CSSC Baku – Telegram
CSSC Baku
3.07K subscribers
12 photos
2 videos
201 links
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) Azərbaycanda, Bakıda yerləşən, Cənubi Qafqazda və onun qonşuluğunda siyasi və iqtisadi prosesləri tədqiq edən müstəqil qeyri-hökumət təşkilatıdır. Yayımlanan materiallara istinadın verilməsi vacibdir. www.cssc.az
Download Telegram
Azərbaycan (AZ) və Ermənistan (ER) arasında sülhün zəmanətləri
 
Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin sülh müqaviləsindən gözləntiləri ilə bağlı çıxışında qeyd edib: “Azərbaycana nə lazımdır? Ermənistanda heç bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı qəti şəkildə, təsdiqlənmiş zəmanət lazımdır. Bu, bizə niyə lazımdır? Çünki biz Ermənistanda nə baş verdiyini bilirik və həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox pis məsləhətçiləri var”.
 
Beləliklə, Prezident İlham Əliyev müharibə başa çatdıqdan sonra ötən üç il ərzində gündəmə olan bir mövzuya aydınlıq gətirib. Bu mövzu gələcəkdə daxili işlərə qarışmamaq öhdəliyi şəklində sülh müqaviləsinin prinsiplərindən birində öz əksini tapıb. Lakin bütün danışıqlar prosesi boyu erməni tərəfi sözdə sülh müqaviləsinin prinsiplərini qəbul edərək, faktiki olaraq AZ-nın daxili işlərinə qarışıb - Qarabağ ermənilərini maliyyələşdirib, öz silahlı qüvvələrinin qalıqlarını Qarabağdan çıxarmaqdan imtina edib, həmçinin Qarabağ məsələsini beynəlxalq təşkilatlarda və məhkəmələrdə qaldırıb.
 
Hətta sentyabrın 19-20-də bir günlük antiterror tədbirləri nəticəsində ER Silahlı Qüvvələrinin qalıqlarının Qarabağdan qaçması və erməni əhalisini də özləri ilə aparması belə Paşinyan hökumətini AZ-nın daxili işlərinə qarışmaq fikrindən çəkindirməyib. İşə Fransanın və digər aktorların timsalında ER-nın himayədarları qoşulub və Azərbycan Prezidenti ilə danışıqlarda Qarabağ mövzusunu gündəmə gətirməyə çalışıb, lakin danışıqlar baş tutmayıb. Beynəlxalq Cinayət Məhkəməsi də ER-nın AZ-a qarşı iddiasının Qarabağın ərazi mənsubiyyətini şübhə altına alan bəndlərini rədd edib.
 
Əslində Paşinyan və ətrafı heç də “ağ qanadlı sülh mələkləri” deyillər. Onlar belə davranmağa məcbur olublar. AZ Prezidenti və Silahlı Qüvvələri onlara başqa seçim qoymayıb!!!
 
AZ-nın ER tərəfdən revanş cəhdinin mümkünlüyünə əsaslı şübhələri var. Bu şübhələr tarixin saxtalaşdırılması təcrübəsi (1918-ci ildən ermənilərin Qarabağ mövzusunu qaldırmadığı on illik olmayıb) və ER qanunvericiliyinə əsaslanır.
 
AZ səmimi qəlbdən ER-la uzunmüddətli və sarsılmaz sülh arzulayır. Odur ki, gələcəkdə qisas almağın mümkün olmadığına zəmanət lazımdır.
 
Bu zəmanətlər nə ilə ifadə oluna bilər?

Təbii ki, ilk növbədə bu, Qarabağın ER-nın tərkib hissəsi hesab edildiyi ER-nın müstəqillik aktı, Konstitusiyası və qanunvericiliyidir. Bu kontekstdə təkcə Paşinyanın təminatları və imzalanmış sülh müqaviləsi kifayət etməyəcək. Paşinyan bu gün var, sabah isə gedəcək. Bəs onda necə olacaq?! Yenə müharibə?!
 
Sülh müqaviləsi və onun ratifikasiyası prosesi bütün digər qanunvericilik aktlarının sülh müqaviləsinin müddəalarına uyğunlaşdırılması üçün əsas ola bilər. Ancaq bunun üçün hələ inanılması vacib olan razılaşmalar və təminatlar lazımdır. Bəs müstəqilik aktı?! Bütün bunlar uzunmüddətli həllərin müzakirəsi və işlənib hazırlanması üçün vaxt tələb edir.
 
Məsələn, ER ərazisində özünü ləğv etmiş “DQR”in nümayəndəliyi var ki, onun “parlamenti” artıq “həyat siqnalları” verməyə başlayıb. Təbii ki, Paşinyanın partiyasının nümayəndələri deyirlər ki, ER ərazisindəki bu fəaliyyət Ermənistanın özü üçün də təhlükəsizlik riskləri yaradır. Amma bunlar sadəcə bəyanatlardır.
 
Yanvarın 1-i yaxınlaşır, ondan sonra formal olaraq “DQR” mövcud olmayacaq. Lakin bu tarixə qədər ER ərazisində sülh prosesinə xələl gətirə biləcək addımlar atıla bilər. ER-da üzərində qondarma qurumun rəmzləri əks olunan bina ola bilməz və olmamalıdır. Fərdi mülki təşəbbüslər ayrı məsələdir, lakin nümayəndəlik dövlət qeydiyyatına alınmış hüquqi şəxsdir.
 
ER hökuməti nəzərə almalıdır ki, atılan addımlar ardıcıl və prinsipial olmalı, sülh gündəmini dərinləşdirmək üçün etimad mühiti yaratmalıdır. Paşinyan hökumətinin bundan əvvəlki bəyanatları və hərəkətləri prosesə ancaq ziyan vurub.
 
ABŞ, Fransa, Aİ institutlarının simasında ER-nın himayədarları da “Qarabağ qovluğunu” bağlamalıdırlar, əks halda ER AZ-la sülhə nail ola bilməz. Əgər ER və ermənilər onlar üçün bu qədər əzizdirsə, o zaman sülh prosesinin məntiqinə əməl etməlidirlər.
 
@cssc_cqtm
👍22
Brüsselin “sancıları”: Mişelin sülh təşəbbüsü sona çata bilər
 
Artıq xeyli müddətdir ki, Ermənistan-Azərbaycan sülh nizamlanması üzrə beynəlxalq vasitəçilik platformaları çərçivəsində aparılan danışıqlarda fasilə yaranıb. Qarşılıqlı etimad böhranından qaynaqlanan mövcud durğunluq bilavasitə münaqişə tərəfləri arasında ikitərəfli formatın aktivləşməsinə şərait yaradıb. Qısa müddət ərzində Ermənistan və Azərbaycan birbaşa danışıqlar sayəsində indiyədək vasitəçilərin iştirakı ilə həlli mümkün olmayan bir sıra məsələlər üzrə razılığa gəlməyi bacarıb.
 
Parisin əsirinə çevrilmiş Brüssel
Belə görünür ki, Bakı və İrəvanın sərbəst şəkildə razılığa gələ bilməsi Rusiya, Aİ və ABŞ-ın timsalındakı beynəlxalq vasitəçilərin heç də ürəyincə deyil. Moskva, Brüssel və Vaşinqtonun Ermənistan-Azərbaycan danışıqlarına ev sahibliyi etməyə hazır olduqlarını dönə-dənə xatırlatmaları, eləcə də Aİ Şurası rəhbəri Şarl Mişelin Qarabağ erməniləri və Azərbaycanın onlarla bağlı öhdəliklərinə dair son bəyanatı məhz bu kontekstdə qiymətləndirilməlidir. 
 
Qeyd edək ki, Mişelin vasitəçiliyilə Aİ-nin müxtəlif ölkələrində baş tutan Ermənistan-Azərbaycan yüksək səviyyəli görüşləri onun şəxsi təşəbbüsüdür. Brüssel formatı kimi tanınan bu danışıqların Cənubi Qafqazdakı sülh prosesinə müsbət töhfəsi danılmazdır. Lakin sonradan Fransanın işə müdaxiləsi Mişelin diplomatik səylərini demək olar ki, heçə endirib.
 
Sırf ermənipərəst mövqedən çıxış edən Parisin Brüssel formatını öz təsiri altına alması Azərbaycanın bu platformada iştirakını mümkünsüz edib. Məhz Makronun diktəsilə irəli sürülən Qranada prinsipləri Avropa vasitəçiliyini məhdudlaşdırıb. Belə ki, həmin prinsiplərə əsasən Qarabağı tərk edən erməni əhalinin “heç bir şərt olmadan”, özü də “beynəlxalq nəzarət altında” geri qayıtması rəsmi Bakı üçün qəbuledilməzdir.
 
Azərbaycanın gözləntiləri
Öz addımlarında hər zaman beynəlxalq hüququn aliliyini rəhbər tutan Azərbaycan dünya birliyinin bütün üzvlərindən analoji yanaşmanı gözləyir. Məhz beynəlxalq hüquq təcrübəsinə əsasən, əcnəbilərin digər ölkə ərazisində yaşaması yalnız həmin ölkənin müvafiq qurumlarından yaşayış icazəsinin və ya vətəndaşlığın alınması ilə mümkündür. Odur ki, mütləq əksəriyyəti Ermənistan vətəndaşı olan Qarabağ ermənilərinin Azərbaycan ərazisində yaşaması da “heç bir şərt olmadan” həyata keçirilə bilməz. 
 
Qarabağda beynəlxalq nəzarətin təşkilinə gəlincə, Bakı bunu hazırda bölgədə fəaliyyət göstərən Rusiya sülhməramlı kontingenti, Rusiya-Türkiyə birgə monitorinq mərkəzi, regiona mütəmadi səfərlər edən BMT nümayəndə heyəti vasitəsilə artıq təmin edib. Belə halda Qarabağdakı mövcud beynəlxalq nəzarət vasitələrinə Aİ missiyası simasında dəyişikliyin edilməsi istəyi yalnız Brüsselin öz maraqlarını əks etdirir.  
   
Bütün vasitəçilərdən ən azından obyektiv yanaşma tələb edən Azərbaycanın Aİ-dən gözləntiləri də eynidir. Başda Şarl Mişel olmaqla, avropalı liderlərin öz bəyanatlarında yalnız erməni tərəfinin maraqlarını dilə gətirərək, Azərbaycanın qayğılarını görməzdən gəlmələri onların tərəfsiz vasitəçiliyinə ciddi şübhələr yaradır. 
 
Yorulmadan Qarabağ ermənilərinin hüquqlarından danışan Aİ rəsmiləri vaxtilə indiki Ermənistan ərazisindən qovulan qərbi azərbaycanlıların analoji hüquqları barədə inadla susur. Halbuki, Azərbaycan tərəfi dəfələrlə ən yüksək səviyyədə Qarabağ ermənilərinə bütün lazımi təminatları təqdim etsə də, İrəvan qərbi azərbaycanlılar barədə heç eşitmək belə istəmir.
 
Nəticə
Beləliklə də, indiyədək yalnız Qarabağ ermənilərinin hüquqlarından danışan Mişelin həmin hüquqları nəhayət ki, Azərbaycan Konstitusiyası çərçivəsinə salması müsbət haldır. Lakin Aİ Şurası sədrinin bu kontekstdə qərbi azərbaycanlıları yad etməməsi ancaq təəssüf doğurur və onun birtərəfli Qranada prinsipləri çərçivəsindən kənara çıxa bilmədiyini göstərir. Tərəflərin sülh müqaviləsinə doğru irəlilədiyi bir vaxtda Şarl Mişelin “ermənilərdən daha artıq erməni” olmaq istəyi və açıq şəkildə birtərfəli bəyantlar verməsi isə onun təşəbbüskarı olduğu Brüssel formatını həmişəlik gözdən salaraq tarixin arxivinə göndərə bilər.
 
@cssc_cqtm
👍23
Ermənistan-Rusiya münasibətləri: Fərqli ritorika, dəyişməz reallıq
 
Son zamanlar Ermənistanın Rusiyadan üz çevirərək Qərbə doğru meyl etməsindən çox danışılır. Lakin reallıq prosesin ritorikadan uzağa getmədiyini göstərir. Cari ay ərzində baş verən bəzi hadisələr Ermənistan hakimiyyətinin ölkənin Rusiyadan asılılığını azaltmaqla öz subyektliyi, suverenliyi və müstəqilliyini artırmaq istəyində nə dərəcədə səmimi olub-olmadığını bir daha əyani şəkildə sübut edir.
 
Setrakov işi
Rusiya vətəndaşı Dmitri Setrakovun Ermənistan ərazisində Rusiya Federasiyasının Hərbi Polisi tərəfindən saxlanılaraq Rusiyanın Gümrüdəki hərbi bazasına aparılması erməni ictimaiyyətində geniş rezonans doğurub. Belə ki, müqavilə üzrə Rusiya ordusunda xidmət edən və Ukrayna cəbhəsindən qaçaraq Ermənistana gələn Setrakov prosedur qaydalarına əsasən, bu ölkənin ərazisində ikən yalnız Rusiya tərəfinin müraciəti əsasında yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanıla bilərdi. İnsident Kremlin təqibindən yaxa qurtarmaq üçün Ermənistana pənah gətirən rusiyalılar arasında narahatlıq və hətta qorxu, Ermənistan vətəndaşları arasında isə çaşqınlıq və qəzəb yaradıb.
 
Doğrudan da, axı Rusiya Ermənistanda kimisə necə həbs edə bilər?! İrəvan bu barədə susur! Halbuki, Setrakov işi, yəni bir ölkənin güc strukturunun digər ölkə ərazisində birtərəfli fəaliyyəti faktiki olaraq ikinci ölkənin suverenliyinə yönəlmiş hücum kimi qiymətləndirilməlidir. Bu baxımdan, adıçəkilən işin gələcək inkişafı maraq doğurur. Ermənistan tərəfi susqunluğunu qoruyacaq, yoxsa öz suverenliyinə qarşı edilən bu hücumla bağlı hansısa cavab addımı atacaq? İrəvan Setrakovun Ermənistandan Rusiyaya aparılmasının qarşısını ala biləcəkmi? Bu suallar hələ ki, cavabsız qalır.    
 
Yeni razılaşmalar
Bir neçə gün öncə Rusiya ilə Ermənistan arasında Metsamor AES-in ikinci enerji blokunun istismar müddətinin 10 il uzadılması barədə saziş imzalanıb. Bu məqsədlə İrəvan “Rusatom Servis” şirkəti ilə 65 milyon dollarlıq müqavilə layihəsini təsdiqləyib. Bununla yanaşı, Avrasiya İqtisadi Birliyi (AİB) xəttilə Ermənistan üçün ayrılmış 533 milyon dollarlıq sərmayəyə əlavə olaraq, daha 300 milyon dollar həcmində investisiyaların ölkə iqtisadiyyatına yatırılması planları açıqlanıb. Həmçinin, “Qazprom” gözləntilərin əksinə olaraq, 2024-cü ildə təbii qazın Ermənistana satış qiymətini 1000 kubmetr üçün 165 ABŞ dolları səviyyəsində sabit saxlayıb.
  
Moskva ilə İrəvan arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi Ermənistanın Rusiyadan asılılığını azaltmaq istəyini bəyan edən Paşinyan hökumətinin bu istiqamətdəki qeyri-ardıcıllığının daha bir göstəricisidir. İki ölkə arasında ticarət dövriyyəsinin indiyədək görünməmiş sürətlə artması (2023-cü ilin ilk doqquz ayında +43,5%, $4.4 mlrd.) fonunda Ermənistan iqtisadiyyatına yatırılacaq yeni sərmayələr Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafına yönəldiləcək ki, bu da qarşılıqlı ticarət və asılılığı daha da artıracaq.
 
Nəticə
Görünən odur ki, sözdə Qərbə doğru yönələn Ermənistan hakimiyyəti əməldə Rusiya ilə əlaqələri daha da dərinləşdirir. İrəvan KTMT, MDB, AİB kimi Rusiyanın inteqrasiya layihələrində iştirakçı olaraq qalmaqla Kremllə mütəffiqliyi hərbi, siyasi və iqtisadi sahələrdə davam etdirir. Ermənistan KTMT-dən çıxacağı təqdirdə AİB-dən yeni investisiyalar və güzəştlər alması mümkün deyil. Digər tərəfdən, Gümrüdəki Rusiya hərbi bazasının Ermənistandan çıxarılması gündəmdə deyil və ölkə sərhədlərinin mühafizəsində Rusiya sərhədçiləri hələ də yaxından iştirak edirlər.
 
İrəvanın Moskvadan istər iqtisadi, istər hərbi və təhlükəsizlik sahəsindəki ciddi asılılığı şəraitində Ermənistanın Rusiyadan qoparaq Qərbə doğru üz tutması böyük suallar doğurur. Cari ay ərzində iki ölkə arasındakı münasibətlərdə müşahidə olunan dinamika isə Ermənistan hakimiyətinin öncəki anti-Rusiya bəyanatlarının həm Qərb, həm də Kremldən daha çox güzəşt qoparmaq məqsədi daşıdığını deməyə əsas verir. Bu baxımdan, ilin sonunda Ermənistan baş nazirinin Rusiya prezidenti ilə gözlənilən görüşü bir çox mətləblərə aydınlıq gətirəcək. 
 
@cssc_cqtm
👍19
Cənubi Qafqazda kimin Rusiya ilə ticarəti daha çox artıb?

Cənubi Qafqazda gedən geo-siyasi proseslərin fonunda yaranan əsas suallardan biri bu regionun Rusiya ilə iqtisadi əlaqələrinin nəcə dəyişməsidir. Ermənistan və Gürcüstanda Qərbə inteqrasiyası ilə bağlı fikilər səsləndirilsə də iqtisadi göstəricilər bunun əksini göstərir. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra onların Rusiyadan iqtisadi asılılığı daha da artmışdır. Azərbaycan-Rusiya iqtisadi əlaqələrində isə kəskin dəyişiklik baş verməmişdir.

Azərbaycan-Rusiya ticarət əlaqələri
Azərbaycanın Rusiya ilə xarici ticarət dövriyyəsi 2021-ci ildə 12% artaraq $2.99 milyarda, 2022-ci ildə 23.8% artaraq $3.7 milyarda, 2023-cü ilin ilk on ayında isə 20% artaraq $3.44 milyarda çatmışdır. Rusiyanın ixracda payı 2021 və 2022-ci illərdə müvafiq olaraq 4.15% və 2.56%, 2023-cü ilin ilk on ayında isə 3.27% təşkil etmişdir.

Rusiyanın Azərbaycanın idxalında payı isə 2021, 2022 və 2023-cü ilin ilk on ayında müvafiq olaraq 17.72%, 18.81% və 17.51% olmuşdur. Göründüyü kimi Azərbaycanın Rusiya ilə ticarət əlaqələri son iki ildə əvvəlki illərdə olduğu kimi tədriclə artmışdır. Rusiyanın Azərbaycanın ticarətində payı da ciddi şəkildə dəyişməmişdir.

Gürcüstan-Rusiya ticarət əlaqələri
Gürcüstanın Rusiya ilə ticarət dövriyyəsi 2021-ci ildə 21% artaraq $1.6 milyarda, 2022-ci ildə 54.1% artaraq $2.48 milyarda, 2023-cü ilin ilk on ayında isə 1.2% artaraq $1.96 milyarda çatmışdır. Rusiyanın ixracda payı 2021 və 2022-ci illərdə müvafiq olaraq 14.4% və 11.7%, 2023-cü ilin ilk on ayında isə 11% təşkil etmişdir.

Rusiyanın Gürcüstanın idxalında payı 2021, 2022 və 2023-cü ilin ilk on ayında müvafiq olaraq 10%, 13.6% və 11% təşkil etmişdir. Göründyü kimi Gürcüstanın Rusiya ilə ticarət əlaqələri son iki ildə artıma meylli olsa da kəskin artım müşahidə edilməmişdir. Təkcə 2022-ci ildə Rusiyadan Gürcüstana idxal kəskin şəkildə (79.4%) artmışdır. Rusiyanın idxalda payı isə 3.6% artmışdır.  

Ermənistan-Rusiya ticarət əlaqələri
Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 2021-ci ildə 32% artaraq $2.85 milyarda, 2022-ci ildə 86% artaraq $5.3 milyarda, 2023-cü ilin ilk on ayında isə $5.6 milyarda çatmışdır. Ermənistandan Rusiyaya ixrac 2022-ci ildə 2.4 dəfə artaraq $2.4 milyarda çatmışdır.  Rusiyanın Ermənistanın ixracında payı 2021 və 2022-ci illərdə müvafiq olaraq 28% və 45%, 2023-cü ilin ilk on ayında isə 50% təşkil etmişdir. Rusiyanın Ermənistanın idxalında payı 2021, 2022 və 2023-cü ilin ilk on ayında müvafiq olaraq 37.3%, 33% və 27.8% təşkil etmişdir. Göründüyü kimi son iki ildə Ermənistanla Rusiya arasında ticarət əlaqələrində, xüsusilə də ixracda kəksin dəyişikliklər baş vermiş və Rusiyanın xarici ticarət əlaqələrində mövqeyi daha da möhkəmlənmişdir. 

Müqayisəli təhlili
Cənubi Qafqaz ölkələrindən son iki ildə Ermənistanın Rusiyaya ixracı kəskin şəkildə artdığı halda Azərbaycan və Gürcüstandan Rusiyaya ixracı sabit qalmışdır. Hər üç ölkənin Rusiyadan idxalı isə 2022-ci ildə artmış və bu trend 2023-cü ildə də davam etməkdədir. Son iki ildə Rusiyanın Ermənistanın ixracında payı əsaslı şəkildə artdığı halda, Azərbaycan və Gürcüstanın ixracında payı azalmağa meylli olmuşdur. Azərbaycan ixracda Rusiyanın payı ən az olan ölkə olmuşdur. Rusiyanın Ermənistan idxalında payı isə son iki ildə 10% azalmışdır. Azərbaycan və Gürcüstanın idxalında isə Rusiyanın payı 2022-ci ildə biraz artsa da 2023-cü ildə azalmışdır.

Cənubi Qafqaz ölkələrinin Rusiya ilə ticarət əlaqələrində artım dinamikası göstərir ki, 2022-ci ildə Ermənistanın Rusiyaya ixrac, Gürcüstanın isə Rusiyadan idxal tempi əsaslı şəkildə artıb. 2022-2023-cü illərdə istər ixrac, istərsə də idxal üzrə Azərbaycanın Rusiya ilə ticarət əlaqələri kəskin dəyişməyib.

Ümumilikdə, görünən mənzərə odur ki, Cənubi Qafqaz ölkələri arasında ticarət əlaqələrində Rusiyaya ən çox yaxınlaşan ölkə Ermənistan, daha sonra Gürcüstan olmuşdur.  Azərbaycanın Rusiya ilə ticarətində isə sabit artım tempi müşahidə edilmişdir.

@cssc_cqtm

Daha ətraflı: https://cssc.az/az/view/2/48/cenubi_qafqazda_rusiyaya_kim_daha_cox_yaxinlasib  
👍18
Cənubi Qafqazdakı regional konfiqurasiyada mümkün dəyişikliklər
 
Cənubi Qafqaz dünyanın ən fraqmentar bölgələrindən biridir. Regionun üç ölkəsi öz xarici siyasət prioritetlərində müxtəlif vektorlar seçib ki, bu da kiçik bir bölgədə KTMT və NATO-nun, Aİ və AİB-nin gömrük məkanının, eləcə də Qoşulmama Hərəkatı kimi üçüncü yolun tərəfdarlarının mövcudluğuna səbəb olub. Belə vəziyyət həm yaxın qonşular, həm də uzaq, lakin nüfuzlu güc mərkəzləri olan xarici oyunçuların regional konfiqurasiyalarda iştirakına şərait yaradıb.
 
Mövcud konfiqurasiyalar
Azərbaycan/Türkiyə/Gürcüstan
- müttəfiqlik səviyyəsinə çatmasa da, konkret layihələrin həyata keçirilməsində səmərəlilik nümayiş etdirir. Bugünədək çoxsaylı qarşılıqlı fəaliyyət və tərəfdaşlıq formatları əldə edib.
 
Ermənistan/Rusiya və Ermənistan/İran - bu formatlar paralel olaraq inkişaf edib. Rusiya və Ermənistan tam əhatəli bir ittifaq yaradıb, İran isə Ermənistanla strateji tərəfdaşlığa malikdir. Rusiya Ermənistanı İranla bölüşmək istəmədiyi üçün üçtərəfli formatın formalaşmasına imkan verməyib, Ermənistan isə bunu bacarmayıb. 2020-ci ildə Ermənistanın 44 günlük müharibədə məğlubiyyəti bu üçtərəfli oxun perspektivlərini alt-üst edib.
 
ABŞ, bütövlükdə Aİ və ayrı-ayrı Aİ ölkələri simasındakı Qərb region ölkələri ilə situativ münasibətlər qurub. Lakin 2020-ci ilə qədər yalnız Gürcüstanın Aİ ilə assosiasiyası xaricində zəmanətli heç nə təklif edə bilməyib.
 
Gələcək variantlar necə ola bilər?
44 günlük müharibənin nəticələri hələ də tam olaraq reallaşmayıb və ötən üç il ərzində regiondakı konfiqurasiyaya təsir edən müxtəlif addımlar atılıb. Azərbaycan və Ermənistan arasında gözlənilən sülh müqaviləsi, eləcə də Ermənistan-Türkiyə normallaşması yeni konfiqurasiyanın formalaşmasını sürətləndirəcək. Qeyd etmək lazımdır ki, regional proseslərin ənənəvi iştirakçıları öz mövqelərindən o qədər də asanlıqla imtina etmək fikrində olmadığından dinamika hələ də davam edəcək.
 
Azərbaycan və Türkiyə bütün fəaliyyət sahələrini əhatə edən müttəfiqlik münasibətlərini rəsmiləşdirib. Gürcüstan strateji tərəfdaş statusunda qalaraq üçtərəfli formatda iştirakını davam etdirir. Ermənistanın bu konfiqurasiyada iştirak perspektivi tərəfdaş kimi görünür. Azərbaycan-Türkiyə oxu kommunikasiya komponentinin aktuallaşması hesabına yeni cəlbediciliyə malikdir.
 
Rusiya hələ də Ermənistanın rəsmi müttəfiqi olaraq qalır, lakin İranla hansısa yolla bir araya gələ bilmir və ya bunu istəmir. Beləliklə, Ermənistanın Rusiyadan üz döndərməsi hələ formal olaraq baş verməsə də, əslində bu tandemin perspektivləri o qədər də parlaq deyil.
 
İran bu üç il ərzində forma və məzmunca yeni olan bir gündəm təqdim edə bilməyib. Ermənistan Rusiyadan İrana yox, Qərbə üz tutub. Gürcüstan ətalətlə Qərbə inteqrasiyasını davam etdirir. Azərbaycana hücum isə heç bir nəticə vermədi və İran Azərbaycan-Türkiyə nəqliyyat layihəsinin 60 km-lik hissəsilə kifayətlənməli oldu.
 
Ermənistanda Rusiya ilə münasibətlərdə boşluq yaranan kimi Qərb regionda fəallaşdı. ABŞ və Aİ Ermənistanı himayə etmək üzrə aktiv şəkildə Rusiyanı əvəz etməyə çalışır. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə dəstəyin rəsmiləşdirilməsi üçün “yerdə” resurslar yetərli olmadığından, bu dəstək Ermənistanın sərhədləri ilə məhdudlaşır. Bununla yanaşı, Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsi Qərbə 30 ildən artıq müddətdə ilk dəfə olaraq Gürcüstan/Ermənistan cütlüyü şəklində öz konfiqurasiyasını formalaşdırmağa başlamaq imkanı verir. Belə bir konfiqurasiya formalaşarsa, Qərb Azərbaycan/Türkiyə tandeminə qarşı bir növ məhdudlaşdırıcı və tərəfdaşlarının kommunikasiya layihələrində iştirakını əldə edəcək.
 
Nəticə
Bir daha qeyd edək ki, 2020-ci ilin 44 günlük müharibəsinin əsas geosiyasi nəticələri: Azərbaycan-Ermənistan sülh müqaviləsi, Ermənistan-Türkiyə normallaşması və kommunikasiyaların açılması reallaşmadığından bu konfiqurasiyalar dinamikadadır. Proseslər gedir və oyunçuların resursları yüksək sürətlə artır. Qığılcımlar isə Azərbaycan-Ermənistan sülh müqaviləsinin mətninin razılaşdırıldığı açıqlananda yarana bilər.
 
@cssc_cqtm
👍14
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Toplum TV-nin Toplumun Nəbzi verilişində "Azərbaycan siyasətində bu il nə baş verdi" mövzusu ətrafında müzakirədə iştirak edib.

Daha ətraflı: https://www.youtube.com/watch?v=obY7-0giFbA
👍7👎1
İranın Cənubi Qafqaz dilemması
 
İkinci Qarabağ müharibəsi sonrası Cənubi Qafqazda yaranmış geosiyasi rəqabətdə məğlub olan İran regional post-sovet dövrü siyasətinin yanlışlığını anlayır. Tehran Ermənistan vasitəsilə Azərbaycanın məhdudlaşdırılması cəhdlərinin iflası fonunda Bakı ilə bağlı öz siyasətinin köklü şəkildə dəyişilməsi ehtiyacını yekdilliklə qəbul edir. Lakin daxildəki fərqli qüvvələr arasında bu dəyişikliyin necə və hansı istiqamətdə baş verəcəyi ilə bağlı fikir ayrılığı var.
 
Radikal ideoloji yanaşma
İnqilab Keşikçiləri, radikal mühafizəkarlar, fars/iran millətçiləri və radikal dini dəstələrdən ibarət bir qrup daha sərt və aqressiv Cənubi Qafqaz siyasətinin tərəfdarıdır. Onların fikrincə, Tehran Bakını daim təhdid etməlidir, çünki İran-Azərbaycan ziddiyyətləri diplomatiya yolu ilə həll oluna bilməz. Məhz sözügdən qrup ali dini lider Xamneyinin dəstəyilə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı təcavüzkar siyasətin əsasını qoydu.
 
Lakin onların gözləmədiyi halda, Bakının sərt cavab tədbirləri ikitərəfli münasibətlərdə ciddi böhran yaratdı və Azərbaycanı İrandan uzaqlaşdırdı. Təcavüzkar siyasətin praktikada əks nəticə verdiyini görən İran geri addım atmağa başladı. Hərçənd, son zamanlar İran radikalları İsrail-HƏMAS münaqişəsindən Qafqaz siyasətinə təsir üçün fürsət kimi istifadə etmək istəyir, bu kontekstdə İrandakı bəzi anti-Azərbaycan qruplaşmalarını (“Hüseyniyyun”) tez-tez gündəmə gətirirlər.
 
Praqmatik yanaşma
Praqmatik baxış tərəfdarlarına görə, İranla Azərbaycan arasında bir çox məsələlərdə fikir ayrılığı olsa da, təcavüz problemlərin həlli yolu deyil. Belə ki, aqressivlik Bakını qorxutmur, əksinə Tehrandan uzaqlaşdırır və məhz belə siyasət nəticəsində Azərbaycan İrandan aralanaraq Türkiyə, İsrail kimi dövlətlərlə daha da yaxınlaşır. Radikalların iddialarının əksinə olaraq, praqmatiklərin fikrincə, rəsmi Bakı Tehranla yaxşı münasibətlər qurmaq istəyir.
 
Buna görə də Azərbaycanı düşmən kimi qələmə vermək yanlış və reallıqdan uzaqdır. Onlar hesab edirlər ki, əgər İran administrasiyası Azərbaycana qarşı yanlış siyasətindən əl çəksə, Bakı-Tehran münasibətləri normallaşacaq. Praqmatik baxış dövlətin icra bürokratiyasını təmsil edən ekspert yanaşmasıdır. Bu mövqeyi Xarici İşlər Nazirliyindən tutmuş Nəqliyyat Nazirliyinə qədər, İran bürokratiyası müdafiə edir.
 
Nəticə
İran administrasiyası daxilində radikallar və praqmatiklər arasındakı münaqişə hələ bitməyib və onun bitməsini gözləmək də düzgün olmaz. Tehranın Cənubi Qafqaz siyasəti radikal qrupların təsirindən qurtulmadıqca onun yenidən iflası qaçılmazdır. Belə ki, Cənubi Qafqazda gedən cari proseslər - Azərbaycanın qələbəsi, Rusiyanın zəifləməsi, Ermənistanın Qərbə can atması, Gürcüstanın Aİ yolunda irəliləməsi, Qərbin regiona nüfuzu İranın əleyhinədir. Bu proseslər Tehranın Azərbaycanla bağlı siyasətinin dəyişilməsini tələb edir. Lakin daxili hakimiyyət çəkişməsi bu dəyişikliyi çətinləşdirir. Hələ ki, İran və Azərbaycan administrasiyalarının ikitərəfli əlaqələri normallaşdırmaq cəhdləri radikal qrupların fəaliyyəti nəticəsində sağlam və proqnozlaşdırıla bilən münasibətlər üçün zəmin yarada bilməyib.
 
İranın Ermənistan mərkəzli Cənubi Qafqaz siyasətinin uğurlu olması mümkün deyil. Çünki Ermənistanın Qərb və Rusiya ilə münasibətlərinin gələcəyi naməlumdur. Bundan əlavə, Ermənistan-Azərbaycan sülh sazişi də üfüqdədir. Regional sülh Ermənistanın İrana ehtiyacını azaldacaq, İrəvanın Türkiyə və Səudiyə Ərəbistanı kimi ölkələrlə əlaqələrini normallaşdıracaq, türk və ərəb kapitalının Ermənistana axınına şərait yaradacaq. Odur ki, İran-Ermənistan münasibətləri əvvəlki kimi davam edə bilməz.
 
Bu baxımdan, Azərbaycanla gərginlik yaşayan İranın Cənubi Qafqazda nəticə əldə etməsi mümkün deyil. Aydındır ki, İran administrasiyası radikal ideoloji qrupların təsiri altında və İsrailin zəiflədilməsi təbliğatı ilə Azərbaycana qarşı yeni aqressivlik siyasəti apararsa, bu, ikitərəfli münasibətlər üçün fəlakətli olacaq. Regional proseslər fonunda İranın Azərbaycanla münasibətlərini normallaşdırmaqdan başqa variantı yoxdur.
 
@cssc_cqtm
👍17
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən Diqqət Mərkəzi verilişində Azərbaycan-Ermənistan sülh müqaviləsi və Fransanın Azərbaycana qarşı apardığı siyasət ilə bağlı müzakirədə iştirak edib.

Daha ətraflı: https://www.youtube.com/watch?v=Kq_prNEyZhY
👍11
Cənubi Qafqazda sülh prosesi: Vasitəçilər nə istəyir?
 
İlin son həftəsi regionumuz üçün mühüm siyasi hadisələrlə yadda qaldı. Azərbaycan və Ermənistan liderləri Rusiyaya səfər etdilər. Sankt-Peterburqda onların görüşü ayaqüstü söhbət formatında, üçtərəfli deyil, ikitərəfli əsasda baş tutdu.
 
Həmçinin, bu səfərdən əvvəl və sonra Rusiya, Türkiyə, İran və Azərbaycanın Xarici İşlər Nazirliklərinin rəhbərləri arasında telefon diplomatiyası aparıldı. İran XİN rəhbərinin Ermənistana səfəri zamanı sülh müqavləsinin 3+3 formatı çərçivəsində imzalanması, regionda təhlükəsizliyin yalnız bölgə dövlətləri və qonşu ölkələrin iştirakı ilə təmin edilməsinə dair bəyanatı, çox güman ki, məhz bu diplomatiyanın nəticəsi kimi ortaya çıxdı.
 
Bu tezisi səsləndirmək iranlı nazirə tapşırıldı, çünki Ermənistan rəhbərliyi Rusiyadan fərqli olaraq, İranın gözləntilərindən xüsusilə ehtiyatlanır. İran açıq və birmənalı şəkildə Ermənistanın ərazi bütövlüyünə təminatı bəyan edən yeganə ölkədir. Həmçinin, Hindistandan gələn silahlar İrandan keçir. Tehranda 3+3 formatında keçirilən görüşdə Ermənistan XİN rəhbərinin iştirakını məhz İran təmin edib.
 
Dekabrın 7-də Azərbaycan və Ermənistan liderləri administrasiyalarının birgə bəyanatından sonra biz öz formatlarında danışıqların davam etdirilməsini tələb edən Vaşinqton və Brüsselin fəallığını müşahidə etdik. Bugünlərdə isə İranın xarici siyasət gündəmində sülh müqaviləsi mövzusu aktuallaşıb.
 
Vasitəçilər və qonşulardan hər biri sülh prosesinə müdaxilə etməyə, burada öz iştirakını və maraqlarını təmin etməyə çalışır. Ancaq müqavilə ikitərəfli formatda müzakirə olunursa, o zaman bu fəaliyyətlər nəyə lazımdır? Müqavilənin hansı hissəsi belə ciddi aktivliyə səbəb olub?
 
Müəyyən dərəcədə bu sualın cavabını Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyovun “The Guardian”a müsahibəsində tapmaq olar. Diplomatın sözlərinə görə, tərəflər arasında gələcək sülh sazişinin şərhindəki fərqlilikləri və digər mübahisələri aydınlaşdırmaq üçün ikitrəfli komissiyanın yaradılması müzakirə olunur. Beləliklə, xarici qüvvələr sülh müqaviləsi mövzusunda heç nə etməyin mümkün olmayacağını anlayaraq, gələcək ziddiyyətlərin müzakirəsi prosesində yer almağa çalışırlar.
 
Əgər Azərbaycan Prezidenti Administrasiyasının yüksək rütbəli nümayəndəsi bu prosesi ikitərəfli formatda təsvir edirsə, o zaman istisna üsulu ilə belə nəticəyə gəlmək olar ki, Ermənistan sözügedən komissiyanı çoxtərəfli formatda görmək istəyir və bununla da bir tərəfdən Qərbin, digər tərəfdən Rusiya və İranın prosesə müdaxiləsi üçün yeni fürsət yaradır.
 
Yeri gəlmişkən, kənar qüvvələrin sülh prosesinə müdaxiləsi son üç il ərzində Moskvadan, Tehrandan, Parisdən, Brüsseldən, Vaşinqtondan münaqişəni davam etdirmək, Azərbaycana qarşı təcavüzkar siyasətə dəstək qazanmaq, eləcə də Ermənistanı qorumaq üçün istifadə etməyə çalışan İrəvanın günahıdır. Vaxtilə məhz Ermənistan rəhbərliyinin dəstəyi ilə Fransa siyasətçiləri, iranlı diversantlar, “Vardanyan layihəsi” Laçın yolu ilə Qarabağda peyda olublar.
 
İndi bütün bu paytaxtlar tələb edir ki, Ermənistan sülh prosesində həm iştirak, həm də forma və məzmun baxımından onların maraqlarını nəzərə alsın. Onlar həqiqətən də müqavilənin mətni ilə maraqlanır və oraya özlərinə lazım olan ifadələri daxil etməyə çalışırlar. Xarici qüvvələrin bu fəaliyyətləri həm də Azərbaycan və Ermənistan arasında müzakirə predmetinə çevrilə bilər, çünki biz dəfələrlə kənar qüvvələrin danışıqlar prosesinin mahiyyətini necə dəyişdirə və onu çıxılmaz vəziyyətə sala bildiyinin şahidi olmuşuq.
 
Fikrimizcə, proses nə qədər az beynəlmiləlləşsə, bir o qədər də səmərəli irəliləmək olar. Əks halda, son onilliklərdə olduğu kimi, başqa dövlətlər rahatlıqla region ölkələrinin milli maraqlarını öz maraqları ilə əvəz edə bilər və bu kontekstdə Qərblə Rusiya və İran arasında heç bir fərq yoxdur. Vasitəçilərin bütün ədəb həddini aşan təzyiqlərinə isə yalnız Bakı və İrəvan birlikdə tab gətirə bilər. Həll yolu prosesi sürətləndirmək ola bilər, əks halda kənar müdaxilələr daha çox olacaq.
 
@cssc_cqtm
👍17
BRİKS-in genişlənməsi: Azərbaycan üçün yeni imkanlar
 
Beynəlxalq təşkilatların klassik təsnifatı bu qurumları öz fəaliyyət sahələri və məqsədlərinə görə ənənəvi olaraq siyasi, iqtisadi və hərbi olmaqla müxtəlif kateqoriyalara aid etməyə imkan verir. Məsələn, SSRİ dağıldıqdan sonra Rusiya  ətraf ölkələrin iştirakı ilə MDB (siyasi), Aİİ (iqtisadi) və KTMT (hərbi) kimi strukturlar yaradıb. Lakin günümüzdə bu bölgü getdikcə daha şərti xarakter alır. Müasir dövrdə artıq qarışıq tipli beynəlxalq təşkilatlar formalaşır ki, onlardan biri də hələ rəsmi olaraq təşkilat statusu daşımayan, amma bu istiqamətdə irəliləyən BRİKS-dir.
 
Genişlənən qlobal platforma
Əgər yuxarıda adıçəkilən və Rusiyanın bilavasitə səyləri ilə qurulan təşkilatlar daha çox lokal-regional xarakter daşıyırsa, BRİKS formalaşmaqda olan qlobal miqyaslı bir təşəbbüsdür. 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən əsası qoyulan bu platforma sonradan öz sərhədlərini xeyli genişləndirib. 2011-ci ildə CAR, 2024-cü ildə isə İran, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Efiopiya BRİKS-ə qoşulub. Hazırda BRİKS ilk növbədə sayları getdikcə artan Qlobal Cənub ölkələri üçün məsləhətləşmə meydançası rolunu oynayır.
 
İştirakçı dövlətlər bir çox məsələlərdə fərqli mövqelərdən çıxış etsələr də, onları iki mühüm məqam birləşdirir. Bunlardan birincisi geniş mənada Qərbə olan münasibətdir. Bir qayda olaraq, BRİKS üzvü olan ölkələr Qərb mərkəzli təkqütblü dünya nizamına qarşı çıxır, bu nizamın yeni - çoxqütblü sistemlə əvəzlənməsini dəstəkləyir. Bu ölkələrin çoxu Qərblə əməkdaşlıq etsə də, Vaşinqtonla münasibətlərdə üstün deyil, bərabərhüquqlu tərəfdaş qismində çıxış edir.  
 
Bu səbəbdən BRİKS iştirakçılarının bir qismi G20-nin üzvü olsalar da, müəyyən məsələlərin müzakirəsi üçün alternativ platformaya ehtiyac duyur. BRİKS-ə qoşulmaq da məhz elə bu ehtiyacdan doğur. Qrup ölkələrini, xüsusilə də onların yeni dalğasını birləşdirən digər mühüm məqam bu dövlətlərin hər birinin öz regionunun lideri olmaq iddiasıdır. Beynəlxalq nüfuzunu getdikcə artıran ölkələr BRİKS-in imkanlarından istifadə edərək, qlobal resursların daha ədalətli bölgüsünə nail olmağa, dünyanın gələcəyilə bağlı qərarların verilməsi prosesində söz sahibi qismində çıxış etməyə çalışırlar.
 
Azərbaycan üçün yeni fürsətlər
Azərbaycan hazırda Ermənistanla sülhün rəsmiləşdirilməsi astanasındadır. Tərəflər arasında sülh sazişinin imzalanmasından sonra gözlənilən Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan normallaşması, eləcə də regional kommunikasiyaların açılması prosesi ölkəmizin gələcək inkişafı üçün yeni fürsətlər yaradır. Bu kontekstdə İranın BRİKS-ə daxil olması ilə birliyin Azərbaycan sərhədlərinə iki tərəfdən çatması rəsmi Bakının qarşısında əlverişli imkanlar açır. Bu gün BRİKS ölkələrinin qlobal ÜDM-dəki payı 36%-dir. 2040-cı ilə qədər bu rəqəmin 45%-ə yüksələcəyi gözlənilir ki, bu da dünyanın əsas inkişaf etmiş iqtisadiyyatları sayılan G7 ölkələrinin analoji göstəricisindən iki dəfə çoxdur.
 
Azərbaycan belə nəhəng iqtisadi potensialı olan bir platforma ilə qonşuluqdan maksimum faydalanmalıdır. Xatırlatmaq yerinə düşər ki, Hindistan, İran və Rusiya kimi BRİKS ölkələrini birləşdirən “Şimal-Cənub” dəhlizinin Qərb marşrutu məhz Azərbaycan ərazisindən keçir. BRİKS-in genişlənməsi isə qrup ölkələri arasında Cənubi Qafqaz, o cümlədən Azərbaycan üzərindən aparılan qarşılıqlı ticarətin artmasını qaçılmaz edir.
 
BRİKS ölkələrini birləşdirən yuxarıda qeyd olunan iki mühüm meyar Azərbaycan üçün də keçərlidir. Belə ki, ölkəmiz Qərblə əməkdaşlıq etsə də, onun diktəsini qəbul etmir və yalnız bərabərhüquqlu tərəfdaşlığı dəstəkləyir. Digər tərəfdən, bir çox parametrlərə görə, regonun lider dövlət məhz Azərbaycandır. Ermənistanla gözlənilən sülh müqaviləsi təkcə ölkəmiz üçün deyil, bütövlükdə region üçün yeni dövrün başlanğıcı olacaq. Məhz bu yeni dövrün tələblərinə uyğun olaraq, Bakı perspektivli tərəfdaşlarla əməkdaşlığı dərinləşdirməli və BRİKS-ə qoşulma imkanlarını nəzərdən keçirməlidir.
 
@cssc_cqtm
👍17👎9
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktor müavini Fuad Çıraqov Toplum TV-nin Toplumun Nəbzi verilişində "İlham Əliyevdən Ermənistana tələb - Sülh müqaviləsi dalana dirənib?" mövzusu ətrafında müzakirədə iştirak edib.

Daha ətraflı: https://www.youtube.com/watch?v=6E0DWhOYcSA
👍7
Fransanın Cənubi Qafqaz planı
 
Avropa İttifaqı son dövrlərdə öz qlobal geosiyasi aktivliyini xeyli artırıb. Bir tərəfdən, bu aktivliyi Ukraynada baş verənlər fonunda “köhnə dünya”nın təhlükəsizliyinə yaranan ciddi təhdidlər şərtləndirir. Digər tərəfdən, Tramp zamanında ABŞ-ın Avropa məsələlərinə daha az diqqət ayırması və onun yenidən hakimiyyətə qayıtma ehtimalı, getdikcə daha çox daxili siyasi çəkişmələrə başı qarışan Vaşinqtonun öz tərəfdaşlarına dəstəyini zəiflətməsi Aİ ölkələrini həm birlikdə, həm də ayrı-ayrılıqda beynəlxalq arenada daha fəal addımlar atmağa vadar edir.
 
Azərbaycan və Türkiyənin məhdudlaşdırılması
Aİ-nin geosiyasi aktivliyində Fransa xarici siyasətinin xüsusi çəkisi olsa da, Parisin iddiaları bəzən ümumavropa maraqları ilə uzlaşmır. Bu ölkənin hazırki Cənubi Qafqaz siyasətinin hədəflərindən biri, heç şübhəsiz ki, bölgədə Azərbaycan-Türkiyə fəaliyyətlərinin məhdudlaşdırılmasıdır. Sırf geosiyasi maraqlara əsaslanaraq Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsi,  ardından bu ölkə vasitəsilə Ermənistana Fransa istehsalı silahların daşınması və bu kimi addımlar belə deməyə əsas verir ki, Paris Cənubi Qafqazda Türkiyə və Azərbaycanın artan nüfuzuna əngəl yaratmaq üçün Gürcüstan-Ermənistan tandemini formalaşdırmağa çalışır. Xəritəyə nəzər saldıqda, aydın şəkildə görünür ki, Tbilisi-İrəvan işbirliyi Ankara-Bakı cütlüyü üçün Şərq-Qərb oxu üzrə təbii coğrafi-siyasi məhdudlaşdırıcı rolunu oynaya bilər.
 
Əlbəttə ki, Fransa tərəfi heç də Gürcüstan və Ermənistanın Türkiyə və Azərbaycanla birbaşa toqquşmaya gedəcəyini gözləmir. Lakin perspektivdə bu mümkün tandemin müxtəlif sahələrdə, o cümlədən regional nəqliyyat və enerji layihələrində daha fəal iştirakına ümid edir. Məsələn, Orta Dəhliz layihəsində Aİ üzvlüyünə namizəd olan Gürcüstan və Aİ ilə imtiyazlı münasibətlərə malik Ermənistanın iştirakı Paris üçün arzuolunan ssenarilərdən biridir. İrəvanın Fransanın bu planlarına ortaq olması, əlbəttə ki, mümkündür. Lakin Gürcüstan Yelisey sarayının onun üçün müəyyən etdiyi rola razılaşcaqmı? Bəs Brüssel Parisə bu istiqamətdə dəstək olacaqmı?
 
Gürcüstan və Aİ-nin maraqları
Bu baxımdan Fransanın sözügedən planının reallaşması heç də inandırıcı deyil. Belə ki, Gürcüstan Ermənistanla tərəfdaşlıq və mehriban qonşuluq, Türkiyə və Azərbaycanla isə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Ankara və Bakı ilə münasibətlərə xələl gətirəcək addımların atılması, yaxud da bu münasibətlərin xarakterinə yenidən baxılması Tbilisinin regional mövqelərinin zəifləməsilə nəticələnəcək. Zərəri faydasından daha çox olacaq qərarların qəbulu isə Gürcüstanın milli maraqlarına uyğun deyil.  
 
Bununla yanaşı Gürcüstan Türkiyə və Azərbaycan qarşısında strateji tərəfdaş olaraq müəyyən öhdəliklərə malikdir. Həmçinin, Avropa İttifaqının da Azərbaycanda xüsusilə enerji və nəqliyyat sahələrində öz maraqları var və həmin maraqların həyata keçirilməsi məhz Bakı-Tbilisi əməkdaşlığı olmadan mümkün deyil.  Odur ki, Türkiyə-Azərbaycan müttəfiqliyinə qarşı Gürcüstan-Ermənistan tandeminin formalaşdırılması istər siyasi-diplomatik cəbhədə, istərsə iqtisadi sahədə, istərsə də bilavasitə yerdə mövcud olan hazırki reallıqlarla bir araya sığmır.
 
Nəticə
Fransa indiyədək Azərbaycana təzyiq göstərmək və mövqelərini zəiflətmək məqsədilə bir çox planlar qurub, bütün diplomatik resurslardan, mümkün beynəlxalq təşkilatlardan (BMT Təhlükəsizlik Şurası, ATƏT, Aİ və onun bütün institutları, Frankofoniya təşkilatı və s.) istifadə edib. Lakin buna baxmayaraq, Bakı öz mövqelərindən bir addım belə geri çəkilməyib və yeni reallıqlar yaradıb.
Odur ki, Parisin sözügedən Cənubi Qafqaz planı da eynilə uğursuzluğa məhkumdur. Hərçənd, Gürcüstanla Azərbaycan-Türkiyə strateji tərəfdaşlığını zəiflətmək cəhdləri bundan sonra da olacaq, hətta bu cəhdlərin daha intensiv xarakter alması mümkündür. Ancaq tərəflər arasında uzun illər boyu formalaşmış qarşılıqlı faydalı asılılıq baş verə biləcək təxribatların, yarana biləcək prolemlərin müsbət həllini təmin etmək üçün kifayət qədər ciddi əsasdır.
 
@cssc_cqtm
👍20👎1
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin baş elmiş işçisi Orxan Bağırovun “Rusiyadan böyük iqtisadi asılılıq Ermənistanın Qərblə inteqrasiyasını ləngidir” adlı məqaləsi ABŞ-ın Ceymstaun Fondunun (Jamestown Foundation) Gündəlik Avrasiya onlayn jurnalında çap edilmişdir.

Məqalədə əsas diqqət Ermənistanın Rusiyadan olan böyük iqtisadi asılılığına yönəldilmişdir. Bunun üçün bir sıra strateji iqtisadi sahələrdə Ermənistanın Rusiyadan nə dərəcədə asılı olduğu  diqqətə çatdırılmış və göstərilmişdir ki, Ermənistanın Qərbə inteqrasiyasına əsas mane olan səbəb də bu iqtisadi asılılıqdır. Ona görə də Ermənistan Qərbə tam olaraq intqerasiya etmək istəyirsə bunun üçün iqtisadi sahədə Rusiyanı Qərb ölkələri ilə əvəz etmək potensialına malik olmalıdır.

Məqalədə diqqətə çatdırılmışdır ki, 2022-ci ildə Ermənistandan Rusiyaya ixrac 2 dəfə, Rusiyadan idxal isə 40% artmışdır. Artım dinamikası 2023-cü ildə də davam etmişdir. Belə ki, 2023-cü ilin ilk 8 ayında Ermənistandan Rusiyaya ixrac yenə 2 dəfə artmışdır. Bu dinamikanın nəticəsidir ki, Ermənistanın ixracında Rusiyanın payı 36.7%-dən 51.7%-ə qədər artmışdır.

Məqalədə həm də vurğulanmışdır ki, Ermənistanın Rusiyadan ən çox asılı olduğu sahə enerji sektorudur. 2022-ci ildə Ermənistanın təbii qaz idxalında Rusiyanın payı 87.7%, maye qaz idxalında isə 90.3% (2021-ci ildə 26.8%) təşkil etmişdir. Ermənistanın elektrik enerjisi istehsalında Rusiyanın payı isə 70%-ə çatır. Ermənistan benzin, dizel kimi neft məhsullarının idxalında da Rusiyadan asılıdır. 2022-ci ildə Ermənistan neft məhsullarının 76.1%-ni Rusiyadan idxal etmişdir. Bundan başqa Ermənistanda elektrik enerjisinin istehsalının 35%-ni həyata keçiriən Metsamor Nüvə Stansiyasının lazımı xammalını təmin edən və tullantılarını emal edən də Rus şirkətlərdir.

Daha sonra məqalədə göstərilir ki, 2014-cü ildə isə Rusiya Metsamor stansiyasının istismar müddətinin 2027-ci ilə qədər uzadılması üçün Ermənistana $300 milyon vəsait ayırmışdır. Bu yaxınlarda isə Ermənistan hökuməti Rusiyanın “Rosatom Servis” şirkəti ilə Metsamor stansiyasının fəaliyyətinin 2036-cı ilə qədər uzadılması məqsədilə $65 milyon dəyərində müqavilə imzalamışdır. Bu müqavilənin imzalanması ABŞ tərəfindən Ermənistanda nüvə stansiyalarının qurulması ilə bağlı danışıqların getdiyi və Avropa İttifaqının təhlükəsizlik səbəbindən 2026-cı ilə qədər stansiyanın bağlanmasını tələb etdiyi vaxtda baş vermişdir. 

Eyni zamanda məqalədə diqqətə çatdırılır ki, Ermənistan əsas ərzaq məhsullarının idxalında da Rusiyadan asılıdır. Belə ki, 2022-ci ildə Ermənistanın buğda idxalının 99.9%-i, qarğıdalı idxalının 98.8%-i, un məmulatları idxalının 66.6%-i, marqarin yağı idxalının 72%-i Rusiyanın payına düşmüşdür. Bundan başqa, 2022-ci ildə Ermənistana daxil olan pul köçürmələrinin 70%-i, xarici birbaşa investisiyaların isə 60%-i Rusiyanın payına düşmüşdür.

Sonda isə qeyd edilmişdir ki, Ermənistanın Rusiyadan bir çox əsas iqtisadi sektorlarda asılı olması onun Qərbə inteqrasiyası qarşısında dayanan əsas maneələrdən birinə çevrilmişdir. Son illərdə isə Ermənistanın Rusiyadan iqtisadi asılığı daha da artmışdır. Maraqlısı odur ki, Ermənistanla Rusiya arasında sanksiyaya məruz qalan məhsulların yenidən ixracına görə ticarət əlaqələrinin daha da möhkəmlənməsi və Metsamor stansiyası ilə bağlı baş verən proseslər Ermənistanın Qərbə inteqrasiyası ambisiyaları ilə ziddiyət təşkil edir.

Daha ətraflı: https://jamestown.org/program/significant-economic-reliance-on-russia-stunts-armenias-integration-with-west/
👍20
Rusiya - Ermənistan “gərginliyi” azalırmı?
 
Ötən il ərzində Ermənistan və Rusiya arasında müşahidə edilən “söz dueli” son həftələrdə xeyli səngiyib. İrəvan rəsmiləri tərəfindən Kremlin ünvanına səsləndirilən sərt bəyanatlar 2023-cü ilin dekabr ayından etibarən artıq nəzərə çarpmır. Əksinə, sözügedən dövr ərzində ikitərəfli münasibətlər müstəvisində xeyli müsbət irəliləyişlər qeydə alınıb ki, bu da bəzi dairələrin “avtoritar Putinə qarşı savaş açan demokrat Paşinyan” mifini alt-üst edir.
 
Silahların tədarükü bərpa olundu
Bu yaxınlaradək Ermənistanın Rusiyadan narazı qaldığı məsələlərdən biri silah tədarükü ilə bağlı idi. İrəvan bir qayda olaraq, öz müdafiə qabiliyyətini məhz Moskvanın hesabına təmin edib. Kreml hər zaman Ermənistana güzəştli şərtlərlə, ucuz qiymətə silah-sursat və hərbi texnika ötürüb. Odur ki, silah təchizatındakı fasilələr iki ölkə arasında ciddi narazılıq yaradıb. 
 
İrəvan bəyan edirdi ki, müvafiq müqavilələrin imzalanmasına və ödəniş edilməsinə baxmayaraq, uzun müddətdir ki, Moskvadan razılaşdırılan silahları ala bilmir. Rusiya tərəfi isə Ukraynadakı hərbi əməliyyatlar fonunda artan silah-sursat və texnika ehtiyacını əsas gətirərək, Ermənistan qarşısındakı öhdəliyini yerinə yetirməkdən boyun qaçırırdı.
 
Lakin artıq Ermənistanın Rusiyadan narazılığına əsas verən səbəblərdən biri kimi silah tədarükündəki problemlər aradan qalxır. Belə ki, Moskvanın ölkəyə göndərməli olduğu hərbi təyinatlı yüklərin bir qismi artıq ünvana çatıb və İrəvanın ixtiyarına verilib.
 
Paşinyan hakmiyyətini qorudu
Kreml 2023-cü ildə də Ermənistanda istədiyinə nail ola, Paşinyanı hakimiyyətdən uzaqlaşdıra bilmədi. Moskva nə qədər çalışsa da, ölkədəki rusiyapərəst qüvvələri səfərbər etməyi bacarmadı. Bu, Rusiyanın Ermənistan daxilindəki siyasi imkanlarının məhdudluğunu göstərir.
 
Paşinyana gəlincə, o, növbəti siyasi qələbəsini İrəvan meri seçkilərində qazandı. Baş nazirin partiyası bunu təkbaşına edə bilməsə də, digər qərbyönümlü partiyaların köməyilə paytaxtda öz hakimiyyətini qoruyub saxladı.
 
Digər tərəfdən, Paşinyan siyasi müstəvidə anti-Rusiya bəyanatları versə də, iqtisadi müstəvidə iki ölkə arasındakı münasibətlərin ciddi inkişafına nail oldu və hazırda məhz bu sahə Rusiya-Ermənistan əlaqələrində əsas bağ rolunu oynayır.
 
Rusiyanın Ermənistanda zəifləməsində Azərbaycanın rolu
Rusiya onilliklər ərzində Ermənistanda iki istiqamət üzrə xal qazanıb. Kreml İrəvanın müstəqilliyinin qarantı qismində çıxış edib və onun işğalçı siyasətini dəstəkləyib. Azərbaycan bu iki istiqamət üzrə addımlar atmaqla Rusiyanın Ermənistandakı mövqelərinin zəifləməsinin əsasını qoydu.
 
Qarabağda hərbi əməliyyatlar fonunda bölgədəki erməni əhali öz xoşu ilə ərazini tərk etdi. Şərti sərhəddəki uğurlu əməliyyatlar isə Ermənistanın öz təhlükəsizliyinə təhdid yaratdı.
 
Bununla yanaşı, Rusiya Azərbaycanın Paşinyanın devrilməsində iştirakına nail ola bilmədi. Əksinə, məhz Azərbaycanın yuxarıda qeyd olunan fəaliyyətləri baş nazirə Ermənistan ictimai rəyində Rusiyanın mövqelərini zəiflətməyə imkan verdi. 
 
Ermənistan üçün son hədlər
Paşinyan hazırki dövrdə Rusiya və Qərblə münasibətlərdə Ermənistan üçün mümkün olan maksimumlara artıq çatıb. İrəvan KTMT-nin iclaslarına qatılmasa da, təşkiltadan çıxa bilmir. Baş nazir Avrasiya İqtisadi İttifaqının işində bilavasitə iştirak edir, hətta təşkilata sədrliyi də qəbul edib.
 
Qərblə yaxınlaşmağa gəlincə, Paşinyan anlayır ki, hazırki məqamda Vaşinqton, Paris və Brüssel kimi paytaxtlardan ona göstərilən dəstək indikindən daha artıq ola bilməz. Odur ki, Ermənistan qeyd edilən istiqamətlərdə bu dövr üçün mümkün olan son həddədir.
 
Hazırda İrəvanın Qərblə münasibətlərdəki başlıca narahatlığı ABŞ-dakı prezident seçkilərilə bağlıdır. Belə ki, əgər Tramp Ağ Evə qayıdarsa, bu, Paşinyanın formalaşdırdığı konfiqurasiyanı dağıda bilər. Bunu nəzərə alaraq, ən azından cari il ərzində Ermənistanın Rusiya ilə münasibətləri ənənəvi məcrada davam etdirəcəyi gözlənilir. İrəvan tərəfindən Moskva ilə əlaqələrdə yalnız ritorikada deyil, real gərginliyə səbəb ola biləcək əməli addımlar proqnozlaşdırılmır.
 
@cssc_cqtm
👍16
Azərbaycanla Ermənistanın gizli və aşkar qarşılıqlı iddiaları
 
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı müzakirələrdə zəmanət mövzusu önə çıxır. Tərəflər bəyan edirlər ki, yeni müharibəni mümkünsüz edəcək addımlar atılmalıdır. Əgər Ermənistanda bu məqsədlə zaminlər institutunun yaradılması təklif olunursa, Azərbaycanda Ermənistanın hüquqi bazasındakı mövcud problemlərə işarə edilir.
 
İran XİN rəhbərinin Ermənistana səfərindən sonra Paşinyan hökuməti artıq sülh müqaviləsinin zəmanətçiləri haqqında çox danışmır, çünki bu mövzunun davam etməsi İran və Rusiyada aktivliyə gətirib çıxarır. Sununcular bu mexanizmdə danışıqlar formatına müdaxilə imkanı görürlər. Digər tərəfdən, Ermənistan artıq İrandan, Aİ-dən, Fransadan, müəyyən qədər də ABŞ-dan təhlükəsizlik zəmanəti alıb. Rusiya isə hələ də Ermənistanın faktiki müttəfiqidir. Belə şəraitdə qarant məsələsi Ermənistanın himayədarları arasında vəziyyəti daha da gərginləşdirə bilər.
 
Azərbaycan üçün zəmanətlər Ermənistanda Qarabağa dair fərqli dövrlərdə qəbul edilmiş müxtəlif sənədlərlə bağlıdır: Ermənistanın Müstəqillik Bəyannaməsi, Konstitusiyada ona istinad, Alma-Ata Bəyannaməsinə edilən düzəlişlər, Ermənistan Ali Şurasının 8 iyul 1992-ci il tarixli qərarı, Ermənistanın daimi nümayəndəsinin BMT katibinə məktubları, beynəlxalq məhkəmələrdə iddialar. Bu sənədlərdən bəziləri Paşinyanın Azərbaycanın ərazi bütövlüyünün tanınmasını təkrarladığı dövrdə ortaya çıxıb. Məhz bu səbəbdən Azərbaycan Ermənistan baş nazirinin bəyanatlarına inanmır və sənədlərə yenidən baxılması prosesinin başlanmasına eyham vurur.
 
Prezident İlham Əliyevin müsahibəsindən sonra Paşinyan bəyan etdi ki, ritorika danışıqlar prosesinə uyğun olmalıdır. Düzdür, lakin Azərbaycan da son bir neçə ayda erməni diplomatiyasının beynəlxalq qurumlara verdiyi bir sıra sənədləri və bəyanatları media vasitəsilə nümayiş etdirdi. Yəni, Azərbaycanın iddiaları sadəcə ritorikadır, amma Ermənistanın iddiaları isə gələcəkdə yeni müharibəni nəzərdə tutan bütöv bir rəsmi sənədlər toplusudur!
 
Paşinyanın sözlərinə görə, danışıqlar prosesi Ermənistanın baş naziri ilə Azərbaycan prezidentinin administrasiyaları arasında gedir. Ya Ermənistan XİN-in bu prosesdən xəbəri yoxdur, ya da baş nazirdən müvafiq göstəriş almayıblar. Ola bilsin, Vardan Oskanyanın dövründə işə götürülən erməni diplomatlar danışıqlar prosesini sabotaj edirlər, lakin bu, artıq Paşinyanın problemidir.
 
Ötən müddət ərzində Ermənistan regionda mümkün sülhün dayaqları altına çoxlu minalar döşəyib. Bu minaların gələcəkdə işə düşməməsi üçün onları çıxarıb zərərsizləşdirməyə başlamaq vacibdir!
 
Məsələn, Paşinyan “Azərbaycanın gizli ərazi iddialarından” danışır... Harada gizli?! Azərbaycan Konstitusiyasında, Müstəqillik Aktında, Azərbaycan Respublikasının qanunlarında, Prezidentin sərəncamlarında Qərbi Azərbaycan mövzusu yoxdur!!! Azərbaycanda Alma-Ata Bəyannaməsinə heç bir düzəliş yoxdur!
 
Amma Ermənistanda ərazi iddiaları gizlədilmir, göz qabağındadır!!!
 
Əgər Ermənistan Azərbaycandan ritorikanın dəyişməsini gözləyirsə, o zaman “Artsaxlar” və “DQRlər”i xatırladaraq beynəlxalq orqanlara verilən məktubların və iddiaların geri çağırılmasına başlamalıdır. Sonra isə parlament səviyyəsində 1992-ci il Ali Şuranın qərarının ləğvi və Alma-Ata Bəyannaməsinə edilən düzəlişlərin geri götürülməsi mümkündür.
 
Sülh müqaviləsi prosesin yalnız başlanğıcıdır. Ondan sonra normallaşma başlayacaq, qarşılıqlı fəaliyyət və mümkün gələcək əməkdaşlıq çərçivələri müəyyən ediləcək.
 
Ermənistan baş nazirinin Konstitusiya dəyişikliyilə bağlı açıqlamaları Azərbaycanda da gözləntilər yaradıb. 2021-ci ildə oxşar təşəbbüsün nəticəsiz qalmasını xatırlayırıq. Digər tərəfdən, Paşinyanın Konstitusiyada dəqiq (!) nəyi dəyişmək niyyəti də hələ ki, aydın deyil.
 
Beləliklə, sentyabr ayından şərti sərhəddə vəziyyət sakitləşdi, birgə bəyanat qəbul edildi, hətta ikitərəfli formatda yeni görüşlər də gözlənilir. Müsbət dinamika qalır və bu hal daha da inkişaf etdirilib normaya çevrilməlidir. Bunun üçünsə bir-birimizin gözləntilərini eşitmək məqsədəuyğundur.
 
@cssc_cqtm
👍18
Cənubi Qafqaz identikliyi - regionda gələcək davamlı sülhün formulu
 
Cənubi Qafqazın dünyanın ən parçalanmış regionlarından biri olduğu barədə çox danışılıb. Burada həm qlobal (NATO və KTMT, Aİ və Aİİ), həm də regional (Rusiya, Türkiyə, İran) xarakterli ziddiyyətlər mövcuddur. Bölgədəki ənənəvi oyunçulara Hindistan və Pakistan kimi yeni aktorlar da qoşulub.
 
Belə şəraitdə Cənubi Qafqaz dövlətlərinin iki yolu var: Ya asılı olmaq, ya da öz gündəmini formalaşdırmaq. Son 30 ilin praktikası göstərdi ki, hətta Rusiya kimi güclü oyunçunun forpostu rolu Ermənistanı məğlubiyyətdən sığortalamadı. Baxmayaraq ki, Ermənistan 25 il ərzində Azərbaycana qarşı təcavüzkar siyasətlə bağlı Rusiya, İran və Qərbin konsensusunu uğurla formalaşdırıb.
 
2020-ci il müharibəsi, son üç ildə baş verən hadisələr və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı ikitərəfli danışıqlar formatını alternativsiz edib. 2020-ci il müharibəsinin nəticələri hələ də icrasını gözləyir: Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması, kommunikasiyaların açılması. Müharibənin nəticələri reallaşana qədər kənar aktorlar regionda öz gündəmlərini həyata keçirmək üçün prosesə qarışmağa çalışacaqlar.
 
Xarici qüvvələrdən uğursuz istifadə cəhdləri
2020-ci ildən sonrakı üç il həm də göstərdi ki, Azərbaycan və Ermənistan hər biri öz səviyyəsində üçüncü dövlətlərin köməyi ilə bir-birinə qarşı öz məqsədlərini reallaşdıra bilmədi. Ermənistan ərazisində Rusiyanın iştirakı ilə Zəngəzur dəhlizinin fəaliyyəti alınmır. Ermənistanın Qarabağdakı separatçı ermənilər mövzusunda Rusiya, ABŞ, Aİ və İran arasında konsensusu bərpa etmək cəhdi separatçı qurumun dağılmasına və ermənilərin Azərbaycan ərazisindən könüllü olaraq Ermənistana köçməsinə səbəb oldu. Bütün bunlar belə bir anlayışa gətirib çıxardı ki, biz bir-birimizlə razılaşmalı və bütün xarici aktorları yeni reallıqla bağlı fakt qarşısında qoymalıyıq.
 
Regional identiklik
Cənubi Qafqazda regional inteqrasiya bir istiqamətdə inkişaf edir. Azərbaycan və Ermənistan Gürcüstanla praqmatik münasibətləri rəsmiləşdirib. Bu münasibətlər mühüm bir prinsipi formalaşdırıb - maraqların nəzərə alınması, regional tərəfdaşın maraqlarına zidd olan layihələrdə iştirak etməmək. Gürcüstanla münasibətlərdə bu və ya digər dərəcədə bu prinsipə həm Azərbaycan, həm də Ermənistan riayət edir. Yəni, Azərbaycanla Ermənistanın münasibətlərində gələcək üçün real ola biləcək nümunəmiz var.
 
Mərkəzi Asiya nümunəsi – 5+
Mərkəzi Asiya ABŞ, Aİ, Çin, Rusiya, Yaponiya, Hindistan, Cənubi Koreya və Almaniya kimi xarici aktorlarla təmaslar ərəfəsində özünün məsləhətçi görüşlərini keçirən regional beşlik formatını formalaşdırıb. Burada Orta Asiyanın ümumi gündəliyi (ekologiya, kommunikasiyalar və geosiyasət kimi mövzular var ki, onları təkbaşına həll etmək mümkün deyil) və hər bir ölkənin ayrıca gündəliyi var. Bu format regionun bəzi ölkələrinin fərqli hərbi-siyasi bloklarda və gömrük ittifaqlarında iştirakına maneə deyil. Əsas element ondan ibarətdir ki, hərbi-siyasi bloklarda və gömrük ittifaqlarında iştirakdan regionda hegemonluq məqsədləri üçün istifadə olunmur. Bu format həm də qonşuların bir-biri üçün şəffaflığını və proqnozlaşdırıla bilənliyini artırır. Çoxillik fəaliyyətin nəticəsi olaraq deyə bilərik ki, regionda sülh və sabitlik ideyasına xidmət edən geosiyasi Mərkəzi Asiya kimliyi formalaşıb.
 
Cənubi Qafqaz üçlüyünün maraqları prioritetdir
Cənubi Qafqaz dövlətləri də öz regional kimliyini formalaşdırmalı, bir-biri üçün qırmızı xətlər çəkməli, xarici qüvvələrin planlarına uyğun olaraq  bir-birinin əleyhinə istifadə edilməməli, coğrafiyamız çərçivəsində qarşılıqlı fəaliyyət formulunu tapmalıdırlar. Bu ideya daha böyük geosiyasi güc mərkəzləri arasında qarşıdurma və münaqişə məkanına çevrilməməyə kömək edəcək, davamlı sülh və inkişaf üçün şərait yaradacaq. Bunun üçün gələcək müharibə ehtimalını (həm ritorikada, həm də hüquqi sahədə) istisna etmək və bir-birinə qarşı yönəlməyən xarici siyasət fəaliyyətini formalaşdırmaq vacibdir.
 
@cssc_cqtm
👍14👎1
Ermənistan Alma-Ata Bəyannaməsini təhrif edərək özünü hüquqi dalana salıb
 
Ermənistan mətbuatında Alma-Ata Bəyannaməsi və İrəvan tərəfindən ona edilən düzəlişlərin ölkə parlamentində qəbulu ilə bağlı ilk prezident Levon Ter-Petrosyanın köməkçisi olmuş Levon Zurabyanın müsahibəsi dərc edilib. Maraqlıdır ki, materialda sənədin özü ilə yanaşı, həmin dövrdə hakimiyyətdə olan siyasi qüvvəni təmsil edən şəxsin şərhləri də təqdim olunub.
 
Beləliklə, keçək sənəddə yer alan və Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanımamaq niyyətini gizlədən məqamlara:
 
Məqalədə bildirilir ki, Belovejsk sazişlərinin imzalanmasının ertəsi günü Ermənistan tərəfi birinci prezident Levon Ter-Petrosyanın simasında MDB-yə qoşulmaq təşəbbüsü ilə çıxış edib. Ona görə də İrəvan Alma-Ata Bəyannaməsini imzalayıb (21 dekabr 1991-ci il). Bundan sonra MDB-nin yaradılması haqqında Saziş ratifikasiya üçün Ermənistanın Ali Sovetinə (parlament) göndərilib.
 
“Ratifikasiya zamanı (18 fevral 1992-ci il) Ermənistan Ali Soveti 10 düzəliş qəbul edib. 10-cu düzəlişə əsasən, MDB qoşulma üçün nəinki keçmiş sovet respublikalarına, həm də Sovet İttifaqının mövcudluğunun dayandırılması haqqında Bəyannamədən əvvəl (1991-ci il dekabrın 26-da) müstəqilliklə bağlı ümumxalq referendumları keçirilmiş keçmiş muxtariyyətlərə də açıq olacaq”, - Zurabyan bildirib.
 
Düzəlişin mətni isə belədir: “13-cü maddənin ikinci abzasına “SSRİ-nin bütün ölkələri üçün açıqdır” sözlərindən sonra “o cümlədən, Sovet İttifaqı Ali Sovetinin “SSRİ-nin mövcudluğunun dayandırılması haqqında” bəyannaməsi qəbul edilməzdən əvvəl müstəqilliyin elan edilməsinə dair ümumxalq səsverməsi keçirmiş və bunun əsasında ali icra hakimiyyəti orqanı qəbul olunmaq xahişi ilə MDB-yə müraciət etmiş SSRİ-nin keçmiş muxtar qurumları üçün” sözləri əlavə edilsin”.
 
“Ermənistan 1992-ci ildə Alma-Ata Bəyannaməsini ratifikasiya edərək, dəqiq və aydın şəkildə DQR-in müstəqil dövlət kimi MDB-yə qoşula biləcəyi və qoşulmalı olduğu mesajını verdi”, - Zurabyan qeyd edib.
 
Onun sözlərinə görə, hazırda belə bir təəssürat yaranır ki, İrəvanın 1991-ci ildə bəyannamənin ratifikasiyası zamanı qəbul etdiyi düzəlişlər Ermənistanın indiki hakimiyyəti üçün sadəcə olaraq mövcud deyil.
 
“Onlar susur, yalnız Alma-Ata bəyannaməsinin mətnindən və ərazi bütövlüyündən danışırlar. Hüquqi nöqteyi-nəzərdən İrəvan Ali Sovetin düzəlişlərinə yenidən baxmalı olacaq, Paşinyan dəyişikliklər layihəsi ilə parlamentə üz tutmağa borcludur”, - Zurabyan vurğulayıb.
 
O diqqətə çatdırıb ki, əgər Paşinyan bunu etməsə, Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində - Alma-Ata bəyannaməsi əsasında həlli üçün onun heç bir hüquqi əsası olmayacaq.
 
Nəticə
Beləliklə də, Ermənistanın düzəlişləri ölkənin Ali Sovetinin qərarı səviyyəsində qəbul edilib və İrəvandakı hazırki hökumət Ermənistanı öz-özünü saldığı bu hüquqi dalandan çıxarmaq üçün sözügedən qərarı ləğv etməlidir.
 
Əgər bu baş verməsə Alma-Ata Bəyannaməsinə istinadı özündə eks etdirən Praqa bəyanatının heç bir dəyəri qalmır. Qranada bəyanatından isə heç danışmağa belə dəyməz. Paşinyan bu bəyanatları tez-tez xatırlatmağı sevir, Qərb funksionerləri də onun təkrarlayırlar. Belə çıxır ki, ya Qərbin sözügedən düzəlişlərdən xəbəri olmayıb və Paşinyan tərəfindən aldadılıb, ya da bilərəkdən Bakı üçün tələ hazırlayıb.
 
Bir sözlə, Ermənistan üçün vəziyyətdən yeganə çıxış yolu Konstitusiyanı, Ali Şuranın qərarlarını, erməni diplomatlarının bəyanatlarını Azərbaycana qarşı təcavüz və işğalçılıq siyasətinin ləkələrindən təmizləməkdir.
 
@cssc_cqtm
👍22👎2
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Toplum TV-nin Toplumun Nəbzi verilişində Avropanın Azərbaycana sanksiyaları nə dərəcədə realdır? mövzusu ətrafında müzakirədə iştirak edib.

https://www.youtube.com/watch?v=ei-VEcWDKl0
👍10
Cənubi Qafqazda müharibə: Kim lehinə, kim əleyhinədir?!
 
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlara paralel olaraq, ekspert ictimaiyyətində və mediada gələcək müharibə mövzusu təbliğ olunur. Müxtəlif dövlətlərin rəsmi nümayəndələri, ekspertlər və media gələcək müharibə haqqında diskurdan öz məqsədləri üçün istifadə edirlər. Etiraf etmək lazımdır ki, müharibənin mümkünlüyü ilə bağlı belə nəticəyə gəlmək üçün obyektiv əsaslar var:
 
⁃ Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb;
⁃ Ermənistan qanunvericiliyində Azərbaycana qarşı ərazi iddiaları qalır;
⁃ Silahlanma yarışı gedir;
⁃ Regionda xarici qüvvələr arasında geosiyasi qarşıdurma getdikcə güclənir.
 
Mümkün eskalasiyanın maraqlı tərəfləri və hədəfləri
 
Beynəlxalq mediadakı yazıların və ekspertlərin çıxışlarının məzmun təhlilini etdikdə, məlum olur ki, gələcək müharibə barədə söhbətlərin çoxu Fransa və Rusiyadan qaynaqlanır.
 
Fransa özünün və Hindistan istehsalı silahlarla Ermənistanı doldurmaq, ordu idarəetmə sisteminə və dövlət aparatına sızmaq, Rusiyanın Ermənistandakı mövcudluğunu zəiflətmək üçün “Azərbaycanın gələcək hücumu” mövzusunu təbliğ edir.
 
Rusiya da öz növbəsində İrəvanın Qərbə üz tutacağı təqdirdə Ermənistanın Qərbi Azərbaycana çevriləcəyini açıq şəkildə bildirir, rusiyalı ekspertlər Moskvanın qırmızı xətlərini aydın olaraq bəyan edirlər.
 
Bir sözlə, Fransa da, Rusiya da əmindirlər ki, müharibə qaçılmazdır və Azərbaycan hərəkətə keçəcək.
 
Rəsmi Bakı isə əksinə, danışıqları davam etdirmək üçün əzmkarlıqla səbr və qətiyyət nümayiş etdirir: Sankt-Peterburq və Münhendə ikitərəfli formatda baş tutan iki görüş, sərhəd komissiyalarının iclasları, xarici işlər nazirlərinin hazırkı görüşü, Qərb və Rusiya rəsmiləri ilə görüşlər və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üzrə müzakirələr. Azərbaycan Müdafiə Nazirliyi şərti sərhəddə erməni təxribatlarına cavab verilməyəcəyini bildirir, rəsmi Bakı araşdırmaların aparılmasını tələb edir.
 
Bəs Azərbaycanın cavab verməsi, özü də bu cavabın qeyri-mütənasib olması üçün nə lazımdır?!
 
Fevraldakı lokal atışma göstərdi ki, Ermənistan hökuməti bəzi hissələrdə sərhədi “Yerkrapa” özəl hərbi şirkətinə həvalə edib, 2021-ci ildən isə şərti sərhədin müəyyən hissələrini Rusiya FTX-yə verib. Beləliklə də, antiazərbaycan siyasəti nəticəsində Ermənistan şərti sərhədin bütün perimetri üzərində tam nəzarətə malik deyil. Bu isə eskalasiyada maraqlı olan xarici qüvvələrin müvafiq tədbirlər görməsinə və Bakını cavab verməyə təhrik etməsinə şərait yaradır.
 
Bununla yanaşı, həm Rusiya, həm də Fransa istər Ermənistanda, istərsə də xaricdə revanşist qüvvələrlə yaxınlıq edir. Rəsmi Paris Paşinyanla Fransa daşnaklarının başçısı Papazyan arasında görüş təşkil etməklə daha da irəli gedib. Məqsəd daşnakları Paşinyanla barışdırmaq və sonuncunu revanşist məzmuna yaxınlaşdırmaqdır.
 
Bütün bu hərəkətlər Azərbaycan tərəfindən qeydə alınır. Rəsmi Bakı fevral ayında açıq şəkildə göstərdi ki, itkilər olarsa, qeyri-mütənasib cavab verəcək. Yəni, eskalasiyada maraqlı olanlar insan tələfatı ilə müşayət olunan təxribat törətməlidirlər ki, Bakı cavab versin. Əgər Ermənistan əldə etdiyi silahların məhv edilməsini, yeni qurbanların və itkilərin olmasını istəmirsə, o zaman şərti sərhəddə öz silahlı dəstələri üzərində nəzarəti gücləndirməli, Ermənistan XİN rəhbərinin məzmunu üzərində işləməli, Ermənistan Ali Sovetinin 1992-ci il qərarlarını ləğv etməyə başlamalıdır.
 
Paşinyan və dəstəsi başa düşməlidir ki, “şərti sərhəddə bəzi mövqelərə nəzarətin bərpasına gətirib çıxaraq uğurlu eskalasiya” yolu ilə danışıqlarda Ermənistanın mövqeyini gücləndirmək barədə Fransanın vədləri növbəti itkilərə səbəb ola bilər. Hərbi eskalasiya Azərbaycanın danışıqlardakı mövqeyini də dəyişə bilər, son üç ildə bunun şahidi olmuşuq. Paşinyan daha çox itkiyə məruz qalmamaq üçün təkcə Rusiya ilə deyil, Fransa ilə də münasibətlərdə subyektiv olmalıdır.
 
@cssc_cqtm
👍20