CSSC Baku – Telegram
CSSC Baku
3.07K subscribers
12 photos
2 videos
201 links
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) Azərbaycanda, Bakıda yerləşən, Cənubi Qafqazda və onun qonşuluğunda siyasi və iqtisadi prosesləri tədqiq edən müstəqil qeyri-hökumət təşkilatıdır. Yayımlanan materiallara istinadın verilməsi vacibdir. www.cssc.az
Download Telegram
BRİKS-in genişlənməsi: Azərbaycan üçün yeni imkanlar
 
Beynəlxalq təşkilatların klassik təsnifatı bu qurumları öz fəaliyyət sahələri və məqsədlərinə görə ənənəvi olaraq siyasi, iqtisadi və hərbi olmaqla müxtəlif kateqoriyalara aid etməyə imkan verir. Məsələn, SSRİ dağıldıqdan sonra Rusiya  ətraf ölkələrin iştirakı ilə MDB (siyasi), Aİİ (iqtisadi) və KTMT (hərbi) kimi strukturlar yaradıb. Lakin günümüzdə bu bölgü getdikcə daha şərti xarakter alır. Müasir dövrdə artıq qarışıq tipli beynəlxalq təşkilatlar formalaşır ki, onlardan biri də hələ rəsmi olaraq təşkilat statusu daşımayan, amma bu istiqamətdə irəliləyən BRİKS-dir.
 
Genişlənən qlobal platforma
Əgər yuxarıda adıçəkilən və Rusiyanın bilavasitə səyləri ilə qurulan təşkilatlar daha çox lokal-regional xarakter daşıyırsa, BRİKS formalaşmaqda olan qlobal miqyaslı bir təşəbbüsdür. 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən əsası qoyulan bu platforma sonradan öz sərhədlərini xeyli genişləndirib. 2011-ci ildə CAR, 2024-cü ildə isə İran, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Efiopiya BRİKS-ə qoşulub. Hazırda BRİKS ilk növbədə sayları getdikcə artan Qlobal Cənub ölkələri üçün məsləhətləşmə meydançası rolunu oynayır.
 
İştirakçı dövlətlər bir çox məsələlərdə fərqli mövqelərdən çıxış etsələr də, onları iki mühüm məqam birləşdirir. Bunlardan birincisi geniş mənada Qərbə olan münasibətdir. Bir qayda olaraq, BRİKS üzvü olan ölkələr Qərb mərkəzli təkqütblü dünya nizamına qarşı çıxır, bu nizamın yeni - çoxqütblü sistemlə əvəzlənməsini dəstəkləyir. Bu ölkələrin çoxu Qərblə əməkdaşlıq etsə də, Vaşinqtonla münasibətlərdə üstün deyil, bərabərhüquqlu tərəfdaş qismində çıxış edir.  
 
Bu səbəbdən BRİKS iştirakçılarının bir qismi G20-nin üzvü olsalar da, müəyyən məsələlərin müzakirəsi üçün alternativ platformaya ehtiyac duyur. BRİKS-ə qoşulmaq da məhz elə bu ehtiyacdan doğur. Qrup ölkələrini, xüsusilə də onların yeni dalğasını birləşdirən digər mühüm məqam bu dövlətlərin hər birinin öz regionunun lideri olmaq iddiasıdır. Beynəlxalq nüfuzunu getdikcə artıran ölkələr BRİKS-in imkanlarından istifadə edərək, qlobal resursların daha ədalətli bölgüsünə nail olmağa, dünyanın gələcəyilə bağlı qərarların verilməsi prosesində söz sahibi qismində çıxış etməyə çalışırlar.
 
Azərbaycan üçün yeni fürsətlər
Azərbaycan hazırda Ermənistanla sülhün rəsmiləşdirilməsi astanasındadır. Tərəflər arasında sülh sazişinin imzalanmasından sonra gözlənilən Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan normallaşması, eləcə də regional kommunikasiyaların açılması prosesi ölkəmizin gələcək inkişafı üçün yeni fürsətlər yaradır. Bu kontekstdə İranın BRİKS-ə daxil olması ilə birliyin Azərbaycan sərhədlərinə iki tərəfdən çatması rəsmi Bakının qarşısında əlverişli imkanlar açır. Bu gün BRİKS ölkələrinin qlobal ÜDM-dəki payı 36%-dir. 2040-cı ilə qədər bu rəqəmin 45%-ə yüksələcəyi gözlənilir ki, bu da dünyanın əsas inkişaf etmiş iqtisadiyyatları sayılan G7 ölkələrinin analoji göstəricisindən iki dəfə çoxdur.
 
Azərbaycan belə nəhəng iqtisadi potensialı olan bir platforma ilə qonşuluqdan maksimum faydalanmalıdır. Xatırlatmaq yerinə düşər ki, Hindistan, İran və Rusiya kimi BRİKS ölkələrini birləşdirən “Şimal-Cənub” dəhlizinin Qərb marşrutu məhz Azərbaycan ərazisindən keçir. BRİKS-in genişlənməsi isə qrup ölkələri arasında Cənubi Qafqaz, o cümlədən Azərbaycan üzərindən aparılan qarşılıqlı ticarətin artmasını qaçılmaz edir.
 
BRİKS ölkələrini birləşdirən yuxarıda qeyd olunan iki mühüm meyar Azərbaycan üçün də keçərlidir. Belə ki, ölkəmiz Qərblə əməkdaşlıq etsə də, onun diktəsini qəbul etmir və yalnız bərabərhüquqlu tərəfdaşlığı dəstəkləyir. Digər tərəfdən, bir çox parametrlərə görə, regonun lider dövlət məhz Azərbaycandır. Ermənistanla gözlənilən sülh müqaviləsi təkcə ölkəmiz üçün deyil, bütövlükdə region üçün yeni dövrün başlanğıcı olacaq. Məhz bu yeni dövrün tələblərinə uyğun olaraq, Bakı perspektivli tərəfdaşlarla əməkdaşlığı dərinləşdirməli və BRİKS-ə qoşulma imkanlarını nəzərdən keçirməlidir.
 
@cssc_cqtm
👍17👎9
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktor müavini Fuad Çıraqov Toplum TV-nin Toplumun Nəbzi verilişində "İlham Əliyevdən Ermənistana tələb - Sülh müqaviləsi dalana dirənib?" mövzusu ətrafında müzakirədə iştirak edib.

Daha ətraflı: https://www.youtube.com/watch?v=6E0DWhOYcSA
👍7
Fransanın Cənubi Qafqaz planı
 
Avropa İttifaqı son dövrlərdə öz qlobal geosiyasi aktivliyini xeyli artırıb. Bir tərəfdən, bu aktivliyi Ukraynada baş verənlər fonunda “köhnə dünya”nın təhlükəsizliyinə yaranan ciddi təhdidlər şərtləndirir. Digər tərəfdən, Tramp zamanında ABŞ-ın Avropa məsələlərinə daha az diqqət ayırması və onun yenidən hakimiyyətə qayıtma ehtimalı, getdikcə daha çox daxili siyasi çəkişmələrə başı qarışan Vaşinqtonun öz tərəfdaşlarına dəstəyini zəiflətməsi Aİ ölkələrini həm birlikdə, həm də ayrı-ayrılıqda beynəlxalq arenada daha fəal addımlar atmağa vadar edir.
 
Azərbaycan və Türkiyənin məhdudlaşdırılması
Aİ-nin geosiyasi aktivliyində Fransa xarici siyasətinin xüsusi çəkisi olsa da, Parisin iddiaları bəzən ümumavropa maraqları ilə uzlaşmır. Bu ölkənin hazırki Cənubi Qafqaz siyasətinin hədəflərindən biri, heç şübhəsiz ki, bölgədə Azərbaycan-Türkiyə fəaliyyətlərinin məhdudlaşdırılmasıdır. Sırf geosiyasi maraqlara əsaslanaraq Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsi,  ardından bu ölkə vasitəsilə Ermənistana Fransa istehsalı silahların daşınması və bu kimi addımlar belə deməyə əsas verir ki, Paris Cənubi Qafqazda Türkiyə və Azərbaycanın artan nüfuzuna əngəl yaratmaq üçün Gürcüstan-Ermənistan tandemini formalaşdırmağa çalışır. Xəritəyə nəzər saldıqda, aydın şəkildə görünür ki, Tbilisi-İrəvan işbirliyi Ankara-Bakı cütlüyü üçün Şərq-Qərb oxu üzrə təbii coğrafi-siyasi məhdudlaşdırıcı rolunu oynaya bilər.
 
Əlbəttə ki, Fransa tərəfi heç də Gürcüstan və Ermənistanın Türkiyə və Azərbaycanla birbaşa toqquşmaya gedəcəyini gözləmir. Lakin perspektivdə bu mümkün tandemin müxtəlif sahələrdə, o cümlədən regional nəqliyyat və enerji layihələrində daha fəal iştirakına ümid edir. Məsələn, Orta Dəhliz layihəsində Aİ üzvlüyünə namizəd olan Gürcüstan və Aİ ilə imtiyazlı münasibətlərə malik Ermənistanın iştirakı Paris üçün arzuolunan ssenarilərdən biridir. İrəvanın Fransanın bu planlarına ortaq olması, əlbəttə ki, mümkündür. Lakin Gürcüstan Yelisey sarayının onun üçün müəyyən etdiyi rola razılaşcaqmı? Bəs Brüssel Parisə bu istiqamətdə dəstək olacaqmı?
 
Gürcüstan və Aİ-nin maraqları
Bu baxımdan Fransanın sözügedən planının reallaşması heç də inandırıcı deyil. Belə ki, Gürcüstan Ermənistanla tərəfdaşlıq və mehriban qonşuluq, Türkiyə və Azərbaycanla isə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Ankara və Bakı ilə münasibətlərə xələl gətirəcək addımların atılması, yaxud da bu münasibətlərin xarakterinə yenidən baxılması Tbilisinin regional mövqelərinin zəifləməsilə nəticələnəcək. Zərəri faydasından daha çox olacaq qərarların qəbulu isə Gürcüstanın milli maraqlarına uyğun deyil.  
 
Bununla yanaşı Gürcüstan Türkiyə və Azərbaycan qarşısında strateji tərəfdaş olaraq müəyyən öhdəliklərə malikdir. Həmçinin, Avropa İttifaqının da Azərbaycanda xüsusilə enerji və nəqliyyat sahələrində öz maraqları var və həmin maraqların həyata keçirilməsi məhz Bakı-Tbilisi əməkdaşlığı olmadan mümkün deyil.  Odur ki, Türkiyə-Azərbaycan müttəfiqliyinə qarşı Gürcüstan-Ermənistan tandeminin formalaşdırılması istər siyasi-diplomatik cəbhədə, istərsə iqtisadi sahədə, istərsə də bilavasitə yerdə mövcud olan hazırki reallıqlarla bir araya sığmır.
 
