - ABŞ, Aİ;
·        İran - ABŞ, İsrail;
·        İran - Aİ;
·        Türkiyə - Rusiya;
·        İran - Türkiyə;
·        Fransa - Azərbaycan, Türkiyə;
·        Fransa - Böyük Britaniya;
·        ABŞ - Çin (arxa planda) ;
·        Hindistan - Çin (arxa planda).
 
Onu da qeyd edək ki, ziddiyyətlər müxtəlif mövzuları, strateji layihələri və fərqli qarşıdurma səviyyələrini əhatə edir.
 
Əsas mübarizə məkanı: Ermənistan
Ermənistan əsas mübarizə məkanına çevrilir, çünki İrəvan demək olar ki, bütün oyunçulara öz ölkələrində resurslarını artırmağa imkan yaradıb. Görünür, hamı Ermənistanın Rusiyadan üz döndərməsinə, Türkiyənin Ermənistana nüfuz etməsinə hazırlaşır. İran, Aİ, ABŞ, Fransa, Böyük Britaniya artıq başa düşürlər ki, Ermənistan-Türkiyə sərhədinin açılması Türkiyə üçün “yerdə” böyük imkanlar yaradır və Ankaranın gəlişinədək Ermənistanda daha da möhkəmlənməyə çalışırlar.
 
Növbəti qarşıdurma məkanı isə Gürcüstandır hansı ki, Çinin resurslarından, Azərbaycan və Türkiyə ilə üçtərəfli regional formatdan istifadə edərək, Qərblə Rusiya arasında balans yaratmağa çalışır.
 
Azərbaycan geosiyasi mübarizə məkanına çevrilmək risklərini minimuma endirməyə çalışır. Məlumdur ki, böyük dövlətlər öz xarici siyasət kursunu korrektə etmək üçün kiçik dövlətlərin daxilində öz proksi-qüvvələrini yaradırlar. Bakı bütün müstəqillik illərində müstəqil xarici siyasət yeritmək üçün xarici qüvvələrin daxili siyasətə təsirini minimuma endirməyə can atıb. Bu isə, öz növbəsində böyük dövlətlərin yumşaq güc institutlarının ölkə daxilində fəaliyyətinin məhdudlaşdırılması ilə nəticələnir.
 
Beləliklə də, Qərb Ermənistanda öz yerini tutmaq və hər üç ölkədə regional proseslərdə iştirak etmək üçün sülh müqaviləsini tələsdirir. Bu tələsikdə ABŞ və Aİ Azərbaycana təzyiq göstərməyə çalışsalar da, müvafiq cavab alırlar.
 
Bakı nə etməlidir?
Bakı vəziyyəti başa düşməlidir, çünki sülh müqaviləsi prosesi elə bir geosiyasi miqyas qazanıb ki, bu istiqamətdə istənilən fəaliyyət müəyyən nəticələrə səbəb ola bilər. Biz başa düşməliyik ki, Ermənistan Qərbə doğru çevrilməyə nə dərəcədə hazırdır və hələlik yalnız Yuxarı Lars keçid məntəqəsində özünü büruzə verən bu dönüşün nəticələrinə necə reaksiya verəcək.
 
Dekabrın sonunda MDB sammiti və Aİİ-nin Ali Şurasının toplantısı Paşinyanın Qərbə dönüş qabiliyyətinin növbəti sınağı olacaq.
 
Bakı üçün isə pauza ilk baxışda mənfi nəticələr doğurur. Bununla belə, kimsə nəyəsə tələsirsə, o zaman Azərbaycan tələskənliyin səbəbini anlamalı və vəziyyətdən öz xeyrinə maksimum istifadə etməlidir.
 
@cssc_cqtm
👍23
Zəngəzur dəhlizinin İran motivləri: Ermənistanın maraqları qeyri-müəyyən vəziyyətdədir
 
Azərbaycan-Qərb münasibətlərinin gərginləşməsi fonunda İranın Azərbaycan (AZ) və Ermənistan (ER) arasındakı kommunikasiyalara dair bəyanatları kölgədə qalıb. Tehranda İranın xarici işlər naziri ilə ölkənin Ermənistan və Azərbaycandakı səfirləri arasında görüş keçirilib. Bu görüşdən çəkilən foto, xüsusən də səfirlərin bədən dili müəyyən mətləblərdən xəbər verir: İranın Azərbaycandakı səfiri (peşəkar diplomat) sanki büzüşmüş halda əyləşib, Ermənistandakı səfiri (SEPAH-ın kadrı) isə hətta nazirdən belə daha özünəəmin görünürdü.
 
Görüşdən sonra İranın Azərbaycandakı səfirinin bəyanatı diqqət çəkdi: “Hər kəs Zəngəzur dəhlizi ideyasının gerçəkləşməyəcəyini etiraf etdi...”.
 
Bu bəyanatı necə başa düşmək olar?
 
Təbii ki, İran diplomatiyası istər bəyanatlarında, istərsə də addımlarındakı qeyri-müəyyənlik və ikili çalarlarla məşhurdur. Bununla belə, nəticə çıxarmağa çalışaq:
 
Ümumi qeyd: ER kimi İran da Zəngəzur dəhlizi konsepsiyasına ekstraterritoriallıq elementini daxil edir. Hər iki ölkə Araz çayı boyu 44 kilometrlik hissəyə məhz Azərbaycanın nəzarət edəcəyi ilə bağlı təbliğat aparır. Baxmayaraq ki, üçtərəfli bəyanatda təhlükəsizlik funksiyası 30 ildir İran-ER sərhədində dayanan Rusiya sərhədçilərinə həvalə edilib. Beləliklə, Tehran və İrəvan Rusiyanın Ermənistanda əlavə funksiyasına qarşı çıxır.
 
Variant 1: İran səfiri nəqliyyat kommunikasiyalarının ekstraterritorial, yəni öz anlayışlarındakı dəhliz məntiqində olmayacağını açıqladı. O, bütövlükdə kommunikasiya imkanlarını şübhə altına almadı. Bu isə o deməkdir ki, Mehridən keçən dəmir yolu mümkündür.
 
Variant 2: Diplomat İranın rəsmi mövqeyini açıqlayaraq bildirdi ki, belə bir kommunikasiya olmayacaq, çünki Tehran buna qarşıdır. Lakin bu kommunikasiya olmadan AZ və ER arasında bütün kommunikasiyaların açılması mümkün deyil, komminikasiyalar açılmadan isə sülh müqaviləsi də mümkün deyil.
 
Onu da qeyd edək ki, İran XİN rəhbərinin ölkəsinin ER və AZ səfirlərilə görüşü sülh müqaviləsinin imzalanması ərəfəsində Tehranın fəaliyyətinin koordinasiyasına xidmət edir. İran öz maraqlarının nəzərə alınması üçün hər cür səy göstərir.
 
Bəs həmin maraqlar nədən ibarətdir? İran artıq öz ərazisindən keçən avtomobil yolu qazanıb və dəmir yolu üçün niyyət protokolu əldə edib. Yəni, Ermənistanın maraqları bahasına İran regional nəqliyyat layihəsində rol alıb. Görünür, Tehran ER ərazisindən keçən dəmir yolu layihəsini pozmaq və bununla da sülh müqaviləsi mövzusunu sabotaj etmək niyyətindədir. Bu isə o deməkdir ki, İran sözügedən nəqliyyat dəhlizi boyunca bütün növ kommunikasiyaları özündə cəmləmək istəyir.
 
Burada ABŞ-ın mövqeyini də nəzərə almaq lazımdır. İran ərazisindən Naxçıvan və Türkiyəyə istənilən nəqliyyat əlaqəsi Vaşinqton üçün qəbuledilməzdir.
 
Beləliklə, İran və ABŞ-ın ER ərazisindəki kommunikasiyalarla bağlı baxışları arasında növbəti qığılcım yaranıb. Etiraf etmək lazımdır ki, prosesin əvvəlində rəsmi İrəvan Ermənistanın təhlükəsizliyi və nəqliyyat kommunikasiyaları üzərində suverenliyinin qorunması mövzusunda Qərbin (ABŞ/Aİ) İranla mövqeyinin uzlaşmasını təmin etməyi bacarıb. Lakin Qərb bu mövzunu sonraya saxladığı halda, İran AZ və Türkiyəyə öz xidmətlərini, ərazisini və iştirakını təklif edərək məqsədlərinə qismən nail olub. İndi isə İranla Qərb arasında nəqliyyat kommunikasiyaları mövzusundakı ziddiyyətlər qarşıdurma və açıq bəyanatlar səviyyəsinə çatıb.
 
Əlbəttə ki, dəstək qarşılığında nə isə ödəməlisən və Ermənistanın timsalında bu, dövlətin öz maraqlarıdır.
 
Kommunikasiya mövzusunda ER hakimiyyətinin qarşısında çoxsəviyyəli vəzifə durur: AZ rəhbərliyini Rusiyanın nəzarəti olmadan və İranın niyyətinə zidd olaraq ER ərazisindən Naxçıvana avtomobil və dəmir yolu xəttinin olacağına inandırmaq.


Bacaracaqlarmı? Görünür, bu mövzu ER Təhlükəsizlik Şurası katibinin ABŞ-dakı məsləhətləşmələrində əsas müzakirə mövzularından biri olacaq. ER hökumətində İran istiqamətinə cavabdeh məhz Qriqoryandır. Görək ER rəhbərliyi öz havadarlarının ziddiyyət labirintindən necə çıxacaq.
 
@cssc_cqtm
👍23
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Toplum TV-nin Toplumun Nəbzi verilişində "ABŞ rəsmilərinin Bakıya səfərindən sonra verilmiş qərarlar" mövzusu ətrafında müzakirədə iştirak edib.

Daha ətraflı: https://www.youtube.com/watch?v=XYi61XJB9kk
👍10
Yolumuz haradır?!
 
Müasir dövrdə Azərbaycanın xarici siyasət prioritetləri haqqında...
 
Azərbaycan ərazilərinin işğalı dövründə ölkəmizin balanslaşdırılmış xarici siyasəti səmərəli alət olub. Bu dövrdə Azərbaycanın ərazi bütövlüyünün tanınması rəsmi Bakının xarici siyasət prioritetləri seçimində əsas meyar rolunu oynayıb. Lakin ərazilərin Ermənistan tərəfindən işğalı Azərbaycan üçün müstəqil, balanslaşdırılmış xarici siyasətin həyata keçirilməsində məhdudlaşdırıcı rol oynamayıb və bu, heç də təsadüfi yox, təbii əsaslara bağlıdır.
 
Həmin əsaslar Azərbaycanın geosiyasi identikliyinin dəyişməz amillərindən qaynaqlanır:
- Tarix (Cənubi Qafqaz, Orta Asiya, Yaxın Şərq, Rusiya İmperiyasının və SSRİ-nin bir hissəsi);
- Coğrafiya (Avropa qitəsinin bir hissəsi);
- Dini mənsubiyyət (İndoneziyadan Mərakeşə qədər);
- Dil/mədəniyyət (Türk dünyası).
 
Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyev bu dəyişməz amillərlə yanaşı, Azərbaycan geosiyasi identikliyinin yeni elementlərini yaratdılar:
 
- Enerji axınları;
- Nəqliyyat və logistika imkanları;
- Qoşulmama Hərəkatı (hərbi-siyasi bloklara qatılmamağın siqnalı kimi).
 
Bu cür çoxtəbəqəli geosiyasi identiklik həm böyük imkanlar, həm də çoxsəviyyəli risklər yaradır. Azərbaycanın xarici siyasəti imkanlardan məharətlə istifadə edib, risklərin təsirini minimuma endirib. Bu kontekstdə balanslaşdırılmış siyasət proqnozlaşdırıla bilənlik, sabitlik və ardıcıllıq elementləri yaradıb. Bu, Azərbaycana 2020-ci il müharibəsində qalib gəlmək və 2023-cü ildə öz suverenliyini tam bərpa etmək, geosiyasi güc mərkəzlərinin təzyiqini dəf etmək imkanı verib.
 
Bununla belə, dünya dəyişir... və bu dəyişiklik açıq qarşıdurma, müharibələrə doğru baş verir. Bir sıra dövlətlərin nüvə silahına malik olması bu ölkələrin ərazisində müharibələrin aparılmasını qeyri-mümkün etməklə, toqquşmaların nüvə silahı olmayan başqa ölkələrin ərazilərinə keçməsinə səbəb olub.
 
Bu gün qarşıdurma hərbi-siyasi, iqtisadi və texnoloji müstəvidə gedir. Qlobal miqyasda çatın formalaşması üçün yalnız qarşıdurmanın sivilizasiyalar müstəvisinə keçidi qalır. Artıq hərbi-siyasi və iqtisadi blokların üzvü olan kiçik dövlətlərin xarici siyasəti məhdudlaşır. Hərbi-siyasi bloklara daxil olmayan dövlətlər isə güc mərkəzlərinin fəal maraq obyektidir. Bu dövlətlər hərbi əməliyyatlar teatrının bilavasitə yaxınlığındadırsa və ya onların ərazisində münaqişələr mövcuddursa, demək ki, həmin dövlətlərin öz iradəsinə zidd olaraq qlobal qarşıdurmaya cəlb edilməsi üçün əsas var.
 
Seçim elə də çox deyil...
 
- Ya təhlükəsizlik zəmanətlərinin və iqtisadi rifahın vəd edildiyi mövcud hərbi-siyasi və iqtisadi bloklara qoşulmaq... Hərçənd, artıq xeyli vaxt itirilib, təhlükəsizlik və iqtisadi fəsadlar olmadan bunu etmək demək olar ki, mümkün deyil (Ukrayna və Ermənistan misalı).
 
- Ya da, eyni çağırış və problemlərə malik ölkələrdən ibarət həmfikirlər qrupu yaratmaq.
 
Müasir şəraitdə Azərbaycan balanslaşdırılmış mövqedən əl çəkə bilməz və çəkməməlidir, bu mexanizm öz resurslarını hələ tükətməyib. Bununla belə, problemlərin ciddiliyi və vəziyyətin dəyişkənliyi həmfikir ölkələrin axtarışında daha fəal olmaq üçün zəmin yaradır.
 
Qlobal səviyyədə belə həmfikirlər yenə də Qoşulmama Hərəkatı, Qlobal Cənub, regional liderlər, lokal səviyyədə isə Mərkəzi Asiya ölkələri, Gürcüstan, Türkiyə və Pakistandır.
 
Həmfikir ölkələr arasındakı münasibətləri xarici siyasət prioritetlərinin oxşarlığı ilə məhdudlaşdırmaq olmaz, bu, artıq kifayət etmir. İndi iqtisadi qarşılıqlı fəaliyyətin, təhlükəsizlik sahəsində əməkdaşlığın, regional formatların inkişafının, yəni hazırda Azərbaycanın fəaliyyətində gördüyümüz bütün elementlərin sürətləndirilməsi vacibdir. Həmfikir ölkələrin müxtəlif hərbi-siyasi və iqtisadi bloklara cəlb edilməsi həmin bloklarla qarşılıqlı fəaliyyəti artırmaq imkanı deməkdir. Bu, bir tərəfdən həmfikir ölkələr qrupu ilə yaxınlaşmaq, digər tərəfdən isə sözügdən blokları Azərbaycana münasibətdə maksimum proqnozlaşdırıla bilən etmək məqsədi daşıyır.
 
@cssc_cqtm
👍29👎3
Azərbaycan (AZ) və Ermənistan (ER) arasında sülhün zəmanətləri
 
Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin sülh müqaviləsindən gözləntiləri ilə bağlı çıxışında qeyd edib: “Azərbaycana nə lazımdır? Ermənistanda heç bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı qəti şəkildə, təsdiqlənmiş zəmanət lazımdır. Bu, bizə niyə lazımdır? Çünki biz Ermənistanda nə baş verdiyini bilirik və həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox pis məsləhətçiləri var”.
 
Beləliklə, Prezident İlham Əliyev müharibə başa çatdıqdan sonra ötən üç il ərzində gündəmə olan bir mövzuya aydınlıq gətirib. Bu mövzu gələcəkdə daxili işlərə qarışmamaq öhdəliyi şəklində sülh müqaviləsinin prinsiplərindən birində öz əksini tapıb. Lakin bütün danışıqlar prosesi boyu erməni tərəfi sözdə sülh müqaviləsinin prinsiplərini qəbul edərək, faktiki olaraq AZ-nın daxili işlərinə qarışıb - Qarabağ ermənilərini maliyyələşdirib, öz silahlı qüvvələrinin qalıqlarını Qarabağdan çıxarmaqdan imtina edib, həmçinin Qarabağ məsələsini beynəlxalq təşkilatlarda və məhkəmələrdə qaldırıb.
 
Hətta sentyabrın 19-20-də bir günlük antiterror tədbirləri nəticəsində ER Silahlı Qüvvələrinin qalıqlarının Qarabağdan qaçması və erməni əhalisini də özləri ilə aparması belə Paşinyan hökumətini AZ-nın daxili işlərinə qarışmaq fikrindən çəkindirməyib. İşə Fransanın və digər aktorların timsalında ER-nın himayədarları qoşulub və Azərbycan Prezidenti ilə danışıqlarda Qarabağ mövzusunu gündəmə gətirməyə çalışıb, lakin danışıqlar baş tutmayıb. Beynəlxalq Cinayət Məhkəməsi də ER-nın AZ-a qarşı iddiasının Qarabağın ərazi mənsubiyyətini şübhə altına alan bəndlərini rədd edib.
 
Əslində Paşinyan və ətrafı heç də “ağ qanadlı sülh mələkləri” deyillər. Onlar belə davranmağa məcbur olublar. AZ Prezidenti və Silahlı Qüvvələri onlara başqa seçim qoymayıb!!!
 
AZ-nın ER tərəfdən revanş cəhdinin mümkünlüyünə əsaslı şübhələri var. Bu şübhələr tarixin saxtalaşdırılması təcrübəsi (1918-ci ildən ermənilərin Qarabağ mövzusunu qaldırmadığı on illik olmayıb) və ER qanunvericiliyinə əsaslanır.
 
AZ səmimi qəlbdən ER-la uzunmüddətli və sarsılmaz sülh arzulayır. Odur ki, gələcəkdə qisas almağın mümkün olmadığına zəmanət lazımdır.
 
Bu zəmanətlər nə ilə ifadə oluna bilər?

Təbii ki, ilk növbədə bu, Qarabağın ER-nın tərkib hissəsi hesab edildiyi ER-nın müstəqillik aktı, Konstitusiyası və qanunvericiliyidir. Bu kontekstdə təkcə Paşinyanın təminatları və imzalanmış sülh müqaviləsi kifayət etməyəcək. Paşinyan bu gün var, sabah isə gedəcək. Bəs onda necə olacaq?! Yenə müharibə?!
 
Sülh müqaviləsi və onun ratifikasiyası prosesi bütün digər qanunvericilik aktlarının sülh müqaviləsinin müddəalarına uyğunlaşdırılması üçün əsas ola bilər. Ancaq bunun üçün hələ inanılması vacib olan razılaşmalar və təminatlar lazımdır. Bəs müstəqilik aktı?! Bütün bunlar uzunmüddətli həllərin müzakirəsi və işlənib hazırlanması üçün vaxt tələb edir.
 
Məsələn, ER ərazisində özünü ləğv etmiş “DQR”in nümayəndəliyi var ki, onun “parlamenti” artıq “həyat siqnalları” verməyə başlayıb. Təbii ki, Paşinyanın partiyasının nümayəndələri deyirlər ki, ER ərazisindəki bu fəaliyyət Ermənistanın özü üçün də təhlükəsizlik riskləri yaradır. Amma bunlar sadəcə bəyanatlardır.
 
Yanvarın 1-i yaxınlaşır, ondan sonra formal olaraq “DQR” mövcud olmayacaq. Lakin bu tarixə qədər ER ərazisində sülh prosesinə xələl gətirə biləcək addımlar atıla bilər. ER-da üzərində qondarma qurumun rəmzləri əks olunan bina ola bilməz və olmamalıdır. Fərdi mülki təşəbbüslər ayrı məsələdir, lakin nümayəndəlik dövlət qeydiyyatına alınmış hüquqi şəxsdir.
 
ER hökuməti nəzərə almalıdır ki, atılan addımlar ardıcıl və prinsipial olmalı, sülh gündəmini dərinləşdirmək üçün etimad mühiti yaratmalıdır. Paşinyan hökumətinin bundan əvvəlki bəyanatları və hərəkətləri prosesə ancaq ziyan vurub.
 
ABŞ, Fransa, Aİ institutlarının simasında ER-nın himayədarları da “Qarabağ qovluğunu” bağlamalıdırlar, əks halda ER AZ-la sülhə nail ola bilməz. Əgər ER və ermənilər onlar üçün bu qədər əzizdirsə, o zaman sülh prosesinin məntiqinə əməl etməlidirlər.
 
@cssc_cqtm
👍22
Brüsselin “sancıları”: Mişelin sülh təşəbbüsü sona çata bilər
 
Artıq xeyli müddətdir ki, Ermənistan-Azərbaycan sülh nizamlanması üzrə beynəlxalq vasitəçilik platformaları çərçivəsində aparılan danışıqlarda fasilə yaranıb. Qarşılıqlı etimad böhranından qaynaqlanan mövcud durğunluq bilavasitə münaqişə tərəfləri arasında ikitərəfli formatın aktivləşməsinə şərait yaradıb. Qısa müddət ərzində Ermənistan və Azərbaycan birbaşa danışıqlar sayəsində indiyədək vasitəçilərin iştirakı ilə həlli mümkün olmayan bir sıra məsələlər üzrə razılığa gəlməyi bacarıb.
 
Parisin əsirinə çevrilmiş Brüssel
Belə görünür ki, Bakı və İrəvanın sərbəst şəkildə razılığa gələ bilməsi Rusiya, Aİ və ABŞ-ın timsalındakı beynəlxalq vasitəçilərin heç də ürəyincə deyil. Moskva, Brüssel və Vaşinqtonun Ermənistan-Azərbaycan danışıqlarına ev sahibliyi etməyə hazır olduqlarını dönə-dənə xatırlatmaları, eləcə də Aİ Şurası rəhbəri Şarl Mişelin Qarabağ erməniləri və Azərbaycanın onlarla bağlı öhdəliklərinə dair son bəyanatı məhz bu kontekstdə qiymətləndirilməlidir. 
 
Qeyd edək ki, Mişelin vasitəçiliyilə Aİ-nin müxtəlif ölkələrində baş tutan Ermənistan-Azərbaycan yüksək səviyyəli görüşləri onun şəxsi təşəbbüsüdür. Brüssel formatı kimi tanınan bu danışıqların Cənubi Qafqazdakı sülh prosesinə müsbət töhfəsi danılmazdır. Lakin sonradan Fransanın işə müdaxiləsi Mişelin diplomatik səylərini demək olar ki, heçə endirib.
 
Sırf ermənipərəst mövqedən çıxış edən Parisin Brüssel formatını öz təsiri altına alması Azərbaycanın bu platformada iştirakını mümkünsüz edib. Məhz Makronun diktəsilə irəli sürülən Qranada prinsipləri Avropa vasitəçiliyini məhdudlaşdırıb. Belə ki, həmin prinsiplərə əsasən Qarabağı tərk edən erməni əhalinin “heç bir şərt olmadan”, özü də “beynəlxalq nəzarət altında” geri qayıtması rəsmi Bakı üçün qəbuledilməzdir.
 
Azərbaycanın gözləntiləri
Öz addımlarında hər zaman beynəlxalq hüququn aliliyini rəhbər tutan Azərbaycan dünya birliyinin bütün üzvlərindən analoji yanaşmanı gözləyir. Məhz beynəlxalq hüquq təcrübəsinə əsasən, əcnəbilərin digər ölkə ərazisində yaşaması yalnız həmin ölkənin müvafiq qurumlarından yaşayış icazəsinin və ya vətəndaşlığın alınması ilə mümkündür. Odur ki, mütləq əksəriyyəti Ermənistan vətəndaşı olan Qarabağ ermənilərinin Azərbaycan ərazisində yaşaması da “heç bir şərt olmadan” həyata keçirilə bilməz. 
 
Qarabağda beynəlxalq nəzarətin təşkilinə gəlincə, Bakı bunu hazırda bölgədə fəaliyyət göstərən Rusiya sülhməramlı kontingenti, Rusiya-Türkiyə birgə monitorinq mərkəzi, regiona mütəmadi səfərlər edən BMT nümayəndə heyəti vasitəsilə artıq təmin edib. Belə halda Qarabağdakı mövcud beynəlxalq nəzarət vasitələrinə Aİ missiyası simasında dəyişikliyin edilməsi istəyi yalnız Brüsselin öz maraqlarını əks etdirir.  
   
Bütün vasitəçilərdən ən azından obyektiv yanaşma tələb edən Azərbaycanın Aİ-dən gözləntiləri də eynidir. Başda Şarl Mişel olmaqla, avropalı liderlərin öz bəyanatlarında yalnız erməni tərəfinin maraqlarını dilə gətirərək, Azərbaycanın qayğılarını görməzdən gəlmələri onların tərəfsiz vasitəçiliyinə ciddi şübhələr yaradır. 
 
Yorulmadan Qarabağ ermənilərinin hüquqlarından danışan Aİ rəsmiləri vaxtilə indiki Ermənistan ərazisindən qovulan qərbi azərbaycanlıların analoji hüquqları barədə inadla susur. Halbuki, Azərbaycan tərəfi dəfələrlə ən yüksək səviyyədə Qarabağ ermənilərinə bütün lazımi təminatları təqdim etsə də, İrəvan qərbi azərbaycanlılar barədə heç eşitmək belə istəmir.
 
Nəticə
Beləliklə də, indiyədək yalnız Qarabağ ermənilərinin hüquqlarından danışan Mişelin həmin hüquqları nəhayət ki, Azərbaycan Konstitusiyası çərçivəsinə salması müsbət haldır. Lakin Aİ Şurası sədrinin bu kontekstdə qərbi azərbaycanlıları yad etməməsi ancaq təəssüf doğurur və onun birtərəfli Qranada prinsipləri çərçivəsindən kənara çıxa bilmədiyini göstərir. Tərəflərin sülh müqaviləsinə doğru irəlilədiyi bir vaxtda Şarl Mişelin “ermənilərdən daha artıq erməni” olmaq istəyi və açıq şəkildə birtərfəli bəyantlar verməsi isə onun təşəbbüskarı olduğu Brüssel formatını həmişəlik gözdən salaraq tarixin arxivinə göndərə bilər.
 
@cssc_cqtm
👍23