Nəticə
Fransa indiyədək Azərbaycana təzyiq göstərmək və mövqelərini zəiflətmək məqsədilə bir çox planlar qurub, bütün diplomatik resurslardan, mümkün beynəlxalq təşkilatlardan (BMT Təhlükəsizlik Şurası, ATƏT, Aİ və onun bütün institutları, Frankofoniya təşkilatı və s.) istifadə edib. Lakin buna baxmayaraq, Bakı öz mövqelərindən bir addım belə geri çəkilməyib və yeni reallıqlar yaradıb.
Odur ki, Parisin sözügedən Cənubi Qafqaz planı da eynilə uğursuzluğa məhkumdur. Hərçənd, Gürcüstanla Azərbaycan-Türkiyə strateji tərəfdaşlığını zəiflətmək cəhdləri bundan sonra da olacaq, hətta bu cəhdlərin daha intensiv xarakter alması mümkündür. Ancaq tərəflər arasında uzun illər boyu formalaşmış qarşılıqlı faydalı asılılıq baş verə biləcək təxribatların, yarana biləcək prolemlərin müsbət həllini təmin etmək üçün kifayət qədər ciddi əsasdır.
 
@cssc_cqtm
👍20👎1
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin baş elmiş işçisi Orxan Bağırovun “Rusiyadan böyük iqtisadi asılılıq Ermənistanın Qərblə inteqrasiyasını ləngidir” adlı məqaləsi ABŞ-ın Ceymstaun Fondunun (Jamestown Foundation) Gündəlik Avrasiya onlayn jurnalında çap edilmişdir.

Məqalədə əsas diqqət Ermənistanın Rusiyadan olan böyük iqtisadi asılılığına yönəldilmişdir. Bunun üçün bir sıra strateji iqtisadi sahələrdə Ermənistanın Rusiyadan nə dərəcədə asılı olduğu  diqqətə çatdırılmış və göstərilmişdir ki, Ermənistanın Qərbə inteqrasiyasına əsas mane olan səbəb də bu iqtisadi asılılıqdır. Ona görə də Ermənistan Qərbə tam olaraq intqerasiya etmək istəyirsə bunun üçün iqtisadi sahədə Rusiyanı Qərb ölkələri ilə əvəz etmək potensialına malik olmalıdır.

Məqalədə diqqətə çatdırılmışdır ki, 2022-ci ildə Ermənistandan Rusiyaya ixrac 2 dəfə, Rusiyadan idxal isə 40% artmışdır. Artım dinamikası 2023-cü ildə də davam etmişdir. Belə ki, 2023-cü ilin ilk 8 ayında Ermənistandan Rusiyaya ixrac yenə 2 dəfə artmışdır. Bu dinamikanın nəticəsidir ki, Ermənistanın ixracında Rusiyanın payı 36.7%-dən 51.7%-ə qədər artmışdır.

Məqalədə həm də vurğulanmışdır ki, Ermənistanın Rusiyadan ən çox asılı olduğu sahə enerji sektorudur. 2022-ci ildə Ermənistanın təbii qaz idxalında Rusiyanın payı 87.7%, maye qaz idxalında isə 90.3% (2021-ci ildə 26.8%) təşkil etmişdir. Ermənistanın elektrik enerjisi istehsalında Rusiyanın payı isə 70%-ə çatır. Ermənistan benzin, dizel kimi neft məhsullarının idxalında da Rusiyadan asılıdır. 2022-ci ildə Ermənistan neft məhsullarının 76.1%-ni Rusiyadan idxal etmişdir. Bundan başqa Ermənistanda elektrik enerjisinin istehsalının 35%-ni həyata keçiriən Metsamor Nüvə Stansiyasının lazımı xammalını təmin edən və tullantılarını emal edən də Rus şirkətlərdir.

Daha sonra məqalədə göstərilir ki, 2014-cü ildə isə Rusiya Metsamor stansiyasının istismar müddətinin 2027-ci ilə qədər uzadılması üçün Ermənistana $300 milyon vəsait ayırmışdır. Bu yaxınlarda isə Ermənistan hökuməti Rusiyanın “Rosatom Servis” şirkəti ilə Metsamor stansiyasının fəaliyyətinin 2036-cı ilə qədər uzadılması məqsədilə $65 milyon dəyərində müqavilə imzalamışdır. Bu müqavilənin imzalanması ABŞ tərəfindən Ermənistanda nüvə stansiyalarının qurulması ilə bağlı danışıqların getdiyi və Avropa İttifaqının təhlükəsizlik səbəbindən 2026-cı ilə qədər stansiyanın bağlanmasını tələb etdiyi vaxtda baş vermişdir. 

Eyni zamanda məqalədə diqqətə çatdırılır ki, Ermənistan əsas ərzaq məhsullarının idxalında da Rusiyadan asılıdır. Belə ki, 2022-ci ildə Ermənistanın buğda idxalının 99.9%-i, qarğıdalı idxalının 98.8%-i, un məmulatları idxalının 66.6%-i, marqarin yağı idxalının 72%-i Rusiyanın payına düşmüşdür. Bundan başqa, 2022-ci ildə Ermənistana daxil olan pul köçürmələrinin 70%-i, xarici birbaşa investisiyaların isə 60%-i Rusiyanın payına düşmüşdür.

Sonda isə qeyd edilmişdir ki, Ermənistanın Rusiyadan bir çox əsas iqtisadi sektorlarda asılı olması onun Qərbə inteqrasiyası qarşısında dayanan əsas maneələrdən birinə çevrilmişdir. Son illərdə isə Ermənistanın Rusiyadan iqtisadi asılığı daha da artmışdır. Maraqlısı odur ki, Ermənistanla Rusiya arasında sanksiyaya məruz qalan məhsulların yenidən ixracına görə ticarət əlaqələrinin daha da möhkəmlənməsi və Metsamor stansiyası ilə bağlı baş verən proseslər Ermənistanın Qərbə inteqrasiyası ambisiyaları ilə ziddiyət təşkil edir.

Daha ətraflı: https://jamestown.org/program/significant-economic-reliance-on-russia-stunts-armenias-integration-with-west/
👍20
Rusiya - Ermənistan “gərginliyi” azalırmı?
 
Ötən il ərzində Ermənistan və Rusiya arasında müşahidə edilən “söz dueli” son həftələrdə xeyli səngiyib. İrəvan rəsmiləri tərəfindən Kremlin ünvanına səsləndirilən sərt bəyanatlar 2023-cü ilin dekabr ayından etibarən artıq nəzərə çarpmır. Əksinə, sözügedən dövr ərzində ikitərəfli münasibətlər müstəvisində xeyli müsbət irəliləyişlər qeydə alınıb ki, bu da bəzi dairələrin “avtoritar Putinə qarşı savaş açan demokrat Paşinyan” mifini alt-üst edir.
 
Silahların tədarükü bərpa olundu
Bu yaxınlaradək Ermənistanın Rusiyadan narazı qaldığı məsələlərdən biri silah tədarükü ilə bağlı idi. İrəvan bir qayda olaraq, öz müdafiə qabiliyyətini məhz Moskvanın hesabına təmin edib. Kreml hər zaman Ermənistana güzəştli şərtlərlə, ucuz qiymətə silah-sursat və hərbi texnika ötürüb. Odur ki, silah təchizatındakı fasilələr iki ölkə arasında ciddi narazılıq yaradıb. 
 
İrəvan bəyan edirdi ki, müvafiq müqavilələrin imzalanmasına və ödəniş edilməsinə baxmayaraq, uzun müddətdir ki, Moskvadan razılaşdırılan silahları ala bilmir. Rusiya tərəfi isə Ukraynadakı hərbi əməliyyatlar fonunda artan silah-sursat və texnika ehtiyacını əsas gətirərək, Ermənistan qarşısındakı öhdəliyini yerinə yetirməkdən boyun qaçırırdı.
 
Lakin artıq Ermənistanın Rusiyadan narazılığına əsas verən səbəblərdən biri kimi silah tədarükündəki problemlər aradan qalxır. Belə ki, Moskvanın ölkəyə göndərməli olduğu hərbi təyinatlı yüklərin bir qismi artıq ünvana çatıb və İrəvanın ixtiyarına verilib.
 
Paşinyan hakmiyyətini qorudu
Kreml 2023-cü ildə də Ermənistanda istədiyinə nail ola, Paşinyanı hakimiyyətdən uzaqlaşdıra bilmədi. Moskva nə qədər çalışsa da, ölkədəki rusiyapərəst qüvvələri səfərbər etməyi bacarmadı. Bu, Rusiyanın Ermənistan daxilindəki siyasi imkanlarının məhdudluğunu göstərir.
 
Paşinyana gəlincə, o, növbəti siyasi qələbəsini İrəvan meri seçkilərində qazandı. Baş nazirin partiyası bunu təkbaşına edə bilməsə də, digər qərbyönümlü partiyaların köməyilə paytaxtda öz hakimiyyətini qoruyub saxladı.
 
Digər tərəfdən, Paşinyan siyasi müstəvidə anti-Rusiya bəyanatları versə də, iqtisadi müstəvidə iki ölkə arasındakı münasibətlərin ciddi inkişafına nail oldu və hazırda məhz bu sahə Rusiya-Ermənistan əlaqələrində əsas bağ rolunu oynayır.
 
Rusiyanın Ermənistanda zəifləməsində Azərbaycanın rolu
Rusiya onilliklər ərzində Ermənistanda iki istiqamət üzrə xal qazanıb. Kreml İrəvanın müstəqilliyinin qarantı qismində çıxış edib və onun işğalçı siyasətini dəstəkləyib. Azərbaycan bu iki istiqamət üzrə addımlar atmaqla Rusiyanın Ermənistandakı mövqelərinin zəifləməsinin əsasını qoydu.
 
Qarabağda hərbi əməliyyatlar fonunda bölgədəki erməni əhali öz xoşu ilə ərazini tərk etdi. Şərti sərhəddəki uğurlu əməliyyatlar isə Ermənistanın öz təhlükəsizliyinə təhdid yaratdı.
 
Bununla yanaşı, Rusiya Azərbaycanın Paşinyanın devrilməsində iştirakına nail ola bilmədi. Əksinə, məhz Azərbaycanın yuxarıda qeyd olunan fəaliyyətləri baş nazirə Ermənistan ictimai rəyində Rusiyanın mövqelərini zəiflətməyə imkan verdi. 
 
Ermənistan üçün son hədlər
Paşinyan hazırki dövrdə Rusiya və Qərblə münasibətlərdə Ermənistan üçün mümkün olan maksimumlara artıq çatıb. İrəvan KTMT-nin iclaslarına qatılmasa da, təşkiltadan çıxa bilmir. Baş nazir Avrasiya İqtisadi İttifaqının işində bilavasitə iştirak edir, hətta təşkilata sədrliyi də qəbul edib.
 
Qərblə yaxınlaşmağa gəlincə, Paşinyan anlayır ki, hazırki məqamda Vaşinqton, Paris və Brüssel kimi paytaxtlardan ona göstərilən dəstək indikindən daha artıq ola bilməz. Odur ki, Ermənistan qeyd edilən istiqamətlərdə bu dövr üçün mümkün olan son həddədir.
 
Hazırda İrəvanın Qərblə münasibətlərdəki başlıca narahatlığı ABŞ-dakı prezident seçkilərilə bağlıdır. Belə ki, əgər Tramp Ağ Evə qayıdarsa, bu, Paşinyanın formalaşdırdığı konfiqurasiyanı dağıda bilər. Bunu nəzərə alaraq, ən azından cari il ərzində Ermənistanın Rusiya ilə münasibətləri ənənəvi məcrada davam etdirəcəyi gözlənilir. İrəvan tərəfindən Moskva ilə əlaqələrdə yalnız ritorikada deyil, real gərginliyə səbəb ola biləcək əməli addımlar proqnozlaşdırılmır.
 
@cssc_cqtm
👍16
Azərbaycanla Ermənistanın gizli və aşkar qarşılıqlı iddiaları
 
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı müzakirələrdə zəmanət mövzusu önə çıxır. Tərəflər bəyan edirlər ki, yeni müharibəni mümkünsüz edəcək addımlar atılmalıdır. Əgər Ermənistanda bu məqsədlə zaminlər institutunun yaradılması təklif olunursa, Azərbaycanda Ermənistanın hüquqi bazasındakı mövcud problemlərə işarə edilir.
 
İran XİN rəhbərinin Ermənistana səfərindən sonra Paşinyan hökuməti artıq sülh müqaviləsinin zəmanətçiləri haqqında çox danışmır, çünki bu mövzunun davam etməsi İran və Rusiyada aktivliyə gətirib çıxarır. Sununcular bu mexanizmdə danışıqlar formatına müdaxilə imkanı görürlər. Digər tərəfdən, Ermənistan artıq İrandan, Aİ-dən, Fransadan, müəyyən qədər də ABŞ-dan təhlükəsizlik zəmanəti alıb. Rusiya isə hələ də Ermənistanın faktiki müttəfiqidir. Belə şəraitdə qarant məsələsi Ermənistanın himayədarları arasında vəziyyəti daha da gərginləşdirə bilər.
 
Azərbaycan üçün zəmanətlər Ermənistanda Qarabağa dair fərqli dövrlərdə qəbul edilmiş müxtəlif sənədlərlə bağlıdır: Ermənistanın Müstəqillik Bəyannaməsi, Konstitusiyada ona istinad, Alma-Ata Bəyannaməsinə edilən düzəlişlər, Ermənistan Ali Şurasının 8 iyul 1992-ci il tarixli qərarı, Ermənistanın daimi nümayəndəsinin BMT katibinə məktubları, beynəlxalq məhkəmələrdə iddialar. Bu sənədlərdən bəziləri Paşinyanın Azərbaycanın ərazi bütövlüyünün tanınmasını təkrarladığı dövrdə ortaya çıxıb. Məhz bu səbəbdən Azərbaycan Ermənistan baş nazirinin bəyanatlarına inanmır və sənədlərə yenidən baxılması prosesinin başlanmasına eyham vurur.
 
Prezident İlham Əliyevin müsahibəsindən sonra Paşinyan bəyan etdi ki, ritorika danışıqlar prosesinə uyğun olmalıdır. Düzdür, lakin Azərbaycan da son bir neçə ayda erməni diplomatiyasının beynəlxalq qurumlara verdiyi bir sıra sənədləri və bəyanatları media vasitəsilə nümayiş etdirdi. Yəni, Azərbaycanın iddiaları sadəcə ritorikadır, amma Ermənistanın iddiaları isə gələcəkdə yeni müharibəni nəzərdə tutan bütöv bir rəsmi sənədlər toplusudur!
 
Paşinyanın sözlərinə görə, danışıqlar prosesi Ermənistanın baş naziri ilə Azərbaycan prezidentinin administrasiyaları arasında gedir. Ya Ermənistan XİN-in bu prosesdən xəbəri yoxdur, ya da baş nazirdən müvafiq göstəriş almayıblar. Ola bilsin, Vardan Oskanyanın dövründə işə götürülən erməni diplomatlar danışıqlar prosesini sabotaj edirlər, lakin bu, artıq Paşinyanın problemidir.
 
Ötən müddət ərzində Ermənistan regionda mümkün sülhün dayaqları altına çoxlu minalar döşəyib. Bu minaların gələcəkdə işə düşməməsi üçün onları çıxarıb zərərsizləşdirməyə başlamaq vacibdir!
 
Məsələn, Paşinyan “Azərbaycanın gizli ərazi iddialarından” danışır... Harada gizli?! Azərbaycan Konstitusiyasında, Müstəqillik Aktında, Azərbaycan Respublikasının qanunlarında, Prezidentin sərəncamlarında Qərbi Azərbaycan mövzusu yoxdur!!! Azərbaycanda Alma-Ata Bəyannaməsinə heç bir düzəliş yoxdur!
 
Amma Ermənistanda ərazi iddiaları gizlədilmir, göz qabağındadır!!!
 
Əgər Ermənistan Azərbaycandan ritorikanın dəyişməsini gözləyirsə, o zaman “Artsaxlar” və “DQRlər”i xatırladaraq beynəlxalq orqanlara verilən məktubların və iddiaların geri çağırılmasına başlamalıdır. Sonra isə parlament səviyyəsində 1992-ci il Ali Şuranın qərarının ləğvi və Alma-Ata Bəyannaməsinə edilən düzəlişlərin geri götürülməsi mümkündür.
 
Sülh müqaviləsi prosesin yalnız başlanğıcıdır. Ondan sonra normallaşma başlayacaq, qarşılıqlı fəaliyyət və mümkün gələcək əməkdaşlıq çərçivələri müəyyən ediləcək.
 
Ermənistan baş nazirinin Konstitusiya dəyişikliyilə bağlı açıqlamaları Azərbaycanda da gözləntilər yaradıb. 2021-ci ildə oxşar təşəbbüsün nəticəsiz qalmasını xatırlayırıq. Digər tərəfdən, Paşinyanın Konstitusiyada dəqiq (!) nəyi dəyişmək niyyəti də hələ ki, aydın deyil.
 
Beləliklə, sentyabr ayından şərti sərhəddə vəziyyət sakitləşdi, birgə bəyanat qəbul edildi, hətta ikitərəfli formatda yeni görüşlər də gözlənilir. Müsbət dinamika qalır və bu hal daha da inkişaf etdirilib normaya çevrilməlidir. Bunun üçünsə bir-birimizin gözləntilərini eşitmək məqsədəuyğundur.
 
@cssc_cqtm
👍18
Cənubi Qafqaz identikliyi - regionda gələcək davamlı sülhün formulu
 
Cənubi Qafqazın dünyanın ən parçalanmış regionlarından biri olduğu barədə çox danışılıb. Burada həm qlobal (NATO və KTMT, Aİ və Aİİ), həm də regional (Rusiya, Türkiyə, İran) xarakterli ziddiyyətlər mövcuddur. Bölgədəki ənənəvi oyunçulara Hindistan və Pakistan kimi yeni aktorlar da qoşulub.
 
Belə şəraitdə Cənubi Qafqaz dövlətlərinin iki yolu var: Ya asılı olmaq, ya da öz gündəmini formalaşdırmaq. Son 30 ilin praktikası göstərdi ki, hətta Rusiya kimi güclü oyunçunun forpostu rolu Ermənistanı məğlubiyyətdən sığortalamadı. Baxmayaraq ki, Ermənistan 25 il ərzində Azərbaycana qarşı təcavüzkar siyasətlə bağlı Rusiya, İran və Qərbin konsensusunu uğurla formalaşdırıb.
 
2020-ci il müharibəsi, son üç ildə baş verən hadisələr və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı ikitərəfli danışıqlar formatını alternativsiz edib. 2020-ci il müharibəsinin nəticələri hələ də icrasını gözləyir: Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması, kommunikasiyaların açılması. Müharibənin nəticələri reallaşana qədər kənar aktorlar regionda öz gündəmlərini həyata keçirmək üçün prosesə qarışmağa çalışacaqlar.
 
Xarici qüvvələrdən uğursuz istifadə cəhdləri
2020-ci ildən sonrakı üç il həm də göstərdi ki, Azərbaycan və Ermənistan hər biri öz səviyyəsində üçüncü dövlətlərin köməyi ilə bir-birinə qarşı öz məqsədlərini reallaşdıra bilmədi. Ermənistan ərazisində Rusiyanın iştirakı ilə Zəngəzur dəhlizinin fəaliyyəti alınmır. Ermənistanın Qarabağdakı separatçı ermənilər mövzusunda Rusiya, ABŞ, Aİ və İran arasında konsensusu bərpa etmək cəhdi separatçı qurumun dağılmasına və ermənilərin Azərbaycan ərazisindən könüllü olaraq Ermənistana köçməsinə səbəb oldu. Bütün bunlar belə bir anlayışa gətirib çıxardı ki, biz bir-birimizlə razılaşmalı və bütün xarici aktorları yeni reallıqla bağlı fakt qarşısında qoymalıyıq.
 
Regional identiklik
Cənubi Qafqazda regional inteqrasiya bir istiqamətdə inkişaf edir. Azərbaycan və Ermənistan Gürcüstanla praqmatik münasibətləri rəsmiləşdirib. Bu münasibətlər mühüm bir prinsipi formalaşdırıb - maraqların nəzərə alınması, regional tərəfdaşın maraqlarına zidd olan layihələrdə iştirak etməmək. Gürcüstanla münasibətlərdə bu və ya digər dərəcədə bu prinsipə həm Azərbaycan, həm də Ermənistan riayət edir. Yəni, Azərbaycanla Ermənistanın münasibətlərində gələcək üçün real ola biləcək nümunəmiz var.
 
Mərkəzi Asiya nümunəsi – 5+
Mərkəzi Asiya ABŞ, Aİ, Çin, Rusiya, Yaponiya, Hindistan, Cənubi Koreya və Almaniya kimi xarici aktorlarla təmaslar ərəfəsində özünün məsləhətçi görüşlərini keçirən regional beşlik formatını formalaşdırıb. Burada Orta Asiyanın ümumi gündəliyi (ekologiya, kommunikasiyalar və geosiyasət kimi mövzular var ki, onları təkbaşına həll etmək mümkün deyil) və hər bir ölkənin ayrıca gündəliyi var. Bu format regionun bəzi ölkələrinin fərqli hərbi-siyasi bloklarda və gömrük ittifaqlarında iştirakına maneə deyil. Əsas element ondan ibarətdir ki, hərbi-siyasi bloklarda və gömrük ittifaqlarında iştirakdan regionda hegemonluq məqsədləri üçün istifadə olunmur. Bu format həm də qonşuların bir-biri üçün şəffaflığını və proqnozlaşdırıla bilənliyini artırır. Çoxillik fəaliyyətin nəticəsi olaraq deyə bilərik ki, regionda sülh və sabitlik ideyasına xidmət edən geosiyasi Mərkəzi Asiya kimliyi formalaşıb.
 
Cənubi Qafqaz üçlüyünün maraqları prioritetdir
Cənubi Qafqaz dövlətləri də öz regional kimliyini formalaşdırmalı, bir-biri üçün qırmızı xətlər çəkməli, xarici qüvvələrin planlarına uyğun olaraq  bir-birinin əleyhinə istifadə edilməməli, coğrafiyamız çərçivəsində qarşılıqlı fəaliyyət formulunu tapmalıdırlar. Bu ideya daha böyük geosiyasi güc mərkəzləri arasında qarşıdurma və münaqişə məkanına çevrilməməyə kömək edəcək, davamlı sülh və inkişaf üçün şərait yaradacaq. Bunun üçün gələcək müharibə ehtimalını (həm ritorikada, həm də hüquqi sahədə) istisna etmək və bir-birinə qarşı yönəlməyən xarici siyasət fəaliyyətini formalaşdırmaq vacibdir.
 
@cssc_cqtm
👍14👎1
Ermənistan Alma-Ata Bəyannaməsini təhrif edərək özünü hüquqi dalana salıb
 
Ermənistan mətbuatında Alma-Ata Bəyannaməsi və İrəvan tərəfindən ona edilən düzəlişlərin ölkə parlamentində qəbulu ilə bağlı ilk prezident Levon Ter-Petrosyanın köməkçisi olmuş Levon Zurabyanın müsahibəsi dərc edilib. Maraqlıdır ki, materialda sənədin özü ilə yanaşı, həmin dövrdə hakimiyyətdə olan siyasi qüvvəni təmsil edən şəxsin şərhləri də təqdim olunub.
 
Beləliklə, keçək sənəddə yer alan və Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanımamaq niyyətini gizlədən məqamlara:
 
Məqalədə bildirilir ki, Belovejsk sazişlərinin imzalanmasının ertəsi günü Ermənistan tərəfi birinci prezident Levon Ter-Petrosyanın simasında MDB-yə qoşulmaq təşəbbüsü ilə çıxış edib. Ona görə də İrəvan Alma-Ata Bəyannaməsini imzalayıb (21 dekabr 1991-ci il). Bundan sonra MDB-nin yaradılması haqqında Saziş ratifikasiya üçün Ermənistanın Ali Sovetinə (parlament) göndərilib.
 
“Ratifikasiya zamanı (18 fevral 1992-ci il) Ermənistan Ali Soveti 10 düzəliş qəbul edib. 10-cu düzəlişə əsasən, MDB qoşulma üçün nəinki keçmiş sovet respublikalarına, həm də Sovet İttifaqının mövcudluğunun dayandırılması haqqında Bəyannamədən əvvəl (1991-ci il dekabrın 26-da) müstəqilliklə bağlı ümumxalq referendumları keçirilmiş keçmiş muxtariyyətlərə də açıq olacaq”, - Zurabyan bildirib.
 
Düzəlişin mətni isə belədir: “13-cü maddənin ikinci abzasına “SSRİ-nin bütün ölkələri üçün açıqdır” sözlərindən sonra “o cümlədən, Sovet İttifaqı Ali Sovetinin “SSRİ-nin mövcudluğunun dayandırılması haqqında” bəyannaməsi qəbul edilməzdən əvvəl müstəqilliyin elan edilməsinə dair ümumxalq səsverməsi keçirmiş və bunun əsasında ali icra hakimiyyəti orqanı qəbul olunmaq xahişi ilə MDB-yə müraciət etmiş SSRİ-nin keçmiş muxtar qurumları üçün” sözləri əlavə edilsin”.
 
“Ermənistan 1992-ci ildə Alma-Ata Bəyannaməsini ratifikasiya edərək, dəqiq və aydın şəkildə DQR-in müstəqil dövlət kimi MDB-yə qoşula biləcəyi və qoşulmalı olduğu mesajını verdi”, - Zurabyan qeyd edib.
 
Onun sözlərinə görə, hazırda belə bir təəssürat yaranır ki, İrəvanın 1991-ci ildə bəyannamənin ratifikasiyası zamanı qəbul etdiyi düzəlişlər Ermənistanın indiki hakimiyyəti üçün sadəcə olaraq mövcud deyil.
 
“Onlar susur, yalnız Alma-Ata bəyannaməsinin mətnindən və ərazi bütövlüyündən danışırlar. Hüquqi nöqteyi-nəzərdən İrəvan Ali Sovetin düzəlişlərinə yenidən baxmalı olacaq, Paşinyan dəyişikliklər layihəsi ilə parlamentə üz tutmağa borcludur”, - Zurabyan vurğulayıb.
 
O diqqətə çatdırıb ki, əgər Paşinyan bunu etməsə, Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində - Alma-Ata bəyannaməsi əsasında həlli üçün onun heç bir hüquqi əsası olmayacaq.
 
Nəticə
Beləliklə də, Ermənistanın düzəlişləri ölkənin Ali Sovetinin qərarı səviyyəsində qəbul edilib və İrəvandakı hazırki hökumət Ermənistanı öz-özünü saldığı bu hüquqi dalandan çıxarmaq üçün sözügedən qərarı ləğv etməlidir.
 
Əgər bu baş verməsə Alma-Ata Bəyannaməsinə istinadı özündə eks etdirən Praqa bəyanatının heç bir dəyəri qalmır. Qranada bəyanatından isə heç danışmağa belə dəyməz. Paşinyan bu bəyanatları tez-tez xatırlatmağı sevir, Qərb funksionerləri də onun təkrarlayırlar. Belə çıxır ki, ya Qərbin sözügedən düzəlişlərdən xəbəri olmayıb və Paşinyan tərəfindən aldadılıb, ya da bilərəkdən Bakı üçün tələ hazırlayıb.
 
Bir sözlə, Ermənistan üçün vəziyyətdən yeganə çıxış yolu Konstitusiyanı, Ali Şuranın qərarlarını, erməni diplomatlarının bəyanatlarını Azərbaycana qarşı təcavüz və işğalçılıq siyasətinin ləkələrindən təmizləməkdir.
 
@cssc_cqtm
👍22👎2
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Toplum TV-nin Toplumun Nəbzi verilişində Avropanın Azərbaycana sanksiyaları nə dərəcədə realdır? mövzusu ətrafında müzakirədə iştirak edib.

https://www.youtube.com/watch?v=ei-VEcWDKl0
👍10
Cənubi Qafqazda müharibə: Kim lehinə, kim əleyhinədir?!
 
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlara paralel olaraq, ekspert ictimaiyyətində və mediada gələcək müharibə mövzusu təbliğ olunur. Müxtəlif dövlətlərin rəsmi nümayəndələri, ekspertlər və media gələcək müharibə haqqında diskurdan öz məqsədləri üçün istifadə edirlər. Etiraf etmək lazımdır ki, müharibənin mümkünlüyü ilə bağlı belə nəticəyə gəlmək üçün obyektiv əsaslar var:
 
⁃ Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb;
⁃ Ermənistan qanunvericiliyində Azərbaycana qarşı ərazi iddiaları qalır;
⁃ Silahlanma yarışı gedir;
⁃ Regionda xarici qüvvələr arasında geosiyasi qarşıdurma getdikcə güclənir.
 
Mümkün eskalasiyanın maraqlı tərəfləri və hədəfləri
 
Beynəlxalq mediadakı yazıların və ekspertlərin çıxışlarının məzmun təhlilini etdikdə, məlum olur ki, gələcək müharibə barədə söhbətlərin çoxu Fransa və Rusiyadan qaynaqlanır.
 
Fransa özünün və Hindistan istehsalı silahlarla Ermənistanı doldurmaq, ordu idarəetmə sisteminə və dövlət aparatına sızmaq, Rusiyanın Ermənistandakı mövcudluğunu zəiflətmək üçün “Azərbaycanın gələcək hücumu” mövzusunu təbliğ edir.
 
Rusiya da öz növbəsində İrəvanın Qərbə üz tutacağı təqdirdə Ermənistanın Qərbi Azərbaycana çevriləcəyini açıq şəkildə bildirir, rusiyalı ekspertlər Moskvanın qırmızı xətlərini aydın olaraq bəyan edirlər.
 
Bir sözlə, Fransa da, Rusiya da əmindirlər ki, müharibə qaçılmazdır və Azərbaycan hərəkətə keçəcək.
 
Rəsmi Bakı isə əksinə, danışıqları davam etdirmək üçün əzmkarlıqla səbr və qətiyyət nümayiş etdirir: Sankt-Peterburq və Münhendə ikitərəfli formatda baş tutan iki görüş, sərhəd komissiyalarının iclasları, xarici işlər nazirlərinin hazırkı görüşü, Qərb və Rusiya rəsmiləri ilə görüşlər və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üzrə müzakirələr. Azərbaycan Müdafiə Nazirliyi şərti sərhəddə erməni təxribatlarına cavab verilməyəcəyini bildirir, rəsmi Bakı araşdırmaların aparılmasını tələb edir.
 
Bəs Azərbaycanın cavab verməsi, özü də bu cavabın qeyri-mütənasib olması üçün nə lazımdır?!
 
Fevraldakı lokal atışma göstərdi ki, Ermənistan hökuməti bəzi hissələrdə sərhədi “Yerkrapa” özəl hərbi şirkətinə həvalə edib, 2021-ci ildən isə şərti sərhədin müəyyən hissələrini Rusiya FTX-yə verib. Beləliklə də, antiazərbaycan siyasəti nəticəsində Ermənistan şərti sərhədin bütün perimetri üzərində tam nəzarətə malik deyil. Bu isə eskalasiyada maraqlı olan xarici qüvvələrin müvafiq tədbirlər görməsinə və Bakını cavab verməyə təhrik etməsinə şərait yaradır.
 
Bununla yanaşı, həm Rusiya, həm də Fransa istər Ermənistanda, istərsə də xaricdə revanşist qüvvələrlə yaxınlıq edir. Rəsmi Paris Paşinyanla Fransa daşnaklarının başçısı Papazyan arasında görüş təşkil etməklə daha da irəli gedib. Məqsəd daşnakları Paşinyanla barışdırmaq və sonuncunu revanşist məzmuna yaxınlaşdırmaqdır.
 
Bütün bu hərəkətlər Azərbaycan tərəfindən qeydə alınır. Rəsmi Bakı fevral ayında açıq şəkildə göstərdi ki, itkilər olarsa, qeyri-mütənasib cavab verəcək. Yəni, eskalasiyada maraqlı olanlar insan tələfatı ilə müşayət olunan təxribat törətməlidirlər ki, Bakı cavab versin. Əgər Ermənistan əldə etdiyi silahların məhv edilməsini, yeni qurbanların və itkilərin olmasını istəmirsə, o zaman şərti sərhəddə öz silahlı dəstələri üzərində nəzarəti gücləndirməli, Ermənistan XİN rəhbərinin məzmunu üzərində işləməli, Ermənistan Ali Sovetinin 1992-ci il qərarlarını ləğv etməyə başlamalıdır.
 
Paşinyan və dəstəsi başa düşməlidir ki, “şərti sərhəddə bəzi mövqelərə nəzarətin bərpasına gətirib çıxaraq uğurlu eskalasiya” yolu ilə danışıqlarda Ermənistanın mövqeyini gücləndirmək barədə Fransanın vədləri növbəti itkilərə səbəb ola bilər. Hərbi eskalasiya Azərbaycanın danışıqlardakı mövqeyini də dəyişə bilər, son üç ildə bunun şahidi olmuşuq. Paşinyan daha çox itkiyə məruz qalmamaq üçün təkcə Rusiya ilə deyil, Fransa ilə də münasibətlərdə subyektiv olmalıdır.
 
@cssc_cqtm
👍20
Təzminat məsələsi Azərbaycan və Ermənistan arasında sülh prosesinin tərkib hissəsi kimi
 
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar prosesi daha geniş sülh prosesinin mühüm tərkib hissəsidir. Əgər sülh müqaviləsi iki dövlət arasında gələcək qarşılıqlı fəaliyyət üçün çərçivəni rəsmiləşdirməlidirsə, o zaman kommunikasiyaların açılması, humanitar məsələlər, təzminat və digər mövzular öz dinamikası olan paralel proseslərdir.
 
Sadalanan hər bir mövzu Azərbaycan-Ermənistan münasibətlərindəki konkret dövrdə formalaşan şərtlərə uyğun inkişaf edir. Bəzi mövzular (məsələn, kommunikasiyaların açılması, Zəngəzur dəhlizi) sonraya saxlanıla və ya əksinə, irəli çəkilərək (məsələn, Ermənistan qanunvericiliyinin dəyişdirilməsi) sülh müqaviləsinin şərtlərinə daxil edilə bilər.
 
Ermənistandan təzminat alınması mövzusu müharibənin sonundan bəri aktualdır. Azərbaycan dəymiş ziyanın monitorinqini və qiymətləndirilməsini həyata keçirib. Bakının əlində Ermənistan baş nazirinin üçtərəfli bəyanat üzərindəki imzası var. Bu sənəddə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində olması faktı tanınır.
 
Son onilliklərdə təzminatların ödənilməsinə dair nümunə azdır, lakin bu fakt məsələni anaxronizmə çevirmir. Ən son misal kimi Rusiyanın dondurulmuş və Ukraynaya verilməsi gözlənilən aktivlərini göstərmək olar. Biz Qərbin Rusiyanın maliyyə ehtiyatlarının Ukraynaya transferinə hansı hüquqi don geyindirəcəyinə diqqət yetirməliyik. Aydındır ki, təzminat üçün əsas Ukraynaya qarşı təcavüz və ərazilərin sonradan Rusiyaya ilhaq edilməsilə işğalıdır.
 
Bu əsas Azərbaycana qarşı təcavüz etmiş, əraziləri işğal və ilhaq etmiş Ermənistan üçün də keçərlidir. Ermənistan qanunvericiliyi Azərbaycan üçün sübutlar bazasını təşkil edir. Azərbaycanın Ermənistan qanunvericiliyinin dəyişdirilməsi tələbi Bakının təzminatlarla bağlı mövqeyini hansısa formada yumşaltması baxımından İrəvan üçün müəyyən dərəcədə xilas yoludur. Ancaq Paşinyan hökuməti konstruktivlik nümayiş etdirməsə, o zaman bütün bu sənədlər Ermənistanı uçurumun dibinə sürükləyən ağır bir yükə çevriləcək.
 
Makronun təkliflərindən sonra Paşinyanın verdiyi “Azərbaycanla sülhün mümkünsüzlüyü haqqında” bəyanatı Bakını sülh müqaviləsi üçün yeni şərtlər irəli sürməyə vadar edə bilər. Qanunvericiliyin dəyişdirilməsi şərti ilə yanaşı, təzminat mövzusu paralellikdən çıxa və ilkin şərtə çevrilə bilər.
 
Qərb, xüsusilə ABŞ, təzminat iddiaları mövzusuna böyük diqqət yetirir. Məhz Vaşinqtondakı danışıqlar zamanı nümayəndə heyətlərinin tərkibinə Xarici İşlər Nazirliklərində beynəlxalq məhkəmələrə ünvanlanan iddialar üzrə məsul şəxslər daxil idi ki, bu da Birləşmiş Ştatların qarşılıqlı iddialardan çəkinməyi təklif etdiyini güman etməyə əsas verir.
 
Bununla belə, danışıqlar prosesinin öz dinamikası var. Və burada təzminat mövzusu yeni məna kəsb edə bilər.
 
Ermənistanın təzminat ödəməyə qadir olmadığı arqumenti isə tənqidə tab gətirmir. Belə ki, bu ölkə üç il ərzində Azərbaycan ərazisində ordu saxlamaq üçün ildə 400 milyon dollar ödəyən, iqtisadi artım nümayiş etdirən və maliyyə ehtiyatlarını artıran, Hindistan və Fransadan silah alışına milyardlar xərcləyən bir ölkədir.
 
Odur ki, hazırda Ermənistanın sanballı maliyyə yastığı formalaşıb və nəzərə alsaq ki, Ermənistan sivil ölkələrdən fərqli olaraq, işğal illərinə görə Azərbaycandan rəsmən üzr istəməyib, o zaman çoxmilyardlı təzminatlar Ermənistanın təbiətindəki təcavüzkarlığın qarşısını almaq üçün zəruri şərtə çevrilir.
 
Qərb himayədarları Azərbaycana təzminat ödəməyi öhdələrinə götürməklə, bu məsələdə də Ermənistana kömək edə bilərlər. Buna nail olmaq üçün Bakının təzminat prosesini məhkəmələrdə real təhlükə səviyyəsinə çatdırması və ya təzminat mövzusunu sülh müqaviləsinin şərti kimi irəli sürməsi məqsədəuyğun olardı. Təəssüf ki, belə olmazsa Ermənistanın qərbli himayədarları yerindən tərpənməyəcəklər. Çünki onlar üçün Azərbaycanın dağıdılmış şəhər və kəndləri, azərbaycanlılara qarşı mina terroru, öz doğma torpaqlarına qayıtmaq istəyən yüz minlərlə azərbaycanlı heç bir əhəmiyyətə malik deyil.
 
@cssc_cqtm
👍25
İranın Ermənistana qarşı susqunluğu: Mahiyyəti və səbəbləri

İranın Cənubi Qafqaz siyasətinin prioritetlərindən biri Qərbin regiona nüfuzu və təsirinin qarşısını almaqdır. Lakin Tehran Ermənistan-Qərb yaxınlaşmasına sərt reaksiya vermək əvəzinə susqunluğunu qoruyur.

Ermənstan - İran üçün imtiyazlı ölkə

İran üçün Ermənistan xüsusi və imtiyazlı ölkədir. Tehran Yaxın Şərq siyasətində Suriya, Cənubi Qafqazda isə Ermənistana üstünlük verir. Ermənistan İranın qonşuları arasında müsəlman olmayan yeganə ölkədir. Ən maraqlısı isə odur ki, bu xristian dövləti islamçı rejimin problem yaşamadığı tək qonşu ölkədir. İranın nöqteyi-nəzərindən Ermənistan Cənubi Qafqazda xristian Qərbin bir parçasıdır. Bu amil İranın Qərblə münasibətlərini yumşaltmaq imkanlarından biri kimi qiymətləndirilir.

Geosiyasi baxımdan isə Ermənistan Türkiyə ilə yanaşı İranın Avropaya açılan iki pəncərəsindən biridir. Lakin İran Türkiyədən asılılığını azaltmağı düşünür və Ermənistanla münasibətləri gərginləşdirməklə Türkiyə marşrutundan asılılığını artırmaq istəmir. İranın Azərbaycan-Türkiyə müştərək layihələrinə qarşı Ermənistan kartından istifadəsi də məhz bu kontekstdə dəyərləndirilməlidir.

İran Ermənistanla yaxşı münasibətlər qurmaqla həm də Qərbə müxtəlif mesajlar verir. O bəyan edir ki, İŞİD, “Taliban”, “Əl-Qaidə” və bu kimi təşkilatlardan fərqli olaraq radikal və fundamentalist deyil, qeyri-müsəlmanlara qarşı dözümlüdür. Bununla yanaşı, İran erməni diasporunun imkanlarından da faydalanır, bu yolla yəhudi lobbisinin təsirini azaltmağa çalışır. İslam Respublikası hesab edir ki, Avropa və ABŞ-dakı erməni diasporunun siyasi və iqtisadi gücü Tehrana qlobal siyasətdə fəal olmaq üçün imkanlar yarada bilər.

İranın Qərb və Rusiya ilə ziddiyyətli tərəfdaşlığı

Qərbin Ermənistandan dolayı Azərbaycana təzyiq göstərməsi ölkəmizdə anti-Qərb əhval-ruhiyyəsinin artmasına səbəb olur. Bu, İranın ideoloji fəaliyyətinə şərait yaratmasa da, Azərbaycan-Qərb münasibətlərini məhdudlaşdırmaqla Tehran üçün siyasi və geosiyasi fəaliyyət meydanı açır. Lakin İran administrasiyası öz prinsiplərini pozaraq Qərbin təzyiqinə boyun əyməyən Azərbaycanı deyil, Qərblə yaxınlaşmaq istəyən Ermənistanı dəstəkləyir.

Ziddiyyətli görünsə də, Qərbin Azərbaycandan tələb etdiklərini İran da təqdir edir. Bu isə müəyyən məsələlərdə, o cümlədən Azərbaycana münasibətdə İran-Qərb tərəfdaşlığını üzə çıxarır. Özü də bu əməkdaşlıq kortəbii deyil, Fransa tərəfindən koordinasiya olunur. Hazırda İran Zəngəzur dəhlizinin reallaşmasını əngəlləmək istiqamətində Qərblə ortaq hərəkət edir.

Bu gün Qərb Türkiyənin Azərbaycanla müttəfiqliyinə görə Ankaradan yan keçərək Ermənistanla əlaqələri birbaşa inkişaf etdirmək istəyir. Tehran İrəvanın Qərblə yaxşı münasibətlər qurmasının tərəfdarıdır, amma bu münasibətlərin siyasi, strateji və hərbi müttəfiqliyə çevrilməsini istəmir. İran Ermənistanı Qərbə qarşı Rusiyanın tərəfində saxlanılmalı olan ölkə kimi görür. İslam Respublikası həm də özünü Ermənistan üçün Rusiyaya alternativ kimi təqdim edir.

Nəticə

İranın susqunluğu öz prinsiplərinə zidd olaraq daim rastlaşdığı ideologiya - praqmatizm qarşıdurmasının fərqli təzahürüdür. Bu ziddiyyət dini rejimin öz qırmızı xətlərini daim keçərək qeyri-sabitliyini üzə çıxarır. Onun Ermənistana qarşı “ideoloji tolerantlığı” Azərbaycana qarşı tətbiq etdiyi ikili standartların göstəricisidir.

Tehran Bakı və İrəvan arasında qaynar münaqişənin olmasını istəmir, lakin tərəflərin barışmasını da özü üçün təhlükə kimi görür. İran Ermənistana qalib gələn Azərbaycanı Cənubi Qafqazdakı yeni rəqibi kimi nəzərdən keçirir. Ermənistanla bağlı Rusiya ilə Qərb arasında münaqişənin və gərginliyin dərinləşməsi də İranı narahat edən digər məsələdir. Tehran öz sərhədlərində “ikinci Ukrayna” görmək istəmir.

Ermənistanın institusional olaraq NATO və Aİ kimi təşkilatlara daxil olmaq cəhdlərinin konkretləşdirməsi və inteqrasiya prosesinə başlaması İran üçün qəbuledilməzdir. Bu kontekstdə Tehranın strategiyası aydındır: O, Rusiyanın əli ilə Ermənistanı məhdudlaşdırmağa çalışır.

@cssc_cqtm
👍15
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "Rusiya-Ermənistan gərginliyi nə ilə nəticələnəcək?" mövzusundakı müzakirələrdə iştirak edib.

Daha ətraflı: https://www.youtube.com/watch?v=ix4q9MwkMOo
👍6
Ermənistanın təhlükəsizlik sistemində İran dilemması

Ermənistanın özünə yeni himayədar axtarışları Rusiya ilə yanaşı, artıq İranı da ciddi narahat etməyə başlayıb. Kremlin ardından Tehran İrəvana birbaşa və açıq şəkildə xəbərdarlıq ünvanlayıb. Belə ki, İranın müdafiə naziri Məhəmməd Rza Aştiani erməni həmkarı Suren Papikyanla görüşündə Ermənistanı tələsik addımlar atmaqdan çəkinməyə çağırıb.

O, bildirib ki, “bölgədən kənarda təhlükəsizlik axtarışları əks nəticə verəcək. Təhlükəsizlik arxitekturası regionun özündə formalaşmalıdır, əks halda bölgə fövqəldövlətlər arasında münaqişə meydanına çevriləcək. Regionun əcnəbilərin rəqabət meydanına çevrilməsinə isə icazə verilə bilməz, çünki bu, bölgə ölkələrinin hamısının maraqlarına ziddir və həmin ölkələrin təhlükəsizliyinə, sabitliyinə mənfi təsir edəcək”.

İranın Ermənistandan gözləntiləri

İran çətin dövrlərdə Ermənistanı ən çox dəstəkləyən dövlətdir. 44 günlük müharibə zamanı o, öz ərazisini Rusiya silahlarının daşınması üçün təqdim edib. Müharibədən sonra isə Tehran Qarabağ separatçılarının resurs təminatına hər cür dəstək verib, Qarabağa təxribat qrupları göndərib, ən əsası isə on minlərlə hərbi texnika və canlı qüvvəsini Azərbaycanla sərhədə toplayıb. Bir sözlə, İslam Respublikası müvafiq bəyanatlarla yanaşı, Ermənistanı qorumaq üçün konkret addımlar atıb.

Aydın məsələdir ki, istənilən dəstək heç zaman qarşılıqsız olmur və müəyyən gözləntilər yaradır. Bu səbəbdən cənub qonşumuz Ermənistana imtina edilməsi çətin olan təkliflər edir. Tehran Azərbaycanla şərti sərhəddə İran nümayəndəliyinin yerləşdirilməsini, Gümrüdəki Rusiya hərbi bazası ilə birlikdə və ya onun əvəzinə Qərbi Zəngəzurda İran hərbi bazasının qurulması istəklərini İrəvana çatdırır. Həmçinin, Azərbaycanla danışıqlarda rəsmi İrəvanın tələb etdiyi sülh müqaviləsinin qarantı rolunun İran, Türkiyə, Rusiya üçlüyünə verilməsi də təkliflər siyahısına daxildir.

Ermənistanın İran dilemması

Paşinyan antiazərbaycan dalğası fonunda Rusiya ilə yanaşı, həm Qərbin, həm də İranın Ermənistan ərazisinə daha dərindən nüfuz etməsinə şərait yaradıb. Hazırda ABŞ İrəvana əsasən siyasi, Aİ, xüsusən Fransa isə həm hərbi, həm də siyasi dəstək verir. İranlılara gəlincə, onlar artıq Ermənistanda təkcə biznes deyil, həm də öz anlayışlarında “yumşaq güc” əldə ediblər. Günümüzdə Tehranın İrəvanla bağlı digər bir funksiyası da var. İran ölkə ərazisindən keçməklə Hindistan silahlarının Ermənistana çatdırılmasını təmin edir.

İslam Respublikasının İrəvana səfir qismində keçmiş Suriya diplomatik korpusunun rəhbəri və SEPAH zabitini göndərməsi İranın Ermənistanı öz orbitinə cəlb etmək niyyətinin ciddiliyinin nümayiş etdirir. Tehran bütövlükdə İrəvanın Qərblə əməkdaşlığına qarşı çıxmasa da, Ermənistanda Qərbin rolunun və funksionalının müəyyən sərhədləri olduğunu bəyan edir. Bu isə Paşinyan hökumətini çətin dilemma qarşısında qoyur.

Nəticə

Hazırda istər Rusiya, istər Qərb, istərsə də İran Ermənistandan ona göstərilən dəstək müqabilində öz gözləntilərinə aydın cavablar tələb edir. Bu prosesin Azərbaycanla sülh, Türkiyə ilə normallaşma olmadan baş verməsi Paşinyanı daha çətin vəziyyətə salıb. İrəvan administrasiyası öz siyasi səriştəsizliyi, vəziyyəti düzgün qiymətləndirə bilməməsi ucbatından Ermənistanı “sülh kəsişməsi” əvəzinə, qlobal və regional güclərin ziddiyyətlərinin kəsişmə nöqtəsinə çevirib.

Ermənistan tədricən öz tərəfdaşları arasında açıq mübarizə meydanına çevrilir, lakin hələlik toqquşmalar ölkənin informasiya sahəsində davam edir. Buna baxmayaraq, açıq qarşıdurmaya keçid artıq zaman məsələsidir ki, buna daxili siyasi böhran və ya növbədənkənar seçkilər şərait yarada bilər. Əgər Rusiya Paşinyanı cəzalandırma tədbirlərinə start versə, onun bu işdəki yardımçısı qismində məhz İranın çıxış edə biləcəyi mümkündür. Ermənistanın əsas təhlükəsizlik təminatçısı rolu uğrunda yarışa girən dövlətlər arasında ziddiyyətlərin kəskniləşməsi fonunda isə mərkəzi hakimiyyətin ölkədə vəziyyətə nəzarəti itirməsi ehtimalı olduqca böyükdür.

@cssc_cqtm
👍19
Regional konfiqurasiyalar: Yeni baxış

Son dövrlərdə Cənubi Qafqazda cərəyan edən proseslər ətrafında qızğın müzakirələr gedir. Azərbaycan bu proseslərin mühüm tərəflərindən biri kimi bölgəmizə dair fikir mübadiləsində fəal iştirak edir. Ötən ilin son günlərində biz mövcud regional konfiqurasiyalar barədə öz fikirlərimizi bölüşmüşdük. Lakin bölgə gündəmində baş verən müəyyən yeniliklər bizi bu mövzuya bir daha qayıtmağa vadar edir.

Hazırda Cənubi Qafqazda cərəyan edən proseslərə nəzər saldıqda, ilk baxışdan Ermənistan ətrafında baş verənlər daha çox diqqəti cəlb edir. Xüsusilə də, Rusiya ilə Ermənistan arasındakı münasibətlərdə yaranan boşluqları digər dövlətlər doldurmağa çalışır. Bu kontekstdə Fransa, İran, Hindistan, Yunanıstan, Kipr, qismən də ABŞ və Misir İrəvanın dəstəklənməsi istiqamətində aktivliyini artırıb.

Fransa və Hindistan Ermənistanla hərbi əməkdaşlığı genişləndirərək İrəvan üçün yeni silahlar yollayır. İran öz iddialarını artıq açıq şəkildə bəyan edir. Yunanıstan Ermənistanla çoxtərəfli hərbi əməkdaşlıq formatına qoşulmağa çalışır. Kipr İrəvanda diplomatik nümayəndəlik açmağa hazırlaşır. Misir Ermənistanla ərəb dünyası arasında vasitəçilik edir, hətta ehtimal ki, tərəflər arasında hərbi əməkdaşlığın mümkünlüyü nəzərdən keçirilir. ABŞ isə Ermənistan media məkanındakı anti-Rusiya və anti-İran təbliğatı ilə proseslərə xüsusi informasiya dəstəyini təmin edir.

Bu baxımdan, nəzərə almaq lazımdır ki, Ermənistanın dəstəkçiləri arasında regionda maraqları toqquşan tərəflər də var.

Qeyd edək ki, oxşar proseslər 2019-2020-ci illərdə də müşahidə olunurdu. O zaman Fransa Türkiyəyə qarşı əsasən Aralıq dənizi ölkələrindən ibarət koalisiya formalaşdırmağa çalışırdı. Həmin koalisiyanın aqibətinin necə olduğunu, yəqin ki, hamı xatırlayır.

Ermənistanla bağlı baş verən proseslər bu ölkənin ənənəvi müttəfiqi Rusiya tərəfindən hələ ki, passiv etirazlarla qarşılanır. Digər ölkələrin Ermənistana dəstəyi Moskva ilə hərbi-siyasi müttəfiqliyə zərər verməyənədək Kreml üçün məqbuldur və onun kəskin cavab addımlarına səbəb olmayacaq. Qərb isə İrəvandan məhz Rusiya ilə münasibətləri məhdudlaşdırmağı tələb edir.

Beləliklə də, Ermənistan ətrafında formalaşan konfiqurasiya özündə iki ziddiyyəti daşıyır:

- İlk ziddiyyət Rusiya və Qərb arasında müşahidə olunan maraqların toqquşmasıdır. Böyük Britaniya müdafiə nazirinin müavini Ceyms Hippinin son açıqlamaları bu ziddiyyətləri aydın şəkildə əks etdirir: “Birləşmiş Krallıq Ermənistanın KTMT-yə üzvlüyünü dondurmaq qərarını bu ölkənin suveren hüququ kimi qəbul edir və Rusiyanın cavab tədbirləri təhlükəsi qarşısında İrəvana dəstək vermək üçün öz Avropa-Atlantik müttəfiqlərilə birlikdə çalışacaq”.

- İkinci ziddiyyət isə hələ özünü açıq şəkildə büruzə verməyən, lakin artıq işartıları görünən İran - Qərb toqquşmasıdır. İranın müdafiə naziri Məhəmməd Rza Aştianinin bugünlərdə verdiyi bəyanat məhz bu ziddiyyəti üzə çıxarır: “Bölgədən kənarda təhlükəsizlik axtarışları əks nəticə verəcək. Təhlükəsizlik arxitekturası regionun özündə formalaşmalıdır, əks halda bölgə fövqəldövlətlər arasında münaqişə meydanına çevriləcək. Regionun əcnəbilərin rəqabət meydanına çevrilməsinə isə icazə verilə bilməz, çünki bu, bölgə ölkələrinin hamısının maraqlarına ziddir”.

Azərbaycan bölgədəki hərəkətliliyi səbrlə müşahidə edir və öz ənənəvi əməkdaşlıq formatlarını (Azərbaycan-Türkiyə, Azərbaycan-Cürcüstan-Türkiyə, Azərbaycan-İsrail, Azərbaycan-Pakistan) gücləndirir. Lakin tərəfdaşlarla münasibətlər baxımından Azərbaycanla Ermənistan arasında iki mühüm fərq var:

- Ermənistandan fərqli olaraq, rəsmi Bakı öz tərəfdaşları və müttəfiqləri arasındakı mövcud zidiyyətləri müvəffəqiyyətlə tənzimləyir və bu ziddiyyətlərin Azərbaycan ərazisinə keçməsinə, ölkəmiz daxilində bu və ya digər şəkildə qarşıdurmalara səbəb olmasına imkan vermir.

- Ermənistandan fərqli olaraq, Azərbaycan ikitərəfli münasibətlərini üçüncü tərəflərin maraqlarının girovuna çevirmir. Ölkəmiz öz tərəfdaşları və müttəfiqlərilə bərabərhüquqlu, qarşılıqlı faydalı əlaqələr qurur.

@cssc_cqtm
👍15
ABŞ-da prezident seçkiləri: Xüsusiyyətləri, qlobal və regional təsirləri

ABŞ-da keçiriləcək prezident seçkilərində namizədlərin müəyyənləşməsini nəzərdə tutan ilkin mərhələ demək olar ki, arxada qalıb. Hələ tam rəsmi olmasa da, artıq respublikaçıların seçkilərə Donald Trampla, demokratların isə Cozef Baydenlə gedəcəyi dəqiqləşib.

Seçkilərin ilkin mərhələsi onu göstərdi ki, ABŞ siyasi sistemi ənənəvi olaraq ağdərili, yaşlı və zəngin namizədlərə üstünlük verir. Hərçənd, bu namizədlərin müəyyən olunması üçün praymeriz və kokuslar kimi filtrlər mövcud olsa da, onlar ümumi tendensiyanın dəyişilməsi üçün kifayət etmir.

Əvvəlki illərdən fərqli olaraq, builki seçkilərin dünyada gedən proseslərə təsiri böyük olsa da, həlledici deyil. Artıq bu təsirin birtərəfli deyil, qarşılıqlı xarakteri güclənməkdədir. Belə ki, ABŞ-dakı prezident seçkiləri qlobal proseslərə təsir göstərdiyi kimi, dünyada baş verən hadisələr, cərəyan edən proseslər də bu seçkilərə öz təsirini göstərir.

ABŞ cəmiyyətindəki qütbləşmə artıq o həddə çatıb ki, bu, ölkənin xarici siyasətində də ciddi fikir ayrılıqlarına səbəb olur. Əvvəllər Vaşinqton xarici siyasət məsələlərində davamlılıq nümayiş etdirir, ümumi çərçivələr daxilində fəaliyyət göstərirdi. Respublikaçı və demokratlar arasındakı fərq yalnız bu və ya digər fəaliyyət mexanizmlərinin tərcihində özünü büruzə verirdi. Ölkənin xarici siyasət məqsədləri eyni olsa da, həmin məqsədlərə aparan yolların seçimində müxtəliflik müşahidə olunurdu. İndi isə Tramp və Bayden cütlüyü xarici siyasətdə bir-birindən kəskin dərəcədə fərqli yanaşma ortaya qoyur, onların bəyan etdikləri həm hədəflər, həm də həmin hədəflərə çatma üsulları tam ziddiyyət təşkil edir.

ABŞ seçkilərinin Avrasiyada gedən proseslərlə əlaqəsi, ilk növbədə Ukrayna və İsrailə dəstək məsələlərində özünü göstərir. Bu bölgələrdə baş verənlər isə, öz növbəsində ABŞ daxilindəki siyasi proseslərə müəyyən dərəcədə təsir edir. Məsələn, respublikaçıların Ukraynaya yardımın ayrılmasını əngəlləməsi bir sıra digər məqamlarla yanaşı, həm də bu yardımın və onun mümkün müsbət nəticələrinin demokratlar administrasiyasının hesabına yazılmasının qarşısını almaqdır. Belə ki, Tramp və tərəfdarları bu işi uzadaraq, bir tərəfdən Bayden hökumətinin acizliyini nümayiş etdirir, digər tərəfdən isə Ukrayna səhnəsində əldə oluna biləcək nailiyyətləri öz aktivinə daxil etməyi planlaşdırır.

Cənubi Qafqaza gəlincə, bir qayda olaraq ABŞ prezident seçkiləri dövründə regionda passivlik nümayiş etdirir. Təsadüfi deyil ki, məhz indi Vaşinqton Ankara ilə müəyyən məsələlərdə ortaq məxrəcə gəlir. Ağ Ev anlayır ki, ən azından seçkilər dövrü ərzində regiondakı ənənəvi müttəfiqi Türkiyə ilə razılaşmalı olacaq.

@cssc_cqtm
👍14
Bakı-Astana strateji əməkdaşlığı: İkitərəfli və çoxtərəfli fəaliyyət genişlənir

Bu həftə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri öz geniş gündəliyi ilə yadda qaldı. İki günlük səfər Azərbaycan və Qazaxıstan Ali Dövlətlərarası Şurasının 1-ci iclasının keçirilməsi, həmçinin Qazaxıstan neftinin alqı-satqısı və Azərbaycan ərazisindən tranziti həcminin artırılması, kosmosun dinc məqsədlərlə tədqiqi və istifadəsi, eləcə də digər sahələr üzrə strateji əməkdaşlıq sənədlərinin imzalanması ilə əlamətdar oldu. Səfəri çərçivəsində Qazaxıstan dövlət başçısının çoxsaylı tədbirlərdə iştirakı, xüsusilə də işğaldan azad edilmiş ərazilərə baş çəkməsi diqqətəlayiq məqamlardandır.

İkitərəfli münasibətlər dərinləşir

Ortaq tarix, din və etnik köklərə əsaslanan Bakı-Astana ikitərəfi münasibətlərinin səviyyəsi strateji tərəfdaşlıq kimi səciyyələndirilir. Qazaxıstan hər zaman Azərbaycanın ərazi bütövlüyünə fundamental dəstək verib və bu mövzuda prinsipial mövqe ortaya qoyub. MDB-nin yaradılması haqqında bəyannamənin tərəfimizdən imzalamasını məzh Qazaxıstan təmin edib ki, bu da Azərbaycanın inzibati sərhədlərinin tanınmasına imkan yaradıb. Hazırda Qazaxıstan Özbəkistanla yanaşı Qarabağın bərpasında Azərbaycana birbaşa yardım göstərən iki postsovet ölkəsindən biridir.

2020-ci ildən Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 5 dəfə artıb və ötən il 14,3%-lik müsbət dinamika ilə 530 milyon dollara yaxınlaşıb. İqtisadi müstəvidə Bakı ilə Astananı ilk növbədə, enerji ixracı məsələləri və nəqliyyat-logistika sektoru birləşdirir. Belə ki, hər iki dövlət neft-qaz tədarükçüsü olmaqla bərabər, həm də okeana çıxışı olmayan ölkələrdir. Yaxın gələcəkdə Qazaxıstan uranı və neftinin Azərbaycandan tranzit həcminin artırılması planlaşdırılır. Tərəflər dünyada yaşıl enerjiyə artan tələbatı düzgün qiymətləndirir, Xəzərin bu sahədəki geniş imkanlarını nəzərə alaraq bu sahədə əməkdaşlığı dərinləşdirir. Həmçinin, Avropa və Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasını hədəfləyən “Rəqəmsal İpək Yolu”nun tərkib hissəsi kimi Xəzər dənizinin dibi ilə fiber optik rabitə və enerji xəttinin çəkilməsi nəzərdə tutulur.

Çoxtərəfli əməkdaşlığın əhəmiyyəti artır

Son dövrlərdə Bakı ilə Astana “5+” formatı və TDT kimi çoxtərəfli təsisatlar daxilində də əlaqələrini genişləndirir. Mərkəzi Asiya dövlətləri liderlərinin Tacikistanda keçirilən məşvərət şurasına ilk dəfə olaraq qonaq qismində məhz Azərbaycan prezidentinin dəvət olunmasında təbii ki, Tokayevin şəxsi əməyi var. 2024-cü ildə TDT-yə Qazaxıstan sədrlik edir. Ölkə prezidenti “Türk dövrü” adlı təşəbbüslə çıxış edib ki, bu da təşkilat ölkələri arasında siyasi və iqtisadi əlaqələri daha da möhkəmləndirə, hazırda 42,3 milyard dollara çatan ticarət dövriyyəsini xeyli artıra bilər.

Nəzərə alsaq ki, TDT-də NATO, KTMT, Aİ, AİB və ŞƏT kimi Avrasiya məkanında bir-biri ilə rəqabət aparan çoxsaylı təşkilatların üzvləri var, bu ölkələrin bir araya gəlməsi Bakı və Astana üçün adıçəkilən strukturlar arasında vasitəçilik etməklə gərginliyi azaltmaq və gələcəkdə qarşılıqlı fəaliyyət platformaları yaratmaq baxımından böyük potensial yaradır.

Azərbaycan və Qazaxıstanın aktiv olduqları daha bir çoxtərəfli layihə Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutudur. Rusiya və İrana qarşı tətbiq olunan sanksiyalar, habelə Yaxın Şərqdə, o cümlədən Qırmızı dənizdəki gərginlik Asiya, xüsusən də Çin və Avropa ölkələri arasında həm şimaldan, həm də cənubdan sərhədlərin faktiki olaraq bağlanmasıyla nəticələnib. Bu isə öz növbəsində təhlükəsiz çatdırılma marşrutu kimi Orta Dəhlizin rəqabət qabiliyyətini və əhəmiyətini artırır.

Nəticə

Mövcud qlobal və regional geosiyasi qarşıdurmalar Azərbaycan və Qazaxıstan üçün risklərlə yanaşı, həm də imkanlar formalaşdırır. İkitərəfli və çoxtərəfli formatda təmaslar riskləri minimuma endirimək, imkanları isə artırmağa şərait yaradır. Beynəlxalq proseslər Bakı və Astananı strateji müttəfiqliyə doğru birgə addımlamağa, cari əməkdaşlığı genişləndirərək təhlükəsizlik və hərbi sahələri də əhatə etməyə sövq edir.

@cssc_cqtm
👍28
Rusiya-Ermənistan gərginliyi və Azərbaycanın yeri

Son zamanlar dünya mediasında Ermənistanla Rusiya arasında gərginliyin artmasına dair spekulyasiyalar çoxalıb. Halbuki, reallıqda hər iki tərəfdən əsl gərginliyə səbəb ola biləcək ciddi əməli addımların olmadığı və İrəvan-Moskva “duel”inin əsasən ritorik xarakter daşıdığı aydın şəkildə görünür.

Etiraf etmək lazımdır ki, ixtisasca jurnalist olan Paşinyan uğurlu informasiya kampaniyası apararaq bir çoxlarını, xüsusən də Qərbdəki havadarlarını Ermənistanın Rusiyadan üz döndərmək planlarına inandıra bilib, bunun qarşılığında isə müəyyən yardımlar almağı və dəstək qazanmağı bacarıb.

İki ölkə arasındakı münasibətlərin hazırki vəziyyətini anlamaq üçün Rusiyanın Ermənistanda hansı sahələrdə təmsil olunduğuna nəzər salaq:

- Hərbi-siyasi kontekstdə: Gümrüdəki hərbi baza, Erebuni hərbi hava bazası, birgə Hava Hücumundan Müdafiə sistemi, Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədlərini qoruyan, həmçinin Azərbaycanla şərti sərhəddəki 5-6 məntəqədə, eləcə də Zvartnots hava limanında xidmət aparan Rusiya sərhədçiləri;

- İqtisadi kontekstdə: Ermənistanın atom energetikası, qaz və elektrik paylayıcı şəbəkələri, eləcə də dəmir yolları üzərində Rusiyanın inhisarı, ticarət dövriyyəsi (son 2 ildə 3 dəfəyə yaxın artaraq 7.3 mlrd. dollara çatıb), pul köçürmələri (son 2 ildə 4 dəfədən çox artaraq 4 mlrd. dollara yaxınlaşıb).

Həmçinin, Ermənistan Rusiyanın aparıcı rol oynadığı inteqrasiya layihələrində də yer almaqda davam edir:

- KTMT (hərbi-təhlükəsizlik ittifaqı);
- AİB (iqtisadi-gömrük ittifaqı);
- MDB (siyasi dialoq platforması).

Bununla yanaşı, Ermənistan Rusiyanın Cənubi Qafqazdakı yeganə strateji müttəfiqi olaraq qalır.

Bütün bu sadalananların fonunda indiyədək Paşinyan hökuməti Ermənistanda Rusiyanın təsirini azaltmaq üçün cəmi iki, özü də miqyası baxımından çox kiçik addımlar atıb:

- Ermənistan KTMT-dəki fəaliyyətini dondurub, lakin təşkilatdan çıxmayıb. Ölkə rəsmiləri təşkilatın tədbirlərində iştirak etmir, İrəvanın KTMT-dəki təmsilçisi təyin olunmur (amma təmsilçilik ləğv edilmir), təşkilat tərəfindən qəbul edilmiş sənədlər imzalanmır;

- Zvartnots hava limanındakı Rusiya sərhədçilərinin avqustun 1-dək Ermənistan sərhədçilərilə əvəz olunması və lazımi təhvil-təslim işlərinin aparılması üçün Moskvaya müraciət göndərilib.

Maraqlıdır ki, bu iki addımın heç biri Azərbaycanla bağlı deyil. Başqa sözlə, Ermənistan hakimiyyətinin cari “anti-Rusiya” addımları Azərbaycanla normallaşmaya xidmət etmir.

Bu kontekstdə Paşinyan hökumətinin iki mümkün qərarı rəsmi Bakı ilə münasibətlərin yaxşılaşdırılmasına xidmət edə bilər:

- 2021-ci ildə Azərbaycanla şərti sərhəddə peyda olan Rusiya sərhədçilərinin ərazidən uzaqlaşdırılması;

- İranla sərhəddə xidmət aparan Rusiya sərhədçilərinin çıxarılması.


Azərbaycan öz sərhədlərində heç bir kənar qüvvələrin, o cümlədən də Rusiya sərhədçilərinin olmasında maraqlı deyil. Buna baxmayaraq, atılan addımlar Azərbaycana qarşı olmadıqca, Bakı Moskva-İrəvan münasibətlərinə aid məsələlərə reaksiya verməyəcək.

@cssc_cqtm
👍23
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Pressklub TV-nin efirində gedən “Əsas Sual” verilişində Rusiyada keçirilən prezident seçkiləri və NATO-nun baş katibinin regiona ilk səfəri kimi mövzularla bağlı fikirlərini bölüşüb.

Daha ətraflı: https://www.youtube.com/watch?v=JEWIsR3ssZ4
👍6
Türkiyənin Cənubi Qafqazdakı perspektivləri

XX əsrin 90-cı illərinin əvvəllərindən etibarən Türkiyənin Cənubi Qafqazdakı yeri və rolu yüksəlməyə başladı. Bu yüksəliş təbii və məntiqli idi, çünki əvvəllər Türkiyə bu bölgədə ümumiyyətlə mövcud deyildi. Lakin bu yüksəliş nə vaxtsa dayanmalı idi və bu, 2017-ci ildə - Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsindən sonra baş verdi.

Rusiya və İranla müqayisədə, Türkiyə regionun hər üç ölkəsi ilə sərhədə malikdir. Lakin Naxçıvanın Azərbaycanın qalan hissəsi ilə birbaşa əlaqəsi yoxdur, Türkiyə-Ermənistan sərhədi isə bağlıdır.

Türkiyənin bölgədəki gücü və imkanları onun Azərbaycanla müttəfiqliyi və Gürcüstanla strateji tərəfdaşlığı sayəsində formalaşıb. Boru kəmərləri və dəmir yolları bölgəni həm Türkiyə ilə, həm də Türkiyə vasitəsilə Avropa və dünya bazarı ilə birləşdirən əsas layihələrə çevrilib.

Türkiyənin uğur düsturu ondan ibarətdir ki, Ankaranın regiondakı müttəfiqi olan Azərbaycan işin böyük hissəsini öz üzərinə götürüb və alyansın möhkəmlənməsi üçün şərait yaradıb. Rusiya-Ermənistan tandemindən (müdir-işçi) fərqli olaraq, Azərbaycan və Türkiyə bərabərhüquqlu, qarşılıqlı faydalı münasibətlər qurub, eyni zamanda regionun ən mühüm ölkəsi olan Gürcüstanı bu formata cəlb edib.

2020-ci il müharibəsində müttəfiqinin qələbəsi Türkiyənin bölgədəki nüfuzunu daha da gücləndirdi və gələcəkdə təsirinin genişlənməsinə şərait yaradacaq.

Müharibə nəticəsində Ermənistan-Türkiyə əlaqələrinin normallaşması və kommunikasiyaların açılması (Zəngəzur dəhlizi) birincisi, Ermənistanda təmsil olunmaq, ikincisi isə Azərbaycanın əsas hissəsi ilə fasiləsiz əlaqə əldə etmək imkanı yaradacaq.

Ermənistanın Qərbə dönüşü və Türkiyənin rolu

Ermənistanın xarici siyasət prioritetlərini Rusiyadan Qərbə doğru dəyişməsi həm də Türkiyənin maraqlarına uyğundur, çünki fiziki və institusional baxımdan Türkiyə Ermənistan üçün elə Qərbdir. Əgər Ermənistan rəhbərliyi Rusiyadan uzaqlaşmaq üçün minimal addımlar atmağa başlayıbsa, o zaman Türkiyə ilə qapalı qalan sərhədə məhəl qoymamaq getdikcə çətinləşəcək. Ermənistanın Türkiyə ilə təmasda maraqlı olması, ABŞ və Aİ-nin simasında İrəvanın himayədarlarının Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini sürətləndirmək istəyi bundan irəli gəlir.

Amma Türkiyənin şərtləri var və bu şərtlər Azərbaycanla razılaşdırılır.

Bakı və Ankara Ermənistan-Rusiya ritorik gərginliyini səbirlə izləyir, İrəvandan konkret addımlar gözləyir. Avqustun 1-nə kimi Rusiya sərhədçilərinin paytaxt hava limanından çıxarılması artıq ilk praktiki addımların göstəricisidir. Növbəti addım Ermənistanın KTMT-dən çıxması olmalıdır.

Təsadüfi deyil ki, Qərbdə hamı sülh müqaviləsindən danışır və prosesi sürətləndirməyə çalışır.

Əgər Qərb tələsirsə və artıq hərəkətə keçibsə, o zaman Bakının mövqeyinə daha diqqətlə qulaq asmalı və Azərbaycanın şərtlərini həyata keçirməsi üçün Ermənistana kömək etməlidir. Azərbaycan qeyri-adi heç nə tələb etmir və bu şərtlər həm beynəlxalq hüquqa, həm də sadə məntiqə əsaslanır: Qanunvericilikdə dəyişikliklər, təzminat, şərti sərhəddəki ərazilərimiz.

Bizə mane olan bizə kömək edəcək

Bu prinsip indiki mərhələdə Türkiyə üçün çox aktualdır. Qərb onilliklər ərzində inteqrasiyanı məhdudlaşdırmaq üçün Türkiyə qarşısında “erməni məsələsi”ni qaldırıb. İndi “erməni məsələsi” maneədən kömək üçün vasitəyə çevrilə bilər. Belə ki, Türkiyə Aİ-yə üzvlük prosesində Ermənistan-Türkiyə münasibətlərinin normallaşması mövzusundan faydalana bilər. Nəzərə alaq ki, Türkiyənin ali rəhbərliyi Aİ üzvlüyünü strateji məqsəd adlandırır.

Əgər erməni məsələsi Qərb üçün bu qədər önəmlidirsə İsveçin NATO üzvlüyü müqabilində döyüş təyyarələri razılaşması son hədd olmamalıdır.

Bunun Bakı üçün hansı əhəmiyyəti var?! Ən azından, hipotetik olaraq, indiki Türkiyəsiz Aİ və gələcək Türkiyəli Aİ bizim üçün iki böyük fərqi olan qurumlardır.

@cssc_cqtm
👍